Əsas » Kitabxana » NAKİSİNLƏRLƏ MÜHARİBƏ
NAKİSİNLƏRLƏ MÜHARİBƏ

NAKİSİNLƏRLƏ MÜHARİBƏ (CƏMƏL MÜHARİBƏSİ)

Müəllif:Ayətullah Cə`fər Sübhani

Ənsar və mühacirdən ibarət olan səhabələrin Əli (əleyhissalam)-la bey`ət etmək üçün misli görünməmiş dərəcədə çalışıb haqq-ədalət hökumətinin bərqərar edilməsini tələb etmələri nəticəsində İmam (əleyhissalam) rəhbərliyi əlinə aldı və camaatla islam qanunlarına və Peyğəmbər (cəlləllahu əleyhi və alih) sünnəsinə müvafiq şəkildə rəftar etməyə başladı. Onun beytül-malı bölüşdürməkdə seçdiyi yol həmişə ədalətin və gözəl qanunların bərqərar olmasından narahat olan, ayrı-seçkiliyin tərəfdarı olan və özlərinin qeyri-məhdud nəfsani istəklərini, maddi tamahlarını tə`min etmək istəyənləri qəzəbləndirdi. İmam (əleyhissalam) özünün beş illik hakimiyyəti dövründə itaətsizliklərinin və üsyankarlıqlarının həddi-hüdudu olmayan üç inadkar qrupla üzbəüz oldu. Onlar Osmana məxsus olan hökumət qaydalarının yenidən bərpa edilməsini, yersiz bəxşişləri, israfçılıqları, Müaviyə kimi nalayiq adamların hakimiyyətdə saxlanmasını, keçmiş xəlifənin dövründəki valilərin rəhbərliklərinin möhkəmləndirilməsini və s. tələb edirdilər. Müsəlman qardaşların qanının axıdıldığı bu müharibələrdə Ühüddə və Bədrdə iştirak edib islam tarixinin ən çətin vaxtlarında Peyğəmbər (cəlləllahu əleyhi və alih)-in önündə qılınc çəkən səhabələr bu dəfə o həzrətin həqiqi xəlifəsinin önündə döyüşərək İmam (əleyhissalam)-ın ali məqsədlərini həyata keçirmək yolunda canlarını qurban etdilər. Bundan əlavə, İmam (əleyhissalam)-ın layiqli insanlar yetişdirməsi, ümmətin hidayəti və islam tə`limlərinin öyrədilməsinə sərf olunası qiymətli vaxtı müqəddəs ideyalar qarşısında bir əngəl olan bu üç qrupun şərinin dəf edilməsinə sərf olundu, nəhayət İmam (əleyhissalam), özünün islami sünnə və qanunlar əsasında olan dünyəvi bir hökumət qurmaq kimi son məqsədinə yetişməzdən əvvəl, hakimiyyət günəşi beş il nur saçdıqdan sonra qüruba endi. İslam hökuməti onun şəhadətindən sonra irsi bir səltənət şəklinə düşdü, Üməyyə və Abbas övladları onu bir-birinə ötürdülər və həqiqi islam hökuməti mö`minlərin qəlbində bir arzu olaraq qaldı.

Bu üç qrup aşağıdakılardan ibarət idi:

1. «Nakisin», yaxud əhd-peyman pozanlar


Bu qrupun başçıları, xüsusilə Peyğəmbər (cəlləllahu əleyhi və alih)-in zövcəsi Ayişənin himayəsi və Əli (əleyhissalam)-ın hökumətində hər şeydən məhrum olan Bəni-Üməyyənin saysız-hesabsız yardımları ilə Bəsrə və Kufə şəhərlərini ələ keçirmək üçün böyük bir ordu yaradaraq, özlərini Bəsrəyə yetirdilər və oranı işğal etdilər. İmam (əleyhissalam) onları tə`qib etməyə başladı və tərəflər arasında baş verən qanlı döyüşdə Təlhə və Zübeyr öldürüldü, onların ordusu darmadağın edildi. Onlardan bə`ziləri əsir düşdülər və sonralar İmam (əleyhissalam) onları əfv etdi.

2. «Qasitin», yaxud zülmkarlar və həqiqət yolunu azanlar

Bunların başçısı Müaviyə idi. O, hiylə və məkrlə, aldadıcı səhnələr yaratmaqla iki ilə yaxın və hətta İmam (əleyhissalam)-ın ömrünün axırına kimi o həzrəti rahat qoymadı. Siffeyn müharibəsi İraqla Şam arasında olan bir məntəqədə baş verdi. Bu döyüşdə yüz mindən artıq müsəlmanın qanı axıdıldı. Bundan sonra Müaviyənin Şamda guşənişin olmasına baxmayaraq İmam (əleyhissalam) özünün son məqsədinə çatmadı.

3. «Mariqin», yaxud dindən çıxanlar (xəvariclər)

Bunlar Siffeyn müharibəsinin sonuna kimi Əli (əleyhissalam)-ın tərəfində olub o həzrətin önündə qılınc vururdular. Lakin Müaviyənin məkrli siyasətləri onların öz imamlarına qarşı qiyam etmələrinə, həm İmamın, həm də Müaviyənin əleyhinə olan üçüncü bir qrupun təşkil edilməsinə səbəb oldu. Bunların islama, müsəlmanlara və İmam (əleyhissalam)-ın hökumətinə qarşı törədəcəyi təhlükə ilk iki qrupun törətdiyi təhlükədən qat-qat artıq idi. Əli (əleyhissalam) onlarla Nəhrəvan adlı bir yerdə qarşılaşdı və onlardan çoxunu dağıtdı. İkinci dəfə olaraq Şamda fitnə-fəsadın kökünü kəsmək üçün özünü hazırlamaq istəyəndə, xəvaricdən olan bir nəfərin əli ilə öldrüldü və şəhadət şərbətini içdi. Bunula da insaniyyət özünün ən şərəfli və ən əziz şəxsiyyətlərindən birini, islam isə Peyğəmbər (cəlləllahu əleyhi və alih)-dən sonra özünün ən ləyaqətli şəxsiyyətini itirdi, ədalət çırağı həzrət Məhdi (əleyhissalam)-ın zühuruna qədər söndü. Bu kədərli hadisədən öncə İmam (əleyhissalam) onun baş verəcəyindən agah idi. Buna görə də Osmanın qətlindən sonra inqilabçılar onun evinə axışaraq ona bey`ət etmək istədikləri zaman həzrət buyurdu: «Məndən əl çəkib başqasının sorağına gedin, çünki biz elə hadisələrlə qarşılaşırıq ki, qəlblər və əqllər heç vaxt onlara tab gətirə bilməz.»[1]

İmam (əleyhissalam) Peyğəmbər (cəlləllahu əleyhi və alih)-in verdiyi xəbər əsasında bu kədərli hadisələrdən agah idi. İslam hədisçiləri Peyğəmbər (cəlləllahu əleyhi və alih)-dən nəql edirlər ki, o həzrət, Əli (əleyhissalam)-a belə buyurdu: «Ey Əli! Sən əhd-peyman pozanlarla, zülmkarlarla və dindən xaric olanlarla vuruşacaqsan.»

Bu, hədis və tarix kitablarında müxtəlif formalarda nəql olunmuşdur, hamısının da məzmunu eynidir. Hətta nakisinlərin başçıları da (tarixdə onlara «Cəməl əshabı» deyilir) Peyğəmbər (cəlləllahu əleyhi və alih)-dən onların Əli (əleyhissalam)-a qarşı vuruşacaqlarını eşitmişdilər və Peyğəmbər (cəlləllahu əleyhi və alih)-in özü şəxsən Zübeyrə və Ayişəyə bu barədə ciddi şəkildə xəbərdarlıq etmişdi. Lakin hakimiyyətə vurğunluq onları dünyanın müvəqqəti və maddi arzularına elə məftun etmişdi ki, heç vaxt düz yola qayıtmaq istəmirdilər. Onlar sonu ilahi qəzəb, Allaha qarşı üsyankarlıq və günah olan bir yolu seçərək bu yolla irəliləməkdə idilər. (Peyğəmbər (cəlləllahu əleyhi və alih)-in Cəməl hadisəsi barəsində buyurduğu sözləri öz yerində qeyd edəcəyik.) Çox kədərli haldır ki, islamın çiçəkləndiyi, haqqın öz sahibinə qayıtdığı və elə ilk gündən rəhbərliyə tə`yin olunmuş şəxsin hakimiyyəti ələ aldığı, islamın maddi və mə`nəvi cəhətdən inkişaf edəcəyi, islam hökumətinin kamil surətdə İmam (əleyhissalam)-ın qüdrətli əlləri ilə yeniləşdiriləcəyi və nəticədə onun hökumətinin gələcək üçün kamil bir nümunə olacağı vaxt, fürsətdən sui-istifadə edən bir dəstə onun əleyhinə qiyam edib müharibəyə qalxdı. İmam (əleyhissalam) öz xütbələrinin birində bu hadisədən təəssüflənib buyurur: «İşləri idarə etməyə başlayan vaxt bir dəstə mənimlə bey`əti pozdu, bir dəstə Allah dinindən çıxdı, başqa bir dəstə də haqq yolundan xaric oldu. Sanki onlar Allahın buyurduğu «əbədi axirət dünyası yer üzündə fəsad etmək istəməyən şəxslərə məxsusdur»-kəlamını unutmuşdular. Xeyr! Allaha and olsun, onu eşidib əzbərləmişdilər, lakin dünya onların gözlərində gözəl göründü və dünya bər-bəzəkləri onları aldatdı.»[2]

GÜLÜNC BƏHANƏLƏR

Əhd-peyman pozanlar, yə`ni Təlhə, Zübeyr və onların havadarları Əli (əleyhissalam)-la aşkar şəkildə bey`ət etmişdilər. Belə ki, ümumxalq kütlələrinin göstərdiyi təzyiq, mühacir və ənsarın hücumu onları bey`ət etməyə vadar etmişdi. Lakin müxalifətə başlayan vaxt iddia etdilər ki, Əlinin hökumətinə biz zahiri şəkildə və dildə bey`ət etmişdik, ona səmimi qəlbdən rə`y verməmişdik. İmam (əleyhissalam) onlara belə cavab vermişdir: «O özünün bey`ət etdiyini e`tiraf etdi, lakin (indi) iddia edir ki, batində onun əksini gizlətmiş imiş. O ya gərək bu mətləbə dair şahid və sübut gətirsin, ya da öz bey`ətinə qayıtsın.»[3]

NİFAQ VƏ İKİÜZLÜLÜK

Təlhə və Zübeyr (qiyamdan əvvəl) İmam (əleyhissalam)-ın hüzuruna gəlib dedilər: «Biz sənə bey`ət etdik ki, rəhbərlikdə səninlə şərik olaq.»

İmam (əleyhissalam) onların şərtlərini təkzib edib buyurdu: «(Xeyr) siz mənimlə bey`ət etdiniz ki, lazım olan vaxt mənə kömək edəsiniz.»[4]

İbni Qüteybə özünün «Xüləfa» adlı kitabında onların İmam (əleyhissalam)-la müzakirələrini nəql edərək belə yazır: Onlar Əliyə dedilər: Sən bilirsənmi, biz səninlə hansı əsasda bey`ət etmişik?

İmam buyurdu: Əlbəttə ki, bilirəm! Siz mənə itaət etmək əsasında bey`ət etmisiniz. Elə Əbu Bəkr və Ömərlə də bu əsasda bey`ət etmişdiniz.

Zübeyr güman edirdi ki, İmam (əleyhissalam) İraqın hakimiyyətini ona verəcək. Təlhə də fikirləşirdi ki, Yəmənin hökuməti onun olacaqdır. Lakin İmam (əleyhissalam)-ın beytül-malı bölməkdə seçdiyi üsul və islam əyalətlərini idarə etmək üçün onları deyil, başqalarını göndərməsi onları öz arzularına çatmaqdan naümid etdi. Buna görə də Mədinədən qaçıb İmam (əleyhissalam)-ın əleyhinə hiylə qurmaq qərarına gəldilər. Qaçmazdan əvvəl Zübeyr Qüreyşin ümumi yığıncağında dedi:-«Bizim haqqımız elə budurmu?! Biz Osmanın əleyhinə qiyam etdik və onun qətlinə şərait yaratdıq, halbuki Əli o vaxt evdə oturmuşdu. Rəhbərliyi əlinə alandan sonra işi başqalarına tapşırdı!»[5]
«NAKİSİN»LƏRİN QİYAMININ KÖKLƏRİ

Təlhə və Zübeyr Əli (əleyhissalam)-ın hökumətində hansısa bir məntəqəyə hakim seçiləcəklərindən mə`yus oldular. Digər tərəfdən, Müaviyədən onların hər birinə təqribən eyni məzmunda bir məktub gəlib çatdı. O, məktubda onları «əmirəl-mö`minin» kimi vəsf etmiş, Şam əhalisindən onlar üçün bey`ət aldığını vurğulamış, Kufə və Bəsrəni tez bir zamanda-Əbu Talibin oğlu bu iki şəhərə hakim olmazdan əvvəl-işğal etməyə təşviq etmişdi. Onlara məsləhət görmüşdü ki, hər yerdə şüarları «Osmanın intiqamını almaq» olsun, camaatı da bu işə də`vət etsinlər.

Bu iki sadəlövh səhabə Müaviyənin məktubuna aldanıb qərara aldılar ki, Mədinədən Məkkəyə gedib orada adam yığsınlar, müharibə təbliğatına başlasınlar. Onlar Müaviyənin məkrli planını icra etmək üçün İmam (əleyhissalam)-ın hüzuruna gəlib dedilər:-Osmanın vilayət və hökumət barəsində etdiyi zülmkarlıqları gördün; o, Bəni-Üməyyədən başqa heç kimə diqqət yetirmirdi. İndi ki, Allah xilafəti sənə nəsib etmişdir, bizi Bəsrə və Kufəyə hakim seç.

İmam (əleyhissalam) buyurdu:-Allahın sizə nəsib etdiyi şeylərə razı olun, mən də bu barədə fikirləşim. Agah olun və bilin ki, mən yalnız dinlərinə, əmanətdarlıqlarına arxayın və ruhiyyələrindən agah olduğum şəxsləri hakimiyyətə tə`yin edirəm.

İmam (əleyhissalam) onlarla açıq danışdığı üçün bu sözü eşitməklə daha da mə`yus oldular, başa düşdülər ki, onlara e`timad eləmir. Buna görə də sözü dəyişib dedilər:-Belə isə icazə ver ümrəyə getmək üçün Mədinədən çıxaq.

İmam (əleyhissalam) buyurdu:-Ümrəyə getməkdə sizin başqa məqsədiniz vardır.

Onlar Allaha and içib dedilər ki, ümrədən başqa heç bir məqsədləri yoxdur. İmam (əleyhissalam) buyurdu:-Siz hiylə qurub bey`əti pozmaq istəyirsiniz.

Onlar yenə də and içdilər və bey`əti təzələdilər. Onlar Əli (əleyhissalam)-ın evindən çıxandan sonra İmam orada olanlara buyurdu: Mən görürəm ki, onlar bir fitnədə öldürüləcəklər.

Oradakılardan bə`ziləri dedilər:-Onları səfərə çıxmağa qoyma!

İmam (əleyhissalam) buyurdu:-İlahi təqdir və qəzavü-qədər həyata keçməlidir.

İbni Qüteybə yazır: «Onlar Əlinin evindən çıxandan sonra Qüreyşin iclasında dedilər: «Bu bizim mükafatımız idi ki, Əli bizə verdi. Biz Osmanın əleyhinə qiyam etdik və onun öldürülməsi üçün şərait yaratdıq, halbuki Əli öz evində oturmuşdu. İndi ki, xilafətə çatdı, başqalarını bizdən üstün sayır.»

Təlhə və Zübeyr İmam (əleyhissalam)-ın evində israrla və dəfələrlə and içmələrinə baxmayaraq, Mədinədən çıxandan sonra Məkkə yolunda hər kəslə görüşdükdə Əli (əleyhissalam)-la bey`ətlərini inkar edirdilər.[6]

AYİŞƏ YOLDAN MƏKKƏYƏ QAYIDIR


Əvvəllər qeyd edildi ki, Osmanın evinin misirli və iraqlı qiyamçılar tərəfindən mühasirə edildiyi vaxt Ayişə Həcc məqsədi ilə Mədinədən çıxmışdı. Məkkədə Osmanın qətlə yetirilməsi xəbərini eşitdi, bundan sonra xilafətin nə yerdə olduğundan bir xəbər tutmadı. Buna görə də Mədinəyə getməyi qərara aldı. Sərf mənzilində ibni Ümmü Kilab adlı bir nəfərlə rastlaşdı və Mədinənin vəziyyətini soruşdu. O dedi ki, xəlifənin evinin mühasirəsi səksən gün çəkdi, sonra onu öldürdülər və bir neçə gündən sonra Əli (əleyhissalam)-la bey`ət etdilər. Ayişə mühacir və ənsarın hamısının Əli (əleyhissalam)-la bey`ət etmələrindən xəbərdar olduqda özündən çıxdı və dedi: «Kaş göylər başıma töküləydi!» Sonra əmr etdi ki, kəcavəsini Məkkəyə qaytarsınlar. Artıq o, Osman barəsindəki fikrini dəyişərək deyirdi: «Allaha and olsun ki, Osman məzlumcasına öldürülmüşdür! Mən onun intiqamını qatillərdən alacağam!»

Bu xəbəri gətirən kişi üzünü ona tutub dedi:-Sən camaata deyirdin: «Osman kafir olmuşdur, qiyafədən yəhudi kişisinə oxşayır, onu öldürün!» - deyən ilk adam idin, indi nə oldu ki, əvvəl dediyin sözdən döndün?!

O dedi:-Osmanın qatilləri ona tövbələtmə verdilər, amma sonra öldürdülər. Hamı Osmandan danışırdı, mən də bə`zi sözlər deyirdim. Amma mənim axırıncı sözüm əvvəlki sözümdən daha yaxşıdır.

O kişi Ayişənin bəhanələrinin əsassız olduğuna dair bir şe`r oxudu, bu şe`rin bə`zi beytlərinin tərcüməsini veririk: «Xəlifənin qətlinə fərman verdin və bizə dedin ki, o, Allah dinindən çıxmışdır. Sözsüz ki, biz onu öldürməkdə sənin fərmanına qulaq asdıq. Bizim fikrimizcə, onun qatili elə onun qətlinə fərman verən şəxsdir!»

Ayişə Məscidül-Həramın qarşısında kəcavədən endi, «Hicri-İsmail»ə gedib orada bir pərdə asdı. Camaat onun ətrafına yığışdı. O, camaata xitab edərək deyirdi: «Camaat! Osman nahaq yerə öldürülmüşdür və mən onun intiqamını alacağam.»[7]


İMAM (əleyhissalam)-IN MÜXALİFLƏRİNİN MƏRKƏZİ

Osmanın qətlindən və camaatın Əli (əleyhissalam)-la bey`ət etməsindən sonra Məkkə o həzrətin müxaliflərinin mərkəzi oldu. Əli (əleyhissalam)-la müxalif olanlar, yaxud onun qəzavətindən qorxanlar, xüsusilə də Osmanın tə`yin etdiyi valilər (bunlar İmam (əleyhissalam)-ın onların əmlakını müsadirə edəcəyini, onları etdikləri xəyanətlərə görə cəzalandıracağını bilirdilər) qaçıb Məkkədə, Allahın əmin-amanlıq hərəmində bir yerə yığışdılar və Cəməl müharibəsinin planını çəkdilər.

CƏMƏL MÜHARİBƏSİNİN XƏRCLƏRİ

Cəməl müharibəsinin xərclərini Osmanın hakimiyyəti dövründə beytül-malı qarət edib külli miqdarda sərvət əldə edən hakimlər ödədilər. Məqsədləri də Əli (əleyhissalam)-ın təzə təşəkkül tapmış dövlətini əvvəlki hala salıb onu devirmək idi. Bu müharibənin ağır xərclərini tə`min edənlərdən bir neçəsinin adını qeyd edirik:

1. Əbdüllah ibni Əbu-Rəbiə. (Osmanın Yəməndəki (Sən`adakı) valisi.) O, Osmana kömək etmək məqsədi ilə Sən`adan çıxdı, amma yolda onun qətlə yetirilməsindən agah olduqda Məkkəyə qayıtdı. Ayişənin Osmanın intiqamını almaq üçün camaatı də`vət etdiyini eşitdikdə məscidə daxil oldu, taxtın üstündə oturub qışqırdı: «Hər kəs xəlifənin intiqamını almaq üçün cihadda iştirak etsə, mən onun yol xərcini tə`min edəcəyəm!» O, döyüşdə iştirak etmək üçün çoxlarını yaraqla tə`min etdi.

2. Yə`li ibni Üməyyə. (Osmanın qoşun sərkərdələrindən biri idi). O, Əbdüllahın sözü ilə bu yolda külli miqdarda pul xərclədi, altı yüz dəvə alıb Məkkədən hərəkət etmək üçün hazırladı. Dəvələrin hər birinə bir nəfər mindirdi və müharibə xərclərinin tə`min olunması üçün on min dinar pul verdi.[8] İmam (əleyhissalam) onun bəxşişlərindən xəbərdar olanda buyurdu: «Üməyyənin oğlu on min dinarı haradan gətirmişdir?! O, bunları yalnız beytül-maldan oğurlamışdır! Allaha and olsun, əgər onu və Əbu Rəbiənin oğlunu tutsam, sərvətlərini müsadirə edib Beytül-mala qaytaracağam.»[9]

3. Əbdüllah ibni Amir (Bəsrənin valisi) O, özü ilə külli miqdarda mal-dövlət götürüb Bəsrədən Məkkəyə qaçmışdı.[10] Bəsrənin işğal olunması planını da elə o təklif etmişdi. O, həm də Təlhəni, Zübeyri və Ayişəni bu əyaləti almaq üçün təşviq edirdi. Osmanın fərari valiləri Məkkədə bir yerə yığışmışdılar; Əbdüllah ibni Ömər və onun qardaşı Übeydullah, həmçinin Mərvan ibni Həkəm, Osmanın övladları, qulamları və Bəni-Üməyyədən bir qrup onlara qoşulmuşdular. Amma bu tanınmış şəxslərin çağırışları xalq kütlələrini Məkkədən və yolun yarısından Əli (əleyhissalam)-ın əleyhinə qiyam etməyə təhrik edə bilmirdi.[11] Buna görə də onlar hökmən Osmanın işdən çıxarılmış hakimlərinin və Bəni-Üməyyənin bəxşişləri ilə yığılan adi döyüşçü qüvvələrinin yanında mə`nəvi arxaya malik olmalı idilər ki, bu yol boyu yaşayan ərəblərin həyəcanlarını təhrik edə bilsin. Buna görə də Ayişə və Həfsəni, bu qrupun mə`nəvi rəhbərliyini öhdələrinə alaraq onlarla birlikdə Bəsrəyə tərəf hərəkət etməyə də`vət etdilər.

Düzdür ki, Ayişə Məkkəyə daxil olan vaxtdan e`tibarən Əli (əleyhissalam)-la müxalifətə başlamışdı, lakin öz müxalif fikirlərini həyata keçirmək üçün heç bir əsaslı tədbiri yox idi. Qoşuna rəhbərliyi öhdəsinə alıb Bəsrəyə yola düşəcəyi fikrindən belə keçməmişdi. Buna görə də Zübeyr öz oğlu Əbdüllahı (Ayişənin bacısı oğlunu) onun evinə göndərdi ki, Ayişəni qiyam edib Bəsrəyə getmək üçün təşviq etsin. O Əbdüllaha belə cavab verdi: Mən heç vaxt camaata qiyam əmri verməmişəm. Mən Məkkəyə gəlmişəm ki, camaata onların imamlarının necə öldürülməsini e`lan edəm və bir qrupun xəlifəni tövbələtdirdikdən sonra öldürməsini deyəm ki, camaatın özü xəlifəyə hücum edib onu öldürənlərə və rəhbərliyi məşvərətsiz olaraq əlinə alanlara qarşı qiyam etsin.

Əbdüllah dedi:–Əgər Osmanın qatilləri və Əli barəsindəki fikrin belədirsə, onda nə üçün Əlinin əleyhinə olaraq bizə kömək etməkdən çəkinirsən?! Halbuki müsəlmanların bir qrupu qiyam üçün öz hazırlıqlarını bildirmişlər.

Ayişə dedi:–Bir az gözlə, bu barədə fikirləşim.

Əbdüllah onun sözlərinin mə`nasından razı olduğunu duydu. Buna görə evə qayıdanda Təlhə və Zübeyrə müjdə verdi ki, Ümmül-mö`minin bizim istəyimizi qəbul etdi. Sabahısı gün də Ayişənin yanına getdi və onun tam və qəti razılığını cəlb etdi. Carçı məsciddə və bazarda Ayişənin Təlhə və Zübeyrlə birlikdə çıxacağını e`lan etdi, beləliklə də Əli (əleyhissalam)-ın əleyhinə qiyam və Bəsrənin işğal olunması qəti tədbir oldu. Təbəri qiyamçıların çağırışlarını belə nəql edir: «Agah olun və bilin ki, Ümmül-mö`minin, Təlhə və Zübeyr Bəsrəyə yola düşürlər! Hər kəs islamı əziz etmək, müsəlmanların qanını halal edənlərlə döyüşmək və Osmanın intiqamını almaq istəyirsə, bu dəstə ilə hərəkət etsin. Hər kəsin atı və getmək pulu yoxdursa, bu onun atı, bu da onun səfər xərci!»[12]

Siyasət oyunbazları camaatın dini hisslərini daha çox təhrik etmək üçün Peyğəmbər (cəlləllahu əleyhi və alih)-in o biri zövcəsi Həfsəni də qiyama qoşmaq istədilər. O dedi:–«Mən Ayişəyə tabeyəm. O, səfərə çıxmağa hazırdırsa, mən də hazıram.» Amma hərəkət vaxtı çatanda qardaşı Əbdüllah onu səfərdən saxladı. Həfsə Ayişəyə belə bir xəbər göndərdi: «Qardaşım məni sizinlə birlikdə hərəkət etməyə qoymadı.»

NAKİSİNLƏRİ ƏLƏ KEÇİRMƏKDƏ İMAM (əleyhissalam)-IN TƏDBİRİ

Əmirəl-mö`minin Əli (əleyhissalam)-ın hakimiyyətin ilk günlərindəki əsas və mühüm vəzifəsi beytül-malı öz şəxsi əmlakına çevirən, onun mühüm bir hissəsini xəzinə kimi toplayıb digər bir hissəsini də öz şəxsi işləri üçün xərcləyən özbaşına hakimləri islam cəmiyyətindən təmizləmək idi. Onların hər biri təklikdə qarətçi və fitnə-fəsad, iğtişaş törədən hakim idilər. Onların başında Əbu Süfyanın oğlu Müaviyə dururdu. O, ikinci xəlifənin dövründən e`tibarən Qeysərin (Romanın) qonşuluğunda yerləşdiyini bəhanə edərək onlara məxsus olan qəsrlərdə naz-ne`mətə qərq olmuşdu, hər kəs onun əleyhinə bir söz desəydi, dərhal onu ya sürgünə göndərər, yaxud da fiziki cəhətdən məhv edirdi. Şamın özbaşına hakiminin tüğyançılıq və itaətsizlik xəbəri İmam (əleyhissalam)-a çatanda dərhal qərara aldı ki, öz əsgərlərindən təşkil olunmuş bir ordu ilə Müaviyənin bu kimi işlərinə yaxşı bir cavab versin. O həzrət bu fikirdə ikən Haris ibni Əbdül Müttəlibin qızı Ümmül-Fəzlin məktubu tə`cili göndərilən qasid vasitəsi ilə gəlib çatdı. Bu məktubda Təlhənin, Zübeyrin əhd-peyman pozması və onların Bəsrəyə tərəf hərəkət etməsi bəyan edilirdi.[13]

Məktubun çatması ilə İmam (əleyhissalam) birinci qərarını dəyişdirdi və Şama göndərilən qoşunla Bəsrəyə tərəf hərəkət edib əhd-peyman pozanları yolda ikən ələ keçirmək və fitnəni beşikdə ikən boğmaq qərarına gəldi. Buna görə də Abbasın Təmmam adlı bir oğlunu Mədinəyə, Qəsm adlı başqa bir oğlunu isə Məkkəyə hakim tə`yin etdi, yeddi yüz nəfər fədai ilə birlikdə Mədinədən Bəsrəyə doğru yola düşdü.[14] Rəbəzəyə çatdıqda xəbər tutdu ki, əhd-peyman pozanlar yolda tutulacaqlarını ehtimal edərək bə`zi şəxslərin bələdçiliyi ilə dolayısı yolla Bəsrəyə getmişlər.[15]

Əgər İmam (əleyhissalam) onların hərəkətlərindən tez xəbərdar olsaydı, onları yolda tutar və bu iş də asan olar, heç bir müqavimətlə rastlaşmazdı. Çünki Təlhə və Zübeyr zahirdə bir idilər, batində isə hər biri rəhbər olub digərini aradan götürmək istəyirdi. Onların arasındakı nifaq elə bir həddə yetişmişdi ki, elə Məkkədən hərəkətə başlayan vaxtdan e`tibarən aralarındakı ixtilafın əks-sədası aşkar oldu. Hətta Bəsrə yolunda namazda İmam olmaq məsələsi ilə əlaqədar arlarında ixtilaf yarandı. Onların hər biri namazda öz yoldaşlarının imamı olmaq istəyirdi. Məhz bu ixtilaf nəticəsində hər ikisi Ayişənin fərmanı ilə camaat namazında İmam olmaqdan məhrum edildilər və namaz Zübeyrin oğlu Əbdüllahın imaməti ilə qılındı. Məaz deyir: «Allaha and olsun, əgər bu iki nəfər Əliyə qələbə çalsaydılar belə, heç vaxt xilafət məsələsində bir-biri ilə razılığa gələ bilməyəcəkdilər.»[16]

İmamın dostlarından bə`ziləri təklif edib dedilər ki, Təlhəni və Zübeyri tə`qib etməkdən əl çəksin, lakin İmam (əleyhissalam) bu təklifi qəbul etmədi. Əli (əleyhissalam) bu barədə buyurmuşdur: «Allaha and olsun, mən heç də tütək səsini eşitməklə sakitləşib öz yuvasında yatan və qəfildən ələ keçən kaftar kimi deyiləm. Mən əcəlim gəlib çatana kimi haqq tərəfdarlarının iti qılıncları ilə haqqa arxa çevirənləri vurur və valilərin qollarının köməyi ilə asiləri və şəkk edənləri geri oturduram.»[17]

Əli (əleyhissalam) bu sözlə öz məqsəd və məramını e`lan etdi və yağıların, bac-xərac alanların qarşısında sükut etməyi rəva görmədi və məqsədin həyata keçirilməsi üçün öz ordusunu təşkilati cəhətdən yenilətmək fikrinə düşdü.

ORDU TƏŞKİLATININ YENİLƏŞDİRİLMƏSİ

İmam (əleyhissalam) nakisinlərin işlərindən xəbərdar olduqdan sonra qərara aldı ki, onları Bəsrəyə kimi tə`qib etsin, lakin o həzrətin köməkçilərinin sayı yeddi yüz (yaxud doqquz yüz) nəfərdən çox deyildi. Onların çoxunun ənsar və mühacirin seçmə döyüşçülərindən (onların bə`ziləri Bədr döyüşündə iştirak etmişdilər) təşkil olunmasına baxmayaraq bu say, döyüş üçün muzdla tutulmuş və Bəsrənin ətraf qəbilələrini özlərinə qoşmuş bir ordu qarşısında kifayət deyildi. Buna görə də İmam (əleyhissalam) öz ordusunu yenidən təşkil edərək öz tabeçiliyində olan ətraf qəbilələrdən kömək almağı qərara aldı. Bu məqsədlə Ədi ibni Hatəm öz qəbiləsinə (Teyy qəbiləsinə) doğru gedərək onları Əli (əleyhissalam)-ın əhd-peyman pozanların qiyamını yatırmaq üçün hərəkət etməsindən agah etdi. O, qəbilə başçılarının iştirak etdiyi iclasda dedi: «Ey Teyy qəbiləsinin ağsaqqalları! Siz Peyğəmbərin zamanında onunla döyüşmək istəmədiniz, Allaha və Onun Peyğəmbərinə «mürtədlər» hadisəsində kömək etdiniz. Bilin və agah olun ki, Əli gəlib sizə çatacaqdır. Siz cahiliyyət dövründə dünya üçün vuruşurdunuz, indi isə islam əsrində axirət üçün vuruşun. Əgər dünyanı istəyirsinizsə, bilin ki, Allah yanında bol qənimətlər var. Mən sizi dünya və axirət səadətinə də`vət edirəm. Hal-hazırda Əli və ənsar, mühacir, Bədr döyüşçülərindən və s.dən ibarət olan böyük islam mücahidləri ilə birlikdə sizə tərəf gəlir. Onlar bura daxil olacaqlar. Nə qədər ki, gec deyil, qalxın və İmamı qarşılamağa tələsin!» Ədinin sözləri o iclasdakıların arasında qəribə bir canlanma yaratdı, hər tərəfdən alqış səsləri ucaldı və hamılıqla İmam (əleyhissalam)-a kömək etmək üçün öz hazırlıqlarını e`lan etdilər. İmam (əleyhissalam) ora gəlib çatanda qoca bir kişi o həzrətin qarşısında dayandı və ona belə xoşgəldin dedi:–«Afərin sənə, ey Əmirəl-mö`minin! Allaha and olsun, əgər səninlə bey`ət etməsəydim belə, sənin Peyğəmbərlə qohumluğuna və gözəl keçmişinə görə yenə də sənə kömək edərdik. Sən cihad et, bütün Teyy qəbiləsi sənin arxandadır. Onların heç biri sənin ordunda xidmət etməkdən imtina etməz.» Ədinin bu ağıllı tədbiri nəticəsində bir dəstə süvari İmam (əleyhissalam)-ın ordusuna qoşuldu və o həzrətin ordusu yenidən quruldu. Bəni-Əsəd qəbiləsi Teyy qəbiləsinin yaxınlığında yaşayırdı. O qəbilənin başçılarından Zəfər adlı bir nəfər Mədinədən İmam (əleyhissalam)-ın yanında idi və həzrətdən icazə aldı ki, o da öz qəbiləsinin içinə gedib onları İmam (əleyhissalam)-a kömək etmək üçün də`vət etsin. O, öz qəbiləsi ilə müzakirə edəndən sonra onların bir qrupunu İmam (əleyhissalam)-a kömək etmək üçün hazırlayaraq o həzrətin düşərgəsinə gətirdi. Əlbəttə, Zəfərin bu işi müvəffəqiyyət baxımından Ədi kimi deyildi. Çünki Ədi tayfa əsil-nəsəbinə və atası Hatəmin etdiyi bəxşiş və ehsanlara görə öz qəbiləsində böyük nüfuza malik idi. Amma bu nüfuz Zəfərdə yox idi. Bundan da əlavə, Teyy qəbiləsi islami inzibat və əqidə möhkəmliyini «mürtədlər» hadisəsində gözəl şəkildə göstərmişdi. Belə ki, Peyğəmbər (səlləllahu əleyhi və alih)-in vəfatından sonra onlardan bir nəfər belə mürtəd olmadı, halbuki, Bəni-Əsəd qəbiləsi mürtəd olmağa üz qoydu və Teyy qəbiləsinin göstərdiyi sə`ylər nəticəsində yenidən islam dininə qayıtdılar.[18]

NAKİSİNLƏRİN BƏSRƏ YOLUNDAKI SƏRGÜZƏŞTLƏRİ

Təlhə və Zübeyrin Peyğəmbər (cəlləllahu əleyhi və alih) səhabələrindən olmalarına baxmayaraq, təklikdə mərkəzi hökumət əleyhinə qiyam edib bir ordunu Məkkədən Bəsrəyə gətirməkdə rəhbərlik edə bilmək üçün o qədər də qüdrət və nüfuza malik deyildilər. Əgər Peyğəmbər (cəlləllahu əleyhi və alih)-in zövcəsi Ayişə onların içində olmasaydı və əməvilərin külli miqdarda pulları və imkanları onların ixtiyarında qoyulmasaydı, onların məkrli tədbirləri elə Məkkədə ikən alt-üst olardı. Nəhayət, onlar Osmanın intiqamını almaq bəhanəsi ilə, həmçinin Əli (əleyhissalam)-ın onun qatili, yaxud qatillərinin havadarı adlandıraraq Məkkədən Bəsrəyə tərəf hərəkət etdilər və yol boyu müntəzəm olaraq «Ya ləsarati Osman!» (Ey Osmanın intiqamını alanlar, ayağa qalxın!) şüarını səsləndirirdilər. Amma bu şüar o qədər məzhəkəli idi ki, hətta Osmanın yaxın adamları belə ona gülürdülər. Qeyd edəcəyimiz bu iki hadisə müddəanı təsdiq edər: Səid ibni As Zatü-irq adlı məntəqədə Təlhə və Zübeyrin başçılıq etdiyi nakisinlər karvanı ilə rastlaşdı. Səid (o, Bəni-Üməyyədən idi) üzünü Mərvana tutub dedi:–Hara gedirsən?

Mərvan dedi:–Mən gedirəm Osmanın intiqamını alam.

Səid dedi:–Niyə uzağa gedirsiniz?! Osmanın qatilləri elə sizin arxanızca gələnlərdir. (Yə`ni Təlhə və Zübeyrdir).[19]

İbni Qüteybə bu məsələyə daha aydınlıq gətirərək yazır: «Təlhə, Zübeyr və Ayişə Xeybərin Əbu-Tas adlı məntəqəsində mənzil saldıqları zaman, Səid ibni As (Müğeyrə ibni Şö`bə də onunla yoldaş idi) əlindəki qara kamanla Ayişənin yanına gedib dedi:–Hara gedirsən?

Ayişə dedi:–Bəsrəyə.

Səid dedi:–Nə istəyirsən?

Ayişə dedi:–Osmanın intiqamını almaq istəyirəm.

Səid dedi:–Ey Ümmül-mö`minin, Osmanın qatilləri elə sənin gözünün önündədir!

Bunu deyib Mərvanın yanına getdi və onunla da eyni qaydada danışdı və dedi:–Osmanın qatilləri elə Təlhə və Zübeyrdir ki, onu öldürməklə hökuməti ələ keçirmək istəyirdilər. Lakin öz məqsədlərinə çatmadıqları üçün qanı qan ilə, günahı da tövbə ilə yumaq istəyirlər.[20]

Müğeyrə ibni Şö`bə Əli (əleyhissalam)-ın şəhadətindən sonra Müaviyənin sağ əli sayılırdı, o günlərdə camaata deyirdi:–Ey camaat, əgər Ümmül-mö`mininlə birlikdə çıxsanız, onun üçün yaxşı bir aqibət istəyin. Əgər Osmanın intiqamını almaq üçün qiyam etsəniz, bilin ki, Osmanın qatilləri elə sizin başçılarınızdır. Əgər Əlini tənqid etmək məqsədi ilə yola düşsəniz, deyin görək onda hansı bir irad tutursunuz?! Sizi and verirəm Allaha, bir il ərzində iki fitnə salmaqdan (Osmanın öldürülməsi və Əli ilə müharibə) çəkinin!»

Lakin nə Səidin, nə də Müğeyrənin sözləri onlara tə`sir etmədi. Sonra Səid Yəmənə, Müğeyrə də Taifə doğru yola düşdülər və Cəməl və Siffeyn müharibələrində iştirak etmədilər.
HƏRƏKƏTDƏ TƏLƏSMƏK

Təlhə və Zübeyr Əli (əleyhissalam) tərəfindən tutulmamaq üçün Məkkə-Bəsrə yolundakı mənzilləri sür`ətlə ötüb gedirdilər. Buna görə də, yorğa yerişli dəvə tapmaq fikrinə düşdülər ki, mümkün qədər tez bir zamanda Ayişəni Bəsrəyə çatdırsınlar. Yolda Rənyə qəbiləsindən bir kişini gördülər. O, yorğa bir dəvəyə (erkək dəvəyə) minmişdi. Ona dedilər ki, dəvəsini satsın. O, dəvəsinə min dirhəm qiymət qoydu. Müştəri e`tiraz edib dedi:–Dəli olmusanmı?! Harda görmüsən ki, bir dəvənin min dirhəm qiyməti olsun?

Dəvənin sahibi dedi:–Sən onu tanımırsan! Heç bir dəvə onunla yarışa girə bilməz!

Müştəri dedi:–Əgər bu dəvəni kimin üçün almaq istədiyimizi bilsən, heç bir dirhəm də almadan onu bağışlayarsan.

Soruşdu: Kim üçün alırsınız?

Dedi:–Ümmül-mö`minin Ayişə üçün.

Dəvənin sahibi Peyğəmbərə olan sədaqət və ixlas üzündən dəvəni təmənnasız onlara verdi. Müştəri ondan bələdçi kimi istifadə etmək üçün onu Ayişənin karvanının endiyi yerə apardı və o erkək dəvənin əvəzində ona bir dişi dəvə, üstəlik dörd yüz (yaxud altı yüz) dirhəm pul verdi, ona dedi ki, çölün bu yerini keçib getməkdə kömək etsin. O da razılaşıb qəbul etdi. Bələdçi bu məntəqəni hamıdan yaxşı tanıyırdı. O deyir: «Hər abadlıqdan və su quyusunun yanından keçəndə Ayişə oranın adını məndən soruşurdu. Nəhayət Hov`əb məntəqəsindən keçəndə oranın itlərinin səsi ucaldı. Ümmül-mö`minin başını kəcavədən çıxarıb soruşdu: Bura haradır? Dedim:–«Hov`əbdir.» Ayişə bu adı eşidən kimi fəryad etdi, dərhal dəvənin ayağından vurub onu yatırtdı. Sonra dedi:–«Allaha and olsun, mən (Peyğəmbərin buyurduğu) o arvadam ki, o, Hov`əbdən keçir və oranın itləri onun dəvəsinə hürürlər.» Bu cümləni üç dəfə təkrar etdi və qışqırıb dedi ki, onu geri qaytarsınlar. Ayişənin dayanması ilə karvandakılar da dayandı və dəvələrini yatırtdılar. Hərəkət etmək üçün israr etməyin heç bir nəticəsi olmadı. Bir gün orada qaldılar. Nəhayət Ayişənin bacısı oğlu Əbdüllah ibni Zübeyr gəlib dedi:–Tez ol hərəkətə başla, Əli bizi tə`qib edir! Ola bilsin ki, hamımız onunla müharibədə ələ keçək.[21]

Təbəri təəssüb üzündən həqiqəti gizlədir və baş verən əhvalatı yuxarıda nəql olunan sadəliklə yazır. Lakin ondan qabaq yaşamış İbni Qüteybə (276-cı hicri qəməri ilində vəfat etmişdir) yazır: «Ümmül-mö`minin Hov`əb adını eşitdikdə, Təlhənin oğluna dedi:–«Mən hökmən qayıtmalıyam! Çünki bir gün Peyğəmbər öz zövcələri ilə danışırdı. Mən də onların içində idim. Həzrət buyurdu: «Mən görürəm ki, sizlərdən biri Hov`əb məntəqəsindən keçir və oranın itləri onun üstünə hürür.» Sonra üzünü mənə tutub dedi:–«Hümeyra, məbada sən elə o arvad olasan!» Bu vaxt Təlhənin oğlu ondan yola davam etməsini istədi, lakin heç bir faydası olmadı. Onun bacısı oğlu Əbdüllah ibni Zübeyr münafiqcəsinə and içib dedi:–«Buranın adı Hov`əb deyil. Biz Hov`əbi gecənin əvvəlində keçdik.» Bu sözlə də kifayətlənməyib çöl ərəblərindən bir neçəsini gətirib onları yalandan and içdirdi ki, bu məntəqənin adı Hov`əb deyil. (Bu cür yalan şəhadət islam tarixində görünməmişdir.) Bundan sonra karvan hərəkətə başladı və Bəsrəni ələ keçirmək üçün şəhərin yaxınlığında düşərgə saldılar. (Osman ibni Hənif Əli (əleyhissalam) tərəfindən orada hakim idi)[22]
ƏHD-PEYMAN POZANLAR BƏSRƏYƏ YAXINLAŞIR

Nakisinlər karvanı Bəsrənin yaxınlığına çatanda Təmim qəbiləsindən bir nəfər Ayişəyə dedi ki, Bəsrəyə daxil olmazdan qabaq oranın başçılarını öz məqsədindən agah etsin. Ayişə Bəsrənin böyük şəxsiyyətlərinə çoxlu məktublar yazdı, özü isə «Hüfeyr» adlı bir məntəqədə oturaq salıb məktubların cavablarını gözləməyə başladı. İbni Əbil-Hədid Əbu-Müxnəfdən nəql edir ki, Təlhə və Zübeyr də Bəsrənin hakimi Osman ibni Hənifə məktub yazıb ona təklif etmişdilər ki, darül-imarəni onlara təhvil versin. Bu məktub Osman ibni Hənifə çatdıqda o, Əhnəf ibni Qeysi çağırıb hadisənin nə yerdə olduğunu ona dedi. Əhnəf ona məsləhət verib dedi:–«Osmanın intiqamını almaq» adı ilə qiyam edənlərin özləri onun qanını axıtmışlar. Mən məsləhət görürəm ki, onlara lazımi cavab vermək üçün döyüşə hazırlaşasan. Sən hakimsən, camaat sənin sözünü eşidər. Onlar gəlib bura çatmamış sən onlara tərəf hərəkət et.

Osman dedi:–Mənim də fikrim belədir, lakin İmam (əleyhissalam)-ın əmrini gözləyirik.

Əhnəfdən sonra Hükeym ibni Cəbəllə Əbdi gəldi. Osman Təlhə və Zübeyrin məktubunu ona da oxudu, o da elə Əhnəfin sözünü təkrar edib dedi:–İcazə ver, mən onların qarşısına çıxım. Əgər Əmirəl-mö`minin (əleyhissalam)-a tabe olsalar, lap yaxşı; əks halda onlarla döyüşərəm.

Osman dedi:–Əgər onlarla qarşılaşmaq lazım gəlsə, mən özüm bu iş üçün daha yaxşıyam.

Hükeym dedi:–Nə qədər ki, gec deyil, tədbir gör. Əgər nakisinlər Bəsrəyə daxil olsalar, Peyğəmbər (səlləllahu əleyhi və alih)-in zövcəsi onlarla birgə olduğuna görə camaatı öz tərəfinə çəkəcəklər, səni də işdən çıxaracaqlar.

Bu zaman İmam (əleyhissalam)-dan Osman ibni Hənifə bir məktub gəldi. Məktubda Təlhə və Zübeyrin əhd-peymanı pozmaları və Bəsrəyə tərəf hərəkət etmələri bildirilmişdi. Həmçinin ona əmr olunmuşdu ki, onları öz əhdlərinə sadiq qalmağa də`vət etsin, qəbul edəcəkləri təqdirdə onlara qarşı yaxşı rəftar etsin, əks halda işi müharibə yolu ilə bitirsin. Allah onlarla Osmanın arasında qəzavət edər. İmam (əleyhissalam) məktubu Rəbəzədən göndərmişdi. Məktub o həzrətin diktəsi və onun katibi Übeydullahın xətti ilə yazılmışdı.[23]

İmam (əleyhissalam)-ın məktubu Bəsrənin hakiminə çatandan sonra o, öz dostları ilə məsləhətləşdi və dərhal Bəsrənin hörmətli şəxsiyyətlərindən olan İmran ibni Həsən və Əbül-Əsvəd Düəlini[24] çağırıb onlara göstəriş verdi ki, nakisinlərin Bəsrənin kənarındakı düşərgəsinə gedib Zübeyr və Təlhə ilə görüşsün və Bəsrəyə hansı məqsədlə qoşun yeritmək istədiklərini öyrənsinlər. Onlar da dərhal nakisinlərin düşərgəsinə getdilər. Ayişə, Təlhə və Zübeyrlə görüşdülər. Ayişə onlara belə cavab verdi: Bir neçə nəfər müsəlmanların imamını təqsiri olmadan öldürmüş, əziz qanını nahaq yerə axıtmış, haram (toxunulmaz) malı qarət etmiş və haram aylara olan hörmətə sadiq qalmamışlar. Mən bura gəlmişəm ki, bu şəxslərin günahlarını aşkar edib camaata bu iş qarşısında nə edəcəklərini deyim. (Başqa bir rəvayətə görə sonra dedi:) Mən bura gəlmişəm ki, bir qoşun yaradam və onun köməyi ilə Osmanın düşmənlərini cəzalandıram.

Bu sözlərdən sonra hər ikisi Ayişənin hüzurundan çıxıb Təlhə və Zübeyrin yanına getdilər və onlara dedilər:–Bura nə üçün gəlmisiniz?

Onlar dedilər: Osmanın intiqamını almaq üçün.

Valinin nümayəndələri dedilər: Məgər siz Əli ilə bey`ət etməmişdinizmi?

Dedilər: Biz Əştərin qılıncının qorxusundan bey`ət etdik.

Bu söhbətdən sonra nümayəndələr geri qayıtdılar və hakimi nakisinlərin fikir və məqsədlərindən xəbərdar etdilər. O qərara aldı ki, hərbi qüvvələrlə onların Bəsrəyə yaxınlaşmasının qarşısını alsın. Carçılar şəhərdə və onun ətraf yerlərində car çəkərək camaatı məscidə də`vət etdilər. Hakimin carçısı iz itirmək üçün özünü Kufəli və Qeys qəbiləsinin bir üzvü kimi təqdim edib dedi:–Əgər bunlar «biz öz canımızın qorxusundan Bəsrəyə gəlmişik» deyə iddia etsələr, onda əsassız bir söz demiş olarlar, çünki onlar ilahi hərəmdə (Məkkədə) idilər. Ora elə bir yerdir ki, hətta havada uçan quşlar da əmin-amanlıqdadırlar. Əgər Osmanın intiqamını almaq üçün bura gəlmiş olduğunu desələr, yalandır, çünki Osmanın qatilləri Bəsrədə deyillər ki, onlar bura gələlər. Ey camaat, onlara qarşı qiyam edin və onları gəldikləri yerə qaytarın!»

Bu zaman Əsvəd adlı bir kişi ayağa durub dedi:–Onlar bizi Osmanın qatilləri hesab etmirlər. Onlar bizim köməyimiz ilə Osmanın intiqamını almaq üçün buraya gəlmişlər.

Camaatın əksəriyyəti Əsvədin sözünə qarşı çıxsa da, mə`lum oldu ki, Təlhə və Zübeyrin Bəsrə əhalisi arasında müəyyən qədər havadarları vardır. Nakisinlərin karvanı düşərgə salıb əyləndikləri yerdən Bəsrəyə tərəf, Osman ibni Hənif də onları qarşılayıb geri qaytarmaq üçün hərəkət etdi. Hər iki qoşun «Mərbəd» adlı məntəqədə qarşı-qarşıya dayandı. Təlhə və Zübeyrin qoşunu həmin yerin sağında, Osman ibni Hənifin qoşunu isə solunda yerləşirdi.

Təlhə ilə Zübeyr Osmanın fəziləti və məzlumiyyəti barədə danışaraq camaatı onun intiqamını almağa çağırdılar. Öz tərəfdarlarının «təsdiq» səsləri ucaldı. Bu zaman hakimin tərəfdarları o iki nəfərin sözlərini təkzib etdilər və beləliklə, tərəflər arasında müharibə başlandı. Amma Osman ibni Hənifin tərəfdarları arasında azacıq belə, narazılıq yaranmadı. Vəziyyətin belə olduğunu görən Ayişə sözə başlayıb dedi:–Həmişə camaat Osmanın ətrafındakı mə`murlardan şikayətlənər və çətin məsələlərini bizimlə müzakirə edərdilər. Biz buna görə ağlamadıq. Biz onun günahsız, pərhizkar, vəfadar, xəbərçilərin isə hiyləgər və yalançı olduğunu anladıq. Onu tənqid edənlər gücləndikdə, onun evinə hücum edib qanını haram ayda, özü də günahsız olaraq axıtdılar. Sizin vəzifəniz budur ki, qatilləri tutub onların barəsində Allah hökmünü icra edəsiniz.[25]

Ayişənin sözləri Osman ibni Hənifin qoşununda çaxnaşma saldı. Bə`ziləri Ayişənin sözlərini təsdiq, bə`ziləri isə təkzib etdi, sonra bir-birlərinə torpaq, daş atmağa başladılar. Bu vaxt Ayişə «Mərbəd»dən çıxıb Dəbbağin adlı bir yerə getdi. Hələ də, Osmanın qoşununda ikitirəlik hökm sürürdü. Nəhayət, bir qrup onlardan ayrılıb nakisinlərə qoşuldu.
NAKİSİNLƏRİN SÖZLƏRİ

Ayişənin düşərgə saldığı yerdə Bəni-Sə`d qəbiləsindən bir nəfər ondan məsələyə aydınlıq verməsini istəyib dedi:–Ey Ümmül-mö`minin! Bizim üçün Osmanı öldürmək sənin evdən çıxıb bu məl`un dəvəyə minməyindən çox asan idi. Allah tərəfindən sənin üçün ehtiram və hörmət pərdəsi var idi, lakin sən öz hörmət pərdəni yırtdın və öz hörmətini aradan götürdün.[26] Əgər öz xoşunla gəlmisənsə, elə buradanca qayıt; yox əgər zorla gətirilmisənsə, onda biz sənə kömək edərik.

Həmin qəbilədən bir nəfər Təlhə və Zübeyrə xitab edərək dedi:–Ey Zübeyr, sən Peyğəmbərin həvarilərindən sayılırsan. Ey Təlhə, sən isə öz əlinlə Allah Rəsulunu təhlükədən qorudun. Ananızı (Ayişəni) sizinlə birlikdə görürəm. Deyin görüm, arvadlarınızı da özünüzlə gətirmisinizmi?

Onlar dedilər: Yox.

Həmin cavan dedi:–Mən elə bu andan e`tibarən sizdən ayrılıram.

Sonra bir şe`r oxudu, onun ilk beyti belədir:

«Öz arvadlarınızı pərdə arxasında oturtdunuz, lakin öz ananızı (bu işə) sövq etmisiniz.

Allaha and olsun, bu çox insafsızlıq əlamətidir.»[27]

Bu vaxt Hükeym ibni Cəbəllə Əbdi öz adamları ilə birlikdə İmam (əleyhissalam)-ın Bəsrədəki hakiminə köməyə tələsdi. Onlarla Təlhə və Zübeyrin tərəfdarları arasında şiddətli toqquşma baş verdi. Ayişə bu döyüşə son qoymaq üçün həmin yerdən «Bəni Mazən» qəbiristanlığına tərəf getməyi əmr etdi. Ora çatanda tam qaranlıq idi. Gecənin qaranlığı döyüşün dayanmasına səbəb oldu, hakim də şəhərə qayıtdı. Ayişənin adamları gecə ikən Darür-rizq adlı bir yerə yığışaraq döyüşə hazırlaşdılar. O günün sabahı Hükeym ibni Cəbəllə onlara həmlə etdi və tərəflər arasında güclü toqquşma baş verdi. Hər iki tərəfdən çoxlu adam öldürüldü və yaralandı.
TƏRƏFLƏR ARASINDA MÜVƏQQƏTİ SÜLH

İslam tarixçilərinin hamısı bura qədər baş verən hadisələri yuxarıda qeyd etdiyimiz kimi yazmışlar. Əsas məsələ hadisənin gedişatının sonrakı mərhələsi, yə`ni hər iki tərəfin nə üçün döyüşdən əl çəkib gözləmə mövqeyində dayanmaq üçün razılığa gəlməsidir. Burada Təbəri və ona tabe olan Cəzəri («Kamil» kitabında) bu məsələni iki cür yazmışlar. Hər iki nəzərlə tanış olduqdan sonra ikincinin həqiqətlə uyğun olduğu hiss olunur. Buna baxmayaraq biz hər iki nəzəri qeyd edirik:
a) Təlhə və Zübeyr necə bey`ət etmişdi?

Təbəri yazır: Tərəflər razılaşdılar ki, Mədinə əhalisinə bir məktub yazıb Təlhə və Zübeyrin Əli (əleyhissalam)-la necə bey`ət etmələrini soruşsunlar. Əgər Mədinə əhalisi onların könüllü və tam azad şəkildə bey`ət etməsinə şahidlik etsələr, bu zaman ikisi də oradan Mədinəyə qayıtsın və Osman ibni Hənifə qarşı çıxmasınlar. Əgər mədinəlilər onların məcburiyyət və qorxu əsasında bey`ət etmələrinə şahidlik etsələr, bu halda gərək Osman Bəsrəni tərk etsin və darül-imarəni (hökumət evini), beytül-malı və hökumətə aid olan şeyləri Təlhə və Zübeyrin ixtiyarında qoysun.

Təbəri bu sülhnaməni öz tarix kitabında göstərmiş və əlavə olaraq qeyd etmişdir ki, Kə`b ibni Sur onu götürüb Mədinəyə yola düşdü. Cümə günü Mədinə məscidində Bəsrə əhalisinin sözünü mədinəlilərə çatdırdı. Lakin Üsamə adlı bir nəfərdən başqa heç kəs ona cavab vermədi. Üsamə dedi:–Onların bey`əti öz arzuları ilə deyil, məcburiyyət və qorxu üzündən olmuşdu. Camaat bu sözdən o qədər qəzəbləndi ki, hətta onu öldürmək belə istədilər. Əgər Süheyb və Məhəmməd ibni Məsləmə kimi adamlar onun köməyinə çatmasaydılar, onun qanı axıdılacaqdı.

Kə`b Bəsrəyə qayıdandan sonra Mədinə məscidində gördüklərini söylədi. Buna görə də, Təlhə və Zübeyr Osman ibni Hənifə bir məktub göndərib ondan tələb etdilər ki, darül-imarəni tərk etsin. Çünki o iki nəfərin bey`əti könüllü və azad şəkildə qəbul etmədikləri sübut olundu. Sülhlə bağlı müqavilənin səbəbinin məhz bu olması aşağıdakı səbəblərdən çox da ağlabatan deyil və həqiqətdən uzaqdır:

1. Onu söyləyən Seyf ibni Ömərdir ki, təhlilçilər və təhqiqatçılar onu saleh və doğruçu hesab etmirlər. Lakin çox təəssüflər olsun ki, «Tarixi-Təbəri»nin bir hissəsi (11-36-cı hicri ilinin hadisələri) onun söylədiyi hadisələrlə doludur.

2. Bəsrədən Mədinəyə gedib-qayıtmaq çox vaxt istəyirdi və nakisinlər bilirdilər ki, İmam (əleyhissalam) Mədinədən hərəkət edərək onları tə`qib etməkdədir. Buna görə də əhd-peymana xəyanət edənlər belə bir təhlükənin yaxınlaşdığını bildikləri halda şəhəri ələ keçirmədən və hakimi aradan götürmədən məktubun cavabının gəlməsini oturub gözləməyi məsləhət bilməzdilər.

3. Belə bir şərti o adamlar qəbul edər ki, Peyğəmbər (cəlləllahu əleyhi və alih)-in dostlarının o iki nəfərin könüllü şəkildə bey`ət etmələrinə şahidlik edəcəklərinə arxayın olsunlar. Halbuki bu arxayınçılıq onların əleyhinə idi. Buna görə də Təbərinin Seyf ibni Ömərə istinadən nəql etdiyinə görə, yalnız İmam (əleyhissalam)-la bey`ət etməyən bir nəfər o iki nəfərin məcburi olaraq bey`ət etdiklərini təsdiq etmişdir. Seyfin özünün nəql etdiyinə əsasən, başqaları cavab verməyib sükut etmişdilər.

4. Onların bey`ətinin məcburi olmamasının ən yaxşı dəlili budur ki, Sə`d Vəqqas, Əbdüllah ibni Ömər, Üsamə, Həssan və s. kimilər bey`ətdən imtina etdilər, heç kəsin də onlarla işi olmadı. Əgər Təlhə və Zübeyr də bey`ət etməyə razı olmasaydılar, bey`ət etməyənlərin cərgəsində ola bilərdilər. Belə ki, İmam (əleyhissalam) bu məsələdən agah olanda Zübeyrin barəsində buyurdu: «Zübeyr güman edir ki, zahirdə bey`ət etmiş və batində müxalif olmuşdur. O, hər bir halda öz bey`ətini təsdiq etmişdir, amma iddia edir ki, batində onun əksini gizlətmişdir. Bu sözlər üçün gərək şahid gətirsin. Əgər şahid olmasa, onda onun bey`əti əvvəlki kimi qalır və tabe olub itaət etməsi gərəkdir.»[28]

Sonralar, əhd-peymanı pozanlar öldürülən zaman İmam (əleyhissalam) o iki nəfərin vəziyyətini belə şərh edir:

«İlahi, Təlhə və Zübeyr mənimlə əlaqələrini kəsdilər və mənə zülm etdilər. Öz bey`ətlərini pozdular, camaatı mənim əleyhimə qaldırdılar. İlahi, onların bağladıqları şeyləri aç, onların toxuduqlarını möhkəm etmə, arzu etdikləri və gördükləri işin cəzasını onlara göstər. Mən müharibəyə başlamazdan əvvəl onlara möhlət verdim ki, etdikləri bey`ətə qayıtsınlar. Lakin nankorluq etdilər və hər iki dünyanın sağlamlığını əldən verdilər.»[29]

b) İmam (əleyhissalam)-dan vəzifənin nə olduğunu öyrənmək.

Bu razılaşma ilə əlaqədar başqa rəvayətdə deyilir ki, Osman ibni Hənif nakisinlərə xitab edərək dedi ki, o, Əli (əleyhissalam)-ın mə`murudur və İmam (əleyhissalam)-a məktub yazıb öz vəzifəsinin nə olduğunu öyrənməyincə onların istəklərini qətiyyən qəbul edə bilməz.[30]

İbni Qüteybə «Əl-imamətu vəs-siyasət» kitabında əlavə edir: «Tərəflər razılaşdılar ki, Osman ibni Hənif öz vəzifəsində qalsın və darül-imarə, məscid, beytül-mal onun ixtiyarında olsun. Təlhə və Zübeyr də Əli (əleyhissalam)-dan bir xəbər gəlib çatana qədər istədikləri yerdə düşərgə salsınlar. Əgər İmam (əleyhissalam)-la razılaşsalar heç, əks halda hər kəs özünə yol seçməkdə azad olacaq. Sonra bu barədə əhd bağladılar və hər iki tərəfdən bir neçə nəfəri şahid tutdular.[31]

Hadisənin bu cür nəql olunması onun daha düzgün olduğuna inam yaradır. Əlbəttə, bu, nakisinlərin başçılarının bu razılaşmanı səmimi qəlbdən qəbul etməsi demək deyildir. Əksinə, onlar müqaviləni zahirdə qəbul etmiş və qərara almışdılar ki, elə yaranan ilk fürsətdə qəfil hücum edərək darül-imarəni ələ keçirib Osman ibni Hənifi Bəsrə hakimiyyətindən kənarlaşdırsınlar. Buna görə də Ayişə Zeyd ibni Suhana bir məktub yazaraq onu özünə «övlad» hesab etdi, onların dəstəsinə qoşulmasını, yaxud heç olmazsa, evində oturub Əliyə kömək etməməsini istədi. Zeyd onun cavabında yazdı: «Allah Ümmül-mö`minə rəhm eləsin! Ona öz evində oturmaq, bizə isə cihad etmək əmr olunmuşdur. O, öz vəzifəsini yerinə yetirməyib bizi öz vəzifəsinə (evdə oturmağa) də`vət edir. Digər tərəfdən, o, bizə aid olan vəzifəni yerinə yetirmək üçün qiyam etmişdir və bizi öz vəzifəmizə əməl etməyə qoymur.»

İbni Əbil-Hədid belə nəql edir: Nakisinlərin başçıları bir-biri ilə məşvərət edib dedilər ki, zəif olduqlarına görə, əgər Əli öz ordusu ilə gəlib çatsa, onların işi bitəcəkdir. Buna görə də ətrafdakı qəbilə başçılarına məktub yazdılar, bə`zi qəbilələrin razılığını (Əzb, Zəbbəh, Qeys ibni Qeylan kimi) cəlb edə bildilər, bə`zi qəbilələr də Əli (əleyhissalam)-a sadiq qaldılar.[32]
QANLI ÇEVRİLİŞ

Belə bir şəraitdə nakisinlərin başçıları cür`ətləndilər. Osmanın məktub göndərməsindən çox keçməmiş soyuq və küləkli bir gecədə, xiftən namazı vaxtında (başqa bir rəvayətə görə sübh namazı vaxtı) darül-imarənin məscidinə hücum etdilər. Məscidin, darül-imarənin və zindanın keşikçilərini öldürəndən sonra (öldürülənlərin sayı müxtəlif cür nəql olunmuşdur) şəhərin ən mühüm yerlərini ələ keçirdilər. Sonra camaatın diqqətini cəlb etmək üçün başçılardan hər biri çıxış etdi. Təlhə öldürülən xəlifəni tə`rifləyərək dedi: «Xəlifə günaha batmışdı və buna görə də tövbə etdi. Əvvəlcə biz onu tənbeh etmək istəyirdik, lakin səfehlər bizə imkan verməyib onu öldürdülər.»

Onun sözü bu yerə çatanda camaat e`tiraza başlayıb dedi:–Səndən xəlifə barəsində bizə gəlib çatan məktubların məzmunu indi dediklərinin tam əksinə idi. Sən bizi onun əleyhinə qiyam etməyə də`vət edirdin.»

Bu vaxt Zübeyr ayağa durub özünə bəraət qazandırdı və dedi:–Məndən sizə heç bir məktub gəlməyibdir.»

Əbdül-Qeys qəbiləsindən bir kişi ayağa durub dörd xəlifənin hər birinin tarixini araşdırdı və dedi: «Bütün xəlifələrin seçilməsi siz mühacir və ənsarın vasitəsi ilə olurdu və bizimlə heç vaxt məşvərət etmirdiniz. Əli ilə də bizim rə`yimizi soruşmadan bey`ət etdiniz. İndi ona nə kimi irad tutursunuz?! Məgər o, ümumxalq əmlakını mənmsəyibdirmi?! O, haqdan qeyri bir şeyə əməl etmişdirmi?! Qanunsuz bir iş görmüşdürmü?! Əgər bu işlərdən heç biri baş verməmişdirsə, onda nə üçün qiyam etmisiniz?!

Kişinin cəsarətli və güclü məntiqlə yanaşı olan fikri maddiyyata uyanların qəzəbini coşdurdu, onu tutub öldürmək istədilər, lakin qəbiləsi bu işə mane oldu. Sabahı gün yenidən o kişinin üstünə töküldülər və onu müdafiə etmək istəyən yetmiş nəfərlə birlikdə qılıncdan keçirtdilər. Sonra namazda imamətdən tutmuş beytül-mala kimi bütün işləri əllərinə keçirərək öz arzularının bir qisminə çatdılar.[33]
ŞƏHƏR HAKİMİNİN TALEYİ

Əli (əleyhissalam)-ın mövqeyini qorumaqda hakimin göstərdiyi sədaqət nakisinləri bərk qəzəbləndirmişdi. Buna görə də onu tutan kimi bərk əzişdirdilər, başının və üzünün tüklərini yoldular. Sonra onu öldürüb-öldürməmək barədə məsləhətləşdilər. Nəhayət onun qardaşı Səhl ibni Hənif Mədinədə bunun əvəzini çıxa biləcəyindən qorxaraq onu buraxmağı qərara aldılar. Osman ibni Hənif Əli (əleyhissalam)-la görüşmək üçün Bəsrədən çıxdı. Əli (əleyhissalam) onu bu vəziyyətdə görəndə zarafatla buyurdu: «Bizim yanımızdan qoca bir kişi kimi getdin, indi isə cavan bir oğlan camalında qayıtmısan!» Sonra hadisəni İmam (əleyhissalam)-a söylədi.

Bu qanlı çevrilişdə öldürülənlərin sayı müxtəlif nəql edilmişdir. Təbərinin öz «Tarix»ində və Cəzərinin «Kamil»də nəql etdiyinə görə öldürülənlərin sayı qırx nəfər idi, lakin İbni Əbil-Hədid onların sayını yetmiş nəfər qeyd etmişdir. Əbu Müxnəfin «Cəməl» kitabında nəql etdiyinə görə isə dörd yüz nəfər öldürülmüşdü.[34]

Nakisinlər məscidin, darül-imarənin və zindanın keşikçilərinin hamısını hiyləgərliklə ələ aldılar və sonra hamısının başını faciəli surətdə kəsdilər.
HÜKEYM İBNİ CƏBƏLLƏNİN QİYAMI

Hükeym ibni Cəbəllə Osman ibni Hənifin acınacaqlı şəkildə işdən çıxarılmasından və keşikçilərin faciəli şəkildə qətlə yetirilməsindən bərk narahat oldu. Qərara aldı ki, Əbdül Qeys qəbiləsindən olan üç yüz nəfərlə köməkləşib onlarla döyüşsün. O, dörd dəstə təşkil etdi, özünün üç qardaşını da dəstələrə sərkərdə tə`yin edərək nakisinlərə həmlə etdi. Nakisinlər təbliğat yolu ilə camaatı Hükeymin əleyhinə qaldırmaq üçün ilk dəfə olaraq Peyğəmbər (cəlləllahu əleyhi və alih)-in zövcəsini dəvəyə mindirdilər və onun mövqeyindən sui-istifadə edərək camaatın diqqətini özlərinə cəlb etdilər. Buna görə də Hükeymin qiyam etdiyi günü kiçik «Cəməl günü» adlandırdılar. Bu döyüşdə Hükeymin ətrafında olan üç yüz nəfər və onun üç qardaşı öldürüldü. Beləliklə, də Bəsrənin rəhbərliyi heç bir ciddi maneə olmadan Təlhə və Zübeyrin ixtiyarına keçdi. Onların da hər biri rəhbərliyi öz əlinə almaq istəyirdi. Buna görə də namazda imamət etmək üstündə kəskin mübahisə saldılar, çünki birinci gündə kimin (namazda) İmam olması sonrakı rəhbərliyin əlaməti idi. Ayişə bu ixtilafdan xəbər tutduqda hər ikisinin kənara çəkilməsini əmr etdi, namazın imamətini də Təlhənin və Zübeyrin oğlanlarına tapşırdı: bir gün camaat namazını Əbdüllah ibni Zübeyr, bir gün isə Məhəmməd ibni Təlhə qılırdı.

Beytül-malın qapısını açdıqda gözləri müsəlmanların külli miqdarda sərvətdən ibarət olan xəzinəsinə sataşdı. Bu vaxt Zübeyr bu ayəni oxudu: «Allah sizə bol qənimətlər əldə edəcəyinizi və`d etmişdi və bu qənimətləri tezliklə verdi.»

Sonra dedi: «Biz bu sərvətə sahib olmaq üçün bəsrəlilərdən daha irəliyik». Bunu deyib bütün mal-dövləti və sərvəti zəbt etdi. ( İmam (əleyhissalam) Bəsrəyə hakim olandan sonra onların hamısını müsadirə edib beytül-mala qaytardı.)[35]
ƏLİ (əleyhissalam) BU ÇEVRİLİŞDƏN XƏBƏR TUTUR

Rəbəzə məntəqəsi xatirələrlə dolu bir yerdir. İmam (əleyhissalam) qədim zamanlardan bu məntəqə ilə tanış idi. Xüsusilə də o həzrətin sadiq dostlarının biri–Peyğəmbər (cəlləllahu əleyhi və alih)-in yaxın səhabəsi Əbuzərin hakim quruluşda israfçılıq və ayrı-seçkiliyə qarşı e`tirazlı çıxışlar etdiyi üçün o məntəqəyə sürgün olunduğu vaxtlar daha çox xatirəli günlər idi. Uzun illər keçəndən sonra ilahi qəzavü-qədər Əli (əleyhissalam)-ı bu məntəqəyə gətirmişdi: O, əhd-peyman pozanları ələ keçirmək üçün qüvvə toplamaq məqsədi ilə buraya gəlmişdi. İmam (əleyhissalam) bu məntəqədə olanda nakisinlərin çevriliş etməsini eşitdi və bildi ki, Təlhə və Zübeyr Bəsrəyə daxil olmuş, darül-imarənin, məscidin, beytül-malın və zindanın keşikçilərini öldürmüş, yüzlərlə insanın qanını axıdaraq şəhəri ələ keçirmiş, onun tə`yin etdiyi hakimi döyüb-təhqir etdikdən, baş və saqqalını yolduqdan sonra oradan qovmuş, zəhərli təbliğatlarla Bəsrə qəbilələrindən bə`zilərini öz tərəflərinə çəkə bilmişlər. İmam (əleyhissalam) nakisinləri darmadağın etmək üçün Kufə camaatından kömək almaq fikrində idi, çünki İraqda onun üçün qalan yeganə səngər Kufə şəhəri və onun ətraf qəbilələri idi. Lakin Kufənin valisi Əbu Musa Əş`əri bu yolda böyük bir maneə idi, çünki o, hər cür qiyamı fitnə təsəvvür edir, camaatın Əli (əleyhissalam)-a kömək etməsinə mane olurdu. Əbu Musa mühacir və ənsarın İmam (əleyhissalam)-la bey`ət etməsindən qabaq Kufənin valisi idi və o həzrət xilafətə gələndən sonra Malik Əştərin məsləhəti ilə öz vəzifəsində qalmışdı. Malikin məsləhətindən əlavə, Əbu Musanın beytül-malda israfa yol verməməsi, zülm etməməsi və dünya malına rəğbət göstərməməsi İmam tərəfindən onun həmin vəzifədə saxlanmasına səbəb oldu. Əbu Musa bu xüsusiyyətlərinə görə Osmanın tə`yin etdiyi başqa hakimlərdən fərqlənirdi. Beləliklə, İmam (əleyhissalam) qərara aldı ki, bə`zilərini Kufəyə yollasın, Əbu Musaya və Kufə camaatına məktub göndərsin, onlar da ora qüvvə göndərmək üçün şərait yaratsınlar; əks halda valini azad edib yerinə başqasını tə`yin etsin. İndi İmam (əleyhissalam)-ın bu tədbirlə bağlı gördüyü işləri şərh edirik.

1. MƏHƏMMƏD İBNİ ƏBU-BƏKRİN KUFƏYƏ GÖNDƏRİLMƏSİ

İmam (əleyhissalam) bir məktub yazıb Məhəmməd ibni Əbu-Bəkr və Məhəmməd ibni Cə`fərlə Kufəyə göndərdi ki, ümumi bir yığıncaqda o həzrətin kömək istədiyini Kufə camaatına çatdırsın. Lakin Əbu Musanın öz fikrində nadancasına israrı hər iki nəfərin bu tədbirlə bağlı sə`ylərini nəticəsiz etdi. Camaat Əbu Musaya müraciət edəndə o deyirdi: «Evdə oturmaq axirət yolu, qiyam etmək isə dünya yoludur (hansını istəsəniz seçin).»

İmam (əleyhissalam)-ın nümayəndələri heç bir müsbət nəticə əldə etmədən Kufəni tərk etdilər və «Ziqar» adlı bir məntəqədə o həzrətlə görüşüb baş verən hadisələri ona söylədilər.[36]
2. İBNİ ABBASIN VƏ ƏŞTƏRİN GÖNDƏRİLMƏSİ

Başqa vaxtlarda olduğu kimi, bu məsələ barəsində də İmam (əleyhissalam)-ın fikri bu idi ki, mümkün olan vaxta qədər məsələni sülh və razılaşma yolu ilə həll edib müharibəyə əl atmasın. Buna görə də Əbu Musanı işdən götürməzdən əvvəl daha iki nəfər sözü keçən və nüfuzlu şəxsi–İbni Abbası və Malik Əştəri Kufəyə göndərdi ki, məsələni müzakirə yolu ilə həll etsinlər. O həzrət Malikə buyurdu: «Heç bir nəticə əldə edilməsə, gərək onun qüsur və nöqsanlarını aradan qaldırasan.»

Onlar Kufəyə yola düşdü və Əbu Musa ilə görüşüb məsləhət etdilər. Bu dəfə Əbu Musa sözünü dəyişərək dedi:

«Bu elə bir fitnədir ki, onda yuxulu insan oyaqdan, oyaq oturandan, o da ayaq üstə durandan, o da süvaridən və süvari olub tələsən adamdan yaxşıdır.»

İmam (əleyhissalam)-ın nümayəndələri bu dəfə də çox çalışdılar, lakin heç bir nəticə əldə etməyib mə`yus halda qayıtdılar və İmam (əleyhissalam)-ı Əbu Musanın inad və əks mövqe tutmasından xəbərdar etdilər.[37]
3. İMAM HƏSƏN (əleyhissalam) VƏ ƏMMAR YASİRİN GÖNDƏRİLMƏSİ

Bu dəfə İmam (əleyhissalam) öz sözünü çatdırmaq üçün daha yüksək vəzifəli, ehtirama layiq şəxslərin köməyindən istifadə etməyi qərara aldı. Bu iş üçün ən ləyaqətli şəxs o həzrətin böyük oğlu həzrət Müctəba (əleyhissalam) və Əmmar Yasir idi. Birincisi Peyğəmbər (cəlləllahu əleyhi və alih)-in nəvəsi idi. Peyğəmbər (cəlləllahu əleyhi və alih) həmişə ona mehr-məhəbbət göstərirdi. İkincinin tə`rifini isə müsəlmanlar Peyğəmbər (cəlləllahu əleyhi və alih)-in özündən çox eşitmişdilər. Onlar İmam (əleyhissalam)-ın yazdığı bir məktubla Kufəyə daxil oldular. Əvvəlcə həzrət Müctəba (əleyhissalam) məktubu camaata oxudu. Onun məzmunu belə idi: «Allahın bəndəsi Əli Əmirəl-mö`minindən Kufə camaatına, şərəfli və yüksək mənsəbli ərəb dostlarına salamlar olsun! Mən sizi Osmanın (qətl) məsələsindən elə agah edim ki, onu eşitməyiniz görməyiniz kimi olsun. Camaat onun işlərinə irad tutdu. Mən də mühacirdən olan bir nəfər kimi çalışırdım ki, ona öyüd-nəsihət verərək düz yola də`vət edim. Lakin Təlhə və Zübeyr kimiləri ona qarşı hürkmüş bir dəvə kimi idilər ki, dəvəyə azacıq təzyiq göstərilməsi onun sür`ətlə getməsinə, yavaş sürülməsi isə onun xoşagəlməz «həda» səsinə (karvanı sürmək üçün çalınan musiqi səsi) səbəb olur. Bu iki nəfərdən başqa, Ayişə də qəfildən onun üstünə qəzəbləndi. Nəhayət, bir dəstə adam ona hücum edib öldürdülər. Bu vaxt camaat əsla tərəddüd etmədən, tam rəğbətlə mənə bey`ət etdi. Ey camaat! Hicrət etmək üçün (Mədinə) öz əhlini çölə qovmuş, qaynar qazan halına düşmüş, fitnə qopmuşdur. Öz rəhbərinizə tərəf gəlin və düşmənlərinizlə cihad etməyə tələsin!»[38]

İmam (əleyhissalam)-ın məktubu oxunandan sonra nümayəndələr həqiqəti camaata söyləmək üçün sözə başladılar. İmam Həsən (əleyhissalam) danışmağa başlayanda gözlər ona dikildi. Dinləyicilər dodaqaltı ona dua edir və Allahdan onun məntiqini möhkəmləndirməsini istəyirdilər. Həzrət Müctəba (əleyhissalam) nizəyə söykənmiş halda öz sözünə belə başladı: «Camaat! Biz gəlmişik ki, sizi və müsəlmanlarla bey`ət məsələsində Allahın Kitabına, Onun Peyğəmbərinin sünnəsinə ən bilikli, ən ədalətli, ən yaxşı və ən mətin bir şəxsə tərəf çağıraq. Sizi elə bir şəxsə tərəf də`vət edirik ki, Qur`an ona irad tutmamış, sünnə onu inkar etməmişdir. O, iki cəhətdən (iman və qohumluq) bağlılığı olan şəxsə (Peyğəmbərə) hamıdan əvvəl iman gətirmiş və heç vaxt onu tək qoymamışdır. Camaat onun (Peyğəmbərin) ətrafından dağıldığı vaxtlarda Allah onu, Peyğəmbər (cəlləllahu əleyhi və alih)-in köməkçisi hesab edirdi. O, başqaları müşrik olan zaman Peyğəmbərlə birlikdə namaz qılırdı. Camaat, indi belə bir şəxs sizdən kömək istəyir, sizi haqqa də`vət edir və istəyir ki, siz ona arxa duraraq əhd-peymanlarını pozan, o həzrətin əməli saleh dostlarını öldürüb beytül-malı qarət edən şəxslərə qarşı qiyam edəsiniz. Ayağa qalxın! Allahın rəhməti sizə olsun, Ona tərəf hərəkət edin və yaxşı işlər görüb, pis işlərdən kənar olun, yaxşı adamların hazırladığı şeyləri siz də hazırlayın!.»

İbni Əbil-Hədid İmam Həsən (əleyhissalam)-ın iki çıxışını məşhur tarixçi olan Əbi Müxnəfin dilindən nəql edir. Biz onların birinin tərcüməsi ilə kifayətlənirik. Həzrət Müctəba (əleyhissalam)-ın düşünən insanları hərəkətə gətirən və Əli (əleyhissalam)-ın mövqeyini açıqlayan hər iki çıxışı tamamilə mö`cüzəlidir.[39]

Həzrət Müctəba (əleyhissalam)-ın sözü sona çatdıqda Əmmar Yasir ayağa qalxdı. O, Allaha həmd-səna edib Peyğəmbərə salavat göndərdikdən sonra belə dedi: «Camaat! Peyğəmbərin qardaşı və əmioğlusu sizi Allah dininə kömək etməyə çağırır. Sizin imamınız qanunsuz bir iş görmür. O, tə`lim görməyə ehtiyacı olmayan bir alim, heç vaxt qorxmayan bir qüdrət sahibi, parlaq keçmişə malik olan bir şəxsdir ki, heç kim iman, elm və fəzilətdə onunla ayaqlaşa bilməz. Əgər onunla görüşsəniz, həqiqəti sizin üçün aydınlaşdırar.»

Onların sözləri qəlbləri və yatmış vicdanları ayıltdı, sadəlövh hakimin yaratdığı vəziyyəti tamamilə dəyişdi. Çox keçmədən xalq kütlələri arasında böyük bir canlanma yarandı. Xüsusilə, Zeyd ibni Suhan Ayişənin məktubunu Kufə camaatına oxuyanda hamını heyrət bürüdü. Ayişə o məktubda Zeydə yazmışdı ki, öz evində otursun və Əliyə kömək etməsin. Zeyd məktubu oxuyandan sonra fəryad çəkib dedi: «Camaat! Agah olun! Ümmül-mö`mininin vəzifəsi evdə oturmaq, mənim vəzifəm isə döyüş meydanında vuruşmaqdır. İndi o, bizi öz vəzifəsinə də`vət edir, özü isə bizim vəzifəmizi öhdəsinə götürür.»

Bu hadisələrin məcmusu vəziyyəti İmam (əleyhissalam)-ın xeyrinə dəyişdirdi və böyük bir dəstə–təqribən on iki min nəfər o həzrətə kömək etmək üçün öz hazırlıqlarını bildirdi. Əbu Tüfeyl deyir: «Kufə döyüşçüləri yola düşüb hələ İmamın ordusuna gəlib çatmazdan əvvəl İmam mənə dedi ki, Kufədən gələn köməkçilərin sayı on iki min bir nəfərdir. Onlar gələndən sonra hamısını saydım, o həzrətin dediyi rəqəmdən nə bir nəfər az, nə də ki, çox idi.» Amma Şeyx Müfid Kufədən İmam (əleyhissalam)-ın ordusuna qoşulanların sayını altı min altı yüz nəfər qeyd edərək yazır: «İmam (əleyhissalam) İbni Abbasa dedi ki, iki gün müddətində qeyd olunan sayda adam ona tərəf gələcək, Təlhə və Zübeyri öldürəcəklər. İbni Abbas da dedi ki, gələnlərin sayı dəqiqləşdirildi və altı min altı yüz nəfər olduğu mə`lum oldu.[40]
ƏBU MUSANIN YERSİZ SƏ`YLƏRİ

Əbu Musa Kufə əhalisinin fikrinin dəyişməsindən bərk qəzəbləndi və üzünü camaata tutub dedi:–Peyğəmbərdən eşitmişəm ki, tezliklə elə bir fitnə baş verəcək ki, o fitnədə oturan ayaq üstə olandan və hər ikisi süvaridən yaxşıdır. Allah-təala bizim mal-dövlətimizi və qanımızı bir-birimizə halal etməmişdir.»

Əmmar ciddi bir görkəmlə dedi: «Bəli, Peyğəmbər səni nəzərdə tutmuşdur. Sənin oturmağın qiyam etməyindən yaxşıdır, başqalarının yox!»[41]

Qeyd edilən hədis barəsində bir qədər mülahizə etmək lazımdır: Peyğəmbərin belə bir hədisi buyurmasını fərz etsək belə, o həzrətin məqsədinin məhz Cəməl hadisəsi olması haradan mə`lumdur?! Görəsən hakimiyyəti ələ keçirmək üçün dörd yüz nəfərin başını qoyun başı kimi kəsən bir qrupun təcavüzünün qarşısını almaq necə fitnə ola bilər ki, bu fitnədə oturmaq durmaqdan yaxşı olsun?! Peyğəmbər (cəlləllahu əleyhi və alih)-in vəfatından sonra Səqifədən tutmuş Osmanın qətlinə qədər çoxlu hadisələr baş vermişdi. Nə üçün Peyğəmbər (cəlləllahu əleyhi və alih)-in buyurduğu hədis bu kimi hadisələrə şamil olmasın?! Tarixdə 11-35-ci illərin hadisələrini nəzərdən keçirdikdə o hadisələrdən bə`zilərinin çox təəssüf doğuran olmasını görərik. Məgər Malik ibni Nüveyrənin başına gətirilən kədərli hadisə qarşısında sakit dayanmaq, üçüncü xəlifənin dövründəki hadisələri, o cümlədən saleh şəxslərin döyülüb təhqir olunmasını yaddan çıxarmaq olarmı?! Nə üçün bu hədis Müaviyənin, Əbdül Malikin, Mərvanın xilafət dövrlərinə şamil olmamalıdır?! Bundan da əlavə, islamın bə`zi danılmaz və möhkəm qanunlarını, o cümlədən «ulul-əmr»ə itaət etmək məsələsini heç bir vəchlə nəzərdən qaçırmaq olmaz. Allah tərəfindən tə`yin olunan, yaxud mühacir və ənsar tərəfindən seçilən xəlifəyə itaət etmək islami bir vəzifə olub hamılıqla qəbul olunmuşdur. Əbu Musa da İmam (əleyhissalam)-ı «vəliyyi əmr» kimi tanıyırdı, çünki o həzrətin fərmanını qəbul edib Kufənin valisi vəzifəsində qalmışdı, sonralar da hər bir işi Əli (əleyhissalam)-ın tə`yin etdiyi vali ünvanı ilə yerinə yetirirdi. Bu halda aşkar Qur`an ayəsinin əvəzində sənədi və məzmunu mə`lum olmayan bir hədisi əsas tutaraq Qur`anın aşkar göstərişi ilə müxalifət etməməli idi.
ƏBU MUSANIN VƏZİFƏDƏN ÇIXARILMASI

Nümayəndələrin göndərilməsindən və göstərilən sə`ylərin nəticəsiz qalmasından sonra İmam (əleyhissalam) Əbu Musanı öz vəzifəsindən azad etmək məcburiyyətində qaldı. O həzrət əvvəllər də bir məktubda höccəti ona tamam etmiş (bəhanə yollarını kəsmiş) və yazmışdı: «Mən Hişam ibni Ütbəni göndərdim ki, müsəlmanların bizə kömək etməsinə şərait yaradasan. Buna görə də gərək onunla həmkarlıq edəsən. Biz səni bu vəzifəyə qoymuşuq ki, haqqın tərəfdarı olasan.» İmam (əleyhissalam) məktubları və tanınmış şəxsiyyətləri göndərməklə valinin rə`yinin dəyişmədiyini görüb mə`yus olduqda Əbu Musaya bir məktub yazaraq onu rəsmi şəkildə hakimlik vəzifəsindən azad etdi, Qürzət ibni Kə`bi də onun yerinə vali tə`yin etdi. İmam (əleyhissalam)-ın məktubu belə idi: «Məsləhət görürəm ki, bu vəzifədən kənara çəkiləsən. Sənin bu vəzifədə qalmağın üçün Allah heç bir bəhanə yolu qoymamışdır. Allah məni sənin etdiyin zidd hərəkətlərin (pis) nəticəsindən saxlayar. Mən Həsən ibni Əlini və Əmmar Yasiri göndərdim ki, camaatı bizə kömək etmək üçün səfərbər etsin. Qürzət ibni Kə`bi də şəhərin valisi seçdim. Məzəmmət olunmuş və qovulmuş bir adam olduğun halda bizim (tə`yin etdiyimiz) vəzifədən çıx.» Məktubun məzmunu şəhərdə yayıldı, çox keçmədən Malik Əştər könüllü olaraq yenidən Kufəyə göndərildi və darül-imarəni Əbu Musadan təhvil alıb təzə hakimin ixtiyarına verdi. Əbu Musa bir gecə Kufədə qaldıqdan sonra oranı tərk etdi.
İMAM (əleyhissalam)-IN ZİQARDAN BƏSRƏYƏ TƏRƏF HƏRƏKƏTİ

Əli (əleyhissalam) Rəbəzədə olanda nakisinlərin çevrilişindən xəbərdar oldu, Ziqarda olanda isə qiyamçıları tənbeh etmək üçün qəti qərara gəldi. Həzrət Müctəba (əleyhissalam) və Əmmar kimi şəxsiyyətlərin Kufəyə göndərilməsi əhali arasında dərin və həyəcanlı bir dəyişiklik yaratdı və nəticədə İmam (əleyhissalam) Ziqarda ikən bir dəstə adam onun düşərgəsinə tələsdi. Bundan sonra Əli (əleyhissalam) əvvəlkinə nisbətən daha artıq hərbi qüvvə ilə Ziqardan Bəsrəyə tərəf hərəkət etdi. Peyğəmbər (cəlləllahu əleyhi və alih) kimi, o həzrət də döyüş meydanında qarşılaşmazdan əvvəl həqiqətin onlar üçün aşkar olmasına baxmayaraq, müxaliflərə axırıncı dəfə olaraq nəsihət etmək və höccəti tamamlamaq istəyirdi. Buna görə də nakisinlərin başçılarının hər birinə (Ayişə, Təlhə və Zübeyrə) ayrılıqda bir məktub göndərdi, hər üç məktubda onların əməllərini ədalətsiz və nahaq bir iş hesab etdi; Bəsrədə darül-imarənin, beytül-malın keşikçilərinin öldürülməsinə şiddətlə e`tiraz etdi, Osman ibni Hənifə qarşı rəva görülən zülmə görə onları bərk məzəmmət etdi. İmam (əleyhissalam) hər üç məktubu Sə`səə ibni Suhanın vasitəsi ilə göndərdi. Sə`səə deyirdi: «Əvvəlcə Təlhə ilə görüşdüm və İmam (əleyhissalam)-ın məktubunu ona verdim. O, məktubu oxuyandan sonra soruşdu: «Müharibə Əliyə təzyiq göstərdiyinə görə hüsn-rəğbət göstərirmi?!» Sonra Zübeyrlə görüşdüm, o, Təlhəyə nisbətən çox mülayim idi. Sonra Ayişənin məktubunu özünə verdim, lakin o müharibə və fitnə törətmək üçün hamıdan həris idi. O dedi: «Mən Osmanın intiqamını almaq üçün qiyam etmişəm. Allaha and olsun, bu işi hökmən görəcəyəm!»

İmam (əleyhissalam) Bəsrəyə daxil olmamış onun hüzuruna çatdım. O, məndən «arxada nə xəbər var?» – deyə soruşdu, mən dedim: Elə adamları gördüm ki, onların səninlə müharibə etməkdən savayı ayrı istəkləri yoxdur.[42]

Əli (əleyhissalam) nakisin başçılarının qəti qərarını bildikdə, İbni Abbası çağırıb dedi: «Bu üç nəfərlə görüşüb boyunlarında olan bey`ət haqqıma görə onlarla söhbət et.»

O, Təlhə ilə görüşüb onun İmam (əleyhissalam)-la bey`ət etməsini xatırladanda Təlhə dedi:–Mən başımın üstündə qılınc olan halda bey`ət etdim.

İbni Abbas dedi:–Xeyr! Mən özüm gördüm ki, sən tam azad şəkildə bey`ət etdin və bey`ət vaxtı Əli sənə dedi: «Əgər istəyirsənsə mən səninlə bey`ət edim.» Sən dedin ki, «yox, mən səninlə bey`ət edirəm.»

Təlhə dedi:–Düzdür, Əli bu sözü dedi, lakin o vaxt bə`zilərinin onunla bey`ət etdiyinə görə mənim müxalifət etməyə imkanım olmadı... (Sonra dedi:) Biz Osmanın intiqamını almaq istəyirik. Əgər sənin əmioğlun müsəlmanların qanının axıdılmamasını istəyirsə, Osmanın qatillərini təhvil versin, özü də xilafətdən geri çəkilsin ki, xilafət şuranın ixtiyarına keçsin. Şura hər kəsi istəsə seçsin. Əks halda bizim ona verəcəyimiz hədiyyə qılıncdır.

İbni Abbas fürsətdən istifadə edib həqiqəti aşkar etdi və dedi:–Yadındadırmı, sən Osmanı on gün mühasirədə saxladın və evin içinə su aparılmasına mane oldun?! Əli sənə «icazə ver, Osmanın evinə su aparsınlar» deyə məsləhət verəndə, sən razı olmadın?! Misirlilər bu müqaviməti görəndə evə daxil olub onu öldürdülər. Elə o vaxt camaat parlaq keçmişə, aşkar fəzilətlərə, Peyğəmbərlə yaxın qohumluğa malik olan şəxslə bey`ət etdilər. Sən və Zübeyr də tam azad və könüllü olaraq bey`ət etdiniz, indi isə o bey`əti pozdunuz. Əcəba! Sən əvvəlki üç xəlifənin dövründə sakit və təmkinli idin, amma növbə Əliyə çatanda özündən çıxdın! Allaha and olsun, Əli sizlərdən əsla geri qalmır. «Osmanın qatillərini təhvil verməlidir» – deyirsən, halbuki, sən özün onun qatillərini hamıdan yaxşı tanıyırsan və bunu da bilirsən ki, Əli qılıncdan qorxmur.

Bu vaxt İbni Abbasın məntiqli sözlərindən batində xəcalət çəkən Təlhə müzakirəni qurtarıb dedi:–İbni Abbas, bu mübahisələrdən əl çək!

İbni Abbas deyir: «Mən dərhal Əli (əleyhissalam)-ın yanına gəldim və müzakirənin nəticəsini ona dedim. O həzrət mənə buyurdu ki, Ayişə ilə də məsləhət edim və ona belə deyim: «Qoşun yeritmək qadınlara yaraşan iş deyil və sən heç vaxt bu işə məcbur edilməmisən. Lakin bu işə qoşularaq başqaları ilə birlikdə Bəsrəyə gəlmisən, müsəlmanları öldürüb dövlət işçilərini vəzifədən çıxarmısan, qapını zorla açıb müsəlmanların qanını halal saymısan. Özünə gəl və bil ki, sən Osmanın ən qatı düşmənlərindən idin.» İbni Abbas İmam (əleyhissalam)-ın sözlərini Ayişəyə çatdırdı, o isə dedi:–Sənin əmioğlun belə fikirləşir ki, şəhərləri fəth etmişdir. Allaha and olsun, onun əlində bir şey vardırsa, bizim ixtiyarımızda olanlar ondan da çoxdur.

İbni Abbas dedi:–Əli böyük fəzilətə və parlaq keçmişə malikdir, o din yolunda çoxlu əzab-əziyyətlər çəkmişdir.

Ayişə dedi:–Təlhə də Ühüd döyüşündə çox əzab-əziyyət çəkmişdir.

İbni Abbas dedi:–Güman eləmirəm ki, Peyğəmbərin səhabələri arasında bir kəs Əlidən çox islam yolunda əzab-əziyyət çəkmiş olsun.

Bu vaxt Ayişə bir az insafa gəlib dedi:–Əlinin bundan başqa da məqamları vardır.

İbni Abbas fürsətdən istifadə edib dedi:–Səni and verirəm Allaha, müsəlmanların qanını axıtmaqdan çəkin!

O dedi:–Müsəlmanların qanı Əli və onun dostları özlərini öldürən vaxta kimi axıdılacaq.

İbni Abbas deyir: «Ümmül-mö`mininin məntiqsiz sözlərinə görə gülümsünüb dedim: Əli (əleyhissalam)-la birlikdə olan və öz qanlarını bu yolda axıdanlar bəsirətli adamlardır. (Bunu deyib ondan ayrıldı.)

İbni Abbas deyir: «Əli (əleyhissalam) mənə tövsiyə etmişdi ki, Zübeyrlə də danışıq aparım, imkan daxilində onunla təklikdə görüşüm və oğlu Əbdüllah da orada olmasın. Mən onunla təklikdə görüşmək üçün yenidən qayıtdım, lakin onu tək tuta bilmədim. Üçüncü dəfə onu tək tapdım. O öz xidmətçisinə demişdi ki, heç kəsə daxil olmaq icazəsi verməsin. Mən sözlərimi tənzimlədim. O əvvəlcə qəzəbli idi, amma tədricən onu sakitləşdirdim. Xidmətçisi mənim sözlərimin ona tə`sir etdiyini görəndə dərhal onun oğluna xəbər verdi. Oğlu məclisə daxil olduqda mən sözümü kəsdim. Zübeyrin oğlu atasının haqlı olaraq qiyam etməsini sübut etmək üçün xəlifənin qanı və Ümmül-mö`mininin qiyama razılaşmasını ortaya atdı. Mən dedim: «Xəlifənin qanı sənin atanın boynundadır: ya onu öldürmüş, ya da heç olmazsa ona kömək etməmişdir. Ümmül-mö`mininin də razılığı onun tutduğu yolun düz olmasına bir əsas ola bilməz. Onu öz evindən çölə çıxartdınız, halbuki Rəsuli-Əkrəm ona demişdi: «Ayişə, məbada bir gün gəlib çata ki, Hov`əb itləri sənin üstünə hürələr.» Axırda Zübeyrə dedim: «Allaha and olsun, biz səni Bəni-Haşimdən hesab edirdik. Sən Əbu Talibin bacısı Səfiyyənin oğlu və Əlinin bibisi oğlusan. Elə ki, oğlun Əbdüllah böyüdü, bizimlə qohumluğu kəsdin.»[43]

Lakin Əli (əleyhissalam)-ın «Nəhcül-Bəlağə»də bəyan edilən sözlərindən aydın olur ki, o həzrət Təlhənin düz yola gələcəyindən çox mə`yus oldu, buna görə də İbni Abbasa dedi ki, yalnız Zübeyrlə görüşüb məsləhətləşsin. Mümkündür ki, bu iş İbni Abbasın ikinci dəfə getdiyi vaxt olmuşdur. İndi İmam (əleyhissalam)-ın bu barədə buyurduğu gözəl sözü qeyd edirik: «Təlhə ilə görüşmə, çünki onunla görüşsən, onun buynuzları qulaqlarına dolaşmış bir inək kimi olduğunu görəcəksən. O, əhliləşməmiş bir ata minib, onun əhliləşmiş və ram olmuş bir at olduğunu deyir. Amma Zübeyrlə görüş, çünki o, daha mülayimdir. Ona de ki, sənin dayın oğlun deyir: «Məni Hicazda tanıdın və İraqda inkar etdin. Sənin ilk dəfə tanımağına sonralar nə mane oldu?!»[44]
QƏ`QA İBNİ ƏMRİN GÖNDƏRİLMƏSİ

Peyğəmbər (cəlləllahu əleyhi və alih)-in tanınmış səhabəsi olan Qə`qa ibni Əmr Kufədə yaşayırdı. Onun öz qəbiləsi arasında xüsusi hörməti var idi. İmam (əleyhissalam) ona əmr etdi ki, nakisinlərin başçıları ilə görüşsün. Onun nakisinlərin başçıları ilə apardığı müzakirəni Təbəri öz «Tarix»ində, Cəzəri isə «Kamil»də nəql etmişlər. O, xüsusi bir məntiqlə söhbət edərək nakisinləri ələ almış, onları İmam (əleyhissalam)-la sülh bağlamağa razı sala bilmişdi. Sonra Əli (əleyhissalam)-ın yanına qayıtdı və müzakirənin nəticələri barədə mə`lumat verdi. Bu vaxt Əli (əleyhissalam) onların yumşalmasından təəccübləndi.[45]

Bu vaxt Bəsrə camaatından bir dəstəsi Əli (əleyhissalam)-ın və o həzrətə qoşulan öz kufəli qardaşlarının fikirlərini öyrənmək üçün İmam (əleyhissalam)-ın düşərgəsinə gəldilər. Onlar Bəsrəyə qayıtdıqdan sonra İmam (əleyhissalam)-ın əsgərləri ilə söhbət etdilər, sonra isə o məntəqəni tərk edib «Zaviyə» adlı bir yerdə düşərgə saldılar. Təlhə, Zübeyr və Ayişə də öz yerlərini dəyişib Əbdüllah ibni Ziyadın sonralar qəsr tikdirdiyi yerdə düşərgə salaraq Əli (əleyhissalam)-ın ordusu ilə qarşı-qarşıya dayandılar. Hər iki orduda sakitlik idi. Əli (əleyhissalam) öz adamlarını göndərirdi ki, məsələni sülh və məşvərət yolu ilə həll etsinlər. Hətta bir dəfə xəbər göndərdi ki, əgər Qə`qaya verdikləri sözün üstündə dursalar, fikir mübadiləsinə başlasınlar. Lakin mövcud şahidlər göstərirdi ki, bu məsələ müzakirə yolu ilə həll olunmayacaqdır və hiylə ilə yoğrulmuş xəyanəti aradan qaldırmaq üçün mütləq silahdan istifadə edilməlidir.
DÜŞMƏN QÜVVƏLƏRİNİ AZALTMAQ İMAM (əleyhissalam)-IN SİYASƏTİ İDİ

Əhnəf ibni Malik öz qəbiləsinin rəisi olmaqdan əlavə, qonşu qəbilələr arasında da sözükeçən və nüfuzlu bir şəxs idi. Osmanın evi mühasirə ediləndə o, Mədinədə idi və həmin günlərdə Osmandan sonra kimə bey`ət etmək lazım olduğunu Təlhə və Zübeyrdən soruşmuşdu. Onların hər ikisi İmam (əleyhissalam)-ı göstərmişdilər. Əhnəf Həcc səfərindən qayıdanda Osmanın artıq öldürülmüş olduğunu gördü və İmam (əleyhissalam)-la bey`ət edib Bəsrəyə qayıtdı. Təlhə və Zübeyrin xəyanətindən xəbərdar olduqda heyrətləndi. Ayişə onu köməyə də`vət edən vaxt onun istəyini rədd edib dedi:–Mən o iki nəfərin təsdiq etdiyinə əsasən Əli ilə bey`ət etmişəm və heç vaxt Peyğəmbərin əmioğlusu ilə vuruşmağa razı olmaram. Lakin bitərəf mövqe seçirəm. Sonra İmam (əleyhissalam)-ın hüzuruna gəlib dedi:–Mənim qəbiləmdə deyirlər ki, əgər Əli qələbə çalsa, kişiləri qırıb qadınları əsir tutacaq.

İmam (əleyhissalam) buyurdu:–Mənim kimilərdən gərək qorxmayasan. Bu iş o kəslərə qarşı edilir ki, islama arxa çevirib kafir olsunlar, halbuki bu qrup müsəlmandır.

Əhnəf bu sözləri eşitdikdən sonra İmam (əleyhissalam)-a dedi:–Mənim barəmdə iki işdən birini seç: ya sənin tərəfində vuruşum, ya da on min nəfər cəngavərin şərini səndən uzaqlaşdırım.

İmam (əleyhissalam) buyurdu:–Yaxşı olar ki, bitərəflik barədə verdiyin və`dinə əməl edəsən.

Əhnəf öz qəbiləsində və ətraf qəbilələrdəki nüfuzu sayəsində onların hamısını Əli (əleyhissalam)-ın əleyhinə müharibədə iştirak etməkdən saxladı. Əli (əleyhissalam) qələbə çalandan sonra hamılıqla bey`ət edib o həzrətə qoşuldular.
İMAM (əleyhissalam)-IN TƏLHƏ VƏ ZÜBEYRLƏ GÖRÜŞÜ

36-cı hicri ilinin cəmadiyüs-sani ayında İmam (əleyhissalam) iki ordunun arasında nakisinlərin rəhbərləri ilə görüşdü. Tərəflər bir-birinə o qədər yaxınlaşmışdılar ki, atların qulaqları bir-birinə dəyirdi. İmam (əleyhissalam) əvvəlcə Təlhə, sonra isə Zübeyrlə belə danışıq apararaq buyurdu: İndi ki, silahlanıb piyada və süvari qüvvələri hazırlamısınız, bu iş üçün bir dəlil və bəhanəniz vardırsa, söyləyin. Əks halda Allahla müxalifət etməkdən qorxun. Öz toxuduğu ipləri yenidən açıb pambığa döndərən arvad kimi olmayın (Zərbül-məsəl). Mən sizin qardaşınız deyildimmi?! Sizin qanınızı haram (toxunulmaz) hesab etmirdimmi, siz də mənim qanımı möhtərəm hesab etmirdinizmi? İndi hansı işə görə mənim qanımı halal hesab edirsiniz?!

Təlhə:–Sən camaatı Osmanı öldürmək üçün təhrik etmisən!

İmam (əleyhissalam):–Əgər mən belə bir iş görmüşəmsə, (bilin ki,) Allah-təaala müəyyən olunmuş bir gündə hamını öz əməllərinin cəzasına çatdıracaq və o vaxt haqq hamıya aydın olacaqdır. Ey Təlhə, sən Osmanın intiqamını almaq istəyirsən?! Allah Osmanın qatillərinə lə`nət etsin! Sən Peyğəmbərin zövcəsini gətirmisən ki, onun sayəsində vuruşasan. Halbuki öz arvadını evində saxlamısan. Məgər mənimlə bey`ət etməmişdinmi?!

Təlhə:–Bey`ət etdim, amma başımın üstündə qılınc var idi.

Sonra İmam (əleyhissalam) üzünü Zübeyrə tutub dedi:–Bu qanunsuz işlərin səbəbi nədir?

Zübeyr:–Mən bu iş üçün səni özümdən layiqli bilmirəm.

İmam (əleyhissalam):–Məgər mən bu işə layiq deyiləm? (Zübeyr altı nəfərlik şurada Əlinin xeyrinə rə`y vermişdi). Biz (əvvəllər) səni Əbdül Müttəlib övladlarından hesab edirdik. Elə ki, oğlun Əbdüllah böyüdü, bizim aramızda ayrılıq saldı. Yadındadırmı, Peyğəmbər (cəlləllahu əleyhi və alih) Bəni-Ğənəm qəbiləsindən keçəndə mənə baxıb güldü, mən də güldüm. Sən Peyğəmbərə dedin ki, Əli öz zarafatından əl çəkmir. Peyğəmbər sənə dedi: «Allaha and olsun, ey Zübeyr, sən onunla vuruşacaqsan və o zaman günahkar sənsən.»

Zübeyr:–Düzdür. Əgər bu hadisə yadımda qalsaydı, heç vaxt bu yola düşməzdim. Allaha and olsun ki, səninlə vuruşmayacağam.

Zübeyr Əli (əleyhissalam)-ın sözlərindən tə`sirlənərək Ayişənin yanına qayıtdı, hadisəni ona dedi. Əbdüllah hadisədən xəbərdar olduqda onu bu fikirdən daşındırmaq üçün danlayıb dedi:–Bu iki ordunu burada yığıb saxlamısan. İndi ki, tərəflərin biri gücləndi, o biri tərəfi buraxıb gedirsən?! Allaha and olsun, sən Əlinin qaldırdığı qılıncdan qorxursan. Çünki bilirsən ki, o qılıncları mərd kişilər gəzdirir.

Zübeyr dedi:–Axı mən and içmişəm ki, Əli ilə vuruşmayım? İndi nə edim?!

Əbdüllah dedi:–Onun əlacı kəffarə verməkdir. Yaxşı olar ki, bir qul azad edəsən.

Zübeyr öz qulamı Məkhulu azad etdi.

Bu hərəkət Zübeyrin hadisələrə çox səthi yanaşmasını göstərir. O bir tərəfdən Peyğəmbər (cəlləllahu əleyhi və alih)-dən bir hədis gətirməklə Əli (əleyhissalam) ilə vuruşmamağa dair and içir, sonra isə öz oğlunun təhriki ilə Peyğəmbər (cəlləllahu əleyhi və alih)-in sözünü nəzərə almayaraq kəffarə verməklə öz andını ayaq altına salır.
HƏRBI TOQQUŞMA LABÜDDÜR

Nakisinlər öz qüvvələrini gücləndirməyi qərara aldılar. Əhalisi qəbilə şəklində yaşayan məntəqələrdə rəhbərlik qəbilə rəisinin əlindədir və onun sözü qeydsiz-şərtsiz qəbul olunur. Bəsrənin ətraf qəbilələri arasında Əhnəf adlı bir şəxs var idi. Onun nakisinlərə qoşulması ilə böyük bir qüvvə onlara qoşulacaq və nakisinlərin bayrağı altına altı min nəfərdən çox adam gələrək onların sayını daha da artıracaqdı. Lakin Əhnəf dərk edirdi ki, onlarla həmkarlıq etmək nəfsani istəklərə tabe olmaqdan başqa bir şey deyildir. Osmanın intiqamını almaq da sadəcə olaraq bir bəhanədir, həqiqətdə isə onlar hörmət qazanıb Əli (əleyhissalam)-ı xilafətdən kənarlaşdırmaq və xilafəti ələ keçirmək məqsədi güdürlər. Buna görə də o, İmam (əleyhissalam)-ın göstərişi ilə kənara çəkildi, bununla da öz qəbiləsindən və ətraf qəbilələrdən altı min nəfərin nakisinlərə qoşulmasının qarşısını aldı. Onun geri çəkilməsi nakisinlər üçün çox baha başa gəldi. Bundan əlavə, onlar Bəsrənin qazisi Kə`b ibni Sura da ümid bağlamışdılar. Lakin ona xəbər göndərəndə, o da nakisinlərə qoşulmaqdan imtina etdi. Bundan xəbər tutduqdan sonra onunla üzbəüz görüşüb bu işi həll etmək qərarına gəldilər. Lakin o görüşə razı olmadıqda çıxış yolunun yalnız Ayişənin özünün onunla görüşməsində olduğunu gördülər. Ayişə bir qatıra mindi, bəsrəlilərin bir qrupu da onun yanınca qazinin iqamətgahına getdi. Qazi Əzüd qəbiləsinin rəisi idi. O, Yəmən əhalisi arasında böyük nüfuza malik idi. Ayişə daxil olmaq üçün icazə istədi və ona icazə verdilər. Ayişə onun kənara çəkilməsinin səbəbini soruşdu. O dedi:–Mənim bu fitnəyə qarışmağıma heç bir ehtiyac yoxdur.

Ayişə dedi:–Oğlum! Qalx ayağa, mən elə şeylər görürəm ki, siz onları görmürsünüz. (Onun məqsədi «mö`minləri», yə`ni nakisinləri himayə etmək üçün gələn «mələklər» idi) Mən Allahdan qorxuram, çünki o, şiddətlə cəzalandırandır.

Beləliklə də o, nakisinlərə qoşulmaq üçün Bəsrənin qazisinin razılığını aldı.
ZÜBEYRİN OĞLUNUN ÇIXIŞI VƏ HƏZRƏT MÜCTƏBA (əleyhissalam)-IN CAVABI

Zübeyrin oğlu ordunu nizamlayandan sonra nitq söylədi. Onun sözləri İmam (əleyhissalam)-ın qoşunu arasında yayıldı. Bu vaxt həzrət Müctəba (əleyhissalam) bir xütbə söyləməklə onun sözlərinə cavab verdi. Sonra məharətli bir şair İmam (əleyhissalam)-ın oğlunun mədhində bir şe`r qoşdu. Bu şe`r oradakıların idrak qüvvəsini oyatdı. Müctəba (əleyhissalam)-ın sözləri və o şairin şe`ri nakisinlərin ordusunu təəssürləndirdi. Çünki Müctəba (əleyhissalam) Təlhənin Osmana qarşı mənfi mövqeyini aydınlaşdırmışdı. Buna görə Təlhə sözə başladı və Əli (əleyhissalam)-ın ətrafındakıları münafiq hesab etdi, bu sözlər onların Təlhənin qoşunundakı yaxın adamlarına ağır gəldi. Birdən bir kişi ayağa qalxıb dedi:–Təlhə! Sən Müzər, Rəbiə və Yəmən qəbilələrini söyürsənmi?! Allaha and olsun, biz onlardan, onlar da bizdəndir.» Zübeyrin adamları onu tutmaq istədilər, lakin Bəni-Əsəd qəbiləsi mane oldu. Sonra Əsvəd ibni Ovf adlı bir nəfər qalxıb onun sözünü təkrar etdi. Bu hadisələrin hamısı Təlhənin cəngavər olsa da siyasətdən (özü də həssas bir şəraitdə) xəbərsiz olduğunu göstərirdi.
İMAM (əleyhissalam)-IN ÇIXIŞI

İmam (əleyhissalam) bu cür həlledici anlarda belə bir xütbə buyurdu:–Təlhə və Zübeyr Bəsrəyə daxil olub oranın mənim bey`ətimdə və tabeçiliyimdə olan əhalisini mənə qarşı müxalifətçiliyə və itaətsizliyə çağırdılar. Kim onlara qarşı çıxdısa, onu dərhal öldürdülər. Hamınız bilirsiniz ki, onlar Hükeym ibni Cəbəlləni və beytül-malın keşikçilərini öldürüblər, Osman ibni Hənifi təhqiramiz surətdə Bəsrədən qovublar. İndi də onlar iç üzlərini aşkar edib müharibəyə başlamışlar.

İmam (əleyhissalam)-ın sözləri sona çatdıqda Hükeym ibni Mənaf o həzrətin mədhində bir şe`r oxumaqla orduya təzə bir ruhiyyə verdi. O şe`rin iki beyti belə idi:

«Ey Əbəl-Həsən! Yatanları oyatdın, haqqa də`vət olunanların hamısı qulaq asmır.

Sən elə bir kişisən ki, kamallardan hər birinin ən yaxşısı sənə verilmişdir.

Allah hər kəsə istəsə, bəxş edər, yaxud hər kəsdən istəsə, geri alar.»

İmam (əleyhissalam) nakisinlərə öz müxalifətçiliklərindən əl çəkib o həzrətə itaət etmələri üçün üç gün möhlət verdi. Amma onların yola gəlmədiyini görüb mə`yus olduqda öz dostlarının arasından bir xütbə buyurdu və nakisinlərin törətdikləri ağır faciələri şərh etdi. İmam (əleyhissalam)-ın sözləri sona çatdıqda Şəddad Əbdi ayağa qalxıb özünün Peyğəmbər (cəlləllahu əleyhi və alih) Əhli-beyti barədə olan mə`rifətini qısa şəkildə belə şərh etdi:–Xətakarlar çoxalanda və inadkarlar müxalifətə qalxan vaxtda biz Peyğəmbər (cəlləllahu əleyhi və alih) Əhli-beytinə pənah apardıq. Ey camaat, siz gərək onların ətəklərindən yapışıb, sağa-sola yuvarlananları tərk edəsiniz. Qoyun onlar zəlalət girdabının dərinliklərinə qərq olsunlar.[46]

Otuz altıncı hicri ilinin cəmadiyül-əvvəl ayında, cümə axşamı İmam (əleyhissalam) öz qoşununun qarşısında dayanıb buyurdu:–Tələsməyin, qoyun axırıncı dəfə olaraq bunlara öz inadkarlıqlarını izah edim.

Sonra Qur`anı İbni Abbasın əlinə verdi və buyurdu:–Bu Qur`anla birlikdə nakisinlərin başçılarının yanına get və onları bu Qur`ana də`vət et, Təlhəyə və Zübeyrə de ki, məgər mənimlə bey`ət etməmişdilərmi?! Nə üçün onu pozdular?! Qoy Qur`an bizimlə sizin aranızda hakim olsun.

İbni Abbas əvvəlcə Zübeyrin yanına gedib İmam (əleyhissalam)-ın sözünü ona çatdırdı. O, İmam (əleyhissalam)-ın sözünə belə cavab verdi:–Mənim bey`ətim könüllü olmayıb və Qur`anın da mühakiməsinə ehtiyacım yoxdur.

İbni Abbas sonra Təlhənin yanına getdi və dedi:–Əmirəl-mö`minin soruşur ki, bey`əti nə üçün pozdun?

Təlhə dedi:–Mən Osmanın intiqamını almaq istəyirəm!

İbni Abbas dedi: Onun intiqamını almaq üçün oğlu Əban hamıdan irəlidədir.

Təlhə dedi:–O, bacarıqsız bir adamdır, biz ondan bacarıqlıyıq.

Nəhayət, İbni Abbas Ayişənin yanına getdi və gördü ki, o, dəvənin üstündəki kəcavənin içindədir; dəvənin yüyənini Bəsrənin qazisi Kə`b ibni Sur tutmuş, Əzd və Zəbbə qəbiləsindən olan bir neçə nəfər onu dövrəyə almışdır. Ayişə İbni Abbası görəndə dedi:–Nə üçün gəlmisən?! Get və Əliyə de ki, bizimlə onun arasında qılıncdan başqa bir şey yoxdur!

İbni Abbas Əli (əleyhissalam)-ın yanına qayıtdı və gördüklərini və eşitdiklərini ona söylədi. İmam (əleyhissalam) bir daha onların tərsliyini açıqlayıb, sonra aydın əsas üzündən qılınca əl atmaq istədi. Bu dəfə buyurdu: Sizlərdən kim bu Qur`anı onlara tərəf apara bilər? Əgər onları Qur`ana də`vət edərkən, onun bir qolunu qılıncla vursalar, o biri əlində tutsun və əgər hər iki qolunu vursalar, onu ağzında tutsun!

Bir cavan ayağa durub dedi:–Mən bu işə hazıram, ey Əmirəl-mö`minin!

İmam (əleyhissalam) yenidən sualını təkrar elədi, həmin cavandan başqa heç kəs cavab vermədi. Sonra Qur`anı ona verib dedi:–Qur`anı onlara təqdim et və de ki, bu Kitab əvvəldən axıra kimi bizimlə sizin aranızda hakim olsun.

O, İmam (əleyhissalam)-ın fərmanı ilə Qur`anı götürüb düşmən qoşununa tərəf yollandı. Onları haqqa də`vət etdikdə onun hər iki qolunu qılıncla vurub saldılar. O, Allahın Kitabını son nəfəsinə kimi dişində tutdu.[47]

Bu hadisə müharibəni qətiləşdirdi və nakisinlərin inadkarlığını aşkar etdi. Əli (əleyhissalam) yenə də mərd-mərdanəlik və alicənablıq göstərərək hücumdan əvvəl buyurdu: Mən bilirəm ki, Təlhə və Zübeyr qan tökməyincə öz işlərindən əl çəkməyəcəklər. Amma müharibəni siz yox, qoyun onlar başlasın. Qaçanları tə`qib etməyin, yaralıları öldürməyin və öldürülənlərin paltarını soyundurmayın.[48]
ƏLİ (əleyhissalam)-IN QOŞUNUNUN GÖSTƏRDİYİ RƏŞADƏTLƏR VƏ CƏMƏLİN SÜQUTU

Dünyanın böyük sərkərdələri arasında bir nəfər belə görünməyib ki, düşmənə Əli (əleyhissalam) qədər möhlət versin, hörmətli adamları göndərib onları Qur`anın hökmünə də`vət etsin, döyüşü başlamaqda bu qədər səbir etsin. İmam sədaqətli dostlarının şikayət səsləri ucalan vaxta qədər gözlədi, sonra öz ordusunu nizama salaraq sərkərdələri aşağıdakı kimi tə`yin etdi: İbni Abbas ön cəbhənin, Əmmar süvarilərin, Məhəmməd ibni Əbu-Bəkr piyadaların sərkərdəsi oldu. Bundan sonra Müzhəc, Həmdan, Kində, Qüzaə, Xüzaə, Əzd, Bəkr, Əbdül Qeys və s. qəbilələrinin süvari və piyada bölmələrinə bayraqdarlar tə`yin etdi. Həmin gün Əli (əleyhissalam)-ın bayrağı altında döyüşə hazır olan piyada-süvarilərin sayı on altı min nəfərə çatırdı. [49]
NAKİSİNLƏR HÜCUMA BAŞLAYIR

İmam (əleyhissalam) öz ordusuna hərbi əmrlər verdiyi halda düşmən tərəfindən ox yağdırılmağa başlandı və o həzrətin köməkçilərindən bir neçəsi, o cümlədən Əbdüllah ibni Bədilin oğlu öldürüldü. Əbdüllah oğlunun cənazəsini İmam (əleyhissalam)-ın yanına gətirib dedi:–Hələ də səbir edək və düşmən bizi bir-bir öldürsün?! Allaha and olsun, əgər məqsəd höccəti tamam etməkdirsə, sən onlara höccəti tamam etmisən.[50]

Əbdüllahın bu sözlərindən sonra İmam (əleyhissalam) döyüşə hazırlaşdı. O, Rəsuli-Əkrəm (cəlləllahu əleyhi və alih)-in zirehli paltarını geydi, onun qatırına mindi (onu özü ilə gətirmişdi) və öz köməkçilərinin qarşısında dayandı. Qeys ibni Sə`d ibni İbadət İmam (əleyhissalam)-ın ən səmimi dostlarından biri idi. O, Həzrətin özü və qaldırdığı bayraq barəsində bir şe`r qoşdu ki, onun iki beyti belədir:

«Ətrafına yığışdığımız bayraq həmin bayraqdır ki, Peyğəmbər zamanında onun ətrafına yığışırdıq, o gündə Cəbrail bizim köməkçimiz idi.

Ənsar bir kəsin sirdaşı olsa, başqalarının ona kömək etməməsinin zərəri yoxdur.»

İmam (əleyhissalam)-ın əzəmətli və nizamlı ordusu nakisinləri pərən-pərənə saldı. Ayişəni dəvəsinin üstündəki kecavə ilə birlikdə döyüş meydanına gətirib yüyənini Bəsrənin qazisi Kə`b ibni Sura verdilər. O, boynuna bir Qur`an asdı. Əzd və Bəni-Zəbbəh qəbilələrindən olan şəxslər dəvəni dövrəyə almışdılar. Əbdüllah ibni Zübeyr Ayişənin dəvəsinin qabaq tərəfində, Mərvan ibni Həkəm isə sol tərəfində idi. Qoşunu Zübeyr idarə edirdi, Təlhə süvarilərin, onun oğlu Məhəmməd isə piyadaların sərkərdəsi idi. İmam (əleyhissalam) Cəməl günündə bayrağı öz oğlu Məhəmməd Hənəfiyyənin əlinə verdi və ən yüksək hərbi şüar olan cümlələrlə ona xitab edib buyurdu:

«Dağlar öz yerindən qopsa da, sən öz yerində möhkəm ol, dişlərini bir-birinə sıx. Başını Allaha tapşır, ayaqlarını yerə mıxla. Gözün həmişə qoşunun arxasına dikilmiş olsun (ora qədər irəlilə) və gözlərini yum. Bil ki, qələbə Sübhan olan Allah tərəfindəndir.»[51]

Camaat Məhəmməd Hənəfiyyədən «İmam (əleyhissalam) nə üçün səni meydana göndərdi, lakin Həsən və Hüseyni göndərmədi?» – deyə soruşanda, o cavabında dedi:–«Mən atamın əliyəm, onlar isə gözləridir. O, əli ilə gözlərini müdafiə edir.»[52]

İbni Əbil-Hədid hadisəni Mədaini və Vaqidi kimi tarixçilərdən belə nəql edir: İmam «Küteybətül-xəzra» adlanan bir dəstə ilə (onun üzvlərini mühacir və ənsar təşkil edirdi) düşmənə həmlə etmək istədi. Həsənlə Hüseyn də onun yanında idi. Bayrağı öz oğlu Məhəmməd Hənəfiyyəyə verib irəliləmək əmri verdi və dedi:–«O qədər irəli get ki, onu (bayrağı) Cəməlin gözünə sox!»

İmam (əleyhissalam)-ın oğlu hücum etmək istədi, lakin yağış kimi yağdırılan oxlar mane oldu. O bir neçə anlığa dayandı, oxlar azaldı. Bu vaxt İmam yenidən ona irəliləmək əmri verdi. Amma onun gecikdiyini hiss edib, bayrağı ondan aldı. Qılıncı sağ əlinə, bayrağı isə sol əlinə alıb özü həmləni başladı və düşmən qoşununun içərilərinə qədər irəlilədi. Sonra qılıncı əyildi, onu düzəltmək üçün geri qayıtdı. Əmmar, Malik, Həsən və Hüseyn İmama dedilər: Biz hücum edərik, siz burada dayanın.

İmam onlara cavab vermədi, hətta onlara baxmadı da. Çünki qəzəbli şir kimi nə`rə çəkirdi, bütün diqqəti düşmən ordusuna yönəlmişdi. Ətrafında olanları sanki görmürdü. Bu vaxt bayrağı yenə də öz oğluna verdi, yeni bir həmləni başladı və qoşunun içərisinə doğru irəlilədi. Qarşısına çıxan hər kəsi qırıb tökdü. Düşmən qoşunu onun qabağından qaçıb ətraf yerlərə sağınırdı. Bu həmlədə İmam o qədər adam öldürdü ki, yer qan ilə qızardı. Sonra qayıtdı, qılıncı da əyilmişdi. Qılıncı dizində sıxıb düzəltdi. Bu vaxt o həzrətin dostları onun ətrafına yığışdılar və Allaha and verdilər ki, təklikdə həmlə etməsin, çünki onun öldürülməsi islamın məhv olmasına səbəb ola bilər.

İmam buyurdu: Mən Allah xatirinə vuruşuram və Onun razılığını əldə etmək istəyirəm.

Sonra öz oğlu Məhəmməd Hənəfiyyəyə buyurdu: Bax gör necə həmlə edərlər!

Məhəmməd dedi:–Kim sənin işini yerinə yetirə bilər, ey Əmirəl-mö`minin?!

Bu vaxt İmam Əştərə xəbər göndərdi ki, düşmən qoşununun sağ cinahına həmlə et. Sol cinahın sərkərdəsi Hilal bu həmlədə öldürüldü. Dəvənin yüyənini əlinə alan Bəsrə qazisi Kə`b ibni Sur, həmçinin Cəməl ordusunun qəhrəmanı sayılan və uzun müddət Osman tərəfindən Bəsrənin məhkəmə işlərini öhdəsinə alan Əmr ibni Yəsribi də öldürdülər. Bəsrə qoşunu Ayişənin dəvəsinin həmişə ayaq üstə olmasına çalışırdı, çünki bu onlar üçün müqavimət rəmzi idi. Buna görə də İmamın dağ kimi qoşunu Ayişənin dəvəsinə tərəf həmlə etdi, onlar da şiddətlə müdafiəyə qalxdılar. Onun yüyənini saxlamaq yolunda yetmiş nəfər öz əlini itirdi.[53]

Başlar bədəndən ayrılıb uçur, qollar bədənlərdən ayrılır, ürəklər və bağırsaqlar qarınlardan çölə tökülürdü. Bununla belə nakisinlər dəvənin ətrafında möhkəm durmuşdular. Bu vaxt İmam (əleyhissalam) fəryad çəkib dedi:–«Ayişənin dəvəsini məhv edin! Çünki o, şeytandır. Nə qədər ki, bu dəvə var, qılınclar müntəzəm olaraq qalxıb enəcəkdir.»[54]
ÖZ QOŞUNUNDA YÜKSƏK ƏHVAL-RUHIYYƏ YARATMAQ ÜÇÜN İMAM (ƏLEYHISSALAM)-IN SEÇDIYI YOL

İmam (əleyhissalam) öz ordusunun əhval ruhiyyəsini gücləndirmək üçün bə`zi vaxtlar şüarlardan istifadə edirdi. Bu şüarlar Peyğəmbəri-Əkrəm (cəlləllahu əleyhi və alih)-in ilk dəfə verdiyi şüarlar idi və müşriklərlə döyüşdə onlardan istifadə olunurdu. Bu şüarlar düşmənin əhval-ruhiyyəsini zəiflətməklə yanaşı, qəribə bir tə`sir də buraxırdı. Çünki bunlar müsəlmanların müşriklərlə vuruşmasını xatirələrdə canlandırırdı.

Ayişə də öz qoşununun əhval-ruhiyyəsini gücləndirmək üçün belə şüar verdi: «Övladlarım! Səbirli olun və həmlə edin, mən behişti sizə zəmanət verirəm!» Bu şüardan sonra onun ətrafını daha da şiddətlə mühafizə etməyə başladılar və irəliləyərək İmam (əleyhissalam)-ın qoşununun bir neçə metrliyinə gəlib çatdılar. Ayişə öz tərəfdarlarını təhrik etmək üçün bir ovuc torpağı İmam (əleyhissalam)-ın dostlarının üstünə atdı və dedi:–«Üzünüz qara olsun!» O bu işlə Peyğəmbər (cəlləllahu əleyhi və alih)-i təqlid etdi, çünki, o həzrət də Bədr döyüşündə bir ovuc torpaq götürüb düşmənə tərəf atmış və elə həmin cümləni demişdi, Allah da bu barədə aşağıdakı ayəni nazil etmişdi: «Bunu atanda, sən atmadın, onu Allah atdı!»[55]

İmam (əleyhissalam) Ayişənin bu hərəkətini gördükdə dərhal buyurdu:–Peyğəmbər (cəlləllahu əleyhi və alih)-in barəsində «Allah əli» onun paltarının qolundan zahir olmuşdu, Ayişənin barəsində isə şeytanın əli onun paltarının qolundan zahir oldu.
DƏVƏNİN SÜQUTU

Ayişənin dəvəsi dili-ağzı bağlı bir heyvan idi ki, öz şər məqsədlərinə çatmaq üçün ondan istifadə edirdilər. Ayişənin kecavəsini onun üstünə mindirməklə ona bir növ müqəddəslik bəxş etmişdilər. Bəsrə qoşunu onu qoruyub ayaq üstə saxlamaq üçün çox çalışdı, çoxlu əllər onun yolunda qurban getdi. Bir qol kəsilirdisə, digəri yüyəni əlinə alırdı. Amma axırda dəvənin yüyəni sahibsiz qaldı və heç kəs onu əlinə almaq istəmədi. Bu vaxt Zübeyrin oğlu onu əlinə aldı, lakin Malik Əştər bir zərbə ilə onu yerə sərdi. Zübeyrin oğlu Malikin əli ilə öldürüləcəyini hiss edəndə qışqırıb dedi:–«Camaat, hücum edin! Hətta mən öldürülsəm də belə, Maliki öldürün!»

Malik onun üzünə bir zərbə vurub buraxdı. Nəhayət, camaat Ayişənin dəvəsinin ətrafından dağılışdı. İmam (əleyhissalam) düşmənlərin Ayişənin dəvəsini görüb yenidən ona tərəf qayıtmamaları üçün Cəməli peyləmək əmrini verdi. Dəvə yerə yıxıldı və kəcavə aşıb yerə düşdü. Bu vaxt Ayişənin ucadan qışqırıq səsi hər iki qoşunda eşidildi. Məhəmməd ibni Əbu-Bəkr İmam (əleyhissalam)-ın fərmanı ilə özünü bacısının kecavəsinə yetirdi və onun bəndlərini açdı. Bu vurhavurda bacı-qardaş arasında bir söhbət oldu, onu qısa şəkildə nəql edirik:

Ayişə:–Sən kimsən?

Məhəmməd ibni Əbu-Bəkr:–Sənin ailəndə sənə qarşı ən qatı düşmən!

Ayişə:–Sən Əsmanın oğlu Xüs`əmiyyəsən?

Məhəmməd:–Bəli, lakin o sənin anandan heç də əskik deyildi.

Ayişə:–Doğrudur, o şərafətli arvad idi. Bundan keç Allaha şükür olsun ki, sən sağ qalmısan.

Məhəmməd:–Amma sən mənim sağ qalmağımı istəmirdin.

Ayişə:–Əgər istəməsəydim, belə bir söz deməzdim.

Məhəmməd:–Sən qələbəni istəyirdin, hərçənd mənim qanımın bahasına olsaydı belə.

Ayişə:–Mən onu istəyirdim, lakin mənə nəsib olmadı. İstəyirdim ki, sən sağ qalasan. Belə sözlər danışma və çox danlama. Necə ki, atan da belə deyildi.

Əli (əleyhissalam) özünü Ayişənin kəcavəsinə yetirdi və öz nizəsini ona vurub dedi:–Ayişə, sənin bu işini Rəsuli-Əkrəm (cəlləllahu əleyhi və alih) tövsiyə etmişdimi?!

Ayişə dedi:–Ey Əbəl-Həsən, indi ki, qələbə çaldın, bağışla.

Bir azdan Əmmar və Malik Əştər də özlərini Ayişənin kəcavəsinə yetirdilər. Onların arasında belə bir söhbət oldu:

Əmmar: Anacan! Bu gün övladlarının rəşadətini gördünmü? Gördünmü din yolunda necə qılınc vururdular?

Ayişə özünü eşitməməzliyə vurdu və heç nə demədi. Çünki, Əmmar əziz bir səhabə və tayfa ağsaqqalı idi.

Əştər:–Allaha şükür olsun ki, Öz imamına kömək etdi, onun düşmənlərini isə xar etdi. Haqq gəldi və batil aradan getdi, çünki batil aradan gedəndir. Anacan! Öz işini necə görürsən?

Ayişə:–Sən kimsən? Anan matəmində otursun!

Əştər:–Mən sənin oğlun Malik Əştərəm.

Ayişə:–Yalan deyirsən, mən sənin anan deyiləm.

Əştər:–Sən istəsən də, istəməsən də mənim anamsan.

Ayişə:–Sən həmin adamsan ki, bacım Əsmanı oğlu Əbdüllah ibni Zübeyrin matəmində oturtmaq istəyirdin.

Əştər:–Bu ona görə idi ki, Allah qarşısında üzrüm olsun (yə`ni Allahın əmrini yerinə yetirmək üçün idi).

Sonra Ayişə ata minmiş halda dedi:–İftixarla qələbə çaldınız. Allahın qəza-qədərinin gerçəkləşməsi labüd və qaçılmazdır.

İmam (əleyhissalam) Məhəmməd ibni Əbu-Bəkrə buyurdu:–«Bacından soruş, gör ona ox dəyibdirmi?» Çünki Ayişənin kəcavəsi çoxlu ox atıldığına görə kirpi şəklinə düşmüşdü. O, qardaşına cavab verdi ki, «başıma bir ox dəyibdir». Məhəmməd bacısına dedi:–Qiyamət günü Allah sənin əleyhinə hökm edəcəkdir, çünki sən, İmamın əleyhinə qiyam edərək camaatı da onun əleyhinə qaldırmısan, Allahın Kitabını görməməzliyə vurmusan.

Ayişə dedi:–Məndən əl çək və Əliyə de ki, məni təhlükədən qorusun.

Məhəmməd ibni Əbu-Bəkr bacısının sağ-salamat olmasını İmam (əleyhissalam)-a dedi. İmam buyurdu: O bir qadındır və qadınlar məntiq baxımından qüvvəli deyildirlər. Onu mühafizə etməyi öz öhdənə al. Hələlik Əbdüllah ibni Xələfin evinə apar, mən də onun barəsində bir qərara gəlim.

Ayişə İmam (əleyhissalam)-ın və öz qardaşları tərəfindən əfv edilib bağışlandı, lakin o, İmam (əleyhissalam)-a qarşı daim qarğış edir və Cəməldə öldürülənlərin bağışlanmasını diləyirdi.[56]
TƏLHƏ VƏ ZÜBEYRİN TALEYİ

Tarixçilərin fikrincə, Təlhə Mərvan ibni Həkəmin əli ilə öldürülmüşdür. Belə ki, Təlhə ordunun məğlub olduğunu və özünü həlak olmaq ərəfəsində gördükdə qaçmağa üz qoydu. Bu vaxt Mərvanın gözü ona sataşdı və Osmanın qətlində onun da mühüm rol oynaması yadına düşdü. Fürsəti əldən vermədən onu bir oxla vurub atdan yerə saldı. Təlhə oxun öz qoşunu tərəfindən atıldığını hiss etdiyindən qulamına dedi ki, onu dərhal başqa bir yerə aparsın. Qulam onu Bəni-Sə`d qəbiləsinin xarabalıqlarından birinə apardı, damarından hey qan axırdı. O dedi:–«Heç bir böyük adamın qanı mənim qanım kimi kəsif (aludə) olmamışdır!» Bunu deyib canını tapşırdı.
ZÜBEYRİN ÖLDÜRÜLMƏSİ

Cəməl döyüşünün ikinci qızışdırıcısı olan Zübeyr məğlubiyyəti hiss edəndə İmam (əleyhissalam)-ın xeyrinə olaraq müharibəyə girişməkdən imtina edən Əhnəf ibni Qeys qəbiləsinin içindən keçməklə Mədinəyə tərəf qaçmaq istədi. Qəbilənin rəisi Zübeyrin bu namərd hərəkətindən bərk qəzəblənmişdi. Çünki o, insaniyyət qanunlarının əksinə olaraq camaatı özünün şəxsi istəklərinə qurban vermişdi, indi isə meydandan qaçmaq istəyirdi. Əhnəfin dostlarından olan Əmr ibni Cürmuz tökülən qanların intiqamını Zübeyrdən almaq istədi və onu tə`qib etməyə başladı. Zübeyr namaz qılarkən hücub edib onu öldürdü, atını, üzüyünü və silahını qarət etdi, onun yanında olan cavan oğlanı sağ buraxdı. O oğlan da Zübeyri «Vadiyüs-səba» adlı yerdə dəfn etdi.[57]

Əmr ibni Cürmuz Əhnəfin yanına gəldi və hadisəni ona xəbər verdikdə o dedi:–«Bilmirəm yaxşı iş görmüsən, yoxsa pis iş.» Sonra birlikdə İmam (əleyhissalam)-ın hüzuruna gəldilər. İmam (əleyhissalam) Zübeyrin qılıncını görəndə buyurdu: «Bu qılınc dəfələrlə qəm-qüssəni Rəsulullahın çöhrəsindən silmişdir.» Sonra onu Ayişəyə göndərdi.

Həzrətin gözü Zübeyrin kəsik başına sataşanda buyurdu: «Sən bir müddət Peyğəmbərlə müsahib və qohum idin. Lakin şeytan sənin əqlinə hakim oldu və sənin əməlinin aqibətini bura gətirib çıxartdı.»[58]
CƏMƏL MÜHARİBƏSİNDƏ ÖLDÜRÜLƏNLƏRİN SAYI

Tarixdə Cəməl müharibəsində öldürülənlərin sayı dəqiq şəkildə qeyd olunmamış, müxtəlif şəkillərdə nəql edilmişdir. Şeyx Müfid yazır: «Bə`ziləri öldürülənlərin sayını iyirmi beş min nəfər yazmışlar. Müharibəni alovlandıran Əbdüllah ibni Zübeyr bu sayı on altı min nəfər bilir.»

Şeyx Müfid ikinci nəzəri üstün sayıb deyir ki, öldürülənlər cəmi on dörd min nəfər olmuşdur.[59]

Təbəri öz tarixində öldürülənlərin sayını on min nəfər söyləmiş və onların yarısının Ayişənin, yarısının da Əli (əleyhissalam)-ın tərəfdarlarından olmasını demişdir.[60]
ÖLÜLƏRİN DƏFN EDİLMƏSİ

Cəməl hadisəsi 36-cı hicri qəməri ili, cəmadiyüs-sani ayının onunda, cümə axşamı günü baş verdi.[61] Hələ gün batmamışdı ki, müharibə Ayişənin dəvəsinin yıxılması və kəcavəsinin dağılması ilə sona çatdı. Düzgün tədbir görülmədiyinə görə nakisinlərin çoxu qaçmağa üz qoydu. Mərvan ibni Həkəm Ənzət qəbiləsindən bir nəfərin evinə pənah apardı. Əli (əleyhissalam)-ın «Nəhcül-Bəlağə»də qeyd edilən sözlərindən başa düşülür ki, Hüseyn (əleyhissalam) onun əfv edilməsi üçün Əli (əleyhissalam)-dan aman istədi. Lakin İmam (əleyhissalam)-ın övladları ona «Mərvan bey`ət edəcəkdir» – deyəndə, İmam (əleyhissalam) buyurdu: «Məgər o, Osmanın qətlindən sonra mənimlə bey`ət etməmişdimi?! Onun bey`ətinə ehtiyacım yoxdur, çünki onun əli yəhudi əlidir. Əgər əli ilə bey`ət etsə, əməli ilə onu pozar. Onun hökuməti itin dili ilə öz burnunu yalaması qədər olacaqdır. O dörd nəfər «qoç»un atasıdır. İslam ümməti ondan və onun oğlanlarından qan ağlayacaq.»[62]

Əbdüllah ibni Zübeyr Əzdiyan qəbiləsindən olan bir nəfərin evinə pənah apardı və öz yerini Ayişəyə xəbər verdi, o da Məhəmməd ibni Əbu-Bəkri Əbdüllahın olduğu yerə göndərdi ki, onu Əbdüllah ibni Xələfin evinə aparsın. (Məhəmməd ibni Əbu-Bəkr İmam (əleyhissalam)-ın əmri ilə Ayişəni mühafizə edirdi və onu Əbdüllah ibni Xələfin evinə aparmışdılar.) Əbdüllah ibni Zübeyr və Mərvan da oraya aparıldı.

İmam (əleyhissalam) günün qalanını döyüş meydanında keçirtdi, Bəsrə camaatını öz ölülərini dəfn etməyə də`vət etdi. Təbərinin nəql etdiyinə görə İmam (əleyhissalam) Bəsrə və Kufə əhalisindən olan nakisinlərə meyyit namazı qıldı; öz dostlarından şəhid olanlara da namaz qıldı və hamısını böyük bir qəbirdə torpağa tapşırdı. Sonra əmr etdi ki, camaatın bütün mal-dövlətini–hökumətə məxsus olan əlamətli silahlardan başqa–özlərinə qaytarsınlar.[63] Sonra buyurdu: «Ölü müsəlmanın malından heç bir şey o biri müsəlmana halal deyildir.» İmam (əleyhissalam)-ın dəstəsindən bə`ziləri tə`kid edirdilər ki, nakisinlərlə müşriklər kimi rəftar edilsin. İmam (əleyhissalam) bu barədə buyurdu: «Məgər sizlərdən kim Ayişəni qənimət kimi qəbul etməyə hazırdır?»

İmam Sadiq (əleyhissalam) islam fiqhində «baği» kimi qeyd olunan bu kəslərin hökmünü belə bəyan edir: «Əli (əleyhissalam) Bəsrə əhlini onların fitnə-fəsadlarına və itaətdən çıxdıqlarına görə öldürdü, lakin onların mal-dövlətinə əl vurmadı, çünki müşrikin hökmü baği (adil İmam əleyhinə üsyan və itaətsizlik edən) müsəlmanın hökmündən fərqlidir. İslam əsgərləri küfr və şirk mühitində hər şeyi ələ keçirsələr, onlara halaldır, lakin islam mühitində olan şeylər heç vaxt halal olmaz. Həqiqətən Peyğəmbər (cəlləllahu əleyhi və alih)-in Məkkə əhlinə minnət qoyduğu kimi Əli də onlara minnət qoymuşdur.»[64]
ƏLİ (əleyhissalam)-IN NAKİSİNLƏRLƏ SÖHBƏTİ

Peyğəmbər (cəlləllahu əleyhi və alih) Bədr döyüşündə kafirlərin cəsədlərini bir quyuya tökdü və onlarla söhbət etməyə başladı. O həzrətdən «məgər ölülər dirilərin sözlərini eşidirlərmi?» -– deyə soruşulanda buyurdu: «Siz heç də onlardan yaxşı eşitmirsiniz!»[65]

Əmirəl-mö`minin Əli (əleyhissalam) Cəməldə öldürülənlərin arasından keçəndə Əbdüllah ibni Xələf Xəzaini gördü. O gözəl paltar geymişdi. Camaat «o, nakisinlərin rəhbərlərindəndir» – deyəndə Əli (əleyhissalam) buyurdu. «Xeyr, elə deyil. O, şərafətli və yüksək ruhiyyəli bir insan idi.»

Əbdürrəhman ibni İtab ibni Üseydin cəsədini gördükdə buyurdu: «Bu kişi onların dayağı və rəisi idi.» Sonra bir az da gəzib Qüreyşdən olan bir neçə nəfərin cəsədini gördü, buyurdu: «Allaha and olsun, sizin vəziyyətiniz bizi narahat edir, lakin mən höccəti sizin üçün tamam etmişdim. Amma siz təcrübəsiz cavanlar idiniz və öz işinizin nəticəsindən agah deyildiniz.»

Həzrətin gözü Bəsrənin qazisi Kə`b ibni Surun cəsədinə sataşdı, onun boynundan bir Qur`an asılmışdı. Əmr verdi ki, Qur`anı təmiz bir yerə aparsınlar, sonra buyurdu: «Ey Kə`b, mən Allahımın mənə verdiyi və`dənin düz olduğunu gördüm. Sən də Allahının sənə verdiyi və`dənin düz olduğunu gördünmü?!»[66] Sonra buyurdu: «Sənin elmin var idi, kaş (o elm) sənə fayda verəydi! Lakin şeytan səni azdırıb vəsvəsəyə saldı və oda tərəf çəkdi.»

Təlhənin cəsədini görəndə buyurdu: «Sənin islamda (böyük) xidmətlərin var idi və sənə fayda verə bilərdi. Lakin şeytan səni azdırıb vəsvəsəyə saldı və oda tərəf tələsdin.»[67]

Tarixin bu hissəsində İmam (əleyhissalam)-ın qiyamçıları məhkum edib cəhənnəm əhlini tanıtdırmasından başqa bir söz deyilmədi. Lakin mö`təzilə firqəsinin ardıcılları iddia edirlər ki, bunlardan bə`ziləri ölümlərindən qabaq öz əməllərindən peşman olmuş, tövbə etmişdilər.

İbni Əbil-Hədid mö`təzilə firqəsinin qatı tərəfdarlarından biridir. O yazır: «Alimlər rəvayət edirlər ki, Əli buyurdu ki, Təlhəni oturdun. Sonra ona dedi:–«Mənim üçün acınacaqlı haldır ki, səni səmanın altında və bu çölün ortasında torpağa bulaşmış görəm. Rəva idimi ki, Allah yolunda cihad edəndən, Peyğəmbəri müdafiə edəndən sonra belə bir iş görəsən?!» Bu vaxt bir nəfər İmamın hüzuruna gəlib dedi:–Mən Təlhənin yanında idim. O tanınmaz adam tərəfindən oxlandıqda məndən kömək istəyib dedi:–«Sən kimsən?» Dedim ki, Əlinin dostlarındanam. Dedi: «Əlini mənə ver, sənin vasitənlə Əmirəl-mö`mininə bey`ət edim.» Sonra əlini mənə verdi və bey`ət etdi. İmam buyurdu: «Allah istəmişdir ki, Təlhəni mənimlə bey`ət etmiş halda behiştə aparsın.»[68]

Tarixdə mövcud olan bu cür şeylər əfsanədən başqa bir şey deyildir. Məgər Təlhə İmam (əleyhissalam)-ın məqamını, şəxsiyyətini və haqlı olduğunu bilmirdimi?! O kəslərin tövbəsi qəbul olunur ki, uzun müddət cəhalətdə qalsın, sonradan həqiqəti dərk etsin. Halbuki Təlhə elə ilk gündən haqqı və batili bir-birindən seçirdi. Bundan əlavə, bu sözün düzgün olmasını fərz etsək belə, Qur`anın aşkar hökmünə əsasən Təlhənin tövbəsi faydasızdır. Çünki Allah taala belə buyurur: «Pis işlər görüb əcəli çatan zaman «tövbə etdim» deyənlərin, həmçinin kafir halında ölənlərin tövbəsi qəbul olunmaz. Onlar üçün dərdli əzab hazır etmişik.»

Bundan əlavə, sadəcə İmam (əleyhissalam)-la bey`ət etmək onun günahlarını bağışlada bilərmi? O Zübeyr və Ümmül-mö`mininlə birlikdə Bəsrədə və döyüş meydanında çoxlu nahaq qanlar axıdılmasına səbəb olmuş və hətta onların əmri ilə bə`zilərinin başları qoyun başı kimi kəsilmişdi. Bu kimi yersiz sə`ylər Peyğəmbər (cəlləllahu əleyhi və alih)-in səhabələrinin barəsində irəli sürülən bir sıra fikirlərin nəticəsidir. Belə ki, onların hamısını istisnasız olaraq adil tanıtdırmaq istəyirlər.

BƏSRƏNİN SÜQUTU, MƏKTUBLARIN YAZILMASI VƏ AYİŞƏNİN MƏDİNƏYƏ GÖNDƏRİLMƏSİ

Müharibədən əvvəl İslam ordusu ilə əhd-peyman pozanlar arasında hərbi toqquşma ehtimalı ticarət karvanları vasitəsi ilə islam ölkələrinə yayıldı. (Bu karvanlar vaxtaşırı İraq, Hicaz və Şam səhralarında hərəkət edirdilər.) Müsəlmanlar və Osmanın azsaylı tərəfdarları bu məsələ ilə əlaqədar xəbər gözləyirdilər. Hər iki tərəf üçün qələbə, yaxud məğlubiyyət xəbəri həlledici rol oynayırdı. Buna görə də İmam (əleyhissalam) öldürülənlərin dəfn olunması barədə fərman verəndən sonra, döyüş meydanında gəzib dolaşdı və əsirlərin bə`zisinin aparılmasını əmr etdi, sonra öz xeyməsinə qayıtdı. Öz katibi Əbdüllah ibni Əbu-Rafeni çağırdı, çoxlu məktub yazdırdı. Məktublar həmin dövrdə islam dünyasının əsas mərkəzləri sayılan Kufə və Mədinə şəhərlərinin əhalisinə yazılmışdı. Həmçinin öz bacısı Ümmü Haniyə də bir məktub yazdı. İmam (əleyhissalam) bu məktubları yazmaqla dostlarını sevindirdi, vəzifə ələ keçirmək ümidi ilə müxalifət edənləri mə`yus etdi. Şeyx Müfid məktubların hamısını özünün «Əl-Cəməl» kitabında (səh 211 və 213) kamil şəkildə qeyd etmişdir. Lakin Təbəri öz kitabında məktubların içərisindən yalnız Kufə əhalisinə yazılanları, özü də çox qısa şəkildə əks etdirmişdir. O həm də kitabın bu hissəsində Seyf ibni Ömərin yazdıqlarına istinad edərək, əksər hallarda mətləbin mahiyyətini açıqlamamış, əsas və mühüm məsələlərin üstündən sükutla keçmişdir.

Təbərinin nəql etdiyinə görə, İmam (əleyhissalam)-ın Kufə camaatına yazdığı məktubda hərbi toqquşmanın baş verdiyi tarixin otuz altıncı hicri ilinin cəmadiyül-axir ayının on beşi, döyüş yerinin isə Xəribə adlı məntəqə olduğu qeyd olunmuşdur.

İmam (əleyhissalam) bazar ertəsi günü Xəribədən Bəsrəyə yola düşdü. Bəsrə məscidinə çatıb orada iki rəkət namaz qıldı və sonra birbaşa Əbdüllah ibni Xələf Xəzainin evinə getdi. Onun evi Bəsrədə ən böyük ev idi və Ayişə orada mühafizə olunurdu. Ömərin xilafəti dövründə Əbdüllah Bəsrə divanında katib idi və qeyd edildiyi kimi, o və qardaşı Osman «Cəməl» döyüşündə öldürüldü. Bə`ziləri deyirlər ki, guya o Peyğəmbər (cəlləllahu əleyhi və alih)-i görmüşdü.[69]

Əli (əleyhissalam) Əbdüllahın evinə daxil olanda onun arvadı Səfiyyə (Haris ibni Təlhə ibni Əbu Təlhənin qızı) ağlayıb ah-nalə edirdi. O, İmam (əleyhissalam)-ı təhqir edərək onu «dostların qatili», «cəmi dağıdan» adlandırdı. Lakin İmam (əleyhissalam) ona cavab vermədi. Sonra Ayişənin otağına daxil olub salam verdi, Səfiyyənin etdiyi təhqirləri xatırlatdı. İmam (əleyhissalam) evdən çıxanda da Səfiyyə öz təhqirini təkrar etdi. Bu vaxt İmam (əleyhissalam)-ın dostlarının səbir kasası daşdı və Əbdüllahın arvadını hədələdilər. İmam (əleyhissalam) onların hər cür e`tirazlarının qarşısını aldı və dedi:–«Bir də sizin qadınlara qarşı hədə-qorxularınızı eşitməyim!»
İMAM (əleyhissalam)-IN BƏSRƏDƏKİ ÇIXIŞI

İmam (əleyhissalam) Əbdüllahın evindən çıxandan sonra şəhərin mərkəzinə getdi. Bəsrə əhalisi özlərinin müxtəlif bayraqları ilə gəlib yenidən bey`ət etdilər. Hətta yaralılar və müəyyən səbəblərə görə aman verilən şəxslər də ikinci dəfə olaraq o həzrətlə bey`ət etdilər.[70]

İmam (əleyhissalam) Bəsrə əhalisini özlərinin pis işlərindən və cinayətlərinin böyüklüyündən agah etməli idi. O, sözə başladıqda camaatın hamısı ona diqqətlə qulaq asırdı. İmam buyurdu:–Siz o arvadın ordusu və o dəvənin ardınca gedənlər idiniz. O sizi çağırdıqda müsbət cavab verdiniz və dəvə yıxıldıqda isə qaçıb getdiniz. Sizin əxlaqınız pis, əhd-peymanınız məkr, dininiz nifaq, suyunuz şordur. Sizin şəhərinizdə yaşayan hər kəs günahlarınızın tələsinə düşər, sizdən uzaq olan hər kəs haqqın rəhmətini tapar. Mən görürəm ki, Allahın əzabı yerdən və göydən sizin üstünüzə gəlir və hamınız qərq olursunuz, yalnız məscidin qülləsi gəminin gövdəsi kimi suyun üzərində görünür. Sizin ölkəniz suya yaxın, səmadan uzaqdır. Ağıllarınız yüngül, fikirləriniz səfehdir. Siz (iradənizin süst olmasına görə) oxçuların hədəfi, müftəxorların yağlı tikəsi, yırtıcıların yemisiniz.[71]

Sonra buyurdu:–Ey Bəsrə əhli, indi mənim barəmdə nə fikirləşirsiniz? Bu vaxt bir kişi ayağa qalxıb dedi:–Özümdə sənə qarşı xeyirdən başqa bir şey güman etmirəm. Əgər bizi cəzalandırsan, tam haqlısan, çünki biz günahkarıq. Əgər bizi bağışlasan, (yaxşı iş görmüş olarsan, çünki) əfv etmək Allah yanında daha sevimli bir işdir.

İmam (əleyhissalam) buyurdu: Hamınızı əfv etdim. Fitnəkarlıqdan uzaq olun. Siz bey`əti pozan və ümmətin sütununu iki yerə bölən ilk adamlarsınız. Günahdan qayıdın və tövbə edin.[72]
YAXŞI NİYYƏT ƏMƏLLƏ BƏRABƏRDİR

İmam (əleyhissalam)-ın dostlarından biri dedi:–Kaş qardaşım burada olub sənin düşmənlərə qarşı qələbə çalmağını görəydi, cihadın fəzilət və savabında şərik olaydı!

İmam (əleyhissalam) ondan soruşdu:–Qardaşının qəlbi və fikri bizimlə idimi?

Cavab verdi:–Bəli.

İmam (əleyhissalam) buyurdu:–Həqiqətdə qardaşın da bu cihadda bizimlə idi (və başqa mücahidlər kimi cihadın əcr və savabına şərikdir). Təkcə o yox, həmçinin o kəslər də ki, hal-hazırda ataların sülbündə və anaların bətnindədir, zaman onları aşkar edəcək; iman onların vasitəsi ilə güclənəcək, bunlar da cihadın fəzilətinə şərikdirlər.[73]

İmam (əleyhissalam)-ın bu kəlamı göstərir ki, savab və cəza nöqteyi-nəzərindən yaxşı və pis niyyət əməli əvəz edir. «Nəhcül-Bəlağə»nin başqa yerlərində də bu məsələyə işarə olunmuşdur. O cümlədən: «Ey camaat! Bir əmələ razı olmaq, yaxud ona qəzəblənmək insanları bir bayrağın altına yığır. Səmud qövmünün dəvəsini bir nəfər öldürdü, lakin əzab onların hamısını tutdu, çünki, onların hamısı həmin adamın əməlinə razı idilər.»[74]
BEYTÜL-MALIN BÖLÜŞDÜRÜLMƏSİ

Bu döyüşdə İmam (əleyhissalam)-ın əsgərləri qənimət olaraq heç bir şey ələ keçirmədilər və onların müharibəsi tamamilə ilahi məqsədlə olan bir müharibə idi. Çünki İmam (əleyhissalam) düşmənin silahından başqa hər şeyi onların özlərinə qaytardı. Beytül-mal onların arasında bölüşdürülməli idi. İmam (əleyhissalam)-ın gözləri ona sataşanda əllərini bir-birinə vurub dedi:–«Ğurri ğəyri» (yə`ni, sən məndən başqalarını aldat!) Beytül-mal altı yüz min dirhəmdən ibarət idi, onun hamısını əsgərlərin arasında bölüşdürdü. Hər kəsə beş yüz dirhəm çatdı. Axırda beş yüz dirhəm qaldı, bu zaman bir nəfər gəlib bu müharibədə iştirak etdiyini, lakin onun adının siyahıya düşmədiyini iddia etdi. İmam (əleyhissalam) həmin beş yüz dirhəmi də ona verib buyurdu: «Allaha şükür olsun ki, bu maldan özümə bir şey götürmədim.»[75]
AYİŞƏNİN MƏDİNƏYƏ GÖNDƏRİLMƏSİ

Ayişənin Peyğəmbər (cəlləllahu əleyhi və alih)-in zövcəsi olduğuna görə, xüsusi bir hörməti var idi. İmam (əleyhissalam) onun səfər vəsaitlərini – at və yol azuqəsini hazırladı və Məhəmməd ibni Əbu-Bəkrə göstəriş verdi ki, öz bacısını müşayiət edib Mədinəyə çatdırsın. Həmçinin mədinəli dostlarından evlərinə qayıtmaq istəyənlərin Ayişə ilə birlikdə getmələrinə icazə verdi. Bununla da kifayətlənməyib Bəsrənin nüfuzlu qadınlarından qırx nəfəri də Ayişə ilə birlikdə Mədinəyə göndərdi. 36-cı hicri ilinin rəcəb ayının biri, şənbə günü yola çıxmaq üçün tə`yin edildi. Bu vaxt bir dəstə adam onu müşayiət etdi və vidalaşdılar. Ayişə İmam (əleyhissalam)-ın göstərdiyi ehtiramlardan ixtiyarsız olaraq tə`sirləndi və camaata dedi:–Övladlarım! Bizim bə`zimiz-bə`zimizə kobudluq edirik, lakin gərək bu iş hüququn pozulmasına səbəb olmasın. Allaha and olsun, mənimlə Əlinin arasında bir qadınla onun yaxın adamları arasında baş verən hadisədən başqa bir şey olmamışdır. Baxmayaraq ki, mən ona qəzəblənmişəm, amma o, yaxşı adamdır.

İmam (əleyhissalam) bu sözlərinə görə Ayişəyə təşəkkür etdi və buyurdu:–Camaat, o, sizin Peyğəmbərinizin zövcəsidir.

Şeyx Müfid yazır: «İmam (əleyhissalam)-ın əmri ilə Ayişəni müşayiət edən qırx qadın kişi paltarı geymişdi ki, yadlar onları kişi hesab etsinlər, onların və Peyğəmbər (cəlləllahu əleyhi və alih)-in zövcəsi barəsində heç kəs pis fikirləşməsin. Ayişə də təsəvvür edirdi ki, Əli (əleyhissalam) onu qorumaq üçün kişi mühafizləri seçmişdir, buna görə də bu işdən daim gileylənirdi. Mədinəyə çatıb onların kişi paltarı geymiş qadın olduğunu gördükdə, öz e`tirazlarına görə üzr istədi və dedi:–«Allah Əbu Talibin oğluna xeyir əcri versin! Çünki o, mənim barəmdə Rəsulullahın hörmətini saxlamışdır.»[76]
HAKİMLƏRİN TƏ`YİN EDİLMƏSİ

Osmanın xilafəti dövründə Misrin hakimi Əbdüllah ibni Sə`d idi. Misirlilərin xəlifə əleyhinə qiyam etmələrinin səbəblərindən biri də onun pis və yaramaz əməlləri idi. Bu yaramaz və nalayiq işlər axırda onun Misirdən çıxarılması ilə nəticələndi. O vaxtlar Misirdə olan Məhəmməd ibni Əbu-Hüzeyfə həmişə Misir hakimi barədə xəlifəyə e`tirazını bildirirdi. Misirlilər xəlifəni mühakimə etmək üçün Mədinəyə yola düşəndə Misrin idarə olunmasını Məhəmməd ibni Hüzeyfəyə tapşırdılar. O, İmam (əleyhissalam)-ın Qeys ibni Sə`d ibni Übadəni Misir əyalətinin idarəsi üçün göndərdiyi vaxta qədər bu vəzifədə qalmışdı. Təbəri Qeysin Misrə göndərilməsini «Cəməl» müharibəsinin başlanğıcına təsadüf etdiyini deyir, lakin bə`zi tarixçilər (İbni Əsir kimi) Qeysin səfər ayında Misrə göndərilməsini yazırlar.[77]

Əgər bu hadisə 36-cı ilin səfər ayında baş vermiş olsa, onda bu, «Cəməl» müharibəsindən əvvəl olmuşdur. Amma əgər 37-ci ilin səfər ayı olsa, onda bu hadisədən altı ay sonra olmuşdur. Təbəri isə onun «Cəməl» müharibəsinin baş verdiyi ildə, yə`ni otuz altıncı ildə göndərildiyini qeyd etmişdir.

İmam (əleyhissalam) Xalid ibni Qürrə Yərbuini Xorasana, İbni Abbası da Bəsrəyə hakim tə`yin etdi və Kufəyə getmək qərarına gəldi. Bəsrədən çıxmazdan əvvəl Cərir ibni Əbdüllah Bəcəlini Müaviyə ilə danışıq aparmaq üçün Şama göndərdi ki, Müaviyə başda İmam (əleyhissalam) olmaqla mərkəzi hökumətə itaət etsin.[78]

Bəsrənin mühüm və həssas mövqedə olmasına görə İmam (əleyhissalam) İbni Abbası ora hakim, Ziyad ibni Übeyyəni vergi mə`muru, Əbül-Əsvəd Düəlini də onun müavini tə`yin etdi.[79] İbni Abbası camaata təqdim edəndə İmam (əleyhissalam) çox şirin və gözəl bir çıxış etdi. (Şeyx Müfid onu «Əl-Cəməl» kitabında nəql etmişdir.)

Təbəri yazır: «İmam (əleyhissalam) İbni Abbasa dedi:–Sənə itaət edənlərin vasitəsi ilə üsyan edənləri və sənin əmrinə tabe olmayanları vur.»[80]

İmam (əleyhissalam) Bəsrədən çıxanda Allah ilə belə münacat etdi: «Həmd olsun o Allaha ki, məni şəhərlərin ən xəbisi (natəmizi) olan bir şəhərdən çıxartdı!» Beləliklə, İmam (əleyhissalam)-ın hökumətində baş verən ilk fitnə sona çatdı. O həzrət Müaviyənin tə`qib olunmasını planlaşdırmaq və geniş islam ölkəsini özbaşınalıqlardan və ləyaqətsiz ünsürlərdən təmizləmək üçün Kufəyə yola düşdü.

 


 

 [1] «Tarixi-Təbəri», 3-cü cild, səh.156

[2] «Nəhcül-bəlağə», 4-cü xütbə

[3] Yenə orada, 8-ci xütbə

[4] «Nəhcül-bəlağə», «Kəlimati qisar», 198-ci nömrə

[5] «Tarixi-Xüləfa», 1-ci cild, səh.49, Misir çapı

[6] «Nəhcül-bəlağə»nin şərhi, (İbni Əbil-Hədid), 1-ci cild, səh.231-232; «Əl-imamətu vəs-siyasət», 1-ci cild, səh.49; Tarixi-Təbəri», 3-cü cild, səh.163

[7] «Tarixi-Təbəri», 3-cü cild, səh.172

[8] «Tarixi-Təbəri», 3-cü cild, səh.166

[9] İbni Qüteybənin nəql etdiyinə görə, o, Zübeyrə altmış min dinar, Təlhəyə isə qırx min dinar pul vermişdi. Bax: «Əl-Cəməl», səh.123-124; «Tarixi Xüləfa», səh.57

[10] «Tarixi-Təbəri» 3-cü cild, səh.166; «Əl-imamətu vəs-siyasət», 1-ci cild səh.55

[11] «Əl-Cəməl», səh.121

[12] «Tarixi-Təbəri», 3-cü cild, səh.167

[13] «Tarixi-Təbəri», 3-cü cild, səh.167 (Misir çapı)

[14] Yenə orada, səh.169; «Əl-imamətu vəs-siyasət», səh.169. «Tarixi-Təbəri»nin nəql etdiyinə görə onların sayı doqquz yüz nəfər idi.

[15] «Tarixi-Təbəri», 5-ci cild, səh.169

[16] «Tarixi-Təbəri», 5-ci cild, səh.169

[17] «Nəhcül-bəlağə», 6-cı xütbə

[18] «Əl-imamətu vəs-siyasət», səh.53-54

[19] «Tarixi-Təbəri», 3-cü cild, səh.472

[20] «Əl-imamətu vəs-siyasət», 1-ci cild, səh.58

[21] «Tarixi-Təbəri», 3-cü cild, səh.975

[22] «Nəhcül-bəlağə»nin şərhi , (İbni Əbil-Hədid), 9-cu cild, səh.312

[23] «Əl-imamətu vəs-siyasət», -ci cild, səh.59

[24] Əli (ə)-ın nümunəvi şagirdi və nəhv elminin banisi

[25] «Ali-İmran» surəsi, ayə:23

[26] Peyğəmbərin zövcələri barəsində nazil olan ayədir ( «Əhzab» surəsi, 33)

[27] «Əl-Kamil» (İbni Əsir), 3-cü cild, səh.213-214; «Tarixi-Təbəri», 3-cü cild, səh.482

[28] «Nəhcül-bəlağə»nin şərhi (Əbdüh)

[29] Yenə orada, 133-cü xütbə

[30] «Nəhcül-bəlağə»nin şərhi, (İbni Əbil-Hədid), 3-cü cild, səh.216; «Kamil», 3-cü cild, səh.486; «Tarixi-Təbəri», 9-cu cild, səh.319 (Axırıncı kitab müqavilənin mətnini də nəql etmişdir)

[31] Əl-imamətu vəs-siyasət səh.64

[32] «Nəhcül-bəlağə»nin şərhi (İbni Əbil-Hədid), 9-cu cild, səh.320-321

[33] «Əl-imamətu vəs-siyasət», 1-ci cild, səh.65; «Kamil», 3-cü cild, səh.217; «Tarixi-Təbəri», 3-cü cild, səh.485

[34] «Nəhcül-bəlağə»nin şərhi, (İbni Əbil-Hədid) 9-cu cild, səh.321

[35] «Nəhcül-bəlağə»nin şərhi, (İbni Əbil-Hədid) 9-cu cild, səh.322; «Tarixi-Təbəri», 3-cü cild; «Kamil», 3-cild

[36] «Tarixi-Təbəri», 3-cü cild səh.393 və 496

[37] Yenə orada, 3-cü cild, səh.497

[38] «Nəhcül-bəlağə», birinci məktub

[39] «Tarixi-Təbəri», 3-cü cild, səh.499-500; «Nəhcül-bəlağə»nin şərhi, (İbni Əbil-Hədid), 14-cü cild, səh.11-14

[40] «Əl-Cəməl», səh.157

[41] «Tarixi-Təbəri», 3-cü cild, səh.498

[42] «Əl-Cəməl», səh.168

[43] «Əl-Cəməl», səh.167-170

[44] «Nəhcül-bəlağə», 31-ci xütbə

[45] «Kamil», (İbni Əsir) 3-cü cild, səh.29

[46] «Əl-Cəməl», səh.178-179

[47] «Tarixi-Təbəri», 3-cü cild, səh.250

[48] «Kamil» (İbni Əsir), 3-cü cild, səh.243

[49] «Əl-Cəməl», səh.172

[50] Şeyx Müfidin «Cəməl» kitabında Qeys ibni Übadənin adı çəkilir ki, ehtimal üzrə Qeys ibni Sə`d ibni Übadədir.

[51] «Nəhcül-bəlağə», 11-ci xütbə

[52] «Nəhcül-bəlağə»nin şərhi, (İbni Əbil-Hədid), səh.244

[53] «Nəhcül-bəlağə»nin şərhi, (İbni Əbil-Hədid), 1-ci cild, səh.265

[54] Yenə orada, səh.257-267

[55] «Ənfal» surəsi, 17

[56] «Əl-Cəməl», səh.196-198; «Tarixi-Təbəri», 3-cü cild, səh.539

[57] «Tarixi İbni Əsir», 3-cü cild, səh.242-244; «Əl-Cəməl», səh.204

[58] «Nəhcül-bəlağə»nin şərhi, (İbni Əbil-Hədid), 1-ci cild, səh.235; «Tarixi-Təbəri», 3-cü cild, səh.540; «Əl-Cəməl», səh.209

[59] «Əl-Cəməl», səh.223

[60] «Tarixi-Təbəri», 3-cü cild, səh.543

[61] İbni Əbil-Hədid müharibənin davam etmə müddətini iki gün hesab edir

[62] «Nəhcül-bəlağə», 71-ci xütbə (İmam bu sözlə bir neçə qeybi hadisədən xəbər vermişdir.)

[63] «Tarixi-Təbəri», 2-ci cild, səh.543; «Vəsailüş-şiə», 11-ci cild, cihad bölməsi, 25-ci fəsil

[64] İbni Əbil-Hədid bu barədə başqa bir fikir söyləyərək deyir: İmam döyüş meydanında olanların hamısını götürdü və öz əsgərlərinin arasında bölüşdürdü.

[65] «Sireyi İbni Hişam», səh.639

[66] «Nəhcül-bəlağə»nin şərhi, (İbni Əbil-Hədid) səh.348

[67] «Nəhcül-bəlağə»nin şərhi, (İbni Əbil-Hədid), 1-ci cild, səh.348

[68] «Nəhcül-bəlağə»nin şərhi, (İbni Əbil-Hədid), 1-ci cild, səh.348

[69] «Usdul-ğabə», 2-ci cild, səh.152

[70] «Tarixi-Təbəri»,3-cü cild, səh.545

[71] «Nəhcül-bəlağə», 130-cu və 515-ci xütbələr

[72] «Əl-Cəməl», səh.218

[73] «Nəhcül-bəlağə», 21-ci xütbə

[74] «Nəhcül-bəlağə», 196-cı xütbə

[75] «Tarixi-Təbəri», 3-cü cild, səh.547

[76] «Əl-Cəməl», səh.221

[77] «Tarixi İbni Əsir», 3-cü cild, səh.268

[78] Yenə orada, 3-cü cild, səh.545-565

[79] «Tarixi-Cəməl», səh.324

[80] «Tarixi-Təbəri», 3-cü cild, səh.546

 

 

Copyright 2008 © Imamhuseyn.org