Əsas » Məqalələr » CUMƏ XÜTBƏLƏRİ » ŞAMAXI ŞƏHƏR İMAMZADƏ MƏSCİDİNİN CÜMƏ XÜTBƏLƏRİ (07.X.2011)


Xətib: Hacı Elşən Rüstəmov  

                                        

                                  1ci XÜTBƏ 

 

           Əssəlamu ələykum və rəhmətullah. Bismillahir rəhmanir rəhim. Əlhəmdulillahi rəbbil aləmin. Vəssəlatu vəssəlamu. Əla  seyyidina və nəbiyyina əşrəfil ənbiyayi vəl mürsəlinə əbil Qasimi Muhəmməd (s). Və əla alihi və əhli-beytihit teyyibinət tahirinəl məsumin.

 

 Usikum və nəfsi bi təqvallah.

 

 Sizə və özümə ilahi təqvaya əməl etməyi tövsiyyə edirəm. 

 

      Mövzu: "Tövbə surəsinin 100-cü ayəsinin təfsiri və Peyğəmbər (s)-ı qəbul edən birinci şəxs kim olmuşdur? "

 

     Allah-təala həmin ayədə buyurur:

   "(İslamı) İlk əvvəl qəbul edib (başqalarını bu işdə qabaqlayan) mühacirlərə və ənsara, həmçinin yaxşı işlər görməkdə onların ardınca gedən kimsələrə gəldikdə isə, Allah onlardan, onlar da Allahdan razıdırlar. Allah onlar üçün əbədi qalacaqları, (ağacları) altından çaylar axan Cənnətlər hazırlanmışdır. Bu ən böyük qurtuluş və uğurdur."

     Xülafə məktəbinin görkəmli alimi Hakim Həskani bu ayə haqqında Həmid ibn Qasim ibn Həmid ibn Əbdurrəhman ibn Oufdan belə bir hədis nəql edir:

    "Bu ayədə olan (İslamı) ilk əvvəl qəbul edib (hamıdan) irəli düşən (sabiqun) ifadəsində Qüreyşdən olan 6 nəfərin əvvəlincisi Əli ibn Əbu Talib (ə) nəzərdə tutulmuşdur." (Şəvahiddud-Tənzil, cild 1, səh 254, hədis 242)

    Hakim Həskani həmin kitabın cild 1, səh 254, hədis 243-də buyurur ki, həmin 6 şəxs bunlardır: Əli (ə), Həmzə, Əmmar, Əbuzər, Səlman, Miqdad.

    Ayədə deyilən mühacirlər kəlməsi Məkkədən Mədinəyə hicrət edənlərə deyilir. Ənsar kəlməsinin mənası isə Peyğəmbər (s)-a kömək edən Mədinələlilərə deyilir. Alimlərin əksəriyyəti səhabəni görüb Peyğəmbər (s)-ı görməyənlərə tabein deyirlər. Amma ayədə göstərilən "tabeinə bi ihsan" yəni bütün dövrlərdə yaxşı işlər görməklə İslamın əvvəlində olanların ardıcıllarının hamısı tabein kəlməsinə aid olur. Allah onlardan razıdır, ona görə ki, onlar Allahın razılığına səbəb olan işlər görmüşlər. Onlar da Allahdan razıdır, ona görə ki, Allah onlara yaxşı olan mükafatlar vermişdir. Onlar Cənnət əhlidirlər, onlar nicat tapmışlardır.

   Bu ayənin təfsirində iki sual meydana çıxır:

   

   1-ci. Allahın ayədə buyurduğu ilk qabaqcıl müsəlman kimdir?

   2-ci. Həqiqətən bütün səhabələr saleh şəxslər olmuşlarmı?

  Birinci xütbədə birinci sualın cavabını aydınlaşdıraq.

   Ayədə zikr olunan İslamı qəbul edən ilk qabaqcıllar kəlməsi təfsirçilərin və ümum İslam alimlərinin diqqətini cəlb etmişdir. Sual meydana çıxmışdır ki, İslamı birinci qəbul edən kim olmuşdur? Bu sualın cavabında bütün alimlər bu fikirdədirlər ki, ilk müsəlman Peyğəmbər (s)-in fədakar və vəfalı həyat yoldaşı Xədicə (s.ə.) olmuşdur. Bütün əhli-beyt məktəbinin alimləri və xulafa məktəbinin alimlərinin də əksəriyyəti kişilərdən Əli (ə)-ın birinci olaraq Peyğəmbər (s)-in dəvətini qəbul etməsi qənaətindədirlər.

    Hakim Nişaburi "Müstədrəkü-Ələs-Səhiheyn" əsərində (kitabul-Mərifət), səh 22 də belə yazır:

    "Tarixçilər arasında Əli ibn Əbu Talib (ə)-ın İslamı birinci qəbul etməsi haqqında heç bir mübahisə yoxdur. Təkcə Əli (ə)-ın İslamı qəbul edərkən həddi-buluğ yaşında olmaması ixtilafı vardır." (Təfsiri-Qurtəbi, cild 5, səh 3075)

     İbn Əbdulbər "İstiyab" əsərində cild 2 səh 457-də belə yazır:

    "Əvvəl Xədicə (s.ə.) sonra isə Əli (ə) Allaha və Peyğəmbərinə iman gətirərək həmfikir oldular." (Əl-Qədir, cild 1, səh 337-338)

     Əbu Cəfər Əskəlani-Mötəzili yazir ki, bütün alimlər Əli (ə)-ın İslamı birinci qəbul etməsini rəvayət etmişlər (söyləmişlər). (Əl-Qədir, cild 3, səh 337-338)

     Peyğəmbər (s) buyurur:

     "İslamı ilk əvvəl qəbul edən Əli ibn Əbutalib (ə) Kövsər hovuzunun yanında da birinci mənə qovuşacaqdır."

     Bu hədisi "Əl-istiyab fi-mərifətil-əshab" cild 3, səh 28, Əl-Qədir kitabında, Müstədrəkül-Hakim cild 2, səh 136 və "İstiyab" cild 3, səh 457, və İbn Əbil Hədid cild 3, səh 257-də yazmışlar.

     Xulafa məktəbinin alimlərindən Təbərani, Beyhəqi, Meysəmi "Məcməə" kitabında, Hafiz Gənci "Kifayət" kitabında, "Əkmal" və "Kənzül-Ümmal" kitablarında aşağıdakı hədisi qeyd etmişlər:

     "Peyğəmbər (s) Əli (ə)-ın əlindən tutub buyurdu:

     "Həqiqətən mənə birinci iman gətirən və qiyamətdə mənimlə birinci görüşən budur (Əli (ə)). Və bu Sadiqi-Əkbərdir (düzdanışan vəfalı dost)."

     Əbu Səid Xidri Peyğəmbər (s)-dan bir çox hədislər nəql edərək Əli (ə)-ın İslamı birinci qəbul etməsini bəyan edir. (Əl-Qədir, cild 3, səh 220-240; "İlhaqul-haqq" kitabı, cild 3, səh 114-120).

     Əli (ə)-ın İslamı ilk əvvəl qəbul etməsini inkar edə bilməyənlər müxtəlif yollarla həqiqəti inkar etməyə çalışmışlar. Bəziləri də Əli (ə)-ın yerinə Əbu Bəkrin brinci müsəlman olmasını sübut etməyə  cəhd göstərmişlər. Yaxud da Əli (ə)-ı birinci iman gətirməsinin əhəmiyyətini azaltmağa səy göstərərək Əli (ə)-ın 10 yaşında olmasını qabartmışlar. Onun həddi-buluğ yaşında olmamasına görə düşmənlər müqabilində dura bilməməsini bəhanə gələrək iman gətirməsinin  əhəmiyyətinin az olmasını Fəxr-Razi öz təfsirində həmin ayənin izahında yazmışdır. Həqiqətən belə bir iddianın edilməsi çox qəribədir. Əslində bu iddia Peyğəmbər (s)-in şəxsiyyətinə irad tutmaq deməkdir. "Yaumud-dar" günü - yəni Peyğəmbər (s) yaxınlarını qonaq çağırıb, öz Peyğəmbərliyini və İslamı bəyan etdikdə, Əli (ə)-dan başqa heç kəs Peyğəmbər (s)-i və İslamı qəbul etmədi. Peyğəmbər (s) Əli (ə)-ın İslamını qəbul edərək, hamıya elan etdi:

    "Ey Əli! Sən mənim qardaşımsan, sən mənim vəsimsən, sən mənim xəlifəmsən (canişinim)."

     Bu hədisi əhli-beyt və xulafa məktəbinin hədisşünasları, tarixçiləri səhih sənədlərlə öz kitablarında yazmışlar. Hədisdən məlum olur ki, nəinki Peyğəmbər (s) 10 yaşlı Əli (ə)-ın ilk əvvəl iman gətirməsini qəbul etmiş, hətta onu özünün qardaşı, vəsisi və canişini olmasını da elan etmişdir. Bu hədisi Əbu Cəfər Əskafi "Nəhcül-Osmaniyə" kitabında, Bürhanəddin "Ənba-nəcəbul-ənba" kitabında, İbn Əsir "Kamil" kitabında və başkaları da yazmışlar. Daha geniş məlumat üçün "Əl-Qədir, cild 2, səh 278-286"-ya müraciət etmək olar.

     Əl-Mənar təfsirinin təəssübkeş müəllifi Məhəmməd Rəşid Rza (1865-1935) Əli (ə)-ın İslamı ilk dəfə qəbul etməsinin əhəmiyyətini azaltmağa çalışaraq yazır ki, qadınlardan İslamı birinci qəbul edən Xədicədir, kişilərdən islamı birinci qəbul edən  Əbu Bəkrdir, uşaqlardan İslamı birinci qəbul edən isə Əlidir.

     Qeyd etmək lazımdır ki, o dövrdə Əli (ə)-ın yaşının az olması heç bir vəchlə müzakirə mövzusu  olmamışdır. Dəlili budur ki, Quran yaş barəsində xüsusilə Həzrət Yəhya (ə)-ın haqqında buyurur:

     "Biz uşaq ikən ona hikmət (Peyğəmbərlik) verdik." (Məryəm surəsi, ayə 12)

     İsa (ə) barəsində Allah-təala buyurur:

     "(Allahdan bir möcüzə olaraq körpə dilə gəlib) dedi:

     "Mən həqiqətən Allahın quluyam. O mənə kitab (İncili) verdi, özümü də Peyğəmbər etdi." (Məryə surəsi, ayə 30)

     Bu ayələr ilə Peyğəmbər (s)-ın Əli (ə)-mı özünə qardaş, vəsi, xəlifə və canişin təyin etməsini müqayisə etdikdə "Əl-Mənar" müllifinin qərəzli münasibətinin əsassız təəssübkeşliyinin iç üzü açılır.

     Əbu Bəkrin İslamı qəbul edənlərin 3-sü olması tarixi baxımdan inanılası deyildir. Hədis və tarix kitablarına əsasən ondan əvvəl bir çoxlarının İslamı qəbul etməsi məlum olur. Tarixçilər yazırlar ki, Əli (ə) və Xədicə (s.ə.)-dən sonra Peyğəmbər (s)-ə iman gətirən Zeyd ibn Harisə olmuşdur. O, İslamdan bir neçə il qabaq qul kimi Xədicə (s.ə.)-nin evinə gəldi. Peyğəmbər (s) onu Xədicə (s.ə.)-dən alıb azad etdi. (Bəzi mənbəələrdə Xədicə (s.ə.) Zeydi Peyğəmbər (s)-a bağışladı). Lakin yenə də o həmin evdə qaldı. Və Peyğəmbər (s)-ın oğulluğu kimi tanındı. Zeyddən sonra bir neçə şəxs müsəlman oldu. O cümlədən Əbazər; Qəffari (onun əsl adi Cündəb ibn Cünadədir) sonra isə Cəfər ibn Əbu Talib və həyat yoldaşı Əsma; Əbdullah ibn Məsud; Əmma ibn Yasir; Səhib ibn Sənan; Ubeydə ibn Haris; Əbdullah ibn Cəhiş və başqaları.

   Məhəmməd ibn Səəd atası Səəd ibn Əbu Vəqqasdan belə soruşdu:

   "Sizlərdən İslamı ilk qəbul edən Əbu Bəkrdirmi?" Səəd dedi:

   "Xeyr! Ondan əvvəl heç bir tərəddüd etmədən 50-dən  çox  kişi İslamı qəbul etmişdir." (Tarixi-Təbəri, cild 1, səh 540)

    Əli (ə) özünün birinci mömin müsəlman olmasını və birinci dəfə Peyğəmbər (s)-lə namaz qılmasını dəfələrlə etiraf etmişdir. Bununla da öz İslami mövqeyini ətrafdakılara aydınlaşdırmışdır. O, Həzrət buyurur:

    "Mən Allahın bəndəsi, Peyğəmbər (s)-in qardaşı, çox doğru danışan bir şəxsəm. Bu sözü məndən başqa kim deyərsə (iddia edərsə) bilinki o yalançıdır. Mən camaatdan 7 il qabaq Peyğəmbər (s)-lə birgə namaz qılmışam." ("Tarixul-Uməm-Vəl-mulk", cild 2, səh 57)

      Həzrət Əli (ə) Nəhcül-Bəlağədə "Qaiyə" xütbəsində buyurur:

     "O vaxt İslam dini Xədicə (s.ə)-nin evindən başqa digər bir yerdə yox idi. Mən isə onların 3-sü idim. Vəhy və nübüvvət iyini duyur və görürdüm."

      İslam alimləri və tarixçiləri söyləmişlər:

     "Həftənin 1-ci günü Məhəmməd (s) peyğəmbər seçildi və Əli (ə) səhərisi gün onunla birgə namaz qıldı." (İbn Əbil-Hədid, "Sərhi-Nəhcül-Bəlağə", cild 13, səh 229)

    Yenə də İbn Əbil-Hədid Nəhcül-Bəlağənin şərhində 208-ci səhifədə yazır:

   "Əli (ə) əvvəldən İbrahim peyğəmbərin şəriətində olmuşdur. O, təkallahlığa inanmış və əsla bütpərəst olmamışdır."

     Yəni Əli (ə)-ın İslamı qəbul etməsi o mənada deyil ki, o bütpərəstlikdən əl çəkərək İslamı qəbul etmişdir. Ancaq Peyğəmbər (s)-in  digər səhabələrinin İslamı qəbul etməsi o mənadadır.

     Bu deyilənlərdən əlavə İbn Əbil-Hədid və xülafə məktəbinin digər tanınmış alimi Əbu Cəfər Əskafi Mötəzili yazmışlar ki, bəziləri Əbu Bəkrin İslamı birinci qəbul etməsini deyirlər. Bəs nə üçün onun özü İslamı birinci qəbul etməsini heç bir dəfədə olsun etiraf və təsdiq etməyib? Eləcə də onun tərəfdarları olan səhabələrdən heç biri onun İslamı birinci qəbul etməsini İddia etməyiblər . (Əllamə-Əmini "Əl-Qədir" cild 2, səh 240)

 

                        Bismillahir rəhmanir rəhim. Qul huvallahu əhəd. Allahus səməd. Ləm yəlid vələm yuləd. Vələm yəkun ləhu kuhuvan əhəd.

 

 Sadaqallahul əliyyul əzim.

 

 

 

 

 

 

 

                                                      2-ci XÜTBƏ

 

             Bismillahir rəhmanir rəhim. Əlhəmdulillahi rəbbil aləmin. Vəssəlatu vəssəlamu əla Rəsulillah. Və əla Əliyyin əmirilmuminin. Və ələs siddiqətittahirə. Və əla sibtəyirrəhmə. Əl Həsəni vəl Hüseyn. Və əla Əliy ibnil Hüseyn. Və Muhəmməd ibni Əli. Və Cəfər ibni Muhəmməd. Və Musa ibni Cəfər. Və Əliy ibni Musa. Və Muhəmməd ibni Əli. Və Əliy ibni Muhəmməd. Vəl Həsən ibni Əli. Vəl xələfil Hadiyil Məhdi (ə.c.).

 

 

       Mövzu: "Davamı - Həqiqətən bütün səhabələr saleh şəxslər olmuşlarmı? "

 

       Xülafə məktəbinin alimləri adətən belə hesab edirlər ki, Peyğəmbər (s)-in bütün səhabələri pak, düzgün, günahsız, əməli saleh şəxslərdir. Eyni zamanda Cənnət əhlidirlər.

       Xülafə məktəbinin aəlimlərinin əksəriyyəti Tövbə surəsinin 100-cü ayəsinin təfsirində yazıblar ki, Həmid ibn Ziyad deyir:

     "Məhəmməd ibn Kəəb Qərzinin yanına gedib Allahın Rəsulunun səhabələri haqqında soruşdum ki, onların haqqında nə deyə bilərsən? O dedi:

     "Peyğəmbər (s)-ın bütün səhabələri istər günahkar və pis əməl sahibi olsunlar istərsə də yaxşı əməl sahibi, hamısı cənnətlikdirlər."

      Dedim, bu sözlərə sübutun var? O, bu ayəni oxudu:

     "(İslamı) İlk əvvəl qəbul edib, başqalarını qabaqlayan mühacirlərə və ənsara... - ayənsinin bu yerində Allah-təala buyurur ki, Allah onlardan razidir, onlarda Allahdan."

      Sonra Məhəmməd ibn Kəəb dedi:

     "Amma tabeinin barəsində bir şərt vardır. O da bundan ibarətdir ki, onlar əgər yaxşı işlər görməklə səhabənin yolunu gedərsə, yalnız bu surətdə nicat (qurtuluş) əhlidirlər. Amma səhabələrə belə bir şərt (məhdudiyyət) qoyulmamışdır." ("Təfsiri-"Əl-Mənar", "Təfsiri Fəxr Razi" - Tövbə surəsinin 100-cü ayəsinin təfsirində.)

      Əlbəttə, belə bir iddia bir çox dəlillərə əsasən qəbul edilməzdir:

     1-ci dəlil: Ayədə göstərilmiş hökm, yəni Allah onlardan, onlar da Allahdan razıdırlar kəlməsi tabeinə də aid edilmişdir. Tabein o kəslərdir ki, ilk əvvəl İslamı qəbul etmiş mühacir və ənsarın yolu ilə gedib, onların ardıcılları olsunlar. Buna əsasən ayədə göstərilən bütün müsəlmanlar - mühacir, ənsar, tabein hamısı istisnasız  olaraq nicat əhlidirlər. Amma, Məhəmməd ibn Kəəbin cavabında deyilir ki, Allah-təala tabein (kəlməsin) də onlara yaxşı işlər görməyi qeyd etdiyi üçün, səhabənin yaxşı əməllərinin dalınca getsinlər, nəinki pis əməllərin dalınca. Əgər yaxşı əməllərinin dalınca getsələr nicat əhlidirlər. Deməli, səhabənin əməllərinin pis və yaxud yaxşı olmasına baxmayaraq səhabələr Cənnət əhlidirlər. Amma tabein səhabənin yaxşı əməllərinin ardıcılı olsalar Cənnət əhlidirlər, lakin pis əməllərinin ardıcılı olsalar nicat və Cənnət əhli deyirlər. Çox qəribə bir dırnaqarası məntiqdir.

     2-ci dəlil:  Məhəmməd ibn Kəəbin hədisində olan açıqlama əqli dəlilə əsasən heç bir vəchlə həqiqətə uyğun deyildir. Əgər səhabə yaxşı da olsa, pis də olsa Cənnət əhlidirlərsə Əbu Cəhllərlə, əvvəldə iman gətirib sonra isə imansız olanlar arasında nə fərq vardır?!  

     Nə üçün o kəslər ki, uzun illər və əsrlərdən sonra yaşayaraq Peyğəmbər (s)-ın zamanında olan səhabələrindən, onların İslam yolunda çox zəhmətli fədakarlıqları az olmadığı halda, Peyğəmbər (s)-i görmədən ona iman gətirdikləri halda, Allahın ayədə buyurduğu rəhmət və razılığı onlara aid edilməsin?

     Quranda Allah-təala buyurur ki, sizin Allah yanında ən hörmətliniz sizin təqvalı və pəhrizkar olanlarınızdır. (Hücurat surəsi, ayə 13)

     Deməli, təqvadan uzaq olmaq, əsl-nəsəb, vəzifə, dövlət şərt sayılmır. Hədisdə göstərilən məlum qeyri-məntiqi fərqləndirmə hansı kinin təzahürüdür? Belə bir qeyri-səmimiyyəti azacıq ağlı olan heç bir bəşər övladı qəbul etməz. Quranda Allah-təala müxtəlif ayələrdə zalımlara və fasiqlərə lənət edərək onları Cəhənnəm əhli adlandırır. Səhabənin günahkarlarının qeyri-məntiqi müdafiəsi Allahın ayələrinin inkarı deyilmi? Məgər Quranda olan əzab ayələri istisnadırmı? Bəzi günahkarlara aiddir, bəzilərinə isə aid deyildir? Niyə və nə üçün?!

     Allah-təala "Zilzal" surəsinin 7 və 8-ci ayələrində buyurur:

   "Kim dünyada zərrə qədər yaxşı iş görmüşdürsə, onun xeyrini görəcəkdir (mükafatını alacaqdır). Kim zərrə qədər pis iş görmüşdürsə onun zərərini də görəcəkdir (cəzasını çəkəcəkdir)."

     Uca olan Allahın qanunları heç kimə, eləcə də səhabəyə haqq vermir ki, onlar üçün hər yerdə yaşıl işıq olsun. 

      3-ci dəlil: Hədisdə göstərilmiş "səhabələrin yaxşısı da, pisi də hamısı Cənnət əhlidir" düşüncə tərzinin İslamın tarixi kökləri ilə heç bir bağlılığı yoxdur. Ona görə ki, bir çoxları bir müddət mömin mühacir və ənsarların sırasında olduğu halda, sonradan haqq olan yoldan uzaqlaşdılar.

     Tövbə surəsinin 75-ci ayəsinin şəni-nüzulunda Peyğəmbər (s)-in səhabəsi olan Səələbə ibn Xatib Peyğəmbər (s)-dən xahiş etdi ki, ey Peyğəmbər. mən kasıbam dua elə malım artsın. Peyğəmbər (s) buyurdu:

    "Az malına (sərvətinə) şükr etsən yaxşıdır. Malın çox olsa gərək onun haqqını əda edəsən, xums-zəkatını verəsən."

     Səələbə and içdi ki, xums, zəkat və ehsanatı əda edəcəm. Peyğəmbər (s) dua elədi. Onu malı artdı. Qoyunları o qədər çoxaldı ki, Mədinəyə sığmadı. Ona görə də ətraf yerlərə getdi. Peyğəmbər (s) zəkat almaq üçün onun yanına adamlar göndərdi. Səələbə paxıllığ və xəsisliyinə görə heç bir şey vermədi. Nəticə də pis və günahkar oldu. Yəni yaxşı səhabə döndü oldu pis səhabə. Alllah, Peyğəmbər (s) və bütün müsəlmanlar ondan narazı qaldı.

 Peyğəmbər (s)-in qəzəbi Allahın qəzəbi ilə eyni olduğu üçün haqq yolunu azmışlar Allahın və Peyğəmbər (s)-ın qəzəbinə düçar olurlar.

    Əhzab surəsi, ayə 57-də Allah-təala buyurur:

 "Allahı və onun Peyəmbərini incidənlərə Allah dünyada və axirətdə lənət eləmiş (Öz rəhmətindən qovmuş). Və onlar üçün həqarətli (təhqiredici) bir əzab hazırlamışdır."

     Əgər həqiqətən xülafa məktəbinin nəzəri budur ki, Peyğəmbər (s)-in səhabəsinin ümumiyyətlə heç bir günahı yoxdur, bütün günahlardan pak və eybsizdirlər, əslində belə düşünmək inkar olunmaz həqiqətləri görməmək və eşitməməkdir.  Başqa cür desək əgər onların nəzəri budur ki, düzdür, bəzi səhabələr günahkar olublar, İslama, bəşəriyyətə və insanlığa zidd olan işlər də görüblər, lakin bütün bunlara baxmayaraq, yenə də Allah onlardan razıdır. Onda belə məna çıxır ki, Allah günah etməyə razıdır - icazə verib.

    "Cəməl" müharibəsinin səbəbkarı olan Təlhə və Zübeyr əvvəldə Peyğəmbər (s)-ın xas səhabələrindən idi. Həmçinin Peyğəmbər (s)-ə yaxın olan Xanım da. Cəməl müharibəsinin səbəbkarı olan bu şəxslər xilafətin əleyhinə müharibə etdilər. Nəticədə ən azı 17 min nəfər müsəlmanın qanının axıdılmasına səbəbkar oldular.

    Can-fəşanlıq edib, müxtəlif bəhanələr gətirməyə çalışanlar heç cür günahkarları təmizə çıxarda bilməzlər.      

     Güman edək ki, Peyğəmbər (s)-in vəsisi olan Əli (ə) Allah və Peyğəmbər (s) tərəfindən xəlifə təyin edilməmişdir. Elə ancaq müsəlmanların icması tərəfindən xəlifə təyin edilmişdir. Məgər bu düzgündür ki, xəlifənin və onun vəfalı dostlarının həmçinin Peyğəmbər (s)-in əhli-beytinin əleyhinə qılınc çəksinlər? Məgər qan tökənlərdən Allah razıdır?

    İslam dinində insanın şəxsiyyəti iman və saleh əməllərlə dəyərləndirilir. Həqiqətən, "səhabəni paklaşdırmaq" fərziyyəsinin tərəfdarları iki ayaqlarını bir başmaqa qoyaraq İslamın insanı yaxşı işlərlə qiymətləndirilməsi meyarını əhəmiyyətsiz etməyə çalışırlar.

     Ayədə göstərilən "Allahın razılığı kəlməsi" 4 əsas üzərində qurulmuşdur: "Hicrət"; "Nüsrət"(köməkçi) ; "İman"; "Saleh əməl".

     Bu 4 əsasın cəmləşdiyi səhabə və tabeinlərə Allahın rizayətinin aid olması ayədə açıq aşkar bəyan edilmişdir. Ayədə göstərilən 4 əsasdan uzaqlaşan səhabə və tabein isə Allahın razılığından da uzaqlaşmışlar. Bütün deyilənlərdən məlum olur ki, "Təfsiri Fəxr-Razi"-nin və "Təfsiri Əl-Mənar"-ın müəlliflərinin mənfi təəssübkeşliyinə baxmayaraq həqiqət günəş kimi aydındır.

     Qurana, tarixi həqiqətlərə, ağıla və məntiqə əsaslanaraq haqqı söyləyənlərin günahı yoxdur.

 

                             Daş gəlib dəysə qızıl kuzəyə,

                             Daş daşlığında qalar, qızıl da qızıllığında.  

 

      Allahı and verirəm izzəti-cəlalına, Peyğəmbər və əhli-beytinin hörmətinə müsəlmanları bir-biri ilə mehriban eləsin və zalımlar üzərində qələbəyə çatdırsın.

                  Bismillahir rəhmanir rəhim. Qul huvallahu əhəd. Allahus səməd. Ləm yəlid vələm yuləd. Vələm yəkun ləhu kuhuvan əhəd. 

 

Sadaqallahul əliyyul əzim

 

Copyright 2008 © Imamhuseyn.org