Əsas » Məqalələr » İSLAM FƏLSƏFƏSİNDƏ İRADƏ AZADLIĞI PROBLEMİ
İSLAM FƏLSƏFƏSİNDƏ İRADƏ AZADLIĞI PROBLEMİ

İnsanın iradə azadlığı problemi dərin keçmişə malikdir və qədim zamanlardan filosof və mütəfəkkirlərin diqqətini cəlb etmişdir. Bu bəhsin təfəkkür sahəsindəki tarixi zaman-zaman inkişaf etmişdir. İslam mədəniyyəti tarixində iradə azadlığı problemi hicri birinci əsrinin (miladi təqvimlə 7-ci əsr) birinci yarısından mövcuddur. Bu məsələyə fərqli yanaşmalar İslam mədəni bölgəsi fəlsəfi-teoloji fikrində müxtəlif istiqamətli kəlami məktəblərin yaranmasına səbəb olmuşdur.

Qeyd etmək lazımdır ki, qoyulan məsələnin necə dərk edilməsi ilə insanın dünyagörüşü, qurduğu həyat tərzi, əməlləri üçün məsuliyyət hissi və bütövlükdə sürdüyü həyatı sıx şəkildə bağlıdır. İradə azadlığının inkarı, məsələnin fatalist həlli insana məsuliyyətsizlik ruhu aşılayır və onu həyatda passivliyə sürükləyir. İradə azadlığının qəbulu isə, tam əksinə olaraq, insanı hər bir əməlinə görə məsuliyyət daşımasına, tale yüklü problemlərin həllində öz yerini görməsinə, bununla da həyati proseslərdə aktiv iştirakçıya çevrilməsinə sövq edir.

İnsanın iradə azadlığı ilə bağlı iki sual diqqəti cəlb edə bilər. Onlardan biri - «insan iradəsi azaddırmı?» və ikincisi isə - «insanın əməllərinin səbəbi ilahi təqdir və ya təbiətin, həyatın qanunauyğunluqları ilə bağlıdır?» sualıdır.

Bu suallar birbaşa insanın taleyi ilə bağlı olduğu üçün tarixən düşüncə obyekti olub və onların cavabları müxtəlif ideoloji məktəb və yönümlər çərçivəsində özlərinə yer tapıb.

İradə azadlığı insanın daxili aləminin gerçək  aləmdə təzahür tapmasının açarıdır və təsadüfi deyil ki, onun real azadlığının əsası olduğu üçün günümüzədək öz əhəmiyyətini itirməmişdir. Azadlıq bəşər övladının tarixən nail olmağa, əldə etməyə çalışdığı ən ülvi məqamlardan biridir. Bəşəriyyət tarixi insanın qulluq girdabından azadlıq səviyyəsinə yüksəlişi cəhdləri faktları ilə zəngindir. Keşməkeşli tarix boyu fərd digər fərdin, bu və ya digər qurumun, hətta hansısa psixoloji, ideoloji sistemin qulu olmasından tutmuş öz nəfsinə qul olma faktlarınadək quldarlıq ab-havasına məhkum olmuşdur. Bu da məlumdur ki, o, zaman-zaman bu məhkumluğu ilə barışmamış, iradə azadlığını bəyan edərək məhkumluğuna qarşı mübarizəyə qalxmışdır. Həmin mübarizə fərdin, şəxsiyyətin öz azadlığı uğrunda apardığı mübarizədə əksini tapmış, başqa sözlə,  insanın real azadlıq uğrunda əməli fəaliyyətinin onun dərk edilmiş və bəlkə də kortəbii, öz iradə azadlığına daxili inamı olmuşdur.

Azadlıq anlamı məhdudiyyət, əsirlik və məcburiyyət anlamlarının antonimidir. Başqa sözlə azadlıq, qarşıda maneənin olmamasıdır. Lakin bu anlamın insan iradəsinə şamil olunması, insanı ifaçı və icraçı səviyyəsindən yaradıcı ülviliyinədək ucaldır. Heç də təsadüfi deyil ki, dünya və o cümlədən İslam fəlsəfəsində bir çox cərəyanlar müxtəlif tərzdə məsələyə yanaşaraq insan iradəsinin azad olub-olmaması ilə bağlı fərqli nəzəriyyələr irəli sürmüşlər.

İslam mədəniyyəti bölgəsində iradə azadlığı məsələsi ilə bağlı mövcud olan dini fəlsəfi görüşləri üç qismə bölmək mümkündür:

1. Cəbərilik (insanın iradə azadlığını inkar edən dini-fəlsəfi cərəyan);

2. Qədərilik (insanın tam azad olduğunu irəli sürən dini-fəlsəfi cərəyan);

3. Orta yol (iradə azadlığını qəbul edən, lakin bir tərəfdən tam məcburiyyəti, digər tərəfdən isə tam azadlığı inkar edən «əl-əmru beynəl-əmreyn» adlanan dini-fəlsəfi cərəyan).

Qoyulan problemə münasibətinə görə, müsəlman sxolastik cərəyanları içərisində öz görüşlərində son dərəcə ifrata varmış iki mühüm firqə - cəbərilər və qədərilər adı altında məşhur cərəyanlarla rastlaşırıq.

İslamın ilk çağlarından bir sıra ilahiyyat və ilahiyyat fəlsəfəsilə məşğul olan şəxslərin müəyyən ayə və hədislərə əsaslanması və zəmanənin hakim şəraitinin müəyyən təsirilə insanın iradə azadlığını inkar edən cəbərilik görüşləri təşəkkül tapır.

Cəbərilik (ərəbcə «əl-cəbəriyyə») - qədəriliyin əksi olan - Allahı aləmdə mövcud hərəkətlərin yeganə həqiqi müəllifi (fail həqiqi, fail bil-həqiqə) sayan və bundan irəli gələrək insanın öz əməllərində azad deyil, məcbur olduğunu qəbul edən əqidə sahiblərinə verilən addır.

Hicri ikinci əsrdən sonra ən çox tərəfdara malik məktəblərdən olan cəbərilik iradə azadlığı məsələsinin fatalist həlli ilə tanınırdı. Cəbəri görüşlərinin çıxış nöqtəsi bir sıra Quran ayələri və hədislərin zahiri mənalarına bağlılıq olmuşdur. Lakin, bu təlimin təşəkkül və yayılmasında dövrün siyasi-ictimai şəraiti də olduqca əhəmiyyətli rol oynamışdır.

Cəbərilik bir ideya mövqeyi kimi qəza və qədər fenomeni və onun insanın əməlləri ilə əlaqəsinə özünəməxsus yanaşma və təfsirdən meydana gəlmiş; getdikcə bu mövqe dərinləşərək və genişlənərək hicri birinci əsrin birinci yarısından özünü cəbərilik və ya cəbr məktəbi kimi tanıtdırmışdır.

     İlkin dövrlərdə əhli-sünnədən olan hədis əhli və IX əsrdə formalaşmış əşərilik kəlam məktəbi bu və ya digər çalarları ilə cəbərilik xəttinə uyğun olaraq, hər bir baş verən hadisənin müəllifi kimi yalnız Allahı hesab etmiş, insanı isə fellərin həyata keçməsində ilahi iradənin icraçısı kimi qəbul etmişlər. Onlardan bir qrupu yaradılışda tövhid nəzəriyyəsinə (təkallahlığa) ardıcıllıqla riayət etmək üçün bütün varlıqları və mövcud yaxşı və pis əməlləri heç bir vasitə olmadan birbaşa Allaha aid edir və bu yolda hətta insanın əməllərində onun ixtiyarını tam rədd edərək insanı cansız əşya və bitki kimi qələmə vermişlər. Bu hal hədis əhlində daha qabarıq şəkildə özünü göstərmişdir.

Əşərilər isə insanın əməllərində onun özünün də müəyyən rol oynamasını göstərməyə çalışaraq «kəsb» fenomenini irəli sürmüşlər. Lakin bununla belə onlar yenə də insanın əməllərində onun azad iradəsini qəbul etməmiş və əslində cəbəri mövqeyindən yaxa qurtara bilməmişlər.

Cəbərilərin təliminə əsasən belə nəticə hasil olur ki, Yer üzündə heç kəs etdiyi əməllərinə görə məsuliyyət daşımır. Belə ki, əgər fail (felin icraçısı) Allahdırsa, onda günahkar insanın günahını törədən də Allahdır. Bu isə Quranın ruhuna və bütövlükdə İslamın Allah haqqında təsəvvürünə ziddir. Qurana görə insan etdiyi əməllərin qarşılığı olaraq yaxşı işlərinə görə mükafatlanır və pis işlərinə görə cəzalanır. Yəni, Allah insanları məhz sınamaq üçün yaratmış, yaxşı ilə pisi seçməyə əql vermiş, doğru yolla azğınlıq yolunu göstərmək üçün peyğəmbərlər göndərmişdir. Allah insanlara doğru yolu seçməyi tövsiyə etmiş, lakin onları buna məcbur etməmişdir. Aşağıdakı ayələrdən bu təmamilə aydın görünür:

«Dində məcburiyyət yoxdur. Artıq doğru yol (iman) azğınlıqdan (küfrdən) aydın fərqlənir. Hər kəs şeytanı inkar edib Allaha iman gətirərsə, o, ən möhkəm bir ipdən yapışmış olur...» (əl-Bəqərə surəsi, ayə 256)

«O (Allah), pislik edənlərə əməllərin cəzasını verəcək, yaxşılıq edənləri isə ən gözəl mükafatla mükafatlandıracaqdır!» (ən-Nəcm surəsi, ayə 31).

Bu ayələrdən aydın olur ki, pislə yaxşını seçmək bu və ya başqa bir işi görməkdə insan azaddır. O, öz iradəsi ilə bu və ya başqa işi seçməkdə ixtiyar sahibidir.

Bununla belə İslamın ilkin çağlarından cəbəriliyin meydana gəlməsi və sonralar, əsas etibarı ilə, Əməvi xilafəti dövründə geniş vüsət tapması, bu cərəyanı İslam fəlsəfəsi tarixinin ayrılmaz bir hissəsinə çevirmişdir. Qeyd etdiyimiz kimi, fatalist mövqedən çıxış edən cəbəriliyin ideoloji formalaşmasında 7-8-ci əsrlərin ictimai-siyasi atmosferi də müstəsna rol oynamışdır. Tarixdən məlumdur ki, Əməvilərin dövründə xilafət xalqa qarşı ədalətsizlik nümayiş etdirir, öz siyasi nüfuzunu və hakimiyyətini qoruyub saxlamaq üçün hər bir çirkin vasitələrə əl atır, zor işlədirdi. Cəmiyyətdə belə hadisələr çox böyük əks-sədaya səbəb olurdu və müxalifətçilik əhval-ruhiyəsi güclənirdi. Bu əsnada cəbəriliyin «alın yazısı» kimi ideoloji nəzəriyyəsi xilafət tərəfdən güclü şəkildə təbliğ olunmağa başladı. Öz əməllərinə haqq qazandıraraq əməvilər «Allahın təqdiri belədir, belə olmalıymış, bu alın yazımızdır...» kimi görüşləri cəmiyyətdə yayaraq əməlləri üçün məsuliyyəti öz üzərlərindən atmağa çalışmışlar.

         Görüşləri ilə cəbərilik cərəyanına qarşı çıxan məşhur ideya cərəyanı «qədərilik» adlanır. Qədərilik - insanın iradə azadlığını tanıyan və insanın öz əməllərinin yaradıcısı olduğunu qəbul edən əqidə sahiblərinə verilən addır.

Müsəlmanların qədərilik əqidəsini qəbul edən hissəsi ilahi ədalət prinsipini qorumaq və Allahı insan əməllərindəki təqsir, nöqsan, pislik və günahlardan uzaqlaşdırmaq üçün, yaxşılıq və paklığa zidd olan hər bir şeyi Allahın iradə, qüdrət və ixtiyarı çərçivəsindən çıxararaq insanın əməllərinə heç bir məhdudiyyəti olmayan ixtiyar (tam ixtiyar) adı vermişdir.

İslam aləmində məşhur mötəzililik məktəbi bu cərəyanın təmsilçilərindən olmuşdur.

         Cəbərilər kimi qədəri əqidəsinin daşıyıcıları da öz görüşlərində ifrata varmışlar. Onlar cəbərilərin əksi olaraq, insanın hər bir işdə tam azad olduğunu iddia etmələrilə insan iradəsini ilahi iradədən kənarda, müstəqil qəbul etmişlər. Onlara görə Allah insana fel (əməl) yarada bilmək iqtidarı verərək onu işlərində tam azad və sərbəst etmişdir. Və Allah insanın işlərinə hər cür müdaxilədən kənardır.

İnsan özünün sahib olduğu azad iradəsindən istədiyi halda və istədiyi şəkildə istifadə etməyə qadirdir. Sahib olduğu bu qüdrətə görə mümkün olan hər növ əməli (feli) həyata keçirə bilər. Həyata keçirdiyi əməllərin yaxşı və ya pis olmasına müvafiq o, Allah tərəfindən ya mükafatlandırılır, ya da cəzalandırılır. Qədərilərə görə məhz bu ilahi ədalət insanın əməllərində seçim və tam ixtiyar sahibi olmasını zəruri edir.

Qədərilərin insanın əməlləri və onun Allahla əlaqəsi haqda əqidələrini ümumi şəkildə belə xülasə etmək olar: Allah şeyləri yaradıb və onları öz işlərinə qadir edib. İnsanı da yaradıb və onu ixtiyar sahibi edib və Qiyamətdə ondan sorğu-sual edəcək. Bu, qədərilik (və ya təfviz) nəzəriyyəsinin məzmunudur.

Cəbəriliklə qədəriliyin qızğın teoloji-fəlsəfi münaqişəsinin meydana gəldiyi və inkişaf etdiyi dönəmdə ifrata varmayan, qaldırılan problemlərin həlli yollarını göstərən «orta yol» (əl-əmru beynəl-əmreyn) nəzəriyyəsi meydana çıxmışdır.

         İslam dünyagörüşünün ana qaynağı olan Quran işığında, ayələrin əhatəli tədqiqi, kompleksli araşdırılması sayəsində bu iki nəzəriyyənin arasında orta bir mövqe göstərmək imkanı və zərurəti yaranmışdı ki, həmin nəzəriyyə həm ilahi iradənin hakim olmasını ifadə etsin, həm də insanın iradə azadlığının mövcudluğunu təsdiqləsin.

Bu iki nəzəriyyə arasında bir yol (əl-əmru beynəl-əmreyn) olaraq əqli (fəlsəfi və məntiqi mülahizələr) və nəqli (Quran və peyğəmbər sünnəsi) dəlillərə əsaslanan üçüncü cərəyan məsələyə aydınlıq gətirdi.

İradə azadlığı məsələsində orta yol kimi imamilik və maturidilik məktəbləri çıxış etmişlər.

«Orta yol» nəzəriyyəsi insanın azadlığı və ya ixtiyarsızlığı məsələsində Quran ayələrinə kompleks şəkildə yanaşma və təhlil, eləcə də Məhəmməd peyğəmbər və onun əhli-beytinin istiqamətləndirməsi nəticəsində nə fikri ətalət və hərəkətsizliyə səbəb olan cəbrə, nə də dualist xarakterli və heç bir məhdudiyyəti olmayan tam azadlığa - təfvizə düçar olmamışdır. Bu nəzəriyyə təmsilçiləri «nə cəbr, nə də təfviz, bəlkə məsələ bunların ikisinin ortasındadır» (ərəbcə «la cəbr və la təfviz, bəl əl-əmru beynəl-əmreyn») cümləsini özlərinə şüar etmişlər.

         Orta yol nəzəriyyəsinə görə, Allahdan başqa müstəqil fail yoxdur. Bütün yaradılmışların vücudları Allaha ehtiyaclıdır. Yəni, onların həyata keçirdikləri bütün əməllər nəticə etibari ilə Allahdan qaynaqlanır. Məsələn, Quranda oxuyuruq:

         «Halbuki sizi də, sizin düzəltdiklərinizi də Allah yaratmışdır» (Saffat surəsi, ayə 96)

         Həmçinin oxuyuruq:

         «Atdığın zaman sən atmadın Allah atdı!» (əl-Ənfal surəsi, ayə 17).

         Deməli insanın iradəsi və əməlləri ilahi iradədən kənarda və müstəqil deyildir. Lakin insanın iradəsi daxilində olan işləri onun öz iradəsi ilə istəməsi, bu və ya digər işi seçməsi elə Allahın iradəsi ilə insanın seçiminə verilmişdir. Allah insanın öz işlərində azad fail olmasını istədiyi üçün insanın öz işlərini azad olaraq yerinə yetirməməsi Allahın istəyinə ziddir. Çünki, Allahın iradəsi insanın məhz öz iradəsi ilə və özünün iradəsi dairəsində olan məsələləri həyata keçirməsini tələb edir. Burada Allah insanın gördüyü işin bilavasitə faili olmur, insanın iradə və ixtiyarının faili olur. Konkret felin həyata keçməsi isə insanın iradəsi ilə müəyyənləşir. Yəni, iş insanın iradə və ixtiyarının nəticəsidir, insanın iradə və ixtiyarı isə öz növbəsində ilahi iradənin nəticəsidir. «Biz ona (insana) haqq yolu göstərdik. İstər minnətdar olsun, istər nankor» (İnsan surəsi, ayə 3) ayəsi deyilənə bariz sübutdur.

         Orta yol nəzəriyyəsinə görə, Allahın iradəsi insan qarşısında bir neçə yolu təqdir etmişdir. Həmçinin istəmişdir ki, insan bu yollardan birini öz iradəsi ilə seçsin. Sonra insanın iradəsi ilə seçdiyinə uyğun olaraq Allah həmin işin həyata keçməsinə təqdir edir.  Allah insanı bu işi görməyə məcbur etmədiyi kimi, tam kənarda da qalmır. İnsan bu yollardan birini seçir, sonra bu seçiminə uyğun və layiq olaraq qarşıdakı yeni variantlarla (əməl imkanlarıyla) qarşılaşır. Mümkündür ki, yaxşını seçdiyinə görə Allah bir çox pis variantları onun üçün məhdudlaşdırsın və ya əksinə, pisi seçdiyinə görə növbəti seçimdə yaxşı variantları məhdudlaşdırmış olsun. Lakin bütün hallarda, Allah insanı əvvəldən nə bilavasitə pisə sürükləyir, nə də zorla yaxşıya vadar edir. Allah yolları göstərir, yaxşıya təşviq edir və pisdən çəkindirir. Bununla belə, Allahın iradəsi seçimi insanın öz iradəsinin öhdəsinə buraxır ki, insanın iradəsinin seçiminə müvafiq həm həmin fel gerçəkləşsin, həm də növbəti variantlar ilahi təqdir və insanın əvvəlki seçiminə müvafiq müəyyənləşsin.

         Burada felin yaxın faili insan, uzaq faili isə, Allah olur. Allah feli birbaşa Öz iradəsilə həyata keçirən yox, insana iradə və ixtiyarı ilə seçim azadlığı verən fail olur. Seçən insan iradəsi olduğu üçün isə, felin məsuliyyəti Allahın deyil, insanın üzərinə düşür. İnsanın iradəsinin azad olması və məhz bundan irəli gələrək istədiyini seçməsi gerçəkləşəcək felin məsuliyyətini məhz onun üzərinə qoyur. Bununla da insan etdiyi yaxşı işlərə görə mükafatlanır, pis işlərə görə isə cəzalanır.

Beləliklə, «orta yol» nəzəriyyəsi iradə azadlığını qəbul edir, lakin eyni zamanda Allahı bütün fellərin iştirakçısı və mütləq iradə sahibi kimi görür. Allahın iradəsindən kənarda hər hansı bir şeyin gerçəkləşməsini qəbul etmir və mümkünsüz sayır. Konkret fellərin arasında isə, insanı qarşısındakı yolların (müxtəlif variantların) hər hansı birini seçməsində tam müstəqil sayır, lakin qeyd edir ki, bununla da insan növbəti müsbət əməlləri üçün imkanları genişləndirmiş, mənfi əməlləri üçün isə məhdudlaşdırmış olur, ya da əksinə. Bütün bunlar Allahın iradəsilə gerçəkləşsə belə, insanın aqibətinin açarı  məhz öz əlindədir və onun iradə azadlığı onun xoşbəxtliyi və ya bədbəxtliyinin qarantıdır. Allah iradə etmişdir ki, insan hər hansı bir hərəkətinin həyata keçməsini özü iradə etsin, öz iradəsilə seçsin. Və bu seçimə uyğun olaraq, insanın iradə etdiyini Allah gerçəkləşdirir, həyata keçirir.

Yəni, konkret feli iradə edən insandır, o, öz azad iradəsilə, seçimilə bu və ya başqa feli etməyi seçir, lakin felin gerçəkləşməsi isə Allaha aiddir.

Burada felin yaradıcısı Allah olsa da, o fel insanın seçimilə yaranır, həyata keçir. Bunun üçün də felə görə məsuliyyəti yalnız insan özü daşıyır.

Beləliklə, "orta yol" təlimi insanı nə cəbəri mövqedən çıxış edən əşərilik məktəbi kimi ixtiyarsız, nə də təfvizilər (qədərilər) kimi öz başına buraxılmış tam muxtar qəbul edir.

«Orta yol» cərəyanını imamilik və maturidilik məktəbləri təmsil etmişlər. Bu məktəblərin ardıcılları insanın istək, iradə və seçim azadlığını iradi və ixtiyari bilməklə yanaşı onun, Allahın iradə, elm və qüdrəti altında olduğunu qəbul edir və öz görüşlərini Quran ayələri, Peyğəmbər hədisləri, imamların rəvayətlərilə yanaşı bu cərəyanı təmsil edən Şeyx Səduq, Molla Sədra, Şeyx Mufid, imam Maturidi və s. kimi böyük və məşhur alim və mütəkəllimlərin verdikləri təfsir və gətirdikləri dəlillərlə sübuta yetirirlər.

İradə azadlığı problemi tarixdə olduğu kimi, günümüzdə də İslam ideoloji həyatında öz aktuallığını qoruyub saxlamışdır. Bu mövzu Allahla insan arasında olan qarşılıqlı münasibətlər baxımından mürəkkəb problemlərdən hesab edildiyindən daha çox maraq kəsb etməkdədir. Müasir dövr İslam mədəni bölgəsi fəlsəfəsində haqqında bəhs edilən problem əsas etibarilə orta yol və əşərilik təlimləri çərçivəsində tədqiq edilir. Türkiyə, İran, Misir və s. ölkələrin elmi-fəlsəfi mərkəzlərində iradə azadlığı probleminə dair dərin araşdırmalar aparılır, elmi əsərlər nəşr edilir, konfrans və seminarlar keçirilir və s.

Mənəvi mədəniyyət tarixinə nəzər saldıqda insanın iradə azadlığı probleminin dünyanın müxtəlif Şərq və Qərb fəlsəfi-teoloji fikrində öz birmənalı həllini tapmadığının şahidi oluruq. Bu hal İslam mədəni bölgəsi fəlsəfi görüşündə də birmənalı cavabını tapmamışdır. Bununla belə, problemin tədqiqi ilə əldə olunan nəticə bizə deməyə əsas verir ki, insanın iradə azadlığı məsələsini İslam nəzərindən ən düzgün işıqlandıran təlim «nə cəbr, nə təfvizdir, bəlkə bunların ikisinin arasındadır» prinsipinə inanan, bununla da həm ilahi iradəni, həm də insanın iradə azadlığını tanıyan «orta yol» təlimidir. Çünki, məhz burada İslamın nəqli dəlillərinin məcmusu əqli mühakimə ilə tam həmahənglik təşkil edir. Müasir dövrü təmsil edən Məhəmməd İqbal Lahori, Məhəmməd Hüseyn Təbatəbai, Mürtəza Mütəhhəri, Mehmet Aydın, Süleyman Hayri Bolay, Saim Yeprem, Məhəmməd Təqi Misbah Yəzdi, Cəfər Sübhani Təbrizi və s. kimi müsəlman filosof və mütəfəkkirləri məhz orta yol cərəyanını qəbul edərək məsələnin bu təlim çərçivəsində düzgün qoyulmasını göstərməkdədirlər. Adı çəkilən alimlər bu problemin fəlsəfəsi, teoloji, sosial-psixoloji və ictimai-siyasi mahiyyətinə toxunmuş, ona müsəlman təlimləri arasında mövcud olan münasibətləri göstərməklə yanaşı, bu sahədə bir sıra nəzəri fikirlər də irəli sürmüşlər.

 

Elşən Mustafayev

 

Copyright 2008 © Imamhuseyn.org