Xətib: Hacı Elşən Rüstəmov
1-ci XÜTBƏ
Əssəlamu ələykum və rəhmətullah. Bismillahir rəhmanir rəhim. Əlhəmdulillahi rəbbil aləmin. Vəssəlatu vəssəlamu. Əla seyyidina və nəbiyyina əşrəfil ənbiyayi vəl mürsəlinə əbil Qasimi Muhəmməd (s). Və əla alihi və əhli-beytihit teyyibinət tahirinəl məsumin.
Usikum və nəfsi bi təqvallah.
Sizə və özümə ilahi təqvaya əməl etməyi tövsiyyə edirəm.
Mövzu: Nəfslə cihad -4.
Əvvəlki mövzular nəfslə mübarizə idi. Dinimiz buyurur ki, ağılın nəfslə olan mübarizəsində qalib gələn şəxs şücaətli şəxsdir.
Quran buyurur ki, insanın mənəvi xasiyyətinin maddi xasiyyətinə qalib gəlməsi üçün kənardan kömək almaq lazımdır. Bunlardan biri vacibata, xüsusilə namaza böyük əhəmiyyət verməkdir. Digəri isə səbrli olmaqdır. Necə ki, Bəqərə surəsi 152-ci ayədə Allah-təala buyurur:
"Ey iman gətirənlər! Səbr və dua ilə (namazla Allahdan) kömək istəyin. Həqiqətən Allah səbr edənlərlədir. (Səbr edənlərin dostudur.)"
Səbrin 3 növü olan:
1-si - müsibət ə çətinliklər qarşısında səbrli olmaqdan;
2-si - ibadətdə səbrli olmaqdan ümumi olaraq danışdıq.
İndi isə mövzu səbrin üçüncü növü olan - günah müqabilində olan səbrli olmaqdır.
Əli (ə)-ın Peyğəmbər (s)-dan buyurduğu hədisə əsasən müsibət və çətinliklər müqabilində səbr edənlərə Allah-təala 300 dərəcə savab yazar. İbadətdə səbrli olanlara 600 dərəcə və məqam yazar. Günah müqabilində səbr edənlərə isə Allah-təala 900 dərəcə və məqam yazar ki, hər bir dərəcə ilə digər dərəcənin arası yerin dibi ilə ərşin ən üst zirvəsi qədərdir. (Üsuli-kafi, cild 2, Kitabul-iman vəl kufr, Səbr-Babu, 133-cü hədis.)
Bu hədisdən günah müqabilində səbr etməyin digər səbrlərdən üstün olduğu görünür. Həm dərəcələri, həm də dərəcələr arasındakı məsafəsi daha çoxdur. Həmçinin Cənnəti əhatə etməsinin də bizim təxminlərimizdən daha çox olduğu görünür.
Günahlar müqabilində səbr etmək çox çətin bir işdir. Amma insan günahlar məqamında səbr edə bilsə çox böyük müvəffəqiyyət əldə edərək yüz illik yolu bir anda gedər.
İbn Sirin bir bəzzazın (parça satan) yanında şagird idi. Hətta (əlifba) savadı belə yox idi. Amma Allah-təala ona elə bir elmi məqam verdi ki, başqaları ondan indi də ibrət alırlar. Bu gənc yuxu yozmaq qabiliyyəti ilə hamını heyrətə gətirmişdi. Yuxu yozumu haqqında 70-dən çox nəzəriyyə vardır. Amma, yuxunun həqiqəti haqqında sirlər hələ də tam açılmamışdır. İbn Sirin bir böyük günahdan nəfsini qoruduğu üçün Allah-təala ona bu məharəti vermişdir. Onun günahdan çəkilməsi Yusif (ə) haqqında Quranda olan yuxu yozmaq hadisəsinə bənzəyir.
Bir gün bir qadın parça satılan yerə gəldi və bir top parça aldı. Bəzzazdan xahiş etdi ki, onun şagirdi onun parçasını onunla bir yerdə evinə daşısın. Elə ki, evə daxil oldular qadın qapını bağlayıb, yan otağa keçdi. Özünü bəzəyib paltarsız olaraq İbn Sirinin yanına gəldi. İbn Sirini əlləri ilə gözlərini bağladı. O qadın İbn Sirinə günah iş təklif etdi. İbn Sirin qadından ayaq yolunun yerini soruşdu. O, özünü başdan-ayağa murdara bulaşdırıb, mənəviyyatını nura qərq etdi. Onu bu halda gördükdə qadın İbn Sirini evdən qovdu. İbn Sirin hamama gedib özünü pakladı. Mağazaya gələndə özündə bir nuraniyyət, yuxu yozmaq bacarığı hiss etdi.
Əgər insan iradəsinin möhkəmlənməyini istəyirsə gərək günahdan çəkinsin. Psixoloqlar bu barədə bir çox kitablar yazmışlar. Amma Quran təbiri ilə desək "Nə qüvət verər, nə də aclıqdan qurtarar."(Casiyə surəsi, ayə 7) Yəni istənilən nəticə hələ də meydana çıxmamışdır. Dinimiz öyrədir ki, insan çalışsa niyyət və əməldə günahdan çəkinsə iradəsi möhkəmlənəcəkdir. Yəni insanın mənəvi cəhəti fövqaladə dərəcədə qüvvətlənəcəkdir. İnsan nəfsani və şəhvani istəklərini cilovlayıb, ağlının nəzarəti altına almağı bacaracaqdır. Yəni haqla batilin savaşında qalib gələcəkdir. Bu qələbənin də yeganə yolu İslamdır. Günahdan çəkinmək insanda ədalətli olmaq xasiyyəti yaratmaqla dəruni savaşın haqq qələbəsini təmin edir.
İslam aləminin görkəmli alimi, fiqh, üsul və İslam maarifi sahəsində çox böyük mütəxəssis olan rəhmətlik Əllamə (əleyhirrəhmə) fiqh kitablarının birində buyurur:
"Əgər şəkk etsəz ki, bir kəs ədalətlidir ya yox, gərək bu qərara gələk ki, o kəs ədalətlidir. Bunun mənası budur ki, müsəlman-əhli-beyt aşiqi gərək ədalətli olsun.
Bir hekayədə deyilir ki, bütün fəqihlər, alimlər buyururlar ki, ədalətli olamaq nəinki günahdan çəkinməkdir, hətta bundan da üstündür. Yəni insan özünü ədalət mələyinə çevirməlidir. Yəni günah etməyərək, vacibata, ibadətə əməl etməkdə çox çalışqan olmalıdır. Bu yolun nəticəsində çox mühüm olan dəruni savaşda ağılın və ruhun nəfslə olan savaşında insan zəfər çalır. Əgər xoşbəxt olmaq istəyiriksə, iradəmizin güclü olmağını istəyiriksə, bu müharibənin qalibi olmaq istəyiriksə gərək günahlardan çəkinək. Günahlar müqabilində - günahlar məqamında səbrli olaq. Nəml surəsi ayə 69-da Allah-təala buyurur:
"(Ya Məhəmməd!) De: "Yer üzünü gəzib- dolaşan günahkarların axırının necə olduğuna bir baxın!"
Digər o biri ayədə:
"Bəs yer üzünü seyr edin, (haqqı) təkzib (inkar) edənlərin, (yalançıların axırının) necə olduğuna bir baxın!"
Yəni Allah-təala buyurur ki, siz onlardan ibrət alın, "ədəbsizdən ədəb" öyrənin.
Bu ayələr xəbərdarlıq zəngini xatırladır. Məsələn, bir günah, yalan danışmaq çoxlarının nəzərində kiçik günah sayılırsa əslində yalan çox böyük bir günahdır. Çox acınacaqlı haldır ki, insanların çoxu yalan danışmağa adət edib. Yalan danışmaq insanın imanını çox zəiflədir. Əli (ə) buyurur:
"Yalandan uzaq olun. Çünki yalan insanı imandan uzaqlaşdırır. Daim həqiqəti söyləyən sadiq insanlar hidayət yoluna qədəm qoyarlar, yalançılar isə bədbəxtik və rüsvayçılıqla üzləşərlər." (Biharul-ənvar, cild 77, fəsil 14, 2-ci hissə)
Qurani-Şərif yalan danışanları bütpərəst hesab edir. Həcc surəsi 30-cu ayədə Allah-təala buyurur:
"...Bəs murdar bütlərdən qaçın, yalan danışmaqdan çəkinin."
Nəhl surəsində Allah-təala buyurur ki, yalançının Allahın ayələrinə imanı yoxdur. Peyğəmbər (s) buyurur ki, əgər bir mömün yalan danışarsa onu 70 min mələk lənətləyər.
O cümlədən qeybət də böyük bir günahdır. Qeybət birinin xoşlamadığı sözə deyərlər. Biri digərinin yanında onun xoşlamadığı sözü deyə bilmir. Əgər desə onun narazılığına səbəb olacaq. Allah-təala buyurur:
"(Bir-birinizin eybini ) arayıb axtarmayın, bir-birinizin qeybətini qırmayın! Sizdən biriniz ölmüş qardaşının ətini yeməyə hazır olarmı?! Bu sizdə ikrah hissi oyadar (qeybət də belədir)." (Hücürat surəsi ayə 12)
Vəsailüş-şiə kitabında cild 8, 16313-cü hədisdə Əbazər Peyğəmbər (s)-dan rəvayət edir:
"Qeybət zinadan da pisdir!"
Dedim ki, nə üçün ya Rəsulallah?
Buyurdu:
"Çünki bir şəxs zina etdikdən sonra tövbə edərsə Allah onu bağışlayar. Lakin qeybət edəni qeybəti edilən şəxs bağışlamayana qədər Allah bağışlanmaz."
Başqa bir hədisdə Aişənin rəvayətində qeyd olunur:
"Deyir ki, bizə bir qadın gəldi. Üzümü çevirdikdə əlimlə onun qısa boylu olduğuna işarə etdim. Rəsulallah (s) buyurdu:
"Onun qeybətini etdin." (Camius Səadət cild 2, səh 294)
Qeybət etmək üçün yalnız danışmaq lazım deyil. Qeybətin əsasən sözlə baş verdiyinə baxmayaraq, həmin məqsədi işarə və sifət cizgiləri ilə də etmək mümkündür.
Bismillahir rəhmanir rəhim. Qul huvallahu əhəd. Allahus səməd. Ləm yəlid vələm yuləd. Vələm yəkun ləhu kuhuvan əhəd.
Sadaqallahul əliyyul əzim.
2-ci XÜTBƏ
Bismillahir rəhmanir rəhim. Əlhəmdulillahi rəbbil aləmin. Vəssəlatu vəssəlamu əla Rəsulillah. Və əla Əliyyin əmirilmuminin. Və ələs siddiqətittahirə. Və əla sibtəyirrəhmə. Əl Həsəni vəl Hüseyn. Və əla Əliy ibnil Hüseyn. Və Muhəmməd ibni Əli. Və Cəfər ibni Muhəmməd. Və Musa ibni Cəfər. Və Əliy ibni Musa. Və Muhəmməd ibni Əli. Və Əliy ibni Muhəmməd. Vəl Həsən ibni Əli. Vəl xələfil Hadiyil Məhdi (ə.c.).
Mövzu: "Davamı."
Peyğəmbər (s) buyurur:
"Kim bir mömünü töhmətləndirərsə elə bir Allaha müharibə elan etmişdir." (Səhifətül bəhar, cild 1, səh 41)
Yəni Peyğəmbər (s) buyurur ki, əgər bir mömünün şəxsiyyətini alçaldasan, ona dil yarası vurasan, qəlbini yandırasan bu əməl elə bil Allahla müharibə etməyə bənzəyər. Ona görə ki, mümkündür günahın təsiri nəzərimizdən getmiş olsun. Amma insanın ruhunun alçalması baxımından çox böyük mənfi təsiri vardır. Bu baxımdan insanın iradəsi zəifləyir, naticədə insan Allahdan uzaqlaşır. Fəsad, zülm və küfr baş verir. Bu barədə olan ayələrin sayı Quranda 50-dən artıqdır.
Peyğəmbər (s)-ın məxsusi duasını heç vaxt yaddan çıxartmayaq:
"Ey mənim Allahım. Məni bir an belə özbaşına buraxma!"
Əgər insan bir an özbaşına olsa bədbəxt olacaqdır. Nəinki, ağılla nəfsin mübarizəsində məğlub olacaq hətta mümkündür ki, ucalıq zirvəsində Quranın təbiri ilə "əfsələş-safilinə" - yəni cəhənnəmin lap pis yerinə düşəcəkdir. Cəhənnəmin əzablarının bir hissəsi ilə bu dünyada qarşılaşıb cəzalanacaqdır. Həcc surəsi 31-ci ayədə Allah-təala buyurur:
"Allaha şərik qoşan kimsə göydən düşən, quşların onu tez alıb apardığ, lakin küləyin sovurub uzaqlara atdığı bir şeyə bənzər."
Göydən düşən insanın necə əzilib parça-parça bədbəxt olması məlumdur. Quran buyurur ki, günahkar insanın aqibəti zülmətdir. Bu ayədə işlənən şirk sözü bütpərəstlikdə işlənən şirk sözündən deyildir. Bunun mənası şeytana, günaha, nəfsani istəklərə tabe olmaq şirkidir. Casiyə surəsi 22-ci ayədə isə Allah-təala öz nəfsani istəklərinə tabe olanları müşrik adlandırır. Quran buyurur ki, kim nəfsani istəklərinə tabe olarsa o bütpərəstdir. Onun bütü onun nəfsani istəkləridir. İbrahim surəsi 18-ci ayədə Allah-təala buyurur:
"Rəbbini inkar edənlərin (dünyadakı yaxşı) əməlləri fırtınalı bir gündə küləyin sovurub apardığı külə bənzəyir. Onlar etdikləri əməldən heç bir fayda görə bilməzlər."
Günahkar adam evdə, cəmiyyətdə heç bir rahatlıq tapa bilmir. Haram istəklər, arzular bir-birini əvəz edir. əsəblərini cilovlamağı bacarmır. Günah dalınca günah gəlir.
Quran əvvəldən axıra insaları pis işlərdən çəkinib, yaxşı işlər görməyə dəvət edir. Belə olduqda insan təhlükəsizlikdə olur. Ənam surəsi 82-ci ayədə Allah-təala buyurur:
"İman gətirib imanlarını zülmə qarışdırmayanlar əmin-amanlıqddırlar."
Yəni ibadətdə səbrli olanlar nicat tapmışlardır. İnsan çalışmalıdır ki, günaha başlamasın. Demək olar ki, hamıda əsəb xəstəliyi, əsəb zəifliyi vardır. Həkimə müraciət edənlər bilirlər ki, həkimlərin özləri belə əsəbdən əziyyət çəkirlər. Onlar etiraf edirlər ki, əsəb xəstəliyinin tam tibbi müalicəsi yoxdur. Onların yazdığı bütün dərmanlar yuxu gətiricidir. Yəni əsəb xəstəliyini sağaldan əsaslı tibbi dərmanımız yoxdur:
Quran buyurur ki, bunun dərmanı vardır. Ənam surəsi 82-ci ayədə Allah-təala buyurur:
"İman gətirib imanlarını zülmə qatışdırmayanlar əmin-amanlıqdadırlar. Haqq yola yönəlmişlər də onlardır."
Yəni ey insan! Qəzəb və əsəbin əksi olan rahatlıq, əmin-amanlıq istəyirsənsə, günahdan uzaq ol. Günahdan uzaq ol. Mömün insan gecə yatanda özünə hessabat verir. Bu gün mən yaxşı işlər gördüm və yaxud pis? Allah bəyənən oldu, və yaxud şeytan? Sabah görəsən necə olacaq?
Narahat olur, yuxuya gedə bilmir. Allah ilə rabitəsini möhkəmləndirmək üçün yerindən qalxıb dəstəmaz alır. Gecə namazı qılır. Pərvərdigarı ilə razu-niyaz edir. Günahlarından tövbə edir. Bütün narahatçılıqlar, bütün ağrılar insandan uzaqlaşır.
Namaz insanın əsəb zəifliyini müalicə edir. Gecə namazı insanın iradəsini möhkəmləndirir. Din alimləri həmişə tövsiyyə edirlər ki, çətinlik və narahatçılıq olarsa, müstəhəb namnazlar, xüsusilə gecə namazı qılın. Namaz insanın qəlbini sakitləşdirir. 1990-cı ildə "Təzəpir"də tələbə olanda hücrə (otaq) yoldaşlarımın birinin hərəkətindən çox narahat oldum. Heç bir söz demədən tez dəstəmaz alıb, 50 rəkət namaz qıldım. Mən də olan narahatçılıq tez bir zamanda yox oldu. Əvəzində isə qəlbimdə rahatçılıq və tələbə yoldaşımın məhəbbətti bərpa oldu.
Muzzəmmil surəsinin 1-6-cı ayələrində Allah-təala buyurur:
"Ey (əbasına) bürünüb (yatmış Peyğəmbər!) Gecə - az bir hissəsi istisna olmaqla - qalxıb namaz qıl! (Gecənin) yarsına qədər, yaxud bir qədər ondan çox. Həm də aramla Quran oxu! Həqiqətən sənə (məsuliyyəti) ağır bir kəlam (Quran) vəhy edəcəyik. Şübhəsiz ki, gecə (namaz qılmaq) üçün qalxmaq (çox çətin olsa da) daha əlverişli və söz demək (dua və Quran) daha münasibdir!"
Yəni Allah-təala buyurur ki, əgər istəyirsənsə əsəblərin zəif olmasın, iradən qüvvətli olsun, çətinliklərə üstün gələsən, gecə namazı qıl! Allahla rabitəni gücləndir.
Digər bir məsələ budur ki, günah nəin ki, insanın özünə zərərdir, günah elə bil odur ki, insanı əhatə edəndən sonra başqalarını da yandırır. "Qurunun oduna yaş da yanar" məsəli yada düşür. Məsələn əgər birinin atası qeybət və ya zülm edirsə, əsəblərini cilovlaya bilmirsə sanki günahın alovu otağı bürüdüyü üçün həm özü yanır, həm də ailə üzvləri, övladları. Əgər beeşikdə körpə uşaq olsa, onu da yandırır. Əksinə əgər insan bir xeyir əməl edirsə, nəinki onun özünə savab və xeyri var, hətta onun ailəsinə və övladlarına da savab və xeyri vardır.
Allah-təala Nisa surəsi ayə 9-da buyurur:
"Özlərindən sonra (aciz və) zəif övladlar qoyub gedəsi olan şəxslər, onlardan ötəri necə qorxurlarsa, o cür qorxsunlar! Və buna görə də onlar Allahın qəzəbindən çəkinib, sözün doğrusunu danışsınlar."
Yəni Quran buyurur ki, övladlarınızın gələcəyinin xoşbəxt olmağını istəyirsinizsə başqasının şəxsiyyətini aşağı salmayın, qeybət etməyin, zülm etməyin, yalan danışmayın. Quran buyurur ki, əgər əksinə günahkar olsanız, yalan şəhadət versəniz, gələcəyiniz xoşbəxt olmayacaq. Həyatda baş vermiş çoxlu ibrətamiz hadisələr bunu sübut edir. Günahkar, rüşvətxor, rüşvət və müamilə yeyənlər, kəmfürsət adamlar özlərini və övladlarını da bədbəxt ediblər.
İsfahanda kəmfürsət, bahaçıl, müamilə ilə məşğul olan möhtəkir (qiyməti bahalaşdıran şəxsə deyirlər) bir tacir olub. Övladlarıda onun günahının odu səbəbindən zəlalətə düşmüşlər. Onun haqqında danışırlar ki. Bir zaman İsfahanda taxıl qıtlığı və aclıq oldu. Camaat bilirdi ki, onun taxılı var. Acından ölməsinlər deyə onun yanına getdilər ki, taxılı ondan pulla alsınlar. O, dedi ki, taxılın qiymətini siz özünüz təyin edin. Gələnlər dedi ki, adi vaxtlarda taxılın qiyməti 2 tümənə olardı, indi sən də ver 22 tümənə tacir razılaşmayıb dedi:
"Bir az yuxarı." - yəni az dediniz.
Gələnlər dedilər ki, məsələn 24 tümənə. Tacir yenə dedi:
"Bir az da yuxarı."
Hər dəfə gələnlər qiyməti qaldırırdılar, elə o da deyirdi ki, "bir az da yuxarı". Belə ki, tacir taxılı satası olmadı. Gələblərə dedi ki, siz gedin, mən fikirləşərəm. elə hər gün ona müraciət edəndə deyirdi ki, fikirləşərəm. Nəticədə taxılı satmadı. Beləliklə neçə-neçə adamlar acından öldü. Qısa müdətdən sonra qıtlıq aradan qalxdı. Çox çəkmədi ki, həmin tacirin ayağı ağrımağa başladı. Həkimlər şurası təyin etdilər ki, tacirin ayağı kəsilməlidir. Tacir əlini ayaq barmağları üstünə qoyub dedi ki, burdan kəsin. Həkimlər dedilər:
"Bir az yuxarı."
O əlin bir az yuxarı qaldırdı və dedi:
"Burdan kəsin."
"Həkimlər dedilər:
"Xeyr. Bir az yuxarı."
Necə ki, taxıla qiymət qoymağa ürəyi gəlmirdi. Qısası həkimlər onun ayağını dibindən kəsdilər. Həm ayağı getdi, həm də bütün pulları. Necə ki, Nisa surəsi 9-cu ayədə Allah-təala buyurmuşdu:
"Özlərindən sonra (aciz və) zəif övladlar qoyub gedəsi olan şəxslər, onlardan ötəri necə qorxurlarsa, o cür qorxsunlar! Və buna görə də onlar Allahın qəzəbindən çəkinib, sözün doğrusunu danışsınlar."
Əgər insanın özünə yazığı gəlmirsə, özünə rəhm etmirsə, heç olmasa övladına, ailəsinə və camaata rəhm etsin. Deyilən ayədə insanın günahının özünə və övladına, cəmiyyətə zərərinin olmasından bəhs edildi. Amma başqa bir ayədə isə Allah-təala buyurur ki, günah oddur. Cəmiyyəti yandırır. Ənfal suəsi, 25-ci ayədə Allah-təala buyurur:
"Sizdən təkcə zalımlara toxunmayacaq (pis əməllərin müqabilində hamıya üz verə biləcək) bəladan qorxun. Bilin ki, Allah (Onun əmrlərini pozanlara) şiddətli əzab verəcəkdir."
Bu ayə bildirir ki, günah bütün cəmiyyəti bəlaya salır. Zəlzələ və bir çox təbii fəlakətlərin verə bilmədiyi zərəri bir millət və cəmiyyətə günahlar və günahlar müqabilində səbrsizlik verir.
Əgər insan istəyə ki, dəruni olan savaşda, yəni ağılla nəfsin savaşında qalib gəlsin, gərək günahlar məqamında sbrli olsun. Allahı unutmamaq üçün Allahın adlarından biri olan "Səbr" kəlməsini çox-çox ifadə edib:
"Ya Səbr! Ya Səbr! - deyib Allahı dilində və qəlbində səsləyərək əməllərində də ağılın, ruhun, mənəviyyat və insanlığın, bir sözlə, Allahın cəbhəsində olaraq, həqiqi mənada "Allahçı" adını qoruyaraq şeytana, şeytansifətlərə və bütün günahlara yox desin, yox desin!
Allahı and verirəm izzət və cəlalına. Peyğəmbər (s) və əhli-beyt (ə)-ı hömətinə nəfslə olan mübarizədə, torpaqlarımızı işğal etmiş dü.mənlərimizlə olan savaşda bizləri qalib etsin!
AMİN!
Bismillahir rəhmanir rəhim innə ətəynakəl kausər. Fəsəlli lirabbikə vən hər. İnnə şəniəkə huvəl əbtər.
Sadaqallahul əliyyul əzim.