Əsas » Məqalələr » CUMƏ XÜTBƏLƏRİ » ŞAMAXI ŞƏHƏR İMAMZADƏ MƏSCİDİNİN CÜMƏ XÜTBƏLƏRİ (18.VI.2010)

Xətib: Hacı Elşən Süleymanov    

                                   

                                    1-ci Xütbə

   Əssəlamu əleykum və rəhmətullah.

  Bismillahir rəhmanir rəhim. Əlhəmdulillahi rəbbil aləmin. Vəssəlatu vəssəlamu əla seyyidina və nəbiyyina əşrəfil əmbiyəyi vəlmursəlinə Əbil Qasimi Muhəmməd (s) və əla Alihi və əhli-beytihit tahirinəl məsumin.

         Usikum və nəfsi bitəqvəllah. Ya ibadəllah.

 

     Mövzu: " Əhdə vəfa."

Allah-təala "İsra" surəsi, 34-cü ayədə buyurur:

«...Əhdə vəfa edin. Çünki [insan] əhd barəsində [qiyamət günü] cavabdehdir. [İnsan verdiyi əhdi yerinə yetirib-yetirmədiyi haqda sorğu-suallara tutulacaqdır]».

Həmçinin Maidə surəsi 1-ci ayədə buyurur:

«Ey iman gətirənlər! Əhdlərə sadiq olun...»

Eyni zamanda "Səf" surəəsi 2-3-cü ayələrdə -

Əhd-peymana əməl olunmasının zəruri olduğunu qeyd etməklə yanaşı, onun pozulmamasına da ciddi xəbərdarlıq edilir:

«Ey iman gətirənlər! Etməyəcəyiniz bir şeyi niyə deyirsiniz?...»

«Etməyəcəyiniz bir şeyi demək Allah yanında böyük qəzəbə səbəb olar.»

Bağlanılan əhd-peymana istər fərdi olsun, istərsə də ümumi, istər müsəlmanlarla olsun, istərsə də müşrik və kafirlərlə, vəfalı olmaq hər bir müsəlmana vacibdir. Allah-taala Qur᾽ani-Kərimdə Peyğəmbərə (s) xitab edərək buyurur:

«...Onlarla əhdinizə axıra qədər [müddəti bitənədək] vəfa edin...»

İmam Sadiq (ə) buyurur:

«Üç halda kimsənin üzrü qəbul olunmayır:

1. Əmanətin öz sahibinə qaytarılmasında (mal sahibinin əməli-saleh bir şəxs olub-olmamasından asılı olmayaraq);

2. Kimliyindən asılı olmayaraq əhdə vəfa etmədikdə;

3. Ata-anaya yaxşılıq etmədikdə (istər onlar əməli-saleh olsun, istərsə də yox - Biharul-ənvar, cid 74, 2-ci fəsil, 46-cı hədis)

Mə᾿lum məsələdir ki, cəmiyyətdə nizam-intizam yaradılması və onun sağlam bir tərzdə inkişaf etdirilməsi üçün ilk növbədə bağlanmış əhd-peymanlara riayət edilməlidir. Çünki, əgər ayrı-ayrı fərdlər arasında bağlanılan əhd-peymanlara riayət olunmazsa hərc-mərclik baş alıb gedəcək və ictimai işlər öz təbii məcrasından çıxacaqdır. Belə bir şəraitdə yalnız güclülər davam gətirəcək və öz mənafelərini müəyyən mə᾿nada qoruyub saxlaya biləcəklər. Bu səbəbdən də imam Sadiq (ə) bu üç şeyə (əmanətin qaytarılması, əhdə vəfalı olmaq və valideynə yaxşılıq etmək) riayət etməyənlərin üzürlü hesab edilməyəcəyini buyurmuşdur.

Əli (ə) Malik Əştəri Misrə vali göndərdiyi zaman bu haqda ona xüsusi göstərişlər verib buyurur:

«Əgər düşmənlərinlə onlara sığınacaq verəcəyinə dair əhd-peyman bağlayarsansa, əmanətə xəyanət etmədiyin kimi bu əhd-peymana da vəfalı ol. Çünki, fikir ayrılığına baxmayaraq, din və məzhəbindən asılı olmayaraq hamının yekdilliklə qəbul etdiyi şeylərdən biri də əhdə vəfalı olmaqdır. Hətta müşriklər də əhd-peymana vəfalı olmamağın aqibətini gördükləri üçün müsəlmanlarla bağladıqları əhd-peymanlara və sülh sazişlərinə riayət etmişlər. Bu səbəbdən də üzərinə götürdüyün məs᾽uliyyəti üzürlü hesab etmə və düşmənlərini aldadıb bağladığın əhd-peymana qarşı çıxma. Nadanlıq üzündən Allaha qarşı yalnız inadkar və cahil insanlar çıxarlar.

Allah isə rəhmət qapılarını Öz bəndələrinin üzünə açmış və Öz rəhmət dərgahında onlara sığınacaq vermişdir. Onun pənahına sığınanlar nə aldadılar, nə də onların haqqı tapdanılar.» (Məryəm surəsi, ayə 54)

Əhdə vəfalı olmağın zəruriliyi və nə qədər əhəmiyyətli olduğu artıq bizə bəlli oldu. İndi isə baxaq görək islam nöqteyi-nəzərindən digər mə᾽nəvi dəyərlərlə yanaşı əhdə vəfalı olmağın nə kimi əhəmiyyəti vardır?

Burada bir neçə məsələyə diqqət yetirmək lazımdır.

1. Qur᾽ani-Kərimdə əhdə vəfalı olmaq, və᾽də verdikləri şeylərə əməl etdikdən sonra mö᾽minlərin ən başlıca xüsusiyyətlərindən biri kimi göstərilir:

«O mö᾽minlər ki, əmanətlərini və əhdlərini qoruyub saxlayarlar [onlara tapşırılmış əmanətə xəyanət etməz, verdikləri sözü yerinə yetirərlər]». (Muminin surəsi, 54-cü ayə)

Məaric surəsinin 33-cü ayəsi də həmən mətləbə işarə edir.

Peyğəmbər (s) bu haqda buyurur:

«Allaha və Qiyamət gününə iman gətirmiş hər bir şəxs verdiyi və᾽dəyə əməl etməlidir». (Biharul-ənvar, cild 77, fəsil 7, hədis 1)

Əli (ə) buyurur:

«Mö᾽minlərin nişanələrindən biri də onların əhdə vəfalı olmalarıdır.» (Biharul-ənvar, cild 17, fəsil 14, hədis 11)

«Dinin sütunlarından biri də əmanətə və əhdə vəfa etməkdir».

Qur᾽ani-Kərimin başqa bir ayəsində əhdə vəfa etmək əməli-saleh insanların xüsusiyyətlərindən biri kimi göstərilir:

... «Yaxşı insanlar əhd-peyman bağladıqda ona vəfalı olarlar.» (Bəqərə surəsi, ayə 117)

Başqa bir ayədə Allah-taala həzrət İsmayıl (ə)-ı vəsf edərkən buyurur:

«[Ya Məhəmməd]] Qur᾽anda İsmaili də yada sal! O öz və᾽dinə sadiq və [Bizim tərəfimizdən öz ümmətinə] göndərilmiş bir peyğəmbər idi». (Məryəm surəsi, ayə 54)

Həzrət İsmayıl (ə)-ın peyğəmbərliyindən də əvvəl onun əhd-peymana sadiq olduğu göstərilir. Belə ki, nəql olunmuş rəvayətlərdən birində deyilir:

«Həzrət İsmayıl (ə) günlərin bir günü onunla görüşmək istəyən bir şəxslə görüş yeri tə᾽yin edir. O Həzrət və᾽dinə əməl edərək hər gün həmən yerə gedir və həmən şəxsi gözləyir. Lakin bir il ardıcıl getməsinə baxmayaraq, həmən şəxsi görə bilmir. Onu görənlər harada olduğunu və nə üçün və᾽dəsinə xilaf çıxdığını soruşurlar. Həmən şəxs nəhayət həzrət İsmayıl (ə)-ın yanına gəlib görüşü unutduğu üçün bu müddət ərzində gəlmədiyini bildirir. Həzrət İsmayıl (ə) təmkinlə onu dinləyib buyurur: And olsun Allaha! Əgər bu gündə gəlməsəydin, Qiyamət gününədək buraya gələcəkdim.

Bu əhvalatdan sonra Həzrət İsmayıl (ə)-a «Sadiqul və᾽d» ləqəbi verildi».

4. İmam Sadiq (ə)-dan nəql olunmuş rəvayətlərdən birində «əhdə vəfalı olmaq» hər bir müsəlmanın üzərinə düşən vəzifələrdən biri kimi göstərilir:

«Mö᾽min mö᾽minin qardaşıdır. Göz təki ona yol göstərər və heç vaxt haqqını mənimsəyib xəyanət etməz. Və᾽də verdiyi zaman aldatmadan əhdinə sadiq qalar». (Biharul-ənvar, cilıd 74, 16-cı fəsil, hədis 7)

Əli (ə) buyurur:

Əhdə vəfalı olmaq sədaqətlə yanaşı olmalıdır. Və mən əhdə vəfadan möhkəm bir şey təsəvvür etmirəm. İnsan Allahın hüzuruna qayıdacağını bildiyi halda başqalarına qarşı necə hiylə işlədə bilər?!

Elə bir dövranda yaşayırıq ki, hiyləgərlik zirəklik hesab olunur və nadan insanlar bu şəxsləri zirək və bacarıqlı adlandırırlar. Görəsən onlar bundan nə kimi mənfəət əldə edirlər? Allah onları öldürsün! Şübhəsiz ki, [həqiqi] zirək və bacarıqlı insanlar hiyləgərliyin yolunu bilmirlər. Lakin ilahi yasaq və qadağalar onları bu işdən çəkindirir. Bunu bacarsalar da heç vaxt həyata keçirmirlər. Lakin, dinlə heç bir əlaqəsi olmayan şəxslər öz gündəlik həyatlarında dəfələrlə bu çirkin işə əl atarlar. (Biharul-ənvar, cild 75, fəsil 47, hədis 21)

Göründüyü kimi xütbədə «əhdə vəfalı olmaq» sədaqətlə eyni mə᾽na daşıyır, hiylə və məkr ilə tamamilə ziddiyyət təşkil etdiyi göstərilir. İman sahibləri verdikləri və᾽dəyə və bağladıqları əhd-peymana daim sadiq qalarlar. İmanı zəif olanlar, dinə inam və e᾽tiqadı olmayan şəxslər isə heç nədən çəkinmədən öz əhd-peymanlarına sadiq qalmaz və çox asanlıqla hər şeyi alt-üst etməyə hazır olarlar. Bu bir həqiqətdir ki, Allaha iman gətirmiş əməli-saleh şəxslər müxtəlif bəhanələrə əl atıb verdikləri və᾽dəyə əsla xilaf çıxmazlar.

Bu səbəbdən də müşriklərin bağladıqları əhd-peymanlara riayət etməmələrinə baxmayaraq, həzrət Peyğəmbər (s) onların ardı-arası kəsilməyən tə᾽ziqlərinə dözür və onlarla bağladığı əhd-peymanları pozmurdu.

Nəhayət Tövbə surəsinin ilk ayəsi nazil oldu və müşriklərə çox ciddi xəbərdarlıq edildi:

(Bu) Allahdan və Onun Peyğəmbərindən saziş bağladığınız müşriklərə [onlarla olan əhdlərin pozulması, əlaqlərin kəsilməsi haqqında] xəbərdarlıqdır!» (Tövbə surəsi, ayə 1)

Tövbə surəsinin bu və sonrakı ayələri nazil olduqdan sonra bir neçə qəbilələr istisna olmaqla, müsəlmanlarla müşriklər arasında bağlanılan əhd-peymanlara bir dəfəlik son qoyuldu.

5. İstər həzrət Peyğəmbər (s), istərsə də onun davamçıları olan Mə᾽sum imamlar (ə) müsəlmanların bağladıqları əhd-peymanlara və öz və᾽dələrinə sadiq qalmalarına tə᾽kid etmiş və onların pozulmasına yol verməmələrini tövsiyə etmişlər.

Peyğəmbər (s) bunu hətta münafiqlərin xüsusiyyətlərindən biri kimi qiymətləndirib buyurur:

«Bu üç şey münafiqlərin xüsusiyyətlərindəndir:

1. Bir şey danışdıqları zaman yalan söyləyər;

2. Bağladıqları əhd-peymanı pozar;

3. Verilən əmanətlərə xəyanət edər. (Biharul-ənvar, cild 72, fəsil 106, hədis 6)

Əli (ə) Malik Əştərə verdiyi göstərişlərin birində buyurur:

«Camaata və᾽də verdiyin zaman öz əhdinə sadiq qal. Çünki əhdə vəfa etməmək Allahla insanlar arasında düşmənçiliyə [insanların Allahdan uzaq düşmələrinə] səbəb olur. Allah-taala buyurur:

«Etməyəcəyiniz bir şeyi demək Allahın qəzəbinə səbəb olur». (Biharul-ənvar, cild 75, fəsil 47, hədis 21)

İmam Sadiq (ə) buyurur:

«Mö᾽minin öz din qardaşına verdiyi və᾽də, kəffarəsi olmayan nəzr kimidir. (Yə᾽ni, verilmədikdə kəffarə ilə əvəz etmək olmur). Əhdini pozmuş şəxs Allahın qəzəbinə gələrək Onunla müxalifət etmiş olur. Allah-taala Öz kitabında buyurur:

«Ey iman gətirənlər! Etməyəcəyiniz bir şeyi niyə deyirsiniz. Etməyəcəyiniz bir şeyi demək Allah yanında böyük qəzəbə səbəb olar». (Üsulu-kafi, cild 2, səh 362, hədis 1)

Əli (ə) buyurur:

«Öhdəsindən gələ bilməyəcəyin hər hansı bir şey haqda əhd-peyman bağlama».

«Yerinə yetirəcəyiniz şeyin öhdəsindən gələcəyinə əmin olmayınca və᾽də verməyin».(Biharul-ənvar, cild 2, fəsil 558)

«Əhdə vəfalı olmaq» ən mühüm əxlaqi xüsusiyyətlərdən biridir. Qur᾽ani-Kərim bunu əməli-saleh insanların xüsusiyyətlərindən biri qiymətləndirir.

Qarşı tərəfin müsəlman, müşrik və ya kafir olmasından asılı olmayaraq, müsəlmanlar bağladıqları əhd-peymana sadiq qalmalıdırlar.

                             Bismillahir rəhmanir rəhim.

    Vəl əsr. İnnəl insanə ləfi xusur. İlləlləzinə əmənu və əmilussalihati         vətəvasau bilhəqqi və təvasau bissabır.

      Sadaqallahul əliyyul əzim          

 

                                    2-ci Xütbə

           Əssəlamu əleykum və rəhmətullah.

  Bismillahir rəhmanir rəhim. Əlhəmdulillahi rəbbil aləmin. Vəssəlatu vəssəlamu əla seyyidina və nəbiyyina əşrəfil əmbiyəyi vəlmursəlinə Əbil Qasimi Muhəmməd (s) və əla Alihi və əhli-beytihit tahirinəl məsumin.

         Usikum və nəfsi bitəqvəllah. Ya ibadəllah.

         Mövzu: " Səbirli olmaq."

Hər bir insan gündəlik həyatında özü kimi bir çox cəmiyyət üzvləri ilə qarşı-qarşıya gəlir və onlarla daimi ünsiyyətdə olur. Cəmiyyət üzvlərinin hər birinin özlərinə xas rəftar, davranış və təfəkkür tərzi vardır. Bə᾽zən elə şəxslərlə rastlaşırıq ki, onlar bir sıra əxlaqi xüsusiyyətlərə malik olmadıqları üçün adi davranış qaydalarında və başqaları ilə ünsiyyətdə kobudluğa yol verirlər. Bu da tərəf-müqabilin inciməsinə və narahatçılığına səbəb olur. Bəs bu kimi xoşa gəlməz rəftar və davranışların müqabilində nə kimi nə etmək lazımdır?

Təbiidir ki, bu vəziyyətdə hər şeydən əvvəl insanın zehninə belə bir çıxış yolu gəlir. Ya onlarla tamamilə əlaqəni kəsməli, ya da yalnız gözəl əxlaqa malik olan şəxslərlə ünsiyyətdə olmalı. Belə təsəvvür olunur ki, insan yalnız bu yolla öz asayiş və rifahını tə᾿min edə bilər. Qeyd etmək lazımdır ki, bu işi həyata keçirmək qeyri-mümkündür. Çünki, hər bir cəhətdən gözəl xüsusiyyətlərə malik olan və bütün gözəl əxlaqi səciyyələrə yiyələnən belə bir ideal şəxsi tapmaq demək olar ki, qeyri-mümkündür. İnsanlar mövcud olan varlıq aləmində bir-birlərindən fərqli ruhiyyə, zövq, iste᾽dad və s. keyfiyyətlərə malik olurlar. Belə bir fərqlilik daim hər yerdə mövcud olmuş və olmaqdadır. Bu səbəbdən də bütün xüsusiyyətlərlə bir-birinə oxşar iki nəfər şəxsi tapmaq adətən çox çətin olur. Bütün bunlarla yanaşı, ictimai ehtiyac və təlabatlar dediklərimizə bir başqa cür tə᾽sir göstərir. Bundan da əlavə, heç də bizə mə᾽lum deyil ki, əgər biz yaşadığımız ictimai mühitdə bütün cəmiyyət üzvləri ilə hər tərəfli əlaqələri kəsəriksə, onlar da bütün sahələrdə bizimlə öz əlaqələrini kəsəcəklərmi? Bütün bunları nəzərə alaraq qətiyyətlə deyə bilərik ki, belə bir çıxış yolu qeyri-mümkündür.

Başqa bir çıxış yolunu bütün xoşagəlməz rəftar və davranışların müqabilində müxtəlif tədbirlərə əl atmaqda, hətta lazım gələrsə həmən şəxsləri görəcəkləri işlərdən peşiman olana qədər cəzalandırmaqda görmək olar. Belə təsəvvür olunur ki, onlar cəzalandırıldıqları təqdirdə bir daha kobud rəftara yol verməyəcəklər.

Belə bir çıxış yolu yalnız o zaman müsbət nəticə verə bilər ki, insan cəza tədbirinə yalnız bir dəfə əl atmış olsun və həmən şəxs (cəzalandırılan) intiqam almağa və əvəzini çıxmaq fikrinə düşməsin. Lakin bu işin qeyri-mümkünlüyü də göz qabağındadır. Tarixə nəzər saldıqda dəfələrlə bu həqiqətin şahidi oluruq ki, cəmiyyətdə narazılıq və qarşıdurmalar yaranarkən müxtəlif cəza tədbirlərinə əl atılmış, bir çox hallarda isə yüzlərlə günahsız insanların qanları tökülmüş və bu iş hətta amansız müharibələrlə nəticələnmişdir. Yaranmış kin-küdurət müvəqqəti olaraq yatırılmış, lakin ilk fürsətdə yenidən şö᾽lələnərək daha da böyümüşdür.

Bütün bu qarşıdurmaların köklərini və yaranma səbəblərini araşdırdıqda görürük ki, onların bir çoxu olduqca əhəmiyyətsiz səbəblər üzündən meydana gəlmiş, insanların inadkarlıqları üzündən get-gedə böyümüş və bir çox hallarda qarşıdurma hətta müharibələrlə belə nəticələnmişdir.

Nəzərdən qaçırmamalıyıq ki, başqalarına qarşı belə bir tədbirlərə əl atdıqda onlar da bizdən hər hansı bir xoşagəlməz rəftar gördükdə ciddi tədbirlər görmək haqda fikirləşəcəklər. Yə᾽ni, biz başqaları ilə necə davranarıqsa, onlar da bizimlə həmən tərzdə davranmalı olacaqlar. Təbii ki, yaranmış belə bir şəraitdə sülh, əmin-amanlıq əldə etmək mümkün olmayacaqdır və belə bir cəmiyyətdə yaşamaq hamı üçün olduqca ağır və təhlükəli olacaqdır.

İslam dininin belə bir şəraitdə bizlərə tövsiyə etdiyi şey, daha dəqiq desək, göstərdiyi yol «səbirli və təmkinli» olmaqdır.

Burada üç mühüm məsələyə xüsusi diqqət yetirmək lazımdır:

1. Qəzəbin mahiyyəti və qəzəb qüvvəsindən bəhrələnmək (istifadə etmək) tərzi;

2. İslam dinində səbirli və təmkinli olmağın dəyər və əhəmiyyəti;

3. İslam dininin səbr və təmkinliyə olan baxışı. Həzrət Peyğəmbər (s) və İmamların (ə) başqalarının kobud rəftarlarının qarşısında səbr və təmkinli olmaları.

Nəql olunmuş bir çox rəvayətlərdə qəzəbin həddən artıq mənfi xüsusiyyət olduğu göstərilmiş və müsəlmanlara bu xoşagəlməz xüsusiyyətdən uzaq olmaları tövsiyə olunmuşdur. Bə᾽zi rəvayətlərdə qəzəbin hətta bütün pisliklərin əsas səbəbkarı (açarı) olduğu göstərilir. İmam Sadiq (ə) buyurur:

«Qəzəb bütün pisliklərin açarıdır». (Biharul-ənvar, cild 73, fəsil 132, hədis 4)

Əli (ə) buyurur:

«Qəzəb elə bir şeydir ki, əgər onu öz başına buraxsan hər şeyi dağıdar və viran edər». (Müstədrək, cild 12, fəsil 53)

«Qəzəb öz sahibini həlak edər və eyblərini üzə çıxarar». (Qurərül-hikəm, cild 2, səh 31)

Bə᾽zi rəvayətlərdə isə qəzəb dəli-divanəliyə bənzədilir.

Əli (ə) buyurur:

«Qəzəbdən uzaq olmağa çalışın, çünki, qəzəbin əvvəli dəlilik, sonu isə peşimançılıqdır». (Müstədrək, cild 12, fəsil 53)

«Qəzəb bir növ dəlilikdir. Çünki, qəzəblənən şəxs tutduğu işdən peşiman olur. Yox əgər peşiman olmazsa, dəliliyinin daha da gücləndiyi bəlli olur». (Biharul-ənvar, cild 73, fəsil 132, hədis 20)

Bəs insan öz qəzəbini cilovladıqda necə? Belə bir xüsusiyyətə yiyələnməsi yenə də mənfi haldırmı?

Bu məzmunda nəql olunmuş bir çox rəvayətlərdə insanın belə bir xüsusiyyətə malik olması müsbət hal kimi göstərilir.

Əli (ə) buyurur:

«Ən böyük var-dövlət insanın öz qəzəbini boğmasıdır». (Qəzəbləndiyi zaman özünü idarə edə bilməsidir.)

«İnsanların ən güclüsü o kəsdir ki, qəzəblənməsin (və ya qəzəbləndiyi zaman özünü ələ ala bilsin)».

«Qəzəbini boğa bilən şəxs Şeytana qalib gəlmiş olur. Şeytan isə qəzəbini boğa bilməyən kəsləri öz ixtiyarına alar». (Qurərul-hikəm, cild 4, səh 274)

«Qəzəb sizin düşməninizdir. Elə isə özünüzü onun ixtiyarına buraxmayın (onun qarşısında təslim olmayın)».

«Qəzəb və şəhvəti ağlına qalib gələn şəxslər dörd ayaqlı heyvanlara bənzərlər».

Nəql olunmuş rəvayətlərdə qəzəbinə qalib gələn şəxslər ən iradəli və qüdrətli insanlar kimi qiymətləndirilirlər.

Peyğəmbərdən (s) bu məzmunda nəql olunmuş rəvayətdə deyilir:

«Güc və qüdrət güləşməkdə və sınanmaqda deyildir. Ən qüdrətli insan o kəsdir ki, qəzəbləndiyi zaman özünü ələ ala bilsin». (Biharul-ənvar, cild 77, fəsil 7, hədis 1)

«Həqiqi pəhləvan (Həzrət (s) bu kəlməni üç dəfə təkrar edir) o kəsdir ki, qəzəbləndiyi zaman rəngi qızarır, bədəni əsir, lakin öz qəzəbini boğa bilir».

Əli (ə) buyurur:

«İnsanların ən güclüsü o kəsdir ki, qəzəbləndiyi zaman özünü ələ ala bilsin».

İmam Baqir (ə) buyurur:

«Qəzəbini yatırdan şəxsdən qüdrətli kəs yoxdur». (Biharul-ənvar, cild 78,fəsil 22,hədis 1)

Peyğəmbərin (s) dövrünə dəlalət edən rəvayətlərdən birində deyilir:

«Köçəri ərəblərdən biri Mədinəyə gəlib həzrət Peyğəmbərdən (s) ona nəsihət etməsini xahiş edir. Peyğəmbər (s) ona yalnız bunu deyir:

«Qəzəblənmə!»

Həmən şəxs ona edilən bu kiçik tövsiyə ilə qənaətlənib öz qəbiləsinin yanına qayıdır. O, öz el-obasına yetişdikdə görür ki, onun qəbiləsindən olan bir şəxs digər qəbilənin malını qarət etmiş, bunun üçün də iki qəbilə arasında qarşıdurma yaranmış və hər iki tərəfdən xəsarət alanlar olmuşdur. Dərhal qılıncını siyirib intiqam almaq istəyir. Lakin birdən Peyğəmbərin (s) «qəzəblənmə!» deyərək ona tövsiyə etdiyi söz yadına düşür. Bir qədər fikrə gedir və öz-özünə düşünür, nə üçün haqsız qan töküb, ölümlə üz-üzə gəlməlidi? O həmən qəbilənin yanına gəlib deyir: Gəlin artıq qan tökməyək, nə qədər xəsarət almısınızsa mənim var-dövlətimdən götürün. Qəbilə başçıları onun bu sözlərini eşidib bayaqkı düşmənçiliyi kənara qoyub cavab verirlər: Mərdlikdə biz də səndən geri qalan deyilik. Elə isə biz də öz haqqımızdan keçirik. Beləliklə, Peyğəmbərin (s) etdiyi hikmət dolu kiçik tövsiyə haqsız qanların tökülməsinin, el-obaların viran qalıb yandırılmasının qarşısını alır.

Bu rəvayətdə iki mühüm məsələyə toxunulur:

1. Qəzəb bir mənfi xüsusiyyət kimi məzəmmət olunmalıdır;

2. Qəzəblənərkən insan özünü ələ ala bilməyi bacarmalıdır.

Lakin nəql olunmuş növbəti rəvayətlərdə olduqca əhəmiyyət kəsb edən üçüncü məsələ ilə də qarşılaşırıq. O da Allah yolunda qəzəblənmək və haqq-ədalət uğrunda mübarizə aparmaqdır.

Əli (ə) buyurur:

«Allah yolunda qəzəb qılıncını itiləyən şəxs küfr əhlinin (haqdan uzaq düşmüş) pəhləvanlarını qətlə yetirməyə daha çox qadir olar». (Biharul-ənvar, cild 71, fəsil 89, hədis 6)

Həzrət Musa (ə) Allaha etdiyi münacatların birində soruşur:

«Qiyamət günü Sənin kölgəndən başqa heç bir kölgə olmadığı bir halda, Sənin sakinlərin kimlərdirlər ki, onlara Öz ərşində sığınacaq verirsən?»

Allah-taaladan belə bir xitab gəlir:

«O kəslər ki, haram etdiyim şeylərin halal olunduğunu görüb yaralanmış pələng kimi qəzəblənərlər». (Biharul-ənvar, cild 13, fəsil 11, hədis 42)

Nəql olunmuş rəvayətlərdən belə bir nəticəyə gəlmək olur ki, Allah-taala qəzəb hissini insanların fitrətində ona görə qərar vermişdir ki, onlar düşmən müqabilində din və əqidələrinin qorunmasında layiqincə müqavimət göstərə bilsinlər. Demək, bu daxili qüvvədən yalnız o zaman istifadə etməliyik ki, haqq olan dinimizə, namus və əqidəmizə düşmənlər tərəfindən təcavüz və ya hörmətsizlik edilmiş olsun. Varlığını ilahi ne᾽mət hesab edən hər bir saf əqidəli müsəlman Allah düşmənlərini öz düşməni sanmalı, ilahi qanunlara qarşı olan hər hansı bir hörmətsizliyi öz şərəf və namusuna qarşı hörmətsizlik hesab etməli və haqq-ədalətin müdafiəsində əlindən gələni əsirgəməməlidir. O, düşmənə qarşı olduqca qətiyyətli və barışmaz mövqe tutmalıdır.

  Bismillahir rəhmanir rəhim.

        Qul huvəllahu əhəd. Allahus səməd. Ləm  yəlid və ləm yuləd. Və ləm yəkulləhu kuhuvən əhəd.

Sədəqallahul əliyyul əzim.

Vəssəlamu ələykum və rəhmətullah.

 

Copyright 2008 © Imamhuseyn.org