Əsas » Məqalələr » İSLAM MƏZHƏBLƏRİ ARASINDA DİALOQ VƏ YAXINLAŞMA
İSLAM MƏZHƏBLƏRİ ARASINDA DİALOQ VƏ YAXINLAŞMA

Çağdaş zəmanəmizdə bütün dünyada dinlər, toplumlar arası dialoqdan çox danışılır. Bu mövzuda dünyanın müxtəlif nöqtələrində çoxlu sayda konfranslar, seminarlar təşkil edilir, bir çox elmi əsərlər, məqalələr qələmə alınır. Dinlərin, mədəniyyətlərin biri-birlərinə qarşı dözümlülüyə bu qədər ehtiyac hiss etmələrinin bir çox səbəbləri vardır. Bunların arasında informasiya texnologiyalarının yüksək inkişafı, ekologiya, qlobal iqtisadi böhranlar, terrorizm, iri miqyaslı təbii fəlakətlər və s. bu qəbildən olan ümumi problemlərin çoxluğu kimi səbəblər ilk sırada dayanmaqdadır. Müxtəlif xalqların və mədəniyyətlərin yaxınlaşması, heç şübhəsiz ki,  günümüzün reallığıdır.

Bu proseslərin fonunda, müxtəlif dinlərin və mədəniyyətlərin bir-biri ilə münasibətdə dialoq və tolerantlığa çağrıldığı bir zamanda, təəssüflə qeyd etmək lazımdır ki, hansı səbəblərdənsə İslam məzhəbləri arasında dialoq və yaxınlaşma istiqamətində ciddi və səmimi cəhdlər bir o qədər də nəzərə çarpmır. Axı müsəlmanlar arasında da obyektiv və subyektiv səbəblərdən ortaya çıxmış müxtəlif problemlər vardır ki, bunlar da əksər hallarda məzhəbi xarakter daşıyır. Bu gün dünyada baş verən hadisləri nəzərə aldıqda şübhə etmədən söyləyə bilərik ki, tarixin əvvəlki dövrlərilə müqayisədə birlik və bərabərliyə müsəlmanların daha çox ehtiyacı olduğu bugünkü gündə bu sahədə atılmış addımları təqdirəlayiq hesab etmək labüddür.

Məlum olduğu kimi, məzhəblərin formalaşmasının İslam dünyasında yüz illərlə ölçüləcək tarixi vardır. İslamın düşüncəyə verdiyi önəm və İslamdakı ictihad fəaliyyətləri sahəsinin genişliyi müxtəlif xalqlar və coğrafiyalara yayıldığı zaman fərqli məzhəb və cərəyanların ortaya çıxmasına zəmin yaratmışdır. Bu baxımdan məzhəblərin varlığını təbii bir hal kimi səciyyələndirmək mümkündür. Lakin heç şübhəsiz ki, qeyd etdiyimiz bu səbəb yeganə səbəb deyildir. Zaman-zaman islami toplumlarda müxtəlif siyasi iradələrin təzahürü də bu və ya digər cərəyanın formalaşmasına və ya həmin cəmiyyətdə möhkəmlənməsinə səbəb olmuşdur. Məzhəblər arasında çarpışmaya da İslam tarixinin sevimli peyğəməbərimiz Həzrət Məhəmməddən sonrakı bütün mərhələlərində rast gəlinməkdədir. Təəssüflər olsun ki, müsəlman dünyasında məzhəblərarası münasibətlər uzun zamanlar gərgin olmuşdur. Ancaq bütün bunlardan danışarkən unutmamalıyıq ki, bəhs etdiyimiz zamanlar tarixin elə bir dövrüdür ki, toplumlar bir-birindən həm uzaq,  həm də daha dərin xəttlərlə aralı idilər. Bundan əlavə, az bir müddət monqol istilasını çıxmaq şərtilə, bütün İslam coğrafiyasına müsəlmanların özləri hakim idilər və bu torpaqlarda İslam mədəniyyətini ciddi şəkildə heç nə təhdid etmirdi.

Bu gün isə bütövlükdə dünya, o cümlədən də İslam dünyası fərqli bir şəraitlə üzbəüzdür. Xalqlar və mədəniyyətlər (o cümlədən məzhəblər) bir-birləri ilə daha yaxın məsafədən təmas qurmaqda, eyni coğrafiyalarda həyatlarını sürdürməkdədirlər. Bununla bərabər, istismarçı qüvvələr İslam dünyasına hər yandan və hər vasitə ilə hücumlar etməkdə, müsəlmanları öz dinlərindən və mədəniyyətlərindən ayırmağa, onların vahid bir ümmət kimi formalaşmasına hər bir vəchlə mane olmağa çalışmaqdadırlar. Belə bir həssas zamanda müsəlmanların öz aralarında məzhəb çəkişmələri aparmalarının nə ilə nəticələnəcəyini izah etməyə zənnimizcə, ehtiyac yoxdur.

Çağdaş zəmanəmizdə İslam dünyasına hakim olan şəraitlə yaxından tanış olan hər kəsə bəllidir ki, hal-hazırda faktiki olaraq «vahid İslam ümməti» anlayışı yalnız sözdə olan şüar kimi səslənməkdə, həqiqətdə isə müsəlman xalqları, müsəlman cəmiyyətləri «ümmətlər» şəklində, parça-parça olub bölünmüş vəziyyətə düşmüşlər. Bəzi hallarda onları bir-birindən nəinki faktiki sərhədlər, həm də mənəvi sərhədlər ayırmışdır. Bunun nəticəsində də, müsəlmanlar vahid ümmət kimi deyil, ixtilafda olan cərəyanlar kimi təşəkkül tapmışlar. Daxili ziddiyyətlər, ayrı-ayrı müsəlman qruplarının bir sıra hallarda öz şəxsi mənfəətləri naminə ümumi İslam mənafeyinə zidd hərəkət etmələri zəngin təbii sərvətlərə və mədəni irsə malik olan bu regionun yadellilərin təsiri altına düşməsinə gətirib çıxartmışdır. Müsəlman cəmiyyətində həqiqi İslam dəyərlərinin zəifləməsi və mənəvi həyatı bürüyən böhran bütövlükdə cəmiyyətə, onun ayrı-ayrı sahələrinə sirayət etmiş, inkişafının qarşısını almış, hətta tənəzzülə sürükləmişdir. Daxili çəkişmələrdən məharətlə istifadə edən müəyyən dairələr artıq əsrlərdir bu regionu öz caynağı altına almağa imkan əldə etmiş, müsəlman xalqlarını müflis vəziyyətə salmışlar. Bütün bu proseslərdə isə «parçala, hökm sür!» siyasəti uğurla həyata keçə bilmişdir. Belə ki, müsəlman xalqları arasında regional, etnik, məzhəbi və s. ayrıseçkiliklər vahid ümmət və İslam qardaşlığı ideyalarını möhkəm sarsıtmışdır.

İslam ümmətinin vəhdəti istiqamətində məzhəblərarası yaxınlaşma, birliyə nail olma şübhəsiz ki, ilk növbədə Allah-Təala tərəfindən bizlərə buyrulmuş və İslam dininin müqəddəs Kitabı olan Qurani-Kərimdə təsbit edilmiş bir hökmdür. Allah-Təala buyurur:

«Hamınız bir yerdə Allahın ipindən (dinindən möhkəm) yapışın, bir-birinizdən ayrılmayın! Allahın sizə verdiyi nemətini xatırlayın ki, siz bir-birinizə düşmən ikən O sizin qəlblərinizi (islam ilə) birləşdirdi Onun neməti sayəsində bir-birinizlə qardaş olunuz. Siz oddan olan bir uçurumun kənarında ikən O sizi oradan xilas etdi. Allah Öz ayələrini sizin üçün bu şəkildə aydınlaşdırır ki, haqq yola yönəlmiş olasınız (Ali-İmran surəsi, ayə 103)

 «Allaha Onun Peyğəmbərinə itaət edin. Bir-birinizlə çəkişməyin, yoxsa qorxub zəifləyər gücdən düşərsiniz. Səbr edin, çünki Allah səbr edənlərlədir (Ənfal, 46)

«(Ya Rəsulum!) Şübhəsiz ki, sənin firqə-firqə olub dinini parçalayanlarla heç bir əlaqən yoxdur. Onların işi Allaha qalmışdır. (Allah) sonra (qiyamətdə) onlara etdiklərini xəbər verəcəkdir (Ənam, 159).

Həqiqətən də, ayələrdə vurğulandığı kimi, tarixin bir dönəmində müsəlmanlar bir-birindən ayrılaraq ixtilaf törədən şəxslərə dönmüş və böyük əzaba düçar olmuşlar. Doğrudan da, onlar bir-birilə çəkişib zəifləmiş və gücdən düşmüşlər. Düşmən də fürsətdən məharətlə istifadə edərək onların, özləri də daxil olmaqla, bütün məmləkətlərini parçalamış, onlar üzərində qələbə çalmağa müvəffəq olmuşdur. Belə bir şəraitdə öz mənəvi dəyərlərinə sadiq olan müsəlmanları heç şübhəsiz ki, bu faciəvi vəziyyət düşündürməyə bilməz. Şübhə yoxdur ki, müsəlman olub müsəlmanlar arasında pərakəndəliyə səbəb olan qüvvələr qeyri-müsəlmanların bu qəbildən olan hərəkətlərindən daha təhlükəli, daha dəhşətlidir. Bütün bu təhlükələrin, problemlərin qarşısını almaq məqsədilə müsəlmanlar arasında mənəvi birliyi bərpa etmək, dinimizdə ayrılığa düşməmək günümüzün zərurətidir. Allah-Təala bunu bizlərə vacib buyurmaqdadır: «(Ya Peyğəmbər!) Allah: «Dini doğru tutun, onda ayrılığa düşməyin!» - deyə Nuha tövsiyə etdiyini, sənə vəhy buyurduğunu, İbrahimə, Musaya İsaya tövsiyə etdiyini dində sizin üçün qanuni etdi...» (Şura, 13)

Ümumiyyətlə, qeyd etmək lazımdır ki, dinin qarşısına qoyduğu başlıca vəzifələrdən biri də nəinki müsəlmanları, hətta bütövlükdə insanları bir-birinə yaxınlaşdırmaq, onlar arasında qırılmaz mənəvi tellər, mehriban və səmimi ünsiyyət qurmağa şərait yaratmaqdan ibarətdir. İslamın hələ 14 əsr öncə kitab əhlinə - yəhudi və xristianlara müraciət edərək onları dialoqa, qarşılıqlı anlaşma və əməkdaşlığa dəvət etməsi və bunun ilahi vəhylər toplusu olan Qurani-Kərimdə bəyan edilməsi dediyimizə ən bariz sübutdur. Dinimiz hər bir mədəniyyəti insanlığın ümumi prinsipləpinə xidmət etdiyi müddətcə bəşəriyyətin ümumi sərvəti hesab edir və ona hörmətlə yanaşır. Beləliklə, Qurani-Kərim toplumlararası dialoqun ilkin layihəsini bu şəkildə irəli sürmüşdür:

"De ki, ey Kitab Əhli! Sizinlə bizim aramızda bərabər olan bir kəliməyə tərəf gəlin! (O kəlmə budur:) Allahdan başqasına ibadət etməyək. Ona heç bir şeyi şərik qoşmayaq Allahı qoyub bir-birimizi (özümüzə) Rəbb qəbul etməyək!»..." (Ali-İmran, 64)

İslamın yaxınlaşma və birlik çağırışının qeyri-müsəlmanlara belə ünvanladığı bir halda, müsəlmanların bir-birindən uzaqlaşmasını necə anlamaq olar? Bunları vurğulamaqdan məqsədimiz gözümüz önündə baş verən hadisələrə daha açıq gözlə baxmaq, eləcə də cəmiyyətimizdə müxtəlif məzhəbləri təmsil edən dindarlar arasında yaxınlaşmanın, sıx və səmimi birliyin yaranmasının zərurətini vurğulamaqdır. Məzhəbindən asılı olmayaraq, hər bir möminin bu prosesin müsbət istiqamətdə daha da inkişaf etməsi yönündə fəaliyyət göstərməsi, onun imanının tələblərindəndir. Beləliklə, İslamın və möminlərin gələcəyi baxımından, eləcə də dinimizin əsas prinsiplərinin tələbi olaraq məzhəblərarası yaxınlaşma nəinki aktual, eyni zamanda qaçılmazdır. Bu həm də dövlətçiliyimiz və milli təhlükəsizliyimiz baxımından da zəruridir.

Qeyd edək ki, yaşadığımız dövrdə məzhəblərə münasibət baxımından müsəlmanları əsasən üç qrupa ayırmaq mümkündür:

1. Məzhəbləri və məzhəbləşməni qətiyyən qəbul etməyən, bunu bidət və yolunu azma hesab edənlər. Bunlara görə, məzhəblərdən heç birini doğru hesab etmək olmaz. 

2. Məzhəbsizliyi və ya özünün mənsub olduğu məzhəbdən başqa bir yolu qətiyyətlə rədd edib bunu azğınlıq hesab edən məzhəbçilər.

3. Mötədillər. Bu qrupdan olanlar məzhəblərin varlığını təbii qəbul edər, bununla birlikdə təəssübdən uzaq duraraq mənsub olduqları məzhəbi dini parçalamaq üçün bir vasitə hesab etməzlər. Onlar məzhəbindən asılı olmayaraq, İslamın ümumi prinsiplərini qəbul etmiş bütün şəxsləri müsəlman və deməli, özünə din qardaşı hesab edir və bütövlükdə müsəlmanları vahid İslam ümməti şəklində görürlər.

Göründüyü kimi, ilk iki qrup bu məsələdə ifrat və təəssübkeşliyi təmsil etməkdədirlər.

 Məsələyə hər iki münasibət forması, fikrimizcə, İslam aləminin bu günkü xaotik vəziyyətdə qalmasına yardım etməkdədir. Təəssüflər olsun ki, bu cür düşünən müsəlmanların sayı günümüzdə hələ də az deyil.

Üçüncü qrupu təşkil edən möminlər isə orta yolu izləyənlərdir. Belə düşünənlərin sayı nisbətən az olsa da, fikir və düşüncələri zəmanəmizin nəbzini tutmağı bacaran yeni nəsil arasında günü-gündən vüsət almaqda, daha geniş kütlələri əhatə etməkdədir. Zənnimizcə, mötədillərin fikrini bir qədər açıqlamağa ehtiyac var.

Əvvəla, qeyd edək ki, mötədillik və təəssübdən uzaq olma bir şəxsin sahib olduğu məzhəbi həqiqətlərdən vaz keçməsi, özünün doğru bildiklərini inkar etməsi və ya ona arxa çevirməsi demək deyildir. Bu hər şeydən əvvəl digər anlayış tərzlərinin varlığını təbii qəbul etməkdir. Bunun üçün ən əvvəl məsələni Rəsulullah (s) zamanından incələmək, yəni sevimili Peyğəmbərimizin (s) müsəlmanlar arasındakı fərqliliklərə münasibətini bilmək, bundan sonra fərqli məzhəb və cərəyanların İslam tarixində ortaya çıxma şərait və səbəblərinə nəzər salmaq lazımdır. Əlbəttə, Rəsulullah zamanından bəhs edərkən ən əvvəl ağlımıza gələn və hamının üzərində ittifaq etdiyi, o dövrdə müsəlmanların Peyğəmbərimizin ətrafında, aralarında heç bir ciddi ixtilaf və çəkişmə olmadan, sıx şəkildə birləşmiş olmalarıdır. Elə bir birləşmə ki, ondan əvvəl və sonra, tarixin heç bir dövründə rast gəlinməmişdir. Heç şübhəsiz, Peyğəmbərimizin (s) həyatda olması, vəhyin nazil olmasına səhabələrin canlı şahid olması, ortaya çıxan hər hansı bir sualın birbaşa ilk qaynaqdan cavablandırılması kimi reallıqlar bu birliyin əsas səbəblərindəndir. Bütün bunlarla bərabər, qeyd edək ki, o dövrdə də sosial, psixoloji fərqliliklər mövcud idi və Peyğəmbərimiz (s) öz dəvətində bunu nəzərə almaqda idi. Çünki diqqətlə nəzər saldıqda görərik ki, bu qəbildən olan fərqliliklər əslində İlahi bir təqdirdir. Səhabələrin iki təbəqəyə, ənsar və mühacirlərə bölünməsi Qurani-Kərimlə sabitdir. Hər iki qrup da bir Kitaba inanmaqda, bir Peyğəmbərin yolunu getməkdə və İslam şəriəti qarşısında eyni hüquqla məsuliyyət daşımaqda idi. Ancaq bunları fərqləndirən əsas amil fərqli sosial mühitdə yetişmiş olmaları və dini fərqli şərait və zamanda qəbul etmələri idi. Şübhəsiz ki, Peyğəmbər də bunu bilməkdə və hökmlərin tətbiqində buna diqqət yetirməkdə idi. Buna misal olaraq Bədr döyüşündə Rəsulullahın ənsara bir, mühacirlərə də digər bayraq verərək bu halda döyüşmələrinə izn verməsini göstərmək olar. Rəsulullahın qurduğu cəmiyyət insan oğlu yaranandan bu günə qədər tarixin şahid olduğu ən yekdil, ən monolit, ən sarsılmaz birliyə, bərabərliyə nail olmuş bir cəmiyyət olmuşdur. Allahın yardımı ilə Peyğəmbərin buna nail olma səbəblərindən biri insanın və toplumun psixologiyasını dəqiqliklə dəyərləndirməsi, təbii və hər zaman mövcud olan fərqlilikləri nəzərə alması idi. Buradan aydın olur ki, bütün normal cəmiyyətlərdə bu tip fərqlər və müxtəlifliklər normal haldır və təbii olaraq bu proses İslam tarixi boyunca davam etmişdir. Tarixdə bu prosesin əsas təkanverici amillərinə nəzər salsaq, bu fikrimiz daha da aydınlığa qovuşmuş olar. Belə ki, alimlər məzhəb və cərəyanların ortaya çıxmasının səbəbləri kimi aşağıdakıları göstərmişlər:

1. İnsanların anlayış və idrak səviyyəsinin fərqli olması.

2. İslamın fəthlər zamanı qarşılaşdığı mədəniyyətlər. Məlumdur ki, İslam dini cahanşümul mahiyyətə sahibdir, yəni bütün insanlığa xitab etməkdədir. Bundan irəli gələrək müxtəlif xalqlar arasında yayıldığı zaman müxtəlif mədəniyyətlərlə ünsiyyətə girmiş, bunun da qeyd edilən prosesə təsiri olmuşdur. İslam dini müxtəlif topluluqların ortaya çıxardığı mədəniyyətlərin varlığını qəbul etməkdə və bunlar arasında qarşılıqlı ünsiyyət tanımaqdadır. Belə ki, Allah-Təala Qurani-Kərimdə "... bir-birinizi tanımağınız üçün sizi xalqlara qəbilələrə ayırdıq..." (Hücurat, 13) buyurmaqdadır.

3. İslamın insanlara tanıdığı fikir azadlığı. Dinimiz əsas ana ehkamları etibarı ilə düşüncə azadlığına əhəmiyyət verməkdə və bununla paralel olaraq insanları davamlı olaraq düşünməyə, təfəkkür etməyə dəvət etməkdədir. Bundan irəli gələrək hər hansı bir məsələ ilə bağlı müxtəlif ictihadların, rəylərin irəli sürülməsi labüddür.

Əlbəttə, sadalanan bu səbəblərdən başqa digər obyektiv və subyektiv amillər də mövcuddur. Təəssüflər olsun ki, bu amillər arasında kənar müdaxilələrin də payı yox deyildir. Ancaq fikrimizcə, nəzərinizə çatdırdığımız bu üç səbəb məsələnin inkişafı yönündən məzhəb anlayışımızı istiqamətləndirməkdə əsas faktorlar olmalıdır.

Beləliklə, məzhəblərarası dialoq və yaxınlaşmadan danışarkən ən əvvəl məzhəb anlayışımızı, ona olan münasibətimizi  aydınlaşdırmalıyıq. Belə ki, məzhəblərin varlığını təbii qəbul etməklə müsəlman, əhli-qiblə olanlara qarşı dialoq qapısını açıq tutmalı, nəinki dialoqa hazır olmalı, hətta ümumi problemlərin həllində eyni cərgədə yer almalıdır.

Məlum olduğu kimi Azərbaycan, əhalisinin məzəb etibarilə şiələrin çoxluq təşkil etdiyi, ancaq sünnilərin də kifayət qədər faizə sahib olduğu bir məmləkətdir. Ölkəmiz şiə və sünnilərin tarix boyu birgə, iç-içə yaşadığı bir neçə müsəlman ölkəsindən biridir. Burada bu məzhəblərin ardıcılları bir-biri ilə sıx şəkildə qaynayıb qarışmış, qarışıq ailələr təşkil etmiş, ictimai həyatımızın istisnasız, bütün sahələrində birlik və bərabərlik nümayiş etdirmişlər. Zənnimizcə, şiə və sünnilərin dini təsisatlarının ayrı-ayrılıqda deyil, mərkəzləşmiş dini qurum olaraq Qafqaz Müsəlmanları İdarəsi çətiri altında birləşmələri, əl-ələ verib birgə fəaliyyət göstərmələri dediyimizə gözəl nümunədir. Bu baxımdan tam yəqinliklə demək olar ki, Azərbaycanda sosial sahədə məzhəbi bir problem yoxdur. Lakin tarixən mehriban və səmimi münasibətdə yaşayan Azərbaycan müsəlmanlarının formalaşdırdığı bu ab-hava görünür ölkəmizə xain gözü dikmiş hansısa dairələri narahat etməkdə, onların məkrli planlarının həyata keçməsinə mane olmaqdadır. Sovetlər birliyinin süqutu ilə ölkəmizə ayaq açmış bir sıra xarici dairələrin emissarları var qüvvə ilə Azərbaycanda məzhəblərarası münasibətləri gərginləşdirmək, şiələrlə sünniləri bir-birinə qarşı qoymaq istiqamətində iş aparmaqdadırlar. Bu məqsədlə böyük tirajlarla müxtəlif kitab və broşurlar Azərbaycan dilində hazırlanıb çap etdirilmiş və əhali arasında yayılmışdır. Hətta iş o yerə gəlib çatmışdır ki, qızışdırıcı məqalələr kütləvi informasiya vasitələrində, qəzet səhifələrində də yer almağa başlamışdır. Əlbəttə, həm dinimizə, həm də milli birliyimizə qarşı yönəldilmiş bütün bu kimi hallar bizləri narahat etməkdədir. Lakin, bununla belə, çox şükürlər olsun ki, bu məkrli niyyətlər ümumilikdə cəmiyyətimizin iradəsini qıra bilməmişdir və bu gün də şahidi olduğumuz kimi, sünnili-şiəli bizlər bir araya gələrək İslam ümmətinin vəhdətinin zəruriliyi fikrində həmrəylik nümayiş etdiririk. Zənnimizcə, bütövlükdə İslam aləmində, o cümlədən onun ayrılmaz bir parçası olan Azərbaycanımızda bütün müsəlmanlar əl-ələ verib qətiyyət nümayiş etdirərək bu kimi çirkin niyyətlərin gerçəkləşməsinə yol verməyəcək və bizləri bir-birimizə qarşı qoymağa çalışanlara layiqli cavab verəcəkdir. 

Nə üçün biz məzhəblərarası dialoqun başlamasına və ya bunun gündəmə gəlməsinə çalışır və bu kontekstdə müsəlmanların fəallaşmasının tərəfdarı kimi çıxış edirik? Bizcə, bunun üç əsas səbəbi var:

1. Artıq yuxarıda da qeyd etdiyimiz kimi, hər şeydən öncə bu bizim dinimizin tələbidir. İlahi vəhylə təsbit olunmuş bu tələbin yerinə yetirilməsi hər birimizin üzərinə düşən ilahi bir vəzifədir.

2. Məzhəblərarası yaxınlaşma milli birliyimizin tərkib hissəsidir. Azərbaycan bizim hamımızın Vətənidir. Azərbaycan dövləti bizim hamımıza məxsus Allahın neməti, ümumi sərvətimizdir. Bu bir faktdır ki, İslam dini biz azərbaycanlıları bir millət kimi formalaşdıran, özünəməxsus edən əsas ünsürlərdən olmuşdur. Mənəvi dəyərlərimiz, mədəniyyətimiz, incəsənətimiz, ədəbiyyatımız, təfəkkür tərzimiz, hətta musiqimiz belə həmişə ondan təsirlənmişdir. Bir sözlə, tariximizi, mədəniyyətimizi, bütövlükdə milli varlığımızı İslamdan ayrı təsəvvür etmək qeyri-mümkündür. Belə ki hər bir millət kimi, biz azərbaycanlıları da tarix və mədəniyyətimizdən ayrı təsəvvür etmək mümkün deyil. Əlbəttə, bu zaman mömin vətəndaşların bir-birinə arxa çevirmiş vəziyyətdə olması milli birliyin bərqərar olmasına, vətəndaş birliyinə kölgə salacaq amildir. Qurani-Kərimdə "Allahın sizə verdiyi nemətini xatırlayın ki, siz bir-birinizlə düşmən ikən, O, sizin qəlblərinizi birləşdirdi Onun neməti sayəsində bir-birinizlə qardaş oldunuz. Siz oddan ibarət olan bir uçurumun kənarında ikən, O sizi oradan xilas etdi." (Ali-İmran, 103) buyurulmaqla dinin cəmiyyəti birləşdirici, qardaşlaşdırıcı missiyasına işarə edilməkdədir. Din - birləşdirici faktordur. Onu parçalanma üçün vasitə etmək Allah qarşısında ən böyük günahlardandır.

Azərbaycanımızın və ümumilikdə İslamın düşmənləri çox hiyləgər və məkrlidirlər. Bizlər daim nəzərə almalıyıq ki, möminlərin məzhəbçilik təəssübü və bir-birinə arxa çevirməkdə israrı onlar üçün lazım gəldiyi an istifadə edəcəkləri vasitədir. Bu cəhətdən məzhəblərarası dialoqsuzluq təkcə möminlərin deyil, bütövlükdə cəmiyyətin problemidir. Bu gün cəmiyyətimizdə məzhəbi problemin qabarıq nəzərə çarpmaması heç kimi rahatlatmamalıdır. Anti-İslam və anti-Azərbaycan dairələrinin bu yöndə fəaliyyətdə olan institutları və onların təcrübələri belə münaqişələri törətməkdə mahirdirlər. Bu gün birliyə doğru atacağımız addım, bir-birimizi dinləmə və ən əsası birgə fəaliyyət üçün qəbul etmə belə niyyətlərin qarşısını alacaq ən böyük addımdır.

Qarabağ probleminin həllində möminlər öz imanlarının zəruri tələbi ilə ön sıralarda yer almalıdırlar və əlbəttə bu sıralarda biz ancaq çiyin-çiyinə olub bərabər - qardaş kimi döyüşə, mübarizə apara bilərik.

Dinimizin millətin köksündə əsrlərlə ölçüləcək dərinliklərə işləmiş köklərini çıxarıb atmaq qeyri-mümkündür. Bəli, möminlər toplumun islahediciləri olaraq bir çox problemlərin həllində ön sıralarda yer almalıdırlar. Bu gün irəli sürdüyümüz bu yaxınlaşma çağırışı o günlərə doğru atılmış bir addımdır.

3. Müsəlmanların qlobal vəziyyəti.    

Müxtəlif məzhəbləri təmsil edən müsəlmanlar heç şübhəsiz bu ümmətin ayrılmaz bir parçasıdırlar. Beynəlxalq aləmdə baş verən və əsasən İslam dünyası üzərində cərəyan edən hadisələrin bizlərə də təsiri vardır. Çünki bu proseslər tək bir millətə və ya coğrafi məkana deyil, bütöv bir mədəniyyətə ünvanlanmışdır. Bu gün milliyyətçilik də, kommunizm də, digər idiologiyalar da müasir texnologiyalarla təchiz edilmiş və zahirən bəzədilmiş imperializm qarşısında çökmüşlər. Onlar artıq mübarizəni dayandırmışlar. İndi isə məqsədyönlü şəkildə hər bir vəchlə qarşılarında maneə kimi səciyyələndirdikləri müqəddəs, saf, humanist və ülvi dinimizi qaralamaqda, onun haqda mənfi imic formalaşdırmaqda, fanatizm və terrorla eyniləşdirməkdədirlər. Ümmət olaraq üzərimizə yeriyən, torpaqlarımızı işğal edən, yeraltı və yerüstü təbii sərvətlərimizi talayıb aparan, mədəniyyətimizi alt-üst etməyə çalışan şər maşınına qarşı parçalanmış və zəiflədilmiş halda sinə gərmək mümkün deyil.

Allah-Təala buyurur:

"Onlar ağızları ilə Allahın nurunu söndürmək istəyirlər. Ancaq kafirlərə xoş gəlməsə Allah öz nurunu tamamlayacaqdır." (Saff, 8)

Bu gün kafirlərin söndürmək istədikləri nur sünnili, şiəli, ərəbli, türklü, farslı hamımızın sahib çıxmalı olduğu nurdur. Bu gün həm millət, həm ümmət olaraq işğalla üzüzəyik. Bizə bu hücum alternativ bir mədəniyyətə və düşüncə sisteminə malik olduğumuz səbəbilədir. Bizlər yalnız haqsızlıqlar qarşısında səylərimizi birləşdirdiyimiz zaman onun fəsadlarından qoruna bilərik. Azərbaycan möminlərinin ümmətin bir parçası kimi bu gün atacaqları yaxınlaşma addımları əslində bütün İslam aləmində bu yöndəki fəaliyyətlərin ayrılmaz bir hissəsi olacaqdır.

Beləliklə, bizlər bu gün çox dəqiqliklə həmrəyliyimizin mexanizmini hazırlamağa, ərsəyə çıxarmağa səy göstərməliyik.

Əvvəla, qəbul etməliyik ki, müxtəlif məzhəblərin ardıcılları bir-biri barəsində kifayət qədər məlumatsızdırlar və ya bir çox hallarda yanlış məlumatlara sahibdirlər. Bir tərəfin ixtilaflı məsələsi qarşı tərəfdən həddindən artıq şişirdilərək qəbul edilmişdir. Bu qəbildən olan problemlərin həlli üçün tərəflər bir-birlərini yaxşı tanımalıdırlar. Digər əsas məsələ isə budur ki, fikir mübadilələri zamanı tərəflər söyüş və təhqir psixologiyasını tamamilə tərk etməli, səmimi şəraitdə bəhs etməlidirlər. Qarşı tərəfin hörmət etdiyi şəxslər haqqında təhqiredici ifadələr işlətməməli, biri digərini "rafizi", "nasibi" kimi adlarla adlandırmamalıdır. Üstəlik, dini xarakterli hər hansı bir fikir ayrılığı yalnız və yalnız dərin biliyə malik olan alim və mütəxəssislərin fikir mübadiləsi mövzusu ola bilər. Onlar da elmi bir bəhs olaraq qardaşyana, səmimilik və doğmalıq şəraitində oturub istənilən mövzuda araşdırmalar apara, öz görüşlərini irəli sürə bilərlər. Belə olduqda adi dindarlar arasında mənasız çəkişmələrə, sonu olmayan mübahisələrə birdəfəlik son qoymuş olarıq.

Yuxarıda qeyd etdiklərimiz bu prosesə başlarkən nəzərə alacağımız ilkin konturlardır. Biz isə ilk addım olaraq ümumi müddəaları aşağıdakı formada təsəvvür edirik:

1. Müxtəlif cərəyanları təmsil edən müsəlmanlar bir-birlərini müsəlman və iman əhli olaraq qəbul etməli, "Həqiqətən iman gətirmişlər qardaşdır!" - buyruğundan irəli gələrək bir-birini qardaş və vahid İslam ümmətinin ayrılmaz hissəsi saymalıdır.

2. Ümumi vətənimiz olan Azərbaycanda İslamın layiq olduğu mövqeyə gətirilməsi hamımızın ümumi vəzifəmiz olduğu daim nəzərə alınmalı və bu yöndə birgə əməkdaşlığa qərar verilməlidir.

3. İttifaq edilən əqidəvi və fiqhi məsələlərdə sıx əməkdaşlığa başlanmalıdır.

4. İxtilaf edilən məsələlərdə dialoq tək yol olaraq qəbul edilməli, belə məsələlər dərin dini biliklərə sahib şəxslərin öhdəsinə buraxılmalıdır.

5. Qarşı tərəfin əqidəvi, fiqhi və ya digər xarakterli ixtilaflı məsələlərinə ancaq onun mənbələrindən cavab aranmalıdır.

6. Hər hansı bir mömin qardaşımızın bu və ya digər məzhəbi seçib qəbul etməsi normal qarşılanmalıdır.

7. Müsəlmanlar arasında birlik və bərabərlik, məzhəblərarası yaxınlaşma və bu kimi digər mövzulu tədbirlərin, görüşlərin birgə keçirilməsi nəzərdə tutulmalı, bu yönlü elmi məqalə və əsərlərin yazılması təşviq edilməlidir.

Əlbəttə, bütün bu təklif etdiyimiz maddələr bizim subyektiv qənaətimizin məhsuludur. İnşallah, bir araya gəlindiyi vaxt bu prinsiplər daha da dərinləşəcək və təkmilləşəcəkdir.

Bir daha qeyd edək ki, dialoq və yaxınlaşma insanın öz inandığı həqiqətlərdən vaz keçməsi deyil. Bu sadəcə olaraq təəssübün inkarı, ortaq prinsipləri və birləşdirici nöqtələri görmə bacarığıdır. Mənsublarının parçalanmış və təfriqə içərisində olmasını qəbul etməyəcək mənada dinimiz vəhdət dinidir. Üzləşmiş olduğumuz ictimai vəziyyət və daha geniş götürsək, qlobal proseslər bizlərə bu birliyi zəruri və təxirəsalınmaz etməkdədir. Zənnimizcə, bu barədə düşünməyin vaxtı çatmışdır...

Elşən Mustafayev

 

Copyright 2008 © Imamhuseyn.org