Əsas » Məqalələr » CUMƏ XÜTBƏLƏRİ » ŞAMAXI ŞƏHƏR İMAMZADƏ MƏSCİDİNİN CÜMƏ XÜTBƏLƏRİ (21.V.2010)

 

                             

 


Xətib: Hacı Elşən Rüstəmov  

                                    1-ci Xütbə

   Əssəlamu əleykum və rəhmətullah.

  Bismillahir rəhmanir rəhim. Əlhəmdulillahi rəbbil aləmin. Vəssəlatu vəssəlamu əla seyyidina və nəbiyyina əşrəfil əmbiyəyi vəlmursəlinə Əbil Qasimi Muhəmməd (s) və əla Alihi və əhli-beytihit tahirinəl məsumin.

         Usikum və nəfsi bitəqvəllah. Ya ibadəllah.

     Mövzu: " Allaha yaxınlaşmağa mane  olan yollar."

      1-ci maneyə:  Bu yollardan biri imanın zəif olması və ya şəxsin qabiliyyətinin

olmamasıdır. Müminun surəsi, 74-cü ayədə Allah-təala buyurur:

     "Allaha və ya qiyamətə inamı olmayan şəxslər düzgün yoldan azacaqlar."       

       Günahlar nəticəsində qaralan qəlbə Allah nuru daxil ola bilməz. Əgər insanın qəlbi günah sayəsində şeytanın əmr mərkəzinə çevrilərsə, Allah dərgahının mələkləri ola daxil ola bilməz.

       İmam Sadiq (ə) buyurur:

       "İnsan günaha mürtəkib olan zaman onun qəlbində qara bir nöqtə yaranır. Əgər günahdan tövbə edərsə, həmin qara nöqtə oradan məhv olub gedir. Əgər günaha davam edərsə, qara nöqtə də tədricən böyüyər. Nəhayət qəlbin hər bir yerini örtür. Belə olan halda bu qəlb sahibi heç bir nicat tapmaz." (Biharul-ənvar, cild 73, səh 328)

       İnsanın Allah qanunlarına qarşı etinasızlığı, ümum insanı, əxlaqi keyfiyyətlərin çox aşağı səviyyədə olmas, onun qabiliyyətsizliyini aşkara çıxarır. Belə bir qəlb Allah nurundan uzaq düşmüşdür. Həqiqətən Allaha yaxınlaşmaq istəyən insan əvvəlcə nəfsini saflaşdırıb, günahlardan təmizlənməyə çalışmalıdır. Məhz bundan sonra ibadət və zikrlərə başlamalıdır. Əks halda onun zikr və ibadətlərindəki səyləri onu Allah dərgahına yaxınlaşdırmayacaqdır.

            2-ci maneyə: Haqq yolunun ən böyük maneyələrindən biri də insanın maddi və dünyəvi bağlılıqlarıdır. Mal-dövlətə, həyat yoldaşına, övladlara, evə, həyat-məişət vasitələrinə, mənsəbə, rəyasətə, ata-anaya, qardaş-bacıya hətta elm və sənətə olan bağlılıqlar ki, bütün bu bağlılıqlar ifrat dərəcədə olduqda bütün sahələrdə haqqı və Allahı 2-ci tərəfə qoymağa səbəb olursa, nəticədə bu cür bağlılıqlar insanı mənəvi ilahi yüksəliş yolundan və hərəkətdən saxlayır.

       Maddi varlıqlara könül verib onlara bağlı olan qəlb onlardan əl çəkə bilmir, qəlb İlahi nur əvəzinə, maddi, dünyəvi işlərin mərkəzinə çevrilir.

       İmam Sadiq (ə) buyurur:

      "Dünyaya məhəbət bütün günahların mənşəyidir." (Biharul-ənvar, cild 73, səh 90)

      Bu hədisdən məlum olur ki, bütün günahların mənşəyi dünya madiyatına məhəbbətdən irəli gəlir. Peyğəmbər (s) buyurur:

       "İnsanın Allah qarşısında günah etməsinin 6 səbəbi var:

  • 1. Dünyaya bağlılıq.
  • 2. Rəyasətə bağlılıq.
  • 3. Yeməyə bağlılıq.
  • 4. Yatmağa bağlılıq.
  • 5. Qadına bağlılıq.
  • 6. Rahatlığa bağlılıq."

         Peyğəmbər  (s) buyurur: 

       "İnsan imanın şirinliyini o zaman dada bilər ki, dünya yeməklərinə etinasız  yanaşsın." (Biharul-ənvar, cild 73, 49) Hədislərdə məzəmmət olunan dünyəvi işlərin özləri yox, onlara məftun

olub qəlbən bağlanmaqdır. Təkamül yolcusu başqa insanlar kimi öz həyatını davam etdirmək üçün yeməyə, yatmağa, evə, geyinməyə, ailəyə ehtiyacı var və bu onları qaydası üzrə təmin etməlidir. Nəslini davam etdirmək üçün insan evlənməlidir. Həyatını idarə etmək üçün müəyyən ictimai məsuliyyətləri qəbul etməlidir. Bunların heç biri şəriətdə məzəmmət olunmur. Əksinə, onların hər biri qurbət qəsdi ilə yerinə yetirilərsə ibadət hesab olunur və insanı Allah dərgahına yaxınlaşdırır. Əgər dünyəvi işlər insanın bütün fikrini özünə cəm etsə, nəticədə Allahdan qafil olmağa səbəb olur. Peyğəmbər (s) və məsum imamlar da çalışıb, fəaliyyət edib, ailə, elm, və s. ilahi nemətlərdən yararlanıblar. Dinimiz həm bu dünyanın, həm də axirətin qayğısına qalmağı tövsiyyə edir. Bunların hər birinin ölçüsü və həddi vardır.

             3-cü maneyə. Saf surəsi, 26-cı ayədə Allah-təala buyurur:

      "(Ey Davud!) Biz səni yer üzündə xəlifə etdik. Buna görə də insanlar arasında ədalətlə hökm et! Nəfsdən gələn istəklərə uyma, yoxsa onlar səni Allah yolundan sapdırar. Şübhəsiz ki, Allah yolundan sapanları haqq-hesab gününü unutduqları üçün şiddətli bir əzab gözləyir!"

         Nəfsani istəklər qatı tüstü kimi qəlb evini qaraldır. Qaralmış qəlb Allahdan uzaq olur. Nəfsani istəklər daim qəlbi o tərəf bu tərəfə sürükləyir, onun rahat olmasına, Allahla ünsiyyət yaratmasına imkan vermir. Gecə-gündüz nəfsani istəklərini təmin etməyə çalışır. Əli (ə) buyurur:

         "İnsanın ən şücaətlisi odur ki, nəfsani istəklərinə qələbə çalsın." (Biharul-ənvar, cild 70, səh 76)

                4-cü maneyə. Allahı daim yad və zikr etməyin maneyələrindən biri də çox yemək və qarınqululuqdur. Daim ləzzətli və müxtəlif yeməklərlə qarnını dolduran şəxs Allahı yad etməkdən uzaq olar. Ləzzəti daim yemək-içməkdə görən şəxs dua və minacatdan uzaq olar. Dolu qarınla olan ibadətin də fəziləti aşağı olur. Bir nəfər dedi ki, çox yeməyə aludə olmuşdum, sanki yemək yeməkdən ləzzət alırdım. Çəkim artıb, çoxaldı və başa düşdüm ki, bu düz yol deyil. Özümü az yeməyə öyrətdim. Dostlarımdan biri deyir ki, babamın nəsihətlərindən biri bu idi ki, hamımız əvvəlcə namaz qılar, sonra ailəmizlə birlikdə yemək yeyərdik.  

        İmam Sadiq (ə) Əbu Bəsirə buyurdu:

       "Qarın çox yemək nəticəsində tüğyan edər. Bəndənin Allaha ən yaxın olduğu vaxt qarnının boş olduğu vaxt, ən uzaq olan vaxtı isə qarının dolu olan vaxtıdır." (Vəsailüşşiə, cild 16, səh 405)

        İmam Sadiq (ə) yenə buyurur:

      "Allah-təala qarınqululuğu məzəmmət etmişdir." (Yenə həmin mənbəə)

        Çox yemək insanın şəhvətpərəst olmasına, qəlbinin qaralmasına və xoşagəlməz əməllərə sövq edir.

        Peyğəmbər (s) buyurur:

       "Qarınqululuq etəməyin, çünki o sizin qəlbinizdəki mərifət nurunu söndürür." (Müstədrəkül-vəsail, cild 3, səh 81)

        İmam Sadiq (ə) buyurur:

       "Mömün şəxsin qəlbi üçün çox yeməkdən ziyanlı bir şey yoxdur. Çox yemək qəlbin qəsavətli olmasına və şəhvətin təhrik olmasına səbəb olur. Aclıq mömünün yeməyi, ruhun qidası, qəlbinin təamı və bəndənin sağlamlığıdır." (Müstədrəkül-vəsail, cild 3, səh 80)

        Əli (ə) buyurur:

       "Aclıq nəfsin nəzarət altına alınmasına və pis adətlərin pozulmasına kömək edir." (Yenə həmin mənbəə)

        Əli (ə)-dan rəvayət olunub ki, Allah-təala merac gecəsi Peyğəmbər (s)-a buyurdu:

       "Ey Məhəmməd! Kaş aclığın, sükutun və xəlvət yerdə olmağın şirinliyini dadaydın!"

         Peyğəmbər (s) ərz etdi:

       "Pərvərdigara aclığın faydası nədir?"

        Allah-təala buyurur: "Hikmət, qəlbin hifz olunması, Mənə yaxınlıq, daimi hüzn, az xərc etmək, haqq danışmaq, çətinlikdə və yaxşı rifahda olmasının heç bir fərqinin olmaması."

         Hər bir insan kimi pəhrizkar insanın da yaşayıb ibadət etməsi üçün qidaya ehtiyacı vardır. Lakin o bəndə ehtiyacı qədər qidalanmalıdır. Qarınqululuqdan ciddi şəkildə çəkinməlidir. Çox yemək halsızlığa, ibadətə rəğbətsizliyə səbəb olur. Əksinə az yemək və aclıq insanın yüngül olmasına,ibadət etmək və Allaha diqqət yetirməsinə səbəb olur. İnsan ac olduqda ruhiyyəsi saflaşır, zikr və duaları daha təsirli olur.

      5-ci maneyə. İnsanı Allah dərgahına yaxınlaşmaqdan saxlayan, qəlb rahatlığına mane olan səbəblərdən biri də faydasız, zəruri olmayan sözlər danışmaqdır. Allah-təala insana nitq qabiliyyəti ona görə vermişdir ki, öz düşüncələrini ifadə etsin. Əgər insan ehtiyacı olan qədər danışarsa bu böyük nemətdən düzgün istifadə etmişdir. Əgər boş-boş danışsa və zəruri olmayan işlər görsə Allahın bu böyük nemətini zay etmiş olur. Digər tərəfdən çox danışmaq, yersiz söhbətlər etmək insanın fikrini qarışdırır. Allaha diqqət yetirib qəlb rahatlığı tapa bilmir. Məhz buna görə də faydasız danışmaq hədislərdə məzəmmət edilmişdir. Peyğəmbər (s) bu haqda belə buyurur:

          "Çox danışmaqdan çəkinin, yalnız Allah zikrindən başqa. Çünki çox danışmaq - Allah zikrindən başqa qəlbin qəsavətli (bərkiməsinə) olmasına səbəb olur. Allahdan ən çox uzaq olan insanlar qəlbi qara olanlardır." (Biharul-ənvar, cild 71 , səh 281)

           Əli (ə) buyurur:

         "Əql kamilləşdikcə söz (danışıq) azalır."

           Peyğəmbər (s) buyurur:

         "Dilini saxla, çünki bu nəfsin üçün ən yaxşı hədiyyədir. İnsan yalnız dilini saxlamaqla imanın həqiqətinə nail olar. (Yenə həmin mənbəə)

           İmam Sadiq (ə) buyurur:

          "Sənə uzun müddətli sükutu tövsiyyə edirəm, çünki bu vasitə ilə şeytan səndən uzaqlaşar. Sükut dini qorumaq üçün yaxşı bir köməkdir." (Biharul-ənvar, cild 71, səh 279)

            Allah dərgahına doğru seyr etmək istəyən insana vacibdir ki, dilini tamamilə nəzarət altında saxlasın. Ölçülüb-biçilmiş söz danışsın. Çox danışmaqdan uzaq olsun. Dünyəvi işlər barəsində həyatı üçün zəruri olan miqdarda danışsın.  Əksinə dilini zikr elmi və ictimayi məsələlərə işlətsin. Mərhum Əllamə Seyyid Məhəmməd Hüseyn Təbatəbai belə buyurmuşdur:

           "Mən sükutdan çox dəyərli nəticələr müşahidə etdim. Qırx gecə-gündüz sükut edin, zəruri olan  işlərdən başqa heç bir şey danışmayın, fikr (təfəkkür) və zikrlə məşğul olun ki, Sizin üçün qəlbi səfa və nuranilik hasil olsun."

             6-cı maneyə özünü sevməkdir. Bu əməlin kökü Şeytandan gəlir. İlk dəfə olaraq Şeytan təkəbbürlük edib dedi ki, İlahi məni oddan yaratmısan, Adəmi isə torpaqdan. Od torpağı yandırdığı üçün mən torpaqdan üstünəm. Odur ki, Şeytan Allahın əmrindən çıxıb, təkəbbürlü oldu. Təkəbbürün mənası isə özünü sevmək və özünü hamıdan üstün tutmaqdır. Allaha yaxınlaşmaq istəyən şəxs özünü sevməyi, Allahı sevməyə çevirməlidir. Bütün işlərini yalnız Allahın razılığı üçün yerinə yetirməlidir. Yemək yeməsi, ibadəti yalnız Allaha yetişmək üçün olmalıdır. Belə birinsan nə dünyanı istəyir nədə ki, axirəti. Yalnız onun yaşayışını ilahi eşq təşkil edir. Həqiqi məbuddan başqa heç bir şey nəzərində canlanmır. Əgər son dərcə çətin olan bu mərhələdən də keçsə tohid meydanına qədəm qoyaraq "liqa", "şühud" mərtbəsinə yüksələr. Fi  məqədi  sidqin  ində  Məlikin  muqtədir. (Haqq  məclisində,  qadir  olan  Allahın  hüzurunda  olacaqlar. Qəmər  surəsi,  ayə  55)

        7-ci maneyə. İradənin zəif olmasıdır. Şeytan insana hücum edrək vəsvəsə yaradır. İnsanı ibadətin mahiyyətinə varmamağa, müstəhəb əməlləri icra etməməyə təhrik edir. Hiylə və məkrlə insanın iradəsini zəiflədir. Lakin pəhrizkar insan şeytanın vəsvələlərinin və nəfsi əmmarənin istəkləri qarşısında sinə gətirməlidir. Allah-təala Ənkəbut surəsi 69-cu ayədə buyurur:

          "O kəslər ki, Bizim youmuzda cihad edərlər, onları öz yolumuza hidayət edərik."                 

                            Bismillahir rəhmanir rəhim.

    Vəl əsr. İnnəl insanə ləfi xusur. İlləlləzinə əmənu və əmilussalihati         vətəvasau bilhəqqi və təvasau bissabır.

      Sadaqallahul əliyyul əzim

                               

 

                                 2-ci Xütbə   

                

                Bismillahir rəhmanir rəhim. Əlhəmdulillahi rəbbil aləmin. Vəssalatu vəssəlamu əla Rəsulillah.Və əla Əliyyin əmirilmöminin və əla Siddiqətittahirə və əla sibtəyir  rəhmə əl Həsəni vəl Hüeyn və əla Əliyibnil Hüseyn və Muhəmməd ibni Əli və Cəfər ibni Muhəmməd və Musa ibni Cəfər və Əliyibni Musa və Muhəmməd ibni Əli və Əliyibni Muhəmməd vəl Həsən ibni Əli Vəl xələfil Hadiyil Mehdi (s) və əccəlallahu təala fərəcəhuşşərif.

 

Sizə və özümə İlahi təaqvayə əməl etməyi tövsiyyə edirəm.

        Mövzu: "Səcdə."

         Allah-təala buyurur:

        "Yerdə və göylərdə nə varsa hamısı Allah üçün səcdə edir."

         Bütün müsəlmanlar namazın hər rəkətinin iki vacib səcdəsi olması fikrində birdilər. Lakin səcdə zamanı alının yerə qoyulmasında fikir müxtəlifliyi vardır. Peyğəmbər (s) və əhli-beyt ardıcıllarının tərəfdarlarının dəlillərinə görə Allah üçün səcdənin yalnız yer (torpaq) və ondan göyərən yeməli və geyməli olmayan şeylərə caiz olduqlarına inanırlar. Əhli-sünnət qardaşlar isə qeyd olunanlarla yanaşı yeməli və geyməli əşyalarda da səcdə zamanı istifadə etməyi caiz bilirlər.

          Məlumdur ki, müsəlmanların hər hamısı yalnız Allah qarşısında zəlillik göstərmək,  Onun əməllərinə tabe olmaq və razılığını əldə etmək üçün səcdə edirlər. Çox qəribədir ki, fiqhi, elmi məsələlərdən dərindən məlumatı olmayanlar güman edirlər ki, şiələr torpağa səcdə etməklə ona pərəstiş edirlər. Halbu ki, Həzrəti İbrahimdən Xatəm (s)-a qədər bütün peyğəmbərlər torpağa səcdə etdiyi kimi şiələrdə yalnız Allaha pərəstiş edərək torpağa səcdə edirlər. Bütün İslam fiqihləri hər şeyə səcdə edirlər, şiələr isə iki şeydən birinə: ya torpaq,  ya da yeməli və geyməli olmayan torpaqdan göyərənlərə səcdə edirlər. Şiə olmayan qardaşların yuna, ipəyə və s. səcdə etmələrinə bir dəlil ola bilmədiyi kimi, şiələrin də torpağa səcdə etmələri heç də torpağa pərəstiş etməkləri mənasını daşımır. Hişam ibn Hekəm deyir:

           "Imam Sadiq (ə)-dan hansı şeylərə səcdə etməyin düzgün olması barədə soruşdum, o Həzrət də buyurdu:

            "Səcdə yalnız torpağa və torpaqdan cücərənlərə, yeyilən və gyilənlərdən başqa edilməlidir."

             Soruşdum ki, sənə fəda olum, onun hikməti (səbəbi) nədir? İmam Buyurdu:

           "Çünki səcdə Allah üçün istaət və xüzu (bəndəçilik) etməkdir və layiq deyildir ki, yeməlilərə və geyməlilərə səcdə edilsin. Çünki dünyapərəstlər yemək-içmək quludurlar. Halbu ki, insansəcdə edərkən Allaha pərəstiş etməlidir. Belə ki, yaxşı deyil ki, öz alnını dünyanın bər-bəzəklərinəməftun olub, aldananların məbudunun üzərinə qoysun. Torpağa səcdə etmək daha fəzilətlidir. Çünki bu Allah dərgahında bəndəçilik və xüzunu daha yaxşı yetirir." (Biharul- ənvar, cild 82, səh 147; Beyrut cahi, Əl-Vəfa, 1403 h.q)

             Peyğəmbər (s) buyurur:

           "Yer mənim üçün səcdəgah və təharət (təyəmmum) qərar verilmişdir." (Səhih-Buxaru, cild 1, səh 91; Sünəni-Begyəqi, cild1, səh 212; İbni Teymiyyənin "İqtizaü siratil mustəqim", səh 332; S. Müslim, cild 1, səh 371, Sünəni-Termizi, cild 2, səh 131-133 və 4-cü cild, səh 123)

             Deməli Peyğəmbər (s) buyurur:

           "Yer mənim üçün təhur və səcdəgah qərar verilmişdir."

             Bildiyimiz kimi "təhur" olan və üzərinə təyəmmüm edilməi caiz olan şey daş v əyerin torpaqlarıdır. Deməli səcdəgahda torpaq və daşdan ibarət olmalıdır. Həzrəti Peyğəmbər (s) bu hədisi bəzi şiə olmayan fəqihlərin başa düşdüyü kimi bəyan etməli olsaydı, onda belə deməli idi:

             "Yer kurəsinin hər yeri mənim üçün səcdəgah v əonun torpağı təharət və təyəmmüm vasitəsidir."

                Lakin Peyğəmbər (s) belə buyurmamışdır. Deməli burada qeyd olunan məcsid səcdəgah mənasındadır, səcdəgah da təyəmmüm edilə biləsi şeylərdən olmalıdır. Amma şiələrin torpağa səcdə etmələri, iltizamlı olmaları və səcdənin xalça, palaz və s. kimi şeylərə caiz olmasını demələrinə gəldikdə isə, əsla səhvə, xətaya yol verməmişlər. Çünki Peyğəmbər (s)-ın göstərişinə əməl etmişlər.

               Çoxlu rəvayətlərdən aydın olunur ki, Peyğəmbər (s)-da yalnız torpağa səcdə etmiş, palaz, xalça, paltar və s. kimi şeylərə səcdə etməmişdir.

                Əbu Huzeyrə deyir:

              "Peyğəmbəri yağışlı bir gündə gördüm. O torpağa səcdə edir və palçığın əsərləri onun burnunda və alnında görünürdü. (Məcməuz-zəvaid, cild 2, səh 126)

                Ayişə binti Əbu Bəkr deyir:

              "Mən heç vaxt görmədim ki, Peyğəmbər (s) səcdə vaxtı alnın bir şeylə bürümüş və ya örtmüş olsun. ("Müsnəf",  İbn Əbi Seybə, cild 1, səh 397)

                Peyğəmbər (s)-ın xanımlarından olan Məymunədən nəql olunur ki, Peyğəmbər (s) bir parça həsir üzərində namaz qılır və elə oraya da səcdə edərdi. (Müsnədi-Əhməd, cild 6, səh 331)

                Cabir ibni Əbdullahi Ənsari deyir:

              "Mən zöhr namazını Rəsulallah ilə birlikdə qılırdım. Bir qədər kiçik daş qırıntıları götürüb o əlimdən bu əlimə alırdım ki, soyusunvə mən ona səcdə edim. Bu havanın isti olmasına görə idi. (Müsnədi-Əhməf, cild 3, səh 327; Sünəni-Behyəqi, cild 1, səh 439)

                Əyar ibn Əbdullah qürəyşi deyir:

              "Rəsuli-əkrəm (s)-ı gördüm ki, bir nəfər əmmaməsinin bir hissəsini yerə qoyub, üstünə səcdə edir. Həzrət ona işarə etdi ki, parçanı alnından götürsün. (Sünəni-Behyəqi, cild 2, səh 105)

                Fəthül-Bari kitabında, Səhih-Buxarinin şərhi olan belə bir rəvayət nəql olunub:

              "Ömər ibn Əbdül Əziz həsrin üzərinəı səcdə etməklə qənaətlənirdi. O, həsrin üzərinə bir qədər torpaq qoyaraq torpağın üzərinə səcdə edirdi." (Fəthül-Bari, cild 1, səh 410)

                Əhzab surəsi 21-ci ayədə Allah-təala buyurur:

               "Həqiqətən Allahın Peyğəmbərində sizin üçün gözəl nümunələr vardır. O kəslər üçün ki, Allaha və qiyamət gününə inamları vardır və Allahı çox yad edirlər."

                Bu cəhətdən səcdə məsələsində hər şeydən əvvəl Peyğəmbər (s)-ın əməli rəftarına malik olaq, onun adət ənənəsini, sünnətini özümüz üçün nümunə götürək. Hədislərə, xüsusilə əhli-sünnə mənbəələrinə müraciət etdikdə məlum olur ki, Peyğəmbər (s) yerə, torpağa, bəzi bitkilərdən düzəlmiş şeylərə - məsələn həsirə səcdə edərmiş. Əhli-təşəyyö - şiə fiqhi də Peyğəmbərə tabe olaraq o yol ilə gedir. Bu fikri isbat etmək üçün bəzi hədislərə müraciət edək.

           İbn Abbas deyir:

         "Peyğəmbəri-Əkrəm  (s) daşa səcdə etdi." (Sünəni-Behyəqi, cild 2, səh 102)

            Vail ibn Hacər deyir:

           "Elə ki Peyğəmbər səcdə edirdi alnın və burnun torpağa qoyurdu." (Əhkamul-Quran; Cəssa Hənəficild 3, səh 209. (Beyrut çapı)

             Əhməd ibn Suəyb Nəsai özünün sünən kitabında Peyğəmbər (s)-ın səhabələrindən olan Əbu Səid Xidridən belə nəql etmişdir:

             "İki gözümlə palçığın izlərini Peyğəmbər (s)-ın alnında və burnunda gördüm. ( Sünəni-Həsaye, cild 2, səh 208)

              İbni Macə öz "Sünəni" kitabında Abdullah ibn Əbdürrəhmandan belə nəql edir:

              "Rəsuli-Əkrəm (s) bizə tərəf gəldi və  "Bəni əbdil-əşhəl" məscidində namaz qıldı. Səcdəyə gedəndə əlini öz paltarının üstünə qoyurdu. (yəni alnını parşaya qoymurdu.) (Sünəni İbn Macə, cild 1, səh 328)

                Digər hədislərdə vardır ki, Peyğəmbər (s) səcdəyə gedəndə alnın həsir üzərinə qoyurdu. Ənəs ibn Malik, İbn Abbas, habelə Peyğəmbər (s)-ın xanımlarından bəzisi (Aişə, Ümmü-Sələmə) belə rəvayət etmişlər:

            "Rəsulu-Əkrəm (s) xumrəyə, yəni xurma lifindən toxunan həsirə səcdə edərdi." (Müsnədi Əhməd, cild 1, Sünəni- Beyhəqi, cild 2, səh 421)

             Bu hədislərdən məlum olur ki, Peyğəmbər (s) ancaq yerə, torpağa vəhəsirə səcdə edirmiş. Yeyilən və ya geyilən (yun, xalça, pambıq, palaz) şeylərə səcdə etməsi müşahidə olunmur.

             Əbu Üməyyə deyir:

            "Əbu Bəkr torpağa səcdə edirdi. (Əl-müsənnəf, cild 1, səh 397)

             Bəzi istisna hallarında səcdə də alınla yer arasında maneyə ola bilər. Məsələn: Buxari öz Səhihində 1-ci cild, səh 143-də yazır:

              "Qızmar havada Peyğəmbər (s)-ın arxasında namaz qılanda, öz paltarımıza səcdə edirdik ki, yandırıcı havada amanda olaq.

                Qasım ibn Füzeyl deyir:

              "İmam Rza (ə)-a dedim ki, canım sənə qurban,bir şəxs şiddətli soyuqdan və ya istidən qorunmaq üçün öz paltarına, qoluna səcdə edə bilərmi? Buyurdu:

               "Eybi yoxdur." (Vəsailüşşiə, cild 3)

             

                             Bismillahir rəhmanir rəhim.

        Qul huvəllahu əhəd. Allahus səməd. Ləm yəlid və ləm yuləd. Və ləm yəkulləhu kuhuvən əhəd.

Sədəqallahul əliyyul əzim.

Vəssəlamu ələykum və rəhmətullah.

 

Copyright 2008 © Imamhuseyn.org