Əsas » Məqalələr » CUMƏ XÜTBƏLƏRİ » ŞAMAXI ŞƏHƏR İMAMZADƏ MƏSCİDİNİN CÜMƏ XÜTBƏLƏRİ (07.V.2010)

 
Xətib: Hacı Elşən Rüstəmov

                                        1-ci Xütbə

   Əssəlamu əleykum və rəhmətullah.

  Bismillahir rəhmanir rəhim. Əlhəmdulillahi rəbbil aləmin. Vəssəlatu vəssəlamu əla seyyidina və nəbiyyina əşrəfil əmbiyəyi vəlmursəlinə Əbil Qasimi Muhəmməd (s) və əla Alihi və əhli-beytihit tahirinəl məsumin. Usikum və nəfsi bitəqvəllah. Ya ibadəllah.

 

        Mövzu: " Varlı və kasıb."      

 

       Allah-təala Bəqərə surəsi 274-cü ayədə buyurur: "Mallarını gecə və gündüz, gizli və aşkar (yoxsullara) sərf edənlərin Rəbbi  yanında böyük mükafatları vardır. Onların (axirətdə) heç bir qorxusu yoxdur və onlar qəm-qüssə görməzlər."

        Təfsiri Tibyanda yazılıb ki, bu ayə Əli (ə) bəradə nazil olub. Əli (ə)-ın 4 dirhəm pulu var idi. Allah yolunda 1 dirhəmini gecə, birini gündüz, digərini aşkar, digərini isə gizlində yoxsullara payladı. Peyğəmbər (s) sual etdi ki, nə səbəbə onların hamısını yoxsullara payladın? Əli (ə) cavab verdi ki, Allahın vədəsinə inandığım üçün.

          Əli (ə) Cabir ibn Abdullahi Ənsariyə  buyurur:

        "Ey Cabir! Din və dünyanın möhkəmlik və bərqərarlığı dörd kəsin vasitəsi ilədir: öz elmini işlədən (onun əsasında davranan və onu xalqa öyrədən) alim , öyrənməyi eyb və ar bilməyən nadan, (başqası barəsində) öz yaxşılıq və ehsanında simiclik etməyən varlı, öz axirətini dünyaya satmayan yoxsul. Buna görədə alim öz elmini işlətməyənədə nadan öyrənməyi ar biləcək, varlı öz yaxşılıq və ehsaıında xəsislik edəndə yoxsul axirətini dünyasına satacaq (yəni nalayiq işlər görəcək.)

           Ey Cabir! Allah hər kmin nemətlərini ( hər kimə əta etdiyi mal, sərvət, böyüklük və bu kimi lütfləri) artırsa, xalqın ona olan ehtiyacları (istəkləri) də artar. Buna görə də kim Allaha görə həmin nemətlərdə vacib olan şeyi yerinə yetirsə, Allah onları davamlı və həmişəlik edər. Amma kim onlarda vacib olanları Allaha görə yerinə yetirməsə Allah onları məhv və yox edər. ( Nəhcül-Bəlağə)

           İmam baqir (ə) buyurur:

          "Yaxşılıq və sədəqə vermək, yoxsulluq və fəqirliyi insandan uzaqlaşdırar və ömrünü artırar. Bu iki əməl 70 növ pis ölümü (yanmaq, suda batmaq, qəfil ölüm və s.) uzaqlaşdırır. (Səvabül-əmal, səh 169)

           Peyğəmbər (s) buyurur ki, Allah yolunda sədəqə vermək insana gələn ölümün qarşısını alır. Bir hədisdə var ki, bir gün Peyğəmbər (s) öz səhabəsi ilə yol kənarında söhbət edirdi. Bir yəhudi oradan keçəndə Peyğəmbər (s)-a dedi ki, "əssam  ələyk" -  yəni sizə ölüm olsun. Peyğəmbər (s) buyurdu: "Və ələyk." - yəni  dediyin söz sənin özünə olsun. O yəhudi getdikdən sonra Peyğəmbər (s) peyğəmbərlik elmi ilə dedi ki, iki saatdan sonra qara bir ilan bu yəhudinin kürəyindən sancacaq və o öləcək. O yəhudi odun qırmaq üçün meşəyə getdi. Qayıdanda şələsini Peyğəmbər (s) və əshabının yanında yerə qoydu ki, dincəlsin. Şələnin içindən qara bir ilan ağzında bir budaq çıxıb səhraya getdi. Sual meydana gəldi ki, bəs niyə ilan onu öldürmədi? Peyğəmbər (s) yəhudidən soruşdu ki, sən nə iş gördün? O, dedi ki, ey müsəlmanların Peyğəmbəri meşəyə gedib odun yığdım. Dincəlmək istədikdə bir nəfər sail - ac gəldi. Iki girdə çörəyim var idi. Birini ona verdim, birini də özüm yedim. Peyğəmbər (s) buyurdu ki, sən acın qarnını doydurduğun üçün - sədəqə etdiyin üçün Allah-təala sənin ömrünü artırıb. Sənə qələn qəfil ölümün qarşısını alıb.

           Əli (ə) buyurur:

          "Allah-təala bəndələrindən bəzisini ona görə dövlətli edər ki, başqaları da ondan istifadə edib faydalansın. Nə qədər ki, o, malından başqalarına da verir, bu sərvət onlarda qalar. Elə ki, paxıllıq səbəbindən vermədilər, Allah bu sərvəti onların əlindən alıb başqalarına verər. (Nəhcül-Bəlağə, cild 6, səh 1275)

            Buna görə də hər bir insan Allahın ona vermiş olduğu bütün nemətlərdən ehtiyacı olanlara da qıymağı bacarmalıdır. Verməmək və qəbul etməmək də paxıllıq əlamətidir.

             Əli (ə) buyurur: "Əgər Allah-təala bir kəsə sərvət əta edibsə, əgər istəyə ki, dünya neməti və axirət səadəti onda qala aşağıdakı əməlləri gərək yerinə yetirə:

•1.     Qohumluq (yaxınlıq) əlaqələrini bərqərar edə Onlara maddi və mənəvi köməklik edə.

•2.     Ziyafət verib, qonaqpğrvar ola.

•3.     Əsirləri azad edə (pulla). Camaata yaxşılıq əlini uzada.

•4.     O abırlı adamlar ki, xərclərini ödəyə bilmirlər onlara köməklik edə.

•5.     Borcu olanlara əl tuta.

•6.     İstəyə ki, ilahi mükafata yetişə malını təmizləyə. Yəni xüms zəkatını verib, digər vacibatı icra edə. Əgər dövlətlilər əxlaqi, dini və insani xüsusiyyətlərə yiyələnələr, dünya və axirətdə səadətə qovuşacaqlar. Nəhcül-Bəlağə, cild 3, səh 423)

            Deməli əli açıq olmaqla yanaşı eyni zamanda bütün vacibatı yerinə yetirməklə əxlaqi, insanikeyfiyyətlərin də olması zəruridir.

             İmam Sadiq (ə) buyurur: "Qiyamət günü bir dəstə adam behiştin qapısına gələr. Onlara deyərlər ki, siz kimsiniz? Cavab verərlər: "Biz füqərayıq" (kasıblar). Onlara deyərlər: "Sual-cavabsız behiştə gəlimisiniz?" Deyərlər: "Bizim bir şeyimiz yoxdur ki, bizdən də hesab soruşursunuz?" Bəs Allah-təala buyurar: "Düz deyirlər, behiştə daxil olun." (Üsulu-Kafi, cild 3, səh 364)

             Yəni o fəqirlər ki, dünyanın çətinliklərinə, narahatçılığına səbr ediblər, ona görə də behişt mükafatına çatıblar. Malın, dövlətin çox olmasının da haqq-hesabı çox olur. Bir gün Peyğəmbər (s) Əbazərə pul verib bazara ərzaq almaq üçün göndərdi. O bazardan gələndən sonra Peyğəmbər (s) buyurdu ki, indi çıx isti sacın üstünə, bazarın hesabatını ver. Əbazər çıxıb, bir kəlmə dedi və düşdü. Peyğəmbər bir tacirə dedi ki, indi sən çıx isti sacın üstünə hesabat ver. Tacir dedi: "Ey Peyğəmbər (s)! Mənim haqq-hesabım çoxdur. Onu deyənə qədər yanaram."

               Qiyamətin hesabı çox çətin olacaq. Böyük müctəhidlərdən biri vəfat etdikdən 3 il sonra oğlunun yuxusuna girir. Bu vaxta qədər oğlu atasını yuxuda görməmişdi. Soruşur ki, ata bəs niyə yuxuma gəlmirdin? Buyurur ki, oğlum hesabatı təzəcə qurtarmışam.

                Hər hansı bir işdə etidal olmaq, yəni orta ölçünü götürmək zəruridir. Elə adamlar var ki, gəlirlə çıxarlarının hesabını itirirlər. Bir növ hesabsız yaşayırlar. Məsələn, bəziləri var ki, hər kimə hər nə lazımdır o işi həll etməyə çalışır. Belə ki, birinə pul lazımdır. Bundan alıb, ona verir, ondan alıb, buna verir. Bəzəndə sıxıtıya düşürlər. Bəziləri orta həddə əməl etmədiyi üçün nəticədə israfçılıqla məşğulolurlar.

Qurani-Kərimdə 114-cü ayədə Allah-təala buyurur: "Yerüzünə sərilmiş və sərilməmiş bağ-bağatı (bostanları və bağları), dadları (təamları) müxtəlif (olan) xurmanı və taxılı, bir-birinə həm bənzəyən, həm də bənzəməyən zeytunu və narı yaradan Odur. (Onların hər biri) bar verdiyi zaman, barından yeyin, yığım günü haqqını (zəkatını, sədəqəsini) ödəyin. Lakin israf etməyin. Allah israf edənləri sevməz!"

            Bir gün Əli (ə) gördü ki, bir nəfər Fərat çayının suyundan bir ovuc içdi, ikinci ovucun yarsını içib, yarsını da kənara atdı. Həzrət buyurdu: "İsraf edirsən?" O dedi: "Ya Əmirəlmöminin! Yarım ovuc su ilə israf olar?" Həzrət buyurdu: "Hər kəs yarım ovuc su kənara tökərsə, olar! Allah o suyu yaradıbdır ki,çayın kənarında olan bitkilər, heyvanlar, insanlar ondan istifadə etsinlər. Əgər qənaət olmasa, Allahın yaratdığı canlılar susuz qalar."

             Bir gün İmam Rza (ə) gördü ki, xidmətçilərdən biri meyvənin yarsını yedi, yarsını da yerə atdı. İmam (ə) narazı qalıb ona başa saldı ki, bu meyvənin yarsını başqası yeyə bilərdi. Onu zay etmək olmaz.

             Mərhum Seyyid Ruhulla Musəvi bir stəkan suyun yarsını içib, doyduqdan sonra stəkanda qalan suyu atmazdı. Susuzladıqdan sonra onu da içərdi.

                Bir nəfər deyir ki, Ərəbistandan bir dindar qonaq gəlmişdi. Biz ikimiz otaqda əyləşmişdik. Evə kim girib-çıxırdısa gündüz olmasına baxmayaraq işığı yandırırdı. O da hər dəfə durub söndürürdü. Yəni hərəkəti ilə Allah əmrinin vacib olmasını bildirirdi.

              Əli (ə) buyurur: "İsrafçınıın 3 əlaməti vardır:

•1.     Bənzəri olmayan bəzən təəccübə səbəb olan çox bahalı yeməklər yeyər.

•2.     Bənzəri olmayan çox bahalı şeylər alar.

•3.     Misli olmayan çox bahalı paltarlar geyinər.

                                                                     (Vəsailüş-şiə, cild 12, səh 41)

          

               İnsan belə xoşagəlməz işlərlə və düşüncə tərzi ilə məşğul olmaqdansa Allahın hökmlərini başının üstündə görməlidir. Nəfsinin sözünə yox, Allahn kəlamına əməl etməlidir.

              İmam Museyi-Kazim (ə) buyurur ki, kim öz yaşayışında orta səviyyəli olsa və israf etməsə zəmanət verirəm ki, fəqir və möhtac olmayacaq.

              Allah-təala Quranda 270-ci ayədə buyurur: "(Allah yolunda) xərclədiyiniz və nəzir etdiyiniz hər hansı şeyi, şübhəsiz ki, Allah bilir. Lakin (xəsislik göstərib) özlərinə zülm edənlərin (qiyamət günü) heç bir köməkçisi olmaz!"  

               İmam Rza (ə) buyurur: "Səxavətli və kəranətli adam odur ki, xalqın yeməyindən yeyə ki, onun da yeməyindən yesinlər." (Müşkatul-ənvar, səh 231)

               Peyğəmbər (s) buyurur: "Behiştin qapıları mömün və səbirli fəqirlərin üzünə açıqdır. Allaha görə (yaxşılığı) və rəhm edənlərə Allahın rəhməti vardır. Xalqa minnətsiz kömək edən səxavətli dövlətlilərdən Allah razıdır." (Müskatul-ənvar, səh 231)

              Qeys ibn Səidçox səxavətli idi. Əli (ə)-a çox məhəbbəti vardı. Peyğəmbər (s)-ın zamanında müharibələrinin birində Qeys malının hamısını Allah yolunda  paylada. Sonra dostlarından borc alıb paylayırdı. Əbu Bəkr və Ömər ibn Xəttab düşündülər ki, biz ona mane olmasaq atasının bütün malını paylayacaq. Onlar camaata dedilər ki, heç kəs Qeysə borc verməsin bu xəbər onun atası Səid ibn İbadəyə çatdı və o çox naraht oldu. Camaat namazından sonra Səid ibn İbadə ayağa durub, onlarıb haqqında Peyğəmbərə şikayət etdi. Dedi ki, xalqa kömək etmək bizim nəslin adətidir. Biz paxıllıqdan uzağıq. Əbu Bəkr və Ömər ibn Xəttab oğluma mane olublar. (Əsədül-Ğabə, cild 4, səh 215)

                   Bismillahir rəhmanir rəhim. İnnə ətəynakəlkasər. Fəsəlli lirabbikə vənhər. İnnə şəniəkə huvəl əbtər. Sadaqallahul əliyyul əzim.

 

 

                        2-ci XÜTBƏ

Bismillahir rəhmanir rəhim. Əlhəmdulillahi rəbbil aləmin. Vəssalatu vəssəlamu əla Rəsulillah.Və əla Əliyyin əmirilmöminin və əla Siddiqətittahirə və əla sibtəyir  rəhmə əl Həsəni vəl Hüeyn və əla Əliyibnil Hüseyn və Muhəmməd ibni Əli və Cəfər ibni Muhəmməd və Musa ibni Cəfər və Əliyibni Musa və Muhəmməd ibni Əli və Əliyibni Muhəmməd vəl Həsən ibni Əli Vəl xələfil Hadiyil Mehdi (s) və əccəlallahu təala fərəcəhuşşərif.

 

Sizə və özümə İlahi təaqvayə əməl etməyi tövsiyyə edirəm.

Mövzü: "Davamı".

               Allah-təala 273-cü ayədə buyurur: "(Sədəqə) Allah yolunda canından keçərək (dolanmaq, ruzi qazanmaq üçün) yer üzündə hərəkət edə bilməyən (və ya buna imkanı olmayan) yoxsullar üçündür. Belə adamlar həyalı olub, dinləçilikdən çəkindiklərinə görə nadanlar onları dövlətli hesab edirlər. (Ya Məhəmməd!) Sın isə onları üzlərindən tanıyırsan. Onlar heç kəsdən israrla bir şey istəməzlər. Sizin mallarınızdan (bunlara) nə verdiyinizi şübhəsz ki, Allah bilir."

           Ümümiyyətlə hər bir insan iqtisadi çətinliyə düşsə belə öz abır həyasını gözləməlidir. Binə ticarət mərkəzində bir yaşlı mömünə xanım var idi. Bir cür olmuşdu ki, onun oğlu və gəlini vəfat etmişdi. Azyaşlı uşaqları qalmışdı. Nənələri onları dolandırmaq üçün günəbaxan tumu satırdı. Bütün iman əhli günəbaxan istəməsədə köməklik məqsədi ilə onunla alver edirdi. Bu qadın öz abrın qoruma üçün dilənçilik etmirdi. Hər bir insan ruzi qazanmaq üçün halal bir işlə məşğul olsa Allah ona bərəkət verəcək. Qoca bir kişi dərziliklə məşğul olurdu. İndiki dövrdə də mal bolluğu var. Dostum deyir ki, düşündüm ki, bu kişiyə görəsən iş gördürən varmış Dərzidən sual etdikdə mənə dedi ki, ay oğul əgər Allah bu ağızı yaradıbsa ona ruzi də təyin edib.

           İmam Rza (ə) buyurur:

          "5 xüsiyyətə görə insan sərvət əldə edə bilməz. Yəni ehtiyaclı olar.

 

  • 1. Çox paxıl olmaq.
  • 2. Uzun-uzadı arzuların olması.
  • 3. Çox israfçı olmaq.
  • 4. Qəti-Ərham (qohumlarla, yaxınlarla əlaqəni kəsmək.)
  • 5. Axirəti bu dünyaya dəyişmək.

                                                          (Şeyx Səduq, Xisal, səh 255)

 

           Dinimiz tövsiyyə edir ki, Allaha görə insanlar bir-birinə ehtiram və hörmət etməlidirlər. İnsan öz şəxsiyyətini, mənliyini, insanlığını və dinin şərəfini qorumalıdır. Peyğəmbər (s) buyurur:

            "Hər bir kəs dünya malına görə bir dövlətliyə təzim və ehtiram edərsə və ya onu sevərsə Allah ona qəzəblənər və onu cəhənnəmdə Qarunun yanına salar." (Səvabül-Əmal, Şeyx Səduq, səh 331)

               Peyğəmbər (s) buyurur:

               "Məbadə ölülərlə oturasınız." Dedilər: "Ey Peyğəmbər (s)! Ölülər kimdir? O həzrət buyurdu:

             "O dövlətli ki, dövlətinin vasitəsi ilə tüğyan və təkəbbürlük edir." (Məcməül-Vəram, cild 2, səh 32)

               Təcrübə göstərir ki, aşıb-daşan mal dövlətin çoxu haram yolla əmələ gəlir. Halal malınaşıb daşması hadisəsi çox az olur. Amma bərəkəti də çox olur. Atalar sözündə deyiblər: "Hay-haynan gələn, vay-vaynan gedər." "Halal mal incələr, üzülməz."

                Dövlətlilərin çoxunun malı haram və rüşvət yolu ilə əmələ gəlir. Alah-təala Quranda Bəqərə surəsində rüşvət və müamiləni qadağan edibdir. Peyğəmbər (s) buyurur:

               "Kİm rüşvət və müamilə yesə Allah-təala onun qarnını yediyi rüşvət və müamilə miqdarında cəhənnəm odu ilə dolduracaqdır." (Səvabül-Əmal, səh 337)

                Hər kəsin yığdığı mal dövlət bu dünyada qalacaqdır. Sədi Şirazi bir şerində buyurur:

                         Ey ürək, sən niyə bu dünyadan bixəbərsən?

                         Gecə-gündüz var-dövlət axtarışındasan.

                         Sənin yığdığın sərvət bu dünyada bir kəfən mislindədir.

                         O kəfənə də güman yoxdur ki, sənə qismət olacaq ya olmayacaq.        

 

                 İmam Baqir (ə) buyurur:

               "Mal-dövlətdən sə insanın dinin (imanın) v əcanının sağlamlığı yaxşıdır. (Vəsailüşşiə, cild 11, səh  Bir iqtisadi çətinlik olanda deyərlər "təki canın sağ olsun."

              Gördülər ki, bir nəfər qəbrstanlıqda çürümüş sümükləri qarşısına yığıb. Bir çubuq əlinə alıb sümükləri o tərəf bu tərəf edir. Dedilər niyə belə edirsən? Cavab verdi ki, dövlətlilərlə kasıbların sümüklərini aird etmək istəyirəm ki.görüm bu sümüklərin bir fərqi varmı.

               Bir gün bir kasıb adam Peyğəmbər (s)-ın məclisinə daxil olur. Peyğəmbər (s) ayağa durub onu öz yanında əyləşdirdi. Onun kənarında olan dövlətli bir tacir tez əbasının ətəklərini yığdı ki, kasıb on toxunmasın. Bunu hamı hiss etdi. Kasıb pərt oldu. Həzrəti Peyğəmbər (s) o taciri nəsihət etdi. Tacir üzr istəyib, günahını yumaq üçün dedi ki, malımın yarısını verirəm bu kasıba. Amma o qəbul etmədi. Dedi ki, malımın hamısını verirə. Yenə də kasıb qəbul etmədi. Sual olunduqda ki, niyə görə qəbul etmirsən? Cavab verdi ki, qorxuram  mən də dövlətlənəm və belə bir günaha batam.

                Peyğəmbər (s) buyurur: "Kim müsəlman bir fəqiri saya salmaya Allah onu bir hala salar ki, fəqir bu işdən razı qalsın. Hər kəs fəqirə hörmət edə, Allah o dövlətlini qiyamət günü sevindirər. (Səvabül-əmal, səh 333)

                Allah-təala dövlətli və kasıbı imtahan etmək üçün yaradıb. İmtahan edir ki, görüm dövlətli Mənim vermiş olduğum ruzidən fəqirlərə ehsan edirmi? İmtahan edir ki, görüm kasıb səbirli olurmu? Seyyid Əzim Şirvani belə yazır:

 

                                      Hamı kəs xan ola bilməz,

                                      Hamı kəs bəy ola bilməz

                                      Hikməti kamiləsin həqq belə şayan elədi.

 

              Bəqərə surəsi, 272-ci ayədə Allah-təala buyurur: "...Malınızdan sərf etdiyiniz hər hansı bir şeyin xeyri ancaq özünüz üçündür. Siz onu yalnız Allahın razılığını qazanmaq üçün verirsiniz. Malınızdan verdiyiniz hər hansı bir şeyin əvəzi tamamilə sizə ödəniləcəkdir. Sizə əsla zülm edilməz!"

               Sədi Şirazi yazır:

                                

                                  Kim  yaxşılıq və ya pislik edərsə,

                                 Yaxşılığı da özünə edib, pisliyi də    

                              

               Kim necə bir iş görərsə gec-tez həmin iş onun qarşısına çıxacaq. Yaxşılığı da özünə edib, pisliyi də. Təsir əks təsirə bərabər olduğu kimi, yaxşılıq və pislikdə insanın özünə qayıdır.

                Biharul-ənvarda cild 14, səh 491-də yeddinci İmam Musa ibn Cəfərdən belə nəql olunur ki, Bəni-İsraildə bir saleh gənc ər-arvad var idi. Bir gecə kişi yuxuda gördü ki, ona deyirlər ki, Allah-təala sənin ömrünü filan qədər yazıb. Ömrünün yarısı xoş güzəran və sərvət bolluğunda olacaq, yarısı isə ehtiyac və çətinliklə olacaq. Hansını əvvəl istəyirsənsə de. Kişi cavab verdi ki, mənim salehə bir xanımım var. Bizim yaşayışımız müştərək olduğu üçün,gərək onunla məsləhət edəm və nəticəni sizə xəbər verərəm. Elə ki, səhər açıldı kişi xanımı ilə məsləhət elədi. Qadın dedi ki, ay kişi ruzi, xeyir və bərəkəti birinci qəbul elə, inşaallah ki, Allah-təala öz rəhmətini bizdən ayırmaz. Yenə gecə yuxuda sual olunur ki, hansını əvvəlcə istəyirsənCavab verdi ki, ruzi, xeyir və bərəkəti birinci istəyirəm. Dedilər ki, qəbul olundu. Səhər olduda hər tərəfdən ruzi, xeyir, bərəkət onların evinə axışmağa başladı. Bir gün salehə qadın dedi: "Ay kişi. İndi lazımdır ki, Allahın bizə verddiyi ruzidən qohumlarımıza, dostlara, qardaşlara, qonşulara, bütün ehtiyacı olanlara paylayaq. Elə də etdilər. Elə ki, ömrünün yarısı tamam oldu, həmin şəxsi yenə yuxuda gördü. O kişi dedi: "Bu sərvət və ruzinin aşıb-daşması ömrünün axırına qədər davam edəcək, ona görə ki, Allah nemətlərinin şükrünü edib, yaxınlarına və ehtiyacı olanlara vediyin üçün.

            Həzrəti Peyğəmbər (s)-dan rəvayət olunub ki, o Həzrətin qaydası bu idi ki, elə ki, ailədə çətinlik və ehtiyac yaranırdı, buyururdu: "Qalxın namaz qılmağa!" Sonra yenə buyururdu: "Bu işi görməyi Allah-təala mənə əmr etmişdir. Allah-təala buyurur: "Əhlinə (əhli-beytinə və ümmətinə) namaz qılmağı əmr et, özündə onu (namazı) səbrlə davam et! (yaxud məişət çətinliklərinə döz) Biz səndən ruzi istəmirik, əksinə sənə ruzi verən bizik. (Gözəl) aqibət təqva sahiblərinin - müttəfiqlərindir!" (Təraif, cild 1, səh 188)

             Ümumiyyətlə hədislərdə var ki, insan hər hansı bir çətinliyə düşsə namz qılıb, səbrli olmaqla Allahdan köməklik istəsin. Allah-təala vədə verir kik, Mən Allah köməklik istəyənlərə kömək edərəm.

               Bir çox duaların və ya ayələrin oxunması da insanın çətinliyinin asanlaşmasına səbəb olur. Məsələn. "Təvəssül" duası, "Cöşənşəbir" duası, Ayətəl-kürsü və s.

              İmam  Baqir (ə) buyurur: "Kim Ayətəl-kürsünü bir dəfə oxuyarsa, Alah-təala onu dünyanın və axirətin bəlasından qoruyar. Dünyanın laq asan pisliyi ki, fəqir və kasıblıqdır. Axirıtin lap asan pisliyi ki, qəbr əzabıdır.  

           

                     Bismillahir rəhmanir rəhim.

Qul huvəllahu əhəd. Allahus səməd. Ləm yəlid və ləm yuləd. Və ləm yəkulləhu kuhuvən əhəd.

Sədəqallahul əliyyul əzim.

      Vəssəlamu ələykum və rəhmətullah

 

Copyright 2008 © Imamhuseyn.org