Əsas » Məqalələr » ATA-ANASIZ UŞAQLARA DOĞMALIQ GÖSTƏRƏK…
ATA-ANASIZ UŞAQLARA DOĞMALIQ GÖSTƏRƏK…

Sınmış qəlbləri oxşamaq, kövrək könülləri sevindirmək hər bir insanın vəzifəsidir. Hər kəs anlayır, dərk edir. Yəni bu xeyirxah işin lüzumunu isbatlamağa, elmi yolla sübut etməyə heç bir ehtiyac yoxdur. Bununla belə hamımız bu həqiqəti dərk etsək də, çoxumuz əksər hallarda laqeydlik göstərir və bu məsələyə ötəri baxırıq. İctimai həyatımızda baş verən hadisələr və iqtisadi çətinliklər bizləri daha çox özümüz haqda düşünməyə vadar edir və əfsuslar olsun ki, başqalarına münasibətdə bizi biganələşdirir. Biz yalnız özümüzü fikirləşirik, şəxsi mənafelərimizi hətta bütün cəmiyyətin, millətin mənafeyindən də üstün tuturuq. Belə olduğu halda yetim və yoxsullar unudulur, onlar cəmiyyətin nəzərindən qaçıb az qala taleyin ümidinə buraxılırlar. Bununla belə, şükürlər olsun ki, imkansızlara əl tutanlar,  onların dərdlərilə bölüşənlər də vardır. İmkansız uşaqlara qayğı göstərilməsində dövlət və qeyri-dövlət humanitar təşkilatları, yerli və xarici xeyriyyə cəmiyyətləri, müəssisə və birliklər, eləcə də ayrı-ayrı imkanlı xeyriyyəçi vətəndaşlarımızın gördükləri xeyriyyəçilik işlərinin Respublikamızın yaşadığı bu ağır günlərdə misilsiz xidməti vardır. Bu ümummilli işi həyata keçirən bu təşkilat və ayrı-ayrı vətəndaşlarımıza hər zaman minnətdar olmalı, onların bu əməllərini yüksək qiymətləndirməliyik.

Bu mübarək Ramazan ayı günlərində imkanlı hacılarımızın ayrı-ayrı uşaq evlərinə gedib iftar süfrəsi açmaları, əlil və xəstə uşaqlara hədiyyələr vermələri sevindirici haldır. Qoy belə xoşməramlı tədbirlərdə, savab işlərdə imkanlı vətəndaşlarımız bir-birilə yarışsınlar, rəqabət aparsınlar. Allah-Təala buyurur: «Səndən (Allah yolunda) verəcəkləri haqqında soruşanlara söylə: «Malınızdan verəcəyiniz şey ata-anaya, (imkansız) qohumlara, yetimlərə, miskinlərə müsafirlərə məxsusdur». Şübhəsiz ki, Allah etdiyiniz xeyirli işi biləndir (Bəqərə surəsi, ayə 215). «Onlar öz iştahaları çəkdiyi, özləri yemək istədikləri halda yeməyi yoxsula, yetimə əsirə yedirdərlər. ( sonra da deyərlər:) Biz sizi ancaq Allah  rizasından ötrü yedirtdik. Biz sizdən (bu ehsan müqabilində) bir mükafat, bir təşəkkür istəyirik. Həqiqətən biz Rəbbimizdən, çox sərt, müdhiş çətin gündən (Qiyamət günündən) qorxuruqAllah da onları o günün şərindən qoruyacaq, onlara gözəllik sevinc bəxş edəcəkdir. (İnsan surəsi, ayə 8-11) «Həqiqətən, yetimlərin mallarını haqsızlıqla yeyənlərin yedikləri qarınlarında oda çevriləcək onlar alovlu Cəhənnəmə girəcəklər (Nisa surəsi, ayə 10)

Qurani-Kərimdə insanları imkansız uşaqlara, yetimlərə qarşı şəfqətli, səxavətli olmağa çağıran ayələrin sayı çoxdur. Allaha imanı olan hər kəsin vəzifəsi bu ilahi əmri yerinə yetirməkdir. Hətta maddi yardım etməyə imkanı olmayan şəxslər  nisgilli balalarımıza ən azı  mənəvi yardım edərək onları bir anlıq belə sevindirsinlər. Ulu Tanrı qarşısında çox böyük savab qazanmış olarlar. Bunu isə etməyə hamımızın imkanı var. Çətin şəraitdə həyat sürən, ata-ana məhəbbətindən, valideyn nəvazişindən məhrum olan uşaqlara sevinc bəxş etmək, onların kövrək və nisgilli qəlblərini oxşamaqdan  daha böyük savab nə ola bilər?! Hamımız kiçicik hədiyyə və ya bir-iki cümləlik xoş sözlə doğmalıq göstərib onların ürəyini aça bilərik.

Ümid edirik ki, bu məsələyə hamımız diqqət yetirəcək, belə uşaqlarla maraqlanacaq, imkan çatan qədər onlara əl tutacağıq. Qoy ata-ana sevgisindən məhrum olan günahsız körpələrimiz bir anlıq da olsa, geniş qəlblərin mərhəmətinə sığınsınlar, doğmalıq hiss etsinlər, məhəbbət duysunlar.

 

Elşən Mustafayev

 

Copyright 2008 © Imamhuseyn.org