Xətib: Hacı Elşən Rüstəmov
1-ci Xütbə
Əssəlamu əleykum və rəhmətullah.
Bismillahir rəhmanir rəhim. Əlhəmdulillahi rəbbil aləmin. Vəssəlatu vəssəlamu əla seyyidina və nəbiyyina əşrəfil əmbiyəyi vəlmursəlinə Əbil Qasimi Muhəmməd (s) və əla Alihi və əhli-beytihit tahirinəl məsumin. Usikum və nəfsi bitəqvəllah. Ya ibadəllah.
Mövzu: " Davamı (Yəs)."
Quranın Yusif surəsinin 87-ci ayəsinə əsasən "yəs" - Allah rəhmətindən naümüd olmaq və küfr əlamətidir. Uca Allahyaratdıqlarının qayğısına qaladır.
Bəqərə surəsinin 186-cı ayəsində Allah-təala buyurur: "(Ey Məhəmməd!) Bəndələrim Məni səndən soruşduqda söylə ki, Mən onlara yaxınam, dua edib Məni çağıranın duasını qəbul edərəm. Gərək onlar da Mənim çağırışımı qəbul edib, Mənə iman gətirsinlər. Bununla da, ola bilsin ki, doğru yola yetişsinlər."
Bəziləri - yəni yəs xəstəliyinə tutulanlar iddia edirlər ki, bəs mən dua etdim Allah qəbul etmədi. Duanın qəbul olunmamasının səbəbini insan özündə axtarmalıdır. Necə ki, əvvəl ki, ayədə Allah-təala bəyan etdi. İnsan gərək etiqad edə ki, Allahın vədəsi haqdır. Onda xilaf yoxdur. O kəslərin ki, Allahın rəhmətinə, kərəminə, bütün gözəlliklərinə etiqadı və məhəbbəti var - onlar Allahın nəzərindədirlər. Onlar Allahı unutmadıqları üçün Allah da onları unutmur.Belə insanlar hər iki aləmin xoşbəxtləridir. Allah-təalanın rəhmətindən ümüdsüz olanlar, nəticədə şeytanın yolunda addımlayanlar isə sözün həqiqi mənasında hər iki dünyanın bədbəxtləridir.
Həzrəti Peyğəmbər (s) anadan olan ili Həbəş padişahı Yəməndə məbəd tikdirmişdi ki, camaat Kəbəyə yox ora gəlsinlər. Bir neçə nəfər Məkkəli gəlib o məbədi murdarladı. Bundan qəzəblənən Həbəş padişahı sərkərdəsi Əbrəhəni Kəbə evini dağıtmaq üçün böyük bir qoşunla göndərdi. Əbrəhənin döyüşçüləri Peyğəmbər (s)-ın babası Əbdülmütəllibin 400 dəvəsini müsadirə etdilər. O, dəvələrini geri almaq üçün Əbrəhənin ordugahına gəldi. Əbdülmütəllib Kəbənin xidmətçisi idi. Kəbənin açarları onda idi. Yəni Kəbənin rəisi idi. Əbrəhə elə bildi ki, ondan xahiş etməyə gəlib ki, Kəbəni dağıtmasın. Amma Əbdülmütəllib dəvələrini istədikdə Əbrəhə təəccüblənib dedi ki, mən elə bildim sən Kəbəni dağıtmamağı məndən istəyirsən. Əbdülmütəllib ona dedi: "Dəvələrin sahibi mənəm, Kəbənin sahibi isə Allahdır. O, Öz evini qorumağa qadirdir. Əbrəhə dəvələri geri qaytarıb Kəbəyə hücum etdi. Allah-təala Öz evini qoruyaraq Fil surəsində belə buyurur: "1. (Ey Peyğəmbə!) Məgər Rəbbinin fil sahiblərinə etdiyini görmədimmi?! 2. Məgər Rəbbin onların hiyləsini boşa çıxartmadımı?! 3. Onların üstünə qatar-qatar quşlar (əbabil quşları - dimdiklərində və caynaqlarında xır daşlar var idi) göndərdi. 4. O quşlar onların başına (gildən) möhkəm daşlar yağdırdı. 4. Və Rəbbin onların (həşarat tərəfindən) yeyilmiş əkin yarpağına (saman çöpünə) döndərdi." Əbrəhənin qoşununda döyüş filləri də var idi. Şübhəsiz, Allah-təala hər şeyə qadirdir.
Əbərəhələrin, zalımların müqabilində Allah-təala Peyğəmbər (s)-I dünyaya gətirdi və "Amul-filin" qırxıncı ilində o Həzrəti Peyğəmbər təyin etdi. Allah-təala Peyğəmbəri "yataqda", "dar bir keçiddən" keçəndə münafiqlər Peyğəmbəri həlak etmək istədilər. Amma, Allah onu qorudu. Bütün müharibələrdə Allah Peyğəmbər (s)-ı qorudu. Amma, əcəl gəldikdə isə qanunauyğunluğa əsasən hər kəs dünyadan gedəcəkdir. Necə ki, Ərəstun (Aristotel) qızdıma xəstəliyindən, Əflatun iflicdən, Boqrat vərəm xəstəliyindən dünyasını dəyişdi.. Calyanus böyük həkim olmasına baxmayarq ishal xəstəliyinə tutuldu. Nə qədər müalicə elədi özünü sağalda bilmədi. Hamı ona tənə vurdu. O, bir çəlləyə su tökdürdü, sonra bir çimdik dərman onun içərisinə tökdü. Su çəlləyin içərisində bərkidi. Camaat balta ilə çəlləyi və daşlaşmış suyu parçaladı. Calyanus dedi ki, bu dərmandan çox içmişəm, amma xeyri olmayıb.
Allah-təala Adəm (ə)-ı ata və anasız yaratdı. Həzrəti Məryəm bakirə olduğu halda İsa (ə) dünyaya gətirdi. Zəkəriyyə Peyğəmbər qoca olduğu halda Yəhya (ə)-ı Allah-təala onlara ərməğan etdi. Baxmayarıq ki, Zəkəriyyə Peyğəmbərin 99, arvadının isə 98 yaşı var idi. Məryəm surəsinin əvvəlinci ayələri bu hadisəni bəyan edir.
Həzrəti İbrahimin 120 və ya 122 yaşı var idi. Arvadının isə 90 ya 99 yaşı var idi. Allah-təala Saradan ona İshakı əta etdi. (Hud surəsi 72-77-ci ayələr və Zariyat urəsi 28-30-cu ayələr) Sara diyəndə ki, mənim uşağım necə ola bilər? "Onlar (məlaikələr): "Sənin Rəbbin belə buyurmuşdur. Şübhəsiz ki, O, hikmət sahibidir (hər şeyi) biləndir!" - dedilər.
Həzrəti Peyğəmbər (s) dünyavi məktəb oxumadığı halda Allahın qüdrəti ilə bəşəriyyətə müəllim oldu.
Əshabi-Kəhfin (Kəhf surəsi) camaatı Dağyanusun zülmünə etiraz olaraq mağarada Allaha sığınıb əbədi səadətə nail oldular.
Hürr (ə) Aşura günü Allahın rəhmətinə pənah gətirib, şəhidlik zirvəsin çatdı.
Ühüd davasında bir yəhudi öz qəbiləsinə dedi: "Siz bilirsinizmi Məhəmməd peyğəmbərdir?" Dedilər: "Bəli." Dedi: "Bəs gəlin Peyğəmbərə kömək edək. Onlar dedilər ki, bu gün şənbədi. O adam bir daha səsləndi: "O, Musa (ə)-ın dinindəndir." Onlar qəbul etmədilər. O özü tək getdi. Bütün malını İslam yolunda sərf etdi, şəhid olub səadətə qovuşdu.
Dünya sanki imtahan yeridir. Bəzən insan iqtisadi çətinliklərə düşür, amma ümüdünü Allahdan üzmür. Bir gün lur ki, çətinlikləri asan olur. Bəzən isə insan uzun sürən xəstəliyə düçar olur. Xəstəliyinin olması səbəbinə Allahın rəhmətindən məyus olur. Hətta küfr edir, Allaha asi olur. Amma dərk etmir ki, xəstəliklər günahların kəfarəsidir. Onun saflaşıb, paklaşmasına səbəb olur. Həyatda çoxları olmuşdur ki, uzun müddət xəstəlikdən sonra Allaha sığınmaqla, Allah yolunda ehsanat və Allaha dua etməklə şəfa tapmışdır.
"Fərəc-bədəşşiddə" kitabında Ləbib Abid adlı bir nəfərin barəsində nəql edilir. O, deyir ki, mən cavan olanda evdə bir deşiyə ilanın girdiyini gördüm. İlanın yarsı yuvada, yarsı çöldə idi. Quyruğundan tutub dartdım, başını qaldırıb əlimi sancdı. Əlim iflic oldu. Bir müddət sonra o biri əlim, sonra ayaqlarım iflic oldu. Sonra gözlərim tutldu. Bir müddət sonra dilimdə tutuldu. Məni bir taxtın üstünə uzatmışdılar. Bircə qulağım eşidirdi. Buda mənə bəla idi. Ac-susuz olanda deyə bilmirdim mənə su, yemək verin. Tox olanda isə suyu və yeməyi məcburi boğazıma tökürdülər. Ölüm bundan yaxşı idi. Amma ölə bilmirdim. Bir gün qonşu qadın bizə gəlib yoldaşımdan məi soruşdu. O da dedi ki, nə ölən kimi ölmür, nə də qalan kimi qalmır. Ölsəydi canımız qurtarardı. Bildim ki, məndən cana doyublar. Rahatlıqlarını mənim ölümümdə görürlər. Çox üzülüb qəmgin oldum. Sınıqqəlblə Allaha dua elədim ki, İlahi ya məni öldür, ya da şəfa ver. Elə o dəqiqə bədənimin hər tərəfində bərk ağrılar başladı. Elə ki, axşam oldu ağrılar kəsildi. Yuxuladım. Bir qədər sonra ayılıb gördüm ki, əlim sinəmin üstündədir. Təəccübləndim. Məgər bir adam əlimi sinəmin üstünə qoyub? Bir ildir ki, bədənimdə hərəkət yoxdur. Ürəyimə gəldi ki, Əlimi qaldırım. Yoxladım, əlim qalxdı. Sonra ayaqlarım hərəkətə gəldi, gözlərim açıldı. Ayağa durub həyətə çıxdım. Asimanda ulduzlar sayrışırdı. Şadlığımdan az qalmışdı öləm. Dilimə bu kəlmələr gəldi. Ey ehsan edənlərin əvvəlincisi. Həmd səna və şükürlər olsun sənə!
Uşaq anabətnində olanda ona qida qan vasitəsi ilə çatır. Anadanoduqdan sonra növbə-növ nemətləri ana qəbul edir və ona süd halında verilir. Çünki onun mədəsi incə və zərifdir. Qida əgər süd halında olmasa uşaq onu həzm edə bilməz. Elə ki, uşaq böyüyür, qüvvətlənir, dişləri çıxır digər yeməklərlə qidalanmağa başlayır. Bəs belə mehriban və qayğıkeş olan Allahdan naümüd olmaq küfrdür.
Əyyub Peyğəmbər çox bəlalarla qarşıladı. Amma Allahdan ümüdünü kəsmədi. Sad surəsi 41-43-cü ayələrdə Allah-təala buyurur: "41. (Ey Peyğəmbər!) Bəndəmiz Əyyubu da yad et! Bir zaman o öz Rəbbinə müraciətlə belə demişdi: "Şeytan mənə bəla və əzab toxundurmuşdur! 42. (Ona belə buyurduq:) "Ayağını yerə vur! Bu, (yerdən çıxan bulaq) yuyulacaq və içiləcək sərin sudur!" (Əyyub o su ilə qüsl edib, ondan içən kimibütün xəstəlikləri getdi. 43. "Dərgahımızdan bir mərhəmət və oğul sahiblərinə bir ibrət olsun deyə, ona ailəsini və üstəlik bir o qədər də (oğul-uşaq) bağışladıq." Seyyid Əzim Şirvani Quran ayəsini və həmin hadisəni belə nəzm edir:
Səbri- Əyyub, gərək aşiqi - dil suxtədə,
Aqibət lütfi-xuda, dərdinə dərman eylər.
İnsan gərək daim Allahın rəhmətinə sığına. Komeyl duasında oxuyururq: "İlahi mənim o günahlarımı bağışla ki, dualarımın qəbul olunmasının qarşısını alır.
Cümər surəsi 53-cü ayədə Allah-təala buyurur: "De, ey Mənim özlərinə zülm etməkdə həddi aşmış bəndələrim! Allahın rəhmətindən ümüdsüz olmayın. Allah (tövbə etdikdə) bütün günahları bağışlayar. Həqiqətən O, bağışlayan və rəhm edəndir!"
Bismillahir rəhmanir rəhim. İnnə ətəynakəlkasər. Fəsəlli lirabbikə vənhər. İnnə şəniəkə huvəl əbtər. Sadaqallahul əliyyul əzim.
2-ci XÜTBƏ
Bismillahir rəhmanir rəhim. Əlhəmdulillahi rəbbil aləmin. Vəssalatu vəssəlamu əla Rəsulillah.Və əla Əliyyin əmirilmöminin və əla Siddiqətittahirə və əla sibtəyir rəhmə əl Həsəni vəl Hüeyn və əla Əliyibnil Hüseyn və Muhəmməd ibni Əli və Cəfər ibni Muhəmməd və Musa ibni Cəfər və Əliyibni Musa və Muhəmməd ibni Əli və Əliyibni Muhəmməd vəl Həsən ibni Əli Vəl xələfil Hadiyil Mehdi (s) və əccəlallahu təala fərəcəhuşşərif.
Sizə və özümə İlahi təaqvayə əməl etməyi tövsiyyə edirəm.
Mövzu: "Ölüm anlayışı."
Allah-təala Qəsəs surəsinin 88-ci ayəsində buyurur: "Allahdan başqa hər şey məhv olacaqdır. Hökm onundur. Siz onun hüzuruna qaytarılacaqsınız."
Əli (ə) buyurur: "Bizim ömrümüz bu dünyada azdır. Bizim qayıdacağımız yer torpaqdır."
Məhəmmədhüseyn Şəhriyar Xoşginabi-Təbrizi məşhur "Heydər babaya salam!" poemasında yazır.
Heydər baba, dünya yalan dünyadı.
Süleymandan, Nuhdan qalan dünyadı.
Oğul doğan, dərdə salan, dünyadı.
Hər kimsəyə hər nə verib, alıbdı,
Əflatundan, bir quru ad, qalıbdı.
Heydər baba yari-yoldaş döndülər
Bir-bir məni çöldə qoyub, çöndülər,
Çeşmələrim, çırağlarım, söndülər.
Yaman yerdə, gün döndi, axşam oldu"
Dünya mənə xərabeyi şam oldu!
Ölüm düşüncəsi və həyatın sona çatması insanları narahat edən əsas məsələlərdən olmuşdur. İnsan bəzən özündən "dünyaya niyə gəlmişəm? Və nə üçün gedirəm?", "bu tikib-sökməkdə məqsəd nədir?" Suallarını soruşur.
Bəziləri belə düşünür ki, dünya qəm-qüssədən başqa bir şey deyil. Xoşbəxt o adamdır ki, bu dünyadan tez gedib. Daha yaxşısı isə bu dünyaya gəlməməkdir.
Ölüm qorxusu və ondan nigaran olmaq insana aiddir. Heyvanlar ölüm barəsində fikirləşmirlər. Heyvanlarda olan yeganə şey təhlükədən qaçmaq instinkti və mövcud həyatı qorumaq meyilidir.
İnsanlarda dünyada əbədi qalmaq arzusu vardır. Bu arzu əlbətdə heyvana yox insana məxsusdur. Arzu, gələcəyi təsəvvür etməyə, əbədi qalmaq arzusu isə əbədiliyi təsəvvür etmək və düşüncəyə əsaslanır. Bu düşüncə və təsəvvür insanın xüsusiyyətlərindəndir.
Ölüm qorxusu əbədilik meylinin məhsuludur. Bizim, yox olmaq fikrindən narahat olmağımız, bizim yox olmayacığımızın dəlilidir. Susuzluğun olması suyun olmasına bir dəlildir. Eləcə də yuxu aləmində aşkara çıxan şey, oyaq olanda bizim ruhumuza daxil olmuş və bəzən orada kök salmış şeyin cilvəsidir. Mövləvi bir əsərində bu həqiqəti maraqlı formada belə yazır ki, fil arxası üstə yatan kimi yuxuda Hindistanı görür. Uzunqulaq isə yuxuda heç vaxt Hindistanı görmür. Çünki o Hindistan qəribi deyil. Fil isə Hindistanlı olduğu üçün oranı o qədər yadına salır ki, həmin xatirələr onun yuxusunda canlanır.
Bu cür təsəvvürlər, düşüncələr və arzular arif və filosofların bu maddi dünyadakı "qürbət" və ya "uyuşmazlıq" adlandırdıqları həqiqətdir.
Hər bir insanın istər uşaq olsun, istərsədə böyük fitrət və düşüncəsində getmək istəyi vardır. Amma onun getmək istədiyi yer maddi düşündüyü həyatdır. Hər hansı bir yerə getməyi bacarsada rahatlıq tapa bilmir. Özü də bilmədən gəldiyi yerin axtarışındadır. Bu istək onun fitrətindədəir.
Ölümü qəbul etməmək insanın yox olmaq gümanından yaranır. Halbuki, ölüm insan üçün yoxluq deyil, dəyişiklik, bir tərəfdən bataraq, digər tərəfdən çıxmaq deməkdir. Başqa sözlə desək ölüm yoxluqdur, Amma mütləq deyil, nisbidir. Yəni bir tərəfdə yox olaraq digər tərəfdə var olmaqdır.
İnsanın mütləq ölümü yoxdur. Ölüm bir halı əldən verərək başqa bir halı ələ gətirməkdir. Hər bir dəyişiklik kimi, fanilik də nisbidir. Maddənin itməməsi qanununa əsasən İnsanda bir haldan başqa hala çevrilir.
Dünya ruh üçün ana bətni kimidir. Bu dünyadan başqa bir dünyaya köçmək, uşağın ana bətnində doğulmasına bənzəyir. Bu bənzətmə bir cəhətdən yetərli, digər cəhətdən isə yetərsizdir. Bənzətmənin yetərsizliyi dünya ilə axirətin fərqinin ana bətni ilə ondan xarici aləmin fərqindən daha dərin və əsaslı olmasındadır. Ana bətni ilə xarici aləmin hər ikisi təbiət aləmi və dünya həyatının bir hissələridir. Amma dünya həyatı ilə axirət aləmi, bir-birindən əsaslı fərqlənən iki həyatdır. Lakin bu bənzətmə digər cəhətdən, yəni şəraitlər arasındakı fərqləri göstərməsi b axımından yetərlidir. Uşaq ana bətnində olanda cift və göbək yolu vasitəsi ilə qidalanır, amma bu dünyaya gəldikdən sonra həmin yol bağlanır və o, ağız və həzm boruları vasitəsi ilə qidalanır. Onun ağ ciyəri aana bətnində olanda yaradılır, amma işləmir. Uşaq ana bətnindən xaric olan kimi, onlardan istifadə olunmağa başlanılır. Uşağın ana bətnində olduğu müddətdə nəfəs boruları və ciyərindən heç istifadə etməməsi çox maraqlıdır. Hətta bəlkə də uşağın həmin orqanı, ana bətnində bir an işə düşsə, uşağın ölümünə səbəb olar. Bu vəziyyət, o, ana bətnidə olduğu son ana kimi davam edir. Amma ana bətnindən xaric olan kimi tənəffüs orqanları işə düşməyə başlayır və bundan sonra onun fəaliyyəti bir an dayansa, onu ölüm təhlükəi gözləyir.
Doğuşdan əvvəlki həyat tərzi beləcə ondan sonraki həyat tərzinə çevrilir. Uşaq doğulmamışdan qabaq bir həyat tərzində, ondan sonra isə digər bir həyat tərzində yaşayır.
Ümumiyyətlə, tənəfüs orqanı uşaq ana bətniində olanda yardılmasına baxmayaraq, ora üçün yaradılmır. Onun yaradılması ana bətnindən sonraki həyt üçün əvvəlcədən olan hazırlıqdır. Görmə, eşitmə, dadma və iy bilmə orqanlarının da heç biri bütüngenişlik və mürəkkəbliyi ilə həmin yaşayış üçün deyil, ondan sonrakı mərhələ üçündür.
Bu dünya digər dünyaya nisbətdə, insanın ruhi orqan və sistemləri yaradılaraq, onu başqa bir yaşayışa hazırlayan ana bətni kimidir. İnsanın ruhi istedadları, bəsitlik və abstraktlığı, onun "mən"inin parçalanmazlığı və nisbi sabitliyi, sonsuz arzuları, geniş və sonsuz düşüncələrinin uzun, geniş və hətta əbədi həyat üçün lazım olan vasitələrdir. İnsanı bu maddi və fani dünyada qərib və onunla "uyuşmaz" edən də bu şeylərdir. İnsanın bu dünyada "qamışdan kəsilmiş" ah-naləsindən yer-göy ağlayan v əhəmişə vüsal dərdini demək üçün çox-çox geniş bir sinə axtaran "ney" halında olmasının səbəbidə budur.
Nalədəndir ney kimi, avazeyi-eşqim bülənd,
Nalə tərkin qılmazam mütləq kəsilsəm bəndü-bənd.
(Məhəmməd Fizuli)
Allah-təala Quranda Müminin surəsi 115-ci ayədə buyurur: "Yoxsa sizi əbədi yerə yaratdığımızı və hüzurumuza qaytarılmayacağınızı güman edirsiniz?"
Deməli, ölüm insan həyatının bir mərhələsinin sonu, digər bir mərhələsinin isə başlanğıcıdır.
Yeni körpənin doğulması doğulduğu dünyaya nisbətdsə doğulmaq, bundan əvvəlki dünyaya nisbətdə isə ölüm olduğu kimi, insanın ölümü də dünyaya nisbətdə ölüm, dünyadan sonraki aləmə nisbətdə isə doğulmaqdır.
Dünya insan üçün axirətdə nisbətdə hazırlıq və təkmilləşmə məktəbidir.
Əli (ə)-ın Nəhcül-Bəlağə kitabında deyilir ki, bir nəfər Əli (ə)-ın yanına gəlir və dünyanı pisləməyə başlayaraq "dünya zalımdır, dünya insanı aldadır, dünya cinayətkar və hoqqabazdır" və bu kimi sözlər deyərək, gileylənməyə başlayır. Həmin şəxs böyük şəxsiyyətlərin dünyanı məzəmmət etdiklərini eşidib elə bilirmiş ki, dünyanı məzəmmət etməkdə məqsəd onun həqiqətini məzəmmət etməkdir və dünya zatı baxımdan pisdir. Amma əslində o, dünyapərəstliyin, insan və onun səadəti ilə bir araya sığmayan məhdud istək və baxışların pis olmasını bilmirdi. Əli (ə) ona belə deyir: "Dünya səni aldatmır, sən dünyanı aldadırsan; dünya sənə qarşı cinayət törətməyib, sən ona qarşı cinayət törətmisən." Əli (ə) sonra buyurur: "Dünya onunla sədaqətli olana qarşı sədaqətlidir; onu dərk edən üçün sağlamlıq mənbəyidir; dünya Allah dostlarının məbəd və ibadətgahı, Allah mələklərinin səcdəgah və namaz yeridir. Allah vəhyinin nazil olduğu yer və Allah övliyalarının ticarətxanasıdır."
Mülk surəsi 2-ci ayədə Allah-təala buyurur: "Hansınızın əməlcə daha gözəl olduğunu sınamaq (bəlli etmək) üçün ölümü və həyatı yaradan Odur..." Yəni həyatla ölümün birləşməsi olan dünya, bəşəriyyətin xeyirxahlıq təcrübəxanasıdır.
Allahın imtahanları, istedad və bacarıqları aşkar etmək üçündür və hər hansı bir istedadı üzə çıxarıb onu inkişaf etdirib kamilləşdirməkdir. İlahi sınaq çəkini azaltmaq yox, onu artırmaqdır. Qeyd edilən ayə dünyanı istedadların yetişdirilməsi və insanların tərbiyyə məktəbi olmasını açıqlayır.
Ölümə etirazlar əslində insan və dünyanı tanımamaq, naqis və sonsuz dünya görüşündən yaranır.
Bismillahir rəhmanir rəhim.
Qul huvəllahu əhəd. Allahus səməd. Ləm yəlid və ləm yuləd. Və ləm yəkulləhu kuhuvən əhəd.
Sədəqallahul əliyyul əzim.