Əsas » Məqalələr » CUMƏ XÜTBƏLƏRİ » ŞAMAXI ŞƏHƏR İMAMZADƏ MƏSCİDİNİN CÜMƏ XÜTBƏLƏRİ (09.IV.2010)

Xətib: Hacı Elşən Süleymanov

1-ci Xütbə

Əssəlamu əleykum və rəhmətullah.

  Bismillahir rəhmanir rəhim. Əlhəmdulillahi rəbbil aləmin. Vəssəlatu vəssəlamu əla seyyidina və nəbiyyina əşrəfil əmbiyəyi vəlmursəlinə Əbil Qasimi Muhəmməd (s) və əla Alihi və əhli-beytihit tahirinəl məsumin. Və lənətullahi əla əədaihim əcməin minəl anə ilə qiyami yaumiddin. Qaləl həkim fikitabihil kərim. Əstəuzu billah. Yə əyyuhəlləzinə amənu ətiullahə və ətiurrəsulə uliləmri miinkum.

Sadaqallahul əliyyul əzim.

    Sizə və özümə ilahi təqvaya əməl etməyi tövsiyyə edirəm.

 

 

                                             QAZANC VƏ İŞLƏMƏYİN FƏZİLƏTİ

Müqəddəs islam dininin diqqət yetirdiyi məsələlərdən biri də maddi ehtiyacların tə`min olunması, qazanc əldə etmək, işlə tə`min olmaq və iş zamanı başqaları ilə gözəl rəftar və davranış tərzidir. Lakin bu haqda söhbət açmazdan əvvəl böyük əhəmiyyət kəsb edən bir suala cavab verməliyik. İslam dini qazanc və gəlir əldə etməyə necə münasibət bəsləyir? Bu məsələyə baxış müsbətdirmi? Əgər müsbətdirsə, nə dərəcədədir? Bu dərsimizdə həmin bu suala ətraflı cavab verəcək və növbəti dərslərimizdə qazanc və gəlir əldə etməyin qayda-qanunları haqda söhbət açacağıq.

Qazanc və gəlirə dəlalət edən nəql olunmuş hədis və ayələr iki əsas hissəyə bölünür. Əksəriyyət təşkil edən birinci dəstəyə aid olan hədis və ayələrdə qazanc və gəlir əldə etmək, tacirlik, fəhlələrin gecə-gündüz zəhmət və çalışmalarının fəzilətinə toxunulmuş və müxtəlif şəkillərdə tə`rif olunmuşdur. Lakin ikinci dəstəyə aid olan hədis və ayələrdə var-dövlət və qazanc əldə etmək məqsədilə ticarət və digər işlərlə məşğul olmaq tənqid atəşinə tutulmuşdur. Bu dərsimizdə hər iki dəstəyə aid olan hədis və ayələr barəsində danışacaq və daha sonra söhbətimizi bu məsələyə aid olan mülahizələrlə bitirəcəyik.

 

BİRİNCİ QİSM

Allah-taala insanların diqqətini məişətlərinin böyük bir hissəsinin tə`min edən və böyük ne`mətlərdən biri olan günün işıqlığına cəlb edərək buyurur:

«Gündüzü isə dolanışıq [ruzi qazanmaq] vaxtı etdik».[1]

Başqa bir ayədə ruzinin ilahi ne`mətlərdən biri olduğuna və insanların onlara bəxş olunan ruzilərin müqabilində Allah-taalaya layiqincə şükr etmələrinə işarə olunur:

«Sizi yer üzündə yerləşdirdik və orada sizin üçün dolanacaq vasitələri yaratdıq. Siz isə olduqca az şükr edənlərsiniz!»[2]

Peyğəmbərdən (s) nəql olunmuş rəvayətdə deyilir:

«Günahlar arasında elə bir günah da vardır ki, ruzi əldə etmək üçün zəhmətə qatlaşmaqdan savayı onun qoyduğu tə`siri heç bir şey aradan aparmır».

Başqa bir hədisdə buyurulur:

«Daim halallıqla ticarət edən tacirlər, qiyamət günü məhşərə əməli-saleh şəxslər və şəhidlərlə daxil olarlar».[3]

«Başqalarına möhtac olub dilənməmək üçün halal ruzi qazanaraq ailəsinin maddi ehtiyaclarını ödəyən, qonşularına yaxşılıq edən şəxslər qiyamət günü Allah-taalanın görüşünə on dörd gecəlik ay kimi gələrlər».[4]

«Bazarlar Allahın ruzi süfrələridir. Oraya daxil olanlar ilahi ne`mətlərdən bəhrələnərlər».[5]

Başqa bir rəvayətdə deyilir:

«Günlərin bir günü Peyğəmbər (s) öz səhabələrilə şəhərin ətrafında oturduğu zaman günün qızmar istisində cavan bir oğlanın tər-qan içində işlədiyini görürlər. Səhabələrdən biri deyir: Heyf! Kaş öz qüdrətini Allah yolunda sərf edəydi. Peyğəmbər (s) buyurdu:

Onun haqda belə danışmayın. Əgər o, başqalarına möhtac olub yolçuluq etmək əvəzinə zəhmətə qatlaşırsa, Allah yolunda çalışmış olur. Əgər ata-anasının və övladlarının məişətini tə`min etmək üçün zəhmətə qatlaşırsa, yenə də Allah yolunda çalışmış olur. Yox, əgər var-dövlət əldə edib qürur və təkəbbürlük məqsədilə zəhmətə qatlaşarsa, Şeytan yolunda çalışmış olur».[6]

İmam Məhəmməd Baqir (ə) nəql edərək deyir: «Həccətul vida günü Peyğəmbər (s) buyurdu:

Agah olun ki, Cəbrail (ə) mənə ilham etmişdir ki, kimsə ruzisi tam verilməyincə dünyasını dəyişməyəcəkdir. Elə isə təqvanı hər şeydən üstün tutun və ruzi ardınca getdikdə ifrata varmayın. Lakin bu işdə süstlük göstərmək sizləri günaha vadar etməməlidir. Çünki, Allah-taala bəndələrinin ruzisini onların arasında haram olaraq deyil, halallıqla bölmüşdür. Demək, təqvalı olub səbr edən şəxslərə Allah-taala halal ruzi nəsib edər. Tələsik qeyri-halal yolla ruzi əldə edən şəxslərə isə həmin ruzinin miqdarında halal ruzisindən azaldar və qiyamət günü məhşərdə onu tənbeh edər».

Məhəmməd ibni Munkədər nəql edir ki, günlərin bir günü Mədinənin ətrafına getmişdim, elə orada Əbu Cə`fər Məhəmməd ibni Əli (imam Baqir (ə)) ilə qarşılaşdım. O, öz əkin sahəsində günün qızmar çağında əkinçiliklə məşğul idi. Onu belə görçək təəccüblənərək öz-özümə dedim: Sübhanəllah! Qureyşin adlı-sanlı bir şəxsiyyəti günün bu qızmar çağında qan-tər içində dünya malı fikrinə düşübmü?! Ona nəsihət etməyim lazımdır. Yaxınlaşıb salam verdim. İmam Baqir (ə) üzündən tər axdığı halda salamımın cavabını aldı. Ona bir qədər də yaxınlaşıb dedim. «Allah-taala Özü sizi salamat etsin. Sizin kimi Qureyşin adlı-sanlı şəxsiyyətlərindən birinə günün bu qızmar çağında bu qədər əzab-əziyyət çəkmək yaraşarmı?! Bu halda əcəl sizi haqlasa nə edəcəksiniz? İmam Baqir (ə) Məhəmmədi təmkinlə dinlədikdən sonra buyurdu:

Əgər bu halda ölüm məni haqlasa, mən dünyamı Allaha itaət etmiş kimi dəyişmiş olacağam. Çünki, belə etməklə özümü və ailə üzvlərimi səndən ehtiyacsız etmiş olacağam. Mən ondan qorxuram ki, əcəl çatdığı zaman Allaha itaətsizlik etmiş olum. Dedim: Düz deyirsən, Allah sənə rəhm etsin. Mən sənə nəsihət vermək istəyirdim, lakin sən mənə nəsihət verdin.[7]

İmam Sadiq (ə)-dan nəql olunmuş rəvayətdə deyilir: «Yoxsul olduğu bir halda haram qazancdan uzaq olub özünün və ailə üzvlərinin ehtiyaclarını tə`min edən şəxslər, sanki Allah yolunda cihad etmiş şəxslərə bənzərlər.»

Başqa bir hədisdə buyurur: «Ailə üzvlərinin ehtiyaclarını tə`min etmək üçün zəhmətə qatlaşan şəxslər Allah yolunda cihad etmiş şəxslərə bənzərlər».

İmam Sadiq (ə) Peyğəmbərdən (s) nəql edərək buyurur:

«Məl`un (lə`nətlənmiş) o kəsdir ki, özünün xərc və tə`minatını başqalarının üzərinə qoymuş olsun».

Göründüyü kimi bu qismə aid olan hədis və rəvayətlərdə məişət ehtiyaclarının tə`min olunması üçün çəkilən zəhmət və sə`ylər nəinki pislənməmiş, əksinə, olduqca tə`rifəlayiq və axirət dünyasının savab və mükafatına səbəb olan bir iş kimi göstərilir. Mə`sum imamların (ə) həyatına nəzər saldıqda bu kimi məsələlərlə tez-tez rastlaşmaq olar. Bir qədər əvvəl qeyd etdiyimiz rəvayəti də buna aid etmək olar. Fəzl ibni Əbi Qurrənin imam Sadiq (ə) haqda nəql etdiyi başqa bir rəvayətdə deyilir: «Səhabələrdən bir neçəsi ilə imam Sadiq (ə)-ın mənzilinə doğru yola düşdük. Evinə çatdıqda divar hördüyünü gördük. Ondan kömək etməyimizə və ya işçi gətirməyimizə icazə istədikdə buyurdu: Xeyr! Öz işinizlə məşğul olun. İstərdim Allah-taala məni halal ruzi üçün çalışmağımı görsün».

Əli ibni Əbi Həmzə nəql edərək deyir: «Bir gün imam Musa Kazim (ə)-ın öz əkin sahəsində işlədiyini gördüm. Ayaqlarının dizlərinə qədər torpağa batdığını gördükdə ürək ağrısı ilə dedim: Canım sənə fəda olsun, qulluqçuların haradadır? Buyurdu: Peyğəmbər (s) Əmirəl-mö`minin (ə) və ata-babalarım hamısı öz əlləri ilə əkib-biçər, özləri öz ruzilərini tə`min edərdilər. Bu peyğəmbərlərin və əməli-saleh şəxslərin xüsusiyyətlərindəndir».[8]

 

İKİNCİ QİSM

Peyğəmbərdən (s) nəql olunmuş rəvayətdə deyilir:

«Mənə ticarətlə məşğul olmaq və var-dövlət əldə etmək vəhy olunmadı, mənə vəhy olundu ki, yəqinlik hasil etmək üçün Allaha həmd-səna edib səcdə edənlərdən olum».[9]

«Allahdan bağışlanmağınızı diləyin, çünki bu, ruzinin artmasına səbəb olur».[10]

Nəql olunmuş başqa bir rəvayətdə deyilir: Allah-taala Davud (ə)-a vəhy edərək buyurur:

«Başqalarına ehtiyac duymayıb, yalnız Mənə təvəkkül edənləri ehtiyacsız edərəm».

Peyğəmbərdən (s) nəql olunmuş başqa bir rəvayətdə deyilir: «Allah-taala dünya sərvətini Öz bəndələrini axirət dünyasının əməllərinin müqabilində bəxş edir. Lakin axirət dünyasının xeyir və savabını dünyəvi işlərin müqabilində kimsəyə bəxş etmir».

Əli (ə) buyurur:

«Ruzi iki hissəyə bölünür: Onlardan biri tələb olunan (istənilən), digəri isə istənilmişdir. Dünya malını istəyənləri ruziləri tam verilmədən əcəl haqlayar, axirət dünyası üçün yaşayanları isə dünya ruziləri tam verilənədək dünya tələb edəcəkdir (yə`ni yaşamaqlarını istəyəcəkdir).»[11]

İkinci qismə aid olan hədis və rəvayətlərdən belə bir qənaətə gəlmək olur ki, mö`minlər öz vaxtlarını ticarət və ya digər sahələrdə fəaliyyət göstərərək ruzi qazanmaq əvəzinə Allah-taaladan bağışlanmalarını diləyərək ömür-günlərini dua etmək və ibadət etməkdə keçirməlidirlər. İnsan, Allahdan bağışlanmasını diləməklə ruzi əldə etdiyi bir halda, nə üçün işləmək və ticarət fikrində olmalıdır? Peyğəmbər (s) «Allah-taala dünya sərvətini insanlara ibadət və əməli-saleh işlər görməklə bəxş edir» buyurduğu bir halda nə üçün ibadət, mə`nəviyyat, dua və münacatlar əvəzinə dünya və maddiyyat haqda düşünməliyik və s. Bir sözlə, mö`min insan qazanc və məşğuliyyət əvəzinə Allah-taaladan bağışlanmasını diləyərək səcdəyə qapılmalı, dərd-qəmini Onunla bölüşməlidir. Hər iki hissəyə aid olan hədis və rəvayətlərdən belə bir nəticəyə gəlirik ki, birinci dəstəyə aid olan rəvayətlərdə, yə`ni şəxsin özünün və ailəsinin məişət ehtiyaclarını tə`min etmək və faydalı işlərlə məşğul olmaq islam nöqteyi-nəzərindən tə`rifə layiq və savaba daha yaxındır. Hərçənd beytul-mal qoruyucusu, qazi və ictimai işlərdə çalışan bə`zi şəxslərə özlərinin və ailə üzvlərinin məişət təlabatını tə`min etmək üçün «beytul-maldan» istifadə etməyə icazə verilmişdir. Lakin onlar da imkan daxilində öz iste`dad və bacarıqlarından istifadə etməlidirlər.

İmam Sadiq (ə)-ın Əli (ə)-dan nəql etdiyi rəvayətdə deyilir:

«Allah-taala Davud (ə)-a vəhy edərək buyurur:

«Əgər beytul-maldan istifadə etməsəydin bəndələrimin ən yaxşısı olardın.

Davud (ə) ona nazil olmuş bu vəhyi eşitdikdən sonra qırx gün qəm-qüssəyə qərq olub, qırx gün göz yaşları tökdü. Allah-taala dəmirə Davud (ə) üçün yumşalmasını əmr etdi. O da hər gün bir zireh düzəldib min dirhəmə satdı. Bir il ərzində üç yüz altmış zireh satıb üç yüz altmış min dirhəm qazandı. Beləliklə, «beytul-mala» heç bir ehtiyac duymadı.»[12]

Bütün bunları nəzərə alaraq, Peyğəmbər (s) və Mə`sum imamlar (ə) öz əkin sahələrində çalışar və özlərinin məişət ehtiyaclarını tə`min edərdilər. Demək, ticarət və qazanc məqsədilə müxtəlif sahələrdə çalışmaq özü-özlüyündə heç də xoşagəlməz bir şey deyildir. Xoşagəlməz şey varsa, o da aşağıda qeyd edəcəyimiz bu iki şeydən ibarətdir.

Onlardan biri var-dövlət əldə etməkdə ifrata varmaq və əldə olana qane olmamaqdır. Nəql olunmuş bir çox rəvayətlərdə bu məsələyə xüsusi diqqət yetirilmiş və o, təqva sahiblərinə xas olmayan bir xüsusiyyət kimi göstərilmişdir. Peyğəmbərin (s) «Həccətul-vida»da müsəlmanlara var-dövlət əldə etməkdə nə ifrata varmamalarına, nə də bu işdə süstlük göstərməklərinə dair etdiyi tövsiyələri buna misal çəkmək olar.

Başqa bir hədisdə deyilir: «İnsanların ən yaxşısı o kəsdir ki, dünya malından ehtiyacını ödəyənədək istifadə etmiş olsun».

Digəri isə insanı var-dövlət əldə edərək axirət dünyasından uzaqlaşdırmış olsun. Belələri dünyalarının abad və firavan olması üçün axirət dünyasını özləri öz əlləri ilə viran edərlər. Nur surəsinin 37-ci ayəsində buyurulduğu kimi:

«O kəslər ki nə ticarət, nə alış-veriş onları Allahı zikr etməkdən, namaz qılmaqdan və zəkat verməkdən yayındırmaz...»

İmam Sadiq (ə) ayənin izahında buyurur:

«Onlar bir neçə tacir idilər. Namaz vaxtı çatan kimi alış-verişlərini buraxıb namaza tələsərdilər. Onlar iş və qazanc fikrində olmayanlardan daha çox savaba nail olarlar».

Başqa bir rəvayətdə deyilir: «Təlaq surəsinin ikinci və üçüncü ayələri Peyğəmbərə (s) nazil olarkən, ticarətdən və onlara gəlir gətirən digər işlərdən əl çəkib ibadətə qapıldılar. Xəbər Peyğəmbərə (s) çatdıqda onlardan soruşur: Nə üçün işlərinizdən əl çəkmisiniz? Bunun səbəbi nədir? Dedilər: Allah-taala ruzi verəcəyinə və`də vermiş, biz də buna görə bundan belə yalnız ibadətlə məşğul olacağıq. Buyurdu: Allah-taala belə edənlərin duasını qəbul etməyəcəkdir. Siz özünüz ruzi dalınca getməlisiniz ki, Allah da sizə ruzi versin. Mən üzünü Allaha tutub ruzi dalınca getməyənləri sevmirəm».[13]

 

XÜLASƏSİ

İslam nöqteyi-nəzərindən qazanc məqsədilə ticarət və müxtəlif sahələrdə çalışmaq nəinki xoşagəlməz bir hal deyildir, əksinə Allah yolunda cihad kimi Onun razılığına səbəb olan işlərdən biridir. Nəql olunmuş hədis və rəvayətlərdə özünün və ailəsinin məişət ehtiyaclarını tə`min edən şəxslərə böyük savab və mükafat veriləcəyinə və`də verilir.

 

             Bismillahir rəhmanir rəhim.

Qul huvəllahu əhəd. Allahus səməd. Ləm yəlid və ləm yuləd. Və ləm yəkulləhu kuhuvən əhəd.

Sədəqallahul əliyyul əzim.

 

-----------------------------------------------------------------------------------------------

[1] Nəbə'-11.

[2] Ə'raf-100.

[3] Sünəni Tirmizi, 5-ci cild.

[4] Üsuli-kafi, 5-ci cild.

[5] Ehyaul-ülum, (Qazanc və məişətin tə'minatı fəsli).

[6] Ehyaul-ülum, (Qazanc və məişətin tə'minatı fəsli).

[7] Üsuli-kafi, 5-ci cild.

[8] Həmən mənbə.

[9] Üsuli-kafi, 5-ci cild.

[10] Biharul-ənvar, 103-cü cild, bab-2.

[11] Biharul-ənvar, 103-cü cild, bab-2.

[12] Üsuli-kafi, 5-ci cild.

[13] Həmən mənbə.

 

 

 

 

***************************

 

 

 

 

                                                        2-ci XÜTBƏ

Bismillahir rəhmanir rəhim. Əlhəmdulillahi rəbbil aləmin. Vəssalatu vəssəlamu əla Rəsulillah.Və əla Əliyyin əmirilmöminin və əla Siddiqətittahirə və əla sibtəyir  rəhmə əl Həsəni vəl Hüeyn və əla Əliyibnil Hüseyn və Muhəmməd ibni Əli və Cəfər ibni Muhəmməd və Musa ibni Cəfər və Əliyibni Musa və Muhəmməd ibni Əli və Əliyibni Muhəmməd vəl Həsən ibni Əli Vəl xələfil Hadiyil Mehdi (s) və əccəlallahu təala fərəcəhuşşərif.

 

Sizə və özümə İlahi təaqvayə əməl etməyi tövsiyyə edirəm.

               

                                                                               İBADƏT

İnsan övladı yarandığı ilk gündən müqəddəs varlıqlara pərəstiş onun həyatında xüsusi yer tutmuşdur. Hətta eramızdan əvvəl yaşamış insan həyatına nəzər saldıqda belə, elə bir qövm və ya millət tapmaq mümkün deyildir ki, hansısa müqəddəs hesab etdiyi varlığa pərəstiş etməmiş olsun. Demək, pərəstiş olunan şey insanın fitri xüsusiyyətlərindəndir və insan belə bir ehtiyacının tə`min olunması üçün ibadət etmiş və mə`nəvi çətinliklərinin aradan qaldırılmasında hər şeydən uca hesab etdiyi müqəddəs varlığa arxalanmışdır.

Əlbəttə, bir çox cəmiyyətlərdə bə`zilərinin nadanlığı və ya inadkarlığı üzündən müqəddəs ilahi din və ayinlər təhrif edilərək öz həqiqi axarından çıxmış, əsirlər boyu tağut və batil varlıqlara pərəstiş etmişlər.

Dini tə`limlərdən heç bir mə`lumatı olmayan və ucqar bir məntəqədə yaşayan hər hansı bir şəxsin həyatına nəzər salsaq, bu həqiqətin şahidi olacağıq ki, o, özünün mə`nəvi rahatlıq tapması üçün hər şeydən uca və hər şeyə qadir olan müqəddəs bir varlıq axtarır və özünü onun qarşısında son dərəcə kiçik və aciz hesab edir.

Ümumiyyətlə, Allaha pərəstiş və ibadət, haqq olaraq göndərilmiş bütün ilahi peyğəmbərlərin ən başlıca şüarı olmuşdur.

Bu dərsimizdə ibadətin insan həyatında oynadığı rol, ibadətdən məqsəd və onun əhəmiyyəti haqda söhbət açacağıq:

1. Yaradılış və peyğəmbərlərin göndərilməsindən ən başlıca məqsəd, ibadətdir.

Allah-taala Zariyat surəsinin 56-cı ayəsində buyurur:

«Mən cinləri və insanları yalnız Mənə ibadət etmək üçün yaratdım».

Mə`lum olduğu kimi, Allahın biz insanların ibadətinə heç bir ehtiyacı yoxdur. Çünki O, hər şeydən ehtiyacsızdır. Zumər surəsinin 7-ci ayəsində bu haqda deyilir:

«...Çünki Allah sizə [sizin ibadətinizə] əsla möhtac deyildir...»

İmam Hüseyn (ə) özünün məşhur Ərəfə duasında buyurur:

«İlahi! Sənin zatın o qədər ehtiyacsızdır ki, Səndən özünə heç bir xeyir dəymir. Elə isə necə ola bilər ki, məndən ehtiyacsız olmayasan?»

Başqa bir ayədə Allah-taala peyğəmbərləri göndərməklə insanların hidayət olunmalarını göstərir:

«Biz hər ümmətə: Allaha ibadət edin, tağutdan çəkinin! - deyə peyğəmbər göndərmişdik...»[1]

Yuxarıda qeyd olunan iki ayədən belə nəticəyə gəlmək olur ki, ibadət və pərəstiş insanın özünə aiddir və onun kamala çatmasında ən başlıca rol oynayır. Çünki insanın kamala çatması Allaha yaxınlaşmasından asılıdır. Bu da yalnız ibadət və pəhrizkarlıqla müəyyən olur. Bəqərə surəsinin 21-ci ayəsində bu mətləbə işarə olunaraq buyurulur:

«Ey insanlar! Sizi və sizdən əvvəlkiləri yaratmış Rəbbinizə ibadət edin ki, bəlkə bununla müttəqi olasınız!...»

İmam Sadiq (ə) ibadətin əsas rüknü olan namazın fəziləti haqda buyurur:

«Namaz hər bir pəhrizkar insanı Allaha yaxınlaşdıran ən gözəl vasitədir».[2]

Demək, insan ibadətlə təqva və pəhrizkarlığa və bunun vasitəsilə Allaha yaxınlaşmağa və nəhayət, bu yolla kamala çatmış olur.

 

İBADƏTİN FƏZİLƏTİ

Əli (ə) buyurur:

«Pərəstiş zəfər deməkdir».[3]

«İman sahiblərinin üstünlüyü onların ibadətlərindədir».[4]

«Allah-taala sevdiyi bəndələrinə gözəl ibadət ilham edər».[5]

«İbadətin ardıcıllığı səadətə yetişmək əlamətlərindəndir».

«İbadətlə Allaha yaxınlaşmaq kimi, kimsə Ona başqa bir yolla yaxınlaşmamışdır».[6]

 

İBADƏTİN HƏQİQİ MAHİYYƏTİ

İmam Riza (ə) buyurur:

«Pərəstiş və ibadətin əvvəli Allahı tanımaq, Allahı tanımağın əsas kökləri isə Onun birliyini dərk etməkdir».[7]

İmam Sadiq (ə)-ın səhabələrindən biri deyir: İmam Sadiq (ə)-dan ibadətin həqiqi mahiyyəti haqda soruşdum. Buyurdu: «İbadət və bəndəliyin həqiqi mahiyyəti bu üç şeydən ibarətdir:

1. İnsan, Allahın Onun ixtiyarına qoyduğu şeyləri öz malı hesab etməməlidir, çünki insan heç nəyin həqiqi sahibi deyildir və hər şeyi Allahın malı hesab etməlidir. Demək, onları Allahın ona əmr etdiyi yerlərdə istifadə etməlidir.

2. Özü-özünə çarə və çıxış yolu tapıb müxtəlif tədbirlərə əl atmamalıdır (yə`ni, Allaha təvəkkül edərək Onun qoyduğu qanun çərçivəsində düşünüb-daşınmalıdır).

3. Yalnız Allahın ona əmr etdiyi şeylərlə məşğul və yasaq etdiyi şeylərdən uzaq olmalıdır... Bütün bunlar təqvanın ilk mərhələsidir».[8]

Əli (ə) buyurur:

«Bəndəlik beş şeydən ibarətdir:

1. Qarının boşluğu (az yemək);

2. Qur`an oxumaq;

3. Gecələri ibadətlə keçirmək;

4. Sübh namazlarında Allahla razi-niyaz etmək;

5. İbadət edərək Allahın qorxusundan ağlamaq».[9]

 

AGAHCASINA İBADƏT

Peyğəmbər (s) buyurur:

«Allahı tanımaq ibadətin başlanğıcıdır».[10]

Əli (ə) buyurur: «Allahı tanıtdırmayan ibadətin heç bir xeyiri yoxdur».[11]

«Nəfsinizdə ibadət etdiyiniz şeyə yəqinlik hasil edin ki, sizə xeyir verən varlığa ibadət etmək üçün bədən üzvlərinizi hərəkətə gətirəsiniz».[12]

«Elmsiz və heç bir agahlığı olmayan abidlər, dəyirmanda yerində dövr edən, lakin bir addım da olsun irəli getməyən ulağa bənzər».[13]

 

İBADƏTDƏN MƏQSƏD

Əli (ə) buyurur:

«Bə`ziləri savab və cənnət xatirinə ibadət edər, bu tacir və alverçilərin ibadətinə bənzər; bə`ziləri cəhənnəm qorxusundan ibadət edər, bu da qul və kölələrin ibadətinə bənzər; bə`ziləri isə Allaha şükrünü yerinə yetirmək üçün ibadət edər, bu isə azad insanların ibadətidir».[14]

İmam Cə`fər Sadiq (ə) buyurur:

«Camaat Allaha üç cür ibadət edər: Bə`ziləri tamahkar və həris insanlar kimi Allaha savab və Cənnətə xatir ibadət edər, bə`ziləri kölələr tək cəhənnəm odundan qorxaraq ibadət edər. Lakin mən, Allaha eşq və məhəbbətlə ibadət edirəm. Bu isə azad və şərəfli insanların ibadətidir. Allah-taala bu haqda buyurur:

«...Belələri o günün [qiyamət gününün] dəhşətli qorxusundan əmin-amanlıq içində olarlar».[15]

Başqa bir ayədə buyurur:

«[Ya Məhəmməd]] De ki: Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın...»[16]

Allahı sevərsə Allah da onları sevər. Allah sevən şəxslər isə dünya və axirətdə daim əmin-amanlıq içində olarlar».[17]

 

İBADƏTİN NÖVLƏRİ

Peyğəmbər (s) buyurur:

«İbadət yetmiş hissədən ibarətdir, onların ən yaxşısı halal qazanc əldə etməkdir».[18]

Əli (ə) buyurur:

«İlahi ne`mətlər barədə düşünüb-daşınmaq ən böyük ibadətdir».[19]

«Yerin və göyün sirləri barədə fikirləşmək xalis insanların işidir».

«İbadətin bir növü də çox salam verib mülayim danışmaqdır.»[20]

Peyğəmbər (s) buyurur:

«Alimlərə nəzər salmaq özü də bir növ ibadətdir. Ədalətli hakimə nəzər salmaq özü bir ibadətdir, ata-anaya sevgi və mehribanlıqla nəzər salmaq özü bir ibadətdir. Allaha xatir sevdiyin [mö`min] qardaşın üzünə baxmaq da özü bir ibadətdir».[21]

Peyğəmbər (s) buyurur:

«Elm məqsədilə evindən çıxan şəxs yiyələndiyi elmin vasitəsilə kimisə haqqa hidayət edərsə, qırx il ibadət edən abidin savabına nail olar».[22]

Dərsimizin sonunda bunu da qeyd edək ki, ibadətə dair müxtəlif bəhsləri təfsilatı ilə bir çox əxlaq kitablarında mütaliə etmək olar. Burada isə yalnız ibadətin əhəmiyyət və dəyəri haqda söhbət açmaqla kifayətlənirik.

 

 XÜLASƏSİ

Yaradılışdan ən başlıca məqsəd insanın səadət və kamala çatmasıdır və buna da yalnız Allahın razılığını qazanmaqla nail olmaq olar. Allahın rizasını qazanmaq Onun əmrinə tabe olmaqla müyəssər olduğu üçün islam dinində yaradılışdan ən başlıca məqsəd, ibadət hesab olunur.

Bismillahir rəhmanir rəhim.

Vəl əsr. İnnəl insanə ləfi xusur. İlləlləzinə əmənu və əmilussalihati vətəvasau bilhəqqi və təvasau bissabır.

Sadaqallahul əliyyul əzim

  

----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------

[1] Nəhl-36.

[2] Mən la yəhzərul fəqih. Fəzlüs-səlat babı.

[3] Ğürərül-hikəm.

[4] Həmən mənbə.

[5] Həmən mənbə.

[6] Həmən mənbəb.

[7] Mizanul-hikmət, 2488-ci xəbər.

[8] Həmən mənbə, 2489-cu xəbər.

[9] Həmən mənbə.

[10] Mizanul-hikmət, bab-2491.

[11] Həmən mənbə.

[12] Həmən mənbə.

[13] Ğürərül-hikəm.

[14] Nəhcül-bəlağə, 229-cu hikmət.

[15] Nəml-89.

[16] Ali-imran-31.

[17] Biharul-ənvar, 70-ci cild, bab-53.

[18] Biharul-ənvar, 103-cü cild, bab-1.

[19] Ğürərül-hikəm.

[20] Həmən mənbə.

[21] Biharul-ənvar, 74-cı cild, bab-2.

[22] Biharul-ənvar, 1-ci cild, bab-1.

 

Copyright 2008 © Imamhuseyn.org