Xətib: Hacı Elşən Rüstəmov
1-ci Xütbə
Əssəlamu əleykum və rəhmətullah.
Bismillahir rəhmanir rəhim. Əlhəmdulillahi rəbbil aləmin. Vəssəlatu vəssəlamu əla seyyidina və nəbiyyina əşrəfil əmbiyəyi vəlmursəlinə Əbil Qasimi Muhəmməd (s) və əla Alihi və əhli-beytihit tahirinəl məsumin. Və lənətullahi əla əədaihim əcməin minəl anə ilə qiyami yaumiddin. Qaləl həkim fikitabihil kərim. Əstəuzu billah. Yə əyyuhəlləzinə amənu ətiullahə və ətiurrəsulə uliləmri miinkum.
Sadaqallahul əliyyul əzim.
Sizə və özümə ilahi təqvaya əməl etməyi tövsiyyə edirəm.
Mövzu: "Tövbə".
Ali-imran surəsi ayə 135-də Allah-təala buyurur: "Müttəqilər (pəhrizkar insanlar) bir günah iş gördükləri və ya özlərinə zülm etdikləri zaman Allahı yada salıb (tövbə edərək) günahlarının bağışlanmasını istəyərlər. Axı günahları Allahdan başqa kim bağışlaya bilər? Və onlar gördükləri işin ( pis olduğunu) bildikdə (tövbə etdikdən) sonra bir daha ona qayıtmazlar."
Tövbənin lüğəti mənası müraciət və qayıdış deməkdir. Tövbə və günahların Allah tərəfindən bağışlanması Allahın insanlara verdiyi böyük nemətlərdəndir. Allahın insana olan məhəbbət və mehribançılığın əlamətidir. Tövbə günahlardan uzaqlaşıb Allaha tərəf qayıtmaq deməkdir. Tövbə günahkar bəndənin Allah qarşısında üzr istəməyinin ən yüksək mərhələsidir. Tövbə günahdan, pis işlərdən peşiman olub bağışlanmasını, yəni ona cəza verilməməsini xahiş etmək deməkdir. Tövbə çirkli paltarları bədəndən çıxarıb yerinə təmiz paltarlar geymək, yaxud çirkli bədəni yumaq kimidir.
Hud surəsinin əvvəlində Allah-təalanın insanları hidayət etməsi 4 mərhələdə xüsusiləşmişdir.
- 1. Tohid - Allahı yeganə bilmək.
- 2. Müşriklərlə mübarizə aparmaq.
- 3. Günahlardan təmizlənmək
- 4. Allaha tərəf qayıtmaq
Hud surəsinin 3-cü ayəsində günahların təmizlənməsi və Allaha tərəf qayıtmaq mərhələsində belə buyurulur: "Siz Allahdan bağışlanmaq istəyin, sonra Ona tərəf qayıdın." Yəni birinci insan günahlardan (əl çəkib) təmizlənməli, ikinci isə (tövbə yolu) Allaha qayıdaraq mənəvi dəyərlərə
və ilahi xüsusiyyətlərə yiyələnməlidir. Başqa sözlə əvvəlcə təmizlənməli, batil əqidələri qəlbindən silməli, daha sonra isə qəlbində düz əməli ilə Allaha yer verməlidir.
Quranda 91 dəfə "Ğəfur" çox bağışlayan, beş dəfə "Ğəffar" daha çox bağışlayan kəlməsi deyilmişdir. Quranda 80-dan çox ayədə Allaha tərəf qayıtmaq, tövbə etmək və bağışlanmaq istəməyə dəvət olunmuşdur. Nisa surəsi, ayə 110-da Allah-təala buyurur: "Hər kəs pislik edə və ya özünə zülm edə, sonra Allahdan bağışlanmaq istəyə, Allahı bağışlayan və rəhmli görəcək."
Pis işlərdən peşiman olan insanın əgər Allaha inamı varsa tövbə edir. Əgər inamı yoxdursa ağlını itirib, dəli olub. Hər bir günahın təsiri əks təsir doğurur. Əgər günah böyükdürsə əks təsiri də böyük olur. Əksinə kiçikdirsə əks təsiri kiçik olur.
Xerosimia və Naqosakiyə atom bombası atan Amerika təyyarəçilərini o işə təhrik edənlər onların rütbəsini artırdı, maaşlarını çoxaltdılar, qəzetlərdə şəkillərini vurub qəhrəman kimi təqdim etdilər. Lakin günahın böyüklüyü bəzən daşqəlbli insanların da vicdanını tərpədir. Onun etdiyi işin ağır nəticələri qəlbində əkstəsir oyadır. Tənha qaldıqda faciəli səhnələr xəyalında canlanır. Peşiman olur. Özünü məzəmmət edir. Nəticədə dəli olur və ya intihar edir.
Müaviyyənin sərkərdələrindən biri, Busr İbn Ərtat çox daşürəkli idi. Müaviyyənin siyasətlərindən biri bu idi ki, Əli (ə)-ı iztiraba salmaq üçün çox zalımlıq edirdi .Müaviyyə Busr İbn Ərtata əmr etdi ki, Əli (ə)-ın nəzarət etdiyi ərazilərə daxil olan kimi günahsıza, günahkara baxmayın, böyüyə-kiçiyə rəhm etməyin, öldürün, qarət edin, yandırın. Onlar bu cinayətləri yerinə yetirə-yetirə Yəmənə daxil oldular. Busr Əli (ə)-ın əmisi oğlu, Yəmən valisi Übeydullah İbn Abbas İbn Əbdülmütəllibin uşaqlarını ələ keçirib iki məsum, günahsız uşağın başını kəsdi. Günahının böyüklüyündən bu daşqəlblinin yatmış vicdanı oyandı. Yuxuda həmin körpələri və başqa günahlarını gördü. Vəziyyəti yavaş-yavaş ağırlaşdı və nəhayət dəli oldu.Çubuq atı minib, çubuq qılını götürüb, küçələrdə o tərəf, bu tərəfə qaçırdı. Uşaqlar başına yığışıb onu hoydu-hoyduya götürürdülər.
Amma mömün insanlar kiçik günahlar etdikdə və ya məkruh iş gördükdə ruhları əzab çəkir. Tələbələrdən biri deyir ki, çox böyük şəxsiyyət olan mərhum Hacı Mirzə Əliağa Şirazi İsfahanı bir gün Qum şəhərində qonaq oldu. Bir şeir məclisində iştirak etdi. Hamı onun ədəbi-bədii istedadının şahidi oldu. Belə məclislərin qurulması günah deyil. Amma gecə şeir oxumaq məkruhdur. Məclisdən qyıdanda o, şiddətlə əsirdi və deyirdi ki, nə qədər çalışıram gecə şeir oxumayam, amma bacarmıram. Ardıcıl halda"əstəğfirullahə rəbbi və ətubu iləy" deyirdi. Elə bil böyük günaha batmışdı. Ağa hər gün sübh namazından 2 saat qabaq oyanırdı. "Allah adamlarının gecəsi dünyanın işıqlı gündüzüdür" kəlamını o ağadan öyrəndim. Həmin gecə bu ağa yuxudan oyananda sübh əzanı idi. Bizi oyadıb dedi: "Dünənki şeirlərin təsiridir!"
Təhrim surəsi ayə 8-də Alah-təala buyurur: "Ey iman gətirənlər! Sidqi-qəlb ilə tövbə edib üzünüzü Allaha tərəf tutun."
Buna xalis tövbə deyirlər. İmam Sadiq (ə) xalis tövbə təfsirində buyurur: "Xalis tövbə budur ki, insan günahı tərk etdikdən sonra bir daha o günaha qayıtmasın."
İmam Hadi (ə) xalis tövbəni belə şərh edir: "Xalis tövbə odur ki, insan tövbə etdikdən sonra onun daxili zahiri kimi, hətta zahirindən də yaxşı olsun. Bir gün bir nəfər Peyğəmbər (s)-ın yanına gəldi və dedi ki, tövbə nədir? Peyğəmbər buyurdu: "Qoyun və ya keçinin sağılmasını görmüsən?" Dedi ki, bəli. Peyğəmbər buyurdu: O necədir?" O dedi: "Ey Peyğəmbər! Süd südməhəllindən bir qaba tökülür." Peyğəmbər buyurdu:
"Mənə de görüm indi o südü həmin yerə qaytarmaq mümkündürmü?" O dedi ki, yox. Peyğəmbər buyurdu: "Bax tövbə bu deməkdir."
Başqa bir hədisdə Peyğəmbər (s) buyurur: "Xalis tövbə odur ki, südün ana döşünə qayıtmadığı kimi, tövbə edən şəxsdə günaha qayıtmasın."
Əli (ə) əsl tövbənin mənasını belə izah edir: "Ürəkdən peşiman olmaq, dillə üzr istəmək və günahı tərk etməyi qərara almaq..."
Kərbəlada Hürrü İbn Yezid Riyahinin tövbəsi əsl tövbələrdən idi. O min nəfərlik orduyla İbn Ziyad məlunun əmrinə əsasən İmam Hüseyn (ə)-ın karvanını nəzarətdə saxlayırdı. Aşura günü səhvini başa düşdü. Özünü İmamın xeymələrinə yetirdi. Atdan düşüb, çəkmələrini boyundan asdı. Qalxanını tərsiunə çevirdi. Xəcalət çəkə-çəkə İmama yaxınlaşıb salam verdi. İlk sözləri bu oldu: "Bu günahkar itin tövbəsi qəbuldurmu?" İmam buyurdu: "Əlbətdə qəbuldur." Hürr İmama dedi: "Ağa icazə ver meydana gedim, canımı sizə fəda edim." İmam buyurdu: "Sən bizim qonağımızsanb bir az dincəl." Hürr dedi: Ağa getsəm yaxşıdı. İcazə ver gedim." Hürr xəcalət çəkirdi. Öz-özünə deyirdi: "İlahi mən sənin övliyalarının qəlbini titrədən birinci adamam. Olmasın ki, Hüseyn (ə)-ın körpələrindən biri gəlib məni görə, məndə xəcalət çəkim.
Bir gənc Əli (ə)-ın hüzurunda özünü göstərmək üçün dedi: "Əstəğfirullah." Yəni Allahdan bağışlanmaq istədi. Əli (ə) bildi ki, bu gənc istiğfarın mənasını başa düşmür. Odur ki, etirazla buyurdu: "...Bilirsənmi istiğfar təkcə dildə deməklə deyil! Tövbə və istiğfarın 6 şərti var:
•1. Keçmiş günahlardan peşiman olmaq.
Əli (ə)-ın buyurduğu daxili narahatçılıq və günahlardan təəssüf etməkdir. Yəni insan öz keçmişinin qaranlıq səhifələrini vərəqləyərək dərin bir peşimançılıq keçirir. Ona məlum olur ki, pis işlərdən nə qədər mənəvi və maddi ziyanlar görüb. Belə insan "ah" çəkib təəssüflənir. İçki içmək olmaz! Maidə surəsi, ayə 93-də qadağan edir. Amma Allahın sözün saya salmayıb. Qumar olmaz! Yenə həmin ayə. Amma nəfsinə tabe olub. Allah-təala buyurur ki, bir-birinizin qeybətini etməyin. Sizlərdən öz ölmüş qardaşının ətini yeməyi xoşlayan varmı? Ölü əti xoşagələn deyil. Xüsusilə həmin ölünü tanıyırsan və ya dostun qardaşın ola. Bundan da yüksək ifadə tərzi ola bilərmi? Və yaxud, böhtan atmaq. Böhtan qeybətə əlavə olunmuş yalandır. Yəni bir-biri ilə qarışmış iki günah. Böhtan demək san ki, adiləşib. Bəziləri özünün təmiz adam olduğunu göstərmək üçün sözünün əvvəlinə "deyirlər" ifadəsini artırır. Bununla günahı boynundan atmağa çalışır. Mən yox! Camaat və ya filankəslər belə deyirlər. Quran buyurur: "Xalq arasında mömünlər haqqında çirkin sözlər danışanlar üçün dərdli əzab vardır. Bir sözlə insan bütün günahlardan birbəbir peşiman olur.
•2. Günahları tərk etməyi qərara almaq
Yəni insan qəsd qoyur ki, bir daha güaha qayıtmayacağam. Bəziləri Allahın rəhmətindən məyus olur. Bu özü böyük bir günahdır. Gərək insan sidqi-qəlb ilə qərara gələ.
•3. Kimin haqqını yeyibsə, yiyəsinə qaytarmaq.
Əli (ə) buyurur ki, camaatın haqqını gərək qaytarsın. Yaxu birinin qeybətin edibsə ondan üzr istəyib halallıq alsın. Borcludursa borcunu versin.
•4. Allah onun boynuna qoyduğu şəri vəzifələri yerinə yetirmək.
Bu Allahın borcunu ödəməkdir. Namaz qılıb, oruc tutmaq. Həccə getməyibsə həccə getsin.
•5. Bədəninin haram maldan əmələ gələn ətlərini ibadətlə təmizləmək.
Yəni haramdan yaranmış əti əritmək. Belə ki, sümüklə dərinin arasında halaldan yaramış ət əmələ gəlsin.
•6. İnsanın bədəni günahın ləzzətini çəkdiyi kimi, ibadətin çətinliyini dadsın.
Bu mərhələlərdən sonra Allahdan bağışlanmaq istəmək olar."
İmam Səccad (ə) buyurur: "Tövbə pis yollardan çəkinib yaxşı işlər görməkdən ibarətdir. Bəqərə surəsi 222-ci ayədə Allah-təala buyurur: "...Allah tövbə edənləri və paklananları sevir."
Paklıq təkcə bədən və ya geyimdə deyil, eyni zamanda əməldə olmalıdır.
Bismillahir rəhmanir rəhim.
Vəl əsr. İnnəl insanə ləfi xusur. İlləlləzinə əmənu və əmilussalihati vətəvasau bilhəqqi və təvasau bissabır.
Sadaqallahul əliyyul əzim
2-ci XÜTBƏ
Bismillahir rəhmanir rəhim. Əlhəmdulillahi rəbbil aləmin. Vəssalatu vəssəlamu əla Rəsulillah.Və əla Əliyyin əmirilmöminin və əla Siddiqətittahirə və əla sibtəyir rəhmə əl Həsəni vəl Hüeyn və əla Əliyibnil Hüseyn və Muhəmməd ibni Əli və Cəfər ibni Muhəmməd və Musa ibni Cəfər və Əliyibni Musa və Muhəmməd ibni Əli və Əliyibni Muhəmməd vəl Həsən ibni Əli Vəl xələfil Hadiyil Mehdi (s) və əccəlallahu təala fərəcəhuşşərif.
Sizə və özümə İlahi təaqvayə əməl etməyi tövsiyyə edirəm.
Mövzu: "1-ci xütbənin davamı."
Allahı surəsi 117-ci ayədə Allah-təala buyurur: "Allah çətin saatda bir qisminin ürəyi (cihada getməkdən) dönmək üzrə ikən, Peyğəmbərə, onun ardınca gedən mühacirlərə və ənsara tövbə nəsib etdi. Sonra Allah onlara qarşı şəfqətli və mərhəmətli olduğu üçün tövbələrini qəbul etdi." Bu ayənin şənu-nüzulu aşağıdakı hadisə ilə əlaqədardır:
Həzrəti Peyğəmbər (s) Təbuk davasına gedəndə səhabələrdən 3 nəfər döyüşə getməkdən imtina etdi. Döyüşdən qayıdanda Mədinə əhalisi, o 3 nəfər də onlarla birlikdə mücahidləri qarşılamağa çıxdı. Peyğəmbər (s) buyurdu: "Bu 3 nəfərlə heç kəs danışmasın." Onlardan hətta arvad-uşağı da üz çevirdi. Onlar öz əməllərindən peşiman oldular. Şəhərdən kənara çıxıb, ahu-zar edib, Allahdan bağışlanmaqlarını xahiş etdilər. Allah-təala onları bağışladı və bu ayə nazil oldu. Deməli günahkarlarla mübarizədə bu üsuldan istifadə etmək olar.
Məyusluq və ümüdsüzlük yəni Allah rəhmətindən naümüd olmaq böyük günahdır. Bir dəfə böyük bir məclisdı idim. Məclisin axırına yaxın bir neçə adam içərilərində bir ağsaqqalla - başında "buxara" papaq mömün qiyafəli - yaşlı bir kişi də gəlib əyləşdilər. Düşündüm ki, bu dindarı əyləşmək üçün kaş yanıma dəvət edərdim. Bir az keçmədi ki, ayağa durub ədəblə mənə müraciət etdi: "Axund ağa! Mən ikinci dünya müharibəsi zamanı bir əsgər ailəsinə təcavüz etdim. Mənə 10 il həbs verim "cərimə taburuna" göndərdilər. Belə ki, ölmədim, sağ qaldım. İndi bilmək istəyirəm Allah məni bağışlayacaq, ya yox? Belə məlum ölür ki, bu kişi Allahın rəhmətindən naümüddür. Mən ona tövbə məsələləri və Allahın rəhmətinin sonsuz olmasını izah etdim. İnşaallah ki, hidayət olar.
Quran və hədislərdən məlum olur ki, Allah günahları bağışlamaqla yanaşı, həm də tez barışır. "Komeyl" duasında oxuyuruq ki, Allah "səriur-Rza" yəni tez barışandır və tövbə edənə salam verir, savab yazır.
Günah insana bədbəxtlik gətirdiyi kimi, tövbədə insana xoşbəxtlik əta edir. Nəsr surəsində işlənən təvvab sözü, tövbə sözünün cəmidir. Təvab çox tövbə edənlərə deyilir. Yəni gündə tövbəni pozub yenidən tövbə etmək yox, daim tövbə halında qalmaq nəzərdə tutulur. Yaxud da başa düşmədən tövbəni sındırsa yenədə tövbə etsə inşaallah ki, bağışlanar. Tövbənin qəbul dairəsi çox genişdir. Nəql olunub ki, bir nəfər İmam Rza (ə)-ın hüzuruna gəldi və dedi: "Allah lənət etsin İmam Əli (ə)-la müharibə edənlərə!" İmam buyurdu: "Tövbə edib islah olanlardan başqa."
Bürc surəsinin 10-cu ayəsində Allah-təala buyurur: "O kəslər ki, inam gətirən kişi və qadınlara işgəncə verdilər və sonra tövbə etmədilər, onlara cəhənnəm əzabı olacaqdır." Bu ayədən məlum olur ki, hətta işgəncə verənlər də tövbə etsələr, onların tövbəsi qəbuldur.
Kim günahdan tövbə edərsə Allah-təala onlara məhəbbət edir. Allah yaratdığı bəndəsinə qarşı qayğıkeşdir. Amma bəndə şeytana uyub günah edir. Allah-təala bundan narahat olur. İstəmir ki, bəndəsi şeytana uysun. Bədə dərk edib qayıtdıqda Allah bəndəsini bağışlayır və onu sevir. Bəqərə surəsi 222-ci ayədə "Allah tövbə edənləri sevir" - deyə buyurur. İmam Baqir (ə) buyurur: "Allah-təalanın bəndəsinin tövbəsinı sevinmısi, övladı olmayan adamın uşağı olandan sonrakı sevincindən, itirdiyi şeyi tapan şəxsin və həmçinin susuz adamın, su tapdıqdan sonrakı sevincindən çoxdur."
Peyğəmbər (s) buyurur: "Tövbə edən şəxs Allahın sevimli bəndəsidir.
Yusif surəsində Allah-təala buyurur ki, ey günahkar bəndə Allah rəhmətidən məyus olma. Bəzi təfsirçilər bu ayənin təfsirində bu əhvalatı nəql ediblər:
Həmd İbn Qəhtiyyə Harunun qoşununda başçı idi. Ravi İmam Sadiq (ə)-a ərz edir ki, ramazan ayında Həmidin oruc tutmadığını gördüm. Soruşdum ki, xəstəsən? Dedi ki, yox. Dedim ki, səfərdə də deyilsən, bəs nə üçün oruc tutmursan?. Dedi ki, Allah məni bağışlamayacaq, ona görə də oruc tutmuram. Sonra mənə bir əhvalat danışdı:
"Bir gün Harun məni çağırıb dedi ki, mənə münasibətin necədi? Dedim ki, sənin yolundu abrımı verməyə hazıram. Qəbul etmədi. Dedi ki, yox, get. Evə çatmamışdım ki, yenidən ardımca gəldilər. Getdim, yenə soruşdu: "Mənə münasibətin necədir?" Dedim ki, malımı, canımı, hər şeyimi sənin yolunda verməyə hazıram. Yenə qəbul etmədi. Yenə evə çatar-çatmaz adam göndərdi. Bu dəfə dedim ki, dinimi sənin yolunda verməyə hazıram. Dedi ki, onu istəyirəm. Sonra mənə bir qılınc verib dedi: "Bu qulam sənə nə desə onu da et." Sonra qulam məni bir evə apardı. Orada 20 nəfər Peyğəmbər (s)-ın övladı - cavan seyyidlər zəncirlənmişdir. Onları otağın ortasındakı quyunun kənarına gətirdi və dedi: "Boyunlarını vur at quyuya. Məndə etdim. İkinci otaqda 20 nəfər orta yaşlı Zəhra balası var idi. Onlarında başın kəsdim. Üçüncü otaqda 20 nəfər yaşlı seyyidin boynunu da vurdum. Axırda qoca ağsaqqal bir seyyid mənə dedi: "Əgər qiyamət günü anam Zəhra səndən soruşsa ki, bizi nə üçün öldürdün? Nə cavab verəcəksən? Bədənim titrədi. Qulam əmr etdi, onunda boynunu vurub, quyuya atdım. Aydındır ki, Allah məni bağışlamayacaq və nə üçün oruc tutum?
Ravi deyir ki, bu sözləri eşidəndə İmam (ə) çox narahat oldu. Sonra buyurdu: "O ki, Allahın rəhmətindən naümüd olub, bu günah 60 seyyidi öldürməkdən daha böyükdür."
Əlbəttə ki, belə adamlar tövbəyə nail ola bilməzlər. Amma ilahi rəhmətdən məyus olmaq böyük günahdır.
Allah-təala bizləri bağışlanmışlardan qərar versin.
Bismillahir rəhmanir rəhim.
Qul huvəllahu əhəd. Allahus səməd. Ləm yəlid və ləm yuləd. Və ləm yəkulləhu kuhuvən əhəd.
Sədəqallahul əliyyul əzim.