Əsas » Məqalələr » CUMƏ XÜTBƏLƏRİ » ŞAMAXI ŞƏHƏR İMAMZADƏ MƏSCİDİNİN CÜMƏ XÜTBƏLƏRİ (19.III.2010)

Xətib: Hacı Elşən Rüstəmov  

                                                       1-ci Xütbə

Əssəlamu əleykum və rəhmətullah.

  Bismillahir rəhmanir rəhim. Əlhəmdulillahi rəbbil aləmin. Vəssəlatu vəssəlamu əla seyyidina və nəbiyyina əşrəfil əmbiyəyi vəlmursəlinə Əbil Qasimi Muhəmməd (s) və əla Alihi və əhli-beytihit tahirinəl məsumin. Və lənətullahi əla əədaihim əcməin minəl anə ilə qiyami yaumiddin. Qaləl həkim fikitabihil kərim. Əstəuzu billah. Yə əyyuhəlləzinə amənu ətiullahə və ətiurrəsulə uliləmri miinkum.

Sadaqallahul əliyyul əzim.

    Sizə və özümə ilahi təqvaya əməl etməyi tövsiyyə edirəm.

 

     Mövzu: "Övliya və peyğəmbərlərin məzarına hörmət".

     Allah-təala Nisa surəsi, 69-cu ayədə buyurur: "Allah və Peyğəmbərə itaət edənlər - Allahın nemət verdiyi nəbilər, siddiqlər, şəhidlər və salehlər bir yerdə olacaqlar. Onlar necə də gözəl insanlardır".

     Müfəssirlər qeyd edirlər ki, bu ayədə nəbilər dedikdə məqsəd Məhəmməd (s), sidiqlər dedikdə Əli (ə), şəhidlər dedikdə Həmzə və Cəfər (r.ə), salehlər dedikdə isə Həsən (ə) və Hüseyn (ə) nəzərdə tutulur. (Ğayətul-Məram, fəsil 182, səh 426)

     İfratçı vəhhabilərdən başqa bütün müsəlmanlar İslamın böyük şəxsiyyətlərinin məzarlarını ziyarət etməyi qəbul edirlər. Lakin ifratçı vəhhabilər Peyğəmbər (s)-ın, səhabələrin və İmamların və s. mömünlərin məzarlarını ziyarət edənləri "qəbrə sitayiş edən" və ya "qəbirçilər"  adlandırırlar. Halbu ki, dünyanın hər yerində vəfat edən saleh insanların məqbərələrinə xüsusi əhəmiyyət verir və onların qəbriuni ziyarət edirlər.

      Vəhhabilərin bəzi alimləri Peyğəmbərlərin qəbrini ziyarət etməyi müstəhəb bilmişlər. Lakin şəxs gərək ziyarət məqsədi ilə yola çıxmaya, başqa sözlə Peyğəmbər məscidini ziyarət və orada ibadət etmək məqsədi ilə deyil, ümrə məqsədi ilə Mədinəyə gəlsin. Bununla yanaşı Peyğəmbərin də qəbrini ziyarət etsin və heç zaman ziyarət qəsdi ilə səfərə çıxmasın!

       "Əl-Cəzirə" jurnalının yazdığına görə bir neçə il bundan qabaq dünyadan gedən məşhur vəhhabi fəqihi Benbazz demişdir: "Peyğəmbərin məscidini ziyarət edən şəxsə müstəhəbdir ki, o Həzrətin rövzəsində 2 rəkət namaz qılsın, sonra Peyğəmbərə salam versin. Həmçinin müstəhəbdir ki, "Bəqi" qəbrstanlığına gedərək orada dəfn olunmuş şəhidlərə salam versin..." ( Əl-Cəzirə jurnalı, 6826-cı nömrə, h.q. 1411-ci il, 22 zilqədə)

        "Əl-fiqhi ələl-məzahibil-ərbəə" kitabına əsasən əhli-sünnə qardaşların 4 böyük fiqhi Peyğəmbər (s)-ın məzarını ziyarıt etmıyi heç bir şərt olmadan müstəhəb hesab edirlər.

          İfratçı vəhhabilər vəhhabi olmayan müsəlmanlarla 3 məsələ barəsində razılaşmırlar:

 1. Qəbrin üzərində bina tikmək       

 2. Qəbrləri ziyarət etmək məqsədi ilə səfərə çıxmaq.

 3. Qadınların qəbrləri ziyarət etməsi.

           Onlar bu 3 məsələ barəsində elə rəvayətlərə istinad edirlər ki, ya onların sənədi düzgün deyil, ya da məntiqi sübutu yoxdur. Onların əqidəsi yalnışdır. Onlar tohid və şirk məsələlərində həddən artıq vəsvəsəyə düçar olaraq təsəvvür edirlər ki, qəbrləri ziyarət etmək onlara pərəstiş etmək mənasındadır və onlardan başqa bütün müsəlmanlar müşrik, kafir və dinsizdir. Təəccüblü hallardan biri budur ki, Azərbaycanda olan vəhhabilərlə söhbət zamanı onlara deyəndə ki, sən vəhhabisən! Onlar bu adı gizlətməyə çalışırlar. Özlərini gah "əhli-sünnə vəl cəmaə", gah "sələfi", gah özləri arasında "əxi", təzəlikdə isə özlərini tək Allahçı adlandırmaqla vəhhabi olmayan bütün müsəlmanları hətta valideynlərini arvad-uşaqlarını da "çox Allahçı", müşrik və ya kafir adlandırmaqla təhqir edirlər. Vəhhabi sözünün mənasının "bağışlayan", "bəxşiş", "hədiyyə" olmasına baxmayaraq bu sözü ancaq Allahın adı və ya tək Allahçı kimi izah edirlər. Əslində isə Allahın  adlarının 100-dən hətta, 1000-dən çox olması məlumdur. Onlar bu sözü 18-ci əsrdə yaşamış Məhəmməd İbn Əbdül Vəhhabın adından götürmüşlər. Vəhhabiliyin yaranma tarixi haqqında məlumat almaq istəyənlər "Mister Hemferin xatirələri" (İngilis cəsusunun etirafları) "Hüquq ədəbiyyatı" nəşriyyatı Bakı 2008-ci il kitabına müraciət edə bilərlər.

            Dünya yaranandan insanlar öz vəfat etmişlərini əziz hesab ediblər. Xüsusilə də böyük şəxsiyyətlərin məzarına hörmət ediblər. Bu işin müsbət təsiri və fəlsəfi əhəmiyyəti olduqca çoxdur. Keçmiş insanları yad etməyin birinci faydası o insanların hörmətlərinin saxlanılması, onların qədir qiymətinin bilinməsi və insani keyfiyyətlərdən ibarətdir. Bu isə gələcək nəsilləri keçmişin tarixi səhifələrini unutmamağa sövq edir. Zərb-məsəldə deyildiyi kimi keçmişini unudan gələcəyinidə unudar.

           İkinci faydası budur ki, keçmişləri xatırlayaraq sükuta dalır, düşünür, məzarlardan sanki ibrət dərsi alır, mənfi xüsusiyyətləri qəlb güzgüsündən silir, dünyanın ötəri, aldadıcı olmasını dərk edir. Əli (ə)-ın təbiri ilə desək: "Ölülər ən yaxşı moizəçidirlər".

            Üçüncü faydası və təsiri vəfat edən şəxsin yaxınlarına təsəlli verməkdir. Çünki insanlar öz əzizlərinin qəbrlərinin yanında dayananda ruhi cəhətdən sakitləşirlər. Onların qəm və qüssəsi bir qədər azalır. Bu səbəbə görə hətta cənazələri tapılmayan şəxslər üçün belə qəbrə oxşar xatirə abidəsi düzəldirlər. Onun yanında dayınıb, qarşısına gül-çiçək qoyub öz əzizlərini xatırlayırlar. Bu daşa sitayiş etmək deyildir! Əzizlərinin yada salınmasıdır. Məsələn ikinci dünya müharibəsi şəhidlərinə, Xocalı faciəsinə qoyulan abidələri nümunə göstərmək olar.

            Dördüncü faydası budur ki, böyük insanların qəbrlərinə ehtiram göstərmək bir mikkət və xalqın mədəni mirasının qorunub saxlanılmasıdır. Müasir insanlar öz keçmiş mədəniyyəti ilə tanınırlar. Azərbaycan mədəni-irsinin tanınmasında qəbrüstü abidələri 40 ildən çox təhqiq edən görkəmli alim Meşədi Xanım Nemət çox böyük iş apararaq Azərbaycan və İslam dünyasına əvəz olunmaz tövhələr vermişdir. Dünya müsəlmanlarının çox böyük və zəngin mədəni irsi vardır. Onun ən mühüm hissəsi şəhidlərin, böyük alimlərin, elm və mədəniyyət xadimlərinin, xüsusilə böyük din rəhbərlərinin məzarlarından ibarətdir. Onların qorunub saxlanılması və hörmətlə yad edilməsi əslində İslamın və Peyğəmbər (s)-ın sünnəsinin (yolunun) qorunub saxlanılmasıdır. Təsadüfi deyil ki, qəbr sözünə məzar, qəbrstanlıq sözünə isə məzarıstan da deyirik. Məzar sözünün mənası ziyarət edilən yer deməkdir. Bu bir daha sübut edir ki, qəbrlərin ziyarət edilməsi müstəhəb əməldir.

             Dinimizin böyük şəxsiyyətlərinin böyük şəxsiyyətlərinin əyani nümunələrini Məkkədə, Mədinədə və digər yerlərdə məhv edənlər, bir neçə il əvvəl Kazimeyndə İmamların dəfn olunduğu 12 əsr tarixi olan müqəddəs məscid və ziyarətgahı partladıb dağıdanlar nə dərəcədə haqlıdırlar?! Təəssüflər olsun ki, özlərini həqiqi müsəlman hesab edən vəhhabilər İslamın zəngin, mədəni-irsinə ağır zərbələr vurmuşlar. Görəsən bu əzəmətli abidələr yalnız onlara aiddir ki, onları belə rəhmsizcəsinə məhv edirlər?! Hətta "taliblər" Əfqanıstanda hakimiyyətdə olanda 3 min il tarixi olan çox böyük budda abidələrini qrantamliyotla dağıtdılar. İndiki dövrdə bu tarixi abidənin dağıdılması bir xalqın mədəni tarixi irsini məhv etməkdən başqa bir şey deyildir. Onların dağıtdığı əksər tarixi abidələr beynalxalq Unesko təşkilstının siyahısında qoruq elan edilmişdir.

             Keçmişləri yad etməyin digər bir faydası budur ki, övliyaların qəbrini ziyarət edənlər onların vasitəsi ilə Allahdan şəfaət istəyirlər. Ziyarət edənlər müqəddəslərin məzarı kənarında günahlarından tövbə edirlər. Bu düzgün tərbiyyəyə və imanın möhkəmlənməsinə son dərəcədə güclü təsir edir.

             Onlar övliyaların qəbrininin ziyarət edilməsdinə "şirk" damğası vururlar. Əgər onlar ziyarətin və ziyarətnamənin məfhumunu düzgün dərk etsələr bu iradlarından bəlkə də xəcalət çəkərlər.

             Heç bir ağıllı insan övliyların qəbrini ziyarət edərkən onlara pərəstiş etmir. Ziyarət edənin zehnində ümumiyyətlə belə bir fikr yoxdur. Ancaq ehtiram, Quran və hədislərə əsasən övliyanın vasitəsi ilə Allahdan şəfaət istəmək  üçün onların qəbrinin ziyarət edirlər. Əksər hallarda ziyarətnaməni oxumazdan əvvəl 100 dəfə Allahu-Əkbər deyir və beləliklə də tohidi - tək Allahçılığı təkid və təsdiq edirik. Hər növ şirk ehtimalını özümüzdən uzaqlaşdırırıq.

          "Əminullah" ziyarətnaməsində İmamların məzarının önündə dayanıb belə deyirik: "Şəhadət veririk ki, Allah-təala səni bu dünyadan Öz rəhmətinə apardığı vaxta qədər sən Allah yolunda cihad etdin, cihadın haqqını layiq        incə yerinə yetirdin. Allahın kittabınja əməl etdin və Peyğəmbər (s)-ın sünnəsinə tabe oldun." Bundan da yüksək tohid ola bilərmi?!

          "Camiyə" ziyarətnaməsində övliyalara müraciət edərək deyirik: "Siz İmamlar yalnız Allaha tərəf dəvət edir, insanları Allaha doğru hidayət edir, Ona iman gətirir, Ona təslim olur və camaatı Onun yoluna doğru hidayət edirsiniz." Bu ziyarətnamənin hər bir yerində Allaha və tohidə dəvətdən söhbət açılır. Bunu özü şirkdir yoxsa iman?!

            1994-cü ilin yayında Cümə məscidində Komeyl duası oxuyurduq. Səudiyyə Ərəbistanından 20 nəfərə yaxın qonaqlar var idi. Məlumdur ki, əqidələri vəhhabi əqidəsidir. Biz onları dua oxumaq üçün yanımıza dəvət etdik. Əyləşdilər. Kitabı onlara verdik. Onlar dua oxudular və şahid oldular ki, biz ancaq Allaha dua edirik.

             Camiyə ziyarətnaməsinin başqa yerində oxuyuruq: "Yalnız sizin vasitənizlə Allah dərgahından şəfaət istəyirik deməli bütün dualar və istəklər hamısı Allahdan xahiş edilir. İlahi övliyalar vasitəsi ilə Allah dərgahından şəfaət istəməyi onlar qəbul etmir. Bu işi cansız, əqilsiz olan bütlərdən şəfaət istəməklə müqayisə edirlər. Quranda var ki, peyğəmbərlər günahkarlar üçün Allah dərgahında şəfaət istəmişlə. Məsələn:

              Həzrəti Yusif (ə)-ın qardaşları onun əzəmətindən və öz səhvlərindən agah olduqdan sonra atalarından istədiər ki, şəfaət etsin və Allahdan günahlarının bağışlanılmasını istəsin, o da dua edəcəyinə söz verdi. Yusif surəsi ayə 97-98 də Allah-təala buyurur: "Ey bizim atamız günahlarımızın bağışlanması üçün Allahdan məğfirət istə (çünki) biz xətakarlardan olmuşuq. (Yəqub) dedi: "Sonra sizin üçün rəbbimdən məğfirət (bağışlanmaq) diləyəcəyəm. Çünki O, bağışlayan və rəhm edəndir.

               Nisa surəsi ayə 64-də Alhah-təala günahkarları şəfaət istəmək və bağışlanmaq üçün tövbə etməyə təşviq edərək buyurur: "Əgər onlar günah vasitəsi ilə özlərinə zülm etdikləri zaman sənin yanına gəlib tövbə etsəydilər və Allahın Peyğəmbəri (s) da onlar üçün istiğfar etsəydi, Allahın tövbələri qəbul edən və mehriban olduğunu mütləq görərdilər." Bu kəlamlar şirkə təşfiq etmək sayıla bilərmi?! Əlbətdə ki, yox! Quran münafiqləri məzəmmət edir. Münafiqin surəsu ayə 5-də buyurur: "Onlara, gəlin Peyğəmbər sizin üçün bağışlanmaq istəsin - deyildiyi zaman öz başlarını yellədirdilər; onları görərsən ki, sənin sözlərindən üz çevirir və təkəbbür edirlər." Məgər Quran münafiqləri və kafirləri şirkə dəvət edirmi?! Əsla yox!

             

Bismillahir rəhmanir rəhim.

Vəl əsr. İnnəl insanə ləfi xusur. İlləlləzinə əmənu və əmilussalihati vətəvasau bilhəqqi və təvasau bissabır.

Sadaqallahul əliyyul əzim

  

                                  2-ci XÜTBƏ

Bismillahir rəhmanir rəhim. Əlhəmdulillahi rəbbil aləmin. Vəssalatu vəssəlamu əla Rəsulillah.Və əla Əliyyin əmirilmöminin və əla Siddiqətittahirə və əla sibtəyir  rəhmə əl Həsəni vəl Hüeyn və əla Əliyibnil Hüseyn və Muhəmməd ibni Əli və Cəfər ibni Muhəmməd və Musa ibni Cəfər və Əliyibni Musa və Muhəmməd ibni Əli və Əliyibni Muhəmməd vəl Həsən ibni Əli Vəl xələfil Hadiyil Mehdi (s) və əccəlallahu təala fərəcəhuşşərif.

Sizə və özümə İlahi təaqvayə əməl etməyi tövsiyyə edirəm.

    Mövzu: "1-ci xütbənin davamı."

       Keçən həftə ərzində Qüds şəhərində "Məscidül-Əqsa"da müsəlmanların ibadət etməsinin qarşısı İsrail dövləti tərəfindən zorakılıqla alınmışdır. Etiraz edənlər əsgərlərin təzyiqinə məruz qalmışdır. Eyni zamanda Qüdsdə 1600 yaşayış məskəninin salınması haqqında İsrail dövlətinin qərarına beynalxalq təşkilatların etiraz etməsinə baxmayaraq özbaşınalıqları davam etdirir.

        Sabahdan Novruz bayramı günləri başlayır. Bu bir ilahi olan təbiət hadisəsidir, bahar fəslinin başlanğıcıdır. Bir neçə min il tarixi olan Novruz bayramı rəsmi olaraq Peyğəmbərin 622-ci ildə Məkkədən Mədinəyə hicrət etdiyi gündən hicri-şəmsi (günəş) təqvimi adlanaraq hesablanır. 1389-cu il yeni ilinin başlanğıcı deməkdir. Gecə ilə gündüzün bərabərləşməsidir - yerin yarımkürəsində (ekvator xəttində).

                    

                         Ol gün ki, fəsli - yaz olur,

                         Gecə ilə gündüz taraz olur.  

                                                                      

                                                      Məhəmməd Hadi (Şirvani).

 

          Bu bayram bizlərə və bütün qəbul edənlərə xoşbəxtlik və səadət gətirsin.

          Bəhanə axtaranlar ilahi peyğəmbərlərin şəfaətinin qəbul olunmasının aşkar şəkldə buyurulduğunu və onu qəbul etməkdən başqa bir çıxış yolunun olmadığını gördüqkdə başqa bir bəhanə edib deyirlər ki, bunlar ilahi övliyaların həyatda olduğu vaxtdadır. Vəfatlarından sonra isə olmasına dəlil yoxdur. Onda sual meydana çıxır ki, məgər ilahi övliyalar, peyğəmbərlər vəfat etməklə məhv olurlar? Yoxsa bəzi vəhhabi alimlərinin də dediyinə görə bərzəx həyatına malikdirlər?! Əgər desələr ki, bərzəx həyatına malik deyillər onda soruşulur ki, görəsən peyğəmbərlərin məqamı, barələrində "onlar diridir və Allah dərgahından ruzidən bəhrələnirlər" (Ali-imran surəsi, ayə 169)  deyilən şəhidlərin məqamından aşağıdırmı?! Digər tərəfdən siz Quranın "Ey iman gətirənlər! Səslərinizi Peyğəmbərin səsindən yüksəyə qaldırmayın" - Hücürat surəsinin 2-ci ayəsini lövhəyə yazıb Peyğəmbər (s)-ın qəbrinin kənarından asmısınız ki, o Həzrətin qəbri kənarında asdadan söhbət etmək lazımdır. Məgər siz buna inanmırsınız?! Bir-Birinə zidd olan bu sözləri necə qəbul edirsiniz?! Ölüm həyatın sonu deyil. Əksinə, yeni bir həyatın başlanğıcıdır. Peyğəmbər (s) və Əli (ə)-dan belə bir hədis vardır: "İnsanlar yatıblar, öldükləri zaman oyanacaqlar." (Əvalil-ləali, cild 4, səh 73) 

            Abdullah İbn Ömər Peyğəmbər (s)-dan belə nəql edir: "Hər kəs mənim qəbrimi ziyarət etsə mənim şəfaətim ona vacibdir". (Daruquni "Sünən" kitabında, cild 2, səh 278; Əllamə Əmini bu hədisi 41 məşhur əhli-sünnə kitabında nəql etmişdir. "Əl-Qədir cild 5, səh 93)

             Başqa hədisdə həmin ravi Peyğəmbər (s)-dan nəql edir: "Hər kəs məni vəfatımdan sonra ziyarət etsə, hali-həyatımda məni ziyarət etmiş kimidir." (Əllamə-Əmini, cild 5, səh 93. 13 kitabdan nəql etmişdir)

           Bunlara əsasən Peyğəmbər və ilahi övliyaların həyatı ilə ölümü arasında fərq qoymaq fərziyyəsi puç xəyaldan başqa bir şey deyildir.

            Radikal vəhhabilər qadınların qəbrləri ziyarət etməsinə də müxalifdirlər. Hətta bir zərb-məsəlləri də var ki, ölmüş şəxs onun qəbri üstə gedən qadınları anadan gəlmə çılpaq görürlər. Onlar Peyğəmbər (s)-a aid etdikləri sənədi etibarsız olan hədisə görə bu işi haram bilirlər: "Allah qəbrləri ziyarət edən qadınlara lənət eləsin." 

            Əhli-sünnə alimlərinin bir çoxu, o cümlədən Termizi yazır: "Bu hədis o zamana aid idi ki, Peyğəmbər onları bu işdən çəkindirirdi. Amma bu hökm sonralar nəsx (ləğv) olundu." (Cild 3, səh 371)

              Vəhhabilərin əqidəsinə görə bütün qəbrlər dağıdılmalı və üstündə bina tikilməməlidir. Həqiqiliyi təsdiq olunmayan rəvayətlər deyirlər. Deyirlər ki, guya Əli (ə) Əbül-Həyyac Əsədiyə dedi: "Mən səni bir işə təyin edirəm ki, Peyğəmbər onu yerinə yetirməyi mənə əmr etmişdir. O mənə əmr etmişdir ki, bütün qəbrləri yerlə-yeksan edim və bütün bütləri sındırım." Əgər bu hədis düz olmuş olsa da bu iş şirk ölkəsində müşriklərin qəbrlərinin dağıdılıb viran edilməsi ilə əlaqədardır.

              Əbu Bəkr Əhməd İbn Fəqih Peyğəmbər (s)-ın belə buyurduğunu nəql edir: "Öz qövmündən qaçan elə bir Peyğəmbər olmayıb ki, Məkkəyə doğru gəlməsin və dünyadan gedənə qədər Allaha ibadət etməmiş olsun. Hud, Şübeyr və Salehin qəbirləri Zəm-zəmlə Məqami-İbrahimin arasında yerləşir. İlahi Peyğəmbərlərdən 300 nəfərinin qəbri Kəbədədir. Rüknü-Əsfəd arasında 70 peyğəmbər dəfn olunmuşdur" (Əbu Bəkr İbn Fəqih Həmədani, 340 il əvvəl vəfat edib, Bril çapı, Liden. 1302 h.q. səh 17)         

               İsmail və anası Hacərin qəbri Kəbədə növdanın altında Rükn ilə Məqami-İbrahimin arasındadır - ziyarət edilir. Eləcə də Peyğəmbər (s)-ın, Əbu Bəkr və Ömərin qəbri də vəfat etdikləri vaxtdan indiyədək üstü örtülü binadadır. Allah-təala buyurur: "İbrahimin məqamından ibadətgah seçin." Yenə buyurur: "Onların (Əshabi-Kəhfin) halına agah olanlar onların bu yerində bir məscid tikərik - dedilər." (Kəhf surəsi, ayə 21)

                Belə məlum olur ki, 13-cü əsrdə yaşamış İbn Teymiyyə və onun davamçısı 18-ci əsrdə yaşamış Məhəmməd İbn Əbdul Vəhhabın qəbrlər üzərində bina tikməyi bidət, haram və şirk bilməsi yalnış nəzəriyyədir.

                 Onlar övliyaların qəbrinə təbərrük etməyi də şirk bilirlər. Halbu ki, Peyğəmbər "Hüdbiyyə" sülhündə və ya Məkkənin fəthində dəstəmaz aldıqda həmin suyu təbərrük olaraq yerə düşməyə qoymurdular. Məgər bu şirkdirmi?! Peyğəmbərin oxuna, əlinin yerinə, tükünə də təbərrük etmişlər. Səhih-Buxaridə Ənəs İbn Malikdən nəql olunur: "Əsr namazının vaxtı gəlib çatdı. Camaat dəstəmaz üçün su axtardılar, amma tapa bilmədilər. Peyğəmbəri-Əkrəm (s) özünün dəstəmaz qabı ilə gəldi və əlini onun içinə qoydu və camaata buyurdu: "Dəstəmaz alın!" Birdən gördüm ki, su o Həzrətin barmaqlarının ucundan çeşmə kimi fəvvarə vurur. Camaat da axırıncı nəfərə kimi ondan dəstəmaz aldılar." (Səhih-Buxari, kitabul  - vüzu, cild 1, səh 31) Başqa bir hədisdə isə buyurulur ki, hamı dəstəmaz aldı və o sudan içdi.       

       Səhih-Buxaridə Səhl İbn Səəddən rəvayət olunur. O, deyir: Peyğəmbər (s) Xeybər davasında buyurdu: "Bu bayrağı sabah elə bir kəsə verəcəyəm ki, Allah "Xeybəri" onun əli ilə fəth edəcəkdir. O, Allahı və onun Rəsulunu sevir, Allah və Rəsuluda onu sevir." (Səhih-Buxari, Məğazi kitabı, cild 3 səh 35; kitabul cihad, cild 2, səh 109, 111,  115; Termizi, cild 13, səh 172) Ravi deyir: "Camaat həmin gecəni nigaran yatdılar. Görəsən Peyğəmbər (s) bayrağı sabah kimə verəcək? Səhər hamı Peyğəmbər (s)-ın ətrafına yığıldı. Peyğəmbər (s) buyurdu: "Əli haradadır?" Dedilər: "Ey Peyğəmbər onun gözləri ağrayır, ağrının şiddətindən nalə edir." Peyğəmbər onun ardınca adam göndərdi. Əli (ə) gəldikdən sonra Peyğəmbər öz ağzının suyundan götürüb onun gözlərinə çəkdi. Onun gözləri elə sağaldı ki, sanki onda ağrı olmayıbdır..."  (Səhih-Buxari, duaun-Nəbi İləl İslam babı, cild 2. səh 107)

         Allahı and verirəm izzəti cəlalına müsəlmanları zalımlar üzərində qələbəyə çatdırsın!

 

                           Bismillahir rəhmanir rəhim.

Qul huvəllahu əhəd. Allahus səməd. Ləm yəlid və ləm yuləd. Və ləm yəkulləhu kuhuvən əhəd.

Sədəqallahul əliyyul əzim.

 

Copyright 2008 © Imamhuseyn.org