Xətib: Hacı Elşən Rüstəmov
1-ci Xütbə
Əssəlamu əleykum və rəhmətullah.
Bismillahir rəhmanir rəhim. Əlhəmdulillahi rəbbil aləmin. Vəssəlatu vəssəlamu əla seyyidina və nəbiyyina əşrəfil əmbiyəyi vəlmursəlinə Əbil Qasimi Muhəmməd (s) və əla Alihi və əhli-beytihit tahirinəl məsumin. Və lənətullahi əla əədaihim əcməin minəl anə ilə qiyami yaumiddin. Qaləl həkim fikitabihil kərim. Əstəuzu billah. Yə əyyuhəlləzinə amənu ətiullahə və ətiurrəsulə uliləmri miinkum.
Sadaqallahul əliyyul əzim.
Sizə və özümə ilahi təqvaya əməl etməyi tövsiyyə edirəm.
Mövzu: "İmam Həsən Əsgəri (ə)-ın şəhadəti".
Allah-təala Nisa surəsi 59-cu ayədə buyurur: "Allah, Onun Rəsuluna və sizdən olan əmr sahiblərinə itaət edin".
"Şəvahidut-tənzil" kitabında Əli (ə)-dan nəql olunur ki,o Həzrət Rəsuli-Əkrəm (s)-dan soruşdu: "Ey Allahın Rəsulu, onlar kimlərdir?" Buyurdu: "Sən onların birincisisən".
Əbu Bəsrdən rəvayət olunub ki, mən İmam Baqir (ə)-dan bu ayənin nazil olması barədə soruşduqda buyudu: "Bu ayə Əli ibn Əbu-Talib (ə)-ın barəsində nazil olmuşdur". Mən soruşdum: "Camaat deyir ki, bəs nə üçün Allah-təala Əlinin və Əhli-beytin adını öz kitabında qeyd etməmişdir?" Əbu Cəfər (İmam Baqir (ə)) buyurdu: "Onlara belə de: "Allah Quranda namazı da öz Peyğəmbərinə nazil etdi. Lakin onun 3 yaxud 4 rəkət olmasını qeyd etmədi ki, Həzrət onlar üçün təfsir və bəyan etsin. Həcci nazil etdi, lakin 7 təvaf hökmünü qeyd etədi ki, o Həzrət bunu onlar üçün təfsir etsin. Eləcə də, "Ulul-əmr" ayəsi Əli (ə) və Həsən (ə), Hüseyn (ə) barəsində nazil olmuşdur. Peyğəmbər (s)-da buyurmuşdur: "Allahın kitabına və Əhli-beytimin haqlarına riayət etməyi sizə tövsiyyə edirəm. Mən Allahdan istəmişəm ki, onların arasında, Kövsər hovuzunda mənim yanıma gəlib çatana qədər ayrılıq salmasın. Allah da mənim istəyimi qəbul etmişdir". (Şəvahidut-təzil, cild 1, səh 148-150)
Peyğəmbəri-Əkrəm (s)-ın səhabələrindən Əli (ə), Əbazər, Əbu Səid Xıdri, İbn Abbas və Ənəs ibn Malik Peyğəmbər (s)-ın belə buyurduğunu rəvayət edirlər: "Mənim Əhli-beytimin məsəli (bənzəri) Nuhun gəmisi kimidir: hər kəs ona minsə xilas olar, hər kəs ondan ayrılsa qərq olar". Digər hədisdə: "Və Bəni-İsraildə himmət qapısı kimidir". Yəni Əhli-beytim qurtuluş gəmisidir. Nuhun gəmisi su çəkildikdən sonra lazımsız oldu. Onu atıb getdilər. Amma Əhli-beytimin gəmisi isə daimidir. Bu hədis aşağıdakı kitablarda yazılmışdır:
Səhih-Buxari; Səhih-Muslim; Mustədrəki-Səhiheyn; Təbərani, cild 2 səh 184; Zəxairul-üqba, Mühib-Təbəri, səh 20; "Müstədrək-Hakim" cild 2, səh 343 və 3-cü cild səh 150; Təfsiri-Süyuti, Bəqərə surəsinin 58-ci ayəsinin təfsirində və başqaları.
Süyutinin "Tarixi-Xuləfa" kitabında səh 270-də Abbasi xəlifəsi Mənsurun tərcümeyi-halında Məmun öz atası Harundan, o da Məhdidən, o da Mənsurdan, o da atasından, o da babasından, o da İbn Abbasdan rəvayət edir ki, Rəsuli-Əkrəm (s) buyurdu: "Mənim Əhli-beytimin məsəli Nuhun gəmisinin məsəli kimidir: hər kəs ona minsə nicat tapar, hər kəs ondan ayrılsa həlak olar". Kənzül-ümmal, 1-ci çap, cild 6, səh 153, 216; Əs-səvaiqul-mühriqə, İbn Hacər, səh 75. Bu hədisi Təbəranidən İbn Cərirdən, Əhməd İbn Hənbəldən və başqalarından rəvayət etmişdir.
11-ci İmam Həsən Əsgəri (ə) hicrətin 232-ci ilində, rəbiül-axirin 8-də (bəziləri 4-də də deyiblər) Mədinədə anadan olmuşdur. Atası Əli İbn Məhəmməd Hadi Əliyyən Nəqi (ə) olmuşdur. Anası isə Hüdeysə olmuşdur. Şeyx Mufid "İrşad" kitabında nəql etmişdir ki, Hüdeysəyə Süsən də deyiblər. Şeyx Səduq "İləlüşşərai" kitabında yazır ki, 10-cu və 11-ci İmam (ə) - hər ikisi Əsgəri məhəlləsində yaşadığı üçün onlara Əsgəri deyiblər. Hadi, Zəki, Nəqi, Xalis ləqəblərini 11-ci İmam (Ə0-a da deyiblər. O Həzrətin 22 yaşı olanda atasını şəhid etdilər. O Həzrət 6 il imamlıq etmişdir. 28 yaşında hicrətin 260-cı ili, rəbiəl-əvvəlin 8-də Əl-Mötəmid tərəfindən zəhərlənərək şəhid edilmişdir. İmamət dövründə aşağıdakı 3 zalım Abasi xəlifəsi İmamın müasiri olmuşlar.
•1. Əl-Mötəzz Billah (252-255 h.q.)
•2. Əl Mühtədi Billah (255-256 h.q.)
•3. Əl-Mötəmid (256-279 h.q.)
Əl-Mötəzz Mütəvəkkilin oğlu idi. Mütəvəkkilin ölümündən sonra türklərin nüfuzu çoxaldı. Əslində hakimiyyəti onlar idarə edirdilər. Bir gün türk əsgərləri Mötəzi həbs edib döydülər, sonra köynəyini çıxarıb yandırdılar. Özünü isə isti günəşin altında qoydular. Elə isti idi ki, adam ayağını yerə qoya bilmirdi. Onu ac-susuz bir sərdabəyə salıb diri-diri torpağa basdırdılar. (İbn Təqdəqa, Əl-Fəxri, səh 243)
Mötəzin qardaşı Əl-Mühdədini xəlifə təyin etdilər. O, deyirdi ki, əməvilərdən Ömər ibn Əbdüləziz ədalətli xəlifə olub. Bu eybdir ki, Abbasilərdən bir nəfər ədalətli olmasın. Odur ki, özünü ona oxşatmağa çalışırdı. Amma bu siyasi xarakter daşıyırdı. O, öz hakimiyyətini möhkəmləndirmək məqsədini güdürdü. Sübutu budur ki, o, İmam Həsən Əsgəri (ə)-ı həbs etdirib zidana salır. Hətta İmamı öldürmək istəyir. Bu niyyətini həyata keçirməmiş, bir illik hakimiyyəti onun öldürülməsi ilə sona çatır. Əmisi oğlu Əl-Mötəmidi hakimiyyətə gətirirlər. Onun əxlaq pozğunluğu haqqında tarix çox yazmışdır. Eyş-işrətdən vaxtı olmadığı üçün hakimiyyəti qardaşı Müvəffəq idarə edirdi. Abbasi xəlifələri əllərindən gələn bütün təzyiqləri İmamlara qarşı həyata keçirirdilər. İmam Cavad (ə) 24-25 yaşında, İmam Hadi (ə) 41 yaşında, İmam Həsəni Əsgəri (ə) isə 28 yaşında şəhid edilmişdir. Üst-üstə toplam yaşları 94 il edir. İmam Əsgəri (ə)-a 2 səbəbə görə daha çox təzyiqlər etmişlər:
1. Əhli-beyt aşiqləri həmin dövrdə İraqda və digər yerlərdə çox qüvvətlənmişdilər .
2. Abbasilər və tərəfdarları rəvayətlərə əsasən bilirdilər ki, bütün zalımları məhv edəcək vəd edilmiş adam İmam Mehdi (s) İmam Həsən Əsgəri (ə)-ın nəslindən olacaq.
Buna görə də onlar daim İmam (ə)-ı təqib edirdilər ki, oğlunu tapıb öldürsünlər. Necə ki, Firon Musa (ə)-ı uşaqlıqdan ələ keçirmək üçün əbəs yerə səy edirdi.
İmam (ə) daim təhlükəsizlik tədbirləri görürdü. İmam (ə)-ın çox çətin bir şəraitdə İslam maarifini yaymaqda və düşmənlərin iddialarını rədd etməkdə böyük rolu olmuş və şagirdlər yetişdirmişdir. Şeyx Tusi "Rical" kitabının 427-ci səhifəsində o Həzrətin şagirdlərinin sayının 130 nəfər olduğunu və adlarını yazmışdır. Onların arasında Əhməd İbn İshaq Əşəri Qumi, Əbu Hişam Davud İbn Qasim Cəfəri, Əli İbn Cəfər, Əbdullah İbn Cəfər Hüməyri və Məhəmməd İbn Həsən Səffar kimi böyük şəxsiyyətlər olmuşlar. İmam (ə) Hicrətin 255-ci ilində halal və haramdan bəhs edən "Əl-məqnəə" adlı kitab yazaraq Əhli-beyt dostlarının istifadəsinə vermişdir. Eyni zamanda İmam (ə)-ın "Təfsir-Quran" kitabı da vardır.
Mərhum Şeyx Ağabozorg Tehrani "Əzzəriə" kitabının 4-cü cild, 285-ci səh buyurur: "Təfsiri-Əsgəri" ki, onu İmam Əbu Məhəmməd Həsən Əsgəri diqtə edib, o kitab Şeyx Əbu Cəfər Məhəmməd İbn Əli İbn Babəveyi Səduqin rəvafətinə əsasəndir. Həmin kitab Tehranda hicri-qəmər tarixi ilə 1267, 1313, 1315-ci illərdə çap edilmişdir. Şeyx Səduq Məhəmməd İbn Qasım Astarabadidənnəql edir ki, Astarabadda Zeyidilərin nüfuzu çoxalmışdı. Ona görə biz İmamdan xahiş etdik, Yusif İbn Məhəmməd və Əli İbn Məhəmməd adlı 2 gənci İmamın xidmətinə göndərdik. Hər gün 7 il müddətində İmam onlara əvvəldə Quranın və Quran əhlinin fəziləti haqqında, sonra isə bütün Quranı təfsirini diqtə etdi. Onlar da katib olaraq İmamın buyurduqlarını yazdılar. Nəticədə İmam Həsən Əsgəri (ə)-ın "Təfsiri-Quran" kitabı tamalandı.
İmam (ə) müxtəlif ölkələrdən olan tərəfdarları ilə nümayəndələr vasitəsi ilə əlaqə saxlayırdı. "Biharul-Ənvar"ın 50-ci cildinin 331-ci səhifəsində yazılır ki, İmam Həsən Əsgəri (ə) şəhadətindən bir neşə gün qabaq hicrətin 260-cı ilinin rəbiül-əvvəl ayında Mədinə camaatına çoxlu məktublar yazmışdır.
İmam Həsən Əsgəri (ə)-ın iqtisadi imkanları çox olduğu üçün ehtiyacı olanlara köməklik göstərirdi. Bunu nəticəsində maddi çətinliklər səbəbindən ələvilərin Abbasi xəlifələrinə tərəf cəlb olunmasının qarşısını alırdı.
İmam (ə)-ın Qumdakı nümayəndəsi Əhməd İbn İshaq ələvilərdən topladığı 160 kisə qızıl-gümüşü o Həzrətə çatdırır. (Ehticac, səh 257)
İmamət elmi vasitəsi ilə Allah-təala qeybi məlumatlardan öz höccətləri olan İmamları xəbərdar edirdi. İslamın əsaslarının, yaxud ümmətin haqlarının təhlükədə olduğu zaman İmamlar bu məlumatlardan hidayət vasitəsi kimi istifadə etmişlər. Xüsusilə 11-ci İmam (ə) ümməti 12-ci İmamın qeybinə hazırlamaq məqsədi ilə digər İmamlardan daha çox qeybi məlumatlardan istifadə etmişdir. Məsələn, Əbu Hişam Cəfəri deyir: "Mən zindanda idim. Vəziyyətimin ağır olmasından İmam Həsən Əsgəri (ə)-a şikayət etdim. İmam mənə məktub yazıb bildirdi ki, bu gün günorta namazını öz evində qılacaqsan. Elə həmin gün azad olub, günorta namazını öz evimdə qıldım. (Əəlamül-vəra, səh 327)
Bu kimi hadisələr Peyğəmbər nəslindən olan seyyidlərin də həyatında baş vermişdir. Məsələn, Şamaxının Minaxor məhəlləsində yaşamış və 1978-ci ildə vəfat etmiş, Nəcəf alimi Mirməhəmməd Təqi ağa 1937-ci ildə represiya zamanı həbs olunur. Həmin dövrdə Şamaxıdan 750 nəfər güllələnmişdir. Ağa deyir ki, sübh namazına yaxın atam Mirmehdini (Seyyidəli oğlu 1911-ci ildə İmamzadə məscidinin həyətində dəfn edilmişdir, eyni zamanda həmin məsciddə axudluq etmişdir) yuxuda gördüm. Mənə dedi ki, Mirməhəmməd Təqi niyə burda yatmısan? Dur get evə! Bu vaxt qapının açılması səsinə oyandım. Keşikçi mənə xəbər verdi ki, azadsan, dur get evə".
Müxtəlif ecazlar Peyğəmbər nəslindən olanlardan baş verib. Bu kimi əlamətlərin olması labüddür.
Bismillahir rəhmanir rəhim. İnnə ətəynakəlkasər. Fəsəlli lirabbikə vənhər. İnnə şəniəkə huvəl əbtər. Sadaqallahul əliyyul əzim.
2-ci XÜTBƏ
Bismillahir rəhmanir rəhim. Əlhəmdulillahi rəbbil aləmin. Vəssalatu vəssəlamu əla Rəsulillah.Və əla Əliyyin əmirilmöminin və əla Siddiqətittahirə və əla sibtəyir rəhmə əl Həsəni vəl Hüeyn və əla Əliyibnil Hüseyn və Muhəmməd ibni Əli və Cəfər ibni Muhəmməd və Musa ibni Cəfər və Əliyibni Musa və Muhəmməd ibni Əli və Əliyibni Muhəmməd vəl Həsən ibni Əli Vəl xələfil Hadiyil Mehdi (s) və əccəlallahu təala fərəcəhuşşərif.
Sizə və özümə İlahi təaqvayə əməl etməyi tövsiyyə edirəm.
Mövzu: 1-ci xütbənin davamı.
Bu gün 26 fevral, 18 il əvvəl 1992-ci ilədə erəmin silahlı birləşmələri rusların köməyi ilə Xocalıda azərbaycanlılara qarşı vəhşicəsinə soyqırım törətmişlər. 313 nəfər öldürülmüş, 8 ailə tamamilə yox edilmiş, 155 uşaq hər iki valideynini itirmiş, min nəfərdən çox adam ömürlük şikəst edilmiş, 1275 nəfər əsir götürülmüşdür. Xalqımız bu özbaşınalığı heç vaxt yaddan çıxartmayacaqdır. Allahın köməyi ilə tezliklə işğal edilmiş torpaqlarımızı düşmən əlindən geri alacağıq.
Bu həftə böyük İslam alimi Seyyid Ruhullah Musəvinin 31 il bundan əvvəl verdiyi fətvaya əsasən bütün dünyada sünnü və şiələrin Peyğəmbərin mövludu münasibəti ilə vəhdət həftəsinin keçirildiyi günlərdir. Məlum olduğu kimi Əhli-sünnə Peyğəmbər (s) mövlunu rəbiül-əvvəl ayının 12-si olaraq qəbul edirlər. Şiələr isə rəbiül-əvvəlin 17-si gününü qəbul edirlər. Odur ki, mərhum seyyid bir həftə mühdət ərzində mövludun hər iki məzhəb tərəfdarlarının bu bayramı birlikdə qeyd etməsinə göstəriş vermişdir. Əvvəlki illərdə olduğu kimi yenə də Peyğəmbər mövludunu birlikdə qeyd edirik. Vəhdət baxımınnan Şamaxı nəinki Azərbaycana, hətta bütün müsəlman ölkələrinə nümunə ola bilər.
Hər hansı bir cəmiyyətin rəhbər və İmamının qeybə çəkilməsi qeyri-təbii bir hadisə olduğundan (yəni ilahi hadisə olduğundan) eləcə də qeybə inanmaq və imamın qeybə çəkilməsi nəticəsində qarşıya çıxan çətinliklərə dözmək son dərəcə çətin olduğu üçün Peyğəmbər (s) və İmamlar yavaş-yavaş camaatı bu məsələ ilə tanış edirdi. Müsəlmanlarda qeyb məsələsinə etiqad yaratmağa çalışırdılar. Bu işin əsas məşğuliyyəti 11 ci İmamın üzərinə düşürdü. O Həzrət çox vaxt şiələr və nüməyəndələri vasitəsi ilə əlaqə saxlayırdı ki, onlar qeyb dövrünə hazırlaşsınlar. 11-ci İmam oğlunu, Mehdi (ə)-ı daha çox etibarllı dostlarına göstərirdi. İmam Həsən Əsgəri (ə)-ın ən yaxın və ən səmimi dostlarından olan Əhməd İbn İshaq deyir: "İmam Həsən Əsgəri (ə)-ın yanına gedib ondan sonrakı İmam barədə soruşmaq istəyirdim. Mən sual verməzdən qabaq o Həzrət üzünü mənə tərəf tutub buyurdu: "Ey Əhməd İbn İshaq! Allah-təala Həzrət Adəm (ə)-ı yaratdığı gündən qiyamət gününə qədər yer üzünü bir an belə olsun İlahi höccətsiz qoymayıb və qoymayacaq. Allah həmin höccətin vasitəsi ilə yer üzündəki bəlanı dəf edərək camaata rəhmət yağışı göndərir və yerin altında gizlənmiş nemətləri (sərvətləri) üzə çıxarır". Mən ona dedim: "Səndən sonra İmam kim olacaq?" Bunu deyəndən sonra o Həzrət qalxıb o biri otağa keçdi və çox keçmədi ki, qucağında sifəti on dörd gecəlik ay kimi parıldayan bir oğlan uşaqla geri qayıtdı. Sonra isə mənə buyurdu: "Əhməd, əgər Allah və İmamlar yanında hörmətin olmasaydı bu oğlumu sənə göstərməzdim. Onun adı Peyğəmbər (s)-ın adından, künyəsi Peyğəmbər (s)-ın künyəsindəndir. Dünya zülm və haqsızlıqla dolduğu zaman o, gəlib hər yanı haqq-ədalətlə dolduracaq. O, (uzunömürlü olması baxımından) bu ümmət arasında Xızır və Zülqərneyn kimi olacaq. O, uzun müddətli qeybə çəkiləcək və bir çoxları (qeyb dövrünün həddən artıq uzun çəkəcəyinə görə) bu barədə şəkk edəcək. Təkcə Allahın, onun imamətinə möhkəm əqidə saxladığı və onun zühurunun tez baş verməsi haqqında dua etməyə nail olan şəxslər azğınlıqdan qurtaracaqlar..."(Kəmaləddin, cild 2, səh 384)
Camaat içərisində İmam Həsən Əsgəri (ə)-ın nfuzunun gün-bəgün artamısı Mötəmidi narahat edirdi. Kəfəmi və Təbəri yazır ki, Mötəmid İmam (ə)-ı zəhərlədi.
Sünnü məzhəbinin görkəmli alimi İbn Səbbaq Malii Abbasilər sarayında işləyən Übeydullah İbn Xaqanın dilindən eşitdi ki, İmam (ə) zəhərləndikdən sonra xəlifə 5 yaxın saray alimini İmamın evinə göndərir. Daha sonra isə Qaiz İbn Bəxtiyarın başçılığı ilə 10 nəfəri İmam (ə)-ın evinə göndərir ki, İmamın evində qalıb baş verən hadisələri ona xəbər versinlər. Xəlifəyə xəbər verirlər ki, İmamın səhhəti ağırlaşıb. Elə ki, İmam Həsən Əsgəri (ə) şəhid oldu xəbər bütün Samirraya yayıldı. Hamı İmam (ə)-ın dəfni üçün tələsdi. Xəlifənin qardaşı İsa İbn Mütəfəkkil İmam (ə)-a namaz qıldı. Bu simvolik idi. Xilafət camaatın səs-küyünün qarşısını almaq üçün özünü İmam yaxın (əmioğlu) olaraq göstərirdi. Əslində isə İmam Mehdi (ə) atasına namaz qılmışdı.
İmam Həsən Əsgəri (ə) tabuta qoyulduqdan sonra Cəfəri Kəzzab İmama namaz qılmaq üçün cənazəyə yaxınlaşdı. Əbu Ədyam deyir ki, Cəfəri Kəzzab namz qılmaq istərkən, buqdayı, qara saçlı və qabaq dişləri bir-birindən bir az aralı olan bir uşaq evdən çıxıb, (o uşaq 12-ci İmam idi) Cəfərin paltarından yapışıb dedi: "Əmi kənara çəkil, atamın cənazə namazını mə qılmalıyam". Üzündən narahatlıq hiss olunan Cəfər kənara çəkildi. Həmin uşaq namz qıldı. Sonra İmam (ə) öz evində, atasının yanında dəfn edildi.
Allah bütün zalımlara lənət etsin!
Bismillahir rəhmanir rəhim.
Qul huvəllahu əhəd. Allahus səməd. Ləm yəlid və ləm yuləd. Və ləm yəkulləhu kuhuvən əhəd.
Sədəqallahul əliyyul əzim.