Xətib: Hacı Elşən Rüstəmov.
1-ci XÜTBƏ
Əssəlamu əleykum və rəhmətullah.
Bismillahir rəhmanir rəhim. Əlhəmdulillahi rəbbil aləmin. Vəssəlatu vəssəlamu əla seyyidina və nəbiyyina əşrəfil əmbiyəyi vəlmursəlinə Əbil Qasimi Muhəmməd (s) və əla Alihi və əhli-beytihit tahirinəl məsumin. Usikum və nəfsi bitəqvəllah. Ya ibadəllah.
Sizə və özümə ilahi təqvayə əməl etməyi tövsiyyə edirəm
Mövzu: "Peyğəmbər (s)-ın rehləti və İmam Həsən (ə)-ın şəhadəti".
Allah-təala Ali-imran surəsi 144-cü ayədə buyurur: "Məhəmməd ancaq bir Peyğəmbərdir. Ondan əvvəl də peyğəmbərlər gəlib-getmişlər. Əgər o, ölsə, və ya öldürülsə siz gerimi dönəcəksiz? (Dininizdən dönəcək və ya döyüşdən qaçacaqsınız?) Halabuki, geri dönən şəxs Allaha heç bir zərər yetirməz. Lakin Allaha şükr edənlərə mükafat verər".
İslam tarixinin bəzi hadisələrinin gizli saxlanılması heç də müsəlmanları birləşdirə bilməz, əksinə onları parçalayıb müxtəlif dəstələrə bölər. Həmin hadisələri düzgünlüyü ilə bilən şəxs Peyğəmbər (s)-ın Əhli-beytini qəlbən sevər və heç kəsi onlardan üstün tutmaz.
Peyğəmbər (s) vida həccində və müxtəlif yerlərdə "Səqəleyn" hədisini buyurmuşdur: "Mən sizin aranızda iki qiymətli şey - Allahın kitabını və Əhli-beytimi qoyub gedirəm. O iki şeyin hər biri digərindən böyükdür. O ikisi "hovuzun" yanına qədər mənim yanıma gələnə kimi əsla bir-birindən ayrılmaz". (Əl-Təbərani, Əl-Möcəmul-kəbir, cild 5, səh 116, hədis 4969; Tarixi-Bağdad, cild 8, səh 442)
Həzrət Peyğəmbərin biz müsəlmanlara qoyduğu iki böyük və ağır əmanət olan Quran və Əhli-beyt İslamın ayrılmaz hissəsidir, gövhəridir. Bunların birindən yapışıb, digərini buraxsaq hər iki dünyada yolumuzu azarıq, parçalanıb zəifləyərik. Quran bizə əmr edir: "Hamılıqla Allahın kəndirindən yapışın, ayrı-ayrı dəstələrə bölünməyin. (Ali-imran, ayə 103)
İmam Sadiq (ə) buyurur: "Allahın kəndiri biz Əhli-beytik". Bu kəndiri qırmağa çalışanlar Əhli-beytə həqarət etməklə, yaxud onları bir çoxlarından aşağı tutmaqla İslam dinini başqa istiqamətə yönəltmiş və bu səyləri hələ də davam etdirməkdədirlər. Həzrət Peyğəmbər (s) həccül-vidadan sonra səfər ayının əvvəllərində Üsamə ibn Zeydi 40 minlik orduya sərkərdə təyin etdi. Əmr etdi ki, ordu Şama tərəf hərəkət etsin. Bu tarixi hadisə mərhum Lütfullah Əhməd əfəndinin "Həzrət Məhəmməd (s)-ın həyatı" adlı əsərində və bir çox kitablarda belə qeyd olunur ki, Əbu Bəkr, Ömər ibn Xəttab, Səəd ibn Vəqqas, Osman ibn Əffan, Səəd İbadə, Əbu Übeydə, Səəd ibn Zeyd Qətafə və İslama qədər kubar olan səhabələr də bur ordu ilə getməyə təyin edilmişdilər. Bu tələskənlik bəzilərinə ağır gəldi və onlar tənə yolu ilə "Peyğəmbər (s) bu qulu mühacir və ənsarın hörmətli şəxslərinə əmir təyin etdi" - dedilər. Camaatın bu sözləri Peyğəmbər (s)-ın qulağına çatdıqda Peyğəmbər (s) çox qəzəbləndi və xəstəliyi, qızdırması ola-ola başına dəsmal bağlayaraq məscidə gəldi və mimbərə çıxdı. Haqq-təalaya həmd-səna etdikdən sonra buyurdu: "Ey insanlar! Üsamənin sərkədiliyi üçün eşitdiyim sözlər nə deməkdir? Bu gün Üsaməyə etiraz edənlər onun atası Zeydə də etiraz etmişdilər. Mütədə (müharibəsində) şəhid olan Zeyd əmirliyə layiq olduğu kimi, oğlu Üsamə də əmirliyə layiqdir. İstər oğlu, istərsə də atası xeyirli şəxslərdir. Üsaməyə itaət etməklə məni sevindirərsiz". Peyğəmbər (s) bu sözlərdən sonra mimbərdən düşüb, mübarək evinə getdi. (Rövzə, cild 5, səh 383)
Zeyd ibn Harisə Xüzaə qəbiləsindın idi. Kiçik yaşlarından əsir düşmüş və qul kimi satılmışdı. Həzrəti Xədicə Peyğəmbər (s)-la evləndikdən sonra onu Məhəmməd (s)- mə hədiyyə etdi. Atası Harisə oğlunu axtara - axtara Peyğəmbər (s)-ın yanına gəlib çıxdı. Həzrət Peyğəmbər (s) onu azad edib, atası ilə getməsinə icazə verdi. Amma o, atası ilə getmədi. "Atam da sənsən, anam da sənsən"- deyərək, Həzrət Məhəmməd (s)-dan ayrılmadı. Həzrət Peyğəməbər (s)-da onu oğulluğu götürdü. (İbn Hişam, cild 1, səh 265) Bunu da demək münasibdir ki, Quranda aşkar adı çəkilən səhabə yalnız Zeyddir. Əhzab surəsi ayə 37-də. Peyğəmbər (s) onu Ummu-Əymən ilə evləndirdi. Bu nigahdan məhşur sərkərdə Üsamə doğuldu. Zeyd hicrətin 8-ci ilində Mutə müharibəsində şəhid olmuşdur. O, mömün müsəlmanlardan idi. Peyğəmbər (s) onu çox sevərdi. O, Bədr müharibəsindən başqa bütün müharibələrdə iştirak etmişdi.
Lütfullah Əhməd əfəndi öz əsərində göstərir ki, Üsamənin ordusu 10-12 gün ərzində Mədinədən çıxa bilmirdi. Bu da Peyğəmbərə mənfi təsir göstərdi. Digər tərəfdən də Təbuk davasında qoyunun bud ətindən yemək hazırlayıb Səlam ibn Meşkəmin arvadı tərəfindən zəhər qatılmış yeməyi Peyğəmbərə ehsan adı ilə verdi. Peyğəmbər (s) ibn Bərra adlı səhabə ilə yeməyə başlayanda ibn Bərra bir tikə yeyən kimi şəhid oldu. Peyğəmbər (s) ağzında olan tikəni tez yerə atdı və dedi: "Allaha and olsun ki, bunda zəhər var". Bu səbəbdən Peyğəmbər xəstələnmişdi. Xəstəliyi getdikcə şiddətlənirdi. Peyğəmbər (s) xəstə olsa da son saatlarında sağ tərəfində Əli (ə), solunda isə Əmisi Abbasın oğlu Fəzl kömək edərək məscidə gəldi. Namazı qıldı. Sonra Peyğəmbər (s) dedi: "Mən sizə əmr etməmişəm ki, Üsamənin ordusuna gedəsiz? Bəs nə üçün getmirsininiz? Onlar dedi: "Gəldik ki, səninlə əhdimizi təzələyək. İstəmədik ki, sənin xəstəlik xəbərini özgələrdən eşidək". Peyğəmbər (s) buyurdu: "Gedin üsamənin qoşununa daxil olun. Allah lənət etsin Üsamənin qoşunundan qaçanlara".
Lütfullah Əhməd əfəndi öz əsərində "Vəsiyyətnamə" mövzusunu belə yazir: "Həzrət Peyğəmbər (s)-ın təkidlərinə baxmayaraq qoşun hərəkət etmirdi. Peyğəmbər (s)-ın xəstəliyi də gündən-günə ağırlaşırdı. Səfər ayının 8-də cümə axşamı günü Peyğəmbər (s)-ın vəsiyyətnamə yazacağı Mədinədə yayıldı və səhabələr Peyğəmbər (s)-ın otağına yığıldılar, Peyğəmbər (s): "Mənə kağız-qələm gətirin sizə bir vəsiyyətnamə yazım ki, məndən sonra zəlalətə düşməyəsiniz və doğru yolu itirməyəsiniz!" - dedi. Səhabələrdən bir hissəsi vəsiyyətnamənin yazılmasına etiraz etdilər. Bu arada Ömər ibn Xəttab Peyğəmbər (s)-in xəstəliyi ilə əlaqədar olaraq onun "hədyan danışdığını" və Quran var ikən vəsiyyətnaməyə ehtiyac olmadığını deyib, onun yazılmamasını israr etdi. Səs-küydən Peyğəmbər (s) etiraz edənləri yanından qovdu və beləcə vəsiyyətnamə yazılmadı. Əhli-sünnətin və bütün müsəlmanların Qurani-Kərimdən sonra ən böyük kitab olaraq tanıdıqları "Buxari-şərif" (Səhih-Buxari) və "Şəfai-şərif" kitabları bu hadisəni belə yazırlar: "Peyğəmbər (s) mənə kağız-qələm gətirin sizə bir vəsiyyətnamə yazım ki, məndən sonra yolunuzu itirməyəsiniz və zəlalətə düşməyəsiniz..." - dedi. Peyğəmbər (s)-ın bu sözlərinə bəziləri narazılıq etdilər. Ömər ibn Xəttab dedi ki, bu adam özünədə deyildir. Bizə Allahın kitabı kifayətdir. İzdiham çoxaldı və Peyğəmbər (s): "Qalxın yanımdan yox olun" - dedi. Lütfullah Əhməd əfəndi vəsiyyətnamə mözusunda aşağıdakı kitabları dəlil göstərmişdir:
•1. "Kitabuş-şəfa" cild 2, səh 186.
•2. "Səhih-Buxari" cild 6, səh 9. Misir "Bulaq" nəşriyyatı, 1312-ci il. Bu nüsxənin çap xərci İstanbulda ödənilmişdirdir. Nəşr edilərkən düzgünlüyünə bir çox alimlər diqqət yetirmişdilər. Şeyxulislam Cəmaləddin əfəndi tərəfindən də təsdiq edilmiş və möhürlənmişdir".(Lütfullah Əhməd. Həzrəti Məhəmməd (s)-ın həyatı, səh 552.)
Türkiyyə Diyanət İşləri Başkanlığı tərəfindən 1993-cü ildə Ankarada "Alıc okul" yayınları tərəfindən Azərbaycan dilində nəşr edilmiş "Xatəmul-ənbiya Həzrət Məhəmməd və həyatı" əsərinin müəllifləri Əli Himmət Bəqri və Osman Kəsikoğlu tərəfindən yazılmış kitabda Vəsiyyətnamə mövzusunda "Şiələrin heç başa düşülməyən iddiaları" - demələri haqqın gizlədilməsinə və İslam ümmətinin parçalanmasına xidmət edir. Halbiki Allah-təala müsəlmanların birliyini və qardaşlığını vacib bilir. Əhli-beyt aşiqləri başa düşürlər ki, Peyğəmbər (s) özündən sonra müsəlmanların zəlalətə düşməməsi üçün Əli (ə)-ı öz yerinə təyin edəcəkdi. Bu həqiqəti qəbul etməyənlər mötəbər tarix kitabı olan "Tarixi-Yaqubi"nin 2-ci cild, səh 137-yə nəzər salsınlar. Orada yazılıb: "İbn Abbas deyir: "İkinci xəlifə bu həqiqəti etiraf edərək deyirmiş: "Mən başa düşdüm ki, Peyğəmbər (s) xilafəti yazılı şəkldə Əliyə vermək istəyir. Lakin məsləhətə riayət edilməsi üçün bu məclisi qarışdırdım. (O deyir) Xilafət Əliyə məxsus idi". Səhih-Buxari, Səhih-Müslim və İmam Qəzali də vəsiyyətnamə mövzüsunu olduğu kimi təhrifsiz olaraq yazmışdılar.
Allah-təala Nur surəsi 63-cü ayədə buyurur: " Peyğəmbəri çağırmağı öz aranızda bir-birinizi çağırmağınızla eyni tutmayın!" Yəni Peyğəmbər (s)-ı özünüz bir-birinizi çağırdığınız kimi çağırmayın. Ona "Məhəmməd (s), nə deyirsən?" Ona "Bəli!" Buyur, ey Allahın Rəsulu, ey Allahın Peyğəmbəri!" - deyə cavab verin. Amma "bu kişi hədyan danışır" - dedilər, səs-küy saldılar. Halbuki Allah-təala Hucurat surəsi 2-ci ayədə buyurur: "Ey iman gətirənlər! Səsinizi Peyğəmbərin səsindən daha üstün tərzdə yüksəltməyin. Və onunla bir-birinizlə ucadan danışdığınız tərzdə danışmayın". Nəcm surəsi ayə 3 və 4-də Allah-təala buyurur: "O, (Peyğəmbər) Öz nəfsinin istəyi ilə danışmır, nə danışırsa, o Allahın vəhyidir". Əhzab surəsi ayə 36-d Allah-təala buyurur: "Allah və Peyğəmbər (sizə) bir iş hökm etdiyi zaman heç bir mömün kişiyə və qadına öz işlərində başqa yol seçmək (ayrı cür hərəkət etmək) yaraşmaz. Allah və onun Peyğəmbərinə ası olan şəxs şübhəsiz ki, haqq yoldan açıq-aydın azmışdır.
Bismillahir rəhmanir rəhim. İnnə ətəynakəlkasər. Fəsəlli lirabbikə vənhər. İnnə şəniəkə huvəl əbtər. Sadaqallahul əliyyul əzim.
2-ci XÜTBƏ
Bismillahir rəhmanir rəhim. Əlhəmdulillahi rəbbil aləmin. Vəssalatu vəssəlamu əla Rəsulillah.Və əla Əliyyin əmirilmöminin və əla Siddiqətittahirə və əla sibtəyir rəhmə əl Həsəni vəl Hüeyn və əla Əliyibnil Hüseyn və Muhəmməd ibni Əli və Cəfər ibni Muhəmməd və Musa ibni Cəfər və Əliyibni Musa və Muhəmməd ibni Əli və Əliyibni Muhəmməd vəl Həsən ibni Əli Vəl xələfil Hadiyil Mehdi (s) və əccəlallahu təala fərəcəhuşşərif.
Sizə və özümə İlahi təaqvayə əməl etməyi tövsiyyə edirəm.
Mövzu: 1-ci xütbənin davamı.
Allah-təala Zümər surəsi 30-cu ayədə buyurur: "(Ya Peyğəmbər!) Şübəhəsiz ki, sən də öləcəksən, onlar da öləcək!" Peyğəmbərin rehləti yaxınlaşanda məscidə gəldi və buyurdu ki, kimin məndə haqqı varsa desin. Səvvadə ibn Qeys ayağa durub dedi: "Ey Peyğəmbər Taifdən qayıdanda səni qarşılamağa gəlmişdim. Əlində olan əsanı istədin ki, naqəyə vurasan, əsa mənə dəydi. Bədənimdə çılpaq idi". Peyğəmbər (s) Bilalı qızı Fatimənin evinə göndərdi ki, əsanı gətirsin. Həzrəti Peyğəmbər (s) köynəyin qaldırdı ki, Səvvadə onu vursun. Səvvadə icazə alıb Peyğəmbərin kürəyindən öpdü və dedi: "İlahi mən qisas əvəzinə pənah aparıram ki, mənə qiyamət odunu qismət etməyəsən". Peyğəmbər onun üçün dua etdi. Sonra Peyğəmbər Ümmü-Sələmənin evinə gəldi. Fatiməni çağırtdırdı. Bir çox dərdi-dil edib, söhbətləşdilər. Peyğəmbər Allahdan ümmətinin bağışlanması üçün dua etdi. Həsən (ə) və Hüseyn (ə) gəlib Peyğəmbərin sinəsi üstündə ağladılar. Peyğəmbər (s) Əli (ə)-ı yanına çağırıb, örtüyü başlarının üstünə çəkib son vəsiyyətlərini elədi. Sonra Əli (ə) başını qaldırıb: "Peyğəmbərin müsibətində Allah sizə əcr versin". Yəni Allah Peyğəmbəri özünə tərəf apardı. Nalə səsləri göyə ucaldı.
Uçdu ol, tavusi-qudsi-aşiyan,
Getdi ol şahənşəhi-ülvü-məkan.
Gər cahanda mümkün olsaydı bəda,
Tərk edib getməzdi onu, Mustafa
(M. Füzuli)
Əli (ə)-dan soruşdular ki, Peyğəmbər sənə nə dedi? Əli (ə) buyurdu: "O Həzrət (s) elmdən mənə min fəsl öyrətdi ki, hər fəsldən də min fəsl açılır". (Biharul-ənvar, cild 22, səh 507).
Vəsiyyətə əsasən Əli (ə) Peyğəmbəri qüsul etdi. Fəzl isə su tökdü. Peyğəmbərin vəsiyyəti ilə özünün iki köynəyindən onu kəfənə tutdular. Peyğəmbəri qüsul edəndə Abbası çölə çağırdılar. O, qayıdıb gəldi və Əli (ə)-a dedi: "Bəni-Səidə səqifəsində toplanıb xəlifə təyin edirlər. Get işə qarış. Sonra pis bir iş olmasın". Əli (ə) Abbasa dedi: "Əmi nələr deyirsən? Allahın Rəsulunun cəsədi ortada ola-ola bu kimi işlərlə məşğul olacağıqmı?" Peyğəmbər (s)-a evin içində qəbr qazdılar. Əli (ə) namazını qıldı. Sonra baş tərəfdən Həzrət Əli (ə), ayaq tərəfdən isə Fəzl yapışaraq Peyğəmbəri qəbrə qoydular...
Peyğəmbər (s) Əli (ə) haqqında buyurur: "Ey Əli! Səni sevmək imandandır. Sənə qarşı olmaq isə nifaqdandır". (Səhih-Müslim, cild1, səh 61. "Sünəni-Termizi", cild 8, səh 306)
İmam Həsən (ə) hicrətin 3-cü ili, Ramazan ayının 15-də anadan olub. Hicrətin 35-ci ilində Əli (ə) xəlifə oldu. 5 il xilafətdən sonra Həzrət şəhid edildi. İmam Həsən 6 ay müddətində xəlifə oldu. Müqavilə bağlandıqdan sonra Müaviyə Kufəyə gəlib. Xütbə oxuduqdan sonra müqaviləni ayaqları altına atıb etibarsız elan etdi. İmam Həsən Kufədən Mədinəyə köçdü. İmam Həsən (ə)-ın Cödə Binti Əşəs adlı həyat yoldaşı vardı. Müaviyyə cəsus qadınlardan biri ilə 100 min dirhəm qızıl və zəhər ona göndərib dedi ki, sən cavan qadınsan, İmam İbadətlə çox məşğul olur, səni də ibadətə vadar edir. Sənə cavan ər lazımdır ki, səni çox əyləndirsin. Sən saraylara layiqsən. Sən İmamı öldürsən səni sarayıma gətirib oğlum Yezidə alacam. O, məlun qadın bir neçə dəfə İmama zəhər vermişdi. Amma İmam sağalmışdı. Axırıncı dəfə almaz tozunu kuzənin içərisinə tökdü. Belə ki, İmam çox isti bir gündə oruc tutmuşdu. İftar vaxtı həmin kuzəni İmamın süfrəsinə qoydu. İmam içən kimi zəhərləndi. Cödəyə dedi: "Məni öldürüsən? Allah səni öldürsün . And olsun Allaha arzuna çatmayacaqsan. Allah səni rüsvay edəcək". Müaviyə öz əhdinə əməl etmədi. Dedi ki, bu qadın Peyğəmbər oğluna vəfa etmədi, mənim oğluma da vəfa etməz. (Biharul-ənvar, cild 44, səh 148-154) İmam Hüseyn (ə)-a xəbər verdilər, gəldi qardaşının başı üstünə və ağladı. İmam Baqir (ə) buyurur: "İmam Həsən (ə) qardaşı Hüseyn (ə)-a buyurdu ki, mən vəfat edən kimi məni qüsul və kəfən et. Sonra cənazəmi cəddim Peyğəmbər (s)-ın rozəsinə apar ki, onunla əhdimi təzələyim. Sonra anam Fatimənin rozəsinə apar. Ondan sonra isə Bəqidə, ata nənəm Fatimə binti Əsədin yanında dəfn et. Bil ki, "Hümeyra" müxalifət edəcək. Elə ki, İmam Həsənin cənazəsini Peyğəmbər qəbrinə yaxınlaşdırdılar. Mərvan və başqa qohumları silahlanıb gələrək İmam Həsənin cənazəsini ox atəşinə tutdular. Qəbrə qoyanda ox çubuqlarını İmamın cənazəsindən çıxartdılar. (Ənvarul-bəhiyyə, səh 83)
Hicrətin 50-ci ili Səfər ayının 28-də İmam Həsəni Bəqi qəbrstanlığında dəfn etdilər.
Cənadə deyir ki, İmam Həsən (ə) zəhərləndikdən sonra mən ona dəyməyə getdim. Gördüm ki, İmamın qarşısına bir teşd qoyublar. İmamın ciyərləri laxta-laxta qan olub teşdə tökülür. Dedim: "Ey mənim mövlam niyə müalicə etmirsən?" Buyurdu: "Ey Allahın bəndəsi. Ölümü nə ilə müalicə etmək olar?" Sonra mən Həzrətə ərz etdim ki, mənə moizə elə. Buyurdu: "Ey Cənadə! Ömrün sona çatmamış axirət səfərinə hazır ol. Bil ki, sən dünyanın axtarışındasan. Ölüm isə sənin axtarışındadır. Heç vaxt sabahın qəmini bu gün çəkmə". Cənadə deyir: "Sonra İmam Hüseyn (ə) otağa daxil oldu. İmam Həsən (ə)-ın rəngi saraldı və nəfsi kəsildi. Hüseyn (ə) özünü qardaşının üstünə atdı. Onun başından, üzünüdən, gözündən öpdü. Onun yanında əyləşib bir saat müddətində bir-biri ilə sirli məsələlərdən mükalimə etdilər". (Ənvarul-bəhiyyə, səh 80)
Allah bütün zalımlara lənət etsin!
Bismillahir rəhmanir rəhim.
Qul huvəllahu əhəd. Allahus səməd. Ləm yəlid və ləm yuləd. Və ləm yəkulləhu kuhuvən əhəd.
Sədəqallahul əliyyul əzim.