Əsas » Məqalələr » CUMƏ XÜTBƏLƏRİ » ŞAMAXI ŞƏHƏR İMAMZADƏ MƏSCİDİNİN CÜMƏ XÜTBƏLƏRİ (05.II.2010)

 

 

 

Xətib: Hacı Elşən Rüstəmov.

                                               1-ci XÜTBƏ

Əssəlamu əleykum və rəhmətullah.

  Bismillahir rəhmanir rəhim. Əlhəmdulillahi rəbbil aləmin. Vəssəlatu vəssəlamu əla seyyidina və nəbiyyina əşrəfil əmbiyəyi vəlmursəlinə Əbil Qasimi Muhəmməd (s) və əla Alihi və əhli-beytihit tahirinəl məsumin. Usikum və nəfsi bitəqvəllah. Ya ibadəllah.

 

 

 Sizə və özümə ilahi təqvayə əməl etməyi tövsiyyə edirəm.

Mövzü: "Ərbəin"

  Uca Allah Nisa surəsi 54-cü ayədə buyurur: "Yoxsa onlar (yəni "Onlar Allahın lənət etdiyi kəslər" - Nisa surəsi ayə 52) Allahın insanlara (Peyğəmbər və onun Əhli-beytinə) Öz fəzlindən verdiyi şeyə görə (nemət görə) paxıllıq edirlər? Həqiqətən biz İbrahim (ə)-in ailəsinə (İsmayil vasitəsi ilə Peyğəmbər və Əhli-beytinə) kitab və hikmət (Peyğəmbərlik, şəriət, elm və əqli maarif - bütün elmlərin cəmi) verdik (əta etdik). Və onlara böyük (mülk, əzəmət) bir hökümət əta etdik". - Onlar da buna həsəd edib, şeytanın yolu ilə gedib Peyğəmbər və Əhli-beytə düşmən oldular. Bu düşmənçilikləri qiyamətə qədər davam edəcəkdir...

  Bu gün Səfər ayının 20-si, 1431-ci il h.q. təqvimi ilə ( 210-cu il fevralın 5-i milad təqvimi ilə) Ərbəin günüdür. Yəni Kərbəla şəhidlərinin 40-cı gün mərasimidir. Ərbəin günündə ilk dəfə Kərbəla şəhidlərini ziyarət edən həzrəti Peyğəmbərin səhabəsi Cabir ibn Abdullah Ənsari və Ətiyyə olmuşdur.

  Cabir hicrətdən 15 il əvvəl Mədinədə olan Xəzrəc tayfasında anadan olmuşdur. Atası Abdullah ibn Həram Uhud davasında şəhid olmuşdur. Peyğəmbər Mədinəyə gəlməzdən qabaq onlar İslamı qəbul etmişdilər. Cabir həmişə Peyğəmbəri müdafiə etmişdir. Peyğəmbər ilə birlikdə 19 müharibədə iştirak edib. O, təşəyyönün hədis söyləyənlərindən olub. Bəni-Üməyyənin qaniçən zalımı olan Həccaz ibn Yusif ibni Səqəfi Əli (ə) və övladlarının dostu olduğu üçün Cabirin bədənini dağlatdırmışdır. O, 94 ya 95 ya da 96 il ömür sürüb. Hicrətin 76 ya 77 ya da 78-ci ilində vəfat edib. Qəbri Mədinədə Bəqi qəbristanlığındadır. (Əl-qədir, cild 1, səh 21)

  Ətiyyə Aufi Cabirin şagirdlərindən olub. O, mühəddis, alim və tabein (Peyğəmbəri görən adamı görənə tabein deyilir) idi. O, Əli (ə) Kufədə xəlifə olanda anadan olub. Atası Səəd ibn Cünadə idi. Ətiyyə bir müddət İranda yaşayıb. Fars hakimi Həccac ibn Yusifin əmri ilə onu təşəyyö və həmin məzhəbin təbliğatçısı olduğuna görə həbs etdirərək 400 şallaq vurub. Başının tükünü yoldurub.

  Ətiyyə Quranın tanınmış təfsirçisi və Əli (ə)-ın fəzilət xəzinəsinin naşiri və yazıçılarından olub. (Səfinətül-bəhar, cild 2, səh 205)

  İmam Hüseyn (ə)-ın mərqədini ziyarət etməyin böyük savab olması haqqında çoxlu rəvayət və hədislər vardır. Həzrəti Peyğəmbər (s) bu barədə çoxlu hədislər söyləmişdir. Bu tövsiyyəni birinci həyata keçirən Cabir idi. Peyğəmbərin buyurduğu aşağıdakı hədis qızıl hərflərlə imam Hüseynin mübarək mərqədinə yazılmışdır:

  "Ey Cabir Hüseynin qəbrini ziyarət et. Həqiqətən Hüseynin qəbrinin ziyarət etməyin savabı kamil surətdə 100 həcc ziyarətinin savabına bərabərdir. Həqiqətən Hüseynin qəbri behiştin gülzarı və ya qapılarından biridir. Kərbəla məkanı cənnət yeridir".  (Kitabi-Şəhril Hüseyn, səh 472)

  Əhli-beytlə düşmən olanlar, onların məzarları ilə də düşmən olmuşlar, və olacaqlar da. Bəni-Üməyyədən və Abbasilərdən olan bəzi xəlifələr - xüsusilə Harun ziyarətə gələnlərə əziyyət edərdilər. (İndi də edirlər - terror və partlayışlar). Məsələn, bir vaxt qanun qoymuşdular ki, kim ziyarət etmək istəsə sağ qolunun kəsilməyinə razı olsun. Bir qadın ziyarətə gəlir. Deyirlər sağ qolunu uzad kəsək. O da, sol qolunu uzadır. Deyirlər ki, sol qolunu niyə, sağ qolunu uzad. Qadın deyir ki, artıq bir dəfə ziyarətə gəlmişəm sağ qolumu kəsibsiniz... Mütəvəkkil (236 h.q.) məlun imamın ziyarətgahına su buraxıb.  Amma su qəbrə yaxınlaşmayaraq kənardan axıb. Şeyx Tusi "Əəmal kitabında qeyd edir ki, Mütəvvəkil Abbasi öz hakimiyyəti zamanı bu vəhşi əməli 17 dəfə təkrar edib.

  1801-ci ildə vəhabilər Kərbəlaya hücum edərək 3000-dən çox insanı qətl edib, ziyarətgaha ciddi zərər vurdular. Oranı qarət etdilər. Indinin özündə də bu vəhşiliklər fürsət olduqca həyata keçirilir. Yanvarın 28-də Azərbaycandan gedən zəvvarların atəşə tutulması nəticəsində 2 nəfər yaralanmış, 16 yaşlı gənc qız şəhid edilmişdir. Eyni zamanda İrandan olan zəvvarlardan da 27 nəfər şəhid edilmişdir.

  Hüseyn (ə)-ın ilk zəvvarı Cabir haqqında Ətiyyə deyir ki, mən onunla Kərbəlaya gəldim. Cabir fərat çayının kənarına gəlib qüsl etdi. Bir parça belinə bağladı, digərini isə çiyninə atdı. Sonra kisəsini açdı, oradan Kufənin xoş ətirli bitkisinin kökündən hazırlanmış "Sud" ətrinin tozunu özünə səpdi. Sonra mərqədə tərəf zikr deyə-deyə hərəkət etməyə başladı. Mənə dedi ki, məni imamın qəbrinə yaxınlaşdır və əlimi qəbrə toxundur. Çünki, Cabirin 75 yaşı var idi, qocalmışdı həm də gözləri tutulmuşdu - yəni çox zəif görürdü. Cabirin əlindən tutub elə ki, imamın qəbrinə toxundurdum, o qədər ağladı ki, bihuş olub qəbrin üstünə yıxıldı. Mən onun üzünə su səpdim. Özünə gəlib 3 dəfə dedi: "Ey Hüseyn, ey Hüseyn, ey Hüseyn. Məgər dost dostuna cavab verməz?" Sonra dedi: "Necə cavab verəsən ki, başını bədənindən ayırıblar, qan bütün bədənini əhatə edib". Bu sözləri deməkdə Cabirin məqsədi imamın müsibətinə əza saxlamaq idi. Sonra dedi: "Mən şəhadət verirəm ki, sən peyğəmbərlərin, düz yol göstərənlərin, rəhbərlərin ən üstün olanının (Məhəmməd (s)) oğlusan. "Kisa" əhlinin beşincisisən. Sən xanımların xanımının (Zəhra (s)) oğlusan. Səni Allah Rəsulu tərbiyyələndirib yetişdirmişdir. Sən pak nəsildənsən. Sənin ayrılığından mömünlərin qəlbi yanır. Amma şəkkimiz yoxdur ki, sən sağsan. Allahın salamı və salavatı sənə olsun". Sonra ziyarətnaməni axıra qədər oxudu və dedi: "And olsun Allaha biz sizinlə şərik idik. (Kərbəla hadisəsində) Ətiyyə deyir ki, mən Cabirdən soruşdum: "Bir halda ki, biz müqəddəs müharibədə iştirak etməmişik, heç yerimizdə yaralanmayıb. Şəhidlərlə necə şərik ola bilərik?" Cabir cavab verdi: "Həbibim (istəkli dostum) Allahın  Rəsulundan eşitdim ki, dedi: "Kim bir dəstənin hərəkətini, əməlinin sevsə, o dəstə ilə həmin hərəkət və əməldə şərikdir". "And olsun Allaha mənim və əshabımın niyyəti imamın və əshabının niyyəti idi". Mənası budur ki, Cabir qoca və gözü görmədiyi üçün üzrlü olaraq cihadda iştirak edə bilməmişdir. Amma Hüseyn (ə)-ın inqilabını qəbul etmişdi. Üzrlü olaraq əməldə yox əqidədə mənəvi olaraq iştirak etmişdir. Ona görə də şəhidlərlə birlikdə onun da əcr və savabı var idi. Bu etiqdi məsələni Əli (ə) Nəhcül-bəlağədə 12-ci xütbədə zikr etmişdir:

  "Cəməl" döyüşündə Allah-təala o Həzrətə qələbə nəsib etdikdən sonra Əli (ə)-ın yoldaşlarından biri dedi: "İstərdim ki, qardaşım da bizimlə birlikdə bu döyüşdə olaydı. Və Allahın sənə düşmənlərin üzərində necə qələbə çaldırdığını o da görəydi". Əli (ə) buyurdu: "Sənin qardaşının meyili və istəyi bizimlədirmi?" O, dedi: "Bəli". Həzrət buyurdu: "O da bizimlə döyüşdə olmuşdur". ( Bizi istəyənlərdən hətta) kişilərin belində və qadınların bətnində olanlar da bizimlə birlikdə qoşunumuzda olmuşlar. (Olmuş kimidirlər.) Tezlilə Ruzigar onları insanın burnundan qəfl axan qan kimi meydana gətirib aşkar edəcəkdir. (Tanıdacaqdır.) Onların (xidmət və çoxalmalarının) səbəbinə (Allaha) inam güclənəcəkdir". (Bizim düşmənlərimiz onlar tərəfindən məğlub ediləcəklər.)

  Ətiyyə deyir ki, ziyarət etdikdən sonra Cabir mənə dedi ki, Məni evə (Kufəyə) apar. Biz Kufəyə qayıdanda yolda mənə dedi: "Ey Ətiyyə güman etmirəm ki, bir daha səninlə görüşəm. (Çünki o, Mədinədə yaşayırdı, Ətiyyə Kufədə). Ona görədə sənə bir vəsiyyət edirəm: "Məhəmməd (s)-ın dostlarını özünə dost bil ki, onlar dostluğa layiqdirlər. Onun düşmənlərini özünə düşmən bil ki, onlar düşmənliyə layiqdirlər... Dostların axırı behişt, dümənlərin axırı isə cəhənnəm odudur. (Müntəhəl-əmal, səh. 321)

  Bəzi tarix kitablarında Cabirin ziyarəti haqqında belə yazılır ki, Ətiyyə deyir: "Cabir ziyarət etdikdən sonra gördüm ki, Şam yolu tərəfdən bir qaraltı görsəndi. Cabirə xəbər verdim. Cabir qulamına dedi ki, get xəbər bil. Əgər Ömər ibn Səədin qoşunundandırlarsa xəbər ver özümüzü onlara göstərməyək. Əgər imamın Səcca və Əhli-beytdirsə sənin bu xoş xəbərinə görə Allah yolunda səni azad edəcəm". Burdan da məlum olur ki, Cabirin yanında iki nəfər olub. Biri Ətiyyə digəri isə özünün qulamı. Qulam qaraltıya çatıb gördü ki, Əhli-beyt (ə)-dır. Tez Cabirə yetişib xoş xəbəri verdi. Cabir başaçıq, ayaqyalın Əhli-beyti qarşılamağa getdi. Elə ki, onlara çatdı dərdlər təzələndi, ağlaşdılar. İmam Səccad (ə) Cabirə dedi: "Ey Cabir! And olsun Allaha bu yerdə bizim kişilərimizi öldürdülər, cavanlarımızın başını kəsdilər, qadınlarımızı əsir etdilər, xeymələrimizi yandırdılar". (İrşad, cild 4, səh 47)

  Hüseyn (ə)-ın karvanının Mədinədən Kərbəlaya, sonra Kufəyə sonra Şama oradan da Mədinəyə köçürüldüyü zaman 4 dəfə vidalaşma hadisəsi baş verib.

1-ci. İmam Hüseyn (ə) və əzizlərinin Peyğəmbər (s) və Fatimeyi-Zəhra (s)-nın müqəddəs qəbrlərini ziyarət edərək vidalaşmalarıdır ki, onların əksəriyyəti bir daha Mədinəyə qayıtmayacaqlar.

2-ci Aşura günü imam Hüseyn (ə)-ın bacılar, qızları bütün şəhid olanların əzizləri ilə vidalaşmasıdır ki, çox ağır, yeri-göyü, ürəkləri yandıran bir hadisə idi. 

3-cü. Məhərrəmin 11-ci günü Peyğəmbər balalarının, xanımların, atalarının, qardaşlarının, oğlanlarının gözlərinin qabağında bədənləri doğranmış, başları kəsilmiş, yetim uşaqların - özləri də əsr olunmuş halda şəhidlərin başsız bədənləri ilə vidalaşması hadisəsidir. Bu qəmli, qüssəli kədərli müsibəti təsəvvür etmək belə çox çətindir.

4-cü. İmam Səccad (ə) və Kərbəlanın qadın qəhramanı, Kərbəla qəmxarı xanım Zeynəbin və Hüseyn (ə)-ın zülmlərə məruz qaıməş karvanının bütün sağ qalanlarının Ərbəin günündə Kərbəlaya gəlməkləridi; 3 gün orada əzadar olub şəhidlərin qəbrləri ilə vidalaşması hadisəsidir. Bu vidalaşma da çox ağır, ürəkyandıran idi. Həyat yoldaşlarını itirən xanımlar, oğlanlarını itirən analar, atalarını itirən yetim uşaqlar əzizlərini Kərbəlada qoyub Mədinəyə qayıdırdılar. Onlar Mədinədən çıxanda birlikdə çıxmışdılar. İndi hansı üzlə Hüseynsiz, Abbassız, Əliəkbərsiz, Əliəsgərsiz, Qasımsız... Mədinəyə qayıtsınlar?!

Allah bütün zalımlara lənət eləsin!

Bismillahir rəhmanir rəhim. İnnə ənzəlnahu fi ləylətil qədr. Və mə ədrakə mə ləylətul qədr. Ləylətul qədr xəyrun min əlfi şəhr. Tənəzzəlul məlaikətu və ruhu fihə biizni rabbihim min kulli əmr. Səlamun hiyə hətta mətləil fəcr.

        Sadaqallahul əliyyül əzim.  

                    2-ci XÜTBƏ

Bismillahir rəhmanir rəhim. Əlhəmdulillahi rəbbil aləmin. Vəssalatu vəssəlamu əla Rəsulillah.Və əla Əliyyin əmirilmöminin və əla Siddiqətittahirə və əla sibtəyir  rəhmə əl Həsəni vəl Hüeyn və əla Əliyibnil Hüseyn və Muhəmməd ibni Əli və Cəfər ibni Muhəmməd və Musa ibni Cəfər və Əliyibni Musa və Muhəmməd ibni Əli və Əliyibni Muhəmməd vəl Həsən ibni Əli Vəl xələfil Hadiyil Mehdi (s) və əccəlallahu təala fərəcəhuşşərif.

 

Sizə və özümə İlahi təaqvayə əməl etməyi tövsiyyə edirəm.

Mövzu: 1-ci xütbənin davamı.

 

 "Həqiqətüssüəda" əsərində Molla Məhəmməd Füzuli yazır: "O Hüseyn ki, qəm meydanında tək qalmışdı. Onun şəhadəti vaqiəsini zikr etməyin özü eynilə ibadətdir. Məzlumi-Kərbəlanın müsibəti vaqiəsini təkrar eləmək isə qəflət yuxusunda yatanları oyatdığı üçün kəmali-səadətdir".

 

  Əsirləri Kərbəladan Kufəyə, oradan da Şama gətirdilər. Yol üstü Hələb şəhərinə daxil etdilər. Onları şəhər kənarında bir kilsəyə gətirdilər. İmamın mübarək başını oranın keşişinə əmanət verdilər ki, saxlasın. Əsirləri isə bir qədər aralıda xərabalıqda saxladılar. O, keşiş imamın başının qoyulduğu yerdən gecə vaxtı işıq çıxdığını gördü. Yaxınlaşıb dedi: "Sən kimin başısan ki, belə nur saçırsan?" Allahın hökmü ilə İmamın başı dil açıb özünü təqdim edərək keşişi İslama dəvət etdi. Həmin keşiş İslamı qəbul etdi. Sonralar həmin kilsə məscid oldu. O daşın üstünə ki, İmamın mübarək başı qoyulmuşdu, o yer hazırda ziyarətgahdır. İndiyə qədər də İmamın qanının izləri o daşın üstündə qalmaqdadır. İmamın başı həmin yerdə 3 gün saxlanılmışdır. Həmin məscid "Məscidül-Hüseyn" və ya "Məşhərül-Hüseyn" adlanır. Əsirləri ki, xarabalıqda saxlamışdılar, cənab Rübab hamilə idi. (O, Hüseyn (ə) xanımı və 6 aylıq Əliəsgərin anası idi.) Məşəqqətlər və əzab-əziyyətlər səbəbindən bətnində olan uşaq düşdü. İmam Səccad (ə) uşağa Möhsün adını qoydu və öz əlləri ilə oradaca dəfn etdi. İndi həmin yer ziyarətgahdır. Səfər ayının 1-də əsirləri Yezidin sarayına gətirdilər. Orada olan əyan və əşrəflərin çoxu əsirləri bizanslı olduğunu güman edirdilər. Bir nəfər Hüseyn (ə)-ın qızı Fatiməni özünə kəniz istədi. Amma onları tanıdıqdan sonra Yezidə lənət dedikdə həmin adamın boynunu vurdurdu.

 

  Əllamə Məclisi "Cilaul-uyun" kitabında yazır ki, Yezid əmr etdi Əhli-beyti zindana salsınlar. İmam Səccad (ə)-ı isə özü ilə saxlatdı. Bir xətib çağırdı və onu minbərə çıxartdı. Xətib Əli (ə) və İmam Hüseyn (ə)-a qarşı çoxlu nalayiq sözlər dedi. Yezid və Müaviyyəni isə təriflədi. İmam Səccad (ə) ona buyurdu: "Vay olsun sənə ey xətib! Məxluqun razılığını Allahın qəzəbinin müqabilində satın aldın. Cəhənnəm də sənin yerinin hazır olduğunu yəqin bil". Sonra İmam Səccad Yezidin razılığı ilə minbərə çıxmaq istədi. Yezid razı olmadı. Bilirdi ki, İmam minbərə çıxsa hamı həqiqəti biləcək. Məclis əhli çox xahiş etdikdə o, razı oldu. İmam minbərə çıxıb Allaha həmd-səna edib Peyğəmbərə və onun Əhli-beytinə salavat göndərdi. İmam son dərəcə bəlağətli və fəsahətli bir xütbə söylədi. Məclisdə olanların ürəkləri dağlanıb, ağladılar. İmam Səccad (ə) buyurdu: "Ey camaat! Allah-təala bizə 6 xislət əta edib. Bizi 7 fəzilətlə sair məxluqatdan üstün edib. Allah bizə elm, səbr, mərdlik, fəsahət, şücaət və mömünlərin qəlblərində bizə qarşı məhəbbət əta edib. Bizə bununla fəzilət verib ki, Peyğəmbəri-Muxtar Məhəmməd Mustafa (s) bizdəndir. Dahi Siddiq Əliyyəl Mürtəza (ə) bizdəndir. Cənnət də 2 qanadı ilə mələklərlə bir yerdə pərvaz edən Cəfəri Təyyar bizdəndir. Allahın və Peyğəmbərin şiri Həmzə bizdəndir. Bu ümmət arasında Peyğəmbərin 2 nəvəsi imam Həsən (ə) və imam Hüseyn (ə) bizdəndirlər ki, onlar cənnət əhlinin Ağalarıdır. Hər kəs məni tanıyırsa, tanıyır. Və hər kəs tanımırsa, mən ona əsl nəsəbimi xəbər verərəm. Ey camaat! Məkkə və Mina oğlu mənəm... Fatimeyi-Zəhra (ə)-ın oğlu mənəm. Qadınların iftixarının oğlu mənəm. Xədiceyi-Kübranın oğlu mənəm. Cəfakarların qılıncı ilə öldürülənin oğlu mənəm. Kərbəla səhrasında susuz qalanın oğlu mənəm. Sitəm və zülm əhli tərəfindən qarət olunanın oğlu mənəm. Cinlərin və quşların növhə deyib ağladıqları adamın oğlu mənəm. Başını nizəyə keçrib, şəhərlərdə dolandırılanın oğlu mənəm. Zinazadələrin tərəfindən əhli-əyalı əsir olanın oğlu mənəm. Möhnət və bəla Əhli-beyti bizik. Allah-təalanın elminin nazil olduğu məkan bizik..." İmam Səccad (ə) əsl-nəsəbindən və Quranda olan "Təthir", "Mübahilə", "Filqurba" və sair ayələrdən o qədər danışdı ki, camaatdan fəryad səsi ucaldı. Camaat imamı və əsirləri tanıdı. Yezid qorxdu ki, camaat ondan üz döndərəcək. Müəzzinə işarə etdi ki, azan desin. Müəzzin "Allahu-Əkbər" deyəndə imam Səccad (ə) buyurdu: "Allah böyükdür". Müəzzin "Əşhədu ənla ilahə illəlah" deyəndə imam Səccad (ə) buyurdu: "Buna mənim dərim, ətim və qanım şəhadət verir". Müəzzin "Əşhədu ənla Muhəmmədən Rəsulullah" deyəndə, imam Səccad (ə) buyurdu: "Ey Yezid! Böyük əzəmətlə adı çəkilən Məhəmməd (s) sənin cəddindir, ya mənim? Əgər desən ki, mənim cəddimdir, onda yalan demisən və kafir olmusan. Əgər desən ki, sənin cəddindir, bəs onda niyə görə onun ailəsini öldürdün? Və övladlarını əsir etdin?" O məlun cavab verməyə söz tapa bilmədi.

 

  Yezid məlun özünü qorumaq üçün Kərbəla hadisəsini ibn Ziyadın üstünə atmağa çalışırdı.  Ona görə də, imama dedi ki, nə istəyin varsa de, mən yerinə yetirim. İmam Səccad (ə) buyurdu ki, bizim Peyğəmbərdən, ata-anamızdan qalan əmanətlər var ki, onları qarət ediblər. Anamız Fatimənin öz əli ilə toxuduğu köynək var ki, atamı şəhid etdikdən sonra əynindən çıxarıblar. Onları qaytarsınlar! Yezid əmanətləri geri qaytardı. Əsirləri Mədinəyə yola saldı...

 

  Seyyid ibn Tavus "İqbal" kitabında yazır ki, Əhli-beyti Şamda isti və soyuqdan mühafizə olunmayan bir yerdə 1 ay müddətində saxladılar. Sonradan Bəşir ibn Cərləmin müşaəti ilə Mədinəyə göndərdilər. İmam Səccad (ə) mədinənin kənarında xeymələri qurdurdu və Bəşirə dedi ki, şəhərə daxil olub bizim qayıtmağımızı camaata xəbər ver. Bəşir şəhər meydanına gəlib dedi: "Ey Mədinə əhli! Daha Mədinədə sizə qalmağa yer yoxdur. Hüseyn (ə) öldürüldü. Göz yaşları sel kimi axar olubdur. Onun bədəni Kərbalada qanına qəltan olubdur. Başı isə nizələr üstündə şəhərlərdə dolandırılır". Bəşir deyir: "Mən fəryad edib yenə dedim: Ey camaat! İndi imam Səccad (ə), bibiləri və bacıları şəhərin kənarındadılar. Bu xəbəri eşidən kimi hamı ora tərəf qaçdılar". Heç vaxt Mədinədə belə müsibət olmamışdır. Bəşir deyir ki, mən xeymələrə tərəf çatanda o qədər adam yığılmışdı ki, atla imama yaxınlaşa bilmədim. Atdan düşüb özümü imama yetirdim. İmam əlində dəsmal xeymədən çıxmışdı. Elə hey göz yaşlarını silirdi. Bir kürsü gətirdilər. İmam əyləşdi. İmam və hamı elə hey ağlayırdılar. İmam əli ilə işarə etdi. Hamı sakit oldu. İmam xütbə söyləməyə başladı: "Şükr və səna aləmlərin Rəbbi, Rəhman, Rəhim, qiyamət gününün Hökmdarı və bütün məxluqatın xaliqi olan Allaha məxsusdur. O Allah ki, ağıllar (insan təfəkkürü) onu dərk etməkdə acizdir. Gizli sirlər Onun yanında aşkardır. Biz əzəmətli xütbələrlə, böyük müsibətlərlə, qəm gətirən çətinliklərlə, səbri yandıran dərdlərlə, ağır müsibətlərlə Allaha şükr edirik. Ey camaat! Şükr olsun Allah ki, bizi böyük müsibətlərə düçar etməklə İslama gələn böyük zərbələrlə bizi imtahan etdi. Ey camaat! Əba-Əbdillah Hüseyn (ə)-ı və onun ailəsini öldürdülər. Qadınlarını və uşaqlarını əsir etdilər. Başını nizələrə keçirib şəhərlərdə dolandırdılar. Bu elə müsibətdir ki, tayı- bərabəri yoxdur. Agah olun! Göyün 7 qatı Hüseyn (ə)-ın qətlinə ağladı... Bizi yurdumuzdan uzaqlaşdırıb pərakəndə etdilər. Biz Allahdan istəyirik ki, düşmənlərimizdən intiqamımızı və məzlumların haqqını zalımlardan alsın".

 

  Sonra imam camaatla birlikdə şəhərə daxil oldu. Həzrətin gözü Peyğəmbərin mərqədinə sataşanda fəryad edib dedi: "Vay cəddim! Vay Məhəmməd (s)! Sənin Hüseynini susuz şəhid etdilər. Sənin Əhli-beytini qocaya və uşağa rəhm etmədən əsir etdilər".

 

  İmam Səccad (ə) dünyadan gedənə qədər 40 il ağladı. Ağlamağın özü belə bir etiraz əlamətidir. Aşura günü asimandan qan yağdı. İngiltərənin Oksford  universitetində bir sənəddə 685-ci il milad təqvimi ilə, bu da h.q. 61-ci ilin məhərrəm ayına düşür ki, belə bir məlumat yazılıb. Həmin vaxt İngiltərədə asimandan qan yağdı. Həmin sənədin surəti Zəhra TV kanalında 30. 01. 2010 - cu ildə nümayiş etdirilmişdir.

 

Hüseynə yerlər ağlar, göylər ağlar

tuli-Mürtəza, Peyğəmbər ağlar.

Bismillahir rəhmanir rəhim.

Qul huvəllahu əhəd. Allahus səməd. Ləm yəlid və ləm yuləd. Və ləm yəkulləhu kuhuvən əhəd.

Sədəqallahul əliyyul əzim.

 

Copyright 2008 © Imamhuseyn.org