Xətib: HACI ELŞƏN RÜSTƏMOV
I XÜTBƏ
Əssəlamu əleykum və rəhmətullah.
Bismillahir rəhmanir rəhim. Əlhəmdulillahi rəbbil aləmin. Vəssəlatu vəssəlamu əla seyyidina və nəbiyyina əşrəfil əmbiyəyi vəlmursəlinə Əbil Qasimi Muhəmməd (s) və əla Alihi və əhli-beytihit tahirinəl məsumin. Usikum və nəfsi bitəqvəllah. Ya ibadəllah.
Sizə və özümə ilahi təqvayə əməl etməyi tövsiyyə edirəm.
Mövzu: "İmam Kazim (ə)-ın həyatı".
Ali-imaran surəsi 169-cu ayədə Allah-təala buyurur: "Allah yolunda öldürülənləri (şəhidləri) heş də ölü zənn etmə! Xeyr, onlar öz Rəbbinin yanında diri olub ruzi (cənnət ruzisi) yeyirlər.
Səfər ayının 7-si imam Kazim (ə)-ın mubarək mövlud günüdür. Adı: Musa; künyəsi Əbdülhəsən; Əbu İbrahim; Əbu Əli də deyiblər. Şeyx Mufid "İrşad" kitabında bu 3 künyəni qeyd etmişdir. Eləcə də Əbdulhəsəni əvvəl və Əbdulhəsəni mazi də deyilib. Ləqəbi Kazım və Əbdüssalehdir. Şeyx Mufid və İbn Şəhraşub Kazim ləqəbinin səbəbini belə yazırlar ki, zalımların müqabilində qəzəbini boğdu. Zalımlar onu həbsə, zəncirə saldılar, zəhərləyib şəhid etdilər. Atası Cəfər ibni Məhəmməd (ə)-dır. Anası Həmidə (Bərbəriyyə) xanımdır. İmam Sadiq (ə) onu nöqsanlardan uzaqlaşmış, cilalanmış saf qızıl adlandlrmışdır. İmam (ə) h.q. 128-ci ilin səfər ayının 7-sində Məkkə ilə Mədinə arasında olan "Əbva" məntəqəsində anadan olub.
O yerdə ki, Peyğəmbərin anası Aminə dəfn olunub. İmam Sadiq (ə) ailəsi ilə Məkkədən qayıdanda bu hadisə baş verib. Əbu Bəsr deyir ki, biz həmin mənzildə istirahət üçün düşmüşdük. İmam bizə yemək hazırladı. Biz yemək yeyən vaxtı imamı çağırdılar. İmam xanımların olduğu yerə getdi və qayıtdı.
Təbəssüm halında idi. Biz ona göz aydınlığı verdik və dedik: "Nə xəbər var?" İmam dedi: "Həmidə dedi ki, uşaq anadan olan kimi əllərin yerə qoyub başın asimana qaldırdı. Mən ona dedim: "Bu Peyğəmbərin əlaməti və onun imam olmasının nişanəsidir".
O həzrətin imamət dövrü 35 il olub. 55 il ömür sürüb. Qəbr-şərifi Bağdad yaxınlığında Kazimeyindədir. H.q. 183-cü ildə rəcəb ayınının 6-da şəhid edilib.
Şeyx Müfid nəql edir ki, imamın 37 övladı - 19 oğlu və 18 qızı olub. İmam Əli ibn Musa Rza (ə), İbrahim, Əhməd, Həsən, Həmzə, Zeyd, Fatimə
(Məsumə (ə)-ın qəbri Qum şəhərindədir. "İrşad", səh. 283.) Qızlarından Rəhimə xanımın qəbri Nardaranda, Həkimə xanımın qəbri isə Bibi-heybətdə ziyarətgahdır.
H.q. 148-ci ildə imam Sadiq (ə) şəhid edildikdən sonra imam Kazim (ə)-ın imaməti başlayır ki, bu dövrdə aşağıda adları çəkilən xəlifələr imamın müasiri olmuşlar:
1. Mənsur Dəvaniqi (137-158 h.q.)
2. Məhəmməd - Mehdi adı ilə tanınmışdır (158-169 h.q.)
3. Musa - Hadı adı ilə tanınmışdır. (169-170 h.q.)
4. Harun Ərrəşid (170-193 h.q.)
Mənsur hakimiyyətini saxlamaq üçün heç kəsə, hətta qohumlarına da rəhm etmirdi. Mənsur Mədinənin hakimi olan Məhəmməd ibn Suleymandan imam Sadiq (ə)-ın şəhadət xəbərini eşidib bir məktub yazdı ki, Cəfər ibn Məhəmməd (ə) kimi yerinə canişin təyin edibsə çağırtdırıb onun boynunu vur! Məktubun cavabını Mədinə hakimi Mənsura belə yazdı: "Cəfər ibn Məhəmməd (ə) rəsmi şəkildə yazmış vəsiyyətnaməsində 5 nəfəri öz canişini təyin etmişdir. Onlar bunlardır:
1. Xəlifə - Mənsur Dəvaniqi.
2. Mədinə hakimi - Məhəmməd ibn Suleyman.
3. Əbdullah ibn Cəfər (İmam Kazim (ə)-ın böyük qardaşı)
4. Musa ibn Cəfər (ə)
5. Həmidə (İmam Sadiq (ə)-ın həyat yoldaşı)
Mədinə hakimi yazırdı ki, bunların hansının boynunu vurdurum?
Bundan qəzəblənən Mənsur qışqırır ki, bunları öldürmək olmaz! İmamın vəsiyyətnaməsi siyasi bir hərəkət idi. İmam əvvəlcədən canişini öz dostlarına tanıtmışdı. İmam Kazim (ə)-ı qorumaq məqsədi ilə vəsiyyətnaməni belə yazmışdı.
İmam Museyi Kazim (ə) atasının tutduğu yolu davam etdirərək böyük elm ocağını inkişaf etdirirdi. Elmli və fəzilətli şəxslər yetişdirirdi. İmam öz dövrünün bütün alimlərini heyrətə gətirməklə yanaşı, həm də əxlaqi dəyərlər və yüksək insani keyfiyyətlər baxımından çox tanınmışdır. Alimlər imamın əxlaqı qarşısında təzim edirdilər.
Əhli-sünənin hədisçisi və alimi ibn Hacər Heytəmi yazır: "Museyi Kazim (ə) atasının elm və biliyini irs aparmış, fəzilət və kamalına malik olmuşdur. O, cahil və nadan insanlarla fövqəladə dərəcədə güzəşt və sbrlə davrandığına görə Kazim (qəzəbini boğan) ləqəbini almışdır. Onun dövründə heç kim ilahi maarif və bilik baxımından ona çatmamışdır." (Əssəvaiqul-mühriqə, səh. 203.)
Mənsur Dəvaniqi h.q. 158-ci ildə öldükdən sonra onun Mehdi adı ilə tanınmış oğlu Məhəmməd xəlifə oldu. O, "yaşıl bağ" deyilən yerdə ümumi əfv elan etdi. İstər Bəni-Haşimdən olsun istərsə də qeyri Bən-haşimdən olan bütün siyasi dustaqları azad etdi. Atası Mənsurun camaatdan müsadirə etdiyi bütün əmlakı öz sahiblərinə qaytardı. Beytül-maldan olan gəlirlərin əksəriyyətini camaat arasında böldü. Amma bu siyasi xarakter daşıyırdı. Əvvəlki etirazların nisbətən sakitləşdirilməsinə xidmət edirdi. Qısa müddətdən sonra o, əvvəlki xəlfələr kimi özünün həqiqi simasını göstərdi. İslama zidd olan hərəkətlər yenidən icra olunmağa başladı. Başı içki və eyş-işrət məclislərinə qarışan xəlifə camaatın vəziyyətindən tamam xəbərsiz idi. Nəticədə fəsad, rüşvətxorluq baş alıb gedirdi. Vergi müfəttişləri camaatı həddən artıq sıxışdırırdılar. Xəlifənin özü də camaatı sıxşdıraraq ilk dəfə olaraq Bağdad bazarlarına vergi qoydu. Kəndlilərin də vəziyyəti olduqca ağırlaşdı. Çətinliklər hamını hiddətə gətirirdi. (Tarixi Yaqubi. cild 3, səh. 137)
Mehdi də atası Mənsur kimi Bəni-Haşimə təzyiqlər göstərirdi. Əl-Kamilu fit-tarix kitabının 6-cı cild, 84-cü səh. yazılır: "Qaim ibn Məcaşi Təmim ölərkən bir vəsiyyətnamə yazıb xəlifəyə imzalatdırmaq üçün Mehdinin yanına göndərdi. Mehdi vəsiyyətnməni oxumağa başlayır. Elə ki, Qasimin Allahın təkliyinə və islam Peyğəmbərinin peyğəmbəriyinə etirafdan sonra Əli (ə)-ın imam və Peyğəmbərin canişini olması cümləsinə çatır, vəsiyyətnaməni yerə tullayıb onu axıra qədər oxumur".
Mehdi xəlifə olduğu zaman Mədinəyə gəlib Peyğəmbərin qəbrini ziyarət etdikdən sonra imam Kazim (ə) ilə görüşür. İmamı yoxlamaq məqsədi ilə imama sual verir: "Şərab Quranda haram edilibmi? Camaatın əksəriyyəti şərabın Quranda qadağan edilməsini bilir, ancaq bu qadağanın mənasının haram olduğunu bilmir". İmam Kazim (ə) buyurdu: "Bəli şərabın haram olması quranda açıq aşkar buyrulmuşdur". Xəlifə dedi: "Quranın harasında?" İmam buyurdu: "Allahın Peyğəmbərə xitab edərək buyurduğu ayədə - "De ki, Rəbbim yalnız aşkar və gizlin olacaq işləri (zina etmək, lüt gəzmək və s.) hər cür günahı, haqqsızlığı, zülmü... haram buyurmuşdur". (Əraf surəsi ayə 33.) İmam Kazim (ə) bu ayədə digər haram buyurulmuş şeylər barədə danışdıqdan sonra buyurdu: "Allahın bu ayədə haram buyurduğu "hər cür günah" ifadəsində məqsəd şərabdır. Çünki, Allah Özü başqa bir ayədə buyurur: "Ya Məhəmməd! Səndən içki və qumar hqqında sual edənlərə söylə: "Onlarda həm böyük günah, həm də insanlar üçün mənfəət (dünya mənfəəti) vardır. Lakin günahları mənfəətindən daha böyükdür". (Bəqərə surəsi, ayə 219.) Əraf surəsində açıq-aşkar haram buyurulmuş "hər cür günah" ifadəsi Bəqərə surəsində şərab və qumara aid edilmişdir. Buna əsasən şərab Quranda açıq-aşkar haram buyurulmuş və qadağan edilmişdir". Mehdi imam Kazım (ə)-ın bu istinad və sübutuna heyran qalıb ixtuyarsız olaraq orada olan Əli ibn Yəqtinə (onun vəziri idi.) dedi: "And olsun Allaha ki, bu Haşimi fətvasıdır". (Sanki, iftixar etdi ki, əmim oğludur.) Əli ibn Yəqtin də dedi: "Sizə - Peyğəmbər ailəsinə belə elm vermiş Allaha şükr olsun!" (Əl-Furuu min əl-kafi. Cild 6, səh. 406)
Bismillahir rəhmanir rəhim. Qul huvallahu əhəd. Allahus səməd. Ləm yəlid və ləm yuləd. Və ləm yəkun ləhu kuhuvan əhəd.
Sadaqallahul əliyyül əzim.
II XÜTBƏ
Bismillahir rəhmanir rəhim. Əlhəmdulillahi rəbbil aləmin. Vəssalatu vəssəlamu əla Rəsulillah.Və əla Əliyyin əmirilmöminin və əla Siddiqətittahirə və əla sibtəyir rəhmə əl Həsəni vəl Hüeyn və əla Əliyibnil Hüseyn və Muhəmməd ibni Əli və Cəfər ibni Muhəmməd və Musa ibni Cəfər və Əliyibni Musa və Muhəmməd ibni Əli və Əliyibni Muhəmməd vəl Həsən ibni Əli Vəl xələfil Hadiyil Mehdi (s) və əccəlallahu təala fərəcəhuşşərif.
Sizə və özümə İlahi təaqvayə əməl etməyi tövsiyyə edirəm.
Mövzu: 1-ci xütbənin davamı.
Hicrətin 169-cu ilində Mehdi öldükdən sonra onun əyyaş oğlu Hadi Abbasi hakimiyyətə gəldi. O, hətta zahirdə də qayda-qanunlara əməl etmirdi. Tərbiyyəsiz, daşürəkli və nadürüst adam idi.
Hələ atasının sağlığında qardaşı Harunla birgə bəzi xanəndələri müsəlmanların beytül-malı hesabına təşkil etdiyi eyş-işrət məclislərinə çağırtdırıb, şərab içmək və kef çəkib əylənməklə məşğul olurdular. O, hakimiyyətini ilk günüdən Bəni-Haşimə təzyiqlər edirdi. Onların bütün beytül-maldan olan maaşlarını kəsdi. Onlar daim təqib olunurdular. Əmr vermişdi ki, seyyidləri harda tutsalar Bağdada gətirsinlər. (Tarixi-Yaqubi, cild 3, səh. 142)
Bu təzyiqlər Bəni-Haşimin cəsur və igidlərini mübarizəyə qalxmağa sövq edirdi. Özbaşınalığa cavab olaraq imam Həsən (ə)-ın nəvəsi (Fəxx şəhid) Hüseyn ibni Əlinin başçılığı ilə qiyam planı hazırlandı ki, həcc zamanı baş verəcəkdi. Amma Mədinə hakiminin hər gün Bəni-Haşimdən olanların hökümət binasına gəlib özlərini təqdim etmək göstərişinin nəticəsində üsyan tez başladı. Əgər bir nəfər gələ bilmirdisə bir başqa syyidi girov saxlayırdı. Bir gün Mədinə hakimi Hüseyni və Yəhya ibn Abdullahı Bəni-Haşim böyüklərindən birinin hökümət binasına gəlmədiyi üçün girov saxladı. Hakimin bu hərəkəti barıt anbarına vurulmuş od kimi Bəni-Haşimin vaxtından əvvəl üsyan etməsinə səbəb oldu. Hüseynin atası, dayısı, babası, anasının əmisi və digər yaxın qohumları Mənsur Dəvaniqi tərəfindən şəhid edilmişdir. Əslində üsyanı yardan Abbasilərin vəhşilikləri və zülmü idi. Məkkənin 6 milliyində olan Fəxx məntəqəsində 2 qoşun üz-üzə gəldi. Qızğın döyüş baş verdi. Döyüşdə Hüseyn və Bəni-Haşimin adlı-sanlı şəxslərindən şəhid oldular. 100 nəfərə qədər əsir düşdü. Onları Bağdada gətirib edam etdilər. Başlarını xəlifəyə göndərdilər. (H.q. 170-ci il.) Bu faciə o qədər ürək yandırıcı və fəlakətli idi ki, İmam Cavad (ə) (9-cu imam) bu hadisədən bir neçə il keçdikdən sonra buyurmuşdur: "Kərbəla faciəsindən sonra bizim üçün heç bir faciə Fəxx faciəsi kimi dəhşətli olmamışdır". (Biharul-ənvar, cild 48, səh. 165)
İmam Kazim (ə) Hüseynin öz məqsədi uğrunda möhkəm durduğunu gördükdə ona buyurdu: "Baxmayaraq ki, sən şəhid olacaqsan, ancaq cihad və mübarizədə (yenə) möhkəm ol! Bunlar (xəlifə və ordusu) çox pis adamlardır. Zahirdə özlərini imanlı göstərir, həqiqətdə isə heç bir əqidə və imanları yoxdur. Bu yolda mən sənin əcr və savabını Allah-təaladan istəyirəm". (Biharul-ənvar, cild48, səh. 169) Hadi bu üsyanda pərdənin arxasında imam Kazim (ə)-ın olduğuna və onu öldürməyə and içmişdi. Ancaq öz çirkin niyyətini həyata keçirməmiş özü öldü. Bu xəbər Mədinədə sevinc və fərəh ruhiyyəsi yaratdı.
Hadi öldükdən sonra Harun Ərrəşid (h.q. 170-193) hakimiyyətə gəldi. O, çalışırdı ki, imamla olan qohumluq əlaqəsindən istifadə etdin. O, hiyləgərlilə imamın nüfuzunu aşağı salmağa çalışırdı.
Harun bir dəfə imam Kazim (ə)-ı Kəbə evinin yanında gördükdə, ona deyir: "Camaatın gizlicə beyət edib rəhbər bildiyi şəxs sənsən?" İmam Kazim (ə) buyurdu: "Mən camaatın qəlbinə və ruhuna hakiməm. Sən isə onların quru bədənlərinə hakimsən". (Əssəvaiqül-mühriqə, səh. 204)
Harun bir gün imam Kazim (ə)-a dedi: "Siz Əli (ə)-ın övladları olduğunuz bir halda, nəyə görə Peyğəmbər (s) övladı olduğunuzu iddia edirsiniz? Çünki hər bir şəxs ana babasına deyil, ata babasına nisbət verilir". İmam Kazim (ə) onun cavabında "Ənam" surəsinin 84-85-ci ayələrini qiraət etdi: "Biz İshaqı və Yaqubu ona əta etdik. Onların hər birini hidayətə (Peyğəmbərliyə) çatdırdıq. Bundan əvvəl Nuhu və onun nəslindən olan Davudu, Süleymanı, Əyyubu, Yusifi, Musanı və Harunu da, hidayətə qovuşdurmuşduq. Biz yaxşı iş görənləri belə mükafatlandırırıq. Zəkəriyyəni, Yəhyanı və Harunu da. (Hidayətə çatdırdıq) Onların hamısı əməlisalehlərdən idi". Sonra imam yenə də buyurdu: "Bu ayədə İsa (ə) keçmiş böyük peyğəmbərlərin övladlarından hesab olunub. Halbuki, onun atası olmamış və yalnız anası Məryəmin vasitəsi ilə peyğəmbərlərə qohumluq əlaqəsi çatır. Deməli, bu ayədə əsasən qız tərəfdən olan uşaqlar da övlad sayılır. Biz də anamız Fatimə (s) vasitəsi ilə Peyğəmbər (s)-ın övladları sayılırıq". (Nurul-əbsar, səh. 149).
Harun razılaşmaq məcburuyyətində qaldı. Harunun 2000 az yaşlı kənizi var idi. Bunların 30 nəfəri çalıb oxumaq və rəqs etməklə məşğul idi. Bir dəfə əyləncə məclisində 3 milyon dirhəm pulu oynayanların başına səpdi. Başqa bir məclisdə isə bir xanəndəni Misirə hakim təyin etdi. (Corc Zeydan. İslam mədəniyyətinin tarixi, 5-ci cild, səh. 162)
Hələ gənc olanda atasının kənizlərindən birinə vurulur. Atası öldükdən sonra, özü xəlifə olanda hakimlərə rüşvət verərək (analığını) özünə arvad etdi.
Əli ibn Yəqtin ayıq və mətin şiələrdən idi. Zalımların içində şiələri müdafiə etmək üçün imam Kazım (ə)-ın razılığı ilə Harunun sarayında vəzir olmuşdur. İmam Kazim (ə)-ın Əli ibn Yəqini öz vəzifəsində saxlamaqda məqsədi şiələrin can, mal və hüquqlarının qorunması və onlara kömək etmək idi. İmam ona buyurur: "Əgər istəyirsənsə sənin barəndə 3 şeyə zamin olum. Onda sən də bir şeyə zamin ol". Əli ibn Yəqtin soruşur: "O 3 şey hansılardır?" İmam buyurur: "Sənin üçün zamin olduğum bu 3 şey bunlardır:
•1. Əsla sən qılınc və düşmənin əli ilə öldürülməyəcəksən.
•2. Sənin heç vaxt maddi ehtiyacın olmayacaq.
•3. Sən heç vaxt həbs edilməyəcəksən.
"Ancaq sənin zamin olacağın şey isə budur ki, bizim şiələrdən birinin işi sənə düşsə, söz ver ki, onun müşkülünü həll edib, ona hörmət edəcəksən".
Əli ibn Yəqtin imamın şərtini qəbul etdi. İmam da bu 3 şey barədə onun üçün zamin oldu. İmam buyurdu: "Sənin bu məqamın (şiə) qardaşlarının fəxridir. Ümid edirik ki, Allah sənin vasitən ilə məğlubiyyətlərin əvəzini çıxıb, müxaliflərin fitnə alovunu söndürsün". (Biharul-ənvar, cild 48, səh. 136)
Əli ibn Yəqtin gizli şəkildə öz malının xumsunu imam Kazim (ə)-a göndərirdi. Onun dostlarından iki nəfər deyir ki, bir gün Əli ibn Yəqtin bizi yanına çağırıb, bizə pul və məktublar verdi. Və dedi: "İki minik alıb gizli yolla bunu imam Kazim (ə)-a çatdırın. Sizin bu işinizdən heç kimin xəbəri olmasın". Həmin iki nəfər deyir ki, Kufəyə gəlib iki minik vasitəsi aldıq. Tədarük görüb, gizli yolla hərəkət etdik. Bətnür-rəhmə adlı yerdə miniklərdən düşüb, qabağlarına ot qoyduq. Özümüz də nahar etmək üçün oturduq. Bu vaxt yanında da bir yoldaşı olan atlı gəldi. Yaxınlaşanda gördük ki, imam Kazim (ə)-dır. Qalxıb imama salam verdikdən sonra pulu və məktubları imama verdik. O həzrət də bizə bir neçə məktublar verərək buyurdu: "Bunlar sizin məktubların cavabıdır".
Biz imama dedik ki, azuqəmiz az qalıb. Əgər icazə versəniz Mədinəyə gedib həm Peyğəmbər (s)-ın qəbrini ziyarət edib, həm də yol üçün tədarük görərik. İmam bizə buyurdu: "Qalan azuqənizi mənə göstərin". Azuqəmizi imam göstərdik. İmam buyurdu: "Bu sizi Kufəyə qədər görər". O, bizim Mədinəyə getməyimizi məsləhət bilməyib buyurdu: "Siz Peyğəmbər (s)-i (həqiqətdə elə bil ki,) ziyarət etdiniz. İndi isə Allahın pənahı altında geri qayıdın.
Camaat İmam (ə)-a məhəbbət edərək xums və zəkatlarını gizli yollarla imama verirdilər. Harunun da bundan xəbəri var idi. Harunun cəsusları deyirdi ki, müxtəlif ölkələrdən göndərilən xums və zəkatlar o qədər olurdu ki, imam Kazim (ə) bunları toplamaq üçün beytul-mal sandığı hazırlatmışdır. (Biharul-ənvar, cild 48, səh. 232)
Harun imam Kazim (ə)-ı 4 il zindanlarda saxlatmışdır. Harun Mədinədə olanda imam Kazim (ə)-ı hökümət binasında həbs etdirib, zəncirlətdi. İki kəcavə karvanla - birini Bəsrəyə, digərini isə Bağdada yol saldırdı ki, camaat bilməsin. Harun əmr vedi: İmamı Bəsrəyə İsa ibni Cəfər ibn Mənsurun zindanına göndərtdi. O, Bəsrənin hakimi idi. Bir il imam Bəsrə zindanında qaldı. Harunun cəsusları imamı həmişə ibadət halında görürdülər. Harun məktub yazdı ki, hakim onu öldürsün. Hakim isə Haruna məktub yazdı ki, mən bir ildə bir dəfə də görmədim ki, imam mənə ya sənə nifrin edə. O, həmişə ibadətdə Allahdan məğfirət istəyir. Mən onu öldürə bilmərəm. Ya məndən təhvil al, ya da mən onu azad edəcəm.
Sonra imamı Bağdadda Fəzl ibn Rəbiyyəyə təhvil verdilər. Harun ona da əmr verdi ki, imamı şəhid etsin. O da qəbul etmədi. Harunun əmri ilə imamı Kazim (ə)-ı Fəzl ibn Yəhyayə təhvil verərək ev dustağı etdilər. Harun imamı Səndi ibn Şəhakın zindanına saldırdı. Həbsxananın damından baxanda orada bir əba düşdüyünü zənn edirdilər. (Yəni imam çox zəifləmişdi və həmişə ibadət də idi.) Sonra Harun zəhərlənmiş xurmaları Şəhaka göndərir və əmr edir ki, imamı məcburi yedizdirsin. Sonra Şəhak 80 nəfər şahidi zindana dəvət edir ki, baxın onda heç bir zorakılıq əlaməti yoxdur. İmam buyur ki, mən zahirdə sağlamam. Lakin mənə 9 dənə zəhərli xurma yedizdirdilər. Zəhərin təsiri ilə bu gün mənim rəngim qızaracaq, sabah isə saralacaq, o biri gün isə rəngim ağaracaq və mən şəhid olacağam.
"Teyyül-ərz" ilə imam Rza (ə) Mədinədən Bağdada gəlib atasını qüsl və kəfən edib, namazını qıldı. Harun imamın nəşini aşağı səviyyədə dəfn etdirmək istəyirdi. Lakin şiələr silahlanıb böyük dəstələrlə nəşi əhatə etdilər. Qiymətli kəcavəyə qoyub öz çiyinlərində aparıb, "Məqariri-Qurəyş" adlanan qəbristanlıqda böyük ehtiramla dəfn etdilər. İndi o yer Kazimeyn şəhəridir.
Allah bütün zalımlara lənət etsin...
Bismillahir rəhmanir rəhim. İnnə ətəynəkəlkausər. Fəsəlil lirəbbikə vənhər. İnnə şaniəkəhuvələbtər. Sadaqallahul əliyyül əzim.