Əsas » Məqalələr » CUMƏ XÜTBƏLƏRİ » ŞAMAXI ŞƏHƏR İMAMZADƏ MƏSCİDİNİN CÜMƏ XÜTBƏLƏRİ (15.I.2010)

 

Xətib: HACI ELŞƏN RÜSTƏMOV                 

Bismillahir Rəhmanir Rəhim

Əssəlamu əleykum və rəhmətullah

Sizə və özümə ilahi təqvaya əməl etməyi tövsiyə edirəm                                 

 

I XÜTBƏ

 

 Mövzu: Xəstəni yoxlamağın savabı və ölümə hazırlıq.

 Maidə surəsi 2-ci ayədə Allah-təla buyurur: "Ey iman gətirənlər... Yaxşılıq etməkdə və pis əməllərdən çəkinməkdə əlbir olun. Günah iş görməkdə və düşmənçilik etməkdə bir-birinizə kömək göstərməyin. Allahdan qorxun. Həqiqətən Allahın əzabı şiddətlidir". Bir sıra xəstəliklər vardır ki, Allahın imtahan nemətidir. Bəzi xəstəliklər də günahların yuyulmasıdır. Məsələn: Bir nəfər xəstələnmişdir. İmam Sadiq (ə)-ı görən kimi dedi: "Ya imam mən xəstələnmişəm". İmam buyurdu:"Bu xəstəlik sənin üçün mübarək olsun". Yəni xəstəliyin özündə də Allahın xeyir və bərəkəti vardır.
 Xəstəni ziyarət etmək çox böyük bir mədəniyyətdir. İnsanın səmimi, mehriban, qayğıkeş və mömün, Allahçı olmasının bariz nümunəsidir.

 İmam Baqir (ə) buyurur ki, Musa (ə) Allahla olan minacatlarından biri bu idi: "İlahi məni xəstələri yoxlamağın savabından agah et". Allah-təala buyurdu: "Mənim təyin etdiyim bir məlaikə xəstəni yoxlayanı qəbirdən məşhərin səhrasına daxil olana qədər müşayət edib yoxlayar". Musa (ə) soruşdu:
"Bəs o kəslər ki, vəfat etmişi qüsul edərsə nə savabı vardır?" Allah-təala buyurdu: "Onun bütün günahlarını elə yuyarıq ki, anadan olduğu gündəki kimi pak olar". Sonra Musa (ə) soruşdu: "İlahi dəfndə iştirak etməyin nə savabı vardır?" Allah-təala buyurdu: "Əlində bayraqlar olan bir dəstə məlaikə qəbrdən ərəsati-məşhərə qədər onu müşayət edərlər." Musa (ə) soruşdu: "Bir vəfat etmişin övladına təsəlli və təskinlik verib onu qəm-qüssədən uzaqlaşdırmağın nə savabı var?" Allah-təala buyurdu: "Qiyamət günü köməyə çatan olmayanda Mən onun köməyinə yetişərəm (Səvabül-əmal, səh. 223)

 Dinimizdə mühüm işlərdən biri də xəstələrə yardım göstərməkdir. Həzrət Peyğəmbər (s) buyurur: "Kim çalışıb bir xəstənin ehtiyaclarını ödəyərsə günahları elə yuyular ki, təzə anadan olmuş uşaq kimi pak olar". Bir nəfər ənsar dedi: "Ey Allahın Rəsulu (s) əgər xəstə onun ailəsindən biri olsa necə?"

Peyğəmbər (s) buyurdu: "Xalqın içərisində savab baxımından o adam mərddir ki, öz ailəsinin ehtiyaclarını ödəmək üçün səy göstərib çalışar. (Səvabül -əmal, səh. 241)

 Hərəti Peyğəmbər (s)  buyurur: "Əgər kim bir xəstənin görüşünə gedərsə, evinə qayıdana qədər hər addımının sayına 70000 savab yazılar; 70000 günah onun əməl dəftərindən pozular. Onun üçün 70000 dərəcə və rütbə uca olan Allah verər. 70000 məlaikə onu qəbrdə gömək üçün təyin edilər və onun üçün qiyamət gününə qədər dua edərlər. (Səvabül-əmal, səh 345)

 Xəstəni yoxlamağa gedəndə hədiyyə aparmaq yaxşı əməllərdən biridir. Bir neçə nəfər Əli (ə)-ın dostlarından bir xəstənin görüşünə gedərkən yolda imam Sadiq (ə)-la rastlaşdılar. Həzrət buyurdu: "Hara gedirsiniz?" Onlar dedilər: "Xəstənin görüşünə gedirik." İmam buyurdu: "Özünüzlə meyvə və ya bir şey xəstə üçün götürmüsünüz?" Dedilər ki, özümüzlə bir şey götürməmişik. Həzrət buyurdu: "Məgər bilmirsiniz ki, hədiyyə xəstənin əhval ruhiyyəsinin yaxşılaşmasına səbəb olur?" (Əl-hədis, 2-ci cild, səh. 340)

 İmanı zəyif olan xəstələr şikayətlənirlər. Başqalarına qarşı pis mövqedə olurlar. Hətta Allaha üsyan edib ası olurlar... Amma mömün adamlar Allahdan həmişə razı qalıb şükr edirlər. Məsələn: Hüccətil-islam Mirməhəmmədtəqi ağa Nəcəf alimi idi. O, ömrünün son 3 ilini yataq xəstəsi oldu. Kim ağanı ziyarət etməyə gedirdisə ağadan ancaq şükr, həmd olsun Allaha kəlməsi eşidirdilər. 1978-ci il vəfat etdiyi günə qədər.
 Elə ki, imam Sadiq (ə)-ın oğlu İsmayıl vəfat etdi, imam otağına daxil olub çölə geyindiyi paltarlarını geyindi, saçlarını darayıb məclisə daxil oldu. Həmişə oturduğu yerdə təmkinlə əyləşdi. Elə bil ki, heç övlad dağı görməyib. Bu barədə imamdan sual etdilər. İmam buyurdu: "Biz bir ailədənik ki, Allahın istəyi müqabilində itaət edərik. Əgər bir şeyi xoşlayırıqsa Ondan istəyərik. Əgər O neməti bizə inayət edib verdisə şükr edərik. Əgər məsləhət belə olub ki, bizim istəyimizin əksinə ola, biz həmişə Allahın istəyindən razıyıq, yenə də şükr edərik."

 Yasin surəsi 12-ci ayədə Allah-təala buyurur: "Həqiqətən ölüləri dirildən, onların (dünyada) nə etmiş olduqlarını və qoyub getdiklərini yazan Bizik. Biz hər şeyi hesaba alıb lövhi-məhfuz da (yaxud Zəmanə imamının yanında) təsbid etmişik."

 Əmbiya surəsi 35-ci ayədə Allah-təala buyurur: "Hər bir kəs (hər bir canlı) ölümü dadacaqdır. (Dözüb-dözməyəcəyinizi, şükr edəcəyinizi, yaxud nankor olacağınızı) yoxlamaq məqsədi ilə Biz sizi xeyir və şərlə (sağlamlıq, var-dölət, xəstəliklə, yoxsulluq və ehtiyacla) sınağa çəkərik. Və siz (qiyamət günü əməllərinizin əvəzini almaq üçün) ancaq bizim hüzurumuza qaytarılacaqsınız!"

 Xəstəliyin əlamətlərindən bir də ölümə yaxınlaşmaqdır. O, mütləq və mütləq olacaq ölümə hazır olmalıyıq.

 Əli (ə)-dan sual etdilər: "Ölümə necə hazırlaşmaq lazımdır?" Həzrət buyurdu: "Vacibata əməl etmək, haramlardan uzaq olmaq və əxlaqi keyfiyyətlərdən faydalanmaqla." (Məcmueyi-vəram, 2-ci cild, səh. 253)

 Vəsiyyət etmək və vəsiyyətə əməl etmək də islamda mühüm məsələrdəndir. Həzrət Peyğəmbər buyurur: "Əgər bir kəs vəsiyyət etmədən ölərsə cahiliyyət (islamdan qabaqkı) dövründə ölmüş kimidir. (Müşkatul-ənvar, səh. 345)

 Həzrət Peyğəmbər (s)  buyurur: "Münasib deyil ki, müsəlman gecəni yata vəsiyyətnaməsi başının altında olmaya (Müşkatul-ənvar, səh. 345)
 İmam Sadiq (ə) buyurur: "Əgər bir kəs ölüm vaxtı öz irs aparan yaxınlarına vəsiyyət etməyə öz əməl dəftərini məsiyyət və günahla sona çatdırmışdır." (yenə həmin mənbə) Peyğəmbər (s) buyurur: "Əgər bir kəs ölümdən qabaq öz vəsiyyətini dəqiqləşdirməsə, bu onun ağıl və şəxsiyyətinə nöqsandır". (yenə həmin mənbə)

 

 

 

II XÜTBƏ

 1-ci xütbənin davamıdır.

 Əli (ə) buyurur: "Cənnəti 6 nəfərə zəmanət verirəm."

 1. O kəs ki, sədəqə vermək niyyəti ilə evdən çıxa, yolda vəfat edə.

 2. O kəs ki, xəstəyə dəymək məqsədi ilə evdən çıxa, yolda vəfat edə.

 3. O kəs ki, Allah yolunda cihada getmək məqsədi ilə evdən çıxa, yolda vəfat edə

 4. O kəs ki, həccə getmək məqsədi il evdın çıxa, yolda vəfat edə.

 5. O kəs ki, cümə namazı qılmaq məqsədi ilə evdən çıxa, yolda vəfat edə.

 6. O kəs ki, bir müsəlmanın dəfnində iştirak etmək məqsədi ilə evdən çıxa, amma yolda vəfat edə.

 Bu 6 dəstənin ki, niyyəti yaxşı və saleh əməllərdir, Əli (ə) zəmanəti ilə behiştə gedəcəklər. Həzrətin şəfaəti onlara nəsib olacaq.

 Dəfndə iştirak etmək insanın yadına ölüm və axirəti salır. İmam Sadiq (ə) buyurur: "Əgər bir kəs cənazənin aparılmasında hər 4 tərəfindən də iştirak edə, təzə anadan olmuş uşaq kimi bütün günahları yuyular".

 İmam Sadiq (ə) buyurur: "Kim istəyə ki, ölümün çətinlikləri onun üçün asan ola, gərək həmişə öz məhrəm və yaxınlarına köməklik edə. Öz valideynlərinə yaxşılıq və hörmət edə. Belə olduqda uca olan Allah can verməyin çətinliklərini onun üçün asanlaşdırar. Nə qədər həyatdadır fəqirlik, kasıblıq və fəlakət ondan uzaq olar". (Təraiful-hekəm, 1-ci cild, səh. 149)

 İnsan can üstə olarkən ona bəzi şeyləri öyrətmək və yadına salmaq lazımdır. Əbu Bəsir deyir: "Mən və əshabdan bir dəstə imam Baqir (ə)-ın mübarək məhzərində idik. Həzrətə ərz etdik ki, Əkrəmə can üstədi. Eləcə də onun "xəvaricə" əqidəsi var idi. İmam Baqir (ə) bizə dedi: "Mənə möhlət verirsiniz onu görüm, gəlim?" Dedilər: "Bəli". Çox çəkmədi ki, imam qayıtdı və dedi: "Əgər Əkrəməni ruhu bədənindən çıxmazdan qabaq görsəydim, ona lazımı kəlmələri öyrədərdim ki, ona xeyri olsun. Amma ona bir vaxtda yetişdim ki, iş-işdən keçdi". Bəs ərz etdim: "Sənə fəda olum, o kəlmə nədir?" Həzrət buyurdu: "And olsun Allaha sizin o kəlama etiqadınız var. Bəs can üstündə olanlarınıza şəhadətini və vilayətə olan şəhadəti xatırladıb təlqin edin". (Vəsilüş-şiə, 2-ci cild, səh. 665)

 Kimin Əli (ə)-ın vilayətinə məhəbbəti və dostluğu olarsa onun aqibəti xeyir olacaqdır. İmam Sadiq (ə) buyurur: "Bir gün Peyğəmbər (s) öz əsabı ilə əyləşmişdi. Birdən gördü ki, 4 nəfər qara zənci cənazəni çiyinlərinə alıb aparırlar. Peyğəmbər (s) buyurdu: "Cənazəni mənim yanıma gətirin".

Cənazəni o həzrətin bərabərinə gətirdilər. Həzrət onun üzünü açıb qara qulam olduğunu gödü. Sonra üzünü Əli (ə)-a tutub buyurdu: "Ey Əli, bu Ali-Nəccarın qulamı Riyahdır". Əli (ə) buyurdu ki, ey Allahın Rəsulu (s) bu qulam nə vaxt məni görürdü deyirdi: "Ey Əli (ə) mən səni çox istəyirəm." Həzrəti peyğəmbər əmr verdi onu qüsl etsinlər. Peyğəmbərin paltarlarından birindən ona kəfən düzəltdilər. Peyğəmbər (s) ona namaz qıldı. Sonra onu bir dəstə müsəlmanlar qəbrin kənarına qədər müşayət etdilər. Asimandan şiddətli bir səs eşitdilər. Peyğəmbər (s) buyurdu: "70000 məlaikə qəbiləsi, hər qəbilədə də 70000 məlaikə onun dəfnində iştirak edirlər. Sonra üzünü Əli (ə)-a tutub buyurdu: "Ey Əli and olsun Allaha bu cəlal və məqama sənə olan dostluq və məhəbbət nəticəsində çatıbdır". Sonra onun cənazəsini qəbrə qoydular. Peyğəmbər (s) bir saat üzünü kənara çevirdi. Sonra ləhədi örtdülər.

 Əshab soruşdu: "Ey Allahın Rəsulu niyə bir saat üzünü kənara çevirdin?" Peyğəmbər (s) buyurdu: "Allahın dostu dünyadan gedəndə susuz idi. Hürul-eyindən olan həmsərləri ona su gətirirdilər. (Allahın dostları və övliyalar qeyrətlidirlər) Ona görə də mən bu qara qulamın su gətirənlərinə baxmaqdan həya etdim. Bir saat üzümü kənara çevirməyimin səbəbi bu idi". (Biharul-ənvar, 39-cu cild, səh. 289)

 Vəfat etmişlərin bağışlanması üçün dua etmək, vəhşət namazı qılmaq, qəbrlərini ziyarət etmək savabdır. Onlara sədəqə, ehsan etmək ruhlarının şad olmasına səbəb olur. İmam Sadiq (ə) buyurur: "Əgər bir mömün vəfat edə 40 nəfər mömün onun dəfnində iştirak edib şəhadət verib deyələr ki, İlahi, həqiqətən biz onun barəsində yaxşı şeydən başqa heç bir şey bilmirik. Amma bizdən daha yaxşısını Sən bilirsən. Uca olan Allah buyurar: "Sizin şəhadətinizi qəbul etdim və Mənim bildiyim sizin bilmədiyiniz günahlarını da bağışladım".

 İmam Sadiq (ə) buyurur: "Əgər bir kəs bir vəfat edənin niyyətinə (ehsanına) sədəqə verə və ya kasıblara köməklik edə, Allah-təala Cəbrayıl (ə)-a əmr edər: "70000 məlaikə hər birinin əlində behiştin hədiyyələri ilə dolu olan tabaqları o vəfat edənin qəbrinə apararlar. Ona salam verib deyərlər: "Ey Allahın dostu bu hədiyyələri filankəs filan oğlu göndərib". (Təraif, 2-ci cild, səh. 15)
 Vəfat etdikdən sonra qəbrdə mömünlə kafirə eyni münasibət bəslənilmir. Yaxşıya-yaxşı, pisə-pis. Nə tökərsən aşına oda çıxar qaşığına (qarşına).

 Həzrəti Musa ibn Cəfər (ə) 7-ci imam buyurur: "Elə ki, mömini qəbrə qoydular Nəkir və Münkər ona sual edərlər. "Sənin Rəbbin kimdir?" Cavab verər ki, Allah. Sonra suruşarlar ki, dinin hansıdır? Cavab verər ki, İslam. Sonra soruşarlar ki, Peyğəmbərin (s) kimdir? Cavab verər ki, Məhəmməd (s).

Sonra soruşarlar ki, imamın kimdir? Cavab verər ki, 12 imam. Birinci Əli (ə) axırıncı isə imam Zaman (ə)-dır. Sonra soruşarlar ki, bu əqidəni və kəlmələri haradan bilirsən? Cavab verər ki, uca olan Allah məni bir yola hidayət etdiki, oradan öyrəndim. Sonra ona deyərlər: "Çox rahat yat. Sənə heç bir qəm və narahatçılıq yoxdur". Sonra o mömin deyər: "İlahi, qiyaməti tez et ki, mənə verdiyin mükafatlara yetişim".

 Elə ki, kafir adamı qəbrə qoyarlar Nəkir və Münkər ondan sual edərlər ki, Rəbbin kimdir? Deyər ki, Allah. Peyğəmbərin kimdir? Deyər ki, Məhəmməd (s). Dinin hansıdır? Deyər ki, İslam. Sonra ondan soruşarlar bu cavabları hardan bilirsən? Deyər: "Camaatdan eşitmişəm". Yəni bu adamın Allaha etiqadı olmayıb. Sadəcə olaraq eşidib. Sonra imam Museyi Kazım (ə) buyurdu: "Necə ki, filiz alovun istiliyi ilə əriyər kafirin də cənazəsini o cür əridərlər. Təzədən onu əvvəlki hala gətirib ruhunu bədəninə daxil edərlər. Onun bədənini (qəlbini) oddan olan iki lövhənin arasına qoyarlar". Sonra o, deyər: "İlahi, qiyaməti gecikdir". Çünki, qiyamətin əzabı qəbrin əzabından daha çox şiddətlidir". (Təraiful-hekəm, 1-ci cild, səh. 153).

 İmam Həsən (ə) buyurur: "Ey Cünadə! Axirət səfərinə hazır ol. Ömrün sona çatmamış axirət tədarükün olsun. Bil ki, sən bir dünya (mal-dövlət) axtarışındasan, ölüm isə sənin axtarışındadır. Heç vaxt sabahın dərd-qəmini (o ki, hələ gəlməyib) bu gün çəkmə". (Müntəhəl-əmal)

 Əli (ə) "Nəhcül-bəlağə" kitabında buyurur: (İmam Həsən (ə)-a) "Oğlum! Ölüm, ölümdən sonra qəfil rastlaşacağın hadisələri tez-tez (çox xatırla. Ölümü gözlərin qarşısına gətir. Yanına gələnədək özünü bəzə, hazırla. Məbadə qəfil peyda olub, səni məğlub edə, aldanmış vəziyyətdə tapa. Axirət, onun nemətlərini və dərdli əzablarını (çox) tez-tez xatırla. Həqiqətən axirəti düşünmək sənə dünyada pəhrizkarlığı öyrədər və dünyanı kiçik, xar göstərər.

 Məbada, dünyaya könül verən, dünya üstə bir-birlərinin üstünə şığıyan dünya əhlinin mehri səni çaşdıra. Çünki Allah səni dünyadan xəbərdar etmiş, dünya öz necəliyini sənə açmış və sənin üçün öz çirkinliyi üzərindən pərdəni qaldırmışdır."

 Ölüm düşüncənin tərbiyəvi əhəmiyyətidir. Əli (ə)-ın bu xəbərdarlıqlarından sonra müsəlman şəxs heç vaxt ölümü unutmamalıdır. Ölüm və axirətə əsl inam odur ki, insan ölümü yaddan çıxarmasın. Əli (ə) ölüm düşüncəsinin müsbət təsirlərindən danışaraq, bizi bu düşüncəyə rəğbətləndirir. Ümid edir ki, bu düşüncə həqiqət yolunun seçilməsində təsirli olsun. Qurani-Kərimdə daha çox əhəmiyyət verilmiş məsələlərdən biri axirət həyatı və ölümün xatırlanmasıdır. Doğurdan da axirətə inam, əbədi həyata diqqət insanın rəftarında, tərbiyəsində mühüm rol oynayır. Əksər insanlar Allaha inanır, amma bu inam onların həyat tərzini dəyişmir. Onlar istədikləri kimi yaşayır və Allahın razılığını nəzərə almırlar. Amma axirət inamı insanın həyat tərzinə təsir göstərir. Onu bir başqa şəkildə yaşamağa vadar edir. Axirətə inanan şəxs anlayır ki, öz istədiyi kimi yaşasa bədbəxt olacaq və əbədi əzaba qovuşacaqdır. Axirət həyatına inanan şəxs axirət əzabını nəzərdən qaçıra bilmir. Düşüncəli insan əbədi axirəti müvəqqəti dünya həyatı ilə müqayisə etdikdə, şübhəsiz ki, əbədini qoyub məhdud həyatı seçəsi deyil. Amma elə Allah aşiqləri var ki, əfsus ki, belələri çox azdır. Allah razılığını hər şeydən üstün tutmuş imam Hüseyn (ə)-ın Kərbəla inqilabı bunun bariz nümunəsidir.

 

Allah-təala bizləri Hüseynin (ə) həqiqi aşiqlərindən qərar versin.

 AMİN!

 

Copyright 2008 © Imamhuseyn.org