Əsas » Məqalələr » CUMƏ XÜTBƏLƏRİ » ŞAMAXI ŞƏHƏR İMAMZADƏ MƏSCİDİNİN CÜMƏ XÜTBƏLƏRİ (08.I.2010)

 

Xətib: HACI ELŞƏN RÜSTƏMOV                 

Bismillahir Rəhmanir Rəhim

Əssəlamu əleykum və rəhmətullah

Sizə və özümə ilahi təqvaya əməl etməyi tövsiyə edirəm                                 

 

I XÜTBƏ

 Mövzu: "Günah".

 

 Ənam surəsinin 151-ci ayəsində Allah-təala buyurur: "Pis işlərə yaxın durmayın. İstər gizlində olsun, istərsə də aşkarda".

 "Onu etməyin" kəlməsi ilə "ona yaxın durmayın" kəlməsi günahın mahiyyəti haqqında iki cür xəbərdarlıqdır. Məsələn, neft haqqında deyirik: Ona "kirbit vurmayın", amma benzin haqqında "kirbiti ona yaxınlaşdırmayın" ifadəsini işlədirik. Çünki benzinin təhlükəsi neftin təhlükəsindən daha çoxdur.

Kirbitin benzinə yaxınlaşması daha çox təhlükə yarada bilər. Quranda zina etmək, kafirlərin məscidül harama daxil olmaları kimi günahlar haqqında "ona yaxınlaşmayın" ifadəsi işlənmişdir. Məsələn Allah-təala buyurur: "Kafirlər məscidül harama yaxınlaşmamalıdırlar!" Digər ayələri də misal çəkmək olar. Mələklərin etirazına baxmayaraq Allah-təala xəlifə və canişin adlandırdığı insanı yartdı - Bəqərə surəsi 30-cu ayə... Beləki insanda bəzi xüsusiyyətlər vardır ki, onları öyrənib onlardan düzgün şəkildə istifadə etmək lazımdır. Əli (ə) buyurur: "Allah-təala mələklərə ancaq ağıl verdi (onlar həmişə ibadətlə məşquldurlar), heyvanlara isə ancaq qəzəb və şəhvət verdi. Amma insana onların hamısını (ağıl, şəhvət və qəzəb) bağışlayıb, onu şərəfli məxluq etdi".

 Əgər insan öz ağlının istəklərini yerinə yetirsə onun Allah yanında mənəvi məqamı mələklərdən də üstün olacaqdır; yox əgər qəzəb və şəhvətinin istəklərinə tabe olsa, onda heyvandan da aşağı səviyyədə olar. Quranda öz ağlını bir kənara qoyub ancaq heyvani qərizələrdən (istəklərdən) bəhrələnən insanlar haqqında Allah-təala Əraf surəsi 179-cu ayədə buyurur: "Heyvan kimi şeydir onlar, yox heyvandan da betərdilər, doğru yoldan çox uzaq düşüblər".

 Böyük islam alimlərinin buyurduqlarına əsasən insana günaha zəmin yaradan 3 qüvvə vardır:

 1. Şəhvət.

 2. Qəzəb.

 3. Vəhşiyyə qüvvəsi.

 Birinci şəhvət qüvvəsidir ki, ondan düzgün istifadə olunmazsa insanı fəsad və çirkab bataqlığına tərəf yönəldib onu batırar. Məsələn: "Bir abid var idi. Allah yanında nə dua edirdisə qəbul olurdu. Bir gün iki qardaşın bir bacısı ruhi cəhətdən xəstələndi. Onlar abidin evinə gəldilər. Abid namaz qılırdı. Namazı uzun çəkdi. Qaradaşlar bacılarını onun evində qoyub getdilər. Düşündülər ki, o ağıllı adamdır. Dua edər bacımız sağalar... Namazdan sonra abidi şeytan yoldan çıxartdı. Şəhvət üstün gəldi. Zina etdi. Sirr batsın deyə qızı öldürüb həyətdə basdırdı. Şeytan hamıya xəbər verdi. Divanxanadan gəlib meyidi yerdən çıxartdılar. Hökm verildi ki, abid edam olunsun. Kəndir abidin boğazında olanda şeytan gəlib dedi: "Bilirsən mən kiməm?"
Abid dedi: "Yox". Şeytan dedi: "Şəni bura gətirib çıxardan mənəm. İstəyirsən səni azad edim. Abid dedi: "Bəli". Şeytan dedi: "Mənə səcdə et". Abid dedi: "Axı boğazım kəndirdədir". Şeytan dedi: "Gözlərinlə işarə et bəsdir". Abid də icra elədi. Şeytan sevinərək dedi: "Mən şeytanam. İstəyirdim sən kafir olaraq bu dünyadan gedəsən. Buna da nail oldum..."

 İkinci qəzəb qüvvəsidir ki, insanın qəzəblənməsinə səbəb olur. Qarşısı alınmazsa insanı başqalarına zülm, təcavüz və əziyyət etməyə vadar edər. Məsələn: "Bir gün şeytan Nuh peyğəmbərə dedi: "İcazə ver sənə 1003 nəsihət edim". Nuh peyğəmbər dedi: "Məndən uzaq ol! Səndən xeyir qəlməz". Şeytan çox israr etdikdə Nuh (ə) dedi ki, 1000-i qalsın 3-nü de. Şeytan dedi: "Ey Nuh (ə) əgər bir ehsanat eləmək istədin onu tez et. Əgər ləngiyəsən o ehsanatı etməyə səni qoymaram. İkinci: Bir yerə getdin qapını döy. Qadın səsi gəlsə, kişi olmasa səni günaha batıraram. Odur ki, tez ordan uzaqlaş. Üçüncü: Elə ki, qəzəbləndin olduğun yerdən başqa yerə get. Əgər getməsən səni günaha batlraram.
 Üçüncü vəhşiyyə və ya şeytanın yaratdığı qorxu qüvvəsidir ki, insanı özünü uca tutmaq, bütün şeyləri özü üçün istəmək, başqalarının hüququna təcavüz etmək və bu kimi qünahlara yönəldir. Günahların mahiyyəti, yaranma səbəbləri haqqında fikirləşəndə onda görürük ki, onların çox hissəsi bu 3 qüvvədən faydalanıb.

Bu 3 qüvvənin insan vücudunda olması zəruridir. Lakin əgər onlardan düzgün istifadə olunmazsa istənilən qədər günahların meydana gəlməsinə şərait yaradacaqlar. Aydınlıq üçün bir misala diqqət yetirək. Çayın suyu bağlar və əkin sahələri üçün həyat rəmzidir. Əgər çayın qarşısında bir bənd düzəldilsə və çayın suyu o bəndə yığılsa bu halda suyun heç bir zərəri yoxdur. Əksinə, suya ehtiyac olan zaman ondan istifadə edəcəyik. Amma əgər çayın qarşısında bənd düzəldilməsə şübhəsiz, sel gələndə bütün evlərə, bağlara və əkin sahələrinə ziyan vuracaqdır. İnsan da belədir. Qəzəb qüvvəsi insana lazımdır ki, özünü qoruya bilsin. Eləcə də şəhvət qüvvəsi təbii istəklərə cavab vermək və nəsil artırmaq üçün lazımdır. Lakin bu 2 lazımlı qüvvə öz hədlərini aşsa və onlardan düzgün istifadə olunmasa, cəmiyyətdə çoxlu cinayətlərə və cinsi əxlaqsızlıqlara səbəb olacaqlar.

 Quranda və çoxlu hədislərdə insanın qəlbindən danışılır. Qəlb, dərkedici hislərin, idrak qüvvəsinin mərkəzidir. Yaxşı işlər qəlbin sağlam olmasından, pis işlər isə qəlbin çirkinliyindən xəbər verir. Biz insanlar Allaha ibadət etməklə və günahlardan qorunmaqla yanaşı,qəlbimizin sağlamlığı ilə də məşğul olmalıyıq. "Sağlam bədəndə sağlam ruh olar" - zərb-məsəli də bu xüsusda yaranmışdır. Quranda 132 dəfə "qəlb" sözü işlənmişdir.

Çoxlu ayələrdə kafirlər, münafiqlər və günahkarların qəlbi möhürlənmişdir, xəstə, yolunu azmış və bu kimi ibarələrlə qeyd edilmişdir. İmam Sadiq (ə) buyurur: "Mömünün qəlbi iki hissədən ibarətdir: Birinci, şeytanın vəsvəsə etdiyi yer. İkinci mələklərin daxil olduğu hissə. Ona görə də, Allah-təala buyurur: "Allah mömünlərə ruhun vasitəsi ilə kömək etdi". (Üsuli-kafi 2-ci cild, səh. 276.)

 Mücadilə surəsi ayə 22-də Allah-təala buyurur: "Allah onların qəlbinə iman yazmış və öz dərgahından onlara ruh, güc vermişdir". Yəni möminlərə iman və hidayət nuru əta etmişdir. Naziyyə surəsinin 37, 38, 39-cu ayələrində Allah-təala buyurur: "Kim (bu dünyada) azğınlıq etmişsə; dünyanı axirətdən üstün tutmuşsa; şübhəsiz ki, onun yeri cəhənnəmdir!"

 Günahı təyin edən meyarlardan biri də, insanın niyyətinin yaxşı və pis olmasıdır. Yaxşı niyyət yaxşı işlərə səbəb olur, pes niyyət isə çirkin işlərə zəmin yaradır. Həzrət Peyğəmbər (s) buyurur: "Mömünün niyyəti onun əməlindən yaxşıdır. Kafirin niyyəti isə onun əməlindən pisdir və hər bir şəxs öz niyyəti əsasında iş görür". (Üsuli-kafi, 2-ci cild, 84-cü səh.)

 Deməli insanın niyyəti və fikri onun həyatında gördüyü bütün işlərin mənşəyi və mərkəzidir. Əgər bu mərkəz sağlam olsa onda insan yaxşı işlərlə məşğul olacaqdır. Yox əgər çirkin olsa onda insanın günah və fəsadla məşğul olmasına gətirib çıxaracaqdır. Mömün şəxsin fikri, və niyyəti sağlam olduğu üçün onun işləridə düzgün və sağlam olur. Əksinə, kafir adamın çirkin fikri və pis niyyəti pis işlərin yaranmasına səbəb olur. Onun fikri o qədər bulaşıqdır ki, hər bir zaman ən böyük günahları belə etməkdən çəkinmir.

 İnsanın niyyətinin, fikrinin formalaşmasında qida, dost, mühit və bu kimi amillərin mühüm rolu vardır. Məsələn: Qida halal, yaşayış mühiti və eləcə də dost yaxşı olarsa insanın niyyət və fikrinin sağlam olmasına səbəb olacaq. Əgər yemək haram, mühit qeyri-sağlam və dost pis yoldaşdırsa onda insan istər-istəməz düşdüyü vəziyyətə uyğun tərbiyələnəcək və dünyadakı pis əməllərin sayını artıracaq.

 Dinimizdə yalnız xalis və pak niyyətələ görülən işlər Allah dərgahında qəbul olur. Həzrət Peyğəmbər (s) bu barədə buyurur: "Allah-təala hətta zərrə qədər riyakarlıqla qarışıq olan işləri qəbul etmir". (Üsuli-kafi, cild 2, səh. 125.) Başqa bir hədisdə imam Sadiq (ə) buyurur: "Mömün bir şəxs yaxşı işi niyyət edib, amma onu yerinə yetirə bilməzsə, həmin şəxs üçün Allah dərgahında bir (fikir) savabı yazılar; və əgər o işi yerinə yetirsə 10 bərabər savab yazılar. Lakin o işi niyyət edib onu etməzsə, onun üçün heç bir cəza olmayacaqdır". (Üsuli-kafi cild 2, səh. 125.)

 İnsanın gördüyü yaxşı və pis işlərin digər bir səbəbi onun düşüncə tərzidir. Sağlam düşüncə təmiz məhsul verir. Əksinə, pis dünyagörüşünun nəticəsi isə zay məhsul verir.

 

 Uca Allah bizləri əməli salehlərdən qərar versin.

 Amin!

 

 

 

 

II XÜTBƏ

 

 Qəsəs surəsi 83-cü ayədə Allah-təala buyurur: "Odur axirət evi! Onu o kəslərə verərik ki, yer üzündə lovğalıq etməyiblər və qarışıqlıq salmaq və fəsad törətmək fikrində deyillər. Gözəl aqibət də təqvalılara məxsusdur".

 Ayəyə əsasən lovğalıq və fitnə, fəsad törətməyin haqqında fikirləşməyin belə günah olduğu məlum olur.

 İmam Əli (ə) buyurur: "Hər kəs öz ayaqqabısının bağının, dostunun ayaqqabısının bağından yaxşı olmasından qürrələnsə bu ayə o kəsə şamildir". (Cəvamiül-came təfsirində.) O Həzrət bşqa bir hədisdə buyurur: "Hər kəs günah etmək haqqında çox fikirləşsə, (bu fikirlər) onu günah etməyə vadar edər". Günaha zəmin yaradan amillər aşağıdakılardır:

 1. Günahın mədəniyyət və tərbiyyə ilə bağlı amilləri: Məsələn, İngiltərə və Hollandiyada eyni cinslərin evlənməsi qanundur.

 2. Ailə mühiti ilə bağlı amillər.

 3. İqtisadi məsəllərlə bağlı amillər.

 4. İctimai mühitlə bağlı amillər.

 5. Psixoloji cəhətlərlə bağlı amillər.

 Günah səbəb olan amillərdən biri nadanlıqdır. Allaha, günahın zərərli təsirlərinə və bu kimi şeylərə qarşı nadan və biganə olmaq, insanı günaha tərəf yönəldir. Məsələn: Tibb elmindən başı çıxmayan bir şəxs mikrobla dolu bir yeməyi asanlıqla yeyir. Lakin savadlı bir şəxs isə, bu işi heç vaxt görməz.

 Cahiliyyə dövründə insanların həyatının bütün sahələrini bürümüş günahların çoxu nadanlıq və bilməməzlikdən baş verirdi. Məsələn, Əraf surəsi 138-ci ayədə: "Musanın qövmü dedi: "Ey Musa! Bunların bütləri olduğu kimi, bizə də bir tanrı düzəlt!" Musa dedi: "Siz həqiqətən cahil tayfasınız". Nəml surəsi 55-ci ayədə Nuh peyğəmbərin dilindən özünün livatla məşğul olan tayfasına etdiyi xitabında: "Qadınları qoyub kişilərlə şəhvət edirsiniz? Həqiqətən siz cahil tayfasınız".

 İndiki dövürdə elələri vardır ki, cinsi azlıqları, kazinoları, gecə klublarını, əsl-nəcabətinə, soyu itirməyə aparan süni mayalanmanı qanunlaşdırmaq istəyirlər. Bütün bunların kökündə nadanlığı və həqiqəti dərk etməmək özünü göstərir.

 Həzrət Əli (ə) Maliki Əştərə göndərdiyi məktubunda buyurur: "Allahın əmrindən cahil və bədbəxt insanlardan başqa heç kəs boyun qaçırmaz ". İmam Sadiq (ə) Səmaəyə 75 cür pis xüsusiyyəti nadanlığın növləri olaraq qeyd edir. Nadanlıq, dünya malına hərislik, sələm yemək, xəyanət, pozğunluq və əxlaqsızlıq, hiylə, lovğalıq, ağvalideynlik, səbirsizlik, düşmənlə cihad etməkdən boyun qaçırmaq, kin saxlamaq və s. kimi xüsusiyyətlər böyük günahlara səbəb olur. Həzrət Əli (ə) buyurur - Nəhcül-bəlağədə 5-ci xütbədə: "Cəmiyyətdə pozğunluğa səbəb olan amillər nəfsani istəklərə, tabe olmaq, Allahın kitabı ilə ziddiyyətdə olan qondarma qanunlara tabeçilik etməkdir". Bu cür günahlardan bəzilərinə diqqət yetirək.

 1. Qadınların hicabının ləvğ edilməsi və onlara hədsiz dırnaqarası azadlıq verilməsi. Məsələn: Parnoqrafik reklam və gözəllik müsaqibələrinin təşkili.

 2. Qisas, diyə (qan bahası) kimi ilahi qanunların ləvğ edilməsi.

 3. Eyni cinslərin (kişinin -kişi, qadının-qadınla) evlənməsi

 4. Kişilərlə qadınların bir yerdə çimərlikdə çimməsi.

 5. Müvəqqəti evlənməyin qadağan edilməsi və razılıqla zinakarlığa icazə verilməsi.

 6. Spirtli içkilərin alış-satışının olması.

 7. Sələm müamiləsinin icazəli olması.

 8. Qumarbazlığa şərait yaratmaq.

 9. Pornoqrafiya və intim filmlərin yayılması.

 10. Abort və uşaq saldırmaq.

 Bu kimi günahların yayılması cəmiyyəti və insanları əxlaqsızlıqlara yönəldib, onları müxtəlif günahlara düşməsinə şərait yaradır.

 Əraf surəsi ayə 96-da Allah-təala buyurur: "Biz onları (yəni günahkarları) qazandıqları günahlara görə cəzalandırdıq (məhv etdik)".

 Hər kəs öz əkdiyini biçər. Kim yaxşılıq və ya pislik edərsə yaxşılığıda özünə edir, pisliyi də. (S. Şirazi)

 Günahı yaradan səbəblərdən biri də həyasızlıqdır. Əli (ə) buyurur: "Ən yaxşı həyat, sənin özündən həya etməyindir".

 Laqeydlik də cəmiyyəti pozan amillərdəndir. Laqeyd olmaq təvəlla (Allahın dostları ilə dost olmaq) və təbərranı (Allahın düşmənləri ilə düşmən olmaq) yəni "Firüdinin" iki şərtinin inkarına aparır. Günahkar şəxsin günah etməsinə mane olmamaq, sükut etmək günaha şərait yaradan bir amildir.

Ali-İmran surəsi 189-cu ayədə Allah-təla İslam peyğəmbəri zamanında yaşayan yəhudilərə belə xitab edir: "Siz qatilsiniz". Çünki onlar öz babalrının, əcdadlarının keçmişdə peyğəmbərləri qətlə yetirmələrinə razı idilər... İmam Hüseyn (ə)-ın Ərbəin ziyarətnaməsində imam Səccad (ə) buyurur: "Allah lənət etsin o camaata ki, sənin qətl xəbərini eşitdilər və buna razılıq verdilər.

 Avtomobillərdə təhlükədən qorunmaq üçün əyləcə ehtiyac olduğu kimi, insanın da onu müxtəlif günahlardan qorumaq üçün əyləcə və saxlayıcı bir amilə ehtiyacı vardır. Bu amillər aşağıdakılardır.

 1.Müxtəlif işlərdə düşünmək.

 2. Allaha imanlı olmaq. Onun hər yerdə nəzarətçi olduğuna inanmaq.

 3. İnsanın özünü tanıması və öz şəxsiyyətinə diqqətli olması.

 4. Axirət aləminə və gününün hesab-kitabına əqidəli olmaq.

 5. İnsanın əməllərinin Allaha, Peyğəmbər və imamlara təqdim edilməsi.

 6. Ölümü yaxın bilmək və ölümü həmişə yadda saxlamaq.

 7. Allahdan həya etmək və günahın təsirindən, nəticəsindən qorxmaq.

 8. Düzgün ibadət etmək.

 Birinci - Müxtəlif işlərdə yəni hər bir işdə insanın düşünməsi lazımdır. Belə ki, günahın aqibətini düşünən tövbə edər. Dünyanın fani (puç) olmasını düşünən dünya malına vurğun olmaz. Allahın nemətləti haqqında düşünən şəxs Allaha məhəbbət bəsləyər. Ölüm haqqında fikirləşən nəfsini nəzarət altında saxlayar. Böyük şəxsiyyətlər haqqında fikirləşmək insanın inkişaf etməsinə səbəb olar. Ata və ananın zəhmətini düşünən şəxs onlarla yaxşı rəftar edər. Düşünmək özü riyasız bir ibadətdir. Əli (ə) Nəhcül-bəlağə kitabında buyurur: "Fikir saf bir güzgüdür. Sağlam düşüncəli şəxsin ayağı büdrəməz".

 İkinci - İnsanı günahlardan saxlayan ən mühüm amil onun Allaha iman gətirməsi və hər bir zaman özünü Allahın hüzurunda görməsidir. İnzibati orqanlar cəmiyyətdəki nöqsanları tam düzəldə bilməzlər. Lakin Allaha və Onun bütün işlərdən agah olduğuna inanclı olmaq insanı günahlar qarşısında polad kimi möhkəm edir. Ələq surəsi 14-cu ayədə: "Məgər insan bilmir ki, Allah onun bütün işlərini görür?" Həcc surəsi 14-cü ayədə:
"Şübhəsiz Allah bəndələrinin işlərini izləyir". Quranda "Bəsir" ( Allah görür) kəlməsi 51 dəfə, "Səmi" (Allah eşidir) kəlməsi isə 49 dəfə işlənmişdir. Biz daim Allahın hüzurundayıq. Sürücü qırmızı işıq yanarkən dayanır. Bəs nə üçün insan Allahın əzabını görüb özünü günah etməkdən saxlamamalıdır?

 Üçüncü - İnsanın günahdan uzaqlaşdıran amillərdən biri də insanın öz şəxsiyyətini tanıması, özünə hörmət etməsidir. Çünki günahların bir qismi insanın özünə hörmət etməməsindən irəli gəlir. Məsələn, uşaq evdə bir stəkan sındırır. Bu vaxt o, tənbeh olunur. Lakin qonaq yanında o, belə bir hərəkət etsə tənbeh olunmur. Çünki ata və ya ana qonaq yanında öz şəxsiyyətinə qiymət verir, özünü ucuzlaşdırmır. İnsanın dəyəri haqqında İsra surəsi ayə 70-də: "Biz Adəm övladını (insanları) əziz (kəramətli) etmişik. Biz insanları üstün tutmuşuq". Bu ayələr onu bildirir ki, insanın şəxsiyyəti maddi dünyada hər şeydən çox qiymətli və üstündür.
 Dördüncü - Amil axirətə və qiyamət gününün hesab-kitabına inam gətirməkdir. Quranda 1400 dəfə məad yəni axirət aləmi haqqında danışılır.

Axirət aləminə əqidə o deməkdir ki, insanın qiyamət günündə bu dünyadakı əməllərinin əvəzini almağa əqidəsi olsun. Belə bir əqidə insanın ruhunun tərbiyəsinə böyük təsir göstərir. Bu barədə "Ali-İmran" surəsi 30-cu ayədə Allah-təala buyurur: "Qiyamət günü elə bir gündür ki, hər kəs özünün pis və yaxşı işlərini o gündə hazır görər". Əbəsə surəsi ayə 34-37-də: "O gün hər kəs qardaşını, anasını, atasını, övladını, oğul uşağınıqoyub qaçar. Hamı öz hayına qalar". Bir gün Salman dəmirçi bazarından keçirdi. Bir cavan qışqırıb yerə yıxıldı. Camaat ətrafına yığışdı. Salmana dedilər: "Elə bil bu cavanın xəstəliyi var. Bir dua oxu ayağa dursun. Salman dua oxudu. O, da qalxdı və dedi: "Xəstə deyiləm. Dəmirçilərin qızmış dəmirləri döymələrini gördüm bu ayəni xatırladım: "Cəhənnəm məmurlarının şallaqları vardır". (Həcc surəsi ayə 21) Allahın əzabının qorxusundan bu hala düşdüm". Salman onunla dost oldu. Bu hadisədən bir müddət keçdi. Salman dostunu görmədi. Bildi ki, xəstələnib. Onun evinə getdi. Onu can üstə gördü. Bu vaxt Salman Əzrail (ə)-a xitab etdi: "Ey ölüm mələyi! Mənim dostumla mehriban ol". Həzrət Əzrail buyurdu: "Mən bütün mömünlərlə mehribanam."

 Beşinci - Allah-təala müəyyən vasitələrlə insanların bütün işlərini peyğəmbər və imamlara çatdırır. Əgər bu işlər yaxşı olsa onlar sevinir. Əgər pis olsa onlar narahat olurlar. Tövbə surəsi ayə 105-də Allah-təala buyurur: "De ki, işinizdə olun, onsuz da etdiyiniz işləri Allah Rəsulu və mömünlər (imamlar) görəcəkdirlər. Tezliklə aşkarda və gizlində edilən işləri Bilənin dərgahına qayıdacaqsınız. Sizi etdiyiniz işlərdən xəbərdar edəcək". Yəni Allah etdiklərinizi yadınıza salacaq.

 Altıncı - İnsanı gühalardan qoruyan amil ölümü yada salmaqdır. Həzrət Peyğəmbər buyurur: "Ölümü tez-tez yadınıza salın. Çünki, bu işlər günahları təmizləyir. Əli (ə) buyurur: "Ölümlə rabitə sizə kölgənizdən də möhkəmdir". Yəni sizə kölgənizdən də yaxındır.

 Yeddinci - Günahı təmizləyən amil günahların nəticəsindən qorxmaq və Allahdan həya etməkdir ki, İmam Sadiq (ə) buyurur: "Allahdan elə həya et ki, elə bil Onu görürsən. Sən onu görməsən də O, səni görür.
 Səkizinci  amil düzgün ibadət etməkdir. İbadətin digər faydaları ilə yanaşı günahdan qorumaqda da mühüm rolu vardır. Hər gün ibadət etməklə insanın Allahla rabitəsi möhkəmlənir. Bəqərə surəsi 183-cü ayədə oruc tutmaqda, Ənkəbut surəsi 45-ci ayədə isə namaz qılmaqda məqsəd günahlardan uzaqlaşmaq kimi bildirilir. Peyğəmbər buyurur: "Namaz axar su kimidir. İnsan namaz qılarkən etdiyi günahla təmizlənir ". Əli (ə) buyurur:
"Allah-təala namazı lovğalıqdan (təkəbbürdən) uzaq olmaq üçün vacib etdi.
 Bütün bu amillərlə yanaşı günahların müalicə yolu vardır ki, ona da tövbə deyərlər...

 

 Allahı and verirəm izzət və cəlalına, bizləri bağışlanmışlardan qərar versin.

Copyright 2008 © Imamhuseyn.org