Xətib: HACI ELŞƏN RÜSTƏMOV
Bismillahir Rəhmanir Rəhim
Əssəlamu əleykum və rəhmətullah
Sizə və özümə ilahi təqvaya əməl etməyi tövsiyə edirəm
I XÜTBƏ
Mövzu: Əzadarlıq mərasimlərinin keçirilməsi və onda iştirak etməyin savabı.
Bəqərə surəsi 29-ci ayədə Allah-təala buyurur: "Yer üzündə nə varsa hamısını sizin üçün yaradan ... Odur (Allahdır)". Deməli Allah-təala hər şeyi insana xatir yaradıb. Bunlardan istifadə etmək tərzi isə insanın özündən aslıdır. İnsan bunlardan yaxşı işlər üçün istifadə edə bilər. Həm də pis işlər üçün. Buda qalıb insanın ağıl və iradəsinə. Bunu da bilirik ki, bütün peyğəmbərlərin üstünü həzrət Məhəmməddir (s). Allah-təala Quranı ona əta edib. İmam Hüseyn (ə) da dinin və Quranın yolunda şəhid olub. Yəni İslam dinini gətirən Peyğəmbərdir. Onu Allahın əmri ilə qoruyub saxlayan isə Hüseyn (ə) olmuşdur. Peyğəmbər özü bunu dəfələrlə demiş və Hüseyn (ə)-a əzadar olub ağlamışdır.
Ağlamaq ki, vardır məhəbbətdəndir.
Şikəstə xatirlik mərhəmətdəndir,
Əsli bunlar cümlə mürüvvətdəndir,
Olsa ürəyində betər ağlarsan.
Molla Vəli Vidadi
Buna görə də özünü müsəlman bilən hər bir şəxsin boynunda imam Hüseyn (ə)-ın haqqı var. Peyğəmbər buyurur: "Hüseyn məndən, mən də Hüseyndənəm". Belə olduqda hər bir müsəlman peyğəmbər balasına öz haqqını əda etmək, həqiqəti daha yaxşı tanımaq üçün əzadar olmalıdır.
İmamın matəmində iştirak etməlidir. Öz tərəfdar və minnətdarlığını əməldə göstərməlidir. Əgər bunu etmirsə ya imam Hüseyn (ə)-ı yaxşı tanımır, ya da məhəbbəti yoxdur. Hədislərdə var ki, Əli (ə) və onun övladlarına məhəbbət mömünlə münafiqi bir-birindən ayıran əsas şərtdir.
Əzadarlıqda yəni imam Hüseyn (ə)-ın adına qurulmuş yas mərasimlərində iştirak etməyin birinci şərti Allah Rəsulunun əziz övladı imam Hüseyn (ə)-a və ümumuyyətlə Peyğəmbər Əhli-beytinə olan eşq və məhəbbətdir. Əzadarlıq məclislərinin sahibi Peyğəmbər (s), Əli (ə), iki dünyanın xanımı Fatimeyi-Zəhra (s.a.) və imam Zaman (ə) ağadır. Xoş o bəndənin halına ki, Peyğəmbər və onun vəsisinə və Fatimeyi-Zəhrayə (s.a.) və Zəmanənin İmamına (ə) baş sağlığı verməyə gəlir. Qəlbində olan eşqi əməldə isbat edib göstərir. Abbasqulu ağa Bakıxanov yazır:
Gər cəzbeyi eşq olsa,
Gəlməz? Necə gəlməz!
Gər cəzbeyi eşq olmasa,
Gəlsə də vecə gəlməz.
Əli (ə) buyurur: "İmanlı olmaq odur ki, haqqı dilində deyəsən, qəlbində təsdiqləyəsən, əməldə göstərəsən".
Həzrəti Peyğəmbər (s) buyurur: "Mənim Hüseynimin məclisində (iştirak edin), şirin suya cuman balıq kimi əyləşin, qəfəsdə olan bülbül (quş) kimi yox".
İmamın (ə) təziyə məclisində toplanmaq, mərsiyyə, rozə, şeir demək və eləcə də təvəssül edib dua etmək və ya dua etdirmək mühim işlərdəndir.
Xüsusilə dua etməyin məkan, zaman və şəraiti vardır ki, həmin vaxtlarda edilən dualar tez qəbul olar. Aşağıdakı vaxtlarda dua etmək çox münasibdir:
1. Quran oxunan vaxt.
2. Azan deyilən vaxt.
3. Yağış yağan vaxt.
4. Döyüş zamanı - şəhidlik eşqi ilə vuruşanda.
5. Zülmə məruz qalıb sınıq qəlblə dua edəndə - insanla göy arasında (Allah) duanın qəbul olmasına maneyə yoxdur.
6. Məcsid və ziyarətgahlarda edilən dualar.
7. Hüeyn (ə)-ın matəm məclisində edilən dualar;
Bir gün imam Sadiq (ə) xəstələnmişdi. "Öz xidmətçisinə dedi: Get babam Hüseynin (ə) matəm məclisinə mənim sağalmağım üçün dua etdir".
Xidmətçi dedi: "Ey imam, sən Allahın hüccətisən özün dua elə sağalasan". İmam Sadiq (ə) buyurdu: "Xeyr, mənim duamdan daha üstün cəddimin əza məclisində edilən duadır. Çünki Allah-təala ona böyük bir məqam verib".
Aşura günü uzaq yerlərdən hətta xarici ölkələrdən Hüseyn (ə)-ın matəm məclislərinə gəlib dua edib, dua etdirib, istək və hacatlarının Allah dərgahında qəbul olmasını xahiş edirlər. Hər il bir milyondan çox zəvvar Kərbəla şəhərində Aşura mərasimlərində iştirak etmək üçün yığışır. Zəvvarlar matəm məclislərində iştirak edib imama, haqqa, Əhli-beytə tərəfdar olduqlarını əməldə göstərirlər. İmama xatir Allah yolunda ehsanat edirlər.
Etdikləri dualar Hüseyn (ə)-ın xatirinə Allah dərgahında qəbul olur. Matəm mərasimlərində müsəlmanların, İmam Hüseyn (ə)-ın aşiqlərinin böyük bir izdihamı, birlik və vəhdəti ümumilikdə bir yerə cəm olaraq dünyanın bir çox yerlərini əhatə edən milyonlardan ibarət İslam Həmrəylik Ordusu əmələ gəlir. Bu ordu düşmənləri narahat etdiyi üçün illər boyu müxtəlif yollarla məhərrəmlik mərasimlərinə qarşı mübarizə aparmışlar və aparmaqdadırlar...
Aşura günü bir çox müsəlman ölkələrində xüsusilə İraq, Əfqanıstan, Pakistan və Hindistanda törədilən təxribat və partlayışlarda Hüseyn (ə) aşiqlərinin qanını axıtdılar.
Şəhidlərin sərvəri, azadlıq və haqq sevənlərin rəhbəri Hüseyn (ə)-ın Kərbəlada tökülən qanı İslamın solmaqda olan ağacını suvardı. Həqiqətdə müsəlmanlara mübarizlik məktəbini ərməğan etdi. Seyyid Ruhullah Musəvi (r.a) buyurur: "Bizim hər nəyimiz varsa məhərrəm və səfər aylarının bərəkətindəndir". Hüseyn Cavid yazır:
Əvət, İslam yüksəlir, enməz,
Nuri-həqq daima yanar sönməz.
Məhəmməd Hadi Şirvani yazır:
Bir şəm ki, həqqdən yanar,
Heç bad ilə sönməz.
Başqa bir nəzmdə:
Hüseyn payəndə etdi əssəlati.
Hüseyndən oldu İslamın nicatı
Hüseyn qərqi-bəla, siması xəndan,
Hüseyn heyrətdə qoydu kainatı.
Allah -təala Hüseyn (ə)-a öz aşiq və əzadarlarına bu dünyada vəsilə, axirətdə isə şəfaət etmək səlahiyyəti verib.
Bir nəfər nəsə bir günah etmişdi. Peyğəmbərin (s) gözünə görsənməyə utanırdı. Bir gün gördü ki, Hüseyn (ə) Peyğəmbərlə (s) yanaşı yol gedir.
Hüseyn (ə)-ın dörd ya beş yaşı olardı. Tez o adam Hüseyn (ə)-ı qucağına götürüb Peyğəmbərə (s) buyurdu: "Ey Peyğəmbər sənə and verirəm bu balanın canına, məni bağışla". Peyğəmbər təbəssüm edib onu bağışladı.
İbn Quləveyh imam Sadiq (ə)-dan rəvayət edir ki, Peyğəmbər (s) hər vaxt Hüseyn (ə)-ı görsəydi onun boğazından öpüb ağlayardı. Bir gün Hüseyn (ə) dedi: "Baba niyə ağlayırsan?" Peyğəmbər buyurdu: "Əziz balam, axı nə üçün də ağlamayım? Düşmənlərin qılınc yerini öpürəm". Hüseyn (ə) dedi: "Baba məni öldürəcəklər"? Peyğəmbər buyurdu: "Bəli, and olsun Allaha, sən, sənin qardaşın və atan hamınız öldürüləcəksiniz". Hüseyn (ə): "Bəs bizim qəbirlərimiz bir-birindən uzaq olacaq?"- deyə soruşdu. Peyğəmbər buyurdu: "Bəli, mənim balam". Hüseyn (ə): "Onda bizi sənin ümmətindən kim ziyarət edəcək?" Peyğəmbər buyurdu: "Məni, sənin atanı, səni, və qardaşını mənim ümmətimin ən yaxşı adamları ziyarət edəcəklər".
Başqa bir rəvayətdə İbn Quləveyh imam Sadiq (ə)-dan nəql edir ki, imam Sadiq (ə) buyurdu: "Bir gün Hüseyn (ə) Peyğəmbərin (s) qucağında oturmuşdu. Həzrət onu əzizləyirdi. Aişə dedi: "Ya Rəsulallah bu uşağı nə çox istəyirsən?!" Həzrət buyurdu: "...Necə də mən onu istəməyim və ondan xoşum gəlməsin? Halbuki, bu balamı mənim ümmətimin (kafirləri) öldürəcək. Hər kəs onun şəhadətindən sonra onu ziyarət etsə Allah-təala onun üçün mənim həccim kimi bir həcc savabı yazar". Aişə təəccübləndi və soruşdu: "Sənin həccin kimi bir həcc?" Peyğəmbər: "Hətta iki həcc yazar".
Aişə hey təəccüb edir, Peyğəmbər (s) həccin sayını artırırdı. Axırda bu yerə yetişdi ki, Peyğəmbər (s) buyurdu: "Mənim həccim kimi 90 həcc və hər bir həcc ilə ümrə də yazar".
Şeyx Müfid, Təbəri, İbn Quləveyh və İbn Babəreyh mötəbər sənədlərlə Əsbəğ ibn Nübatədən və başqalarından rəvayət ediblər ki, bir gün Əli (ə) Kufə məscidində xütbə oxuyurdu: Həzrətət buyurdu: "Nə qədər ki, məni itirməmisiniz, istədiyiniz hər bir şeyi məndən soruşun". Səd ibn Əbu Vəqqas (Ömər ibn Sədin atası) ayağa durub dedi: "Ey Əmirəl-möminin, de görüm mənim baş və saqqalımda neçə tük var?" Əli (ə) buyurdu: "Həzrət Peyğəmbər mənə xəbər vermişdir ki sən bunu məndən soruşacaqsan". Sonra Əli (ə) onun baş və saqqalında neşə tükün olmasını ona xəbər verib, dedi: "Sənin tüklərinin hər birinin dibində bir şeytan var ki, səni azdırır. Sənin evindı bir övladın var ki, oğlum Hüseyni şəhid edəcək. Əgər mən tüklərinin sayını sənə desəm də, deməsəm də, sən mənim sözlərimi təsdiq etməyəcəksən. Amma dediklərimin həqiqət olduğu sənə aydın olacaq". (O vaxt Ömər ibn Səd hələ uşaq idi.)
ALLAH - TƏALA BÜTÜN ZALIMLARA LƏNƏT ELƏSİN!
II XÜTBƏ
29 dekabr 2009-cu il h.q təqvimi ilə 1431-ci il məhərrəm ayının 12-si imam Zeynül-Abidin (ə)-ın şəhadətinin il dönümüdür. Bəzi mənbələrdə imamın şəhadəti məhərrəm ayının 18-i və ya 25-də olması da qeyd edilib.
İmam Səccad (ə) h.q. 38-ci il şaban ayının 5-də Mədinədə anadan olub.
Atası Hüseyn (ə), anası İran padşahı Yezdkürd ibn Şəhriyarın qızı Şəhrəbanu xanımdır. Əsl adı isə Cahanşah və Şahi-Zənandır. İmamın ləqəbi: Zeynül-Abidin və Səccaddır. 34 il imamlıq edib. 2 il Əli (ə)-la bir dövrdə yaşayıb. Kərbəlada 23 yaşı var idi. İmam Baqir (ə) isə 4 və ya 4 yaşı vardı. Hicrətin 94 və ya 95 ci ilində şəhid edilib. 57 il ömür sürüb. İmam Səccad (ə)-ın öz imamət dövründə aşağıdakı adları çəkilmiş xəlifələr ilə bir dövrdə yaşayıb:
1. Yezid ibn Müaviyə (61-64 h.q.)
2. Abdullah ibn Zübeyr (61-73 h.q.)...
3. Müaviyə ibn Yezid (64-cü ilin bir neçə ayı)
4. Mərvan ibn Həkəm ( 65-ci ilin 9 ayı)
5. Əbdülməlik ibn Mərvan (65-86 h.q.)
6. Vəlid ibn Əbdülməlik (86-96 h.q)
Təəssüflə qeyd etmək lazımdır ki, bəzi savadsız müsəlmanlar 4-cü imamı həmişə xəstə kimi yad edirlər. Bu heç də belə deyil. Çünki, Kərbəlada İmam (ə) Allahın hökmü ilə qısa müddətli xəstə olmuşdur. Kərbəla hadisəsindən sonra sağalmış şəhadətinə qədər 35 il digər imamlar kimi sağlam olmuşdur. İmamətin davam etməsi üçün Allahın hökmü ilə xəstələnib cihadda iştirak edə bilməmişdir. (ət-Təbəqatüb-kübra kitabı cild 5, səh.212)
Məhəmməd ibn Səd deyir ki, Şimr Hüseyn (ə) şəhid etdikdən sonra Səccad (ə)-ın üstünə gəldi. O xəstə olduğu üçün yataqda uzanmışdı.
Şimr dedi: "Bunu öldürün!" Onun yanındakılardan biri dedi: "Sübhanəllah! Xəstə olan və heç döyüşdə də iştirak etməyən bir gənci öldürək?" Bu zaman Ömər ibn Səd dedi: "Qadınlar və bu xəstə ilə işiniz olmasın" (yəni öldürməyin).
Şeyx Mufid Yezidin ordusunda iştirak etmiş Həmid ibn Müslimin dilindən bu məsələni təsdiq edur... (Əl- İrşad. səh 242). İmam Səccad (ə) çətin və ağır əsirlik günlərində Əhli-beytin ümüd və pənah yeri olmaqla yanaşı, həm də düşmənə qarşı şücaət və vüqarla hərəkət edirdi. İmam Kufə və Şam şəhərində qətiyyətli çıxışları ilə əməviləri rüsvay edirdi. Əsirlər Kufəyə gətirildikdən sonra imam Səccad (ə) İbn Ziyadla sərt danışdı. İbn Ziyad bərk qəzəblənib İmamın (ə) qətlinə əmr verərkən Səccad (ə) buyurdu: "Məni öldürməklə hədələyirsən? Bilmirsən ki, ölmək bizim üçün adi bir iş, şəhadət bizim üçün şərəf və fəzilətdir?!" (ər-İrşad səh 242)
Səccad (ə) Kərbəlada olan haqsızlıqların carçısı olmuşdur. Həyatı boyu Əməvi hakimiyyətinin çirkin üzünü tanıtdırmaq və camaatın fikrini oyatmaqla məşğul olmuşdur. Məsələn: İmam Səccad (ə) gəlib durardı qəssab dükanının yanında baxardı qarmaqdan asılmış davara (qoyun və keçi) və ağlayardı. Qəssab deyərdi: "Ey imam niyə ağlayırsan?" İmam sual edərdi: Bu heyvanları kəsəndə su verdin? O, deyərdi: "Bəli su verdim". İmam buyurardu: "Amma atam Hüseynin, əmilərimin, qardaşlarımın Kərbəlada başını kəsəndə su vermədilər"...
Səccad (ə) Kərbəla inqilabının davamı olaraq əməvilərin çirkin üzünü tanıtdırmaqla müxtəlif növ təbliğatla məşğul olurdu. Əgər imam Səccad (ə), xanım Zeynəb və bütün Əhli-beyt əsirləri əməvi hakimiyyətinin iç üzünü açaraq camaatın fikrini oyatmasaydılar, İslam düşmənləri və hökumət nümayəndələri imam Hüseyn (ə)-ın böyük və həmişəyaşar inqilabını tarix səhifəsindən pozar və onun simasını dəyişdirərdilər. Amma Əhli-beytin təbliğatı düşmənlərə bu fürsəti vermədi və Yezidi hər yerdə rüsvay etdi. Aşura faciəsi Əhli-beyt tərəfdarlarına ağır zərbə vurdu. Çünki, xilafətinin birinci ilində Peyğəmbər (s) balasını öldürüb, ailəsini əsir edən, xilafətinin ikinci ilində Kəbə evinə hücum edib qırğınlar törədən, xilafətinin ikinci ilində Mədinəyə hücum edim minlərlə müsəlmanı, o cümlədən Peyğəmbər (s) səhabələrini öldürən Yezid öz hakimiyyətini saxlamaq üçün heç bir cinayətdən çəkinməzdi. Əhli-beyt tərəfdarlarının çox yaşadığı yerlərdə möhkəm repressiya hakim kəsilmişdi. İmamın (ə) tərəfdarları zəifləmişdilər. İmam Səccad (ə) bu vəziyyəti belə şərh edir: "Bütün Məkkə və Mədinədə bizi sevən (yəni aşkar surətdə) 20 nəfər yoxdur". (Biharül-ənvar, cild 46, səh. 143).
Məsudi öz tarix kitabında yazır: "Əli ibn Hüseyn (ə) imaməti gizli və təqiyyə şəklində, çox çətin bir vaxtda öhdəsinə götürmüşdür. (İsbatul-vəsiyyə. səh.167)
İmamı aşkar müdafiə edən bir neçə nəfər idi. Onlardan biri Yəhya ibn Ümmüt - Təvil idi ki, o çox cəsarətli idi. O, Mədinədə Peyğəmbər (s) məscidinə gedib camaata xitab edərək deyərdi: "Biz sizinlə müxalifik, bizimlə sizin aranızda aşkar və əbədi düşmənçilik var... (əl-İxtisas, səh. 64)
Məhz buna görə də Həccac ibn Yusif, Yəhyanı Əhli-beyt dostu olduğuna görə əl-ayağını kəsdirib şəhid etdirdi.
İmam Səccad (ə)-ın "Səhifeyi Səcadiyyə" adlı münacat və dualardan ibarət olan kitabı (54 münacatdan ibarətdir) Quran və Nəhcül-bəlağədən sonra 3-cü yerdə durur. İmam ömrünün axırına qədər ağlamışdır. Ağlamağın özüdə bir təbliğat vasitəsi idi. İmam su içmək istəyəndə baxırdı suya o qədər ağlayırdı ki, su imamın göz yaşlarına qarışırdı... İmamın 11 oğlu 5 qızı olmuşdur. İmamın həyat yoldaşı imam Həsənin (ə) qızı Ümmü Abdüllah və başqa xanımlar olmuşdur. Səccad (ə)-ın 2-ci oğlu Zeyd Kufədə qiyam elədi döyüş zamanı aldığı yaralardan şəhid oldu, gizlində dəfn edildi. Amma dəfndə olan bir neçə nəfərin içində xəlifənin xəfiyyəsi var idi. O, xəbər verdikdən sonra Zeydi qəbrdən çıxardıb, başını kəsib Şama, xəlifə Hişama göndərdilər. Bədənini isə Kufədə qənarədən asdılar. 4 ildən sonra bədənini düşürüb yandırdılar, külünü isə yelə sovurdular.
Səccad (ə) Kəbəni təvaf edərkən Həcərül-əsvədə yaxınlaşanda hamı imama yol verdi. Hişam ibn Əbdulməlik də orada idi. Ona dedilər: "Bu kimdi". O, qəzəbindən dedi: "Tanımıram".
Şair Fərəzdəq bədahətən İmamın nəsli haqqında bir mədhiyyə dedi. Hişam onların ikisini də həbs etdirdi. İmama zəhər verərək şəhid etdilər. İmamın zəhərlənməsini həm Hişam həm də qardaşı Vəlid ibn Əbdülməlik təşkil etmişdi. İmam (ə) Bəqi qəbirstanlığında dəfn olunmuşdur.
ALLAH BÜTÜN ZALIMLARA LƏNƏT ETSİN!
AMİN!