Xətib: HACI ELŞƏN RÜSTƏMOV
Bismillahir Rəhmanir Rəhim
Əssəlamu əleykum və rəhmətullah
Sizə və özümə ilahi təqvaya əməl etməyi tövsiyə edirəm
I XÜTBƏ
Ali-İmran surəsi 169-cu ayədə Allah-təala buyurur: "Allah yolunda öldürülənləri (şəhid olanları) heç də ölü zənn etmə! Xeyr, onlar öz Rəbbinin yanında diri olub ruzi ( cənnət ruzisi) yeyirlər."
Şəhidlərin ağası, azadlıq sevənlərin sərvəri, hidayət çırağı Hüseyn (ə) h.q. 4-cü ili Şəban ayının 3-də Mədinədə anadan olmuşdur. Atası Əli (ə), anası Fatimeyi-Zəhradır (s).
İbn Şəhraşub buyurur ki, imam Həsən (ə) anadan olduqdan 10 ay 20 gün keçmiş, qardaşı imam Hüseyn (ə) anadan olmuşdur. İmam Hüseyn (ə) ana bətnində 6 ay qalması məşhurdur. Tarixdə İsa (ə), Yəhya (ə) və Hüseyn (ə) 6 aylıq anadan olmasını Şeyx Tusi mötəbər sənədlə imam Rza (ə) nəql etmişdir. Hüseyn (ə) anadan olanda Peyğəmbər (ə) Faimeyi-Zəhranın xidmətçisi olan Əsma binti Ümeysə dedi ki, gətir mənim balamı görüm.
Əsma deyir ki, mən uşağı bir ağ parçaya büküb gətirdim. Həzrət onu qucağına alıb sağ qulağına azan, sol qulağına iqamə oxudu. Hüseyni (ə) öpdü, ağladı və dedi: "Sənin üçün qarşıda böyük müsibətlər var. İlahi lənət elə onu öldürənlərə. Ağlayıram övladımın müsibətinə ki, bir dəstə kafər və sitəmkar bəni üməyyə qövmindən onu şahid edərlər. Allah mənim şəfaətimi onlara çatdırmayacaq. Onlar ki, mənim dinimə pozğuntu salacaq, böyük olan Allaha kafir olacaqlar. İlahi bu iki övladımın haqqında dua edirəm ki, İbrahim peyğəmbər öz övladları haqqında dua etdi. İlahi sev o kəsləri ki, Həsən və Hüseynimi sevərlər. Düşmən ol o kəslərə ki, övladlarıma düşmən olarlar."
İmam Hüseyn (ə) uşaqlıq dövrünün 6 ilini babası həzrəti Peyğəmbərlə keçirmişdir. Həzrəti Peyğəmbərin rehlətindən sonra 30 il atası Əli (ə) birgə yaşamış və irəli çıxan çətinliklərin həllində iştirak etmişdir. Atasının şəhadətindən sonra qardaşı imam Həsən (ə) siyasi və ictimai məsələlərdə çiyin-çiyinə çalışmışdır. İmam Həsən (ə) şəhadətindən sonra 20 ilə yaxın Müaviyənin höküməti dövründə islami vəzifələri öhdəsinə almışdır.
Bir gün imam Hüseyn (ə) 8 yaşında olanda gördü ki, xəlifə minbərdə oturub. Tez minbərə çıxıb dedi: "Mənim atamın minbərindən aşağı düş və get öz atanın minbərində otur!" Xəlifə özünü itirmiş halda dedi: "Mənim atamın minbəri olmayıb." Sonra xəlifə onu yanında əyləşdirdi. Minbərdən düşdükdən sonra imam Hüseyn (ə) öz evinə aparıb ondan soruşdu: "Bu sözü sənə kim öyrədib?" İmam Hüseyn: "Heç kim" - deyə cavab verdi.
İmam Hüseyn (ə) atasının zamanında baş vermiş döyüşlərdə fəal iştirak etmişdi. Cəməl döyüşündə ordunun sol cinahının başcılığı Hüseyn (ə) öhdəsində idi. Süffeyn döyüşündə istər ordunu döyüşə həvəsləndirmək məqsədi ilə etdiyi çıxışlarda istərsədə düşmənlə mübarizədə əsas yol oynamışdı. Əbu Musa ilə Əmir ibn As arasında gedən danışıqlarda da, imam Hüseyn (ə) Əli (ə) tərəfindən seçilmiş əsas şahidlərdən idi.
"Səqəfədən" sonra Müaviyyə 2-ci və 3-cü xəlifə tərəfindən Şama hakim seçilmişdir. Bu müddətdə öz movqeyini daha da möhkəmlətmiş və İslam ölkəsinin taleyini həll edərək xəlifə kimi hakimiyyəti ələ keçirmişdir. Beləliklə o, İslamın qatı düşməni olan əməvilər sulaləsini müsəlmanların başı üzərində rəhbər etmişdir. İbn Ziyad, Əmir ibn As, İbn Cündəb kimi zalım şəxslərin köməyi ilə zor gücünə hökümət quraraq islamı alt-üst etmişdir.
Müaviyyənin dövründə haqsızlığın çox olmasına baxmayaraq onun zülmü əleyhinə camaatda qiyam həvəsi yox idi. Camaat qılıncını kənara qoymuşdu. İmam Hüseyn (ə) Müaviyyənin haqsızlıqlarına etiraz edərək ona məktublar göndərib İslama zidd hərəkətlərini tənqid edirdi. Müaviyyə oğlu Yezidi öz yerinə təyin etmək üçün bir gün Mədinəyə gəldi, Əbdullah ibn Abbas və Hüseyn (ə)-la görüşüb Yezidin vəliəhdliyini təbliğ etməyə başladı.
Hüseyn (ə) ona öz etirazını bildirərək buyurdu: "Elə bil ki, onu ancaq sən tanıyırsan. Xeyr, Yezid öz batinini açıb aşkar etmişdir. Yezidi olduğu kimi tanitdir. Yezid itbaz, meymunbaz və kef adamıdır. O, ömrünü çalıb- oxumaq və əyyaşlıqda keçirir. Bu boş təbliğatı kənara qoy! Bu ümmətin müqabilində boynuna yığdığın öz günahların bəsdir."
Lazım gəldikdə Hüseyn (ə) Müaviyyəyə qarşı daha sərt hərəkət edirdi. Bir dəfə Müaviyyə üçün mal aparan karvan Yəməndən çıxıb Mədinədən keçərək Şama gedirdi. Hüseyn (ə) karvanın qabağını kəsib malı müsadirə edərək yoxsullar arasnda böldürdü və Müaviyyə belə bir məktub yazdı:
"Yəməndən gələn karvan buradan keçirdi. Onlar sənin üçün pul, müxtəlif parçalar və ətriyyat gətirirdilər ki, sən onları alıb, Dəməşq xəzinəsinə tökəsən və sonra onları qarnı və cibləri indiyədək beytül-mal yeməkdən dolan qohumların arasında bölüşdürəsən. Bizim o mallara ehtiyacımız olduğuna görə onları müsadirə etdim!"
Müaviyyə bundan çox narahat oldu.
II XÜTBƏ
Əhsab surəsi 33-cü ayədə Allah təala buyurur: "Allah əhli-beyti yer üzündə sevib, bəyənib və bütün nöqsanları onlardan uzaq edib."
Hüseyn (ə) inqilabının 3 səbəbi diqqəti cəlb edir:
1-ci. Hüseyn (ə)-dan Yezid üçün beyət almaq və bu məqsədlə imam təziqlər göstərmək;
2-ci. Küfə camaatının Hüseyn (ə) Küfəyə dəvət etməsi;
3-cü.Əmr be-məruf və nəhıy əz-munkər amili Hüseyn (ə) əsas şuarı olmuşdur.
Birinci beyət məsələsi - İmam Həsən (ə) ətraflnda olanlar Müaviyyənin fitnə-fəsadlarına, dünya malına uyub dağılışdıqdan sonra imam Həsən (ə) Müaviyyə ilə sülh müqaviləsi bağlamağa məcbur oldu. Müaviyyənin zamanına qədər xilafət irsi bir məsələ deyildi. O zamanadək bu sahədə iki növ düşüncə tərzi var idi:
1-ci. Ancaq Allahın əmri və Peyğəmbərin vasitəsi ilə təyin olunan şəxs xilafətə layiqdir.
2-ci. Xalq özü xəlifə seçməkdə azad idi.
İmam Həsən (ə) müqavilədə qeyd etdi ki, Müaviyyə özündən sonra müsəlmanların taleyi ilə əlaqədar heç bir qərar təyin etməyə haqlı deyil. Buna baxmayaraq elə ilk gündən Müaviyyə xilafəti oğluna vərəsəlik yolu ilə vermək haqqında düşünməyə başladı.
Müaviyyə Mədinədə Əbdulla ibn Zubeyr, Əbdullah ibn Ömər və Hüseyn (ə) görüşüb Yezidin vəliəhdlik məsələsinə rədd cavabı aldıqdan sonra oğluna vəsiyyət etdi ki, Zubeyr və Əbdullah o qədər təhlükəli deyil. Amma Hüseyn ibn Əlidən (ə) ədavətlə davranmaqdan qorx. Əgər onun qanını axıtsan Əbu Sufyan sulaləsi xilafəti əldə saxlaya bilməyəcək. Müaviyyə çox hiyləgər və siyasətcil idi. Yezid isə təcrübəsiz və əyyaş idi. H.q. 60-cı il rəcəb
ayının 15-də Müaviyyə öldü. Yezid Mədinənin hakimi və qohumu olan Vəlidə məktub yazıb, imam Hüseyn (ə) beyət almasını əmr etdi. Əks təqdirdə başını kəsib Şama göndərməsini tapşırdı. Əgər Hüseyn (ə) Yezidə beyət etsəydi bu xilafəti varislik əsasında təsdiq etmək olardı. İkinci tərəfdən isə Yezid çox əxlaqsız və açıq aşkar günah etməkdən çəkinmirdi. Yezid acıq aşkar sərxoş halda camaatın içinə çıxırdı və günahlarını atası kimi gizlətmirdi. Bütün tarixçilər Yezidin meymunbaz olduğunu yazmışlar. Onun Əbaqeys ləqəbli çox sevdiyi bir meymunu vardı. Məqsudinin yazdığına görə
Yezid bu meymuna ipəkdən toxunmuş rəngli paltarlar geyindirirdi. Onu ölkənin yüsək rütbəli siyasi və hərbi şəxslərindən yuxarıda öz yanında oturdardı. Yezidin anası İslamdan qabaq Bəni-kəlb qəbiləsindən olmuşdur. Onlar xristian qəbiləsi idi. Sonralar islamı qəbul etmişlər. Yezid gənclik yaşına qədər bu qəbilədə böyümüş xristian adətləri ilə tərbiyələnmişdir. Xristian alimi "Müaviyyə və Yezid" adlı kitabında Yezidin bəzi müəllimlərinin Şamın
xristianları olduğunu yazır. Yezid öz xristian meylini aşkar deyirdi: "Əgər şərab Əhmədin dinində haramdırsa, onda onu Məsihin dininə əsasən iç."
Ümumiyyətlə Roma imperiyasının Bəni-Üməyyə sarayında boyük nüfuzu olmuşdur. Yezid romalı Sərcunun məsləhəti ilə Bəsrənin varisi Übeydullah ibn Ziyadı (o, zinadan doğulmuşdur, "Mərcanənin oğlu" kimi tanınırdı) Kufəyə təyin etdi.
İmam buyurmuşdur: "Müsəlmanların başcısı Yezid kimi bir şəxs olan zaman islamla vidalaşmaq gərəkdir."
Hüseyn (ə)-dan belə bir düşkün adama beyət istəyirdilər, lakin o həzrət bundan imtina edərək "Heç vaxt beyət etməyəcəm" deyir .
Beyətdən imtina etmək o deməkdir ki, imam hakimiyyət qarşısında heç bir məsuliyyət daşımır, onu rəsmiyyətlə tanımır, onların haqsızlığını qəbul etmir və qeyri- qanuni hökümətə etiraz edir. Elə bu səbəbə görə də, zülm əhli imamın beyət etməməsini qəbul edə bilmir. Bunu isə hökümətə qarşı böyük təhlükə hesab edirdilər. Onlar beyət etməsən səni öldürəcəyik dedilər. İmam buyurdu: "Mən ölümə hazıram, beyətə yox."
İmam Hüseyn (ə) Əbdullah ibn Zübeyrlə peyğəmbər məscidində idi. Mədinə hakimi Vəlidin qasidi gəlib onları hakimin çağırdığını söylədi. Hüseyn (ə) buyurdu: "Siz gedin biz də gələrik." Əbdullah ibn Zübeyr dedi: "İndi getməməyimizin nə iradı var?" İmam buyurdu: "O bizi beyət üçün istəyir." İmam Əbdullahdan soruşdu: "Səncə nə etməliyik?" O, fikirləşib sonra fikrimi söyləyərəm dedi. Amma gecə ikən Məkkəyə qaçdı.
İmam isə bir neçə nəfər (30 və ya 19 nəfərlə) Bəni-Haşim gəncləri ilə Vəlidin sarayına gəldi və gənclərə buyurdu: "Siz çöldə qalın səsim ucalsa içəri daxil olun, amma astadan danışsam yerinizdən tərpənməyin!" Mərvan ibn Hikəm yaltaqlıqla dedi: "Siz Yezidə beyət edin. Sizin əmrlərinizə itaət ounacaq və buyurduğunuz bütün nöqsanlar aradan qaldırılacaq." İmam buyurdu: "Siz camaat üçün beyət istəyirsiniz, yoxsa Allah üçün?
Siz başqalarını razı salmaq üçün məndən beyət istəyirsiniz..." Mərvan imamın qabağını kəsib: "İndicə beyət etməlisən!" İmam onun yaxasından yapışıb göyə qaldırıb var gücü ilə onu yerə çırparaq buyurdu: "Sənin buna ləyaqətin çatmır"
İmam 3 gecə Mədinədə qalıb cəddi Peyğəmbərin və anası Fatimənin (s.ə) qəbrlərin ziyarət edib razu-niyaz elədi. Peyğəmbəri yuxuda gördü.
Bu sadiq röya ona ilham və vəhy kimi bir hökm idi... Ertəsi gün mərkəzi yolla bütün ailəsi ilə birlikdə Məkkəyə tərəf yola düşdü.
Kərbəlada ömrünün son anlarında da belə Əmər ibn As imamı beyətə razı salmaq istədikdə, imam əvvəldə dediyi sözləri bir daha təkra etdi:
"Yox! Allah and olsun, heç vaxt sizlərə əl verib beyət etməyəcəyəm. Bu gün belə bir vəziyyətdə - öz ölümümü, əzizlərimin ölümünü və ailəmin əsr düşməsini gördüyüm halda yenə də beyət etməyəcəyəm!"
Və Əssəlamu Ələykum və Rəhmətullah.