Xətib: HACI ELŞƏN RÜSTƏMOV
Bismillahir Rəhmanir Rəhim
Əssəlamu əleykum və rəhmətullah
Sizə və özümə ilahi təqvaya əməl etməyi tövsiyə edirəm
I XÜTBƏ
Noyabrn 27-si 2009-cu il Hicri-qəməri təqvimi ilə zilhiccə ayının 7-si imam Muhəmməd Baqir (ə) şəhadət günüdür.
İmam (ə) səfər ayının 3-ü hicrətin 57-ci ilində Mədinədə anadan olmuşdur. O, 7-ci məsum və 5-ci imamdır. Adı Muhəmməd ibni Əlidir. Künyəsi Əbu Cəfərdir. Ləqəbi Baqiril-ülum - yəni elmləri tədqiq edib yaran. Bu ləqəbi o, həzrətə Rəsuli-Əkrəm imam (ə) anadan olmazdan çox qabaq vermişdir. Həzrəti-peyğəmbər Cabir ibni Əbdullah Ənsariyə buyurur ki;
" Ey Cabir, məndən sonra mənim nəslimdən olan elə bir şəxsi görəcəksən ki, onun adı mənim adımdır, özüdə mənə çox oxşayacaq. O, elm qapılaını camaatın üzünə açacaq".
Bir müddət sonra Cabir imam Muhəmmədi Baqir (ə) Mədinə küçələrinin birində rastlaşdı. Gördü ki, peyğəmbərə çox oxşayır. Soruşdu: "Adın nədir? O, həzrət buyurdu: Adım Muhəmməd ibni Əli ibni Hüseyndir". Cabir onun əlindən öpüb buyurdu: "Cəddin peyğəmbər mənim vasitəmlə sənə salam göndərib". Cabir o gündən imamın əzəmətini göstərmək məqsədi ilə gündə iki dəfə o həzrətin görüşünə gedirdi və imamı müdfiə edirdi. (Biharul-ənvar, 46-cı cild, səhifə 226.)
O, cənabın atası imam Zeynül-Abidin (ə), anası imam Həsən (ə) qızı Fatimədir. Ümmi-Əbdullah künyəsi ilə məşhurdur.
Həm ata, həm də ana tərəfdən nəsli həzrəti Əli (ə) və xanım Zəhrayə (s) çatan ilk şəxsdir. 56 il ömür sürmüşdür 17 il imamlıq edib. İmamın 5 oğlu və iki qızı olub: Əbdullah və Əbu-Əbdillah Cəfərin anaları Ümmü-Fərvə idi ki, o qadın Muhəmməd ibni Əbu Bəkrin oğlu Qasimin qızı idi. İbrahim və Əbdullahın anası Ümmül-Həkim Əsəd ibni Müqeyrənin qızı idi. Onlar uşaq ikən vəfat edib. 5-ci oğlu Əli və Zeynəb digər qadınlardan olub. 2-ci qızı Ümmü-Səlmədir ki, anasının adı Ümmü-Vəlid olub.
İmamın (ə) imaməti dövründə aşağıdaki Əməvi xəlifələri imamın müasiri olmuşlar:
Vəlid ibni Əbdülməlik (86-96 h.q.)
Süleyman ibni Əbdülməlik (96-99 h.q.)
Ömər ibni Əbdüləziz (99-101 h.q.)
Yezid ibni Əbdülməlik (101-105 h.q.)
Hişam ibni Əbdülməlik (105-125 h.q.)
Bu xəlifələrin hamısı Ömər ibni Əbdülməlik istisna olmaqla imama (ə) çox zülm etmişlər. Şeyx Mufid "İrşad" kitabında yazır:
" O, həzrətdən dini hökmlər, təfsir, islam tarixi və başqa elmlər sahəsində o qədər hədis və rəvayətlər qalmışdır ki, bu vaxtadək imam Həsən (ə) və imam Hüseyn (ə) övladlarının heç birindən o qədər hədis və rəvayət qalmamışdır" (Əl-irşad, səhifə 261.)
O, dövrün böyük şəxsiyyətləri, eləcə də peyğəmbər səhabələrindən sağ qalanlar o həzrətdən faydalanırdılar. Cabir ibni Cufi, İbni Mübarək, Əbu Hənifə, Malik ibni Ənəs, Şafeyi və başqaları o həzrətin elmi əsərlərindən bəhrələnmiş və onun buyurduqlarını nəql etmişlər.
İmam Baqir (ə) dövründə yaşamış görkəmli alim və böyük şəxsiyyət Əbdullah ibni Əta deyir: "Mən islam alimlərini heç bir məclisdə Muhəmməd ibni Əli (ə) məclisindəki qədər elmi cəhətdən aşağı səviyyədə görmədim. Elm və şəriyyət hökmlərində bütün aləmdə tanınan Hekəm ibni Üteybəni Muhəmmədi Baqir (ə) hüzurunda yüksək rütbəli müəllim qarşısında diz çöküb əyləşən, onun şəxsiyyət və sözlərinə heyran qalan bir uşaq (şagird) kimi görmədim". (Təzkirətül-xəvas, səhifə 337.)
Əməvi xəlifəsi Ömər ibni Əbduləziz ədalətli və peyğəmbər ailəsinə mehriban olmuşdur. O, deyir: "Əli (ə) haqq olmasını Übeydullah adlı müəllimim mənə başa salmışdır". Digər tərəfdən Ömərin atası Əbduləziz Şam hökuməti tərəfindən Mədinənin valisi təyin edilmişdir. Müaviyyənin əmri ilə 60 ildən çox müddətdə Əli (ə) adına xütbələrdə və namazda lənət deyərdilər.
Əbduləziz cümə xütbəsində həmişə olduğu kimi Əli (ə) adına lənət oxuyurdu. Bir gün oğlu Ömər atasına dedi: "Ata sən hər dəfə Əli (ə) lənət deyəndə dilin dolaşır. Bunun səbəbi nədir?" Atası dedi: "Oğlum bizim ətrafımızda yığışıb minbərimizin kənarında oturan bu camaat mənim Əli (ə) fəzilətləri barədə bildiyimi bilsələr, bizim ətrafımızdan dağılıb Əli (ə) övladlarının ardınca gedərlər".
Ömər bu etirafdan sonra söz verdi ki, əgər bir gün xəlifə olsa bu bidəti aradan götürəcək. Hicri-qəməri 99-cu ildə xəlifə olan kimi fərman verib bu bidəti qadağan etdi. Bu iş camaat tərəfindən yaxşı qarşılandı. Şairlər bu işi mədh etdilər. (Əl-kamil fit-tarix cild 5, səhifə 42.)
Ömər ibni Əbduləziz "Fədək" bağını Zəhra (ə) övladlarına qaytardı.
İkinci xəlifə hədis yazmağı və toplamağı qadağan etmişdir. İslamın böyük şəxsiyyətlərindən olan Əbazər sürgün edilmiş, ibn Məsud və Əbu Dərda hədis dediklərinə görə həbs edilmiş, ölənə qədər həbsdə qalmışlar. (Əl-Müstədrəki ələs-səhihəyn, cild 1 səhifə 110.)
Ömər ibni Əbduləziz bu qanunu da ləvğ edib hədis söyləməyə və yazmağa icazə verdi. Onun əmri ilə ilk hədis toplayan Muhəmməd ibni Muslim ibni Şəhab Zühri olmüşdür. İki illik xilafətdən sonra Ömər ibni Əbduləziz Əməvilər tərəfindən zəhərlənərək öldürüldü.
Peyğəmbər haqqına ilk hədis kitabını Əli (ə) yazmışdır və bu kitab imam Muhəmmədi Baqir (ə) çatmışdır.
İmamın şagirdlərindən Muhəmməd ibni Muslim imam Baqir (ə) və imam Sadiq (ə) eşitdiklərini "Dörd yüz məsələ" adlı bir kitabda toplamışdır. Digər şagirdi Cabir ibni Cufi imamın elmindən istifadə edərək səkkiz kitab yazmışdır:
1. Təfsir kitabı.
2. Fəzilətlər kitabı.
3. Cəməl davası.
4. Nəhrəvan davası.
5. Süffeyn davası.
6. Əli (ə) məqtəl kitabı.
7. Nadir məsəllər haqqında.
8. İmam Hüseyn (ə) məqtəl kitabı.
Bəni-üməyyədən olan Hişam ibni Əbdulməlik çox paxıl, qəzəbli, rəhmsiz bir adam idi. O, var-dövlət yığmağa, abadlıq işləri görməyə çalışırdı. Ancaq rəhmsiz və zalım olduğundan onun dövründə camaatın vəziyyəti ağırlaşdı, xeyirxah işlər yoxa çıxdı, heç kəsin heç kəsə ürəyi yanmadı. Hişam Zeydin vasitəsi ilə imam Baqir (ə) h.q. 114-cü il zilhiccə ayının 7-sində zəhərlədib şəhid etdi.
ALLAH BÜTÜN ZALIMLARA LƏNƏT ETSİN.
II XÜTBƏ
Zilhiccə ayının 10-u Qurban bayramıdır. Allah-təala Səffat surəsinin 100-107-ci ayələrində buyurur: (İbrahim dedi:)
"Ey Rəbbim! Mənə salehlərdən (bir övlad) bəxş et. Beləliklə biz onu həlim bir oğlan uşağı ilə (İsmaillə) müjdələdik. Oğlu onunla birlikdə işləmək həddinə çatanda (İbrahim) dedi: "Oğulcığazım! Mən yuxuda hey görürəm ki, sənin başını kəsirəm. Bəs bax (gör) nəzərin nədir? (İsmail) dedi: "Ey ata! Sənə əmr ediləni yerinə yetir. Allahın istəyi ilə məni səbrlilərdən görəcəksən!" Beləliklə eləki onların hər ikisi (Allahın əmrinə) təslim oldular və O, oğlunu üzü üstə yerə yıxdı (İmtahandan başı uca çıxdı.) Biz ona xitab etdik ki: "Ey İbrahim!" Həqiqətən sən yuxunu həyata keçirdin. Biz yaxşı əməl sahiblərini belə mükafatlandırarıq. Şübhəsiz bu hadisə həmin aşkar imtahandır. Və biz ona böyük bir qurbanlıq fəda etdik".
Həzrəti İbrahim bıçağı sürtdükdə, Allahın əmri ilə bıçaq kəsmədi. İmtahandan yaxşı çıxdığına görə Allah-təala ona imamlıq rütbəsi də verdi (Bəqərə surəsi 123-cü ayə.)
Azərbaycanın klassik şairi Nəbati deyir:
Eydi-Əzhada (Qurban bayramında) kəsər xəlq qoyun qurbanı
Sən də gəl kəs məni qurban, olum boyun qurbanı...
Bütün klassik şairlərin və Nəbatinin tərənnüm etdiyi gözəlliklərin əsl obyekti və əsası ilahi eşqin izharıdır.
Allah-təala Kövsər surəsində buyurur: "Bəs Rəbbinə itaət et və namaz qıl - qurban kəs".
Qurban üç heyvandan kəsilir.
1. Dəvə - 5 yaşı tamam olub 6 yaşa keçə.
2. İnək və keçi - 2 yaşı tamam olub 3 yaşa keçə.
3. Qoyun - 1 yaşı tamam olub 2 yaşa keçə.
Bir neçə nəfərin müştərək qurban kəsməsi münasib deyildir.
Qurban sağlam olmalıdır. Qoca və şikəst olmamalıdır. Kök olmalıdır...
Nəzir qurbanı başqadır. Qurban kəsməyin özü Allaha ibadətdir. Bu işdə təmiz niyyət və Allaha ibadət niyyəti olmalıdır. Qurban nəfsi öldürüb özünə ram etmək deməkdir. Qurban Allaha yaxın olmaq və möminlərin bir-birinə yaxınlaşması mənasını verir.
Qurban ətinin bölgüsü müstəhəb əməldir. Qurban əti üç hissə edilir:
1-ci hissə hədiyyə verilir.
2-ci hissə fəqirlərə sədəqə verilir.
3-cü hissə öz payıdır.
Qurban kəsməyin fəlsəfəsi budur ki, İlahi bu heyvanın başını kəsdiyim kimi nəfsi əmmarəmin başını kəsirəm. Yəni Allah yolunda, ilahi eşq yolunda, həqiqət və ədalət yolunda, candan keçməyə, vətəni müdafiə etməyə, şəhadətə hazıram. Qurbn bayramı insanları Allah yolunda cihada, fədakarlığa səsləyir!
ALLAHI AND VERİRƏM BÖYÜKLÜYÜNƏ! TEZLİKLƏ İŞĞAL EDİLMİŞ VƏTƏN TORPAQLARININ AZAD OLMASINA BİZLƏRƏ KÖMƏK OLSUN!
AMİN!