Xətib: HACI ELŞƏN RÜSTƏMOV
Bismillahir Rəhmanir Rəhim
Əssəlamu əleykum və rəhmətullah
Sizə və özümə ilahi təqvaya əməl etməyi tövsiyə edirəm
1-ci XÜTBƏ
Həcc sürəsi 27-ci ayədə Allah-təala buyurur:
"İnsanlari həccə çağır ki, onlar sənin yanına piyada və hər uzaq yoldan yollanan hər cür miniklə gəlsinlər."
Həcc Allahın əmri, Həzrəti Adəmin və Həzrəti İbrahimin adət ənənəsidir ki, həmin ayə buna işarə edir.
Həcc bütün peyğəmbərlərin ənənəsi və Kəbə yer üzündə Allahın ilk ibadətgahıdır. Kəbəyə və Həccə gedənlər Allahın qonağıdır. Həccin bir sıra vacib və müstəhəb əməlləri vardir.
Həccə gedən səfərə çıxmazdan əvvəl etdiyi günahlardan tövbə etməlidir. İmam Sadiq (ə) buyurur:
"O zaman ki, Həcc ziyarəti qəsdində oldun tövbə suyu ilə günahlarını yu."
Eləcə də Həccə gedən boynunda haqqı olanlardan halallıq almalıdır. Həmçinin vəsiyyət etməlidir.
Həzrəti Peyğəmbər buyurur:
"Hər kəs vəsiyyət etmədən ölüb dünyadan getsə cahiliyyət dövründə ölən insanlar kimi olar." Vəsiyyət gələcəyi düşünmək və ürəyi rahat etməkdir. Vəsiyyətə əməl etməmək günahdır.
Səmimi həcc niyyəti etmək lazımdır. Həzrəti peyğəmbər buyurur: " - o şəxs ki haram mal ilə Həccə getsə ləbbeyk deyə səslənəcək. Allahdn ona cavab bu olacaq ki, - Məni çağırma!
Evdən çıxanda münasib vaxt seçmək - cümə və şənbə gününü, qüsul etmək, sədəqə vermək, dua etmək, Ayətəlkürsü, Tovhid, Nas, Fələq sürələrini oxumaq, iki rəkət namaz qılmaq və demək:
"İlahi əhli-əyalimi, malımı və özümü sənə tapşırıram"
Xəbərsiz səfərə və ya Həccə getmək yaxşı deyil. Həccə gedəni və ya müsafiri yola salmaq yaxşı əməldir.
Əbazəri sürgün edəndə Həzrəti Əli (ə) İmam Hüseyn (ə) Əqil Əmmar onu yola saldılar.
İmam Baqir əleyhissalam buyurur: Müsafirlərin öz pulu və mallarını qoruyub saxlamaqları özlərinin səy və bacarıqlarından aslıdır. Namazları məsciddə camaatla qılmağın bir rükətində min namazın savabı vardır. Həccə gedən islam əxlaqına əməl etməli, nəzakətli və mehriban olmalıdır. İmam Sadiq əleyhissalam buyurur: - Sizlərdən hər biriniz öz dinində təqvayə riayət edib, vicdanı təmiz və insanlarla münasibətdə xoşxasiyyət olsa deyərlər ki, bu Cəfəri məktəbinin tərbiyəsidir. Biz də bundan sevinərik."
Həz. Peyğəmbər buyurur: " Həccin qəbul olunmasının əlamətləri, günahları tərk etməkdir. Bəndənin yenidən günah iş etməyi onun zəlil olmasının nişanəsidir.
İmam Sadiq (ə) buyurur: "Hədiyyə kin küdurəti aradan aparır və bu məqsədlə bir dirhəm xərclənmək, min dirhəm savab verir.
Eyni zamanda səfərdən qayıdanı qarşılamaq necə ki, Cəfər ibni Əbu Talib Həbəşə hicrət etdi, geri qayıdanda peyğəmbəri-əkrəm onu qarşıladı və gözlərindən öpdü, sevindiyindən ağladı.
İmam Kazım (ə) buyurur: Ziyafət qonaqlıq vermək beş vaxtda müstəhəbdir.
1.Evlənəndə
2.Övlad dünyaya gələndə
3.Oğlunu sünnət edəndə
4.Ev alanda
5.Həcc ziyarətindən qayıdanda
Həcc əməllərinin icrasına Həcətül-İslam deyirlər
Həccətül-İslam iki hissədən ibarətdir
1.Ümreyi-təmətdü
2.Həccü-təmətdü
Ümrəyü-təməttü şəvvalin əvvəlindən Zilhiccənin 9-u günortaya qədər yerinə yetirilməlidir. Vacibatı beş şeydir:
1.Ehram bağlamaq
2. Kəbənin təvafı.
3. Təvaf namazı
4. Səfa və Mərvə arasında yürüş etmək
5. Təqsir - yəni başın tükündən bir az kəsmak və dırnaq tutmaq.
Həcci-təməttünü vacibatı 13 şeydir:
1.Ehram (Məkkədə) bağlamaq.
2. Ərəfatda olmaq.
3. Müzdəlifədə yəni Məşhərül-Həramda dayanmaq.
4. Şeytanı yəni simvolizə edilən sutunu daşlamaq.
5. Qurban kəsmək.
6. Baş qırxdırmaq və ya təqsir etmək.
7. Kəbənin təvafı.
8. Təvaf namazı.
9. Səfa ilə Mərv arasında səy etmək.
10. Nisa təvafı
11. Nisa təvafının namazı.
12. Zilhiccənin 11-i və 12- si beytütə etmək yəni Minada gecələmək.
13. Şeytanı daşlamaq.
Ehram halında 24 şey haramdır:
1. Heyvan ovlamaq.
2. Cinsi münasibət.
3. Kəbin kəsdirmək.
4. İstimna yəni onanizm.
5. Ətir vurmaq.
6. Kişilərə tikili paltar geymək.
7. Sürmə çəkmək
8. Güzgüyə baxmaq .
9. Kişilərə ayaqların üstünü tam örtən ayaqqabı geymək.
10. Yalan danışmaq.
11. Allaha an içmək.
12. Bədəndə olan bit və ya başqa həşəratı öldürmək.
13. Zinət və üzük taxmaq.
14. Qadınlara zinət geyimi və başqa əşyalar.
15. Bədənə yağ sürtmək.
16. Tük çəkmək.
17. Kişilərin baş örtməsi.
18. Qadınların üzünü bağlaması.
19. Kişilərin kölgədə oturması.
20. Bədəndən qan çıxartmaq
21. Dırnaq tutmaq.
22. Diş çıxartmaq.
23. Hərəmdən ot ağac qopartmaq.
24. Silah gəzdirmək.
Bu əməllərlə yanaşı Bəqi qəbirstanlığını ziyarət etmək, Mədinədə peyğəmbərin qəbrini ziyarət etmək eləcədə vida təvafı və digər ziyarətlər icra edilir.
Alah-təala bütün istəyənlərə Həcc ziyarətini qismət eləsin.
2-ci XÜTBƏ
İmam Rza (ə) həyatı - davamı.
İmam Rza (ə)-ın aşağıdakı keyfiyyətləri vardır.
1. O, Həzrət Əli (ə)-a çox oxşayırdı.
2. Xasiyyəti çox mülayim idi.
3. Əliaçıq idi.
4. Nə soruşsaydılar tez cvab verərdi.
5. Hər üç gündə bir Quran xətim edərdi.
6. Heç kəsin sözünü kəsməzdi.
7. Heç kəsin yanında ayağını uzatmazdı.
8. Yerə tüpürməzdi.
9. Öz xidmətciləri ilə bir süfrədə yemək yeyərdi.
10. Çox sadə idi.
11. Həsir ya palaz üstündə əyləşərdi.
12 Gecələr sədəqə paylayardı.
13. Evdə köhnə paltarlar geyinərdi, lakin camaat içərisində zinət edərdi.
14. Adamların etdiyi yaxşılıqları yüksək səviyyədə qiymətləndirərdi.
İmam Rza (ə) Məmunun onu ölümlə təhdid etməklə vəliəhd təyin etməsini camaata bildirdi. Bundan əlavə camaata onuda çatdırırdı ki, Məmun tezliklə hiyləyə əl atıb öz əhdini pozacaq və onun qatili ona zəhər verən məhz Məmun olacaq. Hətta bunu Məmunu öz yanında da buyurmuşdur. İmam Rza (ə) həm də öz hərəkəti ilə vəliəhdliyə razı olmadığını və güclə bu məqama təyin edilməsini biruzə verirdi.
Məmun qardaşı Əmin ilə vuruşurdu. O, özü deyirki bir gecə tək otaqda dörd rəkət həcat namazı qıldım. Səhərə qədər Quran oxudum. Əhd etdim ki, mən Əminə qalib gəlib xilafəti öz sahibinə verəcəm.
Məmun deyir bir gün gördüm ki, İmam Kazim(ə) atamın yanındadır. Atam onu öz yerində əyləşdirdi. İmamı çox nəvaziş etdi. Bİr müddət sonra İmamı şəhid edəndə soruşdum ata niyə belə etdin ? Atam dedi: - O peyğəmbərin oğlu olduğu üçün ona məhəbbətim çoxdur, amma hakimiyyət çox şirindir. Məsəl var deyərlər - Əl mulku əqim - Hakimiyyət övlad tanımaz. O ki, qaldı başqasına. Harun deyir - Lazım gəlsə səni də öldürərəm.
Abbasilərdən olan xəlifə Mənsur seyyidləri günlərlə ac susuz saxlayırdı. Divarı üstlərinə uçurub şəhid edirdi. Əbu Muslim onlara çox xidmətlər etmişdi, təhlükə hiss edən kimi onu öldürdülər. Bərməkilərdən də, çox xidmətlər etməklərinə baxmayaraq narazı qalan kimi onlarıda qırdılar.
Əli İbn Muhəmməd İbni Cəhim ( o əhlibeytin düşmənlərindən idi ) deyir: - Məmunun məclisində idim. İmama nə qədər sual verdisə İmam hamısına cavab verdi. Onda xəlifə dedi. Ey Əbəl Həsən Allahın bərəkəti səninlə olsun. Suriya, İraq, Yəmən, Misir, Hicaz Abbasilərin əlində idi. Onlar İmamın vəliəhdliyini qəbul etmirdilər. Bəni Abbasdan olan İbrahim İbni Şəklə adlı birinə beyət edib narazılıqlarını bildirirdilər və deyirdilər: - "Biz Ələvilərin bayrağı altında yaşamarıq. Atalarımız yüz illər boyu zəhmət çəkib can yandırıblar. İndi isə birdən-birə xilafəti Ələvilərə verək?!" Onlar Məmunun əleyhinə qiyam edirdilər.
Məmun zəhərə batırılmış sapı iynə ilə üzümün gilələrindən keçirdi və İmama təklif etdi. İmam zəhərli üzüm vasitəsi ilə 55 yaşında şəhid oldu.
Allah bütün zalımlara lənət etsin!
Və Əssəlamu Əleykum Və Rəhmətullah.