Heç kəs bu
həyata yaxşı və ya pis insan kimi gəlmir. Hər bir körpə eyni bir fitrətlə, saf
ruhla dünyaya göz açır. Xristianlığın "ilkin günah" təlimindən fərqli
olaraq, İslam təlimi bizə dünyaya gələn hər bir insanın məsum, günahsız
olduğunu öyrədir. İnsan yaxşı və ya pis yolu, başqa sözlə, səadət və ya
bədbəxtlik yolunu sonradan formalaşdıracağı mənəvi halı və iradəsilə özü seçir.
Mənəviyyatını rəzilliklərdən qoruyan, pak, saf saxlayan insan səadət yoluna, onu
çirkinliklərə, günahlar girdabına qərq edən insan isə bədbəxtlik yoluna
yönəlmiş olacaqdır. Başqa sözlə, qeyd olunduğu kimi, Allah-Təalanın təyin
etdiyi mənəviyyat qanunlarına uyğun həyat sürən insan səadəti qazanacaq, bu
qanunlara zidd yaşayan isə onu itirəcəkdir. Deməli, insanın bədbəxtliyinə səbəb
olan amil onun düçar olduğu mənəviyyatsızlıqdır, bu mənəviyyatsızlığı
şərtləndirən isə günahlar və rəzil işlərdir. Şübhəsiz ki, Adəm övladı dünyaya
göz açandan onun bütün digər tələbatları kimi, mənəvi tələbatları da olur. Bu
tələbatlar insanın təbiətinə, fitrətinə qoyulmuşdur. Lakin özü-özlüyündə onlar
aşkar mənəvi hal və ya ideya kimi deyil, sadəcə bir instinkt kimi çıxış edir.
Aşkar mənəvi hal isə insanda onun şəxsiyyətinə, daxili aləminə, fərdi seçim və
iradəsinə müvafiq olaraq formalaşır. Formalaşmış bu mənəviyyat insanın daxili
mənəvi tənzimləyicisinin, daxili aləminin Allah tərəfindən müəyyən edilmiş
mənəviyyat qanunları ilə uyğun gəlməsilə, uzlaşmasıyla şərtlənir. Əgər insanın
daxili aləmi öz fitri mənəvi tələbatlarına rəğmən, bu ilahi mənəvi qanunlara
zidd təzahür olunacaqsa, onun ruhuna mənəviyyatsızlıq hakim kəsiləcəkdir.
Bundan irəli gələn əməl və davranışlar günah adlanır. Günahın təhlükəsi insanın
daxili aləmini və bununla da şəxsiyyətini dərhal bürüyərək özünə tabe edir.
Mənəviyyatsızlığın bəhrəsi olan günahlar öz müəllifi tərəfindən kifayət qədər
şüurlu, iradi olaraq həyata keçirilir. Beləliklə, günah Allah-Təalanın
mənəviyyat qanunlarına zidd hərəkət etmək, Onun qanunlarını pozmaqdır. Heç
kəsin günahkar kimi doğulmadığını və günahın sonradan insanın həyatına daxil
olduğunu nəzərə alsaq, biz günahı insanın xisləti deyil, onun düçar olduğu bir
xəstəlik adlandıra bilərik. Yəni zatən, təbiətcə insan günahkar olmur. O,
günaha bir xəstəlik kimi yoluxa, günahlar içərisində yaşaya bilər və müəyyən
tədbirlər həyata keçirərək ondan müalicə oluna bilər, sağala bilər, yaxa
qurtara bilər. İnsanın cismi ilə deyil, mənəviyyatı, ruhu ilə bağlı olduğu
üçün, günahı mənəviyyatın xəstəliyi (mənəvi xəstəlik) və ya ruhun xəstəliyi
(ruhi xəstəlik) də adlandırmaq olar. O doğulur (meydana gəlir) və tədricən
inkişaf edir ki, bu haqda növbəti bəhslərimizdə söz açacağıq. Beləliklə, biz
günahların fitri xislət deyil, insanın düçar olduğu mənəvi, ruhi xəstəliklər
olduğunu qeyd etdik. İnsanın daxili aləminin, qəlbinin, ruhunun mübtəla olduğu
bu xəstəliklər, şübhəsiz ki, bütün digər xəstəliklər kimi onu incidir, rahatsız
edir, üzür. Lakin bu xəstəliklər bilavasitə insanın ruhu ilə, qəlbi ilə bağlı
olduğundan onların mənfi təsiri insanda daha ciddi, daha təhlükəli izlər
buraxır. Günah azarına tutulmuş şəxslər ilahi mənəviyyat qanunlarına zidd həyat
sürdüklərindən ilahi mərhəmət və şəfqətdən məhrum olurlar və onların qəlbləri
daim sıxıntı, narahatlıq içində olur. Bu qəbildən olan xəstəliklər və onların
qurbanına çevrilən xəstələrə Allah-Təala Qurani-Kərimin bir neçə ayəsində işarə
etmişdir. Bu ayələrdə Allah günah işləri qəlb xəstəliyi adlandırır və buyurur: "Onların qəlbində xəstəlik vardır.
Allah onların xəstəliyini daha da artırar..." (əl-Bəqərə, 10) Başqa
bir ayədə buyurur: "O zaman
münafiq və qəlblərində mərəz olanlar: "Allah və Onun peyğəmbəri bizə yalan
vəd etmişdir" - deyirdilər" (əl-Əhzab, 12) Başqa bir ayədə
Allah əxlaqsızlığı və iffətsizliyi qəlb xəstəliyi adlandıraraq buyurur: "...Yoxsa qəlbində mərəz olan tamaha
düşər..." ( əl-Əhzab, 32) Hz. Əli günahı səciyyələndirərək
buyurmuşdur: "Günahdan pis qəlblər üçün bir dərd yoxdur!" (Bihar
əl-Ənvar, c.73, s.342) Buradan göründüyü kimi, günah bir qəlb xəstəliyidir. Və
şübhəsiz ki, hər bir xəstəlik kimi müalicəyə ehtiyaclıdır. Bəs onu necə müalicə
etmək mümkündür?.. Məlum olduğu kimi, ruhi, psixi xəstəliyə düçar olmuş şəxsi
müalicə etmək üçün ilk öncə bu xəstəliyin yaranmasına səbəb olan amillər
araşdırılıb üzə çıxarılmalıdır. Bu səbəblər doğru müəyyənləşməzsə, düzgün
müalicə etmək də qeyri-mümkün olar. Onlar müayinə edildikdən sonra isə
xəstəliyi törədən həmin amilləri aradan qaldırmaq, bərtərəf etmək lazımdır. Bu
səbəblər, hətta qismən belə qalmış olsa, insan ruhi sarsıntılar, depressiya halları
keçirəcək, onun qəlbi vaxtaşırı sıxılacaq və bu psixi narahatlıqlar onu daim
təqib edəcəkdir. Psixi rahatsızlıqları tamamilə yox etmək üçün insan öz daxili
aləmini bütün mənəviyyatsızlıqlardan, mənəviyyat qanunlarına zidd olan
xassələrdən, insanın pak fitri ab-havasını, mənəvi tələbatlarını boğan
amillərdən təmizləməlidir. İnsanın daxili aləmi ilahi mənəviyyat qanunlarıyla
həmahəng olmalıdır ki, qəlb rahatlığı, könül sevinci əldə edə bilsin. Qeyd
etdiyimiz kimi, qəlbi xəstəliyə düçar edən amil - insanın daxili aləminin
mənəvi qanunlara zidd atmosferə düşməsi, Allahdan uzaqlaşması, ilahi iman
nurundan məhrum olmasıdır. Deməli, bu qəbildən olan xəstəliklərin müalicəsi də
"zülmət və qaranlığın hakim olduğu" qəlbdə ilahi işıq yandırmaqla
mümkündür. Biz bu haqda növbəti sayımızda tövbə mövzusuna toxunaraq daha
ətraflı bəhs edəcəyik. İndi isə diqqətinizi ruhi xəstəliklərə səbəb olan bəzi
hallara yönəltmək istərdik.
RUHİ XƏSTƏLİKLƏRƏ DÜÇAR OLMANIN AMİLLƏRİ
İnsan ruhunda sarsıntılara səbəb olan başlıca amillərin
nədən ibarət olduğunu qısaca açıqlayaq. Psixoloqlar sübut edirlər ki, ümidsizlik
psixoloji xəstəliklərə səbəb olur, yəni bəşər övladının düçar olduğu ruhi
xəstəliklərin, komplekslərin və s. narahatlıqların əksəriyyəti ayrılıq və
çatışmamazlıq baş verdikdə yaranan pessimizm hisslərindən qaynaqlanır. Məlum
olduğu kimi, İslama görə ümidsizlik ən böyük günahlardan hesab edilir.
Allah-Təala buyurur: "Həqiqətən, Allahdan yalnız kafirlər
naümid olarlar". (Yusif, 87) İnsanın daxilində baş qaldıran və
dinimizə görə günah hesab edilən bir sıra keyfiyyətlər də onun ruhi xəstəliyə
tutulmasına səbəb olur. Bunların sırasında həsəd, paxıllıq, kin, qəzəb, eqoizm,
qısqanclıq kimi xüsusiyyətlər yer almaqdadır. Hansısa bir şəxsə qərəz bəsləyən
insanın bu qərəzi zamanla kinə çevrilir və ondan intiqam almaq istəyir.
Getdikcə bu istək elə bir nöqtəyə çatır ki, o, düşmənini qanlar içində yerə
yıxmayınca rahatlıq tapa, sakitləşə bilmir. İnsanda müşahidə olunan bu kin,
nifrət və intiqam hissi nədir, haradan qaynaqlanır? Qısqanc şəxs başqalarının
bir xeyir görməsini, bir nemətə sahib olmasını qəbul edə bilmir, onları əldə
etdiklərindən məhrum etmək arzusuyla alışıb-yanır, özünü düşünmür. Sağlam bir
insanda həsəd və qısqanclıq deyil, qibtə hissi olur, o, özünü düşünür, olduğu
vəziyyəti dəyərləndirir və irəli getməyə çalışır. İrəli getməyə çalışan, özünü
düşünən bir insanın bu davranışı eyib sayıla biləcək bir qüsur deyil, belə
davranan insan sağlam insandır. Lakin bütün fikri başqalarını alçaltmaq və
onların geridə qalmasına nail olmaq istəyən insanın bu davranışı xəstəlikdir,
anormallıqdır. Yəqin ki, belə insanlara siz də rast gəlmisiniz. Onlar elə bir
nöqtəyə çatırlar ki, qarşıdakı insana zərər vermək uğrunda hətta özlərini
uçuruma belə atırlar.
HƏSƏD
XƏSTƏLİYİNƏ BİR NÜMUNƏ
Tarix kitabları
bu mövzu ilə əlaqədar maraqlı, çox məşhur bir hadisəni açıqlayır. Rəvayətə
görə, bir gün çox zəngin şəxs bazardan kölə alıb evinə gətirdi. Lakin köləsi
ilə qul kimi deyil, ağa kimi davranırdı, ona ən gözəl, ən bahalı libaslar alır,
ən nəfis yeməklərdən yedirir, çoxlu pul verirdi. Qısacası, onunla öz oğlu kimi
rəftar edirdi. Lakin kölənin diqqətindən yayınmayan bir nöqtə var idi. Ona bu
qədər yaxşılıq edən ağası həmişə bikef, fikirli, daima kədər içində idi. Bir
gün ağası onu azad etdiyini, üstəlik yaxşı bir iş qura bilməsi üçün sərmayə
olaraq böyük məbləğdə pul verəcəyini bildirdi. Kölə sevincindən özünə yer tapa
bilmirdi. Həmin gecə ağa nökərini yanına çağırıb onunla dərdləşmək istədiyini
söylədi və ürəyini ona açdı: - Bax, övladım, sənə bu qədər ummadığın
yaxşılıqlar etmişəm, hətta səni azad etmək və sərmayə olaraq böyük miqdarda pul
da vermək niyyətindəyəm. Bilirsənmi bütün bunları nə üçün edirəm? - Xeyr. -
Sənə bu qədər yaxşılıqlar etdim, qarşılığında isə səndən bir ricam var. Əgər bu
xahişimi yerinə yetirsən verdiyim hər şeyi sənə halal edərəm, yoxsa haqqımı
halal etməyəcəyəm. Üstəlik onu da bil ki, xahişimi yerinə yetirsən bu günə
qədər sənə verdiklərimdən qat-qat çox şey əta edəcəyəm. - Baş üstə, siz mənim
ağamsınız, hər əmrinizi yerinə yetirməyə hazıram. Siz məni yenidən həyata
qovuşdurdunuz, nə istəsəniz, onu da edərəm... - Yox, elə olmaz! Sən mənə söz
verməlisən. İstədiyimin nə olduğunu öyrəndikdən sonra razılaşmayacağından
qorxuram! Kölə ağanın istənilən arzusuna əməl edəcəyinə and içib söz verdi.
Bunu eşidən ağa dedi: - İndi mənə diqqətlə qulaq as. Mənim təyin edəcəyim bir
zaman və məkanda başımı kəsəcəksən, yaxşımı? Kölə heyrətdən donub yerindəcə
qaldı, qulaqlarına inanmadı: - Aman ağam, axı bu necə ola bilər! Kölə çox dil
töksə də, heç bir faydası olmadı, ağası öz qərarını dəyişməyəcəyini söylədi.
Köləsi bu şərti qəbul edə bilməyəcəyini anlatmağa çox çalışdısa da, axırda
ağası verdiyi sözü xatırladaraq, onu inadından döndərə bildi. Gecənin bir
yarısı ağa gəlib nökərini oyatdı, əlinə iti bir bıçaq verib ardınca gəlməsini
əmr edərək onu evin damına çıxartdı, oradan da öz evinə bitişik olan qonşusunun
damına tullandılar. Elə oradaca köləsinə bir kisə dolu pul verib dedi: - Bu
sənindir, mənim başımı burada kəsməlisən, sonra ürəyin hara istəyirsə çıxıb
gedə bilərsən, sən artıq sərbəstsən. Kölə çaşqınlıqdan donmuşdu: - Nədən sizi
öldürməyimi istəyirsiniz? - Üstündə durduğumuz bu dam qonşumun evinin damıdır.
Mən bu qonşuma dəhşətli dərəcədə paxıllıq edirəm, heç gözüm götürmür onu, onu
görə belə bilmirəm, belə yaşamaqdansa ölsəm daha yaxşıdır! Biz ticarətdə
bir-birimizə rəqibik. Lakin hərif məni geridə qoyubdu, hər cəhətdən irəlidədir,
hirsimdən yanıb kül oluram, dözə bilmirəm bu adama! Sonunda bu çıxış yolunu
tapdım, özümü öldürməklə onun üstünə bir cinayət yükləməyə qərar verdim. Onu
zindana atacaqlar, mən də nəhayət rahatlıq taparam, çünki başqa cür rahatlıq
tapa bilmirəm. Bu cinayəti mütləq onun üstünə atacaqlar. Axı bir-birimizin
rəqibiyik. Sabah cəsədi tapanda "filankəsin evində tapdıq. Onlar köhnə
rəqiblərdir, belə olduqda yüz faiz bu öldürüb o adamı!" deyərək, onun
yaxasından yapışacaqlar və cinayət ittihamı ilə edam edəcəklər. Mənim də
istədiyim elə budur! Kölə eşitdiklərinə inanmırdı: - Bir insan necə bu qədər
alçala bilər? Sənin kimi axmaq və alçaq adamın haqqı elə ölümdür! Bunu söyləyib
kölə ağasının istəyini yerinə yetirdi, başını kəsib pulları da götürərək, oranı
tərk etdi. Çox keçmədən cəsədi qonşunun damından tapdılar. Yazıq qonşunun
yaxasından yapışıb zindana atdılar. Lakin elə hamı "əgər qatil bu
şəxsdirsə, onu nə üçün öz evinin damında öldürsün ki? Burada nə isə var!"
- deyirdi. Çox keçmədi ki, həqiqət ortaya çıxdı. Vicdan əzabı çəkən kölə
qazının yanına gələrək, əhvalatı olduğu kimi danışdı. Məsələ aydınlaşandan
sonra qonşunu da, köləni də azad etdilər, bu hadisə də maraqlı olduğundan düşdü
tarix səhifələrinə. Beləliklə, bunun bir xəstəlik olması həqiqətdir. İnsan bu
azara düçar ola bilər. Paxıllıq xəstəliyidir bu, həsəddir... Allah-Təala buyurur:
"Nəfsini (günahlardan) təmizləyən mütləq nicat tapacaqdır!" Göründüyü
kimi, Quranın insanla əlaqədar ilk proqramı onun nəfsini təmizləmək və tərbiyə
etməkdir, ruhunu xəstəliklərdən qurtarmaq, komplekslərdən, qara fikirlərdən,
narahatçılıqlardan xilas etmək və qəlbi "çirkinləşdirən" amillərdən
qorumaqdır. Növbəti sayımızda, inşallah, mövzumuzu davam etdirəcəyik...
Elşən Mustafayev