Əsas » Məqalələr » XANIM FATIMEYI-ZƏHRANIN DOĞUM GÜNÜ MÜBARƏK!
XANIM FATIMEYI-ZƏHRANIN DOĞUM GÜNÜ MÜBARƏK!
 

Bu mübarək doğum günü bu il 24 iyun tarixinə təsadüf etdi. Sevimli peyğəmbərimiz Həzrət Məhəmmədin sevimli qızı Həzrət Fatimənin təvəllüd günü, heç şübhəsiz ki, hər bir müsəlman üçün bir sevinc günüdür. Bu gün Islam aləmində «Qadınlar Günü» kimi də qeyd edilir.

Həzrət Məhəmməd peyğəmbərin dünyaya gələn üç qızının ardınca Qasim və Abdullahın doğulması böyük sevincə səbəb olsa da, bu körpələr çox yaşamır. Onların kiçik yaşında ikən dünyalarını dəyişməsindən sonra yaşa dolmuş Xədicənin yenə də qız övladı dünyaya gəlir! Onun adını Fatimə qoyurlar. Fatimə Həzrət Peyğəmbərin dördüncü və ən kiçik qızı idi. O, həzrət Məhəmmədə peyğəmbərlik verildikdən beş il sonra dünyaya göz açıb və rəvayətlərə görə, on səkkiz yaşında vəfat edib.

Oğullarının dünyasını dəyişməsilə düşmənlərindən sevimli peyğəmbərimizi sonsuz, nəsli artmayan adlandıranlar da oldu. Lakin Allah-Təala Fatimənin dünyaya gəlişilə «Kövsər» sürəsini nazil etdi və belə buyurdu:

«Rəhman və Rəhim olan Allahın Adı ilə! Həqiqətən, biz sənə Kövsər bəxş etdik. Ona görə də Rəbbin üçün namaz qıl və qurban kəs! Düşmənin özü əbtər, sonsuzdur!»

Peyğəmbər ailəsinin iftixarına sahib olan bu qız övladı - oğulun canişinlik taxtına oturur və qız uşağına qarşı cəmiyyətdə formalaşmış stereotipləri kökündən məhv edir. Bir cəmiyyətdə ki, qız uşaqları diri-diri basdırılmaqla paklanır, bir cəmiyyətdə ki, qızlar dəyərsiz bir məxluq kimi qəbul edilir, Fatimə günəş tək parlayır, nur saçır. O öz ailəsinə sevinc bəxş edir dünyaya gəlişilə...

Fatimənin körpəliyi tufanlar içində keçir və atasının peyğəmbərlik missiyası kimi ülvi bir öhdəliyin çarpışmaları dövrünə təsadüf edirdi. Fatimə, atasının məhəbbətlə dolu, mehriban çağırışlarına ətrafdakıların istehza ilə yanaşmasının şahidi olur. Bir gün Kəbə kənarında səcdə halında olan Peyğəmbərin başına qoyun içalatı atırlar. Körpə Fatimə dərhal özünü atasına çatdırıb, kiçik incə əllərilə onun nurlu üzünü təmizləyir, nəvaziş göstərib, əlindən tutur və onlar birlikdə evə qayıdırlar. Fatimə sanki çətinliyə düşmüş övladına qayğı göstərirmiş kimi, peyğəmbərə qayğı göstərir və bu səhnəni gərənlər, kiçik qız uşağının atasına sədaqətinin şahidi olanlar ona «ummi-əbiha», yəni «atasının anası» ləqəbini verirlər. Kiçik yaşlı Fatimə kiçik yaşlarında ikən anasını itirmiş həzrət Məhəmmədə həm də bir ana olur və peyğəmbərimiz ömrünün sonunadək daim ondan öz anasının ətrini alır...

Zaman keçdikcə Fatimə hiss edir ki, onun qarşısında ciddi vəzifələr dayanır. Artıq bu öhdəliklər uşaq arzusu deyil! Fatimə öz dərin imanı və təqvasıyla Peyğəmbər yardımçısı olmağa layiqli bir övlad olur. Onun məsuliyyətini ata-anası da, ətrafdakılar da hiss edir. Hələ kiçik yaşlarından o öz mənəvi keyfiyyətlərilə ətrafdakılara nümunə olmağı bacarır və Islama iman gətirmiş hər bir kəsin sevimlisinə çevrilir.

Fatimə Peyğəmbərimizin əmisi oğlu Əli ilə bir yerdə böyüyür. Hər iki gənc ilahi vəhy nurunda tərbiyə alır, dövrün cəhalətə və mənəviyyatsızlığa bulaşmır ab-havasından daim uzaq olurlar. Nəhayət Əli Fatimə ilə bəşəriyyət üçün nümunə olacaq bir ailə qurur. Həzrət peyğəmbər qızı Fatiməyə belə buyurur:

«Səni imanda ən güclü, elmdə ən bilikli, əxlaqda ən gözəl və ən uca ruhlu bir kəsin yanında əmanət qoyub gedirəm...»

Hicrətin üçüncü ili Fatimə ilə Əlinin Həsən adlı oğlu dünyaya gəlir. Mədinə öz Peyğəmbərinin sevincini bayram edir. Sevimli peyğəmbrimiz son ən ağır, məşəqqətli on altı ildən sonra şirin duyğular keçirir, onun ruhi yorğunluğu sakitləşir. Fatimənin evi şövqlə dolu idi. Ailə öz ilk övladını ağuşuna almışdı. Bir ildən sonra Hüseyn dünyaya göz açır. Artıq Peyğəmbərin iki oğlan nəvəsi olur.

Fatimənin övladları Həsən və Hüseyn Peyğəmbərin həyat sevincinə çevrilir və o, vaxtının böyük bir hissəsini bu körpələrə, onların sağlam tərbiyəsinə sərf edir. O, evdən çıxıb bir yerə gedərkən bu iki körpədən birini daim özülə aparmağa, onlardan uzaq olmamağa çalışır.

Fatimə Həsən, Hüseyn, Zeynəb, Külsum kimi övladlar tərbiyə etmiş anadır. Həqiqətən də onlardan hər biri bəşər tarixi üçün gözəl nümunələrdir. Nəvələrinin tərbiyəsində peyğəmbər xüsusi diqqət və qayğı göstərir. Və həyatının sonunadək bu saf, pak nəvələrilə, sevimli qızının balalarıyla iftixar hissi duyur.

Qeyd edək ki, həzrət Məhəmmədin nəsli övladlarından yalnız Fatimə xəttilə davam edir.

Tarix, Məhəmməd peyğəmbərin öz kiçik qızı Fatiməylə rəftarından heyrətə gəlib. Rəvayətə görə, Peyğəmbər Fatiməyə nəvaziş göstərib əllərini öpərmiş. Əlbəttə, bu səhnələr böyük bir məhəbbətdən soraq verir. Qadına vəhşi münasibətin hakimlik etdiyi bir dövrdə ata öz qızının əllərini öpür! Bu, qeyri-insani mühitə vurulan inqilabi bir zərbədir! Bu ilahi dərslər kişiləri fironçuluqdan əl çəkməyə, qadınları isə öz şəxsiyyətlərinə dəyər verməyə çağırır.

Peyğəmbərin Fatiməyə yönəlmiş həssas münasibəti böyük ilahi məsuliyyət nişanəsi idi. Peyğəmbər qızı olmasına baxmayaraq, yalnız öz şəxsi keyfiyyətləri, öz imanı, təqvası və saleh əməlləri onu Allah dostu edə bilərdi. Əlbəttə, peyğəmbər övladı olması heç kəsin üzərindən ilahi məsuliyyəti götürə bilməz!

Bir gün Qureyşdən olan bir qadın oğurluq edir. Ona cəza verilməli idi. Çox hörmətli şəxsiyyətlər vasitəçilik edib bu hökmün dəyişməsi üçün Peyğəmbərə ağız açırlar. Lakin Peyğəmbər belə buyurur: «Əgər bu işi Fatimə belə görmüş olsaydı, qanun yenə də öz qüvvəsində qalacaqdı!»

 Sevimli peyğəmbərimiz Fatiməyə buyururdu: «Fatimə, çalış! Sabah mən sənin axirətin üçün bir iş görə bilməyəcəyəm...»

Fatimə çox çalışdı və öz həyatını yalnız və yalnız Uca Allaha həsr etdi. Fatimə Allahın istədiyi kimi övlad, Allahın istədiyi kimi həyat yoldaşa, Allahın istədiyi kimi ana, Onun istədiyi kimi saleh bir insan nümunəsi oldu və ixlasla sürdüyü kiçik ömrüylə əbədiyyət qazandı! Fatimənin həyatı nümunəvi qadın obrazı yaratdı və o, Allaha doğru gedən yolda parlaq bir ulduza çevrildi...

Fatimə öz həyatıyla həqiqətsevərlik, ədalət, fədakarlıq rəmzinə çevrilir.

Fatimə «Fatimə» kimi yaşadı, Fatimə kimi də dünyasını dəyişdi. Ölümündən sonra isə tarixdə həyat tapdı. Fatimə Islamın görmək istədiyi, nəzərdə tutduğu bir qadın nümunəsi idi.

Ataya necə qız olmalı?

Ərə necə həyat yoldaşı olmalı?

Övladlara necə ana olmalı?

Cəmiyyətdə necə qadın olmalı?

Fatimə bütün bu suallara gözəl bir cavabdır. Qiyamətədək hər bir toplumun qarşısına çıxan bu sualları çözən bir cavab! Başqa sözlə, dünya qadınları üçün misilsiz bir ideal!

Onun heyranedici uşaqlığı, təqva və imana söykənən həyat tərzi, çox sürməyən fədakar həyatının müxtəlif məqamları hər bir qadının «necə olmalı?» sualına cavab verir.

Fatimə nur üzərində nur olan Məhəmmədin qızıdır, Fatimə böyük Xədicənin qızıdır, Fatimə peyğəmbər ailəsinin ətirli bağçasının solmayan, gözəl qoxusuyla imanla döyünən qəlblərə nur çiləyən bir gülüdür!

Belə isə qoy bu gülü hər birimiz dərib öz ailə ocağımızın bəzəyinə çevirək və onunla öz həyatımızı bəzəyək!

Qoy ailəmizdə qızlarımıza peyğəmbərin, xanımlarımıza Əlinin, analarımıza Həsənlə Hüseynin Fatiməyə göstərdiyi ülvi münasibəti, məhəbbət və qayğını göstərə bilək!..

 

Elşən Mustafayev

Copyright 2008 © Imamhuseyn.org