Namaz hər bir müsəlmana vacib buyurulmuş bir ibadətdir. Bütün digər
ibadətlər kimi namaz vasitəsilə insan Yaradanına öz sədaqətini nümayiş
etdirərək Ona yaxınlaşır, saflaşır, ülviləşir.
Allah-Təala buyurur: "İman gətirən bəndələrimə de ki, namaz qılsınlar!.." (İbrahim surəsi, ayə 31)
Rəbbimiz namazla bağlı Qurani-Kərimdə çoxlu ayələr nazil etmiş, onu
yetkinlik yaşına çatmış hər bir müsəlmana vacib buyurmuşdur. Uca
Yaradanına saf imanı olan hər bir şəxsin bu ilahi buyruğu səmimi qəlblə
həyata keçirəcəyi şübhəsizdir.
Namaz qılmaqla insan:
- Allahla daim ünsiyyətdə olur və Ona sığınır;
- Allaha şükr edənlərdən olur;
- Allahdan istək və arzularını diləyir;
- Allahdan bağışlanma və doğru yola hidayət olunmağı diləyir;
- Allah qarşısında bəndəlik itaətini nümayiş etdirir;
- Allaha olan mütləq sevgisini təzahür etdirir...
Bununla insan bütün çirkin və rəzil işlərdən təmizlənir, xeyirli işlərə
yönəlir və öz əməllərini Uca Allahın razı qaldığı işlərə yönəltməklə
ülviləşir və əbədi səadətə yetişir.
Gəlin Allahın çağırışına səs verək, Ona sığınaq və bir dəfə gəldiyimiz
bu dünyada gözəl və xoşbəxt yaşayaq, bununla da dünya və axirətdə əbədi
səadətimizi təmin edək!
Beləliklə, biz Rəbbimizin çağırışına səs verərək Onun buyruğunu, Onun
qarşısında öz bəndəlik vəzifəmizi layiqincə yerinə yetirmək üçün hər
birimizə vacib buyurulan namazı öyrənirik.
Nəzərinizə yetiririk ki, bu kitabçada gündəlik namazların bütün vacib
olan əməlləri izahlı şəkildə öz əksini tapmışdır. Buraya əsasən vacib
və namaz qılmaq üçün kifayət olan əməllər daxil edilmişdir. Bundan
əlavə müstəhəb (savab) olan digər zikrlər, dualar da vardır ki, onlarla
maraqlananlar digər dini kitablara müraciət edə bilərlər.
NAMAZ VƏ VAXTLARI
Gündəlik namazlar beş vaxtda qılınır.
Sübh çağı, dan yeri söküləndən gün çıxanadək Sübh namazı qılınır. Sübh namazı iki rəkətdir.
Rəkət - namazın bir sıra əməllərindən ibarət dövrədir. Bu dövrə -
qiyam, ruku, iki səcdə və oturaqlı vəziyyətdən ibarətdir. Sübh
namazında bu dövrə iki dəfə təkrar olunur.
Günortadan gün batanadək əvvəl Zöhr, sonra da Əsr namazları qılınır. Onların hər biri dörd rəkətdir.
Gün batandan gecə yarısınadək əvvəl üç rəkətli Məğrib namazı, sonra isə dörd rəkətli İşa namazı qılınır.
Məlum olduğu kimi, günəşin çıxıb-batması ilin müxtəlif fəsillərində
müxtəlif vaxtlara təsadüf edir. Bunun nəzərə alınması ilə hər şəhər
üçün namazın vaxtlarını göstərən xüsusi təqvimlər mövcuddur.