Əsas » Kitabxana » MƏSUM İMAMLARIN HƏYATINA BİR BAXIŞ » MÜBARİZƏNİN FORMALAŞMASINDA ZAMANIN TƏLƏBLƏRİ
MÜBARİZƏNİN FORMALAŞMASINDA ZAMANIN TƏLƏBLƏRİ
Burada bu sual qarşıya çıxır: Görəsən nəyə görə başqa İmamlar da şəhid olmuşlar? Tarixi məlumatlara əsasən, demək olar ki, onlar öz dövrlərinin zülmkar üsul-idarəsinə qarşı qılınc götürüb, qiyam etməmişlər. Onların mübarizə tərzinin, zahirdə İmam Hüseynin (ə) üslubu ilə fərqli olduğu nəzərə çarpır. Bəli, İmam Hüseyn (ə) silahlı mübarizə nəticəsində şəhid oldu. Bəs nəyə görə İmam Həsən (ə) da şəhid olmalı idi? Eləcə də İmam Səccad (ə), İmam Baqir (ə), İmam Sadiq (ə), İmam Kazim (ə) və digər İmamlar nə üçün bu kimi faciəli ölümlərə məruz qalmalı idilər?

Cavab budur ki, başqa İmamların mübarizə üslubunun İmam Hüseyn (ə)-ın üslubu ilə fərqli olduğunu zənn etsək, səhvə yol vermiş olarıq. Bə`ziləri belə zənn edirlər ki, İmam Hüseyn (ə)-ın əsas məqsədi öz dövrünün zalım hakimiyyətinə qarşı mübarizə aparmaq imiş. Amma başqa İmamlar isə mübarizədən çəkindikləri üçün onunla fərqli olmuşlar. Əgər belə düşünsək, əlbəttə böyük səhv etmiş olarıq. Tarix bunun əksini deyir və bütün faktlar da onu rədd edir. Doğrudur, mətləbi başqa cür yozsaq, həqiqi bir müsəlman, həqiqi bir mö`min heç zaman öz əsrinin zalım rejimi ilə saziş edib sülh etmək fikrinə düşməz. Bu kimi vəziyyətlərdə nəinki məsum İmamlar, hətta adi şəxsiyyətlər də saziş etməyib, onlarla mübarizə haqda düşünürdülər. Lakin mübarizənin xarakter və növləri müxtəlif olur. Bə`zən mübarizə açıq-aşkar, birbaşa müharibə e`lan etmək və silahlı mübarizə yolu ilə həyata keçir. Bu mübarizənin bir növüdür. Bə`zən də aparılan fəaliyyətlər mübarizə olmasına baxmayaraq, başqa xarakter daşıyır. Bu kimi mübarizələrdən məqsəd, qarşı tərəfi korlamaq, zor altında saxlamaq, xalqın ona nifrət bəsləməsinə səbəb olmaq, onun batil olmasını aşkar şəkildə e`lan etmək və cəmiyyəti onun əleyhinə yönəltməkdir. Qeyd etdiyim kimi, bu da bir növ mübarizə və müharibədir, amma silahla həyata keçmir.

Elə məhz buna görə də zamanın tələbləri mübarizənin növündə əsaslı tə`sir qoyur. Xatırladıram ki, bu zərurəti bə`zən zülmlə saziş etməyin qanuni, bə`zən də qeyri-qanuni olması kimi başa düşmək olmaz. Əksinə, heç bir vaxt, heç bir yerdə və heç bir səbəbə görə zülmlə barışıb saziş etməyə icazə verilmir; sadəcə olaraq, müxtəlif şəraitlərdə mübarizənin növü fərq edir. Mübarizə aşkar da ola bilər, gizli də. Mə`sum İmamların tarixi onların həmişə mübarizədə olduqlarını sübut edir.

Təqiyyə halında mübarizə aparmaq durğunluq və sakitlik demək deyildir. "Təqiyyə" və "təqva" sözü ərəb dilində "vəqy" kökündən alınmışdır. Təqiyyənin mə`nası "gizli halda özünü müdafiə etmək" deməkdir. Başqa sözlə desək, qalxan götürmək, daha çox zərbə endirib az zərbə almaq və mübarizədən əl çəkməmək deməkdir. Məhz buna görə də İmamlarımızın hamısının həyatı bu cür iftixarlıdır. Onlar öz dövrlərində heç bir zalım xəlifə ilə saziş etməmiş, əksinə, onlara qarşı mübarizə aparmışlar. Siz indi min üç yüz ildən sonra görürsünüz ki, Əbdül Məlik Mərvan kimi xəlifələr tarixin ən bədnam şəxsiyyətlərindəndir. Şiələrin arasında bu məsələ haqqında şübhə yoxdur. Hətta savadlı sünnilərin arasında da bunlar mə`nəvi cəhətdən şərəfli insan sayılmırlar. Bunları kim ifşa etmişdir? İmamların bunların qarşısında sarsılmaz müqaviməti olmasaydı, onların azğınlıqlarını, pozğunluqlarını və yaramaz olduqlarını xalqa bildirməsəydilər, biz bu zamanda Harunu və xüsusilə Mə`munu ən müqəddəs adamlar sırasında tanıyacaqdıq. Əgər İmamlar Mə`munun həqiqi batinini üzə çıxarıb onu lazımınca tanıtdırmasaydılar, onda o, dünyanın ən böyük din və elm qəhrəmanı kimi məşhurlaşacaqdı.

Bəhsimiz İmam Musa ibni Cə`fər əleyhissəlamın şəhadətinin səbəblərini aydınlaşdırmaqdır. Nəyə görə Musa ibni Cə`fər əleyhissəlamı şəhid etdilər? Birincisi budur ki, İmam Musa ibni Cə`fər əleyhissəlamın şəhid olması tarixi bir həqiqət sayılır və heç kəs bu məsələni danmır. Ən mö`təbər və məşhur rəvayətlərə əsasən, İmam Musa ibni Cə`fər əleyhissəlam dörd il qaranlıq zindanlarda qalmış və orada dünyadan getmişdi. Tarixin yazdığına görə, İmam zindanda olarkən, ondan günahını e`tiraf edib üzr istəməsini istədilər, lakin o həzrət bu işə hazır olmadı.

Copyright 2008 © Imamhuseyn.org