Əsas » Kitabxana » MƏSUM İMAMLARIN HƏYATINA BİR BAXIŞ » İMAM BƏSRƏ ZİNDANINDA
İMAM BƏSRƏ ZİNDANINDA
İmam Musa Kazim əleyhissəlam həbsdə olduğu müddətdə müxtəlif zindanlarda saxlanılmışdı. Müntəzəm olaraq, o həzrətin yerini dəyişir və onu bu zindandan başqasına aparırdılar. Səbəbi də bu idi ki, İmam hansı zindanda olurdusa, keşikçilər və həbsxana rəisi ona maraq göstərirdilər. Birinci dəfə İmam Kazim (ə)-ı Bəsrə zindanına apardılar. Mənsuri Dəvanəqinin nəvəsi İsa ibni Cə`fər Bəsrənin hökmdarı idi. O, əyyaş və çaxır içən bir adam idi. İmam (ə)-ı ona təhvil verdilər. Onu tanıyanlardan biri demişdi: "Bunu (İmamı) elə bir yerə gətirdilər ki, ömrü boyu eşitmədiyi sözləri orada eşidəcək. Hicri tarixi ilə 178-ci ilin Zilhəccə ayında İmamı Bəsrə zindanına apardılar. Qurban bayramı günü İmamı (ə) həddindən artıq pis vəziyyətdə zindana apardılar. İmam bir müddət orada qaldı. Yavaş-yavaş İsa ibni Cə`fərin İmamdan xoşu gəldi və onun müridinə çevrildi. O, İmamı (ə) xilafət iddiaçısı, rəyasət vurğunu və bir üsyançı kimi tanımışdı. Amma bir qədər sonra başa düşdü ki, məsələ tam ayrı bir şeydir! O, mə`nəviyyət adamıdır. Onun xilafət məsələsinə diqqət etməsi də mə`nəvi cəhətdəndir və dünyapərəst bir şəxs deyildir. Sonralar vəziyyət dəyişildi. Zindançı İmama yaxşı bir otaq verdi və ona yaxşı şərait yaratdı. Harun xüsusi olaraq İmamın öldürülməsini ona əmr etdi. O, cavab verdi: Mən bu işi görə bilmərəm. Sonralar xəlifədən istədi ki, bunu məndən al, yoxsa özüm onu azad edəcəyəm. Mən bu cür adamı zindanda saxlaya bilmərəm. Əlbəttə, o da xəlifənin əmisi oğlu və Mənsurun nəvəsi olduğu üçün belə bir mövqedən çıxış edə bilirdi.
Copyright 2008 © Imamhuseyn.org