Nə üçün Harun, İmam Musa Kazimin (ə) həbsə alınması əmrini verdi? Çünki o, İmamın ictimai nüfuzuna paxıllıq edib, ondan qorxurdu. Söz yox ki, İmam qiyam haqqında fikirləşmirdi və qiyam etmək (məqsəd zahiri inqilabdır) üçün bir zərrə olsun belə, bir iş görməmişdi. Amma onlar duymuşdular ki, bu hərəkatlar mə`nəvi və əqidə inqilabıdır. Harun vəliəhdliyi oğlu Əminə, ondan sonra Mə`muna və ondan sonra isə digər oğlu Mö`təminə tapşırmaq qərarına gəldiyi vaxt, məşhur adamlarını, alimlərini Məkkəyə çağırır və özü də oraya gedib böyük bir yığıncaq təşkil edib, hamıdan bey`ət almaq istəyir. Ancaq bütün bu işlərin həyata keçirilməsində bircə şəxsi maneə kimi görürdü. İş xalqın öhdəsinə qoyulsa, məhz bu şəxs xilafətə layiq görüləcəkdi. O şəxs kim idi? O, Musa ibni Cə`fər (ə) idi. Həzrət Mədinəyə gəldikdə, onu həbsə aldılar. Dediyimiz Yəhya ibni Bərməki bir nəfərə yavaşca demişdi: Zənnimcə, xəlifə İmamın həbsə alınması haqda fərman verəcək. O şəxs soruşdu: Necə? Dedi: Mən xəlifə ilə birlikdə həzrət Rəsulu (s) ziyarət etmək üçün Məscidün-nəbiyə getmişdim. O, Peyğəmbərə salam vermək istədikdə belə dedi:
«Salam olsun sənə, ey əmi oğlu! (Ey Allahın elçisi!)
Sonra dedi: «Oğlun Musa ibni Cə`fəri həbsə alacağım üçün səndən üzr istəyirəm. (Sanki peyğəmbərə də yalan demək mümkündü). Məsləhət bundadır, bu işi görməsəm ölkədə fitnə qopar. Fitnə-fəsadı yatırtmaq, habelə ölkənin ali məsləhətləri üçün bu işi görməyə məcburam. Ey Allahın Peyğəmbəri! Mən səndən üzr istəyirəm.» Yəhya dostuna dedi: «Zənn edirəm ki, bu gün sabah İmamı həbsə almağa dair fərman verilsin.» Harun əmr etdi ki, cəlladlar İmamın yanına getsinlər. Lakin təsadüfi olaraq, İmam evdə deyildi. Harada idi? Peyğəmbər məscidində. Onlar gələndə İmam namaz qılırdı. Namazını qurtarmağa möhlət vermədilər və namaz qıldığı halda ağanı sürüyə-sürüyə Peyğəmbər məscidindən apardılar. İmam həzrət Peyğəmbərin qəbrinə baxıb ərz etdi:
«Salam olsun sənə, ey Allahın elçisi! Salam olsun sənə, ey cəddim Peyğəmbər! Gör ümmətin sənin övladlarınla necə davranır?!»
Görəsən Harun nə üçün bu işi gördü? Məlum məsələdir, o, öz övladlarının vəliəhdliyinə bey`ət almaq istəyirdi. Musa ibni Cə`fər (ə) qiyam etməmişdi. Bəli, qiyam etməmişdi, amma onun vəziyyəti başqa cür idi. Onun sükutu və rəftarı Harun və onun övladlarının xilafəti qəsb etməsindən söz açırdı.