Əsas » Kitabxana » MƏSUM İMAMLARIN HƏYATINA BİR BAXIŞ » MƏ’MUNUN SÖZÜ
MƏ’MUNUN SÖZÜ
Mə`mun elə bir işlər görmüşdür ki, tarixçilərin bir çoxu onun şiə olmasını iddia etmişlər. Məncə, bir nəfərin bir şeyə inanıb, öz əqidəsinin əksinə əməl etməsi mümkündür. O, şiə idi və hətta şiə alimlərindən sayılırdı. O, sünni alimləri ilə çoxlu mübahisələr etmişdir və bunların hamısı tarixdə qeyd edilmişdir. Mən indiyə qədər tarixdə bunun kimi məntiqə əsaslanıb, elmi mübahisələr aparan bir şiə alimi görməmişəm. Neçə il bundan əvvəl bir Türkiyəli sünni Qazi «Məhəmməd ailəsi haqqında şərh və mühakimə» adlı bir kitab yazmışdır. Bu kitab fars dilinə də tərcümə olunub. Bu kitabda sünni alimləri ilə Mə`munun arasında, həzrət Əlinin (ə) Peyğəmbərdən sonra bilafasilə xəlifə olması haqda aparılan mübahisələr yazılmışdır. Bu mübahisələr o dərəcədə gözəl və elmidir ki, şiə alimlərinin nadir hallarda belə fikir mübadiləsi aparması nəzərə çarpır. Yazılanlara görə, bir gün Mə`mun demişdi: «Bilirsiniz şiəliyi mənə kim öyrətdi?» Dedilər: «Kim?» Dedi: «Atam Harun. Mən şiəlik dərsini atamdan almışam.» Dedilər: «Sənin atan şiə İmamları ilə hamıdan artıq düşmən idi.» Dedi: «Düzdür, amma dediyim söz də doğrudur. Atam həcc səfərinə gedən zaman mən də onunla idim. Mən uşaq idim, hamı onun görüşünə gəlirdi. Xüsusilə ariflər, şeyxlər və böyük şəxsiyyətlər onun ziyarətinə gəlməyə məcbur idilər. Göstəriş vermişdi ki, gələn hər bir şəxs özünü təqdim etsin. Onları tanıması üçün öz adını, atasının, anasının və babasının adını deməli idilər. Bilmək istəyirdi ki, Qüreyşdəndir, yoxsa ayrı qəbilədən, ənsardandır, xəzrəclidir, yoxsa ovsdan? Gələn hər bir adam öncə qapıçıdan izn istəyib, atamın yanına gedib deyirdi: Filankəs, filankəs oğlu gəlib. Bir gün qapıçı gəlib dedi: Musa ibni Cə`fər ibni Məhəmməd ibni Hüseyn ibni Əli gəlib. Bunu eşidən kimi atam yerindən qalxıb dedi: Buyursun. Sonra isə dedi: Piyada gəlməyə ehtiyac yoxdur, atlı gəlsin. Bizə isə onu qarşılamağımızı əmr etdi. Həddindən artıq nurani bir şəxsin gəldiyini gördük. Qiyafəsindən bu şəxsin qeyri-adi insan olduğu görsənirdi. Atından düşmək istəyirdi. Atam ucadan dilləndi: Sizi and verirəm, at üstündə buraya gəlin. O isə atamın tə`kidinə görə bir az da xalçanın üstündə atla gəldi. Atamın əmri ilə qaçıb atın cilovundan yapışdıq və onun atdan enməsinə kömək etdik. Atam onu özündən yuxarıda oturtdu. Ədəblə ondan soruşdu: Ailəniz neçə nəfərdir? Ailəsinin çox olduğu bəlli oldu. Yaşayış vəziyyətiniz necədir? Necə olduğunu söylədi. Gəliriniz necədir? Cavab verib sonra da getdi. Getmək istəyəndə atam dedi: Yola salın. Biz isə onu evinə qədər yola saldıq. O, isə aramca mənə dedi: Sən xəlifə olacaqsan. Mən isə sənə bir məsələni tapşırıram: Mənim övladımla pis davranma».

Biz evə qayıtdıq, lakin onun kim olduğunu bilmirdik. Mən uşaqların hamısından daha cür`ətli idim. Camaat dağıldıqdan sonra atamdan soruşdum: «Bu kim idi? Nə üçün ona bu qədər hörmət etdin?» Gülümsəyərək dedi: «Düzünü desəm, biz yiyələndiyimiz hakimiyyət əslində bunlarındır.» Dedim, bu sözə inanırsanmı? Dedi: «İnanıram.» Dedim: «Bəs nə üçün onlara qaytarmırsan?» Dedi: «Bilmirsən ki, padşahlıq sonsuzdur? Sən mənim oğlumsan, lakin bilsəm əgər mənim yerimi tutmaq istəyirsən, onda başını bədənindən qopararam.» Macəra qurtardı. Harun qohum-əqrəbalarına ehsan verirdi. Onun-bunun evinə beş min dinar, dörd min dinar və s. miqdarda çoxlu qızıl pul göndərirdi. Biz zənn edirdik ki, həddindən artıq hörmət etdiyi bu şəxsə göndərdiyi pul da çox olar. Lakin ən az pulu ona göndərdi (iki yüz dinar). Yenə də mən gedib səbəbini soruşdum. Dedi: «Bilmirsən ki, bunlar xilafətdə bizim rəqibimizdirlər? Siyasət tələb edir ki, bunlar həmişə yoxsul və pulsuz olsunlar. Maddi vəziyyətləri yaxşılaşsa, bir də görərsən ki, yüz min qiyamçı sənin atanın üstünə qılınc çəkib.»

Copyright 2008 © Imamhuseyn.org