Əsas » Kitabxana » MƏSUM İMAMLARIN HƏYATINA BİR BAXIŞ » İMAMIN MƏ’NƏVİ NÜFUZU
İMAMIN MƏ’NƏVİ NÜFUZU
Elə buradan İmamın nə qədər mə`nəvi nüfuza malik olduğu aydın olur. Onların nə qılıncı, nə də təbliğ imkanı var idi, lakin onlar ürəklərə hakim kəsilmişdilər. Harunun yüksək hakimiyyət dairələrində və onun yaxın adamlarının içində şiələr də var idi. Həqiqətin özünəməxsus cazibəsi vardır ki, ona göz yummaq olmaz.

Əli ibni Yəqtin Harunun vəziri idi. Ölkənin ikinci dərəcəli şəxsiyyəti hesab olunan Yəqtin, etiqad baxımından şiə idi. O, şiəliyini gizlədir, eyni halda Həzrət Musa ibni Cə`fərə (ə) xidmət edirdi; lakin zahirdə Harunla idi. İki-üç dəfə onun barəsində xəlifəyə mə`lumat verilmişdi. Amma Musa ibni Cə`fər (ə) imamətə məxsus olan uzaqgörənliklə hadisəni duyub, ona nə etmək lazım olduğunu başa salmışdı. O, bu qayda ilə dəfələrlə təhlükədən qurtara bilmişdi. Harunun hakimiyyət dairələrində İmamın tərəfdarlarının sayı həddən artıq çox idi. Lakin onlar İmamla əlaqə qurmağa cür`ət etmirdilər.

Əhvazlı bir şiə deyir: "Mənə ağır vergilər tə`yin edilmişdi. Həmin vergiləri ödəsəydim, var-yoxdan çıxacaqdım. Təsadüfən, Əhvazın valisi öz vəzifəsindən azad edildi. Başqa bir vali gəldi, lakin mən yenə də həmin ağır vergilərin ödənməsindən nigaran idim. Dostlarımdan bə`zisi onun şiə olmasını iddia edib deyirdilər ki, əgər onun yanına gedib şiə olduğunu desən, mütləq sənə kömək edər. Doğrusu bu işə cür`ət etmədim, çünki tərəddüd edirdim. Fikirləşdim ki, Mədinədə Musa ibni Cə`fərin (ə) yanına gedim və vəziyyəti olduğu kimi danışım. (O zaman həzrət İmam həbsdə idi). Həzrət onun şiə olduğunu bildirsə, onda lazımi tövsiyələr alaram. İmamla məsləhətləşdikdən sonra üç-dörd cümlədən ibarət bir məktub yazdı. Yalnız üç-dörd cümlə! Bu məktubda sanki bir əmir öz valilərinə əmr edirdi. Məzmunu belə idi: «Mö'minin ehtiyacını ödəyib, onu çətinlikdən qurtarmaq Allahın yanında belədir. Vəssəlam».

Məktubu gizlədib özümlə Əhvaza gətirdim. Başa düşürdüm ki, bu məktubu ona xüsusi şəraitdə verməliyəm. Bir gecə evinə sarı yola düşdüm. Qapıçı gəldi. Dedim: "Ona de ki, bir nəfər Musa ibni Cə`fərin (ə) yanından gəlib, sənə məktubu vardır." Gördüm ki, özü gəldi; salamlaşdıqdan sonra dedi: "Nə deyirsiniz?" Dedim: "Musa ibni Cə`fərin (ə) yanından gəlirəm, sizə çatacaq bir məktubu vardır." Məktuba baxan kimi tanıdı. Məktubu öpəndən sonra mənim də üzümü-gözümü öpdü. Vaxtı itirmədən məni evə apardı. Bir uşaq kimi qarşımda oturdu. Dedi: "Sən İmamın xidmətində idinmi?!" Dedim: "Bəli!" Sən bu gözlərinlə İmamın camalını ziyarət etdinmi?! Dedim: "Bəli!" Çətinliyin nədir?-dedi. Dedim: "Mənə elə ağır vergi yazıblar ki, ödəsəm bədbəxt olacağam."

Əmr etdikdən sonra dərhal dəftərləri gətirdilər və orada düzəliş etdi. Çünki imam buyurmuşdu: «Hər kim bir mö'mini sevindirsə, ...!». Dedi: "İzn verirsənmi başqa bir xidmət də edim?" Dedim: "Buyurun." Dedi: "Nə qədər malım vardır, bu gecə səninlə bölüşdürmək istəyirəm. Nəqd pullarım və mallarımın yarısını məndən qəbul et." Bu halda evdən bayıra çıxdım. Başqa bir səfərdə macəranı İmama danışdım, o həzrət də gülümsəyib sevindi.

Harun nədən qorxurdu? Həqiqətin cazibəsindən qorxurdu.

Təbliğat təkcə dillə aparılmır. Dil təbliğinin tə`siri çox azdır. Əsas təbliğ əməllədir. Musa ibni Cə`fər (ə) və ya onun kəramətli ataları və pak övladları ilə üzbəüz olanlar, əslində həqiqəti onun vücudunda görürdülər və başa düşürdülər ki, o, həqiqətən Allahı tanıyır, Ondan qorxur, Ona qarşı sevgi bəsləyir və onların bütün əməlləri sədaqətlə həyata keçirilir.

Copyright 2008 © Imamhuseyn.org