Bişr Hafinin hadisəsini eşidibsiniz. Bir gün İmam Bağdad küçələrindən keçirdi. Bir evdən tar-qaval və hay-küy səsi ucalmışdı. Çalıb oynayırdılar. Təsadüfən bir xadimə zibilləri eşiyə atmaq üçün evdən çıxdı. İmam ona dedi: "Bu evin sahibi azaddır, yoxsa qul?" Maraqlı sual idi. Dedi: "Bu cah-cəlallı evdən məlum deyilmi? Bu ev Bişrindir. O, böyük şəxsiyyətlərdən, əşraf-ə`yanlardandır. Əlbəttə ki, qul deyil, azaddır." Buyurdu: "Bəli, azaddır, əgər qul olsaydı (Allah bəndəsi olsaydı) bu qədər hay-küy salmazdı." Bundan başqa aralarında gedən söz-söhbəti yazmamışlar və yazılanlara görə bu danışıqdan sonra həzrət yoluna davam etmişdir. Bişr kənizin gecikməsini görərək yanına gedib dedi: "Niyə gec qayıtdın?"
Kəniz dedi: "Bir nəfər məndən söz soruşurdu."
Soruşdu: "Nə dedi?"
Qəribə bir şey soruşdu.
Dedi: "Nə soruşdu?"
Bu ev sahibinin qul və ya azad olmasını bilmək istəyirdi.
Dedim: "Əlbəttə ki, azaddır." Sonra da dedi: "Əlbəttə ki, azaddır, qul olsaydı, bu qədər hay-küy salmazdı."
Dedi: "O, kişinin görkəmi necə idi?" Nişanələrini dedikdə, o şəxsin Musa ibni Cə`fər (ə) olmasını anladı.
Dedi: "Hansı tərəfə getdi?"
Kəniz dedi: "Bu tərəfə getdi."
Bişrin başmağı ayağına boş idi və tələsdiyindən bağlarını da bağlamadı. Onu tapmaq üçün ayaqyalın eşiyə qaçdı. (Bu söz onun vücudunda inqilab yaratdı.) Qaçıb özünü İmamın ayaqlarına saldı və ərz etdi: "Sən nə deyibsən?" İmam buyurdu: "Bu sözləri demişəm." Bişr sözün mənasını anladı. Dedi: "Ağa! Mən Allah bəndəsi olmaq istəyirəm." O, doğrudan da düz deyirdi. Həmin hadisədən sonra o, Allah bəndəsi oldu.
Bu xəbərlər Haruna çatırdı. Buna görə də özünü təhlükədə hiss edib, deyirdi: Bunlar olmamalıdırlar. «Sənin olmağın bir günahdır!» İmam buyurdu: "Mən neyləmişəm? Hansı üsyanı qaldırmışam, hansı işə əl atmışam?" Cavab yox idi, lakin mənalı bir sükutla «sənin olmağın bir günahdır!» deyirdi. İmamlar insanları agah etməkdə əllərindən gələni əsirgəmirdilər. Onlar həqiqəti başa salırdılar. Şiələr isə həqiqətin nə olduğunu anlayırdılar.