Əsas » Kitabxana » MƏSUM İMAMLARIN HƏYATINA BİR BAXIŞ » İMAMIN (Ə) NECƏ ŞƏHİD OLMASI
İMAMIN (Ə) NECƏ ŞƏHİD OLMASI
Bir qədər əvvəl qeyd etdiyim kimi, imamın saxlandığı son zindan Sindi ibni Şahikin həbsxanası idi. Əldə olan məlumatlara görə o, əslində müsəlman deyildi. Elə bir adam idi ki, nə əmr etsəydilər onu da yerinə yetirəcəkdi. İmamı bir qara daxmaya saldılar. Sonra da təbii əcəllə ölməsini təbliğ etməyə çalışdılar. Yazılanlara görə, Yəhya Bərməki, oğlu Fəzli qurtarmaq üçün Haruna söz vermişdi ki, başqalarının yerinə yetirmədiyi işi (İmamı şəhid etməyi) o özü şəxsən yerinə yetirsin. Yəhya çox təhlükəli zəhər tapıb Sindiyə verdi. Onu xüsusi bir şəkildə xurmanın içində yerləşdirib İmama yedirtdilər. Sonra isə dərhal şahid hazırlayıb, şəhər alimlərini və qazilərini çağırdılar. (Yazılanlara görə adil mö`minləri çağırdılar.) Harun bu məclisdə dedi: "Ey insanlar! Görürsünüz ki, şiələrin Musa ibni Cə`fərin (ə) haqqında yaydıqları şayiələr əsassızdır. Onlar deyirlər: Musa ibni Cə`fər zindanda narahatdır, məşəqqət və əzab-əziyyət içərisindədir və s. Görürsünüz ki, lap sağlamdır. O, sözünü bitirməmiş həzrət imam buyurdu: Yalan deyir, elə indicə məni zəhərləyiblər, ömrümdən isə təkcə iki-üç gün qalır." Beləliklə, onların planı baş tutmadı. Buna görə də İmamın şəhadətindən sonra cənazəsini Bağdad körpüsünün yanına qoydular. Xalqı oraya yığıb dedilər: "Baxın, ağanın cəsədi sağlamdır. Bədəninin heç bir üzvü sınmayıb, başı da kəsilməyib, boğazı da qaralmayıb. Belə isə, biz onu öldürməmişik. O, öz əcəli ilə dünyadan gedib."

Üç gün cənazəni Bağdad körpüsünün yanında saxladılar. Onlar xalqı aldatmaq istəyirdilər. İmamın tərəfdarı da çox idi, amma ürəkləri qəm-qüssədən od tutub yanan təkcə şiələr idilər.

Çox acınacaqlı bir hadisədə qeyd edilir ki, İmamın bir neçə şiəsi həddindən artıq çətinliklərlə İrandan gəlmişdilər. Bunlar Bağdadda olduqlarına görə, zindanda İmamı görməyə çox çalışırdılar. Dustaqla görüşmək təqsir hesab edilməsəydi də, görüş icazəsi verilmirdi. Bunlar fikirləşirdilər ki, xahiş etsək, bəlkə qəbul edərlər. Gəlib xahiş etdilər. Təsadüfən qəbul edib dedilər: Çox yaxşı, görüş təşkil edərik. Burada gözləyin. O yazıqlar İmamı görməyə inanmışdılar. Görüşəcəklərini düşünürdülər; sevinclərinin həddi-hüdudu yox idi. Zindanın eşiyində həsrətlə görüş anlarının intizarını çəkdikləri zaman gördülər ki, dörd hambal çiyinlərində bir cənazə gətirirlər. Mə`mur - İmamınız budur - dedi.

Copyright 2008 © Imamhuseyn.org