Əsas » Kitabxana » MƏSUM İMAMLARIN HƏYATINA BİR BAXIŞ » ABBASİLƏRİN ƏLƏVİLƏRLƏ DAVRANIŞI
ABBASİLƏRİN ƏLƏVİLƏRLƏ DAVRANIŞI
Mə`mun Abbasi xilafətinin varisi idi. Abbasilər hakimiyyətə çatan gündən Ələvilərə qarşı mübarizə aparıb, onları fiziki və mənəvi cəhətdən məhv etmək məqsədini güdürdülər. Onların Ələvilərə qarşı törətdikləri cinayətlər Əməvilərin cinayətlərindən az deyildi. Amma Ələvilər haqqında Kərbəla faciəsi (İmam Hüseyn (ə) öndə olduğu üçün) baş verdikdə məsələ daha çox mürəkkəbləşir, lakin İmam Hüseyn (ə) istisna olmaqla, bunların sair Ələvilərə qarşı törətdikləri cinayətlərin sayı Kərbəla faciəsindən də artıqdır. İkinci Abbasi xəlifəsi Mənsur Ələvilərə, İmam Həsənin (ə) övladlarına qarşı (hərçənd ki, əvvəldə özü də onlarla bey`ət etmişdi) nələr etmədi? Saysız-hesabsız qətilləri və bunların saxlandığı qorxunc həbsxanaları xatırlayanda, doğrudan da adamın tükləri biz-biz olur. O, seyyidləri tutub bir müddət həbsdə saxlayır, onlara su və çörək vermir, hətta bayıra ayaqyoluna da çıxmağa icazə vermirdi; bu şəkildə onları işgəncələrə məruz qoyurdu. Öldürmək istəyəndə isə bir dəstəyə əmr edirdi ki, damı onların başlarına uçursunlar.

Mənsurdan sonra gələnlər də belə rəftar etmişdilər. Mə`mun dövründə bir neçə imam övladı qiyam etdi. Bunları Məs`udi «Mürucuz-zəhəb» və İbni Əsir «Kamil» kitabında bütün təfərrüatı ilə nəql etmişlər. Eləcə də Mə`mun və Harun dövründə ələvi seyyidlərindən yeddi-səkkiz nəfəri qiyam etmişdi. Görünür, Abbasilərlə Ələvilərin arasındakı ədavət kiçik məsələ deyilmiş. Abbasilər xilafətə çatmaq üçün heç kəsə rəhm etmirdilər, hətta əgər Abbasilərin özlərindən bir nəfər onlara qarşı çıxsaydı, durmadan onu aradan aparırdılar. Əbu Müslim onlara çoxlu xidmətlər etdi, təhlükə hiss edən kimi onu aradan apardılar. Bərməkilər [tayfa adı] Haruna çoxlu xidmətlər etmişdilər. Onlarla Harunun arasında dərin səmimiyyət vardı. Harun ilə onların səmimiyyəti tarixə düşmüşdür. Amma Harun kiçik bir siyasi səhvə görə birdən-birə onların hamısını cəzalandırıb adlarını batırdı. Elə Mə`munun özü qardaşı Əmin ilə toqquşmuşdu. Bu iki qardaş bir-biri ilə vuruşmuş, Mə`mun qalib gələrək, öz qardaşını faciəli şəkildə öldürmüşdü.

Bəhs etdiyimiz məsələ budur ki, niyə Mə`mun həzrət İmam Rizanı (ə) öz yanına çağırdı. Bu hadisə tarixin ən qəribə işlərindən sayılır. O, əmr edir ki, gedib onu gətirin. Gətirdikdən sonra İmama öz məqsədini bildirir. Əvvəlcə deyir ki, xilafəti məndən qəbul et. (Hərçənd ki, bu söz tarixi mənbələrdə qəti şəkildə deyilməmişdir, amma bir çox tarixçilər bunu qeyd etmişlər). Sonra isə ondan vəliəhdlik məqamını qəbul etməsini istəyir, hətta onu qorxudur və ölümlə hədələyir. Mə`munun bu işdən məqsədi nə idi? Cərəyan haradan qaynaqlanırmış? Bu məsələni tarixi cəhətdən açıqlayıb araşdırmaq sadə iş deyildir.

Corc Zeydan «Mədəniyyət tarixi» əsərinin dördüncü cildində bu məsələ barədə ətraflı söhbət açır. Onun özünəməxsus sübut etmə metodu var və bu məsələ haqda sonra danışacağam. O, e`tiraf edir ki, Bəni-Abbas öz siyasətlərini gizli saxlayırdı, hətta ən yaxın qohumları da onların işlərindən baş çıxarmırdı. Buna görə də onların siyasi sirləri hamıya gizli qalmışdır. Misal üçün, həzrət imam Rizanı (ə) vəliəhd seçmə siyasətinin mahiyyəti hələ də mə`lum deyildir. Bu məsələ xilafət aparatı tərəfindən çox gizli saxlanılmışdır.

Copyright 2008 © Imamhuseyn.org