Əsas » Kitabxana » MƏSUM İMAMLARIN HƏYATINA BİR BAXIŞ » İMAM RİZANIN (Ə) VƏLİƏHDLİYİ VƏ TARİXİ SÖZLƏRİ
İMAM RİZANIN (Ə) VƏLİƏHDLİYİ VƏ TARİXİ SÖZLƏRİ
Amma sirlər lazımi qədər də gizli qalmırdı. Şiələrin fikrincə, bu məsələnin rəmzi ümumiyyətlə aydınlaşmışdır. Şiə alimləri vasitəsilə çatan tarixi xəbərlərdə, məsələn şeyx Müfidin «İrşad» kitabında nəql olunmuş sözlər, yaxud şeyx Səduqun «Üyunu-əxbarür-riza» kitabında İmam Riza (ə)-ın vəliəhdlik məsələsi barədə bir çox sözlər nəql olunmuşdur. Mən isə şiə tarixlərinə əsaslanmadan öncə, sünni sənədlərindən olan bir kitabdan istifadə etmək niyyətindəyəm. O, da dövrünün məşhur İslam tarixçilərindən sayılan Əbul Fərəc İsfahanidir. O, əslində Əməvidir və Bəni-üməyyə nəslindəndir. Bu da sübut edilməsi lazım olan bir məsələdir. Ali-bəveyh dövründə yaşayırmış; İsfahanda sakin olduğu üçün Əbul Fərəc İsfahani adı ilə tanınmışdır. Bu şiə deyildi və təbiidir ki, kitabını da şiə hissiyyatına qapılmadan yazmışdır. O, «Əl-əğan» kitabının müəllifidir. «Əğani» sözü mahnı mənasını daşıyan «əğniyə» kəlməsinin cəm formasıdır. İslam dünyasında musiqi tarixini (və musiqi tarixinə uyğun bir çox başqa tarixləri) bu on səkkiz cildlik kitabda görmək olar. Deyilənlərə görə Sahib ibni Ubbad onun müasiri sayılır. Bir yerə getmək istədikdə, özü ilə neçə yük kitab aparardı. Əbül Fərəcin kitabı onun əlinə çatanda demişdi: "Mənim daha kitabxanaya ehtiyacım yoxdur." Bu kitab o qədər dolğundur ki, müəllifi Əbül Fərəc, məzmunu isə musiqi və bəstəkarlar barədə olmasına baxmayaraq, məşhur şiə alimlərindən olan rəhmətlik Məclisi, rəhmətlik Hacıağa Qumi həmişə ondan faydalanmışlar.

Qeyd etdik ki, Əbül Fərəcin İslam tarixinin e`tibarlı kitablarından sayılan «Məqatilüt-talibin» adlı əsəri Əbu Talib övladlarına qarşı törənən cinayətlərə və onların tarixinə həsr olunur. O, bu kitabda Ələvi qiyamlarının tarixi və Əbu Talibin istər Ələvi, istərsə də qeyri-ələvi olan övladlarının öldürülmə və şəhadəti tarixini toplamışdır. Bu kitab hal-hazırda kitabxanalarda mövcuddur. Bu kitabda təxminən on səhifə İmam Riza (ə)-a həsr olunmuşdur. Orada İmam Riza (ə)-ın vəliəhdlik məsələsi nəql olunmuşdur. Biz bu kitabı oxuyanda onun şiə alimlərinin yazdığı tarixlərlə uyğun olduğunu duyuruq. Xüsusilə, «Məqatilüt-talibin» ilə Şeyx Müfidin «İrşad»ında yazılan sözlər (mən bunları bir-biri ilə tutuşdurmuşam) təqribən eynidir. Sanki bir kitabdır, çünki hər ikisinin Ələvilər haqqında tarixi sənədləri vahid bir qaynağa çatırmış. Demək, bizim bu haqdakı sənədlərimiz təkcə şiə alimlərinin sözləri deyildir.

İndi isə əsil mövzu haqda danışaq. Görəsən Mə`munu bu məsələni irəli sürməyə məcbur edən nə idi? Mə`mun doğrudan da xilafəti həzrət Riza (ə)-a tapşırmaq haqda düşünürdü? Həqiqətən onun niyyəti öldükdən və ya ölüdrüldükdən sonra xilafəti Ələvi sülaləsinə və həzrət Riza (ə)-a qaytarmaq idimi? Belə bir əqidəyə inanırdısa, bu əqidəni sona qədər davam etdirdimi? Belə olsa, Mə`munun həzrət Riza (ə)-ı zəhərləməsini qəbul edə bilmərik və "həzrət Riza (ə) təbii əcəllə dünyaya göz yumdu", deyənlərin sözünü qəbul etməyimiz lazım gələr. Şiə alimlərinin fikrincə, Mə`munun əvvəldən xoşniyyətli olması və işin sonuna qədər də həmin niyyəti tərk etməməsi fikri qəbul olunası deyil. Bir çox qərb alimləri bu əqidəyə malikdirlər və Mə`munun həqiqətən şiə olduğuna inanırlar. Onların fikrincə o, e`tiqadlı bir insan idi və Əli (ə) övladlarına hörmət bəsləyirdi.

Copyright 2008 © Imamhuseyn.org