Mə`mun xəlifələrin, bəlkə də dünya hökmdarlarının ən bilicisi idi. Dünya hökmdarları arasında Mə`mundan bilici alim və elmə onun qədər maraq göstərən bir şəxs tapmaq olmaz. Mə`munun ruh və düşüncə baxımından şiəliyə təmayül göstərməsində də şübhə yoxdur; çünki o, həzrət Riza (ə) iştirak etdiyi şiə məclislərindən başqa [sünnilər iştirak etdikləri məclislərdə də] öz şiə əqidəsinə güvənirmiş. Sünnilərin məşhur alimlərindən olan İbni Əbdul Birr bu hekayəni öz məşhur kitabında nəql etmişdir: "Bir gün Mə`mun sünni ə`yanlarının qırx nəfərini səhər tezdən Bağdada görüşə çağırmışdı. Səhər tezdən onlarla görüşdükdən sonra demişdi: Mən sizinlə xilafət məsələsi barədə bəhs etmək istəyirəm." Bu mübahisənin bə`zi parçaları cənab Məhəmməd Təqi Şəriətinin «Vilayət və xilafət» kitabında dərc olunmuşdur. Mən Mə`mun kimi xilafət məsələsində yaxşı dəlil gətirə bilən alim çox az görmüşəm, o, vaxtilə Əmirəl-mö`minin (ə) xilafət məsələsi barədə mübahisə edib, hamını məğlub etmişdi.
Mərhum Şeyx Abbas Qumi «Müntəhəl-amal» kitabında nəql edir ki, bir şəxs Mə`muna «Şiəliyi kimdən öyrənibsən» -deyə sual verdi. Mə`mun isə cavabında dedi: «Atam Harundan.» Bununla o, atasının şiəliyə bəslədiyi marağını göstərmək istəyirdi. O, Musa ibni Cə`fər (ə)-a da həddindən artıq məhəbbət bəslədiyi halda, onunla yaxşı davranmazdı.
Mə`mun deyir: «Bir gün atama dedim ki, bu şəxsə bu qədər inanırsansa, onunla nə üçün bu şəkildə davranırsan? O, dedi: Oğlum mülk və padşahlıq sonsuzdur, hətta övlad da tanımaz. Daha sonra dedi: Sən mənim övladımsan, amma xilafət üstündə mənimlə mübarizə aparsan, başını bədənindən ayıraram.»
Beləliklə, Mə`munun şiə olmasında heç bir şübhə yoxdur. Lakin ona imam öldürən şiə deyərlər. Kufə əhalisi şiəliyə maraqlı olduqları halda İmam Hüseyn (ə)-ı öldürmədilərmi?!
Mə`munun alim və elmsevər bir şəxs olmasında da şübhə yoxdur. Elə buna görə də bə`zi qərb alimləri Mə`munun həzrət Riza (ə)-a tapşırdığı vəliəhdliyi onun pak niyyətindən və əqidəsindən irəli gəldiyinə inanırlar; onlar iddia edirlər ki, ilahi təqdir bu işdə ona mane olmuşdu, çünki həzrət Riza (ə) təbii əcəllə dünyaya göz yummuş və onqa görə də bu məsələ baş tutmamışdı. Şiə alimlərinin fikrincə, bu söz düzgün deyil və sənədlər də onun əksinədir. Əgər vəliəhdlik məsələsi həqiqət olsaydı, İmam Riza (ə)-ın göstərdiyi əks-əməl başqa cür olmalıydı.