Başqa bir fikir budur ki, Mə`mun əvvəlcə bu işə səmimiyyətlə başlayır, ancaq sonra peşiman olur. Tarixdə kifayət qədər bunu sübut edəcək dəlillər vardır. Bunu Əbül Fərəc də nəql etmişdir. Şeyx Müfid də və Şeyx Səduq isə bu barədə daha ətraflı məlumatlar nəql etmişlər. Qeyd olunur ki, Mə`mun özü bu təklifi irəli sürüb dedi: «Bir gün qardaşım Əmin məni çağırdı, (Əmin xəlifə idi, Mə`mun isə ölkənin bə`zi hissələri əlində olduğu halda vəliəhd sayılırdı) mən isə getmədim. O, məni əli-qolu bağlı aparmaq üçün əsgərlər göndərdi. Başqa tərəfdən də Xorasan məntəqələrində qiyamlar baş vermişdi. Mənim göndərdiyim ordu orada məğlubiyyətə uğradı. Sonra öz əsgərlərimin düşgünlüyünü duydum. Artıq qardaşımın qarşısında dayana bilməyəcəyim qəti şəkildə sübut olunmuşdu. Məni tutub qolu bağlı ona verəcəkdilər. Əvvəlcə bədənimi yuyub pak oldum. (Bilmirəm bu sözdən məqsədi qüsl etməkdir, yoxsa yuyunmaq). Sonra ağ və təmiz paltarlar geyindim. Əzbərdən bildiyim qədər Qur`an oxudum. Sonra dörd rəkət namaz qılıb, özümlə Allahım arasında əhd etdim (nəzr elədim) ki, Allah məni qoruyaraq, öz qardaşıma qalib etsə, xilafəti öz həqiqi sahiblərinə qaytaracağam. Bu nəzri sidqi ürəklə etmişdim. Ondan sonra işlərimin asanlaşmasını duydum. Sonralar heç bir cəbhədə məğlub olmadım. Sistan cəbhəsinə bə`zi dəstələr göndərdim və onların qalib gəldiklərini eşitdim. Sonra Tahir ibni Hüseyni qardaşımla müharibəyə göndərdim. O, da qalib gəldi. Beləliklə, ardıcıl müvəffəqiyyətlər əldə etməyə başladım. Allah-taala duamı qəbul etdiyi üçün öz əhdimə vəfa etmək qərarına gəldim.
Şeyx Səduq və başqaları (bu məsələni) qəbul edib deyirlər: «Macəra belə olub və Mə`munun məqsədi Allahla əhd etdiyi nəzri yerinə yetirmək idi.»
Bunu birinci ehtimal adlandırmaq olar.
İKİNCİ EHTİMAL
İkinci ehtimal budur ki, Mə`munun bu hadisədən xəbəri yoxmuş və həmin planı hazırlayan onun vəziri Zür-riyasəteyn Fəzl ibni Səhl imiş. O, Mə`munun yanına gəlib demişdi: «Sənin ata-babaların Əli övladları ilə pis davrandılar, onlara zülm etdilər, indi isə sən onların ən üstün olanını, yəni Əli ibni Musa Rizanı çağırıb özünə vəliəhd təyin etməlisən. Mə`mun isə bu işə ürəkdən razı deyildi. Lakin Fəzlin istəyinə qarşı çıxa bilməyib bu təklifi qəbul etdi.
Burada digər bir sual da qarşıya çıxır: Bu məsələ Fəzlin istəyi üzrə idisə, bu işdə onun məqsədi nə idi? Fəzl şiə idimi? Həzrət imam Riza (ə)-a e`tiqadı olduğu üçün bu işi görürdümü? Yoxsa, öz zərdüştlük əqidələrinə sadiq qalaraq, hələlik xilafəti Abbasilərdən almaq məqsədi ilə bu işi həyata keçirirdimi? Yaxud, əslində xilafəti zəiflətməkdən ötrü belə bir plan hazırlamışdı? Demək, o, bu işdə həzrət Riza (ə)-a yaxşı münasibət bəsləməmiş və həddən artıq pis mövqe tutmuşdu. Fəzlin planları həyata keçirilsəydi, Mə`munun öz mənfi münasibətindən daha təhlükəli olacaqdı. Necə olursa-olsun, Mə`mun müsəlmanların xəlifəsi idi. Amma bunlar, İranı İslam dünyasından ayırıb zərdüştlərin ixtiyarına vermək istəyirdilər. Bunlar hamısı yalnız təhlil və mülahizələrdir. Bu ehtimalları tarixin açıq-aşkar və qəti məlumatı kimi təqdim etmək istəmirəm.