Əsas » Kitabxana » MƏSUM İMAMLARIN HƏYATINA BİR BAXIŞ » CORC ZEYDANIN RƏ’Yİ
CORC ZEYDANIN RƏ’Yİ
Corc Zeydan bu planın [İmamın vəliəhdliyini] Fəzl ibni Səhl tərəfindən hazırlandığını iddia edir. O, Fəzl ibni Səhlin şiə olmasına inanır və bu işi onun e`tiqadından doğan bir addım kimi qiymətləndirir. Ancaq bu məsələ düzgün və əsaslı bir fikir deyildir, [çünki] tarixi məlumatlarla da uyğun gəlmir. Fəzl ibni Səhl şiələri sünnilərdən üstün etmək niyyətində olsaydı və bu işə səmimiyyətlə girişsəydi, həzrət Riza (ə)-ın əks-əməli başqa cür olmalıydı. Halbuki şiə tarixində yazılan məlumatlara və şiə rəvayətlərinə əsasən, həzrət imam Riza (ə) Fəzl ibni Səhl ilə kəskin şəkildə müxalif idi. O, Mə`mundan daha çox, Fəzl ibni Səhli təhlükəli bir amil hesab edir və Mə`muna deyirdi: «Ondan ehtiyatlı ol, o, iki qardaş çox təhlükəlidir.» Fəzl ibni Səhl də həzrət Riza (ə)-ın dalınca təhqiramiz sözlər danışarmış.

Beləliklə, vəliəhdlik planı ilə bağlı nəzərə gələn iki ehtimalı açıqladıq. Birincisi, bu məsələnin Mə`munun öz istəyi əsasında olmasıdır. O, səmimiyyətlə öz əhdinə, nəzrinə vəfa etmək istəyirmiş. Lakin Şeyx Səduq və başqalarının fikrincə, sonradan fikrini dəyişərək yoldan azmışdı. Və ya bə`zi şərqşünasların əqidəsinə görə, axıra qədər öz əhdinə sadiq qalmışdı. İkincisi, bu fikrin Mə`munun öz tərəfindən deyil, Fəzl ibni Səhldən olmasıdır. Burada da bə`ziləri Fəzli həqiqi şiə sayaraq, bu işi onun xoş məramla həyata keçirmək istədiyini bildirir, başqaları isə onun təhlükəli sui-niyyətindən xəbər verirlər.

ÜÇÜNCÜ EHTİMAL

1-İranlıların diqqətini cəlb etmək;

Başqa ehtimal budur ki, plan Mə`munun öz tərəfindən olub; ancaq o, əvvəldən bu işə sədaqətlə yanaşmayıb, yalnız siyasi məqsədlərlə və hakimiyyətini möhkəmləndirmək üçün belə bir iş tuturmuş. Bəzi təhlilçilər bu məsələ barədə belə demişlər: «Məqsəd iranlıların hörmətini qazanmaq idi, çünki onlar Əli (ə) sülaləsinə və şiəliyə xüsusi hörmət bəsləyirdilər. Əvvəldə də Abbasilər əleyhinə «Riza (ə) Məhəmmədin (s) Əhli-beytindəndir» şüarı ilə qiyam etdilər. Lakin tarixi məlumatlara əsasən, «Riza» ləqəbini o həzrətə Mə`mun vermişdir. Yə`ni, o, imam Əli ibni Musa əleyhissəlamı vəliəhd təyin etdiyi gündən onun Riza çağrılmasına əmr etmişdi. O, bununla da iranlıların xatirələrini yenidən dirçəltmək istəyirdi, çünki doxsan il qabaq «ər-Riza min ali Muhəmməd» yaxud «ər-Rəzi min ali Muhəmməd» ünvanı ilə qiyam etmişdilər. Mə`mun demək istəyirdi ki, mən sizin səksən-doxsan illik istəyinizi həyata keçirirəm. Siz istədiyiniz adamı gətirmişəm. O, ilk növbədə xalqı özündən razı etmək, daha sonra isə həzrət Riza (ə) haqda fikirləşmək istəyirdi. Amma unutmaq olmaz ki, Mə`mun iyirmi səkkiz yaşlı bir gənc, imam Riza (ə) isə əlli yaşlı bir insandır. (Şeyx Səduq və başqalarının dediyinə görə, təxminən qırx yeddi yaşında idi.). Mə`mun belə düşünürmüş: «Bu şəxsin vəliəhdliyi mənim üçün təhlükəli deyil, mən ondan ən azı iyirmi yaş kiçiyəm. Neçə il yaşasa da o, məndən əvvəl öləcəkdir.»

Sözümü yekunlaşdıraraq qeyd edirəm ki, imam Riza (ə)-ın vəliəhdlik məsələsi Mə`munun öz siyasəti imiş. Mə`mun bu planı özü hazırlamışdı və bu işdə yalnız siyasi məqsədlər güdürdü. O, hiylə işlədərək iranlıları sakitləşdirmək və onların hörmətini qazanmaq istəyirdi.

2-Ələvilərin qiyamlarını yatırtmaq;

Bə`ziləri Mə`munun bu siyasətini başqa cür izah edirlər. Qeyd edirlər ki, o, Ələvi üsyanlarını yatırtmaq məqsədi ilə bu planı hazırlamışdı. Ələvilər o dövrdə hakimiyyət üçün əsaslı problem olmuşdu; neçə ildən bir (bə`zən də ildə bir dəfə) ölkədə qiyam baş verirdi. Mə`mun onları sakitləşdirmək və ya ən azı onları xalq qarşısında tərkisilah etmək üçün belə bir siyasət yeritmişdi. Yə`ni, Ələvilərin başçısını sarayda görməklə, xilafətdə şərik olduqlarına inanıb mübarizədən əl çəkəcəkdilər. Mə`mun da öz növbəsində, böyük səhvlər etdiklərinə baxmayaraq, onların çoxunu bağışlamışdı.

O cümlədən həzrət Riza (ə)-ın qardaşı Zeydünnarı əfv etmişdi; bu yolla onları razı salıb, qiyamaların qarşısını almağa çalışırdı. Bundan əlavə, xalq onları qiyama də`vət edən Ələvilərin cavabında «hal-hazırda siz özünüz xilafətdə şəriksiniz, həzrət Riza (ə) isə vəliəhddir. Siz öz imamınızın əleyhinə qiyam etmək istəyirsinizmi?!» -deyərdilər.

3-Həzrət Riza (ə)-ı tərki-silah etmək;

Bu siyasətin [vəliəhdlik məsələsi] Mə`munun öz tərəfindən planlaşdırılmasına dair başqa bir ehtimal da vardır. O da budur ki, Mə`mun bu işlə həzrət Riza (ə)-ın özünü tərki-silah etmək istəyirdi. Rəvayətdə də vardır ki, həzrət Riza (ə) bir gün Mə`munun özünə bu siyasətin nədən ibarət olduğunu açıqlamışdı. Mə`lum məsələdir ki, insanlar kəskin müxalifətdə olduqları zaman, onları tərki-silah etmək yollarından biri də onların özlərinə vəzifə verməkdir. Sonrası isə mühüm məsələ deyildir. Xalq kütləvi şəkildə narazı olarsa, onların e`tirazını yatırtmaq heç də asan iş deyildir; hər hansı bir ölçülüb-biçilməmiş hərəkət onları təhrik edə bilər. Həmin dövrdə də xalq hakimiyyətin qəsb olunduğunu deyir, xilafəti Əli övladlarının haqqı hesab edir və ədalətin bərpasını yalnız bu sülalənin əli ilə mümkün sayırdı.

Mə`mun imam Riza (ə)-ı vəliəhdlik vəzifəsinə yüksəltməklə, xalqın bu inamını qırmaq istəyirdi. Yə`ni, xalq başa düşməli idi ki, arzuladıqları bir şəxs xilafətin yüksək məqamına nail olsa da vəziyyət dəyişmədi. Yaxud, Əli (ə) övladlarını ittiham edib desin ki, bunlar müxalifətdə olarkən ədalətdən dəm vururlar, ancaq özləri məqam sahibi olduqları zaman sakit olub, bir söz demirlər.

Tarixi faktlara əsaslanmaqla, Mə`munun həqiqi fikrini tam aydınlığı ilə öyrənmək çox çətindir. Bu plan Mə`munun öz təşəbbüsü idimi? Yoxsa Fəzl tərəfindən irəli sürülmüşdü? Fəzlin təşəbbüsü idisə, nə məqsəd daşıyırdı? Mə`munun planı idisə, xoşməramlı idi, yoxsa yox? Düzgün məqsəd güdülürdüsə, sonradan öz fikrindən döndü, yoxsa yox? Niyyət mənfi idisə, siyasət nədən ibarət idi? Bunların hamısı tarixi baxımdan müəmmalı məsələlərdir. Baxmayaraq ki, hər bir ehtimalın müəyyən səbəbləri vardır, ancaq onların heç birinin qəti cavab olduğunu söyləmək olmaz. Bəlkə də Şeyx Səduq və başqaları deyən söz, müasir şiə düşüncəsi ilə uyğun olmasa da, həqiqətə daha yaxındır. Onun fikrincə, ilk mərhələdə Mə`munun niyyəti xalis idi və sədaqətlə işə girişmişdi. Ancaq sonralar peşiman oldu və o da başqaları kimi düşünməyə başladı. Bə`ziləri çətinliyə düşdükdə haqq yoluna dönmək qərarına gəlirlər, ancaq qurtulan kimi öz əhdlərini unudurlar.

Qur`ani-Kərimdə buyurulur: «Dəniz girdabına düşənlər çox xalis və pak insanlar olurlar, çətinlikdən qurtardıqları zaman isə tədriclə həqiqəti unudurlar». Mə`mun da burulğanda boğulduğu zaman belə bir nəzr etmişdi. O, ilk mərhələdə öz nəzrinə vəfa etmək niyyətində idi, ancaq yavaş-yavaş nəzrini unudub tam əksinə əməl etdi.

Məsələni imam Riza (ə)-ın öz mövqeyindən açıqlasaq daha yaxşı olar. Məncə bu hadisəyə həmin yöndən yanaşsaq, xüsusilə tarixi həqiqətləri nəzərdə tutsaq, Mə`munla bağlı olan bir çox məsələlər də həll olunar.

Copyright 2008 © Imamhuseyn.org