1-İmamın Mədinədən Mərvə çağırılması;
Danılmaz tarixi həqiqətlərdən biri də budur ki, imam Riza (ə)-ın Mədinədən Mərvə gətirilməsi İmamın öz istəyi ilə olmamışdır. Bir kimsənin də Mədinədə İmamla nə üçün də`vət olunması barədə danışığı və ya məktublaşması qeyd edilməmişdir ki, həmin müəyyən də`vətə əsasən o həzrət könüllü olaraq Mərvə getsin.
Mə`mun bu barədə öz mövqeyini bildirmədən və müəmmalı şəkildə imamı xilafət mərkəzinə çağırdı. İmamla ilk dəfə olaraq, bu məsələni Mərvdə müzakirə etdi. Təkcə imam Riza (ə)-ı deyil, həm də bir çox Əbu Talib övladlarını məcburi olaraq, Mədinədən Mərvə gətirdilər. Hətta imamın gətiriləcəyi yol öncədən tə`yin edilmişdi. Təhlükə hiss etdikləri üçün şiə mərkəzlərindən uzaq yollarla hərəkət edirdilər. [Mə`mun] əmr etmişdi ki, Kufə yolu istiqamətində irəliləməsinlər, Bəsrə, Xuzistan və Fars yollarından keçib Nişapura gəlib çıxsınlar. Bu işə mə`mur olanlar da həzrət Riza (ə)-a çox kin və ədavət bəsləyirdilər. Təəccüblü burasıdır ki, bu işə mə`mur olan Cəlvədi ya Cüludi adlı bir şəxs Mə`muna o qədər vəfalı və həzrət Riza (ə)-a qarşı elə kinli idi ki, Mə`mun məsələni ona dedikdə o, demişdi: «Mən bu işlə müxalifəm.» Mə`mun: «Sakit ol» -dedikdə o, cavab vermişdi: «Mən müxalifəm.» O, və başqa iki nəfər bu məsələyə görə zindana düşmüşdülər. Sonralar həmin məsələyə görə e`dam olundular. Macəra belə idi ki, Mə`mun onları həzrət Riza (ə) və Zür-rəyasəteyn Fəzl ibni Səhlin iştirakı etdiyi bir məclisə çağırıb fikirlərini bilmək istəmişdi. Hamısı tam açıqlıqla bu məsələ ilə qəti şəkildə müxalif olduqlarını bildirmişdilər. Birincisinin boynunu qılıncla vurdurmuşdu. Başqa birisi öz mövqeyində möhkəm dayanmasına baxmayaraq, onun da boynunu vurdurmuşdu. Növbə Cüludiyə çatdıqda həzrət Riza (ə) Mə`muna dedi: «Bu şəxsdən keç!» Cüludi dedi: «Ya Əmirəl-mö`minin! Mənim sizdən bircə xahişim vardır, o da budur ki, bu kişinin [həzrət Riza (ə)-ın] mənim haqqımdakı sözünə qulaq asma.» Mə`mun demişdi: «Sözünü yerinə yetirəcəyəm, onun sənin haqqında dediyi sözlərə qulaq asmaram.» (O, bilmirdi ki, həzrət imam onun bağışlanmasını xahiş etmişdir.). Elə orada onun boynunu vurdular. Hər halda həzrət Riza (ə)-ı belə bir halda Mərvə daxil etdilər. Əbu Talib övladlarının hamısını bir yerdə, imam Riza (ə)-ı isə məxsusi olaraq başqa bir yerdə saxladılar. Ancaq o həzrəti nəzarət altına aldılar. Həmin yerdə Mə`munun həzrət imamla bu məsələni müzakirə etməsi tarixi həqiqətdir və burada o haqda danışmaq istəyirəm.
2-Həzrət imam Riza (ə)-ın bu işdən imtina etməsi;
Həzrət imam ilk dəfə olaraq Mərvdə bu məsələni eşitdikdə ondan imtina etdi. Əbül Fərəc «Məqatilüt-talibin» kitabında yazmışdır ki, Mə`mun Fəzl ibni Səhl və Həsən ibni Səhli həzrət Riza (ə)-ın yanına göndərdi. [Bu iki nəfər məsələnin nə olduğunu açıb söylədilər]. Həzrət qəbul etmədi. Nəhayət dedilər: «Fikriniz nədir?! Bu məsələ ixtiyari bir iş deyildir. Əgər qəbul etməsəniz, buradaca boynunuzu vurmalıyıq.» (Şiə alimləri bu məsələni dəfələrlə nəql etmişlər). Onlar israr edərək imamı təhdid etsələr də, o həzrətin qətiyyətli e`tirazını görüb, Mə`munun yanına qayıtdılar. Mə`mun özü bir daha imamla danışdı və bu söhbətdə də həzrəti ölümlə hədələdi. Axırda dedi: «Niyə qəbul etmirsən?! Cəddin Əli ibni Əbu Talib (ə) şurada iştirak etmədimi?!» O, demək istəyirdi ki, bu məsələ sizin sülalənin ən`ənələri ilə zidd deyil. Yə`ni, Əli (ə) gəlib şurada iştirak edirdisə və [xəlifə seçmək işində] dəxaləti vardısa, o demək deyildi ki, Allah tərəfindən ona verilən rəhbərlik hüququna göz yumub, şəraitə təslim olmuşdu. Əli (ə) bilmək istəyirdi ki, xalqın nəzərincə vəziyyət necədir? İş ona tapşırılacaq, yoxsa yox? Əgər təşkil olunmuş şura xilafəti baban Əliyə tapşırsaydı o, da qəbul edəcəkdi və sən də qəbul etməlisən.» Həzrət imam Riza (ə) artıq, vəziyyətin həddən artıq gərgin olduğunu və qəbul etmədiyi təqdirdə öldürüləcəyini duyub razılaşdı. Əlbəttə burada belə bir sual yarana bilər ki, İmamın, vəliəhdlik məsələsini qəbul etməsi yaxşı idi, yoxsa qəbul etməməklə həyatını təhlükə altında qoyması? Bu məsələ Yezidin İmam Hüseyn (ə)-dan aldığı bey`ət kimi qiymətləndirilməlidir, yoxsa başqa cür? Bu məsələyə aydınlıq gətirmək lazımdır.
3-Həzrət Riza (ə)-ın şərti;
Digər bir tarixi həqiqət budur ki, həzrət İmam Riza (ə) öz şərtlərini hökumətə qəbul etdirdi. O, həzrət buyurmuşdu ki, heç bir işə müdaxilə etməyib, heç bir məs`uliyyət də qəbul etməyəcək. Əslində, imam məs`uliyyəti özündən uzaqlaşdırmaqla Mə`munun cinayətlərinə şərik olmaq istəmirdi. Müasir dildə desək, müxalif mövqe tutub, onlarla əməkdaşlıq etməyəcəyini sübut etmək istəyirdi və sübut etdi də. (Qeyd edirəm ki, Mə`mun bu şərti qəbul etmişdi). Buna görə də həzrət imam ümumi tədbirlərdə də iştirak etmirdi. Sonra isə mə`lum «bayram namazı» hadisəsi baş verdi. Mə`mun fitr namazını qılmağı imamdan istəyəndə o həzrət buyurdu: «Bu bizim müqavilə şərtlərinin ziddinədir.» Mə`mun cavabında dedi: «Sən heç bir işi qəbul etməsən, xalq ayrı şeylər fikirləşər və buna görə də qəbul etməlisən.» Həzrət buyurdu: «Çox yaxşı, bu namazı qılmağı qəbul edirəm.» Lakin işin gedişi elə bir şəkil aldı ki, Mə`mun ilə Fəzl bu təklifdən peşman olub dedilər: «Əgər bu namaz baş tutsa, inqilab olacaqdır.» Ona görə də imamın qarşısını alıb, onu yarı yoldan geri dönməyə məcbur etdilər və həzrəti şəhərdən çıxardılar.
4-Vəliəhdlik məsələsindən sonra İmamın davranışı;
Sünni-şiə mənbələrinin nəql etdikləri xəbərlərdə, eləcə də tarixi həqiqətlərdən əldə olan mə`lumatlarda başqa bir məsələ həzrətin vəliəhdlik məsələsindən sonrakı davranışlarıdır. Xüsusilə, o həzrətin vəliəhdlik məsələsi ilə əlaqədar Mə`munun təşkil etdiyi yığıncaqda söylədiyi xütbə çox təəccüblüdür. Mənim fikrimcə, o həzrət, hamının nəql etdiyi kimi, bu sətir yarımlıq xütbəsində öz mövqeyini aydınlaşdırmışdır. İmam (ə) burada bir xütbə söylədi, lakin bu xütbədə nə Mə`munun adı çəkildi, nə də ona təşəkkür edildi. Baxmayaraq ki, onun adını çəkib mədh etmək, ən`ənəvi olaraq vacib idi.
Əbül Fərəc deyir: «Nəhayət bir günü tə`yin etdilər. O gün xalq gəlib həzrət Riza (ə)-a bey`ət etməli idi. Hamı toplaşmışdı. Mə`mun həzrət Riza (ə)-a öz kənarında xüsusi bir yer verib məclisi sahmana salmışdı. Həzrət Riza (ə)-a bey`ət etməyə əmr etdiyi birinci adam isə öz oğlu Abbas ibni Mə`mun idi. Sonra gələn adam isə Ələvi seyyidlərindən idi. Bu tərtiblə, bir nəfər ələvilərdən və bir nəfər də Abbasilərdən gəlib imama bey`ət etdilər. Mə`mun bey`ət edənlərin hamısına çoxlu mükafatlar verirdi və onlar qayıdırdılar.
Xalq bey`ətə gələn zaman həzrət öz əlini məxsus bir şəkildə xalqa sarı tutdu. Mə`mun bu zaman həzrətə dedi: «Əlini bey`ət etmək üçün uzat.» Buyurdu: «Cəddim Peyğəmbər də bey'ət zamanı əlini belə tutar və xalq da əlini onun əlinin üzərinə qoyardılar». Sonra xətiblər və şairlər (hər şəklə düşənlər və hər bir şəraitə uyğunlaşanlar) həzrət Riza (ə)-ın mədhində xütbə söyləməyə, şe`r oxumağa və çıxış etməyə başladılar. Onlar həm Mə`munu və həm də imamı mədh edirdilər. Sonra Mə`mun həzrət Riza (ə)-a üz tutub dedi:
«Qalx, özün xalq üçün bir şey danış.» Sözsüz ki, Mə`mun o çıxışda özünün və xilafətin təsdiqinə dair həzrətdən bir xoş söz eşidəcəyini gözləyirdi.
Öncə Allaha həmd və səna etdi...[11]