Söhbətimizin mövzusu həzrət imam Riza (ə)-ın Mə`muna vəliəhd olması məsələsi idi. Ötən bəhslərdə qeyd etdik ki, bu məsələdə tarixi baxımdan bir sıra qəti və həqiqi məsələlərlə yanaşı, bəzi şübhəli məsələlər də vardır. Hətta Corc Zeydan kimi tarixçilərin fikrincə, Abbasilər öz siyasi sirlərini gizlətməyə cəhd göstərərmiş və bacardıqca onun yayılmasına mane olarmışlar. Elə buna görə də bu qaranlıq nöqtələr hələ də tarixdə həll olunmamış qalmışdır. Şübhə doğurmayan məsələlərdən biri də budur ki, vəliəhdlik məsələsi həzrət Riza (ə) tərəfindən ortaya atılmamışdır. Yə`ni, həzrət imam Riza (ə) tərəfindən bu barədə heç bir təklif irəli sürülməmişdir. Macəra belə deyildir ki, əvvəlcə Mə`mun vəliəhdliyi təklif etmiş və sadəcə olaraq həzrət Riza (ə)-da onu qəbul etmişdir. Qeyd etdiyim kimi, müəmmalı şəkildə Xorasandan bir dəstə mə'mur Mədinəyə göndərilmiş və həzrət Riza (ə) başda olmaqla, Bəni-haşimdən ibarət olan bir dəstə Ələvi oraya gətirilmişdir. Burada işin ixtiyari, yoxsa qeyri-ixtiyari olmasından söz getmir. Hətta həzrəti gətirdikləri yollar öncədən tə`yin edilmişdi. Yol uzunu imamı şiələr olan mərkəzlərdən imkan daxilində uzaq saxlayırdılar. Xüsusilə, qeyd edilmişdir ki, həzrəti şiə şəhərlərindən aparmasınlar. [Bu dəstə] Mərvə daxil olduqdan sonra da, həzrət Riza (ə)-ı bir müddət gizli saxlayırdılar. Həmin yerdə birinci dəfə olaraq Mə`mun, həzrət Riza (ə)-a [vəliəhdlik vəzifsini] təklif etmişdi. Mə`mun əvvəlcə xilafəti təhvil verməkdən söz açmışdı. (Lakin bu söz çox da qəti deyil). Hər halda əvvəlcə xilafəti təklif edib, sonra demişdi: «Xilafəti qəbul etməyirsənsə, vəliəhdliyi qəbul et.» Vəliəhdlik təklifini irəli sürdükdə, həzrət Riza (ə) isə imtina edib çəkinmişdi. İndi görək həzrət Riza (ə)-ın qəbul etməməkdə məqsədi nə idi? Biz bu sözlərin tamamilə doğru olmasını deyə bilmərik. Bizim alimlərin nəql etdikləri rəvayətlərdə [o cümlədən «Üyunu-əxbarür-riza»da] deyilir: «Mə`mun - mən özümü xilafətə layiq bilməyib, sizi xəlifə seçib bey`ət edəcəyəm - dedikdə, imam buyurmuşdu: «Xilafətdə haqlısan, yoxsa haqlı deyilsən?! Əgər bu xilafət doğrudan da sənindirsə, sənin onda haqqın varsa və bu xilafət də ilahi bir əmanətdirsə, sənin haqqın yoxdur ki, onu başqasına verəsən. Əgər bu xilafət sənin deyilsə və sən onda haqlı deyilsənsə, yenə də onu başqasına verə bilməzsən; özgəsinə məxsus olan bir şeyi başqasına necə verə bilərsən?!» Bu sözün mə`nası budur ki, xilafət sənin deyilsə, Yezid oğlu Müaviyə kimi haqlı olmadığını bildirməlisən və öz ata-babalarını rədd etməlisən. Necə ki, Müaviyə [Yezid oğlu] öz ata-babalarının batil yolda olduğunu açıq-aşkar e'lan etmişdi. O dedi: «Mənim ata-babalarım nahaq yolla xilafətə çatmışlar. Mən də bu müddət ərzində qanunsuz olaraq, xilafətə rəhbərlik etmişəm.» Həzrət buyurmuşdu: «Xilafəti başqasına təhvil verirəm» -deyə bilməzsən. Mə`mun bu cümləni eşidəndə, necə deyərlər, sözün formasını dəyişdirib «sən məcbursan» -demişdi.
Demək, Mə`mun həzrət imamı hədələmiş və öz iddiasına dəlil gətirmişdi. O belə demişdi: «Cəddin Əli ibni Əbu Talib də (altı nəfərlik) şurada iştirak etmişdi. Dövrün xəlifəsi Ömər təhdidlə demişdi: Üç gün müddətində şura üzvləri qərara gəlməlidirlər və əgər qərara gəlməsələr, yaxud şuranın qərarını pozsalar, onda şura üzvləri boyunları səhabələrdən Əbu Təlhənin əli ilə öldürülməlidir.» O, demək istəyirdi ki, sənin indiki vəziyyətin cəddin Əli (ə)-ın qarşılaşdığı icbari şəraitə oxşayır. Mən isə Ömərin mövqeyindəyəm. Sən cəddin kimi bu işdə iştirak etməlisən. Bu cümlənin mə`nası budur ki, cəddin Əli (ə) xilafəti öz haqqı bildiyi halda, nəyə görə şurada iştirak edirdi?
Şurada iştirak etmək, fikir mübadiləsi edərək, xilafəti kimə isə tapşırmaq barədə qərar qəbul etmək deməkdir. Bu da sənin cəddin Əli ibni Əbu Talibin mülayim bir hərəkətidir. Yə`ni, o şura nəyə lazımdır? Xilafət mənimdir, hamınız kənara çəkilsəniz mən xilafəti qəbul edirəm, yoxsa şurada iştirak etmərəm. - deyə buyurmamışdı. Şurada iştirak etmək öz qanuni haqqından keçib, özünü şura üzvi kimi göstərmək deməkdir. Sənin indiki vəziyyətin Əli ibni Əbu Talib (ə)-ın vəziyyəti kimidir. Bu da məsələnin məntiqi cəhətidir. Hədə-qorxuya gəldikdə isə, Ömər elə bir xəlifə idi ki, onun işləri öz dövründə sənəd kimi qiymətlənirdi. Mə`mun demək istəyirdi ki, əgər mən kəskin qərar qəbul etsəm, cəmiyyət yaxşı qarşılayıb deyəcəkdir ki, Mə`mun da ikinci xəlifə [Ömər] qəbul etdiyi qərarı qəbul edibdir. O [ikinci xəlifə] demişdi ki, şura müsəlmanların məsləhətidir. Bu işdən boyun qaçıran ölməlidir. Mən də xəlifə olduğum üçün bu fərmanı verə bilərəm. Mən deyirəm Əli ibni Musa (ə)-ın vəliəhdliyi qəbul etməsi müsəlmanların məsləhətidir və o, bu işdən boyun qaçırarsa, xəlifə olduğum üçün onu e'dam etdirə bilərəm. O, sübut-dəlillə hədə-qorxunu qarışdırmışdı. Beləliklə, başqa bir tarixi həqiqət də həzrət Riza (ə)-ın (Mə`munun vəliəhdliyini qəbul etməkdən) çəkinməsidir. Baxmayaraq ki, nəhayətdə imam bu təklifi qəbul etmişdi.
Üçüncü həqiqət budur ki, imam ilk gündən e`tibarən heç bir işə qarışmayacağını şərt etmişdi. Bu o deməkdir ki, sənin işlərinin məs`uliyyətini qəbul etmirəm. Yalnız adım vəliəhd olacaqsa, qoy olsun, mənim adıma sikkə vuracaqlarsa, qoy vursunlar, adıma xütbə deyəcəklərsə, qoy desinlər, ancaq məni heç bir işdə şərik etmə, üzərimə məs`uliyyət qoyma. Mən nə qəzavət və məhkəmə işlərinə müdaxilə edəcəyəm və nə də vəzifə tapşırıb, vəzifədən azad edəcəyəm. Əslində, imam Mə`munun xilafət aparatına bağlı olan bir şəxs kimi tanınmaq istəmirdi. Qondarma mərasimdə də bu kimi işlərdən uzaq olduğunu öz rəftarı ilə bildirmişdi. Öz vəliəhdliyinin birinci xütbəsində buyurduğu sözlər, məncə çox təəccüblü və çox dəyərli kəlamlardır. Mə`mun böyük bir yığıncaq təşkil edib, bütün vəzifəli şəxsləri, vəzirləri, ordu başçılarını və başqa məşhur şəxsləri oraya çağırmışdı. Onların hamısı ən`ənəvi yaşıl paltarlar geyinmişdilər. (Yaşıl paltar nə üçündür? Bə`ziləri deyirlər ki, bu iş Fəzl ibni Səhlin tədbiri idi, çünki Abbasilərin öz şüarları qara paltar idi. Fəzl o gündən bəri hamıya yaşıl paltar geyməyi əmr etmişdi. Bu tədbir haqda bə`zilərinin fikri budur ki, bu iş zərdüştçülük anlayışı daşıyır və yaşıl rəng məcusilərin (zərdüştilərin) şüarı idi. Bu sözlərin nə qədər əsaslı olduğunu deyə bilmirəm). Mə`mun həzrət Riza (ə)-a bey`ət etməyə əmr etdiyi birinci şəxs qabaqca vəliəhdliyə namizəd olan öz oğlu Abbas ibni Mə`mun idi. Sonra isə başqaları bir-bir gəlib bey`ət etdilər. Daha sonra növbə şairlərə və xətiblərə verildi, onlar gözəl şe`rlər və həyacanlı xütbələr oxudular. Axırda həzrət özü xütbə oxumalı idi. İmam (ə) qalxıb bir sətir yarımlıq bir xütbə oxudu. Əslində, bu xütbənin cümlələri onların bütün işlərinə irad tutmaq idi.
«Biz (Əhli-beyt) sizə vəliyyi-əmr olmaqda haqlıyıq».
Bu cümlənin mənası budur ki, «Mə'munun bizə vermək istədiyi bu haqq, əslində bizim öz haqqımızdır».
«Sizin də bizim boynumuzda haqqınız vardır. Haqqınız budur ki, sizi idarə etməliyik; siz bizim haqqımızı verdiyiniz kim (yə'ni bizi xəlifə kimi qəbul etdiyiniz zaman,) borcumuzu yerinə yetirməliyik». Yalnız iki kəlmə danışdı? «Bizim haqqımız vardır, o haqq xilafətdir, sizin haqqınız sizi idarə edə bilən xəlifənin olmasıdır. Siz bizim haqqımızı versəniz, biz də sizin qarşınızdakı borcumuzu yerinə yetirərik». Bu xütbədə nə Mə`muna təşəkkür olundu, nə də başqa bir söz deyildi. Hər halda bu söz vəliəhdlik əqidəsi ilə uyğun ifadə deyildi. Sonra da həmin proses davam edirmiş. Həzrət Riza (ə) formal bir vəliəhd idi. Çünki işlərin heç birinə dəxalət etmirdi. Əgər məcbur olaraq dəxalət etsə də, Mə`munun hədəf və məqsədlərini tə`min edən işləri yerinə yetirmirdi. Misal üçün, Mə`munun istəyi üzrə həzrət Riza (ə)-ın bayram namazı qılmağı məsələsi ortaya atılanda həzrət buyurmuşdu: «Mən sizinlə razılaşdığım qərara əsasən, heç bir işə dəxalət etməyəcəyəm.» Mə`mun cavabında demişdi: «Sənin heç bir işə dəxalət etməməyin məni ittiham altında qoyur. Bu işdə zərər yoxdur.» Həzrət buyurmuşdu: «Bu işi yerinə yetirmək istəsəm, bu günkü ən`ənələr kimi yox, öz atam kimi əməl etməliyəm.» Mə`mun isə öz razılığını bildirmişdi. İmam evdən çıxanda şəhərdə elə bir çaxnaşma qopmuşdu ki, imamı yolun yarısından geri qaytarmışdılar.
Bununla da aydınlaşır ki, həzrət Riza (ə)-ı icbari şəkildə [Mərvə] gətirərək, vəliəhdlik vəzifəsini ona qəbul etdirmişdilər; onu ölümlə hədələmişdilər. Həzrət isə sonda «işlərə müdaxilə etməyəcəyəm» -deyə qəbul etmişdi. Sonra da işlərə dəxalət etmədi. Özünü kənara çəkib onlara qoşulmayacağını sübut etdi.