Burada şübhəli məsələlər də çoxdur. Tarixçilərin və alimlərin arasında bu barədə ixtilaf vardır. Görəsən vəliəhdlik məsələsinin həqiqəti nədən ibarət idi? Nə üçün Mə`mun, həzrət Riza (ə)-ı Mədinədən çağıraraq vəliəhdliyi, ya xilafəti ona vermək istəyirdi? Bu onun şəxsi fikri idi, yoxsa həmin planı Sərəxsli Zür-rəyasəteyn Fəzl ibni Səhl hazırlamışdı? Yə`ni o, bacarıqlı bir vəzir olduğundan və çoxunu iranlılar təşkil edən ordu onun tabeçiliyində olduğu üçün öz fikrini Mə`muna qəbul etdirmişdi? Bu işi hansı məqsədlə həyata keçirmək istəyirdi? Bə`ziləri[12] deyirlər ki, əslində Fəzl ibni Səhl şiə olub [bu məsələdə də] xeyirxah məqsəd güdürmüş; xilafəti həqiqətən də Abbasilərdən alıb Ələvi sülaləsinə vermək istəyirdi. Bu fərziyyə doğru olsa, həzrət Riza (ə) Fəzl ibni Səhl ilə əməkdaşlıq etməli idi, çünki xilafətin Ələvilərə təhvil verilmə məsələsi hazırlanmışdı; hətta ölümlə hədələnməklə nəticələnən "qəbul etmirəm" sözünü deməməli və qəbul etdikdən sonra qondarma bir iş kimi cilvələnməməli idi. Yaxud hər hansı bir işə dəxalət etməyəcəyini bildirmədən bu işi ciddi şəkildə qəbul etməli və əməldə Mə`munu xilafətdən kənarlaşdırmalı idi.
Burada bircə irad gözə çarpır. Tutaq ki, həzrət Riza (ə)-ın və Fəzl ibni Səhlin əməkdaşlığı nəticəsində Mə`mun xilafətdən kənarlaşdırılmalıdır, lakin onsuz da xilafətin vəziyyəti yaxşılaşmayacaqdı; çünki Xorasan İslam ölkəsinin bir hissəsi idi. Ancaq Rey sərhəddindən qərbə sarı yə`ni, keçmişdə darül-xilafə olan İraq, Hicaz, Yəmən, Misir və Suriya ölkələrində başqa vəziyyət hökm sürürdü. Onlar Xorasan və İran xalqı kimi deyildilər. Üstəlik onlara qarşı çıxırdılar da. Yə`ni, əgər İmam Riza (ə) Xorasanda xəlifə olsaydı, Bağdad hökuməti onun xilafətinə qarşı sərt müqavimət göstərəcəkdi. Bildiyimiz kimi, həzrət Riza (ə)-ın vəliəhdlik xəbəri Bağdada çatdıqda və Bəni-abbas Mə`munun bu işindən xəbərdar olduqda, vaxtı itirmədən Mə`unun nümayəndəsini vəzifədən azad etdilər. Onlar Bəni-abbasdan olan İbrahim ibni Şəklə adlı bir şəxsə (məsləhət olmadığına baxmayaraq,) bey`ət edib, öz narazılıqlarını bildirib dedilər: "Biz Ələvilərin bayrağı altında yaşamarıq. Bizim ata-babalarımız yüz illər boyu zəhmət çəkmiş və bu yolda can qoymuşlar. İndi isə birdən-birə xilafəti Ələvilərə verək?! Bağdad qiyam etmək üzrə idi. Onun ardınca bir çox şəhərlərdə də etiraz baş alıb gedirdi. Ancaq bu məsələ yalnız ehtimal idi və özü də yanlış ehtimal idi. Yə`ni, Zür-rəyasəteyn Fəzl ibni Səhlin şiə olmağı, eləcə də onun pak niyyət və xoşməramla həzrət Riza (ə)-la davranması iki səbəbə görə qəbul olunası söz deyildi. Əvvəla, bu planın onun tərəfindən hazırlanması qəti şəkildə məlum deyildir. İkincisi, bu plan onun vasitəsilə həyata keçirilsə də, onun şiəlik əqidəsi ilə bu işə yanaşması şübhəlidir. Çox ehtimal ki, yeni müsəlman olmuş Fəzl ibni Səhl bu yolla İranı İslamdan qabaqkı vəziyyətə gətirmək istəyirdi. Dediyimiz kimi, bunların heç biri qəti deyildir və şübhəlidir. Ancaq bə`zi rəvayətlərdə bu cür nəql olunmuşdur. O düşünürdü ki, iranlılar əsil müsəlman olduqları üçün qabaqkı dövrə qayıtmağı qəbul etməzlər, çünki İslamla mübarizə adı gəlsə, ona qarşı çıxacaqlar. Yaxud düşünürdü ki, Abbasi xəlifəsinin işini şəxsiyyətli bir insanın əli ilə sona çatdırsın. Hələlik həzrət Riza (ə)-ı iş üstə gətirib, Bəni-abbasla üz-üzə qoysun, sonra isə içəridən İranı İslamdan qabaqkı zərdüştlük dövrünə qaytarmağa zəmin yaratsın.
Bu fərziyyə doğru olsa, həzrət Riza (ə) həmin təhlükəni aradan qaldırmaq üçün Mə`munla əməkdaşlıq etməli idi; yə`ni, Fəzl ibni Səhlin təhlükəsi, Mə`munun İslama qarşı yaratdığı təhlükədən yüz qat artıq idi. Çünki Mə`mun nə qədər də pis olsa, müsəlman bir xəlifə idi.
Biz belə düşünməməliyik ki, imamlarla müxalif olan, yaxud onları şəhid edən bütün xəlifələr eyni səviyyədə olmuşlar. Belədirsə, bəs Yezid və Müaviyə ilə Mə`munun fərqi nədədir? Fərq yerdən göyə qədərdir. Mə`mun öz vəzifəsinə əməl etməkdə Abbasi və Əməvi xəlifələri arasında həm elmi baxımdan, həm də başqa cəhətlərdən ən yaxşısı sayılır. Açıq fikirli bir adam idi; bizim fəxrimiz olan bu İslam mədəniyyətinin təməl daşı həmin Mə`mun və Harunun əli ilə qoyulmuşdur. Yə`ni bunların düşüncə səviyyəsi üstün və özləri fövqəladə ziyalı şəxslər idilər. Onların yerinə yetirdiyi bir çox işlər indi də İslam dünyasının fəxri kimi qiymətləndirilir. «Əl-mulku əqimun» məsələsi və Mə`munun hakimiyyətə görə öz e`tiqadının əksinə əməl edib, e`tiqad bəslədiyi İmamı zəhərləməsi bir sözdür, cərəyanın digər hissələri isə başqa bir söz.
Bizim rəvayətlər sübut edir ki, həzrət Riza (ə) Fəzl ibni Səhlə Mə`mundan artıq nifrət edirdi. Mə`mun ilə Fəzl ibni Səhlin arasında ixtilaf yaranan zaman isə İmam Mə`muna tərəfdar çıxırdı. Bizim rəvayətlərimizə əsasən, Fəzl ibni Səhl ilə başqa bir şəxs İmamın yanına gəlib demişdilər ki, xilafət sizin haqqınızdır, bunlar hamısı qəsbkardırlar. İcazənizlə Mə`munu öldürüb sizi rəsmi şəkildə xəlifə etmək istəyirik. Həzrət bu şəxsləri öz yanından qovmuşdu. Onlar isə öz işlərindən qoxuya düşərək, Mə`munun yanına gedib dedilər: "Biz Əli ibni Musa (ə)-ın yanında idik, onu sınamaq istəyirdik və bu məsələni irəli sürdük, çünki onun sizə qarşı tutduğu niyyətindən agah olmaq istəyirdik. Gördük ki, sizə qarşı pis niyyəti yoxdur. Ona, bizimlə əməkdaşlıq edib sizə sui-qəsd etmək təklifini etdik, o bizi qovdu. Sonra isə həzrəti Riza (ə) Mə`munla görüşündə həmin məsələ barədə söz açaraq buyurdu: "Bunlar mənim yanıma gəldilər, lakin sənə yalan deyirlər, onlar mənə etdiyi təklifdə ciddi idilər." Sonra da həzrət, Mə`muna "ehtiyatlı ol" deyə buyurdu.
Bu rəvayətlərə əsasən, Əli ibni Musa Riza (ə) Fəzl ibni Səhlin təhlükəsini Mə`munun təhlükəsindən daha dəhşətli hesab edirdi. Bu fərziyyəyə [vəliəhdlik düşüncəsinin Fəzl ibni Səhldən olduğuna] əsasən, həzrət Riza (ə) bu adamın düşüncəsindən qaynaqlanan vəliəhdliyi təhlükəli bilir və deyirmiş: «İşdə çirkin bir niyyət duyulur və bunlar məni İranın zərdüştlüyə çevrilməsi üçün vasitə etmək istəyirlər».
Demək, bu fərzriyyəyə əsasən, düşüncə Fəzlindirsə, həm də o, həqiqi şiədirsə, həzrət Riza (ə) Mə`mun əleyhinə olan planda onunla əməkdaşlıq etməli idi. Yox, əgər zürdüştlük planı idisə, Mə`munla onların əleyhinə və onları aradan aparmaq üçün əməkdaşlıq etməli idi. Bizim rəvayətlərimiz ikinci ideyanı daha çox sübut edir, yə`ni düşüncə Fəzldən deyildir. Həzrət Riza (ə)-ın Fəzl ilə yaxşı davranmaması, yaxud Mə`munun Fəzlin təhlükəsindən ehtiyatlanması bizim rəvayətlər baxımından həqiqət sayılır.
Başqa bir fərziyyə budur ki, əslində bu fikir Fəzldən deyil, Mə`munun öz tərəfindən idi. Bu fikir Mə`mundan idisə, bu işi nə üçün edirdi? Görəsən bu işdə xoş niyyəti var idi, yoxsa pis niyyəti? Xoş niyyəti var idisə, axıra qədər bu niyyətdə qaldımı, yoxsa işi yarıda buraxdı? "Mə`munun xoş niyyəti var idi və axıra qədər bu əqidəsinə sadiq qaldı" sözlərini qəbul etməyimz ağılasığası bir şey deyil. Heç vaxt belə bir iş olmamışdı. Ən çoxu deyə bilərik ki, ilk mərhələdə xoş niyyəti var idi, ancaq sonralar öz əqidəsindən döndü. Dediyimiz kimi, Şeyx Səduq və Şeyx Müfid bu əqidəyə inanırlar. Şeyx Səduq «Üyunu-əxbarür-riza» kitabında deyir: "Mə`munun niyyəti əvvəlcə yaxşı idi və doğrudan da o, nəzr etmişdi; öz qardaşı ilə çarpışdığı zaman nəzr etmişdi ki, Allah onu qardaşı Əminə qalib etsə, xilafəti həqiqi malikinə qaytaracaq. Həzrət Riza (ə)-ın vəliəhdliyi qəbul etməməsi Mə`munun həyəcan keçirdiyi anlarda qərara gəldiyini bilməkdən qaynaqlanırdı. O, bilirdi ki, Mə`mun sonra peşman olacaq, necə ki, peşman oldu da. Hərçənd ki, bir çoxları Şeyx Səduqun və başqalarının bu fikri ilə razılaşmırlar. Onlar inanırlar ki, Mə`munun əvvəldən də niyyəti xoş deyildi və onun bu işi siyasi bir hiylə idi.
İndi görək bu siyasi plan nə imiş? Ələvi qiyamlarını bu yolla yatırtmaq istəyirdimi? Yoxsa, həzrət Riza (ə)-ı bədnam etmək istəyirdi? Çünki, Ələvilər hökumətdən kənar olduqları zaman tənqidçi bir dəstə kimi idilər. Mə`mun istəyirdi ki, əvvəlcə həzrəti xilafətin idarəçilik işlərinə qarışdırsın, sonra isə xalqda ona qarşı narazılıq yaratsın. Necə ki, siyasət aləmində bu işlərdən çox olur. Yüksək mövqeyə malik olan fəal bir tənqidçini bədnam etmək üçün ona vəzifə verib, sonra işində təxribat apararlar. Bir tərəfdən ona vəzifə verirlər, digər tərəfdən isə işində çətinlik törədirlər. Beləliklə, onun ictimai mövqeyini zəiflədib xalqı ondan narazı salırlar. Bizim rəvayətlərimizdə yazılmışdır ki, bir gün həzrət Riza (ə) öz danışıqlarında Mə`muna buyurdu: «Məni bədnam etmək niyyətindən agaham». Mə`mun isə əsəbləşib dedi: "Bu sözlər nədir? Nə üçün bizə belə töhmətlər vurursan?!"