Əsas » Kitabxana » MƏSUM İMAMLARIN HƏYATINA BİR BAXIŞ » İMAMLARIN FİKRİNCƏ XƏLİFƏLƏRLƏ ƏMƏKDAŞLIQ ETMƏK
İMAMLARIN FİKRİNCƏ XƏLİFƏLƏRLƏ ƏMƏKDAŞLIQ ETMƏK
Bilirik ki, Abbasilər dövründə imamlarımız xəlifələrlə tamamilə müxalifətçilik edirdilər. [Xalqı onlarla əməkdaşlıq etməkdən çəkindirirdilər. Ancaq bə`zi yerlərdə İslam ideyaları xatirinə onlarla bəzi əlaqələrə icazə verirdilər. Üstəlik bu işi alqışlayırdılar da]. Səfvan-cəmmal (o, Musa ibni Cə`fər (ə) şiələrindən idi) dəvələrini həcc səfəri üçün Haruna kirayə vermişdi. Bir gün Musa ibni Cə`fər (ə)-ın xidmətinə çatanda həzrət ona dedi:

-Sənin hər işin yaxşıdır, birindən başqa. Səfvan soruşdu: O nədir?

-Dəvələrini niyə Haruna kirayə vermisən?

-Mən ki, pis iş görməmişəm, həcc səfəri üçündür, pis işdən ötrü deyildir.

-Həcc səfəri üçün də belə etməməli idin, yəqin ki, alacağın kirayə hələ ödənməyib.

-Bəli.

-Sən hal-hazırda Harunun məhv olub aradan getməsinə razısan, yoxsa razı deyilsən? Yəqin ki, borclarını geri aldıqdan sonra onun ölməyini istəyirsən. Demək, müəyyən müddətə olsa da, onun salamat qalıb yaşamağını istəyirsən?

-Bəli.

-Zalımın diri qalmağına razı olmaq günah sayılır.

Səfvan əsil bir şiə olduğu üçün Harunla keçmiş dostluğuna baxmayaraq, gedib bütün dəvələrini satdı. Haruna xəbər verdilər ki, Səfvan dəvələrinin hamısını satmışdır. Harun onu çağırıb demişdi:

-Niyə bu işi gördün?

Səfvan: Daha qocalmışam, işdən düşmüşəm, uşaqları yaxşı keçindirə bilmirəm. İşdən tamamilə göz yummağımı məsləhət gördüm.

-Düzünü de.

-Elə budur.

Harun çox zirək idi. Demişdi:

- İstəyirsənmi macəranın nə olduğunu sənə deyim? Mənə elə gəlir ki, mənimlə belə bir müamilə etdikdən sonra Musa ibni Cə`fərlə görüşmüsən.

-Yox, belə deyildir.

-Boş-boş danışma, keçmiş tanışlığımız olmasaydı, elə buradaca səni öldürtdürərdim.

İmamlar xəlifələrlə əməkdaşlığı bu qədər pisləyir və qarşısını alırdılar. Ancaq hər hansı bir əlaqə İslam dünyasının xeyrinə olarsa, zülmləri azaltmaq, ilahi hədəf və məqsəd uğrunda çalışmaq olarsa, belə bir əməkdaşlığı qanuni bilmişlər. Bə`zən bir şəxs zalım hökumətin yüksək dairələrində vəzifə əldə edir və bu vəzifədən doğru yolda istifadə etmək istəyir. Bu işə İslam fiqhində, imamların davranışında və Qur`anda icazə verilir.

Copyright 2008 © Imamhuseyn.org