Allah-taala tərəfindən məb`us olmuş ilahi peyğəmbərlər iki əsas məqsədi izləyirdilər. Bu məqsədlərin biri bəndə ilə Yaradan arasında düzgün əlaqə yaratmaqdır. Başqa sözlə, bu məqsəd insanı Allahdan başqa hər hansı bir mövcuda ibadət etməkdən çəkindirmək deməkdir. Bu da tövhid şüarı olan «La ilahə illəllah» sözündə əks olunur. Allah-taala tərəfindən məb`us olmuş böyük peyğəmbərlər üçün, ikinci əsas məqsəd bəşəriyyət arasında sülh, ədalət, səmimiyyət, qardaşlıq və əməkdaşlıq, atifə və qarşılıqlı xidmətlər əsasında əlaqələr yaratmaqdır.
Qur`ani-kərim bu iki cəhəti peyğəmbərlərin iki əsas məqsədi kimi açıqca bəyan etmişdir. Birinci məqsəd uğrunda Xatəmül-ənbiya həzrət Məhəmmədə (s) xitabən buyurur:
«Ey Peyğəmbər! Biz səni risalət üçün göndərdik ki, yaxşıya və pisə şahid olub yaxşıları ilahi rəhmətlə müjdləyəsən və pisləri Allahın əzabı ilə qorxudasan.»[14]
İkinci məqsəd barəsində isə belə buyurur:
«Haqqın izni ilə xalqı Allaha doğru də`vət et.»[15]
Allah-taala iman gətirənlərə və saleh əməl edənlərə və`d edir ki, dünyanın sonu sizindir; nəhayətdə, dünyaya hökumət edən ilahi din, mə`nəviyyat və «La ilahə illəllah»-dır. O gün mənfəəttələblik və xudbinlik aradan gedəcək və nəticədə dünyanın sonu əmin-amanlıq olcaqdır.
Dünyanın sonu tövhiddir.
Beləliklə, Qur`ani-kərimdən iki mövzu çıxara bildik:
Birincisi budur ki, peyğəmbərlərin iki əsas məqsədi vardır. Yer üzündə tövhid və ədaləti bərpa etmək; qeyd olunanlardan birincisi insanla Allah arasındakı münasibətdən, ikincisi isə insanların bir-birləri ilə qurduqları əlaqələrdən asılıdır. O da budur ki, ədalət məsələsi təkcə arzu və xəyal deyil, real bir həqiqət və ilahi sünnədir. Allah-taala nəhayətdə ədaləti dünyaya hakim edəcəkdir. Belə bir dünyada insanlar əsrlər boyu (biz nə qədər olduğunu bilmirik, bəlkə milyon və yüz milyon ilə qədər) hökumət edəcəkdir. Ancaq bu insanlar elə bir yetkin və həqiqi insanlar olmalıdırlar ki, indiki zülm və ayrı-seçkiliklərə qapılmasınlar.
Bu günkü söhbətimizin mövzusu bu dünyada ümumi ədalətin bərpası haqdadır. İslam dini dünyada ümumi ədalətin bərpa edilməsini iddia etdiyi üçün bu məsələ xüsusi əhəmiyyət kəsb edir. Görəsən bu din nəyə əsaslanaraq belə bir ədalətin bərpa edilməsini mümkün sayır? Demək, burada üç mövzunu açıqlamalıyam: birincisi ədalətin nədən ibarət olmasını, ikincisi insanın zatında və fitrətində ədalətə yönəlmə meylinin olub-olmamsını, üçüncüsü isə ədalətin həyata keçirilməsinin mümkün olub-olmamasını.