Əsas » Kitabxana » MƏSUM İMAMLARIN HƏYATINA BİR BAXIŞ » İSLAM GÖRÜŞÜ
İSLAM GÖRÜŞÜ
Amma burada olan üçüncü bir nəzər (başqa me`yarla dördüncü görüş) belədir: "Bütün bunlar təbiət və bəşəriyyətin fitrətinə bədbin yanaşmaqdan irəli gəlir. İnsanın ədalətdən qaçması onun hələ də kamal mərhələsinə çatmamasındandır. Bəşərin fitrətində və zatında ədaləttələblik vardır. İnsan yaxşı tərbiyə olunsa, mükəmməl müəllimin əli altında yetişdirilsə, çatacağı yer ədalətsevərlik olacaqdır. Belə bir halda bəşəriyyət ümumbəşəri ədaləti öz şəxsi ədalətindən üstün tutacaq. Gözəllikləri sevdiyi kimi ədaləti də sevəcək. Hərçənd ki, ədalət özü də gözəllik sayılır (bu gözəllik hiss ilə deyil, ağıl ilə dərk olunur). Bizim din adlı məktəbimizdə hər bir şeyin səbəbi vardır. Siz deyirsiniz ki, bəşər zatən ədalətsevər deyil, onu zorla qəbul edir və yaxud öz şəxsi mənafeyini onda tapmaq üçün ağıl yetkinləşməlidir. Və yaxud deyirsiniz ki, əmək alətlərinin kamilləşməsi birbaşa ədaləti bərpa edir. Bütün bu iddiaların qarşısında göstərə bilərik ki, öz şəxsi mənafeyini nəzərə almayan ədalətli və ədalətsevər insanlar da varmış. Ədalət onların şəxsi mənafeyi yox, ideya, məqsəd və arzuları olmuşdur. Onlar ədaləti bir sevgili yar kimi sevmiş və özlərini onun yolunda qurban vermişlər. Bu misallar sübut edir ki, bəşəriyyəti belə bir fikirlə ədalət yolunun yolçusu etmək olar. Hal-hazırda onlar kimi olmasa da, kiçik miqyasda onların yolunu davam etdirənlər tapmaq olar.

Əli ibni Əbu Talib (ə) bu fəlsəfələri batil edən bir misaldır. Bəli, Əli və onun yetirmələrini və bütün dövrlərdə olan bir çox insanları buna misal göstərmək olar. Həzrət Əli (ə)-ı misal gətirəndə bə`ziləri belə düşünürlər ki o, müstəsnadır. Yox, belə deyil. İndi də dindarların arasında həqiqət və ədalət aşiqləri olan insanlar az deyildir. Onlar zatən ədalət vurğunudurlar; gələcək dövrlərin insanları belə olacaq.

Çoxları zənn edirlər ki, İmam Zaman Həzrət Məhdinin [ə.c.] zühuru dünyada texnikanın məhvi, gerilik, süqut və mədəniyyətsizliklə nəticələnəcəkdir. Halbuki məsələ tam əksinədir və zühur insanın əxlaq, düşüncə və elminin yüksəlməsi deməkdir. Bu da dində bizə çatan sənədlərlə sübut olunur. Həzrət İmam Zamanın zühuru və ümumi ədaləti yada salan din, bunları da xatırlatmışdır. «Üsuli-kafi»də yazılmış hədisə əsasən, o həzrət zühur edəndə Allah-taala öz rəhmət əlini insanların başına çəkər və bununla da bəşəriyyətin əqli, düşüncəsi və əməli çoxalar. Müqəddəs vücud zühur edəndə dünyada qoyun və qurd olmayacaq, hətta qurdlar da səmimiyyətlə yaşayacaqlar. Hansı qurdlar? Səhrada yaşayan qurdlarmı? Yoxsa, qurd qiyafəsində olan insanlar? Demək qurd, qurdluq xüsusiyyətinə malik deyil, qurddan qurdluq xüsusiyyəti alınacaqdır.

Həzrətin zamanında hökm sürəcək vəziyyətdən çox misallar gətirməyib, bircə nöqtəni deməklə kifayətlənirəm.

Copyright 2008 © Imamhuseyn.org