Şiə və sünni alimlərinin fikrincə, aşağıdakı cümlə həzrət Peyğəmbərdəndir. O həzrət (s) buyurmuşdur:
«Dünyanın qurtarmasına bir gündən çox qalmamış olsa da, Allah o günü mənim övladım olan Məhdinin zühuru üçün uzadar».
Məqsəd budur ki, bu iş Allahın mütləq müqəddər etdiyi işlərdəndir. Yə`ni, hətta dünyanın ömründən bir gün qalsa da belə, Allah bu işi həyata keçirəcəkdir. Bu rəvayəti bütün şiələr və sünnilər qəbul edirlər. Bə`ziləri hicazlı qardaşımız cənab şeyx Xəlilür-rəhmanın həzrət Höccətin zühurunun intizarından danışmasını gördükdə, şiə olmadan onun həzrət İmam Zamanın (ə.c.)-in zühurunun intizarını çəkməsinə təəccüb edirdilər. Lakin bunlar da həzrətin zühurunun intizarındadırlar. Bəlkə də bizlərdən bir çoxu adət üzrə bu məntəqədə yaşadığımız üçün bu məsələyə inanırıq. Lakin bu kimi şəxslər həmin e`tiqada təhqiq və axtarışla yiyələniblər. Bu, şiə və ya sünniliyə məxsus məsələlərdən deyil, çünki sünnilər də bu məsələni qəbul edirlər.
İndi isə görün Peyğəmbər (s) o günü necə aydınlaşdırıb, bəşəriyyətin kamal dövrü kimi dəyərləndirmişdir. Buyurdu:
«Məhdi (ə.c) gələn zaman bəşəriyyət arasında ixtilaflar şiddətlənəcək, zəlzələlər baş verəcəkdir. (Məqsəd yer altı təkanlardan törənən zəlzələ deyildir.) Əslində yer üzü insanların törətdikləri cinayət və zülmlərdən məhv olmaq həddinə gəlib çatar.»
«Dünya zülm və haqsızlıqla dolduqdan sonra ədalət hakim olacaqdır.»
«Ondan həm asimanın Allahı, həm də Allahın məxluqatı razıdır. Yer üzünün mövcudları deyərlər: Əl-həmdü lillah ki, bu zülmlərin şərindən qurtardıq.» Sonra buyurdu:
«Sərmayəni düzgün şəkildə bölər.» Dedilər: «Ey Allahın Peyğəmbəri! Düzgün şəkildə bölüşdürmək nə deməkdir?» Buyurdu: «Ədalət üzrə və bərabər şəkildə bölmək.»
«Allah İslam ümmətinin ürəyini zənginliklə doldurar.» Yə`ni, zənn etmə ki, zənginlik və sərmayə təkcə maddi sərmayədir. Ürəklər doludur; yoxsulluqlar, ehtiyaclar, təhqirlər, çatışmazlıqlar, kin-küdurətlər, paxıllıqlar və s. xislətlər ürəklərdən silinər.
Əmirəl-mö`minin Əli (ə) Nəhcül-bəlağədə buyurur:
«Bə'ziləri zənn edirlər ki, həzrət Məhdinin zühurundan qabaq dünyanı misli görünməyən atışma, çox dəhşətli və təhlükəli müharibələr bürüyəcək; müharibə davam edəcək. Müharibə sanki bir yırtıcı heyvandır və bu heyvan qıcırtmış dişlərini göstərəcək. Bu heyvanın döşü sanki müharibədən əldə ediləcək mənfəətlərdir. Və bu heyvan döşünü göstərdikdə müharibə dalınca olanlar görəcəklər ki, çox südlüdür. Buna görə öz xeyirləri üçün müharibəyə girəcəklər. Nəhayət, müharibə onların zərərinə qurtaracaq. Südün sağılması çox ləzzətli görünür, ancaq aqibəti son dərəcə acıdır.
«Bilin ki, sabahkı dünyanı siz əsla tanımırsınız. Ancaq bilin ki, gələcək dünya vardır.»
«O, ilahi valinin gördüyü ilk iş, hökmdarla hakimləri bir-bir tutub öz adamlarını islah etməkdir; beləliklə dünya islah olunar.»
«Yer öz ciyərinin parçalarını eşiyə atar; yə`ni yer özündə saxladığı hər bir bəxşişi hər hansı bir mə`dəndən, təsəvvür etdiyiniz hər bir iste`dadı hər bir qəlbdən eşiyə çıxarar və indiyə qədər əsirgədiklərini aşkar edər.»
«Yer bir qul kimi təslim olaraq gələr, öz kilidlərini ona verər.» (Bütün bunlar o günün oxşarlıqları sayılır. Yə`ni, daha təbiətdə gizli sirr qalmayacaq və bütün sirlər onun əli ilə açılacaqdır. Təbiətdə məchul məsələ qalmayacaq və bütün məchullar bu dövrdə kəşf olunacaqdır.)
«Və o vaxt həqiqi ədalətin nə olduğunu sizə göstərəcək.» Göstərəcək ki, azadlıq və insan hüququnu qoruyan, necə deyərlər bə`zi iddiaçı təşkilatların sözləri tamamilə yalanmış və bu qədər sülh-sülh deyənlərin sözü nifaqdan başqa bir şey deyilmiş.
«O, sünnə və kitab [Qur`an] qanunlarını zahirən aradan getdiyinə baxmayaraq, dirildəcək.» Yenə də buyurdu:
Bizim imamların hərəsinin məxsus bir ləqəbi vardır. Məsələn, Əmirəl-mö`minin Əli ibni Əbi Talibin ləqəbi «Mürtəza», İmam Həsən əleyhissəlamın ləqəbi «Müctəba», İmam Hüseyn əleyhissəlamın ləqəbi «Seyyidüş-şühəda» və başqa imamlar da «Səccad», «Baqir», «Sadiq», «Kazim», «Riza», «Təqi», «Nəqi», «Zəki», «Əskəri» ləqəbləri ilə tanınmışlar. O həzrətin də özünəməxsus bir ləqəbi vardır; qiyam sözündən alınmış «Qaim» (dünyada qiyam edən şəxs) kəlməsi də İmam Zaman (ə)-ın ləqəbidir. Əslində biz həzrət Məhdini (ə.c) qiyam və ədalətlə tanıyırıq. Hər imamın məxsusi bir sifət və xüsusiyyəti vardır. Bu İmam da qiyam və ədalət sifəti ilə tanınır.
«Daha zülmdən xəbər olmaz.»
«Bütün yollar (yer-dəniz və hava yolları) əmin-amanlıq olar, çünki gərginliyin qaynağı, ədalətsizlik, qəzəb və təəssübdür. Ədalət bərpa ediləndə insanın fitri ədalətə malik olduğu üçün gərginlik olmamalıdır.»
«Və yer bütün bərəkətlərini üzə çıxarar.»
Bilirsinizmi o zaman xalqın narahatlığı nə olacaq?
Xalqın narahatlığı budur ki, sədəqə vermək istəsələr, birinə yardım etmək istəsələr, ona layiq bir kimsə tapa bilməyəcəklər. Yer üzündə bircə yoxsul da tapılmayacaq. İlahi tövhid barədə buyurur:
«Hamı tövhidə iman gətirəcək və yer üzündə müşrik bir şey qalmayacaqdır.»
Təhlükəsizlik barədə buyurur:
Aciz bir qarı dünyanın şərqindən qərbinə əzab-əziyyət çəkmədən səfər edəcəkdir.[16] Ədalət, həqiqi sülh və səmimiyyət barəsində çox sözlər deyilmişdir. Sərvət və bərəkət haqda daha çox sözlər danışılmışdır. Sərmayənin ədalət üzrə bölünməsindən deyilmişdir. Vəsaitin çoxluğundan, bolluqdan, pozğunçuluğun olmamasından söz getmişdir. O zaman şərab və zina olmayacaq, insan yalan danışmağa, qeybət etməyə, töhmət vurmağa, zülm etməyə nifrət edəcəkdir. Bunlar hansı fəlsəfəyə əsaslanır? Əvvəldə qeyd etdiyim İslami bir əqidə: «İnsanın sonu ədalətdir». İslam deyir: «Bəşəriyyətin düşüncəsi elə bir yerə çatar ki, onlar öz mənafeyini başqalarının hüquqlarını qorumaqda görər.» O zaman ədalət bəşəriyyət üçün bir sevgi, bir mələk kimi olacaq. Onun ruhu yüksələcək və tərbiyəsi kamilləşəcək. Bu da elə bir şəraitdə ola bilər ki, böyük bir ədalətli hökumət, iman, Allahpərəstlik və Qur`an hakimiyyəti əsasında qurulduğu halda həyata keçirilə bilər. Biz müsəlmanlar (qərbdə bəşəriyyətin sonuna belə bədbin yanaşmalarının əksinə) bəşəriyyətin gələcəyinə nikbinik. Rassel «Yeni ümidlər» kitabında deyir: «Bu gün bir çox alimlər bəşəriyyətdən ümidlərini kəsmişdir; onlar inanırlar ki, elmin inkişafı elə bir həddə çatıb ki, bəşəriyyət yaxın zamanlarda elmin vasitəsi ilə məhv olacaqdır.» Deyir: «Bunların biri A. Eynşteyndir. Bu alimin fikrincə, bəşəriyyət öz əli ilə qazdığı quyunun yalnız bir addımlığındadır.» İnsanlar bu mərhələdə bir düyməni basmaqla abadlıqları yerlə yeksan edə bilər.
Doğrudan da əgər biz qeyb aləminə, Allaha inanmasaydıq və Qur`an bəşəriyyətin gələcəyindən bizi əmin etməsəydi, onlar kimi dünyanın zahirini görsəydik, onda onları haqlı bilməli idik. Hər gün dağıdıcı vasitələr daha güclü, daha dəhşətli və təhlükəli vəziyyətə düşür. Təxminən iyirmi il bundan əvvəl Xirosimada atom bombası partlayışından sonra bəşəriyyətin texniki təxribat qüvvəsi neçə qat artırılmışdır. Elə mərhələyə çatmışdır ki, müasir dünyada artıq qalib-məğlub yoxdur. Üçüncü dünya müharibəsi baş verərsə, burada kimin qalib gəlməsindən söhbət getmir. Əgər üçüncü dünya müharibəsi baş verərsə, yer və bəşəriyyət məhv olacaq və qalib gələn də olmayacaq. Ancaq biz deyirik: «Bəşəriyyət və yer kürəsi üçün yenə də uçurumlar yaranmışdır; ancaq Allahın gücü, bütün güclərdən üstündür.»
Bizə demişlər:
Əməllərin ən fəzilətlisi nicat gününün intizarını çəkməkdir.[17]
Bu ümumi qurtuluşun intizarını çəkib nikbin olmaq bütün əməllərdən üstün sayılır. Niyə? Çünki bu iş yüksək səviyyəli iman tələb edir.
İlahi! Bizi İmam Zamanın [ə.c.] həqiqi müntəzirlərindən qərar ver! Onun haqq hökumətini dərk etmək ləyaqətini bizlərə qismət et! Amin!