Yenə də İslam tarixində başqa cərəyanlar görürük, o cümlədən Mədinə fəqihlərindən olan Məhəmməd ibn İclan, Məhəmməd ibn Əbdüllahi Məhzə bey`ət etdi. Abbasilər öncə bunları himayə etdilər, ancaq xilafət məsələsi ortaya çıxarkən, qüdrət əldə edib, Həsəni seyyidlərini öldürtdürdülər. Mənsur bu fəqihi çağırdı, tədqiqat etdikdə bey`ət etdiyi sübuta yetişdi. Onun əlini kəsməyi əmr etdi. Dedi: «Düşmənə bey`ət edən bu əl kəsilməlidir». Yazılmışdır ki, Mədinə fəqihləri toplaşıb onun bağışlanmağını xahiş etdilər: «Ey xəlifə! Onun təqsiri yoxdur. O, fəqih bir adamdır və rəvayətləri bilir, bu adam Məhəmməd ibn Əbdüllahın ümmət Məhdisi olduğunu zənn edərək ona bey`ət etmişdir; onun məqsədi səninlə düşmənçilik deyildir.»
Bununla belə görürük ki, İslam tarixində və`d edilmiş Məhdi mövzusu qəti və mütləq olan məsələlərdəndir. Zaman keçdikcə və`d edilmiş Məhdinin zühuruna inanmaq nəticəsində bə`zi tarixi hadisələrin baş verməsini görürük. Bizim bir çox imamlarımız dünyadan getdikdə, bə`ziləri deyirdilər: «Bəlkə də ölməyib, qeyb olub, bəlkə də ümmət Məhdisidir». Bu iş İmam Musa Kazim (ə) dövründə də baş vermişdi. Hətta İmam Baqir (ə), İmam Sadiq (ə) və başqa imamların zamanın da var imiş.
Həzrət Sadiq (ə)-ın İsmayıl adlı bir oğlu varmış. «İsmailiyyə» təriqətinin tərəfdarları ona inanırmışlar. O həzrət hali-həyatda ikən İsmayıl dünyadan getdi. İmam (ə), İsmayılı çox sevirmiş. İsmayıl dünyadan gedəndə ona qüsl verib kəfənə bükəndən sonra İsmayılın başı üstə gəlib, səhabələri çağırdı; kəfəni açıb İsmayılın üzünü göstərərək buyurdu: «Bu İsmayıl mənim oğlumdur, sabah onun ümmət Məhdisi olduğunu iddia edib, qeybə çəkilməsini deməyin; cənazəsini görün, üzünü görün, tanıyıb sonra şəhadət verin.»
Bütün bunlar müsəlmanlar arasında Məhdinin mütləq gəlməsinə inanmağın dəlili sayılır. Mən tədqiqatlarıma görə, ibn Xəldunun zamanına qədər İslam alimlərindən, hətta bir nəfər də olsun belə, Məhdi ilə əlaqədar hədislərin kökdən yalan olmasını deməmişdir. İxtilaf varmışsa, bu mövzunun təfərrüatında imiş. Deyirmişlər ki, görəsən bu şəxsdir, yoxsa başqası? Görəsən İmam Həsən Əskəri (ə)-ın oğludurmu? İmam Həsən övladındandır, yoxsa İmam Hüseyn? Ancaq şübhə yeri yox idi ki, bu ümmətin bir Məhdisi olacaq ki, o da Peyğəmbər nəslindən və Zəhra övladlarından olmalıdır. Onun işi dünyanı zülm bürüdükdən sonra ədaləti bərqərar etmək olacaqdır.