Dünyada baş verən bə`zi hadisələr partlayış kimidir; bədəninizdə olan çibanın yetişib dağılması kimi. Bu çiban yetişərək partlayış həddinə qədər böyüməlidir. Demək, çibanın yetişməsinin qarşısını alan hər bir şəxs bu məsələyə düzgün yanaşmır. Üzərinə dərman qoymaq istəsəniz də, onu tez yetişdirib partladan dərman qoyun. Bə`zi ictimai-siyasi sistemləri qəbul edən fəlsəfələr, partlayış formalı inqilabların tərəfdarıdırlar. Onların fikrincə, inqilabın qarşısını alan hər bir iş pislənir. Odur ki, bə`zi ictimai sistemlər və metodlar islahatla tam ziddirlər. Deyirlər ki, apardığımız islahat nədir? Qoyun islahat olmasın, qoyun pozğunluq çoxalsın, kin-küdurət çoxalsın, zülm və narahatlıqlar çoxalsın, işlər qarışsın, pərişanlıq və etirazlar yığılıb birdən ümumi çevriliş və inqilab şəklinə düşsün. Bizim fiqhimiz bu sahədə aydın mövqe tutmuşdur. Görəsən biz müsəlmanlar da İmam Zamanın (ə.c) zühuru haqda bu cür düşünməli və deməliyik ki, qoyun günah çoxalsın, qoyun vəziyyət gərginləşsin, əmr be mə`ruf və nəhy əz münkər etməyək, uşaqlarımızı tərbiyə etməyək, hətta biz özümüz də həzrətin zühurunu yaxınlaşdırmaq üçün namaz qılmayıb, oruc tutmayaq, heç bir vəzifəni yerinə yetirməyək, başqalarını da namaz qılmamağa, oruc tutmamağa, zəkat verməməyə, həccə getməməyə çağıraq? Zühurun başlanğıcına zəmin yaratmaq üçün bütün bu işləri görməliyikmi? Yox, şübhəsiz bu iş İslamın qəti prinsiplərinin əksinədir. Demək, İmam Zamanın (ə.c.) zühurunun intizarını çəkmək, bizim üzərimizdə olan şəxsi və ictimai məsuliyyətlərin birini də öhdəmizdən götürmür. Əslində bu e`tiqad təkcə şiə dünyasına deyil, sünnilərə də aiddir. Siz dünyada bir alim tapa bilməzsiniz ki, həzrətin zühur intizarı ilə üzərimizdə olan vəzifələrin götürülməsinə inansın. Bu məsələ [həzrət Höccət (ə)-ın zühur təfsirinin] bir növüdür.
Digər növü budur ki, yetişmə sözü, partlayış yox, bir meyvə kimi təkamül yolundadır. Çibanın yetişib partlamaq üçün zamanı var, meyvə isə yetişib kamilləşmək üçün zaman gözləyir. Yə`ni, öz təkamül yolunu seyr edib dirilmək mərhələsinə çatır. Həzrət Höccət (ə)-ın zühur məsələsi çibanın partlamasına yox, meyvənin yetişməsinə oxşayır. İmam Zamanın indiyə qədər zühur etməməyi, günahın az olmasında deyil, dünyanın qəbul mərhələsinə çata bilməməsindədir. Şiə rəvayətlərində görürsünüz, azlıq təşkil edən o üç yüz on üç nəfərlik dəstə yaranarsa, həzrət zühur edəcəkdir. Hələlik o üç yüz on üç nəfərlik [təqribən] azlıq təşkil edən dəstə yoxdur. Yə`ni, fəsadın çoxalması və digər tərəfdən də İmam Zaman (ə)-ın bayrağı altında hökumətin təşkilinə ləyaqətli şəxslərin yetirilməsi zaman tələb edir.
Hal-hazırda bu kimi layiqli şəxslər dünyaya gəlməyiblər. Doğrudur «bulanmasa durulmaz». Ancaq bulanmaq müxtəlif cür olur. Həmişə dünyada əvvəl lillənmək, sonra da durulmaq olur və bu durulmaq yenə də yerini lillənməyə verər; ancaq yüksək səviyyəli lillənməyə, aşağı səviyyəli lillənməyə yox. Sonra o lillənmə durular və yenə də birinci səviyyədən üstün rütbəli duruluq törənər. Sonra o duruluq lillənər, ancaq bu dəfə yüksək səviyyəli lillənmə olar. Yə`ni, durulduqdan sonrakı bu lillik əvvəlki duruluqdan üstündür. Odur ki, deyirlər insan cəmiyyətinin hərəkəti spiralvari hərəkət kimidir. Yə`ni, yüksəlişə gedən yol dairəvi hərəkətdir. Bəşər cəmiyyəti dolandığı halda, hamar cəhətdə dolanmır, yuxarıya sarı gedir, bəli ardıcıl olaraq lilliklər yerlərini duruluğa verir, ancaq lillik, lil olduğu ilə eyni halda yüksək səviyyədədir. Şübhəsiz, bizim indiki dünyamız pərişan və dağınıq bir dünyadır. İxtiyarı böyük hökmdarların da əlindən çıxmış bir dünyadır. Dünyada müxtəlif səviyyəli pərişanlıqlar vardır. Kənd öz pərişanlığı və sakitliyi ilə yerdən-göyə qədər fərqlənir. Həmçinin bir şəhər də öz sakitliyi ilə yerdən-göyə qədər fərqlənir. Demək, biz eyni zamanda həm pərişanlığa, həm də sakitliyə doğru getməkdəyik. Biz həzrət Höccətin zühuruna doğru getdiyimiz anda, pərişanlığa doğru da gedirik, çünki sakitlikdən pərişanlığa getmək lazımdır. Biz həm də sakitliyə doğru gedirik, çünki o yüksək səviyyəli pərişanlıqdır. Bəşər son yüz ildə [hələ beş yüz il qabağı demirik] indiki düşündüyü kimi heç zaman düşünməmişdir?! Bu gün dünya ziyalıları deyirlər: Bəşəriyyətin bu günkü fəlakətinin yeganə çıxış yolu dünyəvi vahid hökumətin təşkil edilməsindədir. Keçmiş zamanda bu düşüncə bəşəriyyətin təsəvvürünə belə gəlməzdi. Demək, biz eyni zamanda pərişanlıq və sakitliyə doğru getdiyimiz üçün İslam dini öhdəmizdə olan vəzifələri buraxmağa əmr etmir. Başqa cür olsaydı, haram işləri görməyi, vacibləri buraxmağı, əmr be mə`ruf və nəhy əz münkər etməməyi, uşaqları tərbiyə etməməyi, pozğunluğun çoxalmasını əmr edərdi. Siz namaz qılıb, oruc tutur, əmr be mə`ruf edir, kitab yazır, nitq söyləyir, təbliğatla, insanların düşüncə səviyyəsini yüksəltməklə İmam Zamanın (ə.c.) zühurunu gecikdirirsiniz. Yox, belə deyil, həmin islahatlar o həzrətin zühurunu yaxınlaşdırır. Həzrət Höccət (ə)-ın zühuru intizarında olduğumuzla bu məsələni heç zaman irəli sürməməliyik. Onun zühurunun intizarında olduğumuza görə heç bir vəzifə boynumuzdan götürülmür. Başqa sözlər də vardır, ancaq vaxtımız sona çatmaq üzərədir. Mən isə sözlərimi bitirməliyəm. Sonuncu sözümü belə yekunlaşdırıram.