Məlum olduğu kimi, sevimli peyğəmbərimiz Hz. Məhəmməd ilahi vəhy ilə
Qurani-Kərimi bəşəriyyətə çatdırmaqla yanaşı, həm də ilahi buyruqları
insanlara öyrədən bir şəxs olmuşdur. O, Quran ayələrindən irəli gələn
namaz, oruc, zəkat və s. bu kimi şəriət məsələlərini, eləcə də fərdi və
ictimai etik qaydaları insanlara öyrətmiş, öz saf həyatı ilə əməli
olaraq bəşəriyyətə ən gözəl nümunə olmuşdur. Peyğəmbər dönəmində
yaşayan müsəlmanlar qarşılarına çıxan problemləri həll etmək, dinlə
bağlı məsələləri,
şəriət hökmlərini öyrənmək üçün çətinlik çəkmədən sevimli
peyğəmbərimizin yanına gəlib öz sualları ilə ona müraciət edirdilər.
Peyğəmbər də onların suallarını lazımınca cavablandırırdı.
Sevimli Peyğəmbərimiz dünyasını dəyişdikdən sonra isə, şübhəsiz ki,
müsəlmanlar onları maraqlandıran dini məsələləri öyrənmək üçün artıq bu
imkandan məhrum olmuşlar. Və təbii ki, onlar bundan sonra dini
məsələləri elə şəxslərdən öyrənməli idilər ki, həmin şəxslər kamil iman
sahibi olmaqla bərabər, ilahi biliklərin dolğun biliciləri olsunlar.
Məlum olduğu kimi, Peyğəmbər zamanında yaşayan müsəlmanların hamısı bu
xüsusiyyətlərə malik olmamışlar. Ümumiyyətlə, Hz. Peyğəmbərin dövründə
İslamı qəbul etmiş ilk müsəlmanlar aşağıdakı qruplardan ibarət
olmuşlar:
1. Həm kamil imana, həm kamil ilahi biliklərə sahib olanlar (bu
şəxslər Hz. Peyğəmbərə ən yaxın, daim onunla birlikdə olan şəxslərdir);
2. Saf imanlı, lakin elm cəhətdən zəif olanlar (bu şəxslər
səmimi-qəlbdən İslam dininə iman gətirmişlər, lakin savadsızlıq və
elmsizlikdən hələ də yaxa qurtara bilməmişlər);
3. İslam dinini qəbul etmiş,
lakin hələ tam əminliklə kamil imana sahib olmayan, qəlblərinə iman
daxil olmayan şəxslər. (Onlar İslam dinini qəbul edərək müsəlman
olmuşlar, lakin mənəvi halları hələ də qəlblərinə imanın tam olaraq
daxil olmasına yol verməmişdir. Allah-Təala Qurani-Kərimin əl-Hücurat
surəsinin 14-cü ayəsində bu qəbildən olan insanlara dair buyurmuşdur:
«Bədəvi ərəblər «Biz iman gətirdik!»-dedilər. De ki: «Siz iman gətirmədiniz! Ancaq «Biz İslamı qəbul etdik!»-deyin. Hələ iman sizin qəlblərinizə daxil olmamışdır...»)
4. Müxtəlif səbəblərə görə zahirdə İslamı qəbul etmiş, imanlı şəxs
kimi tanınan, lakin qəlbən küfr içində olan, elmli, bilikli, məkrli
şəxslər. (Allah-Təala Qurani-Kərimin əl-Ənfal surəsinin 60-cı ayəsində
belələrini «...sizin tanımadığınız, bilmədiyiniz Allahın düşmənləri...» adlandırır.
Ümumilikdə, Allah Quranda onlara «münafiq» adını vermişdir. Münafiqlər
həqiqətdə küfr əhli olub, öz küfrlərini gizlədərək zahirdə özlərini
müsəlman kimi, mömin kimi aparmışlar. Lakin əllərinə imkan düşən kimi,
öz məkrli niyyətlərini həyata keçirərək İslam dininə zərbələr
endirmişlər. Bu dəstə insanlar dinimiz üçün ən təhlükəli düşmənlər
olmuşlar.)
5. Müxtəlif səbəblərə görə zahirdə İslamı qəbul etmiş, imanlı şəxs
kimi tanınan, lakin qəlbən küfr içində olan elmsiz, biliksiz şəxslər.
(Münafiqlərin bu dəstəsi əsasən elmli münafiqlərə xidmət edən və
onların əlində bir alət olan şəxslər olmuşlar.)
Belə bir cəmiyyətdə, şübhəsiz ki, zahirən İslamı qəbul etmiş hər bir
kəsə Peyğəmbər bu öhdəliyi tapşıra bilməzdi. Tarixin şahid olduğu kimi,
heç də bütün səhabələr ömürlərinin sonunadək öz həyatlarını iman
çırağında sürməmişlər. İmam əl-Buxari öz «Səhih» əsərində (c.7, səh.
209) və İmam Muslim «Səhih» əsərində (bab əl-hauz) Peyğəmbərdən bu
hədisi nəql etmişlər:
«Səhabələrim Qiyamət günü sol tərəfə aparılacaqlar. O zaman mən
«Hara?»-deyə soruşacağam. «And olsun Allaha, atəşə!» - deyə cavab
veriləcəkdir. Mən, «Ey Rəbbim, bunlar mənim səhabələrimdirlər» -
deyəcəyəm. «Bunların səndən sonra nə etdiklərini sən bilmirsən!» - deyə
cavab veriləcəkdir. O zaman mən «Məndən sonra dəyişənlərə heyflər
olsun!» - deyəcəyəm. Onlardan, sürüdən qopub itən dəvə misalı kimi,
yalnız bir neçəsi qurtulacaqdır».
Təbii ki, sevimli Peyğəmbərimiz din işlərini özündən sonra bu beş
qrupdan məhz birinciyə həvalə edərək dünyasını dəyişmişdir. O, ömrünün
son çağlarında, Vida həccində müsəlmanlara xitabən belə buyurmuşdur:
«Mən aranızda iki dəyərli əmanət qoyub gedirəm. Onlardan biri
Allahın Kitabıdır ki, insanların fikir və düşüncələrini hidayət edir və
bəşəriyyətin səadət yolunu işıqlandırar... Digəri isə, mənim
Əhli-beytimdir. Əhli-beytim barəsində Allahdan qorxun!» (3 dəfə təkrar
edir)
(«Səhih Muslim», Bab - Fədailu Əli, c.7, səh.4)
Allahın rəsulu Vida həccindən qayıdarkən, Qədir Xum adlanan yerdə
hamıya dayanmaq göstərişini verdi. Peyğəmbərin göstərişilə onun qərar
verdiyi yer təmizləndi. Sonra Allahın rəsulu xütbə oxuyaraq bizə
buyurdu:
«Allah məni Özünə çağırdı və mən Onun çağırışına cavab verdim.
Həqiqətən, mən aranızda iki dəyərli əmanət qoyub gedirəm. Onlara
sarıldığınız zamanadək məndən sonra əsla yolunuzu azmazsınız. Onlar
Allahın kitabı və mənim itrətim - Əhli-beytimdir. Bu ikisi Kövsər
hovuzu üzərində təkrar olaraq mənə qayıdacaqlarına qədər əsla
bir-birindən ayrılmazlar. Baxın, görün məndən sonra onlarla necə
davranacaqsınız?..»
(«Mustədrək əl-hakim», c.3, səh.109 / digər variantda, c.3, səh.148).
Beləliklə, Peyğəmbərimiz Quranla yanaşı, öz ailəsini - Əhli-Beytini
müsəlmanlara əmanət etmişdir ki, Peyğəmbərdən sonrakı dönəmlərdə
yaşayan müsəlmanlar qarşıya çıxan məsələlərdə onlara müraciət edərək
suallarına cavab tapsınlar. Belə ki, məhz Peyğəmbər ailəsi hamıdan çox
Peyğəmbərlə birlikdə olmuş, onun tərbiyəsilə tərbiyələnmiş, verdiyi
biliklərlə elmlənmişlər. Peyğəmbər Əhli-Beyti iman cəhətdən elə bir
ülvi məqama yetişmişlər ki, Allah-Təala onlar haqda Quranın 33-cü
surəsinini 33-cü ayəsində buyurmuşdur:
«...Siz ey Əhli-beyt (Peyğəmbər ailəsi)! Allah sizdən çirkinliyi yox etmək və sizi pak etmək istər!»
Tirmizi öz «Sünən» əsərində («Təfsir əl-Quran» bölməsi, hədis 3129)
bu ayənin təfsirində Əhli-Beytin kimlərdən ibarət olmasına dair
Umm-Sələmədən aşağıdakı hədisi nəql edir:
Umm-Sələmənin evində ayə nazil olan zaman Peyğəmbər Fatiməni, Həsəni,
Hüseyni çağırıb əbasına bürüdü və Əlini belinin arxasına bürüdü və
dedi:
«Allahım, bunlardır mənim Əhli-beytim və mənə xas olanlar! Onlardan
günahı yox et və onları pak et!» Umm-Sələmə dedi: «Mən də
onlarlayammı?» Peyğəmbər dedi: «Sən yerində qal, sən xeyirdəsən».
İmam Əhməd bin Hənbəl özünün «Musnəd Əhməd» əsərində («Kitab
əş-Şamiyyin», hədis 374) qeyd edir ki, Peyğəmbər Əlini, Fatiməni,
Həsəni, Hüseyni öz əbasına bürüdü və sonra bu ayə tilavət olundu: «Siz,
ey Əhli-Beyt, (peyğəmbər ailəsi)! Allah sizdən çirkinliyi yox etmək və
sizi pak etmək istər!» və dedi: Bunlardır mənim Əhli-Beytim və
Əhli-Beytim daha mustəhəqdir.
Məlumdur ki, Peyğəmbərin vəfatından sonra sağlığında ikən
Peyğəmbəri görmüş bir çox müsəlmanlar (səhabələr) Peyğəmbərdən müxtəlif
dini məsələlərə dair bir çox hədislər söyləmişlər. Belə hədislərdən
elələri də vardır ki, onlar digər söylənilən hədislərlə, hətta bəzən
Quran ayələrilə belə ziddiyyət təşkil etmişlər. Belə olduğu halda
Peyğəmbərin buyurduğu kimi, müsəlmanların vəzifəsi Quranın və
Əhli-Beytin bizlərə Peyğəmbərdən söylədikləri hədisləri qəbul edib,
məhz onları əsas tutmaq, onlara əməl etməkdir. Məhz belə olduqda, biz
əsla yolumuzu azmarıq. Belə ki, Peyğəmbər özündən sonra din işləri kimi
ilahi vəzifəni kimə gəldi deyil, məhz özünün yetişdirdiyi itrətinə -
Əhli-Beytə tapşırmışdır. O, özündən sonra din işlərinə rəhbərlik -
imamlıq etmək üçün Əhli-Beyt imamlarını təyin edərək buyurmuşdur:
«Onlara (Quran və Əhli-Beytə) sarıldığınız zamanadək məndən sonra əsla yolunuzu azmazsınız!»
Bütün bunlardan bəlli olur ki, əgər Peyğəmbərdən bir-birinə
ziddiyyətli hədislər söylənilərsə, Qurani-Kərim və Əhli-Beyt
imamlarının söylədiklərinə müvafiq olan hədislər doğru və məqbul,
onlara zidd olanlar isə qeyri-məqbul sayılacaq. Başqa sözlə, hədislərin
doğru olub-olmamasının meyarı Qurani-Kərim və Əhli-Beyt imamlarının
rəvayətlərilə uyğun olub-olmamasıdır. Bu cəhətdən hər bir müsəlmanın
vəzifəsi sevimli Peyğəmbərimizin bizlərə əmanət etdiyi Quran və
Əhli-Beytə möhkəm sarılmaq, bu əmanətləri lazımınca qoruyub
saxlamaqdır.
Beləliklə, Peyğəmbər özündən sonra ümməti arasında din işlərində
rəhbərliyi bütün səhabələrə deyil, Əhli-beytə tapşırmışdır.
Peyğəmbərimiz hər dövr üçün ümmətə rəhbərlik edəcək bu şəxslərə itaət
etməyi müsəlmanlara vacib buyurmuşdur. Müsəlman ümmətinə dini rəhbərlik
- imamət, dini rəhbər isə imam adlanır.
İmam Əhməd bin Hənbəl öz «Musnəd Əhməd» əsərində (Musnəd əş-Şamiyyin, hədis 1627) Peyğəmbərdən bu hədisi nəql etmişdir:
«Kim imamsız dünyadan köçərsə, cahiliyyət dövründə ölən kimidir».
Peyğəmbərdən sonra ümmətə din işlərində rəhbərlik edəcək şəxslərin
kimliyi haqqında mötəbər İslam mənbələrində çoxlu hədislər rəvayət
edilmişdir. İmam Hakim ən-Nişaburi özünün «Mustədrək əl-Hakim» əsərində
(c. 4, səh. 501) aşağıdakı hədisi nəql etmişdir:
«Bir nəfər Əbu Əbdurrəhmandan (Abdullah bin Məsuddan) soruşdu: «Ey
Əbu Əbdurrəhman! Siz Peyğəmbərdən (s) soruşdunuzmu ki, səndən sonra kim
xəlifə olacaq?» Abdullah təəccüblə cavab verdi ki, mən İraqa gələndən
səndən başqa bir kimsə bu sualı soruşmamışdı. Bəli, biz Peyğəmbərdən
(s) soruşduq və o, bizə belə cavab verdi: «Məndən sonra 12 nəfər - Bəni
İsrail nümayəndələrinin sayı qədər gələcəkdir».
«Musnəd Əhməd»də (c. 5, səh. 92) Cabir bin Samuradan nəql edilir:
«Peyğəmbər buyurmuşdur: Məndən sonra 12 xəlifə gələcəkdir, onların hamısı Qureyş nəslindəndir».
«Səhih Muslim»də (kitab əl-İmarə, hədis 3393-3398) nəql edilir: «Din
(İslam) davam edəcəkdir, o saatadək (qiyamətədək), ta 12 nəfər sizlər
üçün xəlifə olacaqdır və onların hamısı Qureyşdəndir».
Bu hədis imam əl-Buxarinin «Səhih»ində də (kitab əl-Əhkam, hədis 6682) sevimli Peyğəmbərimizdən nəql edilmişdir.
Şeyx Süleyman əl-Qunduzi özünün «Yənabi əl-məvəddə» əsərində (səh. 413, 117) aşağıdakıları nəql edir:
«Nəsəl adlı bir yəhudi Peyğəmbərə yaxınlaşıb bir sıra digər
suallarla yanaşı, ondan sonra canişini haqqında sual etdi. Peyğəmbər
(s) buyurdu: «Məndən sonra Əli bin Əbu Talib və sonra mənim iki övladım
Həsən və Hüseyn, Hüseyndən sonra isə onun nəslindən doqquz nəfər
olacaqdır». Yəhudi dedi: «Onların adlarını söylə». Peyğəmbər (s)
buyurur: «Hüseyn bu dünyanı tərk edəndə onun oğlu Əli, ondan sonra onun
oğlu Məhəmməd, ondan sonra oğlu Cəfər, Cəfərdən sonra Musa, Musadan
sonra oğlu Əli, Əlidən sonra oğlu Məhəmməd, Məhəmməddən sonra oğlu Əli,
Əlidən sonra oğlu Həsən, Həsəndən sonra oğlu Məhəmməd əl-Məhdi
olacaqdır. Onlardır 12 imam».
İbn Macə özünün «Sünən» adlı əsərində (kitab əl-cihad, hədis 2850) Peyğəmbərdən aşağıdakı hədisi nəql etmişdir:
«Kim mənə itaət etsə, Allaha itaət etmişdir, kim mənə qarşı çıxsa
Allaha qarşı çıxmışdır. Kim imama itaət etsə, mənə itaət etmişdir və
kim imama qarşı çıxsa mənə qarşı çıxmışdır».
Eyni hədis «Musnəd Əhməd»də də (kitab-Baqi Musnəd əl-Mukəssirin, hədis 7125 və 9708) Peyğəmbərdən nəql edilmişdir.
Gördüyümüz kimi, Peyğəmbər din işlərində rəhbərliyi, din
məsələlərinin təhrif olunmadan gələcək nəsillərə çatdırılması
öhdəliyini aşkar hədisləri ilə öz Əhli-Beytinə, Əhli-Beyt imamlarına
tapşırmışdır. Bizim vəzifəmiz isə, Peyğəmbərimizin buyruğuna əməl etmək
və onlara sarılmaqdır. Rəbbimiz Əhzab surəsinin 36-cı ayəsində buyurur:
«Allah və Peyğəmbəri bir işi hökm etdiyi zaman heç bir mömin kişi və
mömin bir qadına öz işlərində başqa yol seçmək yaramaz. Allaha və Onun
peyğəmbərinə asi olan kəs, şübhəsiz ki, haqq yoldan açıq-aydın
azmışdır».
Belə isə, bir müsəlman olaraq bu məsələdə də bizim vəzifəmiz Allahın və
Peyğəmbərin buyruğuna uyğun olaraq Peyğəmbərdən sonra Quran və
Əhli-Beytə sarılmaq və bununla da Peyğəmbər yoluna sadiq qalmaqdır.
Elşən
Mustafayev