İslam dininin ilkin çağırışlarından biri insanları
cəhalətdən qurtulub düşünməyə, təfəkkür etməyə, elmə yiyələnməyə dəvət etmək
olmuşdur. Məhz
əql, elm və düşüncə üzərində qurulan dünyagörüşü və bu dünyagörüşü üzərində
qurulan həyat tərzi insanı çaşqınlıqlardan qoruya və onun sağlam həyat tərzinə
zamin ola bilər. Elmə yiyələnmək, biliklər əldə etmək, düşünüb-daşınmaq
çağırışı həm Qurani-Kərimin bir çox ayələrində buyurulmuş, həm də sevimli
peyğəmbərimiz hz. Məhəmmədin hədislərində nəql edilmişdir.
İslam elmi
insan fəaliyyətinin aparıcı stimulu kimi təqdim etmişdir. Sevimli peyğəmbərimiz
Hz. Məhəmməd buyurmuşdur:
«Kim elm axtarmaq yolu ilə getsə, Allah onu cənnətə aparar.
Həqiqətən mələklər qanadlarını elm əhlindən razılıq əlaməti olaraq yerə sərərlər.
Doğrudan da, göy və yerdə olan hər bir şey elm axtarışında olan kəsin
günahlarının bağışlanmasını istəyər, hətta dənizdə olan balıqlar belə. Alimin
abiddən üstünlüyü on dördüncü gecədə ayın ulduzlardan üstünlüyü kimidir.
Həqiqətən alimlər peyğəmbərlərin varisləridirlər. Çünki, peyğəmbərlər dinar,
dirhəm irs qoymurlar, onların irsi elmdir. Kim ondan bəhrələnərsə çoxlu nəsib
əldə etmiş olar.» (Üsuli-Kafi, cild 1, səh.95-96)
Həzrət
peyğəmbər başqa bir hədisdə buyurmuşdur:
«Elm
axtarışında olmaq hər bir müsəlmana vacibdir. Həqiqətən, Allah elm axtaranları
sevir.» (Üsuli-Kafi, cild 1, səh.83)
İmam Baqir
buyurmuşdur:
«Elmindən bəhrələnən alim yetmiş min abiddən daha üstündür.» (Üsuli-Kafi, cild 1, səh.91)
İmam Sadiq buyurmuşdur:
«Səhəri üç
nəfərdən biri olaraq aç: alim,
elm öyrənən və elm əhlini sevən. Bunlardan başqa bir kəs
olma ki, onları sevməmək nəticəsində həlak olarsan. Elm və etiqad vəhdətdə
əvəzolunmaz işlər törədə bilər». (Üsuli-Kafi, cild 1, səh.95)
Tarixə nəzər saldıqda dinimizin elmə və maarifçiliyə
nə qədər əhəmiyyət verdiyinin şahidi olarıq. Hələ
İslam dininin yeni zühur etdiyi və təqib edildiyi vaxtlarda müsəlmanlar
Mədinəyə hicrət etmiş və orada ilk gördükləri işlərdən biri təhsil ocağı açmaq
olmuşdur. Avropada kitabxanaları barmaqla saymaq mümkün olan vaxtlarda Bağdadın
xəlifə əl-Məmun tərəfindən yaradılmış «Müdriklər evi» kitabxanasında müxtəlif
mövzulara dair 4 mln. kitab var idi. O dövrdə müsəlman alimləri ilahiyyat,
fəlsəfə, ədəbiyyat, kəlam kimi elmlərlə yanaşı riyaziyyat, astronomiya, fizika,
tibb və digər təbiət elmlərinə mükəmməl şəkildə yiyələnir, bu elmlərin
inkişafına öz töhfələrini bəxş edirdilər. Lakin bununla belə, gözümüz önündə
olan belə bir faktla üzləşməkdəyik ki, çağdaş zəmanəmizin bir çox elmi və
texniki nailiyyətləri bilavasitə Qərb alimlərinin adıyla bağlıdır. Günümüzdə bu
bir gerçəklik olaraq hamı tərəfindən qəbul edilir. Lakin, elmin inkişafı
tarixindən bu da məlumdur ki, Qərbdə Renessans dövründən sonra inkişafa qədəm
qoyan Avropa ölkələrinin elmi bazaları, mənbələri əsas etibarilə müsəlman
Şərqinin orta əsrlərdə əldə etmiş nailiyyətləri olmuşdur. Tarixin şahid olduğu
kimi, İslam mədəni bölgəsi həmin dövrlərdə elm və mədəniyyət sahəsində aparıcı
rol oynayırdı. Müsəlman alimlərinin təbiətşünaslıq, xüsusən kimya sahəsində
mühüm kəşfləri, ixtiraları olmuşdur. Onlar gümüş, nitrat, sulfat turşusu və s.
birləşmələri hazırlamış, naşatır spirti, sülema, spirt (əl-kuhul), potaş
(əl-qiyl), bura (əl-bura) və digər maddələri tapmış, bir sıra kimyəvi proseslərin
ilk izahını vermişlər.
Kimya sahəsində müsəlman alimlərinin elmi
əsərləri uzun zamanlar Avropa dillərinə tərcümə edilərək mənbə əsərlər kimi geniş istifadə
edilmişdir. İmam Cəfər Sadiqin tələbələrindən olan
Cabirin kitabları bu sahədə çox önəmli rol oynamışdır. Onun bir neçə elmi əsəri
latıncaya tərcümə edilmişdir. Cabirin kitablarından ən məşhuru isə 1672-ci ildə
fransız dilinə çevrilmişdir. Distillə, kristallaşma, ərimə, analiz və reaksiya
kimi üsullardan ilk dəfə elmi şəkildə xəbər verən məhz Cabir olmuşdur. O,
kimyəvi maddələri kəşf etmiş və onların üzərində elmi tədqiqatlar aparmışdır.
Müsəlman alimləri bir çox başqa elmi sahələrdə də aparıcı rola malik olmuşlar. Belə ki, Məhəmməd
Xarəzm (IX əsr) cəbr (əl-cəbr) elminin əsasını qoymuş, Bəttani, Ömər Xəyyam,
Nəsirəddin Tusi və bir sıra digər görkəmli alimlər riyaziyyat və təbiət elmlərini
zənginləşdirmişlər.
Yerin Günəş ətrafında hərəkət etdiyini Əbu Reyhan Biruni
(X-XI əsr) Kopernikdən 500 il əvvəl bildirmişdir. Əl-Uqlidisi adlı
riyaziyyatçı alim 950-ci ildə yazdığı bir əsərində onluq kəşflər təlimlərinin
əsaslarını verəndən 635 il sonra holland riyaziyyatçısı S.Stevin (1548-1620)
onluq kəsri elmə gətirmişdir.
Avropada Alhazen kimi məşhur olan ibn əl-Heysəm (965-1037) dördüncü qüvvənin tənliklərinin həlli üsullarını göstərmişdi. Bu
məsələ ilə 5 əsr yarım sonra italyan riyaziyyatçısı Kardano (1501-1576)
maraqlanmışdır.
Marağa Rəsədxanasının mühəndisi Kəriməddin Səlmasi
1266-cı ildə alman alimi Martin Bahaymdan 226 il əvvəl ilk coğrafi qlobusu hazırlamışdır.
Tədqiqatlar göstərmişdir ki, Nyutonun korpuskulyar nəzəriyyəsi, həmçinin Harveyin qan dövranı
nəzəriyyəsi, onların «kəşflərindən»
100-200 il öncə müsəlman alimləri tərəfindən işlənib hazırlanmışdı.
Bu nailiyyətlər əqli elmlərdə - məntiq və fəlsəfədə də özünü göstərmişdir.
Lakin təəssüflər olsun ki, son əsrlərdə həqiqi
İslami dəyərlərin cəmiyyətdə zəifləməsilə müsəlman
Şərqində elm də tənəzzülə uğramış,
Avropasentrizm həyatın bütün sahələrində, xüsusilə
elmdə özünə yer almışdır. Renessansla inkişafa
qədəm qoymuş Avropa zaman-zaman İslam mədəni bölgəsini elm sahəsində
qabaqlamış, öz yeni elmi və texniki nailiyyətlərilə ikinciləri geridə
qoymuşlar. Bununla belə, qeyd etmək lazımdır ki, Qərbin elmi və texniki
tərəqqiyə baxışları İslam dünyagörüşünün elmə baxışlarından əsaslı şəkildə
fərqlənməkdədir.
Şübhəsiz ki, hər bir insan gələcəyi haqqında düşünərkən elmi-texniki tərəqqiyə böyük ümidlər bəsləyir. Lakin Qərb
dünyagörüşündə elmin qarşısına qoyduğu məqsədlər mənəvi çalarlardan xalidir və
yalnız maddi xarakter daşıyır. Burada mənəvi meyarlar ümumiyyətlə heç bir məna
kəsb etmir. İslam nöqteyi-nəzərindən isə elm və texnikadan yalnız yüksək bəşəri
ideallara çatmaq, insanların rifahını təmin etmək, çətinliklərini həll etmək,
təbiət və cəmiyyətin xidmətində durmaq üçün istifadə edilməsi labüd sayılır ki,
bunların da məğzini məhz mənəviyyat meyarı təşkil edir.
İslam görüşündə cəmiyyətin inkişafı təkcə elmlə
yox, həm də mənəvi-əxlaqi dəyərlər, bəşəriyyətin min illər boyu formalaşmış olan mədəni idealları, humanist fəlsəfi fikirləri, nəhayət onun ən ali meyar və metodu olan mənəviyyat prinsipilə bağlıdır. İslam əslində bütün
bunların vəhdəti, insanın intellektual, emosional və mənəvi-əxlaqi inkişaf
istiqamətlərinin birləşdyi zirvədir. Bu zirvəyə doğru yüksələn insanın məqsədi
onu fəth edərək kamilliyə yetişib səadət əldə etməsidir. Bu cəhətdən, kamilliyə
yetişmək üçün mühüm şərtlərdən biri isə məhz elmin insanlığa xidmət etməsi,
onun insanın mənəvi ideallarına tabe edilməsidir. Belə ki İslam insanlığın ülvi
dəyərlərilə uzlaşmayan elmi qəbul etmir. İslamın qəbul edərək zəruri, vacib
saydığı və insanları ona yiyələnməyə, ona sarılmağa, ondan bəhrələnməyə
səslədiyi elm məhz bəşəriyyətin ülvi məqsədlərinə xidmət edən və onu kamilliyə
doğru istiqamətləndirən elmdir.
Əsrimiz
kosmos əsridir. Lakin kosmik raket bizi o vaxt işıqlı sabaha apara bilər ki,
onun sükanında mənəviyyat və insanlığın keşiyində dayanan təfəkkür dayanmış
olsun. Belə olduqda raket vasitəsilə süni peyklərin Yerin orbitinə
çıxarılmasına, insanların neçə-neçə zəruri tələblərinin ödənməsinə xidmət
edəcək. Belə olmadıqda isə, o, ulduz müharibələrinin açarı, bəşəriyyətin
məhvinə yönələn niyyətlərin quluna çevriləcəkdir.
Əsrimiz atom
əsridir. Hamı bilməlidir ki, bu əsrdə mənəviyyata söykənən elmin həyatverici
tərəfi - atom elektrik stansiyaları, neçə-neçə evə işıq gətirdiyi kimi, onun
mənəviyyatsız, qaranlıq tərəfi - atom bombası Hirosima və Naqasaki əhalisi kimi
insanlığı əbədi zülmətə qərq edən tərəfləri də vardır.
Beləliklə, İslam dini elmi mənəviyyatsız, alimi mənəvi keyfiyyətsiz təsəvvür etmir.
Bu, əslində hər bir qərəzsiz, vicdanlı insanın etiraf edəcəyi bir həqiqətdir.
Mənəviyyatdan xali olan elmin bəşəriyyətə vurduğu ölçüyəgəlməz zərbələrin
şahidi olan Rusiya məktəblərindən birinin müdirinin söylədikləri buna bariz
misaldır. O, yeni işə qəbul edilən müəllimlərə müraciət edərək aşağıdakıları
söyləyir:
«Hörmətli
müəllim, mən alman konslagerini yaşamışam. Mənim gözlərim adi gözlərin görməli
olmadığı şeyləri görmüşdür. Alim mühəndislər tərəfindən düzəldilən qaz
kameraları, təcrübəli həkimlər tərəfindən zəhərləndirilən uşaqlar,
klassifikasiyalı tibb bacıları tərəfindən öldürülən körpələr, ali təhsil
ocaqlarının məzunları tərəfindən yandırılıb güllələnən qadın və uşaqlar.
Ona görə də
mən təhsilə inanmıram. Xahiş edirəm, şagirdlərinizə insan olmağı öyrədin.
Onları insani keyfiyyətləri olmayan məxluqatlara döndərməyin».
İslama görə, özü-özlüyündə elm və texnika mahiyyət etibarilə xidmət etdiyi məqsədlərə münasibətdə neytraldır və buna görə də həm yaradıcı və qurucu,
həm də destruktiv və dağıdıcı məqsədlərə yönəldilə
bilər. O həm insanın özünü tapmasına, həm də özündən
uzaqlaşmasına xidmət etməyə qadirdir. Məhz bu səbəbdən də İslam bir tərəfdən
mənəviyyatsızlıqla mübarizə apardığı kimi, elmsizliklə də amansız mübarizə
aparır, digər tərəfdən də mənəvi ruha söykənən, yaradıcı və qurucu, insanlığa
xidmət edən, insanlığın, bəşər mənafelərinin keşiyində dayanan və ülvi
məqsədlərə yönələn elm və texnikanı dəstəkləyir, insanları ona yiyələnməyə
təşviq edir və bu ruhda elmə yiyələnməyi hər bir müsəlman kişi və qadına vacib
buyurur! Bu tələb, İslamın başlıca tələblərindən və ülvi prinsiplərindən
biridir. Belə ki, İslama görə kamilliyin bir qanadı mənəviyyat, digər qanadı
isə elmdir, bilikdir. Bunlar yalnız vəhdət halında kamil insan yetişdirə bilər,
onu səadətini təmin edə bilər. Bu qanadlardan biri olmadan isə insan kamillik
ülviliyinə pərvaz edə bilməz. Allah-Təalanın buyurduğu ayə məhz bu həqiqəti
tərənnüm etməkdədir: «Heç bilənlə bilməyən (elm əhli ilə elmsiz, biliksiz) bir
ola bilərmi?» (əz-Zumər surəsi, ayə 9) Əlbəttə ola bilməz! Allah bizləri
bilənlərdən, elm əhlindən qərar versin və elmimizi saf mənəviyyatımızla
vəhdətdə ülviliyə, kamilliyə, səadətə xidmət edən bir vasitə eləsin. AMİN!
Elşən
Mustafayev