Tarixə nəzər saldıqda təəssüflə şahidi oluruq ki,
qadınlar daim məzlum həyat sürmüş, istismara məruz qalmışlar. Keçmiş dönəmlərdə
qadına qarşı olan münasibəti araşdırdıqda çox acınacaqlı faktlarla rastlaşırıq.
Tarixən kişilər qadınlarla lazımi şəkildə davranmamış, onlara lazımi münasibət
göstərməmişlər. Əsrlərlə qadınlar və qızlar iradəsiz kölə həyatı sürmüşlər. Bir
çox ölkələrdə qadınlar bir əşya kimi müxtəlif məqsədlərlə başqa şəxslərə
satılır, borc olaraq təslim edilir, istənilən vaxt evdən qovulur və s. bu kimi
çirkin münasibətlərə məruz qalmışlar. Bütün həyatı boyu əzab-əziyyət, məşəqqət
çəkən bu zərif cinsin nümayəndələri hər zaman, hər yerdə ağır işlərlə məşğul
olmağa məhkum olmuşlar. Onları ya ikinci dərəcəli insan saymış, ya da bəzi
hallarda ümumiyyətlə insanlıqdan xaric bir məxluq kimi qəbul etmişlər.
Avropa ölkələrində bu hal son bir-iki əsr bundan
öncəyədək belə olmuşdur. Kilsə və xristianlığın hakim olduğu Qərbdə qadını
«murdar məxluq» adlandırırdılar.
Çində qadınlarla ailə qurma bazardan əşya almaq kimi
bir şey idi. Arvad alma - arvadın satın alınması demək idi. Bu cəmiyyətdə
qadınlar heç bir ictimai hüquqa malik deyildilər.
Hindistanda da qadınlar kişilərin köləsi olmuşlar.
Kişilərin vəfatından sonra qadınlar ya özlərini yandıraraq həyatlarına son
qoyur, ya da zillət içərisində həyatlarını davam etdirirmişlər.
İslamdan öncəki ərəb dünyasında vəziyyət daha faciəli
idi. Ərəblər, xüsusilə geridə qalmış bədəvi ərəblər dünyaya göz açan qız
uşaqlarını diri-diri torpağa basdırırmışlar.
Qeyd edək ki, iyirminci əsrə qədər günümüzdə mütərəqqi
və azad sayılan ölkələrdə qadınların hüquqları barəsində azacıq belə, bəhs
edilməmişdir. Müqəddəs İslam dini isə özünün zühur etdiyi ilk gündən etibarən,
14 əsr bundan öncə qadınların heç bir hüququ olmadan, kölə şəklində saxlandığı,
onlarla olduqca kobud rəftar olunduğu bir dövrdə bu təbəqədən olan məzlumların
hüquqlarını müdafiə edərək dünyaya hakim olan vəhşiliklərlə mübarizəyə
qalxmışdır. Bəşər tarixində ilk dəfə olaraq qadınların hüquqları ən yüksək
müstəvidə - ilahi vəhy ilə təsbit edilmişdir. Allah-Təala Quranda buyurmuşdur:
«...Kişilərin qadınlar üzərində şəriətə görə hüquqları
olduğu kimi, qadınların da onlar (kişilər) üzərində hüquqları vardır...»
(əl-Bəqərə surəsi, ayə 228).
Bu gün çoxlarının diqqət yetirmədiyi və ya düzgün
məlumata malik olmadığına rəğmən, məhz İslamın zühuru zülmətə bürünmüş qadın
həyatına nur saçdı, onu köləlikdən xilas etdi və Allah-Təalanın göstərişlərinə
müvafiq olaraq qadınların da kişilərlə bərabər hüquqa malik olduqları birbaşa
olaraq ilahi kəlamda - Qurani-Kərimdə bəyan edildi. Yeri gəlmişkən, bir daha
vurğulayaq ki, bu ayədə ortaya qoyulan «qadın hüququ» anlayışı tarixdə ilk dəfə
səslənən, ilkin olaraq irəli sürülən və kişilərin hüququ olduğu kimi,
qadınların da belə bir haqqa malik olmalarını ilk dəfə açıq şəkildə bəyan edən
bir prinsipdir.
İslamın irəli sürdüyü prinsiplərə əsasən qadınların
mülkiyyət hüququ da qanuniləşmiş və təsbit edilmişdir. Quranın başqa bir
ayəsində Rəbbimiz belə buyurmuşdur:
«Kişilərin və qadınların hər biri bərabər hüquqlu
olub, öz mallarına və sərmayələrinə malikdirlər» (ən-Nisa surəsi, ayə 32).
Buradan irəli gələrək, qadınların bütün irsi, peşə və
ticarət malları onların özlərinə məxsusdur və onlar qanunla icazə verilmiş hər
bir vaxtda həmin mallardan istifadə edə bilərlər. Bu, Allahın buyurduğu, İslam
şəriətinin hələ 14 əsr öncə irəli sürdüyü hökmdür.
Qətiyyətlə qeyd etmək lazımdır ki, məhz İslamın qadına
olan münasibəti orta əsrlərdə digər ölkələrdə nümunə olmuş, onlarda cəmiyyətdə
qadınlara qarşı yönələn ədalətsiz və çirkin münasibətlərin aradan qalxmasına
səbəb olmuşdur.
İslam mədəni bölgəsinin bir parçası sayılan
Azərbaycanda XX əsrin əvvəllərinə qədər qadın-kişi münasibətləri, onların
cəmiyyətdə rolu və yeri, qarşılıqlı münasibətlər sisteminin əsas istiqamətləri
başlıca olaraq iki dayanaqlı təməldən qaynaqlanırdı. Onlardan biri əsrlər boyu
formalaşmış mentalitet, dini və milli boyalarla boyanmış ənənəçilik idi. Digəri
isə İslam dininin irəli sürdüyü qaydalar, yerli müsəlman ruhanilərinin
görüşləri, fətvaları, apardıqları vəzlər, təbliğatlar idi.
Birinci təməl o dönəmdə gerçəkliyin təzahürü,
cəmiyyətdə baş verən bir çox sosial-psixoloji hadisələrin başlıca motivi idi.
Burada qadına ikincidərəcəli kimi baxılır, tam olaraq kişidən asılı, müti bir
məxluq kimi səciyyələnir ki, kişilərin iradəsi altında hətta
döyülüb-söyülənədək sıxışdırılma halları özünü göstərirdi. Bu vəziyyət təkcə
əyalətlərdə, kənd və qəsəbələrdə deyil, hətta iri şəhərlərdə də mövcud idi.
İkinci təməl isə cəmiyyətdə İslam dininin, din
alimlərinin, din xadimlərinin mövqeyindən irəli gəlirdi. Din alimlərinin gender
problemlərinə - qadın-kişi məsələlərinə baxışları tam olaraq İslam dininin
ümumi konsepsiyasına və ondan irəli gələn qaydalara, normativlərə əsaslanırdı.
Ənənəviçilikdən fərqli olaraq burada qadının konkret hüquq və haqları müəyyən
edilir, onun cəmiyyətdəki yeri, dəyəri təqdir edilir və ənənəviçiliyin heç də
həmişə din və dini qaydalarla uyğun olmadığı, uzlaşmadığı vurğulanırdı. İslam
prinsipləri ənənəviçilikdən tamamilə fərqlənən mövqedən çıxış edir və bir növ
kişilərin iradəsinin məhbusuna çevrilmiş qadınların hüquqlarının müdafəçisi
kimi çıxış edirdi. Lakin təəssüflə qeyd etmək lazımdır ki, Azərbaycan
cəmiyyətində formalaşmış mentalitet bu istiqamətdə daha qabarıq şəkildə özünü
göstərərək dini qaydaların tam mənası ilə gerçəkləşməsini əngəlləmişdir.
Sovetlər dövründə vəziyyət tamamilə dəyişmişdi. Mövcud
ənənələr fonunda qadına mənfi münasibət sovetlərin mübarizə obyektinə
çevrilmişdirsə də, əslində bu problemə yanaşma tərzi heç də ədalətli
olmamışdır. Belə ki, əvvəla, dinə qarşı kəskin mövqedə olan bolşevik rejimi
ənənviçiliyin yaratdığı xoşagəlməz gender mühitini birmənalı olaraq dinlə,
konkret olaraq İslam dini ilə əlaqələndirmişdir ki, bu da kökündən yanlışdır.
Mövcud şəraitdə Azərbaycan cəmiyyətində mənfi halları göstərməklə guya bütün bu
xoşagəlməzliklərin İslam dinindən irəli gəlməsini, dini qayda-qanuna
söykəndiyini vurğulayırdılar. Həqiqətdə isə bütün bu mənfi hallar, qeyd
etdiyimiz kimi, İslamın əsrlər boyu mübarizə apardığı bir fenomen idi.
Sovet dövründə ənənəviçiliyin mənfi halları ilə
mübarizədə əslində İslam dini əsas hədəf kimi götürülürdü və dinin cəmiyyətin
mürtəce bir amili kimi səciyyələnməsinə, dinin gözdən salınmasına çalışılırdı. Bu
təbliğat elə güclü aparılmışdır ki, günümüzdə də bir çoxları bu yanlış iddiaya
inanır və elə güman edirlər ki, qadınların üzləşdikləri problemlər birmənalı
olaraq elə dinimizlə bağlıdır.
Qoyulan problemi tədqiq edən görkəmli alimlər də haqlı
olaraq qeyd etmişlər ki, gender münasibətlərinin tədqiqi zamanı onların ancaq
cəmiyyətin dini görüş və münasibətlərindən asılılığını vurğulamaqdansa, həmin
münasibətləri mentalitetlə bağlı araşdırmaq daha məqsədəuyğun olardı. Həqiqətən
də ənənəvi olaraq milli mentalitet bu məsələdə həlledici çəkiyə malik olmuş və
cəmiyyətimizdə qadın-kişi münasibətlərinin tənzimlənməsində başlıca rol
oynamışdır.
Müasir Azərbaycan cəmiyyətinə gəldikdə isə, gender
problemlərinin qoyuluşu və həlli əsas üç istiqamətdə müzakirə obyektinə çevrilə
bilər: ənənəviçilik, liberalizm və din.
Qeyd etdiyimiz kimi, Azərbaycan mentalitetində və
ənənəviçilik prinsiplərində qadına və onun hüquqlarına formalaşmış münasibət
heç də hər zaman müsbət olmamışdır. Bir sıra hallarda çağdaş cəmiyyətimizdə də
bu təsir öz qüvvəsini qoruyub saxlaya bilmişdir. Əsas etibarilə əyalətlərdə,
xüsusilə də kəndlərdə qadına münasibət hələ də ənənəvi xarakter daşımaqdadır.
Belə şəraitdə şübhəsiz ki, ənənəviçilik prinsiplərinə sadiq qalmaqla gender
problemlərinin düzgün həllini tapmaq olduqca çətindir. Burada bir çox
münasibətlərə baxışlar kökündən dəyişməli, problemlərin həlli istiqamətində
cəsarətli addımlar atılmalıdır. Başqa sözlə, qoyulan məsələyə dair formalaşmış
mentalitetin bir sıra neqativ halları islah edilməlidir. Bu isə ilk növbədə
maariflənmə və bu istiqamətdə sağlam görüşlərin geniş təbliği ilə mümkündür.
Çağdaş Azərbaycan cəmiyyətində qadın probleminə
liberal yanaşma metodundan söz açıldıqda isə qeyd etmək lazımdır ki, bu
prinsiplərin əsas mənbəyi kimi birmənalı olaraq Qərb ölkələri modeli qəbul
edilir. Bu istiqamətdə isə Azərbaycanda bir çox hallarda həmin cəmiyyətlərdə
olduğu kimi, liberalizm və şəxsi azadlıq şüarı ilə daha çox bayağılıq və qadınların
açıq-saçıqlığına rəvac verilir, bu ruhda geniş təbliğatlar aparılır və nəticədə
milli mentalitetimiz və mənəvi dəyərlərimizlə əsla uzlaşmayan, keyfiyyətcə
tamamilə yeni bir atmosfer formalaşır. İnkaredilməz faktdır ki, Qərb modelinin
geniş yayılması nəticəsində günümüzdə qadınlardan bir çox hallarda qazanc,
reklam və əyləncə vasitəsi kimi istifadə olunur. Hər halda cəmiyyətdə yer alan
bir çox faktorlar bunu söyləməyə əsas verir. Buna misal olaraq aşağıdakı
halları göstərmək mümkündür. Məsələn, sabun və ya şampun istehsalçıları öz
mallarının satışını daha səmərəli həyata keçirmək üçün çılpaq qadın
şəkillərindən istifadə edirlər. Burada bir çoxları qadının dəyərinə, bu dəyərlə
bağlı hüquqlarına laqeyd münasibət bəsləyir və əslində qadın ülviliyini ucuz
qazanc müqabilində qurban vermiş olur... Bir ticarət mərkəzi mallarının satışı
üçün, bir müəssisə ofis işlərinin həyata keçirilməsi üçün bilik və iş
bacarığına görə deyil, zahiri ölçülərinə görə gənc və cazibədar qadınları işə
cəlb edirlər... Televiziya kanalları ilə bəzən hətta saqqız reklamında belə
qadınla kişinin bayağı, etik qaydalara uyuşmayan davranışları nümayiş etdirilir
və s. Bu xoşagəlməz hallar o qədər geniş vüsət tapmışdır ki, artıq əhali bütün
bunları normal bir hal kimi dəyərləndirməyə başlamışdır. Daim iffət-namusu ilə
seçilən və fəxr edən millətimizin qız-gəlinləri bir çox bu kimi hallarda ucuz
reklam və əyləncə vasitəsinə çevrilərək öz həqiqi məqamlarını, ülvi haqlarını
əldən verməkdədirlər. Təəssüflər olsun ki, yanlış təbliğatın bayağı çalarları
müasirliyi, inkişafı elmə, texnoloji tərəqqiyə sarılmaqda deyil, gənclərin
bayağı davranışı ilə əslində onların bir əyləncə vasitəsinə çevrilməsində
tərənnüm etməkdədir. Qadının cəmiyyətdəki rolu və dəyəri öz həqiqi mehvərindən
uzaqlaşmaqda, bir çox hallarda ana kimi ülvi anlayışların üzərini qara buludlar
təhdid etmiş olur. Bu məcrada Qərb ölkələrinin bir neçə onilliklərdir düçar
olduğu böyük bir sosial problem cəmiyyətimizə sirayət etməkdədir. Belə ki,
qadına olan belə münasibət nəticəsində ailə institutu sarsılır ki, bunun da
fəsadları bütövlükdə millətimizin gələcəyi üçün olduqca böyük təhlükələr vəd
edir. Boşanmaların və məsum körpələrin taleyin hökmünə atılması faktlarının
artması məhz cəmiyyətdə ailə məfhumunun sarsılmasından xəbər verir. Burada ailə
üzvlərinin vəzifə və öhdəlikləri anlayışı öz mahiyyətini itirir və istər
ər-arvad, istərsə də valideyn-övlad münasibətlərində bu vəziyyət açıq-aşkar
özünü göstərir. Belə bir şərait cəmiyyətin demoqrafik inkişafına da neqativ
təsir göstərir. Uzun zamanlardır ki əksər Qərb dövlətləri bu problemlə üzləşmiş
və hazırda ciddi cəhdlə onun həlli yollarını aramaqdadırlar. Qeyd edək ki,
qadın probleminə Qərb modelli liberal baxış əsasən paytaxt və bir sıra iri
şəhərlərdə müşahidə olunur və ənənəvi prinsiplərin mühafizə olunduğu
əyalətlərdə belə faktlara hələ ki nadir hallarda rast gəlinir.
Problemə din prizmasından yanaşdıqda isə tamamilə
fərqli bir mənzərənin şahidi oluruq. Müqəddəs İslam dinində qoyulan məsələ çox
aydın şəkildə öz həllini tapır və problemlərin əsas hissəsini təşkil edən qadın
hüquqlarının qorunması istiqamətində konkret göstərişlər verilir. Burada hər
şeydən öncə qadının cəmiyyətdəki ülvi məqamı və rolu göstərilir və o,
cəmiyyətin tərbiyəçisi kimi səciyyələnir. Belə ki, İslam bu xüsusda cəmiyyətin
özəyini təşkil edən ailə intitutunun möhkəmliyinin təmin olunmasını labüd hesab
edir və ailədə ər-arvad və valideyn-övlad münasibətlərini ülvi tərzdə
tənzimləyir. Burada həm sosial-iqtisadi, həm də psixoloji aspektlərə xüsusi
önəm verilir. Ailənin tərəflərin qarşılıqlı razılığı ilə qurulması, eləcə də
ailə münasibətlərində məhəbbət və səmimiyyətin zəruriliyi və s. bu kimi
göstərişlər möhkəm ailənin başlıca istiqamətləri kimi qiymətləndirilə bilər.
Müsəlman ailəsində ər ilə arvad öz ailə xoşbəxtliyini bir-birlərinin və öz
övladlarının xoşbəxtliyində görür və ciddi cəhdlə öz ailə ocaqlarının keşiyində
dayanırlar. Digər tərəfdən, İslama görə, nəfəqə, yəni arvadın mənzil, yemək və
geyim ilə təmin olunması ərin üzərinə düşən vacibi öhdəlik hesab edilir və ər Allah
qarşısında bu öhdəliyin daşıyıcısı sayılır. Bununla da qadına saf övladlar
tərbiyə etmək üçün lazımi şərait yaradılır ki, bu tərbiyə məcmu olaraq yeni
nəsli, yeni cəmiyyəti ərsəyə çıxarmış olur. Beləliklə də qadın əslində yeni
cəmiyyətin tərbiyəçisi kimi ülvi bir öhdəlik daşımış olur. Deməli, cəmiyyətin
gələcəyi bilavasitə qadınların övladlarını necə tərbiyə edəcəyilə şərtlənir.
Şübhəsiz ki, bunun ilkin şərti isə qadının bir ana, bir tərbiyəçi olaraq özünün
yüksək tərbiyəyə malik olmasıdır. Heç bir ana özünün malik olmadığı dəyəri öz
övladına verə bilməz. Bu baxımdan qadının bötövlükdə cəmiyyətin formalaşmasında
oynadığı rolu heç nə ilə ölçüyə gələ bilməz. İslam dininin buyruqları yüksək
mənəvi keyfiyyətlərə malik ana yetişdirir və bununla gələcək nəsillərin
saflığını təmin etmiş olur. Müsəlman qız öz davranışlarını bu məcrada
tənzimləyir və o, bu gün etdiklərinə görə sabah övladları qarşısında başıaşağı,
gözükölgəli olmur. Bu gün elə bir addım atmır ki, övladı da sabah başqalarının
qarşısında başıaşağı olsun. O özünü bu günün ləyaqətli qızı, sabahın ləyaqətli
xanımı və anası kimi görür və bütün həyatını ilahi tərzdə saf, pak yaşayır.
İslam dini bütövlükdə cəmiyyəti, cinsindən asılı
olmayaraq bütün insanları inkişafa, tərəqqiyə səsləyir. Lakin o, bu inkişafı
qadının öz bədənini yad kişilərə nümayiş etdirməsində, yüngül davranışda,
əxlaqa zidd olan bayağı hərəkətlərdə deyil, elmə yiyələnməkdə, bilik əhlindən
olmaqda görür. İslam qətiyyətlə geriçiliklə mübarizə aparır, lakin bu din namus
və ləyaqət məsələsini heç zaman gerilik kimi qəbul etmir. Onun mübarizə
apardığı geriçilik nadanlıq, savadsızlıq, tüfeylilik, əxlaqsızlıq və cahil
həyat tərzinə xas olan bu kimi hallardır...
Günümüzdə Azərbaycanda mənəvi dəyərlərimizə, dinimizin
buyruqlarına uyğun həyat tərzi istər paytaxtda, istərsə də əyalətlərdə yaşayan
qızlarımız-qadınlarımız arasında geniş vüsət tapmaqdadır. Uzun illər dinsiz
bolşevik rejiminin qadağalarına məruz qalmış millətimiz qəlbində yaşatdığı saf,
pak ilahi hissləri ölkəmizin müstəqilliyə, azadlığa qovuşmasıyla
gerçəkləşdirmək imkanı əldə etmiş və müsəlman həyat tərzini tərcih etmişdir.
Biz bu mənəvi dəyərlərimizin qorunmasında və inkişafında əməyi olan bütün əziz
həmvətənlərimizə dərin minnətdarlığımızı bildirir və bu yolda özümüzü onların
sıralarında görürük...
Qadının cəmiyyətimizdəki rolundan danışdıqda bir çox
aspektlərə, bir çox məqamlara toxunmaq olardı, lakin zənnimizcə, tarix boyu
olduğu kimi, bu gün də bu ülvi, zərif, saf və incə məxluqun ən başlıca önəmi və
rolu elə onun bütövlükdə cəmiyyətimizin, bu günümüzün və sabahımızın
tərbiyəçisi, anası olmasıdır. Belə isə, gəlin onların bu ülvi məqamını
layiqincə qoruyaq və mənəvi dəyərlərimizdən irəli gələn bu tələbi layiqincə
yerinə yetirək.
Elşən Mustafayev